Dekabr ayının 25-də Xəzər Universitetində təsis olunmuş “Elm və sənət” məclisinin növbəti görüşü baş tutub. Bu dəfəki tədbirin mövzusu “Nitçşe- Tarixin ən çılğın filosofu” seçilmişdi. Məruzəçi kimi universitetin iki gənc müəllimi Ağalar Məmmədov və Mail Yaqubov dəvət olunmuşdu. Hamlet İsaxanlının giriş sözü ilə başlayan görüşdə Niyazi Mehdi, Rəhman Bədəlov, Firudin Cəlilov kimi tanınmış simalarla yanaşı, universitetin tələbə və müəllim kollektivi də iştirak edirdi. Məruzəçilərin çıxışlarının maraqlı olduğunu düşünüb ixtisarla sizə təqdim edirik.

Sonrakı təhlillərimiz üçün maraqlı ola biləcəyini düşünüb Nitçşenin həyatından bəzi




qısa məqamları qeyd edim. Bildiyiniz kimi, o, ruhani nəslindəndi, onun babaları da, atası da keşiş olublar. Deyilənə görə, məktəb illərində sinif yoldaşlarına şeirlər, moizələr oxuyub, onları ağlatmağı xoşlayarmış (bu onun sonrakı qabiliyyətində də özünü göstərir).
Nitçşenin atası polşalı, anası isə alman olub. Bütün əsərlərini alman dilində yazmasına baxmayaraq, özünü polyak sayırdı. Heç vaxt almanları sevməyib.
Bəzi psixoloqlar bu məqama diqqət eləyirlər ki, o atası dünyasını dəyişdiyinə görə 5 yaşından etibarən anasının, bacısının, xalalarının əhatəsində olub. Ola bilsin ki, onda natamamlıq kompleksi yaranıb və bu səbəbdən o, kişiyana üslubda yazmağı sevib.
Nitçşenin çoxlu xəstəlikləri olub. Xüsusi ilə də uzağı görmə qabiliyyət, zəif olub. Gözlərinin zəif olması onun ancaq daxili dünyasında xəyal eləməsinə gətirib çıxarır.
Nitçşe 44 yaşında olarkən beyin iflici keçirir, 11 il yarım ölü vəziyyətində yaşayandan sonra dünyasını dəyişir (1844-1900-cu illər). Aktiv yaradıcılıq müddəti təxminən 20 il çəkir.
38 yaşında rus əsilli Lui Salonla tanış olur və ona aşiq olur. L.Salon çox məşhur bir xanım olub. Onun İbsen, Tolstoy, Freydlə münasibətləri var idi. Nitçşe “Belə dedi Zərdüşt” əsərini Luini sevdiyi illərdə yazıb.
O, 25 yaşında professor olub. Bir neçə fövqəladə məqaləsinə görə dissertasiya yazmadan professor adını alıb. Xəstəliyinə görə Bazel Universiteti ona təqaüd ayırır və ömür boyu həmin pulla dolanır. Kitabları heç vaxt satılmayıb. Öz pulu ilə çap elədiyi kitablar heç vaxt satılmadığından dostlarına hədiyyə verir. Amma o gündəliyinə fəxrlə yazır ki, “Oxunmuram, oxunmayacam”.
Nitçşe öləndən sonra bacısı onun bəzi məktublarına, “Qüdrətin iradəsi" əsərinə bəzi müdaxilələr eləyir. Məqsəd isə hitlerizmə xidmət edən bir Nitçşe obrazı yaratmaq olur.
Keçək fəlsəfəsinə. Nitçşenin iki cümləsini yan-yana gətirdikdə onun fikir fəlsəfəsini belə xülasə eləmək olar: “Hər şey səhvdir”, “Hər şeyə lənət”. Bu adamın bütün konseptual baxışı bundan ibarətdi. Niyə belədi? XIX əsr Qərb təfəkküründə böyük bir çevriliş baş verir. Bu çevrilişin əsasında Marks, Ştirner, Kirteqor, Şopenhauer və ən əsası Nitçşe dayanır. Platondan (qədim yunan fəlsəfəsində) başlayan bir idealist xətt var ki, bu Hegeldə sona çatır (Hegel idealist fəlsəfənin zirvəsi sayılır). Marks deyir ki, dünya Hegeldə başayaq dayanmışdı, mən onu ayaqları üstə qoydum. Başayaq çevrilmiş dünya Platondan başlayır. Nitçşe də daim öz fəlsəfəsini belə adlandırır: "Mənim fəlsəfəm antiplatonizmdir, mən daim Platonu tərsinə çevirməklə məşğul oluram."
Nitçşe Platon deyəndə nəyi nəzərdə tutduğunu çox qısa şəkildə açaq. İlkin olan göydü (səma)- ideyalar dünyası, daha sonra bu, dində Allah kimi özünü təzahür edir. İkinci olan yerdi- insan problemləridi, yəni real həyatımız. Yəni göydən başlayıb yerdə davam edən həyat fəlsəfəsi. İdealizmin əbədiyyat konsepsiyası- həmişə, hər yerdə eyni cür! Bunun alternativi realizm isə iddia edir ki- burada, indi, bu cür. Nitçşe də bu mövqedədi ki, əbədi həqiqətlər ola bilməz. Fəlsəfənin ən böyük səhvlərindən biri odu ki, fəlsəfə total perspektivdən baxmağı iddia edir. Filosoflara görə, onlar universal perspektivdə baxıb əbədi həqiqəti görə bilərlər. Lakin onlar unudublar ki, hər bir bilik müəyyən perspektivdən alınır. Bilik perspektivist xarakter daşıyır. Bu Nitçşenin fəlsəfə tarixinə gətirdiyi ən mühüm yeniliklərdən biridir. O deyir, indiyə qədər dünya əxlaq perspektivindən nəzərdən keçirilib, amma indi mən başqa bir perispektivdən baxacam.
Nitçşe “əxlaqsız” filosof olub. Ammoralizm və immoralizm. Dilimizdə tərcüməsi bir az problem olsa da bunu izah edək. Ammoralizm- konkret bir əxlaq sistemi içində əxlaq kodeksindən kənara çıxmaqdır. Ammoralist sözünü dilimizə əxlaqsız kimi tərcümə edə bilərik. İmmoralizm- fəlsəfədə varlığa əxlaqi nöqteyi-nəzərdən baxmamaq mənasını verir. Başqa sözlə, hadisələrə əxlaq perspektivindən baxmıram, tamam ayrı nöqteyi-nəzərdən baxıram. Məsələn, Hegel və Hayderger immoralistlər olublar. Amma bu o demək deyil ki, bunlar əxlaqsızlardı.
Bu baxımda Nitçşe özünə tez-tez immoralist deyirdi. O belə dəyəndə bunu əxlaqsız tərcümə eləmək olmaz. Sadəcə, onun mövqeyi budur- əxlaqdan baxmamaq. Varlığa əxlaqi nöqteyi-nəzərdən ilk baxan Zərdüşt olub. Pis-yaxşı, xeyir-şər bölgüsü. İndi 2500 il sonra qayıdıb, gəlib və yenidən deyir ki, inkar edirəm, belə şey yoxdu. Əxlaq sona çatdı. Varlığa bu şəkildə baxmaq olmaz.
Niyə sona çatdı? Nitçşenin diaqnozu bundan ibarətdi ki, (sonra da Şpexer bunu davam elətdirəcək) maarifçilər yanılıblar, tarix həmişə tərəqqi eləmir, o həm də geriləyir, deqradasiyaya uğrayır. Məsələn, XIX əsr renesans dövründən çox geri qalır. Nitçşenin diaqnozu dekodens adlanır. Dekodens çürümə, qoxuma, xarab olma mənalarına gəlir. O müasir Avropa sivilizasiyasına belə bir diaqnoz qoyub- dekodens. Dekodensliyə yol açan nədi? Nitçşe dərhal buna cavab verir (ömrünün axırına kimi bunu təkrarlayacaq) xristianlıq. Ona görə xristianlıq bəşəriyyətin başına gəlmiş ən böyük fəlakətdi və bəşəriyyətin bu günə düşməsinin bir nömrəli günahkarı odu. Platon da xristianlığın mənəvi atasıdı, ona görə fəlsəfədə ona qarşı çıxmaq lazımdı, real həyatda isə xristianlığa. Xristianlıq kütlə üçün platonizmdi. Yəni bəsitləşdirilmiş, sadələşdirilmiş platonizm xristianlıq adlanır. O tez-tez təkrarlayır ki, bir dənə xristian vardı, o da çarmıxda öldü. Bildiyimiz ki, "İncil" sözü "evangelium" sözündən alınıb və şad xəbər anlamını verir. Deyir ki, evangeliumun ardında bir dənə dizangelium gəldi (bəd xəbər). Bəd xəbər nədi? Xristianlığın qurucusu - Pavel (Saint Paul). Nitçşe onu nifrətin dahisi adlandırır. Deyir ki, İsa kimi yaşamaq həmişə mümkün və vacib olacaq. Qısaca Nitçşenin problemi İsayla yox, Pavellədi.
Bəzən iddia edirlər ki, Nitçşe İslam dinini Xristian dinindən üstün hesab edib. İki fakt deyəcəm. O, Xristianlıq və İslamdan ikisindən birini seçməyi, yəhudi ilə ərəbdən birini seçməyə oxşadır. İslam peyğəmbəri xristianlıqdan bir şey öyrəndi- Pavelin icadını, sürüləşdirmə qabiliyyətini. Nitçşe deyirdi ki, İsa yer üzü üçün danışırdı. O deyir Allah dirilərindi, ölülərin deyil. Pavel isə ağırlıq mərkəzini sürüşdürdü o dünyaya- əsas o dünya üçün yaşamaqdı. Bu yəhudi instiktindən irəli gəlirdi. Beyninizdə belə bir şey yaranmasın ki, Nitçşe yalnız Avropa mədəniyyətini və xristianlığı tənqid eləyir, bunun bizə dəxli yoxdu.
Xristian əxlaqını niyə tənqid eləyir? Nitçşe hesab edir ki, onun fəlsəfəsinin canı budu. Bütün varlıq güclü olmaq istəyindədi (Nitçşe əslində həm də ontoloji problem qaldırır). Xristian əxlaqı isə bu varlığa qarşı mövqedən çıxış edir, onu dayandırmağa çalışır. Məsələn, ədalətli, mərhəmətli olmağı tələb edir. Halbuki bu tələb dekodentin, xəstənin, yaşaya bilməyənin tələbidi. Nitçşe bunu nökər əxlaqı adlandırır. O hesab edir ki, Allah insanlığın inkişafı üçün böyük bir təhlükədir. Çünki əxlaqı sanksiyanın əsasında dayanır. Bu səbəbdən əxlaq gur səslə danışır, çünki o Allah, müqəddəslik adından danışır. Konkret burada mövcud olan normalar kodeksi ilahiləşdirilir, əbədiləşdirilir. Nitçşenin fikrincə, bu bölgü səhvdi. O deyir ki, bəşəriyyət 2000 ildir ki, yeni bir Allah xəyal eləyə bilmir. Mövcuq olan monoteizmi belə adlandırır- monotonoteizm. Yəni yeknəsək teizm. Bunun əvəzinə isə qədim yunan allahı Dionisios irəli sürür. Dionisios sərbəstlik tanrısıdı. Dionisios Nitçşenin əsas vurğuladığı obrazdı, çünki o həyata hə deyir (bu, Nitçşe fəlsəfəsində çox mühüm məsələdi). Amma xristian əxlaqı isə həyata yox deyir (nekrofil əxlaq- yəni həyata yox deyənlər, ölümsevərlər).
Qərbdə ən böyük əxlaq filosofu Kantda əxlaq təbiətə "yox" deməkdi (yəni təbiliyə, öz ehtirasına, tamahına, nəfsinə yox deməkdi). Nitçşe isə bunu belə inkar edir: "Niyə mən təbiətimə yox deməliyəm? Mən insan olaraq bədəndən və ruhdan ibarətəm. Sən mənim bədənimi susdurursan, varlığımın yarısını iflic eləyirsən (hemipelegiya). Adını nəfs qoyub bədənin pis olduğunu deyirsən. Ancaq ruh yaxşıdı, göy yaxşıdı. Göyündə tribunası budur - olmaz, ədalətli ol, mərhəmətli ol." Nitçşe mərhəmət arzusu, ədalət tələbini nökərlərin tələbi adlandırır. Nökər əxlaqı- onların qüruru yoxdu, onlar yalan danışırlar, ikrah eləmir, onlarda iyrənmək duyğusu yoxdu. Nökərlər inkar eləmir. Nitçşe buna müqabil aristokrat, nəsil əxlaqı təklif edir. O açıq döyüşü sevir, qürurludu, ona qarşı sərt davrananda o bundan həzz alır, həyatın hər cür üzünə "hə" deyir. Və həyatı əxlaqı nöqteyi-nəzərdən yenidən qurmağa çalışmır, olduğu kimi qəbul eləyir.
Onu da qeyd edim ki, Nitçşe tənqidçi deyil, inkarçıdı.

