Bir müddət əvvəl məşhur türk yazıçısı, Nobel ödüllü Orxan Pamuk özünün «İstanbul. Şəhər və xatirələr» kitabını təqdim etmək üçün Rusiyaya səfər edib. Səfər müddətində yazıçı rusiyalı oxucuları ilə görüşüb, müxtəlif ədəbi kafelərdə təşkil olunan ədəbiyyat təbirlərinə qoşulub. Səfər ərəfəsində yazıçının rus mətbuatına (qazeta.ru) verdiyi müsahibəni sizə təqdim edirik.




Orxan Pamuk: Valter Benyamin deyirdi ki, xalqların kitabları iki qismə - «səyyahın qeydləri» və «sakinin qeydləri»nə bölünür. Səyyah hər yerdə ekzotika axtarır, ekzotikanı görür və bu ekzotikanı tapanda çox xoşbəxt olur. Sakin isə tamam başqa şeylər axtarır. Mənim «İstanbul»um - sıradan bir sakinin qeydləridir. Mən məhz şəhəri onun tarixi ilə birlikdə yazmaq istəyirdim. Sonra ailəm, pəncərəmizdən görünən görüntülər də kitaba əlavə olundu. Bir sözlə, mənim 22 yaşım tamam olana qədər keçən vaxt. 22 yaşıma qədər mən rəssam olmaq istəyirdim. Şəhərin rəsmini çəkərək, onun bütün künc-bucaqlarını öyrənərək, İstanbulu tanımağa çalışırdım. Şəhərin künc-bucaqlarında əlbəttə ki, mən öz gizlinlərimi axtarırdım. Xarabalıqlar, döngələr məni özünə tərəf çəkirdi.
Məni uşaqlıqdan bir sual maraqlandırırdı - niyə bu və ya digər şəhərlər gözəl hesab olunur? Bəlkə ona görə ki, bu şəhərlərin obrazını bizim üçün ədəbiyyat yaradıb. Teofil Qotye, Jerar de Nerval, Floberin yol qeydləri o zaman yarandı. Şəhər felyetonunun türk qəzet janrında «İstanbul şairləri» bölümündə daha açıq bir mövzu da İstanbulun melanxoliyası idi: «İmperiyanın məhvindən sonrakı kədər». Ola bilər ki, bu melanxoliya rus oxucusu üçün xüsusilə maraqlı olsun.
Müxbir: Müasir Türkiyədə siz erməni və türk genosidindən danışan ilk ziyalı oldunuz. Sizi antipatriot çıxışlar etməkdə günahlandırdılar, hətta məhkəməyə vermək istədilər. Günter Qrass, Qabriel Qarsia Markes, Joze Saramaqo türk hakimiyyətinə məktublar yazaraq, sizin müdafiənizə qalxdılar. Bu barədə nə deyə bilərsiniz?
- Mən 2005-ci ildəki bu hadisələri Türkiyənin daxili məsələsi hesab edirəm. Mən bir yazıçının gördükləri, düşündükləri barədə yazmaq haqqını müdafiə edirdim. Söz azadlığı da elə budur. Nə vaxtsa biz, doğrudan da, buna nail olacağıq.
- Rus ədəbiyyatını sevdiyinizi deyirsiniz. Tolstoyu daha çox sevirsiniz, yoxsa Dostoyevskini?
- Bu lap «atanı daha çox istəyirsən, yoxsa ananı?» sualına oxşayır. Düz uşaq adətən belə cavab verir: vəziyyətə baxır. Dünya, onun nemətləri məni heyrətə gətirəndə, yaşadığım üçün özümü xoşbəxt sayanda Tolstoyu sevirəm. Həlli mümkün olmayan şeylərdən yapışanda isə Dostoyevskini… Amma mən rus ədəbiyyatında sevdiyim dörd ədibin adını çəkərdim - Tolstoy, Dostoyevski, Çexov, Nabokov.
- Qohumlarınızın arasında ruslar da var. 1920-ci illərin «rus dalğası» sizin şəhərinizin əfsanəsində bir iz buraxıb?
- Birinci arvadımın anası rus, atası türk idi. Uşaq vaxtı ana-qız öz aralarında rusca danışırdılar. Mən bunu artıq klassik türk ailəsi kimi xatırlayıram. Amma «Konstantinopoldakı Bəyaz Ordu» barədə mən bir şeylər bilirəm. Dmitriy Nabokov (yazıçı Vladimir Nabokovun oğlu, opera müğənnisi - red.) ona İstanbulu məhz mən göstərmişəm.
- Cənab Pamuk, Rusiyada siz «Qara kitab», «Mənim adım Qırmızı», «Bəyaz qala», «Qar» romanlarının müəllifi kimi məşhursunuz. «Qar» romanı əvvəlki əsərlərinizdən xeyli fərqlənir. Dostoyevskinin romanlarını xatırladan əsərin siyasi ideyası necə doğuldu?
- Mən çoxdandır ki, siyasi roman yazmaq istəyirdim. Roman reallığa oxşar alındı, hətta bir az jurnalist reportajını xatırlatdı, bununla yanaşı, əsər sizə ilk baxışda göründüyü qədər səthi gəlməsin. Roman o qədər də realist deyil, hərdən sürrealist, arabir də qrotesklidir. Real olan isə budur ki, mən romandakı hadisələrin baş verdiyi Qars şəhərinə getdim, gördüklərimin şəkillərini çəkdim, videolentə aldım, insanlarla ünsiyyətdə oldum…
- Mətnlərinizin ensiklopedik fonu çox genişdir. Sizdə daha çox hansı xüsusiyyətlər cəmləşib - rəssam, yoxsa ensiklopediyaçı? Bəlkə hər ikisi?
