XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının «qızıl dövrü» adlandırmaq olar. Bu günkü ədəbiyyatımız məhz həmin dövrdə yazıb-yaradan qələm sahiblərinin qoyduğu təmələr üzərində dayanır. Məhəmməd Hadi, Hüseyn Cavid, Mirzə Cəlil, Sabir, Abbas Səhhət, Cəfər Cabbarlı, M.S.Ordubadi, Səməd Vurğun, Mükayıl Müşfiq, Rəsul Rza, M.Şəhriyar… Siyahını xeyli uzatmaq da olar. Deyərdim ki, bu dövr mədəniyyətimizin




ən böyük renessans dövrüdür. Üzeyir Hacıbəyov və Qara Qarayev kimi nəhəng bəstəkarlarımız da bu illərdə fəaliyyət göstəriblər. İkinci sıçrayış dövrü ötən əsrin 60-cı illərində, «Xruşşov yumşalması» zamanı baş verdi. Bu illərdə İsa Hüseynov, Anar, Elçin, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Əkrəm Əylisli kimi sənətkarlarımız ədəbiyyata yeni nəfəs, yeni ifadə tərzi gətirdilər və bu yeniliklər havasının üstündə Əli Kərim, Məmməd Araz, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Ramiz Rövşən kimi ədəbiyyat tariximizdə öz imzasını qoymuş şairlərimiz yetişdi. Müstəqillik dövrünə qədərki Azərbaycan ədəbiyyatının simasını məhz bu adamlar müəyyən ediblər. Əlbəttə siyahını xeyli uzatmaq da olar. Mən bu yazıda müstəqillik dövründə formalaşan poeziya barədə düşüncələrimi yazmaq istəyirəm və aydın məsələdir ki, müstəqillik dövründə yaranan ədəbiyyat özündən əvvəlkilərin üzərində dayanır. Amma bununla bərabər hesab edirəm ki, müstəqillik dövründə yaranan ədəbiyyat mahiyyətcə yeni bir ədəbiyyatdır və onu yaradanların dünya duyumunda əvvəlkilərdən müəyyən estetik fərqləri var. Bu fərq tamam ayrı bir zamanda formalaşan bir insanın düşüncə və duyğularıdır. Özü də bu düşüncə və duyğular uzun müddət qəbul edilməyib, bəzən indi də qəbul edilmir. Çünki, eyni bir zaman kəsiyində yazıb yaradan adamların arasında həm də zaman fərqi var. Bu zaman fərqinin aradan qalxması üçün də yəqin ki, müəyyən bir vaxt lazımdır, heç kim hökumət qərarı ilə uzun illər ərzində formalaşan dünya görümünü dəyişmir. Bir çox gənclərimizin yaşlı nəslə qarşı olan etirazı da onların içindəki «anlanmamaq» hissinin üsyanıdır. Cəmiyyət həmişə istedadları gec anlayıb və bu tək bizdə belə deyil. Bir zaman B.Pasternakı, O.Mandelştamı, A.Axmatovanı, İ.Brodskini şair hesab etməyənlər sonradan onları dahilik fövqünə qaldırdılar. Görmək istəməmək hələ inkar etmək deyil. Ədəbiyyət həmişə cəmiyyəti bir neçə addım qabaqlayıb…

Poeziyamızdakı növbəti sıçrayış XXI əsrin ərəfəsində baş verdi. Bu dövrdə ortaya çıxan ədəbi nəsil, bir növ «60-cıların» mənəvi övladları idi. Çünki, müstəqilliklə bərabər insanlara bir düşüncə sərbəstliyi də gəldi. Bu düşüncə sərbəstliyi fonunda isə poeziyaya yeni, özünəməxsus düşüncə tərzi olan insanlar gəldi. Adil Mirseyid, Qulu Ağsəs, Səlim Babullaoğlu, Murad Köhnəqala, Salam, Etimad Başkeçid, Zəhir Əzəmət, Həmid Herisçi, Rasim Qaraca, Xanəmir, Aqşin kimi qələm adamlarımızın istetadı məhz bu illərdə parladı. Yeni Azərbaycan elitası da bu cür adamların sırasından formalaşır. Kimin istəyib-istəməməsindən asılı olmayaraq, bu belədir. Siyasi elita gəncləşdiyi kimi ədəbi elita da gəncləşir. Gələcək ədəbiyyatımızın təməli qoyulur bu gün və deyim ki, bu çox uğurlu şəkildə edilir. Xüsusən də poeziya səhəsində. Bu gün yazılmış bir çox şeirləri dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə müqayisə etmək olar. Təəssüf ki, hələlik ədəbi tənqidin keyfiyyəti buna imkan vermir. Əlbəttə, Əsəd Cahangir və Səlim Babullaoğlunun bu yöndə müəyyən cəhdləri var, amma bu yetərli deyil.

Əlbəttə, bu gün yaranan ədəbiyyat köhnə təməllər üzərində durur, amma buna baxmayaraq burada yeni şeylər də çoxdur. Bu illər ərzində Azərbaycanda istər nəsr, istərsə də poeziya sahəsində çox maraqlı əsərlər yaranıb. Mən bu yazıda yeni dövr Azərbaycan poeziyasından, daha doğrusu üslub və bədii estetika baxımından yaxın olan bir neçə şairin yaradıcılığına diqqət çəkmək istəyirəm. Onların yaradıcılığında oxşar və fərqli cəhətlər var, amma hamısını birləşdirən bir orta nöqtə var- ədəbi düşüncəyə yeni baxış cəhdi. Bu adamlar bu günkü poeziyamızın sifəti olmasalarda, onun daha qabarıq, daha çox görünən və oxunan təmsilçilirindəndirlər.

Mən bu yazıda onların bəzilərindən, Salam, Səlim Babullaoğlu, Murad Köhnəqala, Həmid Herisçi və Zahir Əzəmətin yaradıcılığı barədə qısaca da olsa, öz mülahizələrimi bildirmək istəyirəm. Onların yaradıcılığında bir estetik yaxınlıq olduğuna görə, mən bu adları ayrıca qeyd edirəm. Həm də gənclik bu imzalara daha çox maraq göstərir və bu yalnız mənim subyektiv fikrim deyil. Buraya Aqşinin də adını qeyd etmək olardı. Aqşinin şeirlərində müəyyən maraqlı misralar olsa da, mən belə hesab edirəm ki, onlar tam halda hələ kamil deyil.

Salam isə 90-cı ilərin axırında ədəbiyyata sanki meteor kimi gəldi, ədəbi üfüqdə parladı, poeziya səmasına öz ildırım imzasını qoydu və öz içindəki kainatının dərinliklərinə çəkildi. Artur Rembo kimi. Amma bu da yetərliydi ki, onun öz ardıcılları, öz məktəbi yaransın. Məsələn, Böyükxan Pərviz, Əlizadə Nuri, Rəsmiyyə Sabir kimi. Onun ilkin yaradıcılığında Vaqif Səmədoğlunun və Ramiz Rövşənin təsiri hiss olunsa da, Salam öz şeirləri ilə poeziyaya yeni deyim tərzi və yeni məzmun gətirdi. Həm də Salam öz yeniliklərini heca şeirinin imkanları daxilində etdi, bu isə elə də asan iş deyil. Mən Salamın yenidən ədəbi üfüqlərimizdə parlayacağı günü gözləyirəm.

Murad Köhnəqala da bu günkü gəncliyin yaradıcılığına ciddi təsir göstərən şairlərimizdəndir. Onun çoxsaylı forma yenilikləri xüsusilə diqqəti cəlb edir. Ənənəvi şeirin bir sıra kamil nümunələrini yaratmış Murad yeni formalarda da maraqlı əsərlər ortaya qoya bilib. Onun istedadı inkarolunmazdır, onu heç kim inkar da etməyib, amma bu istedad Muradın çoxsaylı eksperimentlərinin içində itib-batır. O kifayət qədər peşəkar şairdir, müxtəlif üslublarda yazır, həm də ustalıqla yazır, amma mən hələlik Murad Köhnəqalanın öz üslubunu görmürəm. Şair axtardığını tapanda gözəl olur. Sözün düzü, Murad yaradıcılığının xaotikliyinin içində məqsədyönlü bir nizam da sezilir. Bəlkə də o şeirlərindəki mövzu genişliyini daha yaxşı ifadə etmək üçün bu qədər formadan istifadə edir. Çünki mən Murad qədər incə poetik duyuma və mətn görmə qabiliyyətinə malik az-az adama rast gəlmişəm. Hesab edirəm, o öz yazılarını meqapolisin marginal gəncliyinə, «andeqraundluq» xülyaları ilə yaşayan gəncliyə ünvanladığından, özü bilə-bilə mətndə bir qamaqarışıqlıq yaradır. Bu da, müğənnilərin qıvrım saçları kimi, cəlb eləyir gəncliyi. Ola bilsin.

Həmid Herisçi şübhəsiz maraqlı adamdır, bizim ən mütaliəli ədəbiyyatçılarımızdan biridir. Poeziyasında özünəməxsus üslub formalaşdıra bilib. Amma, publistikasında geniş təfəkkür sahibi kimi görunən Həmid, poeziyasında mövzu darlığı ilə seçilir. Onun lirik qəhrəmanları polis, fahişə və həbsxana çevrəsindən çıxa bilmirlər. Bununla bərabər bu şeirlərdə şübhəsiz ki, geniş poetik nəfəs də hiss olunur. Sadəcə Həmid öz içində uydurduğu lirik «mən»inin rolunu oynayır. Məhz daxili eqoizm onun poetik düşüncələrinin pərvazlanmasına imkan vermir. Onun bu xüsusiyyəti «SSSR» adlı kitabında çap etdirdiyi «Şəms Təbrizinin şeiri»ndə daha qabarıq hiss olunur. «Mən. Mən. Mən». Bu kəlmələr Həmid Herisçinin lirik qəhrəmanının obrazıdır. O özünü postmodernist, ardeqraund adlandırır, ancaq uydurduğu «eqo»sunun içində çabalayır, xitab etdiyi publikanın peyğəmbəri kimi çıxış etməyə çalışır. Bu da onun yazılarının poetik dəyərini xeyli azaldır. Bundan xilas ola bilsə, onun ilham pərisi daha geniş üfüqlərə uça bilər. Bəlkə də buna imkan verməyən elə onun əsas silahı-mütaliəsidir, o sadəcə dünya nəhəngləri barədə düşünərək öz qorxusunun içinə çəkilib. Hesab edirəm ki, o uydurduğu «eqo»sunu üstələyib yazılarına soyuq ağılla baxa bilsə, bu günkü şeirimizin çox gözəl nümunələrini ortaya qoya bilər.

Zahir Əzəmət Həmiddən də, Muraddan da daha gəncdir, amma bir sıra maraqlı şeir nümunələri yaradıb. Zahirin şeirləri daha sistemlidir, mən onun «Divar yazıları» adlı kitabını oxuyaraq bu nəticəyə gəlmişəm. Onun obrazlar sistemi də daha rəngarəngdir. Şeirləri daha cilalıdır. Amma bu şairlərin hər üçünü birləşdirən bir ana xətt var- qara rəng. Onların lirik qəhrəmanları həyatın dibində yaşayanlardır, zirzəmi əhlidir. Əgər Murad daha çox bütün köhnəliklərin, özünəqədərki poetik sistemin dağıdıcısı, inkarçısı kimi çıxış edirsə, Həmid və Zahir üfunətdə yaşayanların tərənnümçüsü kimi çıxış edirlər. Amma Zahirin mövzu spektri daha genişdir. Onun qəhrəmanı inqilabçı da ola bilər, meyid yeyən manyak da, dilənçi də ola bilər, fahişə də. Bununla bərabər, Zahir yazdıqlarının hamısını ustalıqla yazır, mətnə daha məsuliyyətlə yanaşır. Ədəbiyyatın özəlliyi də bundadır, sənət əsəri kamil olanda gözəl olur. Sərbəst şeirin sistemsizliyinin özü bir sistemdir. Şeirin qəribəliyi də, gözəlliyi də onun qeyri-adi konstruksiyasındadır. Şair bomjdan yaza bilər, amma bunu bomj kimi etməməlidir. Təəssüf ki, gənclərimizin şeirlərində «ədəbi bomjluq» elementləri çoxdur. Bu da yeni estetika axtaranların bədii zövqünün hələ formalaşmamasından xəbər verir. Köhnələr onların mənəvi tələbatına cavab vermir. Yeni kumirlər isə hələ formalaşmayıb. Bu baxımdan Zahir kifayət qədər formalaşmış şairdir və ədəbiyyatda nə istədiyini yaxşı bilir. Onun bir çoxlarından fərqi də bundadır. Onun Murad və Həmid kimi daha çox özündə qara rəng ehtiva edən mövzu spektri isə, yəqin ki, dünyanın astanasında dayandığı postindustrial zamanda, marginalların və marginal düşüncənin get-gedə daha böyük miqyaslar fəth etməsidir.

Səlim Babullaoğlu mövzu baxımından və şeirlərin miqyaslılığına görə sadaladığım şairlərin hamısından fərqlənir. Onun şeirləri daha işıqlıdır, daha panoramlıdır. Həyata, poeziyaya daha soyuq ağılla baxır. Səlimin tərənnüm obyekti beşmərtəbənin zirzəmisi də ola bilər, özü də, altıncı mərtəbəsi də. O yazılarında Azərbaycan prizmasından bütün dünyaya baxmağa çalışır, mədəniyyətlər arasındakı qlobal yaxınlaşmanı bir şeirin sərhədlərində ifadə etməyə çalışır. Oden, Çeslav Miloş, İosif Brodski, Mişel Uelbek, Ritsos, Kortasar, Orxan Vəli kimi miqyaslı şairləri ilk dəfə Azərbaycan dilinə çevirmiş Səlim, öz yaradıcılığında da eyni miqyasdan çıxış etməyə çalışır. Onun «9-cu hissə», «Avqustda », «İlyas Köçmənin şeir dəftəri» şeir silsilələri Azərbaycanda geniş poetik nəfəsə malik bir şairin varlığından xəbər verir. Səlimin şeirlərinin dili barədə, ədəbiyyatşünaslığımızda müxtəlif ziddiyyətli fikirlər var. Amma Murad Köhnəqalanın dili ilə desək, « onun şeirlərindəki miqyas, rəngarənglik buna uyğun spesifik dildən istifadə etməyi tələb edir və Səlim həmin spesifik dildə yazır».

İstedadlarına çox hörmətlə yanaşdığım bu şairlərin yaradıcılığının, onların qaynaqlandığı mənbələrin daha geniş təhlillərə ehtiyacı var, çünki onlar çox maraqlı, çox sürətli bir poeziya intibahının iştirakçılarıdır, fəqət bir qəzet səhifəsinin imkanlrı buna imkan vermir.

Əlbəttə, bu günkü Azərbaycan poeziyası yalnız bu adamlardan ibarət deyil, amma onlar da Azərbaycan şeirinin «gümüş dövrü» adlandırıla biləcək bir epoxanın təməlini qoyanlardandırlar.

Düşünürəm ki, çox yaxın gələcəkdə Azərbaycanın şeir səmasında öz üslubu, öz dəsti-xətti olan çox maraqlı şairlər bürcü parlayacaq.