1965-ci ildən bu günə qədər iki fikir, ideya aydınlaşır. Onlardan biri budur ki, süjet , digər süjetləri sitat gətirmək adıyla təzədən dirilə bilər, ikincisi isə -- bu sitat gətirmədə konformizm (uyğunlaşma qabiliyyəti- İ.U.) sitat gətirilən, süjetlərdən daha az olacağı fikridir.
1972-ci ildə “Bompyaninin illik salnaməsi”ndən (1) biri “Süjetin revanşı” adlandırılmışdır. Bu revanşın əksər hissəsi Ponson dü Terraylın (2) və Ejen Syunun (3) və eləcə də A.Dyumanın ən yaxşı səhifələrinə (minimal istehza ilə) ironik, eyni zamanda da heyrətləndirici, yenidən dərkinə həsr edilmişdir.
Həm non-konformist, həm də kifayət qədər problemli və heç bir şeyə baxmayaraq maraqlı, əyləncəli bir romanı özümüz üçün təsəvvür etmək mümkündürmü?
Bu mürəkkəb qatqını (qarışığı və nəinki süjeti, həm də əyləncəliyi təzədən kəşf etmək vəzifəsi, postmodernizmin Amerikalı nəzəriyyəçilərinin qarşısında durmaqdadır.
Təəsüflər olsun ki, “postmodernizm” hər cür vəziyyətə yararlı olan bir termindir. Mənə elə gəlir ki, indiki zamanda hansısa bir şeyi tərifləmək istəyəndə bu sözə müraciət olunur. Bir də ki, bunu qətiyyətlə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız XX əsrin ikin yarısının yazarları və rəssamlarına tətbiq edilirdi; sonra yavaş-yavaş XX əsrin əvvələrinə də keçdi; sonra daha da dərinə getdi; dayanacaq nöqtə görünmür, və tezliklə postmodernizm kateqoriyası Homeri də öz daxilinə alacaq.
Bunu deməliyəm ki, şəxsən özüm bu fikirdəyəm ki, postmodernizm təsbit edilmiş xronoloji hadisə yox, bir ruhani haldır, təsviri iradəylə bir yanaşmadır. Bu mənada hər bir dövrün öz xüsusi manyerizmi olduğu kimi, hər dövrün xüsusi postmodernizmi də var. Postmodernizm, sadəcə metatarixi kateqoriya kimi manyerizmin yeni adı olub-olmamasını özüm də hələ həll etməmişəm. Ola bilsin ki, F.Niçşenin (4) “Vaxtsız düşüncələr”ində ətraflı təsvir etdiyi böhranın astanasına hər dövr öz zamanında yaxınlaşır.
Keçmiş basır, sıxır, şantajlayır. Tarixi avanqard (indi avanqardı bir tarixi kateqoriya kimi də götürürəm) keçmişdən yaxa qurtarmaq istəyir. Futuristlərin “Rədd olsun ay işığı!” şüarı hər bir avanqardın tipik proqramıdır: “ ay işığı”nı digər uyğun ismlə əvəz etmək lazımdır. Avanqard keçmişi dağıdır, deformasiya edir. Pablo Pikassonun “Avinyon xanımları” (1907) avanqarda xas olan tipik hərəkətdir. Avanqard dayanmır: obrazı dağıdır, ləğv edir, abstraksiyaya, eybəcərliyə, təmiz kətana, kətanda yırtığa, yandırılmış kətana çatır; memarlıqda minimalizm tələbələri bağça hasarına, qutu evə, parallelepipedə dətirib gətirib çıxardır; ədəbiyyatda - diskursun son həddə qədər dağıdılmasına - Berrouzun kollajlarına (5) və daha uzağa – lallığa, ağ səhifəyə aparır. Musiqidə həmin bu tələbələr atonallıqdan- səsküyə , sonda isə - mütləq süküta gedib çıxır. Bu mənada Keycin ilk dönəmləri modernistikdir. Sənətçi, “ 4 dəqiqəyə 33 saniyə” əsərinin bəstəkarı, ifaçısı və müəllifi, bu vaxt ərzindı musiqiçi alətə toxunmadan oturur. (6) Lakin son hədd yaranır ki, bu zaman avanqard (modernizm) yaratdığı ağılagəlməz məntnlərini (yəni konseptual incəsənəti) təsvir edən bir metadil ilə hara gedəcəyini artıq bilmir. Postmodernizm modernizmin cavabıdır: keçmişi məhv etmək mümkün deyilsə, (çünki onun məhvi lallığa aparır), onda onu təzədən dərk etmək gərəkdir: ironik, sadəlövhlüksüz. Postmodernist mövqeyi mənə çox savadlı qadına aşiq olan insanın vəziyyətini xatırladır. o anlayır ki, “səni dəlicəsinə sevirəm” sözlərini deyə bilməməyinin səbəbi bunu anlamağındadır ki, o qadın anlayır ( qadın isə kişinin anladığını anlayır) ki, belə ifadələr Lianaya (7) məxsusdur. Lakin çıxış yolu var. O, “Liananın sözü olmasın, səni dəlicəsinə sevirəm”,-- deməlidir. Bu halda o adam süni sadəlikdən qaçıb birbaşa göstərir ki, onun sadə danışmaq imkanı yoxdur; və buna baxmayaraq, qadına çatdırılası sözləri, yəni onu sevdiyini, lakin sevgisi sadəliyin itirildiyi dövrdə yaşayır. Bu oyunu davam etməyə hazır olan qadın sevgi etirafı sevgi etirafı olaraq qaldığını anlayır. Müsahiblərin heç birində sadəlik alınmır, hər ikisi keçmişin, onlardan əvvəl inkaredilməz deyimlərin basqısına sinə gəlir, şüurlu surətdə və həvəsnən istehza oyununa daxil olurlar... Buna baxmayaraq, onların eşq haqda söhbətləri alınır.
İstehza, metadil oyunu. Kvadratda olan mülahizə. Buna görə də əgər avanqard sistemində oyunu başa düşməyən üçün yeganə çıxış yolu oyundan imtinadırsa, postmodernizm sistemidə bu oyunda, əsəri anlamadan da, tamamilə ciddi qəbul edərəkdən də iştirak etmək olar.
İstehzalı yaradıcılığın fərqli cəhəti (həm də hiyləgərliyi) elə bundadır. İstehza diskursunu ciddi qəbul edən adam hər zaman tapılacaq. Ola bilsin ki, P.Pikasso, Xuan Qris (8) və Brakın (9) kollajları modernizmdir, çünki normal adamlar onları qəbul etməmişdilər. İçinə XIX əsrin qravüra hissələri yerləşdirilmiş Maks Ernstin (10) kollajları isə postmodernizmdir; bunları, sadəcə qravüralar, oyma, həkk etmə, hətta, ola bilsin ki, bu kollajın özü haqda sehirli nağıl, yuxu nəqli kimi də oxumaq olar. “ Postmodernizm” elə budursa, onda Sterni və Rableni və, sözsüz ki, Borxesi postmodernist adlandırmaq səbəbi və eyni bir rəssamda modernizmin postmodernizmlə necə “ yola getmələri”, növbələnmələri aydın olur. C.Coysu götürək. “Rəssamın gənclik portreti” modernizmə tərəf hərəkət haqda hekayətdir. Bundan əvvəl yazılmış “Dublinlilər” “Portret”dən daha da modernist əsərdir. “Uliss”— sərhəddə dayanandır. Və nəhayət, “Finneqanın yası”— artıq postmodernizmdir. Əsərdə postmodern söylənmə tərzi kəşf edilib: burada mətnin dərki üçün əvvəl deyilənlərin inkarı yox, onun istehzalı yenidəndərki tələb olunur.
Postmodernizm haqqında hər şey, demək olar ki, lap əvvəldən danışılmışdır. Con Bartın 1967-ci ildə yazılan Amerikan postmodernizminə həsr olunmuş “Kalibano” dərgisinin yeddinci buraxılışında indi təzədən dərc olunmuş “Tükənmə ədəbiyyatı” məqaləsini nəzərdə tuturam. (11) Hansı yazıçı və rəssamların postmodernist olub-olmamasını müəyyən etmək üçün postmodernizm nəzəriyyəçiləri (Bart daxil olmaqla) tərəfindən təbiq edilən “rütbə cədvəli” ilə yalnız qismən razıyam. Amma bu cərəyan nəzəriyyəçilərinin ilk şərtləri ilə sübut etdikləri nəzəriyə maraq doğurur. “Məncə, ideal postmodernist yazıçı XX əsrdəki atalarını və XIX əsrdəki babalarını təqlid etmədiyi qədər onları rədd də etmir. Əsrin birinci yarısını o öz belində yox, mədəsində gəzdirir: onu həzm etməyə gecikmir... O, ola bilsin ki, heç Ceyms Miçenerin (12) və İrvinq Uollesin (13) pərəstişkarlarını silkələməyi ümid belə eləmir. Ancaq o, barı nə vaxtsa Mannın ilk xristianlar adlandırdığı, yəni ali incəsənətin peşəkar xadimlər dairəsindən daha geniş müəyyən publika təbəqəsinə təsir buraxmaq və onu maraqlandıra biləcəyinə ümid bəsləməlidir. (...) Postmodernizmin ideal romanı bir yol taparaq realizmlə irrasionalizmin, formalizmlə “məzmunluğun”, təmiz (xalis) incəsənətin dəvət olunmuş incəsənətlə, elitar nəsrlə kütlə nəsri arasında gedən vuruşmadan üstün olmalıdır.(...) Məncə, burada yaxşı caz və ya klassik musiqi ilə müqayisə lap yerinə düşür. Musiqini təkrar dinləyərkən, partitura ilə izləyərkən, ilk dəfə diqqətindən yayındıqlarını hiss edirsən. Amma bu ilk dəfə, özü də yalnız ixtisasçıların nəzərində yox, o qədər sarsıdıcı, heyrət doğurucu olmalıdır ki, onu təkrar dinləmək istəyəsən.”
1980-cı ildə Bartr həmin mövzunu bu dəfə “Tamamlama ədəbiyyatı” adıyla davam edir. Əlbəttə, eyni düşüncələri Lesli Fidler (14) kimi daha da paradoksal xülasə etmək olar. 1980-cı ildə “Salmaqundi”də L.Fidlerin bir neçə Amerika yazarları ilə diskussiyası dərc olunur. Fidler onlara açıqca sataşır. O, “Sonuncu mogikan”ı, sərgüzəştlər romanistikasını, qotik romanlarını, tənqidçilərin nifrət etdiyi, lakin əsatirlər yarada biləcək və bir neçə nəslin xəyallarını əyləndirən bir çox əsərləri tərifləyir. Fidler, həm mətbəxtə, həm qonaq, həm də uşaq otaqlarında eyni maraqla oxunan “Tom dayının daxması” ilə müqayisə edilə biləcək bir ədəbi əsərin yaranacağını guman edir. O, Şekspiri “əyləndirməyi bacaranlar” siyahısına daxil edir və “Küləklə aparılanlar”la bir cərgəyə qoyur. Fidleri çox nəcib tənqidçi tanıyanlara, bilənlərə bu fikir inandırıcı görünmür. Sadəcə o, incəsənəti əyləncədən ayıran divarı uçurmaq istəyir. O, instinktiv olaraq duyur ki, geniş kütləyə çatmaq və onun röyalarını ələ almaq heç də insanları yatızdırmaq deyil fikrinə gəlib çatmağımıza bütöv bir imkan yaradır. Bəlkə də əksinə: röyaları ələ almaq — müəmma, sirr yollamaqdır.

1.Lalmanacc Bompiani, 1972. Ritorno dellintreccio.
2.Ponson dü Terrayl P.-A. (1829-1871) —“Rokambolun sərgüzəştləri” və s. roman-felyetonların popular müəllifi.
3.Syü E. (1804-1857) - fransız yazarı, “Paris sirləri”, “Əbədi yəhudi”, “Yeddi bağışlanmaz günah” və s. çox maraqlı romanların müəllifi.
4.Nişçe F. (1844-1900) - alman filosofu, “Həyat fəlsəfəsi”nin banislərindən biri, “Vaxtsız düşüncələr” kitabının müəllifi.
5.Berrouz U. (1914) hər hansı bir təhkiyə, hekayə və s. quruluşunun dağıdılmasına can atan Amerikalı yazar-superavanqardist.
6.Keyc C.(1912). Postmodernist musiqiçi, alim.
7.Liala, XX əsrin 30-40-cı illərində tanınmış İtalyan yazarı Liana Neqrettinin ləqəbidir.
8.Qris X. (Qonsales X.V.) (1887-1927) – İspaniyalı kubist rəssam.
9.Brak C. (1882-1963) - Fransalı kubist rəssam.
10.Ernst M. (1892-1976)-Almaniya rəssamı, dadaistlər dəstəsinin yaradıcılarından biri.
11.Barth C. The Literature of Exhaustion.-Athlantic Monthly, aug. 1967, p. 29-34.
12.Miçener C. (1907) - tarixi populyarlaşdıran romanların müəllifi, Amerika yazarı
13.Uolles İ. (1916) - Amerika kütlə mədəniyyətinin klassiki, Hollivud həyatı haqda saysız romanların müəllifi.
14.Fidler L. (1917) - “Ədəbiyyat nə idi” essesinin müəllifi, freydist yönlü tanınmış Amerika yazarı və ədəbiyyatşünası.