Mail Yaqubov:

Nitçşe kimdi? O müasir filosofdu. Bildiyiniz kimi, XIX əsrin ikinci yarısında XX əsrin sonlarına qədər cərəyan edən fəlsəfi sistemləri müasir fəlsəfə adlandırırlar. Bəs müasir fəlsəfə nədir? O da XIX əsrin ikinci yarısından bu yana olan fəlsəfədi. Bəs müasir fəlsəfədən qabaq nə gəlir? Yeni fəlsəfə. Bu sualları davam etdikdən sonra "fəlsəfə nədir " sualına gəlib çıxırıq. Qısa olaraq fəlsəfə insanı varlıq, özü, həyat problemləri barədə düşündürən bir sahədi. Qədim yunan fəlsəfəsi, orta əsrlər fəlsəfəsi (dini məzmunlu fəlsəfə) XIV-XVII əsrlər intibah dövrü adlanır, burda heç bir fəlsəfi sistem formalaşmayıb. XVII əsrdən başlayaraq yeni fəlsəfi dövr başlayır. Bu əsasən Fransis Bekonla və daha əsaslı olaraq R.Dekartla başlayır. Yeni fəlsəfə nədir? Yəni insan təfəkkürü həyata, varlığa baxışda ilahi prizmadan çıxır və insani prizmaya daxil olur. “Mən düşünürəm, demək varam”- bu fikirlə yeni fəlsəfə başlayır. Yeni fəlsəfədən sonra (XVII əsrdən XX əsrin sonlarına qədər) 3 əsas fəlsəfi istiqamət mövcud olub: rasionalizm, irrasionalizm (bura daha çox eksiztensialistlər aid edilir), pozitivizm.
İndi isə Nitçşenin kimliyinə baxaq. Eksiztensialist filosof Karl Yasperin dediyinə görə, Nitçşe çoxcəhətli filosofdu. Biz onu bir tərəfdən həyat fəlsəfəsinə yaxın, digər tərəfdən eksiztensialist, o biri tərəfdən isə postmodernist filosof adlandıra bilərik.
Nitçşeni ona görə eksiztensialist filosof adlandırırlar ki, onda irrasionalist baxışlar mövcuddu. Nitçşe bizim çətin, abstrakt fəlsəfi dildə danışmır. Bu səbəbdən o bəzi ədəbi dairələrdə ədəbiyyatçı kimi tanınır.
Nitçşenin Şopenhauerdan təsirlənməsi sirr eyil. Ona görə ki, Şapenhauer iradə fəlsəfəsini yaradandı. Nitçşe ondan iradə, istək məsələsini alır. Amma Şopenhauerdə yaşayışa, həyata istək, can atmaq var. Nitçşedə isə güclənməyə, hakimiyyətə can atmaq var. Yəni bütün insanlar güclənməyə doğru gedir. Məhz bu prizmadan o, əxlaq sistemini qurur. Əxlaq bizə nəyin yaxşı, nəyin pis olduğunu aydınlaşdırır. Bütün insanların ontoloji olaraq güclənməyə can atdıqlarına görə həyatda güclənmək yaxşıdır və bu istiqamətdə bizə kömək edən bütün vasitələr yaxşı işlərdi. Bu səbəbdən Nitçşe fəlsəfəsinə görə, zəif insanların cəmiyyətdə yeri yoxdu. Ona görə ki, güclənməyə can atmayan insan (zəif insan) bizim adi cəmiyyətdə yalan danışan insan kimidir. Xristian əxlaq sistemində deyilir ki, sən təvazökar, mehriban ol. Bunların hamısı güclənməyə can atmaq prinsipinə zidd olduğu üçün Nitçşe xristian mədəniyyətinə qarşı çıxır.
Postmodernistlər deyir ki, bizim əvvəlimiz Nitçşedən başlayır. 1976-cı ildə Haydergerin ölümündən sonra Qərbdə daha fəlsəfi sistem yaranmır. Haydegerdən bu yana Qərbdə postmedernist dövr adlandırılır. Fəlsəfədə əvvəldən indiyə qədər ziddiyyətli məfhumlar olub: kişi-qadın, var-yox, güclü-zəif. Və həmişə filosoflar dəyəri müsbət tərəfə veriblər. Postmodernizim dövründə isə dəyər vurğusu müsbət tərəfdən götürülür. Amma mənfi tərəfə də ötürülmür. Ümumiyyətlə, dəyər, reallıq və həqiqətdən danışılmır. Nitçşenin varlığı axan çaya bənzətməsi onun postmodernizmin banisi kimi özünü göstərir. O, ənənəvi fəlsəfədə filosofların həqiqəti sabit və dəyişməz kimi təsəvvür etmələrinə şiddətli etiraz edir. O varlığın daim dəyişdiyini bildirir. Postmodernizmin mahiyyətində olduğu kimi.