Türkün beşiyi. Azərbaycan xalqının mənşəyinin müəyyənləşdirilməsi, dil tarixinin öyrənilməsi müxtəlif konsepsiyaların toqquşması yolu ilə yaranmış gərgin mübarizə prosesinin nəticəsi kimi meydana çıxır və əslində, yuxarıdan nəzarət olmadığı, olan nəzarət də əks qüvvələrin xeyrinə olduğu üçün bu mübarizə hazırkı dövrdə daha kəskin şəkildə davam etməkdədir. Dilin və xalqın mənşəyini müəyyənləşdirmək sahəsində bilavasitə imkanlı və ixtiyarlı qüvvələr daim mühafizəkar mövqe tutmuş, Azərbaycan ərazilərində çox qədim dövrlərdən köklü türk tayfalarının mövcudluğu faktlarını inkar etməklə, türk tayfalarının Azərbaycana ilkin gəlişini eramızın III-V əsrləri ilə bağlamış, lakin bu gəlişin də elə bir əhəmiyyətə malik olmadığını, Azərbaycan türk dilinin XI-XIII əsrlərdə səlcuq-oğuzların gəlişi ilə təşəkkül tapdığını israrla sübuta çalışmışlar. Bu qrupun nümayəndələri türklərin Orta Asiyada, Sayan-Altay dağlarının şimal-qərb bölgəsində, Yenisey çayı boyunda yaşayıb artdığını, Avropaya, Asiyanın digər yerlərinə, Xəzərin cənubuna və qərb sahillərinə buradan yayılmağa başladığını, ilkin yayılmanın daha çox miladdan sonra V əsrə təsadüf etdiyini güman və iddia etmişlər.
Dünya elminin arxalandığı arxeoloji materiallar göstərdi ki, türklərin ilkin vətəni Sayan-Altay əraziləri deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan başlamış, türklər buradan Mərkəzi Asiyaya köç etmiş, min illərlə o yerlərdə artıb-çoxalaraq yeni əlverişli yaşayış sahələri axtarışı ilə yenidən geriyə - öz ilkin yurdlarına dönmüşlər. Ulu dil Ön Asiya və Aralıq dənizi həndəvərində yaranmış və burada protodillərə parçalanmışdır. Pratürk Ön Asiyada təşəkkül tapmış, dialekt parçalanmaları ilə mezolitdən başlayaraq bizim dəqiq bilmədiyimiz dövrlərdə şərqə, qərbə və şimala buradan hərəkət etmişdir. Lakin yerli tayfaların böyük bir qismi və ya tayfa bölümləri öz ilkin vətənini, doğma yurdlarını - Azərbaycan ərazilərini, indiki Azərbaycan, İran və İraq bölgələrini heç vaxt tərk etməmişlər. Bu ərazilər türk tayfalarının daimi məskəni olmuş, onlar bu ərazilərə sonralar gələn irandillilər, qafqazdillilər və samilərlə qonşuluqda yaşamışlar. Mühafizəkar tarixçilərin fikrincə, hansı dildə danışdığı bilinməyən qədim aborigen Azərbaycan etnosları iki dəfə - əvvəlcə Mada imperiyası dövründə və sonra da XI-XII əsrlərdə öz etnik simasını dəyişmiş, birinci dövrdə iranlılaşmış, ikinci dövrdə türkləşmişlər. Lakin tarixə yeni gözlə baxan alimlərin tədqiq və araşdırmaları, eyni zamanda külli miqdarda dil faktları göstərir ki, qədim Azərbaycanın aborigen etnosları türklərdən ibarət olmuş və heç vaxt öz etnik simalarını dəyişməmiş, heç vaxt iranlılaşmaya mə’ruz qalmamışlar. Əksinə, yeni gələn türk tayfaları daim onlara qol-qanad vermiş, onları gücləndirmişdir. hərəkatının nümayəndələri (Y.Yusifov, T.Hacıyev, Q.Qeybullayev, M.İsmayıl, E.Əlibəyzadə, V.Həbiboğlu, Ç.Qaraşarlı və b.) tarixi faktlardan aldıqları təəssürat əsasında daim Azərbaycanı türkün vətəni görmüşlər. Bu yaxın günlərdə Z.H.Həsənov özünün «Çar skifləri» adlı monumental əsəri ilə bu siyahını daha da genişləndirmiş oldu.
Tarixin bizə yaxın dövrlərində türk tayfalarının Azərbaycana üç mərhələdə gəlişi mə’lumdur:
1. E.ə. VIII-VII əsrlərdə kimmer, skif, sak tayfalarının gəlişi;
2. Eramızın birinci minilliyinin əvvəlindən (daha çox I-V əsrlərdə və sonrakı dövrlərdə) hunların gəlişi;
3. XI - XII əsrlərdə səlcuq-oğuzların gəlişi.
Heç şübhəsiz, bunlar zaman-zaman Azərbaycanda türk etnoslarının və türk dilinin mövqeyini gücləndirmiş, yerli türk tayfa dillərinin ümumiləşməsinə, ümumxalq Azərbaycan dilinin təşəkkülünə xüsusi tə’sir göstərmişdir.
Hələlik Azərbaycan ərazisinə türk tayfalarının ilk gəlişi kimmer, skif və sak tayfalarının gəlişi hesab olunur. Bunlar ilk dövrlərdə Azərbaycanda neçə min il əvvəldən məskunlaşmış aborigen türk tayfaları kutilər, lullubilər, sular, turukkilər, kaslar və b. ilə və onların varisləri mannalılar, madalılarla bir müddət qonşuluq münasibətlərində olsalar da, tədricən yerli türk etnosları ilə qaynayıb-qarışmış, e.ə.I minilliyin ortalarından başlayaraq, daha əsaslı şəkildə konsolidasiya prosesi keçirərək Azərbaycan xalqının və dilinin təşəkkülündə bilavasitə iştirak etmişlər.
Qədim türk tayfaları içərisində ilk gələnlər kimmerlər hesab olunur. Herodotun (e.ə.484-425) mə’lumatına görə, Qara dənizin şimal sahillərində məskunlaşmış olan kimmerlər e.ə. VIII əsrdə şərqdən o yerlərə gələn skiflərlə toqquşmadan çəkinərək Cənubi Qafqaza enmiş, buradan isə Kiçik Asiyaya keçmişlər. Onların bir qismi Kür-Araz vadisinin qərb hissəsində - Azərbaycan-Gürcüstan sərhədi boyu yerləşmişdir. Lakin bu yerlərdə çox dayanmayaraq o vaxtlar Urartu nəzarətində olan indiki Ermənistan ərazisinə keçmişlər. Urartulularla toqquşmalı olmuş, onları məğlub etmişlər (e.ə.715). Mənbələrin mə’lumatına görə, skiflər (saklar) onları izləməkdə olduqları üçün kimmerlər Kiçik Asiyaya hərəkət edərək oradakı Friqiya dövlətini ləğv etmişlər. O zaman bu dövlətin tabeliyində olan, Hayasa adlı vilayətdə yaşadıqları üçün hay adlanan ermənilərin bir hissəsi öz yurdlarını tərk edərək indiki Ermənistan ərazisinə köçməli olmuşlar. Sonralar kimmerlərin bir hissəsi Manna ərazisinə keçərək burada kök salmış, mannalılar, madalılarla qaynayıb-qarışmış, Azərbaycan xalqının etnik tərkibinə daxil olmuşlar. (2; 103-104, 6; 130-131, 1; 213-216.)
Herodotun və Diodorun qeydlərinə əsasən, Mərkəzi Asiyadan Şimali Qara dəniz sahillərinə qədər geniş əraziləri tutan skiflərin Ön Qafqaza gəlişi VIII əsrin ikinci yarısına aid edilir. Onlar «tarixin atası»nın fikrinə görə, kimmerlərin ardınca irəliləyərək Dərbənd keçidi vasitəsilə Ön Asiyaya çatmış, Araz çayından şimalda məskunlaşmışlar. Skiflərin bir qismi kimmerlərin izi ilə Midiya (Azərbaycan) ərazilərinə daxil olmuş, Azərbaycanda Skif çarlığı yaratmışlar. (58; 24-25)
Skiflər iki bölük olmuşlar. Bir bölüyü Manna ərazisində, digəri Urartunun cənubunda yerləşmişdir. Tarixçilər qeyd edirlər ki, VII əsrin ortalarında bu iki mərkəz birləşərək, kimmerləri də özlərinə qatıb Kimmer-skif-sak padşahlığı yaratmışlar. E.ə. 693-cü il hadisələri ilə əlaqədar Tövrat Urartu və Manna ilə yanaşı, Skif çarlığını da xatırladır. (2; 104) Çarlığın ilk hakimi kimmer başçısı Tuqdamme olmuşdur. O, «Saklar ölkəsinin və Qutiumun çarı» rütbəsini daşımışdır. VII əsrin son rübünün başlanğıcında (e.ə.625-ci il) Kimmer-skif-sak padşahlığı Mada ilə rəqabətə dözməyərək süqut etmişdir. Bu zaman skiflərin bir hissəsi yenidən Qara dənizin şimal sahillərinə üz tutmuş, bir hissəsi Azərbaycanda - sakların adı ilə Sakasena adlanan ərazidə qalmışlar. «Şübhə yoxdur ki, e.ə.VII əsrin sakları e.ə VI-V əsrlərin ortokoribantlarının və e. ə. IV-I əsrlərin sakasenlərinin özüdür və qaynaqlara görə onlar daha məhdud bir ərazidə - Sakasenada (Şakaşen) yaşamışlar». (1; 214) Beləliklə, Azov dənizinin qərb sahillərində çarlıq yaratmış olan skiflərin bir müddət Cənubi Qafqaz - indiki Azərbaycan ərazilərində də çarlığı olmuşdur. Elmi ədəbiyyatda bunlar «çar skifləri» adlandırılır. (58; 25)
Skiflər müxtəlif tayfaların birliyindən ibarət olmuş, geniş ərazilərdə məskunlaşmışlar. Strabon tarixçi Eforun fikrini yada salaraq göstərir ki, «əgər göyü və yeri dörd hissəyə bölsək, onda şərqi hindlilər, cənub tərəfi həbəşlər, qərb tərəfi keltlər, şimal tərəfi skiflər tutur». O bunu da əlavə edir ki, «Həbəş və skif əraziləri daha böyükdür». (58;32, 59
Qədim türk tayfalarından skiflərin, sakların, kimmerlərin Azərbaycan ərazilərinə yürüşləri və müklər, kaspilər, utilər haqqında mə’lumata Herodotdan əvvəl Assur mənbələrində rast gəlirik. Assur çarı Asarxaddonun (e.ə.681-668) vaxtında akkad dilində tərtib olunmuş gil lövhələrdə kimmerlərin, skiflərin Azərbaycan ərazisində olduğu və madalılarla birlikdə Assuriya üzərinə hücuma hazırlaşdığı barədə rəmmal (orakul) mülahizələri vardır. Hiss olunur ki, assurlar böyük təlaş və həyəcan içərisindədirlər. Kimmerlərin yaratdığı təlaş bu yazılarda aydın hiss olunur: «Səndən soruşuram, Şamaş, böyük hakim, bu gün nə baş verir, bu ilin bu ayar ayının 3-də, aba ayının 11-nə qədər - deyəsən, Kaştariti öz ordusu ilə, deyəsən, kimmerlərin ordusu, deyəsən, mannalıların ordusu, deyəsən, midiyalıların ordusu, deyəsən, düşmən kim olursa-olsun, bu Kişessu şəhərini onlar tutacaqlar, bu Kişessu şəhəri gedəcək, bu Kişessu şəhəri onların əli ilə işğal olunacaq, öz hakimliyin altından çıxacaq».(17; 229)
Həmin dövrdə skiflərin də assurlar üzərinə yeriməkdə olduğunu mənbə qeyd etmişdir: «Şamaş, böyük hakim, o şey haqqında ki, mən səndən soruşuram, düz cavab ver mənə. Bartatua, bu saat Asarxaddona, Assur çarına çapar göndərən Skif çarı, ondan ötrü ki... əgər Asarxaddon, Assur çarı çar qızını öz qaremasından arvadlığa göndərsə... Bartatua, Skif çarı onunla müqavilə bağlar, inamlı və mehriban söhbət olar...» (17; 230)
Skiflər müxtəlif tayfa birliklərindən ibarət olmuşlar. Herodotun mə’lumatından belə nəticə çıxarmaq olur ki, müstəqil skif dili varmış. Eyni zamanda ellin dilində danışan skiflər də varmış. Savromatlar, amazonkalar «pis skif dilində» danışırmışlar. Bir sıra tayfaların isə öz ayrı dilləri varmış və skiflər mərkəzə yığışanda danışığı «yeddi dilmancın köməyi ilə yeddi dildə» aparırmışlar. (Herodot,IV,24; 58; 21) Böyük ordu ilə bağlı məsləhətləşmələr, fikir mübadiləsi zamanı iavr, aqafirs, nevr, androfaq, melanxlen, qelon, budin və savromat çarları yığılarmış. (58; 23)
Beləliklə, qaynaqlardan aydın olur ki, Azərbaycan ərazisinə e.ə. VIII əsrin sonlarında ilk ayaq basan türk tayfaları kimmerlər, skiflər və saklar olmuşlar.

Skif dilinin varisi barədə. Skiflərin daha çox İran, türk və slavyan dillərində danışan tayfalar olduğu daha inandırıcı hesab olunur.(58;32) Onları yalnız iranmənşəli hesab edənlər də vardır. Bu konsepsiya daha çox V.İ.Abayevin araşdırmalarına əsaslanır. Z.H.Həsənov V.İ.Abayevin tədqiq və araşdırmalarını diqqətlə izləyərək, skifləri yalnız irandilli tayfalar kimi qiymətləndirmək üçün onun müddəalarının heç bir əsas vermədiyini üzə çıxarmışdır. V.İ.Abayev cəmi 650 min nəfərlik əhalinin istifadə etdiyi osetin dilini Qafqaz dilləri substratı əsasında yaranmış İran dillərindən biri kimi əsaslandırmağa çalışmış, bu dili skif dilinin varisi hesab etmişdir. V.F.Miller, A.A.Sobolevski, N.Y.Marr, K.Müllenqof, F.Yusti, V.Tomaşek, C.Markvart, M.Fasmer, Y.Xarmat və başqaları da eyni fikirdə olmuşlar.(58; 67) Lakin osetinlərin irandilli olması probleminin özü şübhəlidir, bu barədə yekdil fikir yoxdur. Digər tərəfdən, V.İ.Abayevin skif, sarmat, alan dillərindən götürüb osetin dili ilə müqayisə etdiyi 196 sözün seçilməsi prinsipi də düz hesab olunmur. V.İ.Abayev e.ə. Herodot dövrünün skif, eramızın IV-V əsrlərinə aid sarmat sözlərini osetin leksikası ilə müqayisə etmişdir. Bu cür müqayisə elmi obyektivliyə ziddir. V.İ.Abayev özü də həqiqətdən yan keçə bilməmiş, öz şübhələrini gizlətməkdən çəkinmişdir: «...ilk müəlliflərdə, Herodotda biz daha çox terminə, sözə rast gəlirik ki, İran dilləri ilə kafi şəkildə izah olunmur. İranlılaşma sonralar bir sıra mərhələlərdə getmişdir. Onun başlanğıc mərhələlərində iranaqədərki elementlərin xüsusi çəkisi hələ mühüm yer tuturdu».(58; 68) İ.M.Miziyev müəyyənləşdirmişdir ki, V.İ.Abayevin əsaslandığı 196 sözün 48 müxtəlif qədim abidələrdə («Avesta» və s.) işlənsə də, osetin dilində işlənməmişdir; yerdə qalan 148 sözün 101 isə xalis türkmənşəli sözlərdir - V.İ.Abayev onları müxtəlif fonetik dəyişmələrlə İran dillərinə uyğunlaşdırmağa çalışdığı halda, onlar heç bir fonetik əvəzlənməyə ehtiyac olmadan türk dillərində mövcuddur. (58; 68)
Z.Həsənov skiflərin totemləri sayılan qurd və maralın osetinlərlə heç bir əlaqəsi olmadığını da təbii faktlarla sübut etmişdir. Osetinlərdə qurd sözü türkmənşəlidir,-V.İ.Abayev özü də bunu qeyd etmişdir,-xalq öz totemini başqa dilin sözü ilə adlandırmaz və öz totem adını unutmaz. İkinci totemə - maral sözünə gəlincə, bu söz osetin dilində saq şəklində işlənir və Abayevin fikrincə, skiflər özlərini bu sözlə saka adlandırmış, saka etnonimi belə yaranmışdır. Z.Həsənov qeyd edir ki, saq - ‘maral’ sözü osetin dilindən başqa heç bir irandilli əhalinin dilində işlənmir. V.İ.Abayev fikrini əsaslandırmaq üçün XIX-XX əsr osetin folklorundan misal gətirmişdir, lakin türklərdə maral mə’nasında soq-un sözü XII əsr uyğur yazılarında qeydə alınmışdır. M.Kaşğaridə isə ‘erkək maral’ mə’nasında sığun sözü vardır. Yakut dilində saka sözü etnonim sayılır və ‘maral’ mə’nasındadır. Müasir türkmən dilində ‘maral’ sözü sığır, buryat dilində sağaa şəklində işlənməkdədir və s. (58; 70)
Müxtəlif dillərdə danışan skiflərin varisini kiçik bir xalqla məhdudlaşdırmaq olmaz. Skiflərin varisi türklər, irandillilər və slavyanlardır. Skif çarlığının əzəli tayfaları türklərin əcdadlarındandır.