Bu da keçər...

Qədim zamanlarda Qumlu Təpələr deyilən quraq təbiəti və qızmar havası olan bir kənd vardı. Bir-iki quru ağacdan və yulğundan başqa bu kənddə yaşıllıq adında bir şey yox idi. Ağır iqlimi olan bu kənddə insanlar həyatını birtəhər keçirmək üçün sığır saxlamaqla məşğul idilər. Torpağın quraqlığı insanlara əkin-biçinlə məşğul olmağa imkan vermirdi. Günlərin birində dərvişlərdən biri uzun və yorucu çölü keçdikdən sonra bu kəndə yetişir. Kəndin aralığında dolaşarkən təsadüfən gördüyü bir nəfərdən qarnını doyuracaq bir şey tapa biləcəyi və gecəni keçirəcəyi bir yerin olub-olmadığını soruşur. Adam kənddə belə bir yerin olmadığını söyləyir. Lakin Dərvişi bir gecə qonaq saxlaya biləcək bir nəfərdən söz açır. “Şükr edən” anlamına gələn Şakir adında bir adamın evini nişan verir. Dərviş adamın nişan verdiyi evə tərəf gedərkən bir dəstə adamla qarşılaşır və Şakirin ünvanını təkrar xəbər alır.




Dəstədəki adamlardan biri Şakirin qonşu kənddəki Həddadın sığırlarından daha artıq - mindən çox sığırının olduğunu deyincə, dərviş Şakirin bölgənin ən zəngin insan olduğunu anlayır. Bir az gedəndən sonra dərviş Şakirin malikanəsinə yetişir. Evin qapısı önündə durub baxanda görür ki, bu var-dövlətdən heyranlıq duymamaq mümkün deyildir. Şakir isə son dərəcə alicənab, qonaqpərvər bir insandır. Şakirin xanımı və qızı da ailənin sahibi kimi qonaqpərvərlik göstərir və qonaqlarının rahatlığı üçün əllərindən gələn hər şeyi edirlər. Gecəni keçirib sabahısı evdən ayrılmaq istəyən Dərvişə bir neçə gün də qalmağa israr edir, lakin Dərviş bu təklifi qəbul etməyincə yoluna azuqə hazırlayırlar. Dərviş çölə dönüb yoluna davam edərkən bütün yolçuluğu boyu Şakirin söylədiyi bir söz qətiyyən ağlından çıxmırdı. Dərviş Şakirlə vidalaşarkən, “belə zəngin olduğun üçün Allaha şükürlər olsun” deyəndə, Şakir, “sən görünüşə aldanma, bu da keçər”, - deyə, cavab vermişdi. Lakin Dərviş Şakirin bu sözlərlə nə demək istədiyini anlaya bilməmişdi. Daha sonralar Dərviş təsəvvüfdəki yolunu kamilləşdirəndə dərk eləmişdi ki, gördüyü hər şeydə bir hikmət, bir dərs vardır. Başına gələn ən kiçik şey belə onun beynini dərindən məşğul edirdi. Beləcə, Şakirin bu sözləri də onun zehnini bu səbəbdən məşğul edir və Dərviş onun sözlərindəki hikməti tam olaraq anlamadığını düşünürdü. Ibadət etmək və bir az düşünə bilmək üçün bir ağacın kölgəsində oturmuşdu ki, ağlına təsəvvüfdə öyrəndiyi bir şey gəldi. Əgər səssiz qalıb nəticəyə yetmək üçün tələsməzsə, gec-tez bir cavab bula biləcəkdi. Bu səbəblə zehninin qapısını bu qayğılara qapadıb ruhunu dərin bir sükuta buraxdı. Beləcə tam beş il boyunca fərqli yerlərə etdiyi səyahətlər nəticəsində müxtəlif insanları tanıdı və xeyli təcrübə qazandı. Eyni zamanda, eynən təsəvvüfün lazım bildiyi sükutunu mühafizə etdi və qəlbinin səsinə qulaq verdi. Günün birində Dərvişin yolu yenidən Qumlu Təpələrdəki həmin o kəndə düşür. Dərviş bu dəfə öyrənir ki, dostu Şakir qonşu kənddəki Həddadın qapısında qulluq edir. Bu xəbərdən çaşqın hala düşən Dərviş Şakiri yenidən görmək sevinci ilə o kəndə getməyə qərar verir. Kəndə yetişəndə Şakir yenə onu eyni sevgiylə qarışlayır. Şakiri olduqca yaşlanmış və əynindəki yırtıq-sökük paltarı ilə görəndə Dərviş təəccüb edir. Heyrət içində nələr olduğunu öyrənmək istəyir. Şakirdən öyrənir ki, üç il öncə hər tərəfi sel basır. Şakirin də sığırları və evi azğın selin qurbanı olur. Bu seldən sağ qurtaran Həddad indi bölgənin ən zənginiydi və başqa əlacı qalmayan Şakir də ailəsi ilə birlikdə onun xidmətində çalışırdı. Başlarına gələn bu qədər olmuşlara rəğmən dəyişməyən tək şey Şakir və ailəsinin qonaqpərvərliyi idi. Dərvişi bir neçə gün evində qonaq saxlamış, ayrılanda heybəsinə bir neçə günün azuqəsini yığmışdılar. Dərviş dostu ilə vidalaşarkən onun və ailəsinin başına gələnlərdən üzgün olduğunu, fəqət bütün bunlarda Allahın hikmətinin gizləndiyini düşündüyünü söylədikdə, Şakir “Unutma, bu da keçər”, - deyə ona təsəlli vermişdi. Dərviş yola düşür, amma yenə Şakirin bu son sözü onun ağlından çıxmırdı: “Görəsən, bu sözlərlə nə demək istəyir Şakir?” Gördükləri bir az öncə buralara səfərində təsdiqini tapmışdı. Bəs indi? Belə bir vəziyyətdə necə nikbin qalmaq olarmış. Beləcə, Dərviş onun qəlbini parçalayan suallara cavab tapa bilmədən yoluna davam edir və hər şeyi zamanın öhdəsinə buraxır. Yenə aylar keçir, Dərviş hələ də yolçuluğuna davam edir. Qəribədir ki, bu yolçuluğunda yenə yolu Şakirin yaşadığı kənddən düşür. Bu səfər aradan yeddi il keçmiş və bu zaman içərisində Şakir əvvəlki zənginliyinə qovuşmuşdu. Artıq kiçik bir daxmada deyil, çox təmtəraqlı evdə yaşayırdı. Bundan bir neçə il əvvəl Həddad ölmüş və heç kimi olmadığı üçün bütün var-dövlətini Şakirə vəsiyyət etmişdi. Bu ziyarətdən sonra Dərvişin niyyəti Məkkəyə - həcc ziyarətinə getmək idi. Bu niyyət ariflər arasındakı ənənədir. Bu dəfə də Şakir ilə Dərviş danışarkən yenə əvvəlki halı dəyişməmişdi. “Bu da keçər”. Həccdən qayıtdıqdan sonra Dərviş Hindistana gedir və ordan da vətəninə dönür. Bu dəfə də yenə daha nələrin olduğunu öyrənmək üçün yenidən Şakirin ziyarətinə getməyi qərara alır. Qumlu Təpələrə çatanda Şakirin kəndçilərindən onun harada olduğunu soruşduqda, Dərvişə üzərində “Bu da keçər” sözləri yazılmış sadə bir məzar göstərirlər. Dərviş bu dəfə əvvəlkilərdən də çaşqındır. “Zənginlik gəlir-keçər, lakin bir məzar, ölüm necə dəyişə bilər ki?” - deyə düşünür qəlbində. Bu andan etibarən Dərviş Şakirin qəbrini hər il ziyarət etməyə və orada bir müddət düşüncələr içərində vaxtını keçirməyə qərar verir. Ilk ziyarətində qəbirstanlığı sel basdığını və təbii ki, Şakirin də məzarının bu sellə axıb getdiyini görür. Artıq Dərviş həyat dərslərini öyrəndiyi dostunun məzarından da məhrum olmuşdu. Xarabaya dönmüş məzarlıqda gözlərini torpağa dikib bir neçə saat düşüncələrə dalır. Sonra başını göyə qaldırıb səsizcə mızıldanır. “Bu da keçər.” Aradan illər keçmiş, artıq Dərviş çox yaşlanmışdı. Ömrünün qalan qismini bir yerə sığınıb, sükut içərisində keçirməyə qərar vermişdi. Bir müddət də keçmiş Dərvişin mürşidlik sorağı ətrafa yayılmış və yanına təcrübə öyrənmək istəyən müridlər toplanmışdı. O günlərdə ölkənin hökmdarı özünə layiq olan bir üzük düzəltdirməyi əmr edir. Üzük elə gözəl olmalı idi ki, ümidsiz olanda onun ümidini artıracaq, sevincli olanda isə onu yersiz qürurlanmaqdan çəkindirəcəkdi. Ölkənin bütün tanınmış adamları yığışmış, hərəsi bir kəlmə demiş, ətrafa adam salıb qiymətli kəlamları toplamışlar, yenə padşahı razı sala bilməmişlər. Padşahın vəziri həmin o mürşidin adına məktub yazır və onu bu müşkülü çözmək üçün saraya dəvət edir. Bu yardım dəvətinə Dərviş evindən ayrılmadan məktubla cavab verir. Bir neçə gün sonra Padşaha zümrüddən hazırlanmış qiymətli bir üzük təqdim edilir. Neçə gündən bəri ümidsizliyə düçar olmuş Padşah üzüyü alır və könülsüzcə barmağına taxır. Ilk dəfə üzüyü görəndə keçirdiyi ümidsizliyin yenə təkrarlanacağını duyub qəlbi sıxılır. Lakin birdən xəfifcəsinə gülümsəməyə başlayır hökmdar. Bu gülüş birdən qəhqəyə çevrilir və sarayı başına götürür. Sultanı ürəkdən gülməyə məcbur edən üzüyün üzərindəki bu yazı idi. “Bu da keçər!”