Müasir ədəbi dilimizdə mövcud olan söz birləşməsi modelləri «Dədə Qorqud»un dilində də vardır. Əsas modellər müasir dildə olduğu kimidir, sonralar yalnız həmin modellər əsasında mürəkkəbləşmə prosesi getmişdir. Bu cəhət həm ismi, həm də fe’li birləşmələrə aiddir.
İsmi birləşmələrin başlıca quruluş modelləri aşağıdakılardır:
1.Yanaşma əlaqəli ismi birləşmələr. Müasir dilimizdə olduğu kimi, bu cür ismi birləşmələrdə asılı tərəf isim, sifət, say, əvəzlik və fe’li sifətlərdən, əsas tərəf isimlərdən (və ya isimləşmiş sözlərdən) ibarətdir; məs.: Dəlü Qarcar qız qardaşını diləyəni öldürər. (55) Ağız-dildən, qız kişi, xəbər mana. (61) Gördülər ki, bir xatun kişi gəlir. (99) Altundağı Al ayğırı mana vergil. (107) Ağam Beyrək gedəli yayladım yoq. (61) Ala çadırın yer yüzünə dikdirgil. Dəpə kibi ət yığ, göl kibi qımız sağdır!. (35) Böylə digəc qırq yigidi qaba sarıqlarını götürdilər... (59) Dəli Domrulun görər gözi görməz oldı, tutar əlləri tutmaz oldı. (79) Su həq didarın görmişdir. Bən bu suyla xəbərləşim,- dedi. (44) Mərə, Əzrayil dedügüniz nə kişidir kim, adamın canun alır? (79) - misallarında Dəlü Qarcar, qız qardaşını, qız kişi, xatun kişi, altundağı Al ayğırı, ağam Beyrək, ala çadır, dəpə kibi ət, göl kibi qımız, qırq yigid, qaba sarıq, görər gözi, tutar əlləri, bu su, nə kişidür, Dəli Domrul birləşmələri yanaşma üsulu ilə - «tə’yin + tə’yinlənən» modeli əsasında qurulmuşdur.
Yanaşma əlaqəli ismi birləşmələrin bir qismində əsas tərəf -lı,-li,-lu,-lü şəkilçili sifətlərdən ibarətdir: Altun başlu ban ev vergil bu oğlana.(36) Xəbəri yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək.(54) Toğlı başlu Turı ayqır yoruldı.(56) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59)
Şahbaz atlu, qara gözli, örmə saçlı, qara tonlı, ağca yüzlü, al qanatlu, ağ alınlu, ağ ələmlü, dəmür tonlu birləşmələri də eyni quruluşludur. Bunlar əksərən başqa bir sözə və ya birləşməyə yanaşaraq mürəkkəb quruluşlü birləşmələr əmələ gətirmişdir: altun başlu ban ev, ala gözli qızın otağı, Toğlı başlu Turı ayğır və s.
Belə birləşmələrin bir qismində birinci tərəf mənsubiyyət şəkilçilidir: ağam Qazan (124), qulunum oğul (124), arslanım oğul (129), ortacım oğul (136) və s. Bu cür birləşmələr müasir dildə daha çox aslan oğlum, Qazan ağam şəklində işlənir.(47;344)
2.Uzlaşma əlaqəli ismi birləşmələr. Bu qrupa daxil olan birləşmələrin birinci komponenti adlıq halda (bə’zən mənsubiyyət şəkilçili) isimlərlə, ikinci tərəfi daha çox sifətlə ifadə olunmuşdur. Baban qarı, anan qarı... Səndən yegrək qadir bizə oğul verməz (76) - cümlələrindən birincisi göstərir ki, predikativlik əlamətlərinin (-dır şəkilçisi) ixtisarı və intonasiya ilə ifadəsi tədricən uzlaşma əlaqəli birləşmələrin inkişafı üçün əsas olmuşdur.
Uzlaşma əlaqəli ismi birləşmələrin cümlədən əmələ gəldiyi mə’lumdur. (bax:36; 43) «Dədə Qorqud»un dilindəki bu cür birləşmələr müasir ədəbi dilimizdəki eyni quruluşlu birləşmələrə nisbətən, öz əslinə - cümlə formasına daha yaxın olsa da, artıq dastanların dilində söz birləşməsi modelindədir və bu hal göstərir ki, onların yaranma tarixi daha qədimdir; məs.: Boynı uzın bədəvi at vergil. Çigin quşlı cübbə ton vergil bu oğlana. (36) Buynızı burma qoçlarımız alduğı yoq. (62) Toquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayaqla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. (68) və s.
3.İdarə əlaqəli ismi birləşmələr. Bu cür ismi birləşmələrə dastanların dilində nisbətən az təsadüf olunur. Təsadüf olunanlarda isə asılı tərəf çıxışlıq haldadır: Məndən dəlü, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa, - deyirdi. (79) Məndən əziz, məndən sögülü anandır, oğul, anana var,-dedi. (82) Məndən yegrək qadir sizə oğul verər. (75) Bu cümlələrdə məndən dəlü, məndən gücli, məndən əziz, məndən sögili, məndən yegrək sintaktik vahidləri aydın şəkildə birləşmə modeli kimi tam formalaşmışdır. Nümunələr qeyd edilən modelin qədimliyi qənaətinə gəlməyə imkan verir.
4.Qarşılıqlı tabelilik birləşmələri. Bu cür birləşmə modelinin hər iki tipi - yanaşma-uzlaşma və uzlaşma-idarə əlaqəli tipləri dastanların dilində bol-bol işlənmişdir və özünü daha əvvəllər formalaşmış birləşmə modeli kimi göstərməkdədir.
Yanaşma-uzlaşma əlaqəli ismi birləşmələr: Bin yerdə ipək xaliçəsi döşənmişdi. (34) Bərü gəlgil, başum bəxti, evüm təxti! (35) Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi... (35) Din-danışux kafər malın Oğuz bəglərinə gətürür idik. (53) Oğıl, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola? (55) Qarı düşmən tatar oğlı əlümizə düşmişkən cəza ilə öldürəlim! (74) Qarşu yatan qara tağum yüksəgi oğul! Güclü belim qüvvəti, canım oğul! (75) Sürdi halalı yanına gəldi. (82) Alplar başı Qazana zərb urdı.(99) Ağ saqallı qarışı tutdı ola, gözüm, səni? (103)
Bu misallarda ipək xəliçəsi, başum bəxti, evüm təxti, dişi əhli, kafər malı, Oğuz bəgləri, sən istədigin, Baybican bəg qızı, tatar oğlı, tağum yüksəgi, belim qüvvəti, halalı yanı, alplar başı, ağ saqallı qarışı birləşmələri yanaşma-uzlaşma qarşılıqlı tabelilik əlaqələri ilə qurulmuşdur. Müasir dildə ipək xalça şəklində yanaşma əlaqəsi ilə qurulan birləşmənin «Dədə Qorqud»da həm də uzlaşma əlaqəsi əsasında formalaşması əlaqələrin qədimliyini göstərməklə yanaşı, dildə sadələşmə prosesini də əks etdirir. Belim qüvvəti, tağum yüksəgi, halalı yanı, başum bəxti, evüm təxti kimi birləşmələrin birinci tərəfi konkretlik bildirdiyi üçün müasir dildə yiyəlik hal şəkilçisinin iştirakı ilə formalaşır. Birinci tərəfi xüsusi isimlə ifadə olunan Baybican bəg qızı tipli birləşmələr canlı danışıq dilində bu cür də işlənməkdədir.
Uzlaşma-idarə əlaqəli ismi birləşmələr: Çobanın taşı dükəndi... Kafərin gözi qorqdı. Dünya-aləm kafərin başına qaranu oldı. Aydır: «Yarımasun-yarçımasun, bu çoban bizim həpimiz qırar, olamı?» Məgər, xanım, o gecə Qalın Oğuzın dövləti, Bayındır xanın köyküsi, Ulaş oğlı Salur Qazan qara-qayğılu vaqeə gördi... Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm. Xanım qardaş, mənim bu düşimi yorğıl mana! Qaragünə aydır: «Qara bulıt dedigin sənin dövlətindir. Qazan aydır: «Mənim avımı bozma...»(44) Simüz qoyun, arıq toğlı sənin qapundan kafərlərə vermədim.(46)
Bu misallarda bənim quşım, mənim düşim, mənim avım birləşmələrinin birinci tərəfi birinci şəxsin təkində, yiyəlik haldadır. Ona görə də ikinci tərəf həmin şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşmışdır. Müasir dildə olduğu kimi, birinci tərəfdə yiyəlik halın şəkilçisi assimilyasiyaya uğramış formada - im şəklindədir. Bu xüsusiyyət eyni şəkildə birinci şəxsin cəminə də (bizim həpimiz) aiddir. Sənin dövlətin, sənin qapun birləşmələrinin birinci tərəfi ikinci şəxsin təkində, yiyəlik haldadır, ona görə də ikinci tərəf həmin şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək onunla uzlaşmışdır. Qalın Oğuzın dövləti, Bayındır xanın köyküsi, çobanın taşı, kafərin gözi, kafərin başı birləşmələrində isə uzlaşma üçüncü şəxsə görədir. Beləliklə, uzlaşma-idarə əlaqəli birləşmələrin əmələ gəlmə modelində müasir dildən fərqli bir şey yoxdur. Fərq yalnız oradadır ki, ikinci və üçüncü şəxsin təkində və cəmində yiyəlik halın şəkilçisi sağır «n» ilədir. Müasir ədəbi dilimizdə bunların hər ikisində saf «n» samiti işlənir: sənin evin, onun evi. Qərb qrupu dialekt və şivələrində bu xüsusiyyət, yə’ni sağır «n» ikinci şəxsdə qalmaqdadır: səni(n) evi(n), sizi(n) evi(n)iz.
Uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri bə’zən inversiyaya uğramışdır: Sağın-solun Uruzın çevirdilər.(71) Anası oğlanın böylə digəc Qazanın əqli başından getdi.(74)

Fe’li birləşmələrin əsas tərəfi fe’li sifət, fe’li bağlama və məsdərdən ibarətdir. Quruluş modelləri aşağıdakılardır.
1. Koordinativ fe’li birləşmələr. Müasir dilimizdə olduğu kimi, bu cür fe’li birləşmələrin adlıq halda subyekti olur, tərəflər arasında əlaqə prosodik vasitələrlə - söz sırası və intonasiya ilə yaranır; məs.: Qoşa badam sığmayan tar ağızlum! (35) Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadın ol turgəc gərək! Mən qaraquc atıma binmədin ol binmax gərək! Mən qırıma varmadın ol mana baş gətürmək gərək! (55) Tənri verən tatlu canın seyranda imiş, endi dəxi. (39) Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız? (65) Oğul içün ata ölmək eyib olur. (74) - misallarında qoşa badam sığmayan, mən yerimdən turmadın, mən qaraquc atıma binmədin, mən qırıma varmadın, tənri verən, Beyrək gedəli, oğul içün ata ölmək birləşmələri müstəqil subyekti olan koordinativ fe’li birləşmələrdir.
2.Yanaşma əlaqəli fe’li birləşmələr. Bu qrupa daxil olan birləşmələrin asılı tərəfi qeyri-müəyyənlik bildirir və qeyri-müəyyən tə’sirlik halda olur; məs.: Bin dəxi qoyun görməmiş qoç gətürün. (56) Qəfillicə başlar kəsən... yigit, nə yigitsən? (91) ...ağ-boz atın yalısı üzərində qar turduran Qəflət qoca oğlı Şir Şəmsəddin çapar yetdi. (49)
Yanaşma əlaqəli fe’li birləşmələr sifətlərin, zərflərin, sayların, əvəzliklərin, qoşmalı söz və birləşmələrin, fe’li bağlamaların məsdər, fe’li sifət və fe’li bağlamalara yanaşması ilə də yaranır; məs.: Yigit barmağın ısırdı, aydır: «Bunda minnətlə almaqdan isə anda babam yanında minnətsiz almaq yegdir!»-dedi. (53) Hər gün Beyrəgi görməgə gəlürdi.(59) Qız dəxi orğan götürüb Beyrəgi hasardan aşağı salındırdı. (59)
3.İdarə əlaqəli fe’li birləşmələr. Bu qrupa daxil olan fe’li birləşmələrin asılı tərəfi ismin yönlük, tə’sirlik, yerlik və çıxışlıq hallarındadır; məs.: Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm.(56) Qarşu yatan qara tağını aşmağa gəlmişəm! Aqındılı suyını keçməgə gəlmişəm! Qızını almağa gəlmişəm! (87) Qaraca çobanın üzərinə gəldi. Çobanı gördügində xəbərləşdi. (45) Beyrək qızdan ayrılub evlərinə gəldi.(55) Evdən çıqub yüriyəndə səlvi boylum! (35)
Mənsubiyyət şəkilçisinə qovuşmuş «n» samiti tə’sirlik hal formasının qalığı kimi idarə əlaqəsinə xidmət edir; məs.: ...bir yigit var imiş, qızın diləyü gəlü yürür.(87) İmdi incimə, xanım, əvvəl onun əlin öpdigimüzə. (54)
Fe’li və ismi birləşmələrin üç və daha artıq müstəqil sözdən düzəlmiş mürəkkəb formaları müasir dilimizdə olduğu qədər zəngin deyildir. Lakin əsas əlaqələnmə üsullarına görə müasir quruluşla eyni olan bir sıra modellər mövcuddur. Onlardan bir neçəsini nəzərdən keçirək.

1) yanaşma əlaqəli birləşmənin ikinci komponenti uzlaşma-idarə əlaqəli birləşmədən ibarətdir: Tülü quşun yavrısı, Qonur atın iyəsi, xan Uruzın ağası, Qalın Oğuzın dövləti;
2)yanaşma əlaqəli birləşmənin ikinci komponenti yanaşma-uzlaşma əlaqəli birləşmədən ibarətdir: qalmış yigit arxası, qaba dizi üzərinə;
3) yanaşma-uzlaşma əlaqəli birləşmə ikinci komponentdəki sözlə uzlaşma-idarə əlaqəsindədir: Amit soyının aslanı;
4) uzlaşma əlaqəli birləşmənin ikinci komponenti yanaşma əlaqəli birləşmədən ibarətdir: köksi qızıl dügməli;
5)uzlaşma əlaqəli birləşmənin ikinci komponenti idarə əlaqəli birləşmədən ibarətdir: əlləri biləgindən qınalı, saçı ardına urılı;
6) uzlaşma-idarə əlaqəli birləşmə ikinci komponentlə yanaşma-uzlaşma əlaqəsindədir: mənim evim üstinə;
7) uzlaşma əlaqəli birləşmənin birinci komponenti uzlaşma-idarə əlaqəlidir: qaftanının ardı yırtıxlu;
8) asılı tərəflər əsas tərəflə yanaşma əlaqəsindədir: altındağı alaca at;
9) fe’li birləşmənin birinci komponenti yanaşma-uzlaşma və ya uzlaşma-idarə əlaqəli birləşmədən ibarətdir: Bam-bam dəpə başına çıqdığım (65), Bayındır xanın yağısın basan (42);
10) fe’li birləşmənin asılı tərəflərindən biri və ya bir qismi birləşmə daxilindəki başqa bir sözə tabedir: qarğu kibi qara saçum yolduğum, mən bu yerdən gedəli. Misallardan birinin sxemi:

saçum yolduğum

qarğu kibi qara

Fe’li birləşmələrin həmcinsliyi obrazların düşüncə və görüş dairəsini emosional bir dildə ifadə edən ən mühüm vasitələrdəndir. Məsələn, Aruzun xəyanət xəncərinin qurbanı olan Beyrək öz istəklərini Qazana aşağıdakı kimi çatdırmağı vəsiyyət edir:

Yigitlərim, Aruz oğlu Basat gəlmədin,
Elim-günim çapılmadın,
Qaytabanda dəvələrim bozlatmadın,
Qaraqucda Qazlıq atım kişnətmədin,
Ağca qoyunlarım mənrişmədin,
Ağca yüzlü qızım-gəlünim əkşəşmədin,
Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadın,
Elüm-günim çapmadın
Qazan mana yetişsün,
Mənim qanım Aruza qomasun.(125)

Birləşmələrin quruluşu xüsusi tədqiqat üçün zəngin material verir.
Dastanların dilinin emosionallığında sabit birldəşmələr də xüsusi yük daşıyır. Əməli azmış, fe’li dönmüş, baş endirmək, bağır basmaq, salam vermək, məsləhət görmək, ayağına düşmək, başına qurban olsun, yaqasın yırtdı və s. kimi sabit birləşmələr göstərir ki, dastanların yarandığı dil dastanlar yarandığı dövrdən çox-çox əvvəl təşəkkül tapmışdır. Bə’zi sabit birləşmələrin mənşəyinə daha yaxın forması müşahidə olunur: Nola, xanım, baş üzərinə! - dedi. (55) Buğa ayaq üstinə turamadı, düşdi; dəpəsinin üstinə yıqıldı. (36) Oğuz bəgləri bunı göricək əl-ələ çaldılar (63) - kimi cümlələrdə baş üzərinə, ayaq üstinə, dəpəsinin üstinə, əl-ələ çaldılar ifadələrində həmin ifadələrin yaranma yolunu da görmək mümkündür.