Süleyman peyğəmbər, ağcaqanad, bir də külək
Bir gün ağcaqanad Süleyman peyğəmbərin yanına şikayətə gəldi:

- Ya peyğəmbər, sənin ədalətin göylərə səs salıb. Şeytan da, mələklər də, insanlar da səndən razıdılar. Sənin ədalətin sayəsində cücülər də, heyvanlar da xoşbəxt yaşayırlar. Biz ağcaqanadları da zəifliyimizə bağışla, bizə kömək ol. Dünyada hər varlıq bizdən güclü, bizdən qəddardı. Sən öz ədalətinlə tanındığın kimi biz də öz cılızlığımızla məşhuruq...





- Bir de görüm, axı nə olub, ey Allahın yaratdığı, - Süleyman peyğəmbər onun sözünü kəsdi, - nədən şikayətə gəlmisən, kim səni incidib? Hamıya bəllidi ki, mən taxta oturduğum gündən səltənətdə haqq-ədalət yerini alıb, şərə qulluq eləyənlər öz peşələrini dəyişiblər!

- Ya peyğəmbər, mənim şikayətim küləkdəndi, - ağcaqanad dedi, - külək bizi yaşamağa qoymur. Onun əlindən bilmirik hansı küncdə-bucaqda daldalanaq. Əmr elə, külək bizi bir də incitməsin!

Süleyman padşah dedi:

- Allahın buyruğuna görə, günahkar özü burda olmasa, hökm verə bilmərəm. Gərək onu da dinləyəm.

Bunu deyib Süleyman peyğəmbər küləyi çağırdı. Külək gələr-gəlməz ağcaqanad gözdən itdi.

- Hara getdin, - Süleyman padşah ağcaqanadı çağırdı, - mən ki hökm verməmişəm!..

Ağcaqanad dızıldandı:

- Mən bədbəxt küləkdən daha çox qorxuram, nəinki məhkəmədən.

Ola bilsin, bizi də belə bir gün gözləyir. Ədalət məhkəməsinə susayan adamlar Allahın hənirini duyar-duymaz bir də görəcəksən gözdən itdilər...

Mükafatı verən kimdi?

Bir şair şaha yazdığı mədhiyyəni şahın hüzurunda oxumaq üçün saraya getdi. Şah şairə xəzinədən min dinar mükafat verdi. Vəzir dedi:

- Şah sağ olsun, bu cür sayğı-sevginin müqabilində bu az deyilmi? Bu mükafatın dəyərini on qat artırsan, daha yaxşı olmazmı?

Xəzinə dolu olsa da, o qədər qızıla şah qıymırdı. Buna baxmayaraq üzə düşüb razılaşdı. Şair on min dinarı qoltuğuna vurub sevinə-sevinə getdi. Üstəlik, gözəl nitqinə görə çiyninə əba da saldılar...

Yolda şair elə hey vəzirin ömrünə dua oxuyurdu. Hərdənbir şaha da Allahdan kömək diləyirdi.

Günahkarın ömrünə dua oxuyan

Bir molla həmişə pis adamların ömrünə dua oxuyurdu. Minbərə çıxan kimi deyirdi:

- Mən bir vaxtlar onlardan çox böyük xeyir görmüşəm. Əvvəllər özüm də şər işlərlə məşğuldum. Heç bir möminin öyüd-nəsihəti məni günahlarımdan ayıra bilmirdi. Yalnız günahkarların iyrənc əməlləri məni haqