Şumer dilinin morfoloji quruluşu türk dillərinin morfoloji quruluşu ilə eynidir. Sözlərin V, CV, VC, CVC, VCV, CVCV, VCVC, CVCVC quruluş tipləri türk dillərində olduğu kimidir: e - ev, ki -kir, torpaq, şa(g) - ürək, udu - qoyun, giri - ayaq, amar - buzov, dana (əmər heyvan), libiş - qəzəb və s. Hətta bunların inkişaf istiqamətinə dair fikirlər də türk dillərində sözlərin inkişafı barədə fikirlərlə eynidir: İsim əsaslarının erkən tipləri (erkən köklər) CVC, VC şəklində olmuşdur; VCVC, (C)VCV tipləri (və onların sait yerdəyişməsi ilə təkrarı) onların inkişafıdır». (9; 52)

İsimlərdə kəmiyyət anlayışının ifadə üsullarına görə şumer dili türk dillərini xatırladır. Bu dildə lu - ‘adam’, bə’zən də ‘adamlar’, lu-(e)ne - ‘adamlar’, lu-lu ‘adamlar’ şəklində tərcümə edilir. Bizim müasir dilimizdə də belədir: adam da, adam-lar da eyni kəmiyyəti ifadə edə bilir. Birinci hal, yə’ni təkrar olunmadan cəm bildirən lu - üslubi çoxluqdur; bu söz həm ‘tək bir adam’, həm də ‘adamlar’ kimi dərk olunur. Sözün cəm şəklində dərki bizim işlətdiymiz Yanıma adam gəlmişdi- cümləsindəki adam kimidir: həmin söz morfoloji cəhətdən tək olsa da, üslubi çoxluq bildirir - gələn adam tək də ola bilər, çox da. Cəmlik, çoxluq anlayışını ifadə etmək üçün şumer dilində sözün təkrarından daha çox istifadə edilmişdir: dumu-dumu - övladlar, qızlar, oğlanlar, bala-bala - balalar, nəvə-nəticələr. Bu hal cümlədə sifətin təkrarı ilə də yaranır: digir-gal-gal-ene (allah - böyük-böyük - lər) - bütün böyük allahlar. Çoxluğa daxil olan hər bir fərdi ayrıca nəzərə çarpdırmaq üçün dili-dili (bir-bir) sözü işlədilmişdir: lu-dili-dili - ‘adamlar bir-bir’. Sistem heç bir dəyişikliyə uğramayıb, yalnız ifadə vasitələrində fərq görünür. Azərbaycan dilində bu üsuldan əlaməti gücləndirmək, çoxaltmaq üçün geniş istifadə edilir: yaxşı-yaxşı, yavaş-yavaş, tez-tez, çox-çox və s. Cəm anlayışının ifadəçisi kimi istifadə olunan -(e)ne şəkilçi sayılır.
Şübhəsiz, kateqorial əhəmiyyətini itirsə də, tam sıradan çıxmamış uyğunluqlar da vardır. Məsələn, türk dillərində olduğu kimi, şumer dilində də cins kateqoriyası yoxdur. Türk dillərində olduğu kimi, bu dildə də qadın və kişi cinsi ya müxtəlif sözlərlə ifadə olunmuşdur (gu(d) - öküz, ab - inək), yaxud da qadın və ya kişi cinsinə aid olduğunu bildirmək üçün əlavə sözlərin iştirakı ilə düzələn birləşmələrdən istifadə edilmişdir (digir - allah, digir-ama - ana allah).
Şumer dilində bə’zi sözlər həm ad, həm də fe’l kimi işlənmişdir: üy - qala və qurmaq, toy - toy və doymaq; bu quruluş dilin ən qədim, daha doğrusu, ilkin yaranma mərhələsinə aid olsa da, bu gün də ədəbi dilimizdə izlərini saxlamışdır: köç - köçmək və köçən əşya, düz - hamar yer və düzmək, iç - daxil və içmək, içəri ötürmək və s. Bu cür sözlərin böyük bir qismi tarixən şəkilçilər vasitəsilə omonimlikdən çıxmışdır.
Müasir dilimizdə məhsuldar şəkildə fe’ldən ad düzəldən -q,-k şəkilçisi (qoru-q, ələ-k, bil-ik, sürt-ük və s.) şumer dilində də məhsuldar olmuşdur: turu - törəmək, yaşamaq, doğulmaq; turu-g - diri; uru - qurmaq, tikmək, uru-g - şəhər; yüzü - üzmək, yüzü-k - su quşu, üzən quş.(23; 07)
Azərbaycan dilindəki -an fe’li sifət şəkilçisi şumer dilində -en şəklində işlənmişdir: er - getmək, eren - arxa ilə gedən.
O.Süleymenov ugken - ‘xalq yığıncağı’ sözünü misal gətirərək göstərir ki, türk dilləri üçün «tə’yin + tə’yin olunan» modeli üstün olduğu halda, şumer dilində əksinədir. (23; 208) Qeyd etməliyik ki, həqiqətən də müasir türk dillərində «tə’yin + tə’yinlənən» modeli üstünlük qazanmışdır, lakin tə’yinin tə’yinlənəndən sonra işlənməsi də türk dillərinə yad deyil və XX əsrə qədərki Azərbaycan dilində bu model böyük üstünlüyü ilə seçilmişdir. Bu model bu gün də ədəbi dilimizdə fəaldır; xüsusi adlardan sonra işlədilən kişi, xanım, bəy, ağa, əmi, dayı, həkim, yazıq tipli sözlər bu quruluşun davamıdır. Bunlarla bərabər, İ.M.Dyakonov «tə’yinlənən + tə’yin», «tə’yinlənən + əlavə» modelləri ilə yanaşı, qədim dövrlərdən şumer dilində əsas modelin «tə’yin + tə’yinlənən söz» şəklində olduğunu da xüsusi qeyd etmişdir: «Ən qədim mürəkkəbləşmə «tə’yin - tə’yinlənən» sırasına malikdir, tə’yin yiyəlik hal şəkilçisi qəbul etməmişdir (dumu-sag - «rebenok qolova» -ilk uşaq; ug-ken «plemə-kruq - xalq yığıncağı»). (9; 53-54)
İ.M.Dyakonovun qeydlərindən aydın olur ki, şumer dilində hal münasibətləri hal şəkilçiləri ilə qoşmalar arasında orta mövqe tutan xüsusi formantlarla ifadə olunmuşdur. Bu xüsusiyyət təkmilləşmiş şəkildə eyni dərəcədə türk dillərinə də aiddir. Türk dillərində hal şəkilçiləri ilə yanaşı, bir sıra qoşmaların vasitəsilə də hal münasibətləri ifadə olunur. Müəllifin müşahidələrinə əsasən, da komutativi, şe allativi daha əvvəlki dövrlərdə müstəqil isimlər olmuş və başqa isimlərlə «tə’yin - tə’yinlənən» quruluşunda əlaqələnmişdir. Məsələn, lugal-da sözləri əvvəllər ‘rəhbər tərəf’ mə’nasında işlənmiş, sonralar ‘rəhbərlə, rəhbərin yanında’ mə’nasını almışdır. (9; 55) Beləliklə, da həm birgəlik şəkilçisi, həm də müstəqil söz kimi («tərəf») işlənmişdir (müasir dilimizdəki «tərəf» sözünün tə hissəsində özünü saxlamışdır; luqal sözü isə şumercə lu - ‘adam’ və bizim dilimizdəki qəl-bi sözlərindən ibarətdir - ‘qəlbi adam’, ‘yüksək adam’, ‘rəhbər’ mə’nalarında).
Şumer dilində hal göstəriciləri sintaqmın sonunda işlənmiş və bütövlükdə sintaqma aid olmuşdur: digir-gal-ra - yönlük hal - böyük allaha (digir - dingir - tənqri - (allah), qal - qəlbi, -ra - bizim o-ra, bu-ra sözlərindəki arxaik yönlük hal şəkilçisi), lugal-kalam-ak - yiyəlik hal - ölkənin çarı (luqal - ‘başçı, rəhbər, çar’, kalam - qala(maq) fe’li, həm də ‘qala, şəhər, ölkə’, -ak yiyəlik hal şəkilçisi; hərfən: ‘başçı ölkənin’ = ‘ölkənin başçısı, çarı’), lugal-kalam-ma-ra - yönlük hal - ölkənin çarına və s. Türk dillərində də belədir.
Şumer dilində hal şəkilçiləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Absolyut hal (şəkilçisiz, sıfır şəkilçili): Nin-gir-su e-zu mara-du ‘Ninqirsu, sənin evini mən tikdim’.
2. Erqativ hal: -e; gala-e balag nutum ‘müğənni baraban gətirmədi’.
Şumer dilindəki absolyut hala uyğun gələn bizim adlıq hal türk dillərində də qədimdən bəri sıfır şəkilçilidir. Subyekt halı kimi, şumer dilində də fəal olmuş, sadalamalarda da işlənmişdir. Xitablar da absolyut hal ilə ifadə olunmuşdur.
«Erqativ hal» deyilən halın əla
məti olan -e şəkilçisi son dərəcə az hallarda, həm də yalnız 3-cü şəxsdə, zəif şəkildə işlənmişdir; bu hal fe’l inkişaf etdikcə, növ kateqoriyası formalaşdıqca, vasitəsiz obyektin hərəkətlə bilavasitə əlaqəsinin dildə ifadəsi nəticəsində sıradan çıxmışdır.
3.Yiyəlik hal: -a(k); e-lu-ak ‘adam-ın evi’ (e - ‘ev’, lu - ‘adam’, -ak - yiyəlik halın şəkilçisi).
Şumer dilində yiyəlik halın şəkilçisində (-ak) çox zaman a saitinin işlənmədiyi, əvvəlki sait vasitəsilə udulduğu, k samitinin isə yalnız saitdən əvvəl işləndiyi və əslində yiyəlik halın formantla «ifadə olunmadığı» göstərilir. (8; 43) Türk dillərinə məxsus ulu dildə də yiyəlik hal şəkilçisinin olmadığı güman edilir. (27; 78) Görünür, tarixin hansı mərhələsindəsə, şumerdəki -a(k) şəkilçisi yoxa çıxmış və sonralar tədricən -ın,-in,-un,-ün şəkilçisi formalaşmışdır. Və ya bəlkə də -ak şəkilçisinin samiti -nk şəklində burunda tələffüz edilmiş və tədricən -n (-ın) şəkilçisinə çevrilmişdir. Bizim dilimizdə olduğu kimi, şumer dilində də yiyəlik hal atributiv xarakter daşımış, sahiblik bildirmişdir.
Onu da qeyd edək ki, şumer dilində yiyəlik halın şəkilçisi kimi verilən -a(k) bir qədər şübhə doğurur. Hiss olunur ki, bu şəkilçi həm hal, həm də mənsubiyyət şəkilçisi funksiyasını yerinə yetirmişdir. İ.M.Dyakonov yazır: «Sintaqmın ayrıca üzvü öz növbəsində özünü «tə’yinlənən - tə’yin» qrupu şəklində göstərə bilər. Bu halda yiyəlik halın müvafiq hal şəkilçisi də bütün kompleksin sonunda yerləşir. Əvəzliyin və halın əlamətləri və cəm şəkilçisi cərgə ilə yerləşir: aid olduqları sözlərin əksinə düzülüşü qaydasında». (9: 57)
Aşağıdakı misallar verilmişdir:
lugal-kalam-a(k)-ra - ölkə çarına (üarö stranı)
ama-diggir-ene(-ak)-ra - allah analarına (materi boqov)
Misallar belə tərcümə edilmiş və göründüyü kimi, müəllif bunların hər ikisini (hər iki misalı) sondakı göstəriciyə görə yönlük halda olan sintaqmlar hesab etmişdir. Dalbadal iki hal - yiyəlik (-ak) və sonra da yönlük hal (-ra) necə işlənmişdir? Hiss olunur ki, -ak şəkilçisi mənsubiyyət bildirir. Və nə vaxtsa, şəxs əvəzliyindən törəmişdir. Bəlkə də müasir dilimizdəki xəbərlik şəkilçisi -ıq formantının (müəllim-ik) praformasıdır. Odur ki həmin misalları: ölkə çarına yox, çar ölkəsinə, allah analarına yox, ana allahlar-ı-na şəklində tərcümə etmək düzgün olar; ama - ana, digir - allah, ene - cəm şəkilçisi, -ak - mənsubiyyət, -ra yönlük hal şəkilçisi - türk dillərinin quruluş sxeminə tam uyğundur. Sonrakı misallar da bunu təsdiq edir. Müəllif: e-lugala-ane-ak birləşməsini «dom eqo xozəina» şəklində tərcümə etmişdir: e - ev, lugala - ağa (xozəin), ane - onun, -ak - ın = onun ağa-sı-nın evi və burada -ak şəkilçisi müasir dilimizdəki (s)ı mənsubiyyət şəkilçisinə müvafiq gəlir.
4.Yönlük hal -ra: E-an-na-tum-ra a e-na-ag ‘o, Eannatum-a göstəriş verdi’, luqal-ani-ra ‘öz ağası-(n)a’.
-ra şəkilçisi türk dillərində yönlük halı bildirmək üçün geniş şəkildə işlənən bir şəkilçi olmuşdur. Bizim dilimizdə tarixən o-ra, bu-ra tipli sözlər həmin şəkilçinin köməyi ilə yaranmış və bu şəkilçi şəxsin, əşyanın yönəldiyi obyekti, məkanı bildirmişdir.
5. İstiqamət halı (allativ) -(e)şe/eş: Aratta-aş ba-te ‘o, Aratta-ya yaxınlaşdı’.
Son saitinin çox vaxt düşməsi, əvvəlki saitinin assimilyasiyaya uğraması nəticəsində bu şəkilçi daha çox -aş, -eş,-iş,-uş şəkillərində işlənmiş və hərəkətin istiqamətini, zaman və məkan hüdudunu, məqsəd və səbəbini bildirmişdir ki, bunlar müasir dilimizdəki yönlük halın mühüm xüsusiyyətlərindəndir. Şübhəsiz, tarixən bu şəkilçinin ş samiti düşmüş və şəkilçi yer-istiqamət halının -e şəkilçisi ilə birləşmişdir.
6.Yer-istiqamət halı -e: ki-e um-ma-te ‘yer-ə yaxınlaşdı’.
İ.M.Dyakonovun fikrincə, bu halın şəkilçisi erqativ halın şəkilçisi ilə bir mənşədəndir. Hərəkətin predmetə, şəxsə doğru yönəldiyini, zaman münasibəti, obyekt, hərəkətin vasitə və alətlərini bildirir. Yarımqapalı e saitinin açıq ə saitinə çevrildiyinə və bu şəkilçinin (şumercədə yönlük halı bildirən -e şəkilçisinin) müasir dilimizdə yönlük halı bildirən variantlaşmış -a,-ə şəkilçisi olduğuna şübhə yoxdur. Bu şəkilçi erqativ halın şəkilçisi ilə deyil, istiqamət halının -eş şəkilçisi ilə bir kökdən ola bilər.
7.Yerlik (lokativ) hal -a: e-bi-a na-ru-a e-me-sar-sar ‘o (mətni) bu kanalın sütunların-da (e-bi-a) yazdı’.
İsmin bu halı işin, hərəkətin icra olunduğu yeri, əşyanın tutduğu sahəni, zaman münasibəti, obyekt, işin, hərəkətin alət və vasitələrini bildirir. Bizim dilimizdəki -a,-ə şəkilçisinin əsas funksiyası yön, istiqamət bildirmək olsa da, hələ bu gün də həmin şəkilçi müvazi olaraq həm də yerlik halın funksiyasını yerinə yetirir. Deməli, tarixən bu şəkilçi hər iki hala xidmət etmiş və tədricən yön, istiqamət bildirən şəkilçi kimi sabitləşmişdir.
8.Çıxışlıq hal (ablativ) -ta: Elam Elam-ta mu-na-gin ‘Elamlılar Elam-dan (Elam-ta) onun yanına gəldilər’.
Bu hal işin, hərəkətin çıxış nöqtəsini, məkan hüdudu, zaman münasibəti, partitiv, distrubtiv münasibətlər, alət və vasitə, səbəb və s. bildirmişdir.
İsmin məkani-qrammatik hal şəkilçiləri bizə yaxın dövrə qədər bir-birinin əvəzində işlənmişdir. Bu cəhət hazırkı şivələrimizdə də müşahidə olunur. Yönlük hal ilə yerlik hal, yerlik hal ilə çıxışlıq hal çox yaxın olmuş, sinonim şəkildə bir-birini əvəz etmişdir. Həm yer, həm də istiqamət bildirən -e şəkilçisi tədricən istiqamət, yön bildirən şəkilçi kimi sabitləşmişdir (e > ə dəyişməsi ilə) Çıxışlıq bildirən -ta və birgəlik-vasitə halı -da yerlik və çıxışlıq halların funksiyasını yerinə yetirmiş, tədricən bu hallar fərqli forma (-da,-dan) və sabit məzmun qazanmışlar.
9.Vasitə-birgəlik halı (komitativ) -da (de, ta): u-sila-da ‘qoyun quzu ilə’. Bu hal birgəlik bildirir, d>l keçidi ilə bu gün də dilimizdə işlənməkdədir: bıçaq-la, qələm-lə və s.
10.Müqayisə halı (ekvativ) - gi (gim, gimi): nim gim ‘ildırım kimi’, Enlil gim ‘Enlil kimi’.
Hal şəkilçisi hesab olunmuş kimi qoşması oğuz qrupu türk dillərində ən çox işlənən qoşmadır. Müqayisə mə’nası oğuz qrupunda daha çox bu qoşmanın köməyi ilə ifadə olunur. Şumer dilindəki gi formantı həmin dildə çox geniş şəkildə işlənmiş gim (kimi) qoşmasının əsasıdır. a-gi - su kimi. İ.M.Dyakonov da bu cəhəti qeyd etmişdir: «Adəti üzrə, -gin, -gi, -gim, -gimi şəkillərində oxunuşla GİM işarəsi ilə yazılır, ancaq sonralar həm də -gi-in, -gi-im şəkillərindədir (ola bilər ki, qədim şumer çıxış forması (givin) (gimi) i -(-gi) olmuşdur». (9; 57)
Müqayisə və birgəlik halları bizim 20-ci illər qrammatikalarımızda da verilmişdir. İndi bunlar hallar sırasında qeyd edilməsə də, ədəbi dilimizdə şumer dilindəki hallarla məzmun və ifadə vasitələrinə görə tam uyğun şəkildə işlənməkdədir.
Beləliklə, ismin halları həm məzmun, qrammatik semantika, həm də formal əlamətlər baxımından Azərbaycan dilindəki hallarla, demək olar ki, eynidir. Altı min il müddətində bu cür eyniyyət heyrət doğurur. Bu cəhəti başqa tədqiqatçılar da müşahidə etmişdir. (28; 27-28)
Gil lövhələrin necə oxunduğunu demək çətindir. Bir sıra məsələləri aydınlaşdırmaq üçün gil lövhənin özünü də görməyə ehtiyac duyulur. Foto-surət də yoxdur. Ona görə də bə’zən mübahisə etmək də olmur. Aşağıdakı misala baxaq:
alam-Gudea-ensi-Lagaşa lu-e-ninnu-indu(-a)-ak-e - ‘dlə statuə Qudea, pravitelə Laqaşa, kotorıy postroil Xram pətdesəti’.
Tərcümə belədir. Sözlərə və formantlara fikir verək: alam - heykəl, Gudea -xüsusi ad, ensi - hakim, hökmdar, Lagaşa - şəhər adı, lu - adam, e - ev, mə’bəd, ninnu - əlli, indu - tikdi, a - fe’li nominallaşdıran şəkilçi, -ak - yiyəlik hal şəkilçisi, -e lokativ-terminativ halın şəkilçisi. Sözlərin izahı barədə bir şey demək çətindir. Bu cür şərhlərdə bə’zən aydın sərbəstlik müşahidə olunur. Məsələn, e sözü həm ev, həm də istənilən vaxt mə’bəd kimi izah olunur. Sondakı iki şəkilçidən əvvəlki -a fe’li adlara uyğunlaşdıran şəkilçi kimi izah edilir, çünki bundan sonra adlara aid iki şəkilçi (müəllifin fikrincə, iki hal şəkilçisi) gəlir. İ.M.Dyakonov əsərinin başqa bir yerində (səh.53-də) -a şəkilçisini sifət və fe’li sifət şəkilçisi kimi qeyd etmişdir. Şübhəsiz, tik(mək) sözündən sonra gələn -a şəkilçisi elə fe’li sifət şəkilçisidir və həmin sözün substantiv formada mənsubiyyət və hal şəkilçilərini (iki hal şəkilçisini yox) qəbul etməsi təbiidir. Odur ki həmin sintaqmı: Laqaş hakimi Qudeanın heykəli - əlli mə’bəd tikənə - şəklində tərcümə etmək düzgün olardı. İ.M.Dyakonov qeyd edir ki, sintaqmın sonunda üç şəkilçidən artıq şəkilçi işlənmir. Bunlar isə bugünkü ədəbi dilimizdə olduğu kimi, kəmiyyət, mənsubiyyət və hal şəkilçilərindən ibarət ola bilər. Sıra da bugünkü kimidir: ama-digir-ene-(-ak)-ra - (ana - allah + cəm ş+ məns. ş.+ yönlük hal ş.) ana allah-lar-ı(n)-a. Müasir dildə olduğu kimi hər formant yalnız bir mə’na ifadə edir.
-ene şəkilçisi, ha və dili-dili sözləri kəmiyyət anlayışının müəyyən istiqamətdə dəqiqləşməsinə kömək edir: ene - mə’lum şəxslərin çoxluğunu bildirir; məs.: lu-ene - ‘mə’lum (xatırlanan, nəzərdə tutulan) adamlar’. -Ene şəkilçisinin işarə əvəzliyindən əmələ gəldiyi, ilk dövrlərdə təkrar olunan isimləri əvəz etdiyi və bu yolla formalaşdığı güman edilir. Ha sözünün etimoloji cəhətdən on (10) mə’nasında hu/ha sözündən törədiyi, əvvəllər ‘on’, sonralar ‘çoxlu’ mə’nasında işləndiyi, lakin başqa canlılara aid olduğu qeyd edilir: udu-ha - qoyunlar (müxtəlif cinsdən). Dili-dili sözü isə «bir» mə’nasında dili sözündəndir, bu sözün təkrarından ibarətdir.(9; 58)
İ.M.Dyakonov, İ.T.Kaneva və b. şumer dilində önlüklərin olduğunu qeyd etmişlər. Bu cəhət türk dilləri baxımından qəribə görünə bilər. Lakin əslində, burada heç bir qəribəlik yoxdur. Vahid ulu dilin parçalanmasından sonrakı dövrlərdə ilkin dialekt xüsusiyyətləri aqqlütinativ, flektiv, köksözlü dillər istiqamətində inkişafa imkan versə də, flektiv dillər aqqlütinasiyadan, aqqlütinativ dillər fleksiya imkanlarından tam məhrum olmur və bir qismini özündə nisbi şəkildə mühafizə etməli olur. Məsələn, indi də flektiv dillərdə suffikslərdən istifadə edilir. Türk dilləri üçün predloq-önlük yox, posleloq-qoşma xarakterikdir. Lakin bu o demək deyildir ki, türk dillərinə önlüklər yaddır. Bir sıra bağlayıcılar (nə - nə, ya - ya da, gah - gah da, bir - bir də, istər - istərsə də...) dilimizdə predloq-önlük şəklində işlənməkdədir. Ona görə də şumer dilində önlüklərin olması bu dilin türk budağı kimi inkişafını əngəlləyə bilmir. Digər tərəfdən, müəlliflərin verdikləri «predloqlar» predloqa oxşamır, müstəqil sözlər kimi çıxış edir. Lakin tərcümə prosesində Şumer dilinin ilkin, ibtidai, hərfi ifadə tərzi müasir dillər baxımından ümumiləşmiş qrammatik əlamətlərlə tərcümə edilir. Fikir düzgün alınsa da, orijinaldakı sadəlik, hərfilik öz ifadəsini düzgün tapa bilmir. İ.T.Kaneva aga (arxa iqamətgah, tikili), bar (üst tərəf), da (əl, tərəf), eger (arxa, çiyin), igi (göz), mu (ad), şag (ürək), ugu (kəllə, qafa tası), zag ( çiyin, döş qəfəsi) və s. sözlərin hal şəkilçiləri ilə birlikdə önlük vəzifəsində işləndiyini qeyd etmişdir. (8; 46-52) Misallara diqqət yetirək:
igi-zu-şe he-gal he-em a-ga-zu-şe kiri-zal he-em ‘pered toboy izobilie pustğ budet, pozadi tebə velikolepie pustğ budet’
igi - göz, zu - sənin, şe - istiqamət halının şəkilçisi; müəllif bunları ‘pered toboy’ kimi tərcümə etmişdir. Əslində isə igi sözü göz, qabaq, baxmaq mə’nalarındadır. Ona görə də birləşməni ‘sənin gözünün önünə, qabağına’ şəklində başa düşmək lazımdır.
a-ga-zu-ta gud-niga a-ab-şum ‘posle tebə otkormlennıy bık bıl ubit’ - cümləsində a-ga-zu-ta ‘posle tebə’ kimi tərcümə edilmişdir; aga - arxa iqamətgah, zu - sənin, ta - çıxışlıq hal şəkilçisi. Aga sözü həmin mə’na ilə yanaşı ‘geri’ mə’nasını da ifadə edir və geri (ga-ge) sözü həmin kökdəndir. Ona görə də birləşməni ‘posle tebə’ yox, ‘səndən geri’ şəklində tərcümə etmək düz olardı (əslində, müəllifin tərcüməsi məntiqsizdir: səndən sonra, yə’ni sən öləndən sonra (?) kökəldilmiş öküz öldürüldü).
bar-mu-a li-bi-(in)-tar ‘na menə tı ne posmotrel’, bar-mu- a ‘na menə’ şəklində tərcümə edilib; bar -’üst tərəf’ mə’nası ilə yanaşı, ümumiyyətlə ‘tərəf’ mə’nasında da işlənib; mu - ‘mənim’ deməkdir, -a yerlik halın şəkilçisi kimi verilsə də, bu cür ifadələrdən göründüyü kimi, istiqamət halına da xidmət etmişdir. Odur ki birləşməni na önlüyü ilə deyil, türk dili quruluşunda ‘mənim tərəfə’ (‘mən tərəfə’) şəklində tərcümə etmək olar. Rusca tərcüməsi önlüklə verilsə də, şumer dilində önlük deyildir.
eger-mu-ta nig-na-me bi-in-gub «pozadi menə çto-libo naxoditsə». Burada eger-mu-ta ‘pozadi menə’ şəklində tərcümə edilib. Eger ‘arxa, bel, dal, kürək - geri’ mə’nalarındadır. Birləşmə ‘mənim arxamda’ kimi tərcümə olunmalıdır.
ki-Ereş-ki-gal-şe gin-na kur-şe ed-de ‘k Greşkiqalğ poydi, v podzemnıy mir spustisğ’. ki-Ereş-ki-gal-şe ‘k Greşkiqalğ’ şəklində - k önlüyü ilə tərcümə edilib. Ümumi mə’na doğrudur. Ki - yer, torpaq mə’nasındadır, şe istiqamət halını bildirir. Birləşmə ‘Ereşkiqal (olan) yerə’ mə’nasındadır.
Amar-subara şitim mu-kin-şe na-ba-du ‘Amarsubara, plotnik, iz-za rabot pustğ ne zaderjivaetsə’; mu-kin-şe ‘iz-za rabot’ kimi izah edilib. Mu - ‘ad’, kin - ‘iş’ deməkdir; -şe - istiqamət halının şəkilçisidir. Birləşmə ‘iş adına’ şəklində çevrilməli idi ‘Qoy Amarsubara, dülgər, iş adına (iş bəhanəsi ilə) gecikməsin’.
İ.T.Kanevanın verdiyi bütün misalları bu cür izah etmək mümkündür. O misallarda heç bir «predloq» müşahidə olunmur, lakin birləşmələr rus dilinə predloqların köməyi ilə tərcümə olunur. Bir də fərq rus dilindəki söz sırasındadır. Bu cür birləşmələr müasir türk dillərində söz sırasına görə bir qədər fərqlənir:: biz a-ga-zu-ta - ‘geri səndən’ yox, zu-a-ga-ta - ‘səndən geri’ şəklində, yaxud mu-kin-şe - ‘adına iş’ yox, kin-mu-şe ‘iş adına’ şəklində işlədirik. Şivələrimizdə, canlı danışıq dilində şumer dilində olan sıradan indi də istifadə edilir: «Obratnıy porədok vozmojen takje v soçetaniəx izafetnoqo tipa: əmcəhləri keçilərin (Sisianskiy rayon Arm.SSR) (lit.keçilərin əmcəkləri) - «vımə koz», təkərrəri arabanın (Sisianskiy rayon Arm. SSR) (lit. arabanın təkərləri) - «osi arbı», Sən kar idin, nə eşitdin gəlməgin oğrunun (M.) (lit. Sən kar idin, oğrunun gəlməyin necə eşitdin?) - «tı je bıl qluxoy, kak je tı uslışal prixod vora?» (29; 158)
Türk dillərində olduğu kimi, şumer dilində də sifətlər isimlərdən formaca fərqlənmir. Yə’ni, məsələn, rus dilində olduğu şəkildə sifəti isimlərdən fərqləndirən əlamət yoxdur: nun - böyük, du - yaxşı, kalag - güclü və s. Bə’zi hallarda sifətlərin -a şəkilçisi ilə fərqləndiyi qeyd edilir; -a, əslində, fe’li sifət şəkilçisidir: kalag-a - güclü olan, tur-a - xəstə olan. İ.T.Kaneva həm kalag, həm də kalag-a sözünü ‘güclü’ mə’nasında izah etmişdir; -a şəkilçili forma ‘güclü olan’ mə’nasındadır və bu hal göstərir ki, kalag sözü həm sifət, həm də fe’l kimi işlənmişdir.
Şumer dilində saylar müəyyən bir sistem əsasında qurulmamışdır. Beşlik, onluq, iyirmilik, altmışlıq say sistemlərindən istifadə olunmuşdur. Bunlardan beşlik və iyirmilik daha qədim hesab olunur. Nə qədər say sözləri işlətdiklərini də dəqiqləşdirmək mümkün olmamışdır. Sayların necə səsləndiyi də bə’zən mübahisə doğurur. 3 sayı üş (İ.T.Kanevada eş,weş ), 10 sayı u (u-un - on) şəklində işlənmişdir. Şumer dilində də sıra sayları miqdar saylarından əmələ gəlirmiş. Şumer dilində də miqdar saylarından sonra isimlər cəmlənməzmiş. Miqdar sayları ilə sayıla bilən isimlər arasında formal-qrammatik əlaqə olmadığı qeyd edilir - bu, əslində, yanaşma deməkdir.
Altı min illik müddəti nəzərə aldıqda şumer dilindəki əvəzliklərlə müasir dilimizdə işlədilən əvəzliklər arasındakı yaxınlıq daha çox təəccüb doğurur. Hələ altı min il əvvəl bu dildə şəxs əvəzliklərinin müstəqil subyekt kimi işlənməsinə o qədər ehtiyac olmamış, şəxs əvəzlikləri yalnız məntiqi vurğu altında işlənməli olmuş, qalan hallarda şəxs anlayışı xəbərdə ifadə olunmuşdur. Deməli, şumer dili bizim təsəvvür etdiyimizdən çox-çox qədim bir dövrdə formalaşmış dildir.
Əvəzliyin şəxs əvəzliyi, yiyəlik əvəzliyi, işarə əvəzliyi və sual əvəzliyi kimi dörd növü müəyyən edilmişdir. Bunlardan şəxs və sual əvəzlikləri müstəqil işlənmiş, işarə və yiyəlik əvəzlikləri müstəqil işlənməklə yanaşı, enklitik (vurğusuz) xarakteri ilə də fərqlənmişdir. Müstəqil əvəzliklər isim kimi hallanmışdır. Şəxs anlayışı leksik yolla ifadə olunmuşdur. Kəmiyyət anlayışı şəxs əvəzliklərində bugünkü dilimizdə olduğu kimi, suppletiv yolla, yalnız 3-cü şəxsdə (isimlərdə olduğu kimi) e-ne cəm şəkilçisi ilə düzəlmişdir.
Şəxs əvəzlikləri aşağıdakılardan ibarət olmuşdur:

tək cəm
1-ci ş. ma-e, ma mede
2-ci ş. za-e, za, ze meze
3-cü ş. e-ne, a-ne e-ne-ne, a-ne-ne
1 və 2-ci şəxsin təkini bildirən ma-e və za-e sözlərinin son səsləri - -e artıq yeni şumer dilində yoxdur (8; 54), ma, za (ze) əvəzlikləri Azərbaycan dilində həmin şəxsləri bildirən əvəzliklərin kökündə durur: ma - mə-n; ze>se - sə-n. 3-cü şəxsin təkini bildirən ane əvəzliyi isə hələ son səsini şumer dilində itirməyə başlamış və bizim klassik ədəbiyyatın dilində an şəklində geniş işlənmişdir: Dedilər kim, dəhanı yoxdur anın.(Nəs.) 1-ci şəxsin cəmi əslən me(n)de(n) şəklində, 2-cə şəxsin cəmi me(n)ze(n) şəklində qeyd olunmuşdur. Mö’tərizədə verilən səslərin (n) faktik olaraq işlənmədiyi, əksərən buraxıldığı göstərilir. Bu əvəzliklər fe’ldəki enklitik şəxs göstəriciləri əsasında müəyyən edilmişdir. Əvəzliklərin kökü 1-ci şəxsdə me(n), 2-ci şəxsdə ze(n)-dir. Çox qəribədir ki, 2-ci şəxsin cəmi mən və sən sözlərinin birgə işlənməsi ilə (me(n)ze(n) ifadə olunmuşdur, yə’ni «nə mən, nə də sən - hamımız, hər ikimiz». Bu da təfəkkürün tədricən mücərrədləşməkdə olduğunu göstərir. Sonralar me, ze sözlərindən çoxluq bildirən (ən azı binar məzmuna malik olan) -z şəkilçisi ilə miz>biz, siz sözləri düzəlmişdir.
İ.T.Kaneva əvvəlki fikirləri təkrar edərək qeyd edir ki, 3-cü şəxsin cəmi (e-ne-ne, a-ne-ne ) təkinə e-ne cəm şəkilçisinin artırılması ilə yaranmışdır: e-ne-(e)-ne. Lakin, eyni zamanda, bu formanı ağlabatmaz hesab edir. (8;54) Əslində, düzgün şübhələnir, çünki şumer dilinin qoşa sözlərlə çoxluq anlayışını ifadə etmək imkanları və 2-ci şəxsin cəmi göstərir ki, 3-cü şəxsin cəmi cəm şəkilçisi ilə deyil, 3-cü şəxs təkin təkrarı ilə yaranmışdır: çox təbiidir: o + o = onlar, lu + lu (lulu) = adamlar, ene+ene - onlar.
Müasir dilimizdə olduğu kimi, bu əvəzliklərin isimlər kimi hallandığı müəyyən edilmişdir.
Türk yiyəlik əvəzliklərinin əsasında şəxs və işarə əvəzlikləri durur. Bu xüsusiyyət eynilə şumer dilindəki yiyəlik əvəzliklərində də özünü göstərməkdədir:

tək cəm
1 ş -mu- mənim -me - bizim
2 ş. -zu - sənin -zu-e-ne-ne - sizin
3 ş. -ani, bi - onun -a-ne-ne, bi - onların

İşarə əvəzlikləri: be, e, (e)ne, hur, ur sözlərindən ibarət olmuşdur. Bunlardan ene və e bir kökdən olub, o işarə əvəzliyinin arxetipidir: ene /ane > an > ol > o.
İşarə əvəzlikləri yaxına və ya uzağa, indiyə və ya keçmişə işarə məqsədilə işlənmişdir. Nisbətən az işləndikləri göstərilir. Ən fəalı bi (‘bu’, bə’zən də ‘o’ mə’nasında) işarə əvəzliyidir; Az da olsa, e, ur, hur işarə əvəzliklərindən istifadə edilmişdir: uru-bi-a ‘bu şəhərdə’; balag-ki-ag-e ‘o sevimli baraban’; ud-ur-a ‘o günlər’. Son dərəcə az hallarda hur, ur sözlərinin işləndiyi qeyd edilmişdir; bu sözlər hər sözünün arxetipidir (ur sözündə h samiti düşmüşdür); be sözü isə tədricən danışanın mikromühitinə işarə edən bu əvəzliyi kimi sabitləşmişdir.
Nə sual əvəzliyi mə’nasında a’na sözündən istifadə edilmişdir. Bu sözdə vurğu ikinci hecada olduğundan tədricən birinci sait düşmüş, türk dillərində geniş şəkildə işlənən nə (na) sual əvəzliyi formalaşmışdır. Kim sual əvəzliyi məqamında aba sözü işlədilmişdir. Bu söz tam arxaikləşmişdir.
Müasir dilimizdə nə sual əvəzliyi necə mə’nasında işləndiyi kimi, a-na sual əvəzliyi də digər canlı və cansız varlıqlara verilən nə sualı ilə yanaşı, necə mə’nasında da müşahidə olunur. İ.T.Kaneva göstərir ki, a-na sual əvəzliyi müqayisə halını bildirən gim şəkilçisi ilə (bilirik ki, gim şəkilçi deyil, qoşmadır) birlikdə necə mə’nasını ifadə etmişdir. Bu, müasir dilimizlə şumer dili arasında nə qədər böyük yaxınlıq olduğunu bir daha göstərir: na gim - nə kimi, yə’ni necə. Əvvələn, na sözünün na və ya nə şəklində tələffüz edildiyini bilmirik; ikincisi də gim sözü elə o vaxtlar da gimi şəklində işlənmişdir (a-na sözündə a-nın vurğusuz olduğunu isə bilirik): nə gimi - nə kimi.
İ.T.Kanevanın fikrincə, a-na sözü istiqamət halının eşe şəkilçisi ilə birlikdə nə üçün? niyə? mə’nasını vermişdir. Biz bu mə’naya e’tiraz etmirik, lakin eşe hissəciyinin bu məqamda üçün qoşmasının praforması olduğunu güman edirik. Bunlardan əlavə, şumer dilində na-me əvəzliyi də olmuş, nə isə, kim isə əvəzliklərinin mə’nasında, bə’zən də bizim indiki inkarlıq bildirən nə bağlayıcısı məqamında işlənmişdir. Bütün bunlar dilimizdəki nə sual əvəzliyinin və nə - nə bağlayıcısının eyni mənşədən - a-na sözündən olduğunu göstərir.
Fe’l əsasları da şumer dilində öz strukturuna görə adlardan fərqlənmir. Məs.: sikil - təmiz və təmiz olmaq, gig - qara və qara olmaq və s.(9; 63) İlkin inkişaf mərhələlərində türk dillərində özünü göstərən bu xüsusiyyət indi də bir sıra sözlərdə qalmışdır. Kombinator dəyişmələr nəzərə alınmazsa, türk dillərində olduğu kimi, şumer dilində də söz kökləri, söz əsasları sabitdir. Lakin şumer dili hələ elə inkişaf mərhələsindədir ki, tə’sirlilik və tə’sirsizlik fe’ldə qrammatik yolla öz ifadəsini tapa bilmir, ona görə də eyni fe’l tə’sirli də ola bilir, tə’sirsiz də. Fe’l əsasının mə’nası yalnız cümlə daxilində müəyyənləşir.
Fe’lin təsrif formasını düzəltmək üçün qədim şumer dilində əsas forma birinci və ikinci şəxs əlamətlərinin ad əsaslarına artırılması olmuşdur. Bu cür təsrif «olmaq» mə’nasında tə’sirsiz me fe’linin nümunəsində özünü daha aydın göstərir. Qeyd edilən me köməkçi fe’li müstəqil fe’l kimi təsriflənməklə yanaşı, adlardan - isim, sifət, say və əvəzliklərdən sonra işlənməklə də təsriflənmişdir. Bu cür hallarda İ.M.Dyakonov onu svəzka - bağlama (9; 64) adlandırmışdır. Me fe’li növ və zaman əlamətləri qəbul edərək dəyişmir, lakin müxtəlif (indiki, keçmiş və s.) zamanları bildirə bilir. Bağlama adlandırılan bu sözün təsrif forması aşağıdakı kimidir:

tək cəm
1-ci ş. ma me-en mede me-enden
2-ci ş. za me-en meze me-enzen
3-cü ş. ane me -an ane me-eş

Buradakı şəxs şəkilçiləri şəxs əvəzliklərinə uyğundur.
Me fe’li dünya dillərinə məxsus kök dildən gələn və bir çox dil ailələrində özünü göstərən bir sözdür. B-m keçidi ilə rus dilindəki bıtğ, ingilis dilindəki be, türk dillərindəki bolmaq-olmaq fe’li şumer dilindəki həmin me ilə eyni mənşəlidir. Deməli, me sözünün təsrifi qədim türklərə də məxsusdur.
Bir az əvvəl qeyd etdiyimiz kimi, İ.M.Dyakonov, İ.T.Kaneva və b. şumer dilində prefiks, infiks və suffikslərin olduğunu göstərmişlər. Türk şəkilçiləri suffikslərdən ibarətdir. Kök sabit olduğu üçün bu dillərdə infiksdən də danışmaq olmaz. Bəs şumer dilində infikslər necə düşünülür? Axı şumer dili də iltisaqi dildir. Budur, İ.T.Kaneva yazır: «Bir neçə affiks dalbadal işlənə bilir. Fe’ldə əsasdan əvvəl affikslər zənciri, daha dəqiq desək, prefiks və infikslər ola bilir. Sadə olmaq üçün onların hamısını biz «fe’l prefiksləri« adlandırırıq». (8; 27)
İnfiks flektiv dillərə məxsus xüsusiyyətdir və sözün daxilində olur. Odur ki söz kökü ilə prefiks arasında işlənən şəkilçini infiks deyil, elə, düz olsa, yə’ni prefiks deyilən şey prefiks olsa, prefiks adlandırmaq doğru olar.
İ.M.Dyakonov şumer dilində prefikslərin suffikslərdən daha çox və məhsuldar olduğunu qeyd etmişdir. (9; 65) Bu hal tədqiqatçıları daha çox çaşdırır, çünki şumer dilinin türk dilləri ilə müqayisəsi prosesində böyük «çətinliklər» törədir, ondan ötrü ki, türk dilləri son şəkilçili dillərdir, bu dillərdə başdan-binadan prefikslər inkişaf etməmişdir və bu dillərdə olan prefikslər Hind-Avropa dillərindən alınmadır. Diqqətlə nəzər saldıqda aydın olur ki, müəllifin «prefiks» kimi qeyd etdiklərinin heç biri prefiks deyil. Qeyd edilənlər zərfləşməkdə, ədatlaşmaqda, bağlayıcılaşmaqda olan sözlər və hal şəkilçili əvəzliklər, isimlərdir. Bir-bir həmin «prefikslər»ə nəzər salaq.
İ.M.Dyakonov və onun ardınca İ.T.Kaneva «prefiks»lərin təsriflənən fe’ldən əvvəl ardıcıl olaraq 6 pozisiyada yerləşdiklərini və aşağıdakılardan ibarət olduğunu qeyd etmişlər:
1 - şəkil (forma) prefiksləri;
2 - orientasiya prefiksləri;
3 - 3-cü şəxs təkin yönlük halda məkani prefiksi;
4 - 2-ci şəxs təkin birgəlik-məkani prefiksi;
5 - yerlik-istiqamət halının məkani prefiksi;
6 - sosial-passiv sinfin 3-cü şəxs təkdə hal-vəziyyət subyektinin prefiksi. (8; 66)
Həm İ.M.Dyakonov, həm də İ.T.Kaneva qeyd etmişlər ki, eyni vaxtda bu pozisiyaların hamısı tutula bilməz, olsa-olsa, ən çoxu üç pozisiya tutula bilir. Məsələn, birinci pozisiyadakı şəkil («naklonenie») prefiksi olmadıqda, orientasiya prefiksi, o da olmadıqda yönlük halın məkani prefiksi işlənə bilər və s.
Birinci qrup prefiksləri müəlliflər naklonenie adı altında nəzərdən keçirmiş və «naklonenie» terminini hərəkətin xarakteristikasının reallığı və qeyri-reallığı kimi geniş mə’nada nəzərdə tutmuşlar. Bu qrupa, başlıca olaraq, na, nu, şa, he, ga, u, bara «prefiksləri» daxil edilmişdir.
Onların prefiks, bizim hissəcik adlandırdığımız na, şa hissəciklərini İ.T.Kaneva təsdiq, yaxud «qeydedici, nəzərəçarpdırıcı şəkil» («podtverditelğnoe ili podçerkivaöhee naklonenie») əlamətləri adlandırmışdır. Müasir ədəbi dillərdən danışılarkən bu cür fe’l şəkli nəzərdə tutulmur. (M.Kaşğari türk dillərində əmr formasında gücləndirici şü hissəciyinin işləndiyini qeyd etmişdir: kel-şü gəl daha!) (30; 211) İ.T.Kaneva şa, şi, şe hissəciyinin mə’nasının dəqiq müəyyənləşdirilmədiyini qeyd etmişdir. Onun verdiyi misal göstərir ki, bunlar -sa,-sə şərt şəkilçisinin qədim variantıdır: dumu-engar-ra-ra nig nam-mu-ra-ra-an e-ra-zu şe-im-ra ‘v sına zemledelğüa niçeqo pustğ tı ne brosaeşğ (pustğ tı ne bğeşğ eqo), (inaçe) tvoy arık nepremenno (budet) razruşen.’ - «pustğ tı ne bğeş eqo» ifadəsində pustğ (bu söz -şe ilə ifadə olunmuşdur) sözünün yerinə esli sözünü qoysaq və ya müasir dildə olduğu kimi, fe’lə -sa,-sə şəkilçisini artırsaq, mə’na daha aydın başa düşülər və bunu son frazanın əvvəlinə müəllifin əlavə etdiyi «inaçe» sözü də göstərir: (Əgər) sən onu döyməsən, sənin arxın həmişə pozulacaq. Aydın hiss olunur ki, şa şərt çaları ilə ədatlaşmış bir söz olmuşdur və sonralar şəkilçiləşmişdir.
Na «prefiksi» haqqında müəllif yazır: «na - təsdiq, yaxud nəzərə çarpdırıcı şəkildir. Hərəkət bildirən finit fe’l formasında qayda üzrə bitmiş növlə, az hallarda bitməmiş növlə işlənir». (8; 93)
Deməli, na təsdiq mə’na ifadə edir, həm bitmiş, həm də bitməmiş növ fe’llərlə işlənir. Bu gün ədəbi dilimizdə işin icra olunduğunu və ya olunacağını bildirən morfem yoxdur, olunmadığını bildirən nə bağlayıcısı vardır. Görünür, dilin müəyyən inkişaf mərhələsində işin icrasının təsdiq olunduğunu bildirən morfem də olmuşdur. Dilimizdəki nə sözü həmişə inkar mə’na ifadə etmir. Onun təsdiq cümlələrdə əvəzlik kimi işləndiyi hallar da çoxdur: Nə istəyirsən, apar. Aydın olur ki, inkarlıq bildirən nə bağlayıcısı məqamında işlənən birinci pozisiyadakı na prefiks yox, təsdiq ədatı və ya bağlayıcıdır. Bunu onun başqa bir variantı olan nu «prefiksi» haqqında müəllifin öz fikri və mətn də təsdiq edir: «nu -(fe’lin) inkar şəklidir. Hərəkət bildirən finit fe’l formalarında hər iki növlə (bitmiş və bitməmiş növlərlə) işlənir». (8; 95)
Misala baxaq:
Lu na-mu-da-du. (8; 147)
Lu - adam, na - inkar «prefiksi»dir (əsli nu sayılır, ondan sonra gələn mu sözünün tə’siri ilə assimilyasiyaya uğrayıb na şəklinə düşdüyü qeyd olunur); mu - 1-ci ş.t.-in yiyəlik əvəzliyi; da - birgəlik halın şəkilçisidir (d>l keçidi ilə -la,-lə qoşmasıdır); du - ‘düşmək, getmək’ deməkdir. Ruscası: ‘pustğ nikto ne idet so mnoy’. Hərfi tərcüməsi: ‘Adam nə mənimlə getsin’. Məzmunu: ‘Heç kim mənimlə getməsin’. Göründüyü kimi, təsdiq bildirən na arxaikləşib, inkarlıq bildirən nu>na>nə dilimizdə sabit halda işlənməkdədir. Bəlkə də bunların hər ikisi (təsdiq bildirən na, inkarlıq bildirən nu) bir kökdən olub bir söz kimi tədricən inkar mə’na istiqamətində sabitləşmişdir. Bunlar prefiks deyil, analitik yolla təsdiq və inkar mə’nanın ifadəçiləridir - fe’ldən əvvəl işlənən təsdiq və inkar bağlayıcılarıdır. Sadəcə olaraq, dildə yaxşı qayda varmış: inkarlıq və ya təsdiqlik determinativ xarakter daşıdığından subyekt bildirən sözə daha yaxın (o biri üzvlərdən əvvəl) işlənirmiş. Müasir dildə də belədir.
Na (nə) bağlayıcı və ya ədat kimi vahid kökdən - ulu dildən gələn bir sözdür, ona görə də əksər dünya dillərində öz izlərini saxlamışdır: rus dilində ne, net, ingillis dilində no, not, fars dilində nə, türk dillərində nə və s. Şumer dilində olduğu kimi, müasir dillərdə də həm fe’llər, həm də adlarla işlənir.
Ga və he hissəciklərini müəllif «arzu, niyyət (istək) şəklinin əlaməti» - «prefiksi» kimi izah etmişdir. (Qədim türk abidələrinin dilində kü, gü gücləndirici ədatları işlənmişdir: azu bu sabimda iqid bar-ğa - ‘razve estğ lojğ v gtix moix slovax?’ (10; 195-196)
Şumerin ES dialektində ga hissəciyinin da, du şəkillərində işləndiyi göstərilir. Bu xüsusiyyət he hissəciyinə də aiddir: «he, ha, hu (ES dialektində da-, de-, du-). Arzu, təsdiq şəkli. Arzu, xahiş mə’nasında şe- prefiksi finit fe’l formalarında 2-ci və 3-cü şəxslərin tək və cəmində hər iki növdə (bitmiş və bitməmiş növ) işlədilir». (8; 93) Deməli, ga və he, əslində, bir qrammatik anlayışın ifadə vasitələridir. Və bir qədər də irəli gedərək demək olar ki, bunlar bir ədatdır: ga ədatı he ədatının şivə variantıdır (və ya əksinə). Bu ədatların şumer dilinin son mərhələsində qeydə alınmış formaları - da, də, du şəklindədir. Bunlar aydın şəkildə göstərir ki, şumer dilində he və ga ədatları tədricən da, də, du ədatları ilə əvəz olunmuş və müasir dilimizdə işlətdiyimiz da, də ədatının (mətndən asılı olaraq bağlayıcının) funksiyasını yerinə yetirmişdir. Bunu müəlliflərin verdiyi misallar da təsdiq edir:
En-lil-le he-ha-lam-me ‘Enlil pustğ poqubit (eqo).(8; ,94) -cümləsində he sözü pustğ yox, takje mə’nasına uyğundur: Qoy Enlil onu qorxutsun yox, Enlil də onu qorxutsun.
Fikrimizcə, he hissəciyi izsiz yox olmamışdır. Azərbaycan dilindəki hə, rus dilindəki da, takje, ingilis dilindəki yes, too sözlərində də qalmışdır. he hissəciyinin təsdiq cümlələrdə bütün şəxslərlə və həm bitmiş, həm də bitməmiş fe’llərlə işlənməsi də onun arzu, istək, tə’kid bildirən ədat olduğunu göstərir. Bunlar həm də göstərir ki, müəlliflərin 1-ci pozisiyada prefiks kimi verdikləri ga, he, də prefiks deyil, ədatdır, bağlayıcıdır və bugünkü türk dili qaydalarına müvafiq işlənmiş analitik formalardır. Bütün bunlardan belə bir məntiqi nəticə də çıxarmaq olur ki, şumerlər yekcins deyilmiş, onların tərkibində türklərlə yanaşı, hindavropalılar da, xüsusən slavyanların babaları da olmuşdur. Bunu türk dillərində işlənən hə, slavyan dillərindəki da sözləri də təsdiq edir. Bunlarla yanaşı, şivə xüsusiyyətləri də müşahidə olunur.
U «prefiks»ini İ.M.Dyakonov «güman, xahiş», İ.T. Kaneva «arzu, təsdiq şəkli»nin əlaməti kimi izah etmişdir. Güman və xahiş başqa-başqa şeylərdir. He, ha, hu ədatı ilə u ədatının eyni funksiyanı yerinə yetirməsi, hər ikisinin yalnız bitmiş növ fe’llərlə işlənməsi onların eyni mənşədən olduğunu, bə’zən h samitinin düşdüyünü göstərir. (Qədim türk yazılı abidələrinin dilində -ı, zu, zun, zün əmr-arzu şəkillərinin formal əlaməti kimi müşahidə olunmuşdur. (31; 126-127). U şəkilçisi bunların dodaqlanan qalın saitli variantı ola bilər).
Başqa bir «fe’l şəkli»nin əlamətinə diqqət yetirək: bara sözünün funksiyası «təsdiq və arzunun qəti inkar şəkli» («naklonenie kateqoriçeskoqo otriüatelğnoqo utverjdeniə ili pojelaniə») kimi izah edilmişdir. Bütün xüsusiyyətlər bizim indi işlətdiyimiz barı ədatının xüsusiyyətləridir: Barı getməyəydin. Barı tez gedəydin. Şumer dilində: na-ri-a-bi bara-i-radr-e ‘on (ni v koem sluçae) ne razruşit gtu stelu’ cümləsində ‘ni v koem sluçae’ yox, xotğ, po krayney mere sözlərini işlətmək düz olardı.
Beləliklə, 1-ci pozisiyada olanlar nə «prefiks»dir, nə də «naklonenie»dir, təsdiq, inkar, arzu, sual, şərt mə’nalı ədatlardan və bağlayıcılardan ibarətdir.
Müasir dilimizdə fe’lin əmr formasının ikinci şəxs təkinin əlaməti yoxdur, cəmi isə -ın,-in,-un,-ün (bə’zən də -ınız,-iniz,-unuz,-ünüz) şəkilçisi ilə düzəlir. İstərdik ki, oxucu özü Şumer dili tədqiqatçısının sözlərini oxusun: «Əmr şəkli xahiş və ya tə’kid bildirir və fe’l əsaslarının şəkil prefiksi pozisiyasına keçirilməsi ilə yaranır. Bu tipli konstruksiya faktik olaraq özünü 2-ci şəxsdə göstərir (təkdə subyekt bildirən şəkilçi olmur, cəmdə söz-formanın sonunda subyekt göstəricisi olur); 2-ci şəxsin cəmi -(en)zen şəklindədir. Cəm şəklinin imperativ forması sonrakı dövr şumer mətnlərində qeydə alınmışdır». (8; 96)
Bu sözlərdə əmr formasının arzu və ya tə’kid bildirməsi maraqlı deyil - bu, təbiidir. Maraqlı odur ki, guya əmr formasında fe’ldən əvvəlki 6 pozisiya təmizlənmiş olur və fe’l onlardan birincisinin - fe’lin şəkil «prefiksinin» yerinə keçir, yə’ni fe’l şəkilləri üçün sadalanan 6 pozisiyanın əmr şəklinə dəxli yoxdur. Deməli, 6 pozisiyanın hamısı boş olur və sonra fe’lin əmr formasında olan söz və onun mümkün şəkilçisi işlənir. Sən bu tədqiqatçıların işi dolaşdırmaq, azdırmaq üçün gördüyü işə bax! Deməli, əmr şəklindən də əvvəl o 6 pozisiyanın heç olmasa, üçü tutulmalı imiş, amma deyəsən, bir istisna kimi tutulmur və fe’l birinci pozisiyada işlənir! Allah sizin evinizi tiksin! Misallar: gin-ni - ‘poydi’, gi-a ‘vernisğ’ və s. Bir də maraqlı odur ki, hazırkı dilimizdə olduğu kimi, 2-ci şəxs təkin şəkilçisi yoxdur, cəmi isə müasir dildə işlətdiyimiz -ın,-ınız şəkilçilərinə son dərəcə yaxındır - (en)zen. Bu forma şumer dilinin lap son mərhələsinə, onun Orxon-Yenisey abidələri ilə bir neçə yüzillik məsafəsinə aiddir. Həmin abidələrdə də əmr formasının 2-ci şəxs təki əksərən fe’l əsası ilə, cəmi isə -n,-ın, in şəkilçiləri ilə ifadə olunmuşdur. (31; 125)
Bu məqamda İ.T.Kaneva ed suffiksindən danışır və onun iki funksiyasını qeyd edir: 1) işin icrasını gələcək zamanla məhdudlaşdırır və 2) modallıq bildirir. Onu da qeyd edir ki, bu şəkilçinin ed və ya de şəklində işləndiyi mübahisə mənbəyi olaraq qalır. (8; 98-102) Biz deyərdik ki, əslində, şəkilçinin qrammatik funksiyası da (ya bilərəkdən, yaxud da hansı çətinliklərdənsə) düzgün izah olunmur. Bu şəkilçi həm şəxsli (təsrif formalı), həm də şəxssiz fe’llərlə işlənir. Əgər bu düzdürsə, onda o, zaman şəkilçisi ola bilməz və şumer dilində fe’llərin zamana görə dəyişmədiyi, zaman anlayışının müxtəlif vasitələrlə ifadə olunduğu göstərilir. Bu cəhətləri nəzərə aldıqda, ed//de morfeminin fe’ldən sonra işlənən də ədatı olduğu aydınlaşır. Bunu o cəhət də təsdiq edir ki, de (ed) morfeminin na, ga, u «prefiksləri» ilə əlaqəli (bir cümlədə) işləndiyi müşahidə olunmamışdır. (8; 100)
İ.M.Dyakonov yazır: »..deyə bilərik ki, fe’l təkcə hərəkət subyektinin və hal-vəziyyət subyektinin (müstəqim obyektin) şəxslərinə görə təsriflənmir, həm də cümlə daxilində adlarla və məkani hallarla ifadə olunmuş bütün vasitəsiz (qeyri-müstəqim) obyekt və zərfliklərin şəxsinə görə təsriflənir.» (9; 86) Bu, çox «maraqlı» bir uydurmadır. Belə çıxır ki, hal şəkilçiləri həm adlarla işlənir, həm də guya fe’llərdə hal göstəricilərinə rast gəlirik. Həm də bu göstəricilər fe’llərdən əvvəl «prefiks» şəklində işlənir. (Müasir dilimizdə olduğu kimi, fe’llər yiyəlik hal ilə əlaqələnə bilmir). Buna görə də İ.M.Dyakonov «prefiks»ləri hallar üzrə qruplaşdırmış və cədvəl vermişdir. Cədvəldə «prefikslər» lokativ, yönlük, komitativ, ablativ, elativ, allativ, lokativ-terminativ hallar üzrə qruplaşdırılmışdır:
Lokativ (yerlik) hal ilə yönlük hal yaxındır, sinonim məqamda bir-birini əvəz edə bilir - dilimizin tarixində olduğu kimi; ona görə də müəllif bunları izahat prosesində birlikdə (lokativnıy ili datelğnıy prefiks) vermişdir (cədvəldə ayırmışdır). Nəzərə almaq lazımdır ki, bu şəkilçilərdə şəxs göstəriciləri də vardır. Qeyd etdiyimiz kimi, müəllif bunları «prefiks» hesab edir.
Müəllifin ayrı-ayrı şəxslər üzrə verdiyi hal şəkilçilərini ümumiləşdirmək olar. Məsələn, lokativ halın -a; -n-a; -b-a (-m-a); -me-a; -(e)ne-a şəkilçilərinin sabit əsası -a - dır. Şəkilçilərin əvvəlində işlənən bir sıra samitlər, xüsusilə n və m samitləri, İ.M.Dyakonova görə, özlərindən əvvəlki sait səsin burunlaşması (burunda tələffüzü) ilə tədricən işləkliyini itirmiş, bir çox hallarda heç yazılmamışdır. (9; 71) Bu şəkildə o biri halları da qruplaşdırdıqda aşağıdakı mənzərə alınır:


Lokativ: -a
Yönlük: ra(-re)
Komitativ: -da
Ablativ: -ta
Elativ: -ra
Allativ: -şi
Lokativ-terminativ: -e.


Bugünkü hal adları üzrə ümimiləşdirək:

Yönlük hal (yönlük və lokativ-terminativ): -ra,-re, -e
Tə’sirlik hal (allativ): -ş-i ?
Yerlik hal (lokativ): -a
Çıxışlıq hal (ablativ və elativ): -ta; -ra
Birgəlik halı (komitativ): -da

Yönlük halın -ra,-re şəkilçisi tarixən məhsuldar olmuş və tədricən arxaikləşsə də, dilimizdəki bir çox sözlərdə qalmışdır. Qədim türk yazılı abidələrinin dilində -rı,-ri,-ra,-ar,-ər şəkillərində işlədilən bu şəkilçilər hələ 7 - 8-ci əsrlərdən türk dillərində arxaikləşməyə başlamışdır.(31;85) Sonuncu - e şəkilçisi, şübhəsiz, -re şəkilçisinin samitsiz variantıdır.
Türk dillərində, o cümlədən bizim dilimizdə tə’sirlik hal -ı,-i,-u,-ü şəkilçisi ilə düzəlir. Qədim abidələrin dilində -ı,-ıg,-u,-ug, -g,-ig; -ın,-in,-nı,-ni,-n variantlarından istifadə edilmişdir. (31; 87) Göründüyü kimi, birinci qrup şəkilçilərdə -g samiti əsasdır. Buradan aydın görünür ki, Şumer dilindəki yiyəlik hal şəkilçisi (-ak) tə’sirlik hala da xidmət etmişdir. Güman ki, tə’sirlik hal üçün allativin -şi şəkilçisindən də istifadə edilmiş, tədricən allativin ş samiti itirilmişdir.
«Çıxışlıq hal, olsun ki, başqa hal görümlərinə nisbətən sonralar meydana çıxmışdır. Təsadüfi deyil ki, qədim türk yazılı abidələrində çıxışlıq halın qrammatik vəzifəsini əsasən yerlik hal yerinə yetirir. Ona görə də türkoloqlar belə bir ümumi fikrə gəlmişlər ki, qədim türk yazılı abidələrində və indiki türk dillərində işlədilən -dan, -dən,-dın,-din şəkilçisi -da,-də yerlik hal şəkilçisi əsasında yaranmışdır». (31; 89) -dan,-dən şəkilçisinin -da,-də əsasında yarandığı doğrudur, lakin şumer dili materialları göstərir ki, -da,-də ilk növbədə çıxışlıq hala xidmət etmiş, sonralar yerlik halın funksiyasını öz üzərinə götürmüşdür. Deməli, «Dədə Qorqud» daha qədimdir. Bir halda ki, «Dədə Qorqud»da -da,-də çıxışlıq hal funksiyasın da yerinə yetirir, deməli, şumerə daha yaxındır.
Çıxışlıq hal üçün həm -ta, -da, həm də -ra şəkilçisindən istifadə edilmişdir. Yerlik halda isə -a şəkilçisi işlək olmuşdur. Məkani hallarda güclü sinonim müvaziliyi olduğundan sonralar -a və -ra yönlük, -ta çıxışlıq hal üçün sabitləşmişdir. Sonralar yerlik hal -da şəkilçisi ilə sabitləşmiş, çıxışlıq hal isə örtülü-qapalı heca şəklini almaqla (-dan) fərqlənmişdir. Birgəlik anlayışı ədəbi dilimizdə -la,-lə, şivələrdə -nan,-nən ilə ifadə olunur. d>l keçidi ilə -da şəkilçisi -la şəklini almışdır (İsimdən danışılan hissəyə baxmalı).
İndi biz adlarla işlənən suffikslərlə fe’llərlə işlənən «prefiks»ləri müqayisə edə bilərik:


Hallar adları Ş ə k i l ç i l ə r

adlarda fe’llərdə

Adlıq hal: - -
Yiyəlik hal: -a(k) -
Yönlük hal: -ra,-re,-e -ra,-re,-e
Tə’sirlik hal: -eş -eş
Yerlik hal: -a -a
Çıxışlıq hal: -ta -ta
Birgəlik halı: -da -da

Müəlliflərin izahatından belə çıxır ki, eyni şəkilçilər həm adlarla işlənmiş, həm də guya fe’llərdən əvvəl prefiks şəklində çıxış etmişdir. Bunu təqribən şəxs əvəzlikləri ilə onlardan yaranan şəxs şəkilçilərinin keçdiyi yola bənzətmək olardı. Lakin məsələyə dərindən diqqət yetirdikdə başqa mənzərə alınır. «Prefiks» kimi verilən hal şəkilçilərindən əvvələ baxaq. Həmin şəkilçilərdən («prefiks» adlandırılan hal şəkilçilərindən) əvvəl şəxsləri təmsil edən aşağıdakı elementlər vardır:

1-ci ş.təkdə ma cəmdə me-de
2-ci ş. təkdə (z)e cəmdə me(ze)
3-cü ş.təkdə n,b, cəmdə e-ne-ne, a-ne-ne

Çox güc göstərmədən, adi nəzərlə baxdıqda aydın olur ki, bunlar şəxs əvəzlikləridir, lakin bə’zən bütöv yazılmamış, əsas elementləri verilmişdir. Mixi yazı ustaları nəzərə almışlar ki, kiçik bir element hansı əvəzliyin nəzərdə tutulduğunu bildirəcəkdir.
Beləliklə, qeyd edilən hal şəkilçiləri subyekt ilə fe’l arasındakı əvəzliklərə artırılmış, işin, hərəkətin hansı şəxsə, əşyaya, hansı obyektə yönəldiyini, işin harada icra olunduğunu, əşyanın harada məkan tutduğunu, işin, hərəkətin çıxış, başlanğıc nöqtəsini və s. bildirmişdir. Bizim müasir dilimizdə də belədir. Subyekt bildirən sözdən sonra müxtəlif hal şəkilçili sözlər işlənir və həmin sözlər cümlədə tamamlıq və ya zərflik vəzifəsində çıxış edir. Deməli, bu qeyd olunanlar fe’l prefiksləri deyil, obyekt və məkan mə’nalı sözlərdir. İ.T.Kaneva özü şumerşünasların tədqiqatlarına əsaslanaraq yazır: «Daha geniş yayılmış nöqteyi-nəzərə görə (Poebel GSG,486; Falkenstein 1959a, 47), PP (prostranstvennıe prefiksı) aşağıdakı tərkibdə olur: ifadə olunan qeyri-müstəqim obyektin şəxsini/sinfini göstərən əvəzlik elementi + müvafiq məkani hal göstəricisi». (8; 145) Əvəzliklərin tam forması cümlənin məzmununa, əvəzliyin əsas samitinin mixi yazıda əks olunmasına görə müəyyənləşir. Digər tərəfdən, bu əvəzliklərə yalnız bir halın şəkilçisi qoşula bilər. Əgər yönlük halın şəkilçisi artırılmışsa, daha o biri halların işlənməsi qeyri-mümkündür. Bunu müəlliflər özləri çox yaxşı bildikləri üçün dəfələrlə qeyd etmişlər ki, eyni vaxtda bu «6 pozisiyadan» uzağı üçü fəaliyyət göstərə bilər. Məsələn, əgər 1-ci pozisiyadakı «naklonenie» dedikləri ədatlar işlənmişsə, sonra hal şəkilçili bir əvəzlik varsa, olsa-olsa, son «pozisiya»dakı al morfemi də işlənə bilər. Bütün bunlar fe’ldən əvvəlki 2, 3, 4 və 5-ci «pozisiya»ların «prefiks»lərinin də prefiks deyil, türk dillərinin ümumi qaydalarına əsasən mübtəda ilə xəbər arasında işlənən və cümləni genişləndirən ikinci dərəcəli üzvlər olduğunu göstərir. Bu dörd «pozisiya» yalnız bir pozisiyadan ibarətdir: əvəzlik + hal şəkilçisi. Onu da qeyd edək ki, təbii qanunauyğunluq əsasında bu mövqedə əvəzlik əvəzinə hallana bilən başqa sözlər - isimlər, sifətlər, saylar da işlənə bilər. Bunu İ.T.Kaneva özü də qeyd etmişdir: «Pomimo prefiksov orientaüii i prostranstvennıx prefiksov şumerskiy raspoloqaet i druqimi sredstvami peredaçi znaçeniy orientaüii, ukazatelğnıe mestoimenieə, prostranstvennıe padeji suhestvitelğnıx, nareçiy, predstavləöhie soboy zastıvşie padejnıe formı suhestvitelğnıx». (8; 109) Beləliklə, prefikslər kimi sadalanan 2, 3, 4, 5-ci pozisiyalar yoxdur, türk dillərinin qaydalarına son dərəcə müvafiq şəkildə işlənən, ismin bu və ya digər halında olan sözlər vardır.
Ortadakı 4 «pozisiya»da hal şəkilçiləri ilə işlənən əvəzliklər mu-, ba-, bi-, i/e əvəzlikləridir. Bu əvəzliklərin bir sıra xüsusiyyətləri öyrənilmişdir. Bunlar hal şəkilçiləri ilə birlkdə iki mühüm funksiyanı yerinə yetirir: a) vasitəli obyekti bildirmək və b) hərəkətin danışana münasibətdə istiqamətini (onun özünə tərəf və ya əksinə olduğunu) göstərmək. Bunlar bizim bugünkü işarə əvəzliklərinin vəzifələridir. Bir şeyi də müəyyənləşdirmişlər ki, mu əvəzliyi daha çox canlı varlıqlara, bi, ba əvəzlikləri cansız varlıqlara işarə məqsədi daşımışdır. Həm də müəyyən edilmişdir ki, mu danışanın ətraf mühitinə, onun törəmələri im-ma-, im-mi- bir qədər uzağa, ba-,bi- əvəzlikləri isə daha uzağa işarə məqsədi daşımışdır. Ma, mu, ba, bi əvəzliklərində m, b kök (əvəzlik), a, i, u daşlaşmış hal şəkilçiləri hesab olunur.
Uydurma «prefiks» məqamında hal şəkilçili əvəzliklərin işlənməsinə dair bir-iki misala nəzər salaq.
İ.T.Kaneva yazır: «mu prefiksi MU işarəsi ilə yazılır. 1-ci şəxs təkdə məkan bildirən yerlik halın -a prefiksindən əvvəl ma- formasını alır: ma-a-ra ha-ma-an-dug (he-mu-?a-n-dug) (ELA 388) ‘mne voistinu on skazal’».(8; 110) (ma-dan sonrakı defis onun «prefiks» olduğunu bildirmək üçündür) Göründüyü kimi, müəllif özü təsdiq edir ki, ma sözü (müəllifin dili ilə desək, «prefiksi») mu + a - dan ibarətdir, yönlük hal şəkilçili əvəzlikdir. İndi mətnə baxaq: ma - 1-ci şəxsin təki, -ra - hal şəkilçisi, ha (formasını müəllif özü mö’tərizədə dəqiqləşdirib: he ədatı) ‘də’ ədatı, mu-a = ma, yə’ni ‘mənə’, -n = ene -3-cü şəxsin təki, yə’ni ‘o’, dug - indi işlətdiyimiz ‘de’ fe’li. Cümlənin dəqiq məzmunu: ‘o mənə həqiqətən dedi’ yox, ‘mənə də, mənə o dedi’ şəklində olmalıdır (1-ci mənə sözü üst-üstə hal şəkilçisi (-a,-ra) qəbul etmişdir: mu-a-ra - müasir dilimizdə o-ra-ya sözü kimi).
bi - əvəzliyi («prefiksi») mixi yazılarda NE, Bİ işarələri ilə verilir, bi şəklində oxunur. Prefiks kimi verilən bu sözü düzgün olaraq ‘ora, o yerə, ona’ mə’nasında oxumuşlar: igi bi-in-du (bi-n-du) ‘on posmotrel (tuda, bi)’(8; 132) Burada igi - ‘göz’, igi...du birlikdə ‘baxdı’ deməkdir; bi - ‘ora (ona)’, in (n-ane) - ‘o’ deməkdir: O, ora (ona) baxdı. bi-gi (bi-n-gi) ‘on vernul’ (8; 132) : bi - ‘ona’, n -‘o’, gi ‘qaytardı’ - O ona qaytardı.
Müəlliflərin «6-cı pozisiya»da qeyd etdikləri al morfeminin (AL şəklində işarə olunur) mə’nası aydın deyil. Fe’lin yanında, əvvəlində işlənir. Həm hal-vəziyyət fe’lləri, həm də iş fe’lləri ilə işlənir. Məsafə dəqiqləşdirmək imkanı yoxdur və məsafə (obyekt ilə danışan arasında) məsələsində neytraldır. Əvvəlki 4 pozisiyanın vasitələri ilə birgə işlənmir. Yalnız 1-ci «pozisiya»nın u və nu morfemləri ilə birgə işlənir. Əsas funksiyası bilinmir. şe al-ag-e ‘on otmerit zerno’. şe - ‘taxıl’, e - ‘o’, ag - ‘ölçür’, al - ?: O, taxıl ölçür. Ola bilsin ki, bu hissəcik al deyil, la’dır, mə’na düzgün tapılsa, qoşma da ola bilər.
Beləliklə, qeyd edilən «6 pozisiya»da prefiks zənciri uydurmadır. Bu yerlər ədatların, hal şəkilçili əvəzlik və isimlərin, bir də mə’nası mə’lum olmayan al/la hissəciyinin yeridir və dilimizin müasir morfoloji quruluşuna tam müvafiqdir.
Çox qədim dövrlərdən şumer dilində fe’lin təsrif forması şəxs göstəricilərinin 1 və 2-ci şəxslərdə hal-vəziyyət bildirən adlara artırılması ilə yaranmış, 3-cü şəxsdə isə şəxs göstəricisi olmadığından ad əsası ilə fe’l eynilik təşkil etmişdir. Bu gün də fe’llərin III şəxs təkdə əksərən şəxs şəkilçisi olmadan işləndiyini bilirik.
Fe’lin təsrif forması, qeyd etdiyimiz tədqiqatçıların fikrincə, dəyişilməyən söz əsasından, «prefiks»lərdən və suffikslərdən ibarət olmuşdur. Və yenə həmin fikrə əsasən, «prefikslər» söz əsasından əvvəl 6 pozisiyada, suffikslər isə əsasdan sonra iki pozisiyada yerləşmişdir.
Tə’sirlik, növ və zaman göstəriciləri yoxdur. Lakin fe’llər bitmiş və bitməmiş növlərə ayrılır. Bitmiş növ fe’llər işin hansı zamanda olursa-olsun (keçmiş, indiki və gələcək) bitmiş olduğunu, bitməmiş fe’llər isə işin bitmədiyini və ya hələ başlanmadığını bildirir.
Ən yeni şumer dilində istifadə edilən şəxs göstəriciləri - suffikslər (kökdən sonra 2-ci pozisiyada) aşağıdakılardır:

1-ci ş.t. - en
2-ci ş.t -en
3-cü ş.t. -e

1-ci ş.c. -enden
2-ci ş.c. -enzen
3-cü ş.c. -eş; -ene; -enzen

Məsələn, nad - yat(maq) fe’linin təsrifi:
1. nad-en nad-enden
2. nad-en nad-enzen
3. nad-(e) nad-eş

Güman etmək olar ki, məsələn, 2-ci şəxsin təkində işlənən -en şəkilçisi -san,-sən, 1-ci şəxsin təkini bildirən -en şəkilçisi assimilyasiya ilə -am,-əm şəxs şəkilçilərinin törəmə mənbəyidir. Və ya 2-ci şəxsin cəmini bildirən enzen şəkilçisində -ınız ünsürünü müəyyənləşdirmək olar. Lakin bizim fikrimizcə, minilliklər boyu şəxs göstəricilərində, hal şəkilçilərindən fərqli olaraq, ciddi sistemli dəyişiklik yaranmışdır. Bu onunla əlaqədardır ki,tədqiq edilən dövrdə hələ zaman şəkilçiləri müasir şəkildə formalaşmamışdır. Prof. A.Axundov S.N.İvanovun «Türk qrammatikası kursu» (2-ci hissə, Leninqrad, 1977) kitabından aldığı təəssürat əsasında yazır: «İş bundadır ki, müasir türk dillərinin fe’l zamanları sistemi nəinki pratürk və ya deyək ki, ümumtürk vəziyyətini əks etdirmir, hətta o hər şeydən əvvəl, daha çox qədim dövrlərin yox, orta əsrlərin məhsuludur; onun yaranma və sabitləşməsi müəyyən dərəcədə bə’zən XVII-XVIII əsrlərə bağlıdır; bə’zi türk dillərində isə həmin proses bizim günlərdə də davam edir. Zaman kateqoriyasının, qrammatik bir kateqoriya kimi, tarixi özünəməxsusluğu həmçinin onda ifadə edilir ki, demək olar ki, hər bir türk dili özünün səciyyəvi zaman sisteminə malikdir, bu sonuncu isə həmin məsələni ümumtürk qrammatik problemi səviyyəsində həll etmək üçün böyük çətinliklər törədir». (48; 260-261)
Beləliklə, tədricən zaman kateqoriyası formalaşmış, şəxs əvəzlikləri müasir formasını almış, zaman şəkilçilərinin təşəkkülü ilə şəxs əvəzliklərinin son mövqedə ən’ənəvi təkrarı əsasında yeni şəxs şəkilçiləri sistemi təşəkkül tapmışdır. Lakin bu prosesdə yenə də qədim dövrlərdən şəxs anlayışının ifadəsinə xidmət edən -m,-n,-z ünsürlərindən istifadə edilmişdir. Çünki bu elementlər əvəzliklərdə də özək kimi qalmışdır.
Fe’l əsaslarından sonra gələn 1-ci pozisiyanın ed formantının (mixi yazıların xarakterinə görə bu şəkilçinin -de və ya -dı şəklində tələffüz olunduğunu da düşünmək olar) olduğu göstərilir. Bu şəkilçi, ola bilsin ki, sonrakı dövrlərdə şühudi keçmiş zamanın əsasında durmuşdur. Konkretlik, işin icra olunub bitməsi ilə bağlı qətilik çalarına malik olması ilə də şühudi keçmişin -dı şəkilçisinin əcdadı kimi görünməkdədir.
Türk dillərinə, o cümlədən Azərbaycan dilinə aid mühüm bir qrammatik xüsusiyyətin ilkin tarixi ifadəsinə də şumer dilində rast gəlirik. Azərbaycan dili daxili obyektli fe’llərlə çox zəngindir: baş aparmaq, can vermək, bel bağlamaq, üz göstərmək, dil çıxarmaq və s. Bu cür quruluş şumer dilində də geniş müşahidə olunur. Fe’l əsası müəyyən mə’naya malik olduğu halda, daxili obyekt bildirən sözlə birlikdə başqa mə’na ifadə edir. İsimlə, substantiv sözlərlə ifadə olunan daxili obyekt vasitəsiz də ola bilir, vasitəli də; məs.: igi - ‘göz’, du - ‘açmaq, düzəltmək’, lakin igi du - ‘göz açmaq’ yox, ‘baxmaq’ mə’nasındadır; mi - ‘qadın’, du(g) - ‘danışmaq’- mi du(g) - ‘yumşaq, dostcasına danışmaq’. Daxili obyekt iki sözdən də ibarət ola bilər: sag - ‘baş’, giş - ‘ağac’, ra - ‘vurmaq’ - sag giş ra - ‘başına ağacla vurmaq’ yox, ‘öldürmək’ mə’nasındadır və s.
Şumer dilində zərf zəif formalaşmışdır. İ.T.Kaneva qeyd edir ki, bi yiyəlik əvəzliyi ilə istiqamət halının şəkilçisi (-eşe) birlikdə zərf kimi çıxış edir. «Zərflər sırasına keçən söz, ola bilər, an-ta ‘sverxu’, ‘naverxu’ (bukv.: ‘s nebes’) i ki-ta ‘snizu’, ‘vnizu’ (bukv.: ‘s zemli’)» söz formaları olsun: şu-mah gir-mah-ni an-ta he-ga-ga ‘svoö moquçuö ruku (i) svoö moquçuö noqu sverxu (na vraqov) pustğ on pomestit’ - şu - əl, mah - möhkəm, güclü, gir - ayaq (ge - getmək sözü), anta - orada, yuxarıda, ga-ga - qoysun - Güclü əlini, güclü ayağını yuxarıdan (düşmənin başından) qoysun». (8; 161). İlahi, görən bu anta sözünü niyə görməyiblər? Bu ki türkün özüdür! Elə bil, şumer Orxona qovuşmuşdur. Amma hələ tam qovuşmayıb - arada azı minillik məsafə var. Anta sözü elə beləcə qədim türk abidələrində nə qədər işlənib: anta ‘orada, oradan’; anta kişrə ‘ondan sonra’; yagru kontukda kisrə anıg bilig anta öyür ermis ‘Yaxında məskən saldıqdan sonra orada pis biliyə yiyələndilər’. (31; 218-219) Bu söz hələ bu cür işlənməkdə davam edəcək, klassiklərin dilində də işlənəcək. Kita sözü isə (ki - kir, yer, ta/da - hal şəkilçisi) hələ söz kökündə k>y dəyişikliyini gözləyir, gözləyir ki, kir sözü yir/yer şəklinə düşsün, yirdə/yerdə demək mümkün olsun.