- Doğrudur, hər ikisi çox xoşuma gəlir. Mən məlumatla oynamağı xoşlayıram. Çox xoşlayıram…
- Uşaqlıqda yazıçı olmağı arzulamışdınız?
- Yox, cavanlıqda mən rəssam olmaq istəyirdim. «İstanbul» romanında bu barədə ətraflı yazmışam. Natürmortlar və portretlər çəkmək mənə o qədər də maraqlı gəlmirdi, buna görə də mən, şəhər landşaftlarını, küçədə gördüyüm səhnələri təsvir edirdim. Öz sevimli fransız impressionistlərimi yamsılamağa çalışırdım. «İstanbul» belə bitir: mən rəssam deyil, yazıçı olacağımı qərara alıram.
- Siz özünüzü niyə məhz türk yazıçısı hesab edirsiniz?
- Elə yazarlar var (məsələn, Konrad, Nabokov) ki, dillərini, mədəniyyətlərini dəyişib başqa dillərdə yazmağa başlayıblar. Mənsə ömrüm boyu bir yerdə, İstanbulun bir parçasında - Nişantaşıda yaşamışam.
- «İstanbul» həm də «gənc rəssamın portreti», yəni sizin xatirələrinizin kitabıdır. Yadınıza saldıqlarınız arasında ən vacibi nə idi?
- Uşaq vaxtlarından yazanda daha çox faktları yazırsan. Mən öz uşaqlığımı ona görə yazırdım ki, şəhəri (İstanbulu nəzərdə tutur - red.) içəridən göstərim, daha 19-cu əsrdə bu şəhərdə qonaq olmuş fransız yazıçıları Nerval, Qotye, Floberin nəql etdikləri sayaq yox. Onlar İstanbulun gözəlliklərini uydurublar, şəhəri Qərb-Avropa üslubunda təsvir ediblər. Və burada bizim şəhərə baxışlarımız ayrıldı…
- Dinə münasibətiniz necədir?
- Yenə də «İstanbul» romanına müraciət eləyirəm. Romanda mən bu məsələyə bir bölüm həsr etmişəm. Allah deyəndə, həmişə gözümün qarşısına ağ çarşafa bürünmüş yaşlı qadın gəlirdi. Mən Qərbsayağı, pozitivist, dinsiz bir ölkədə yaşayırdım. Bu ölkədə təkcə kasıblar dindar idi. Mənsə varlı və dinsiz bir ailəyə mənsub idim. Buna görə də, dini dəyərlərə marağım sırf ədəbi konteksdədir - Kalvino və Borxesdə olduğu kimi.
- Türkiyənin İrana çevrilməsi təhlükəsi varmı?
- Yox.
- Postmodernizmə münasibətiniz necədir?
- Bu, sürrealizm qədər güclü bir proqram deyil. «Postmodernizm» sözünü jurnalistlər sevir. Mən özümü postmodernist hesab etmirəm, amma haqqımda danışanda məni də postmodernist adlandırırlar.
- Yazıçılıq sizin üçün nədir? Zəngin və macəralarla dolu bir həyat, yoxsa tənhalığa çəkilə bilmə imkanı?
- Bu, klassik, hətta deyərdim ki, köhnəlmiş sualdır. Cavanlıqda məni danlayırdılar ki, heç bir işlə məşğul olmuram, həyatı yaşamağı bacarmıram. Amma bu, belə deyil. Adi adamlar ağır, sınaqlarla dolu bir həyat yaşayırlar, amma yaza bilmirlər. Yazmaq - ayrı aləmdir. Yazıçılığın bəraəti özünü ifadə etmək istəyidir.
- Hansı Qərb yazıçılarını özünüzə daha yaxın hesab edirsiniz?
- Xavyer Marias, Mişel Uelbek…
- Sevimli filosoflarınızın da kimlər olduğunu bilmək pis olmazdı..
- Cavanlıqda mənə Şopenhauer, Russo, Marks, Kant, Nitsşe yaxın idi.
- Çox vaxt İslamı terrorla qarışıq salırlar. Bu barədə nə deyə bilərsiniz?
- İslamı terrorçuluqla assosiasiya etmək olmaz, İslam böyük sivilizasiyadır.
- Sıradan bir sual - gələcək planlarınız barədə danışın.
- Hazırda başımda beş-altı romanın ideyası var. Əvvəlki kitablarımda hadisələrin hamısı Türkiyədə baş verirdi. Mən fantastik bir yer - «Heçyer» barədə kitab yazmaq istərdim.
- «İstanbul» romanına yaxınlarınız necə reaksiya verdi?
- Uşaqlıq dostlarım kitabda öz İstanbullarını görmədilər. Onların İstanbulu daha parlaq idi. Mənim uşaqlığımın İstanbulu isə ağ-qaradır, hüzn doludur.
- Kitablarınızın belə çox oxunmasının sirri nədədir?
- Bu, ona oxşayar ki, gözəl bir qızdan soruşasan: «Niyə hamı sənə vurulur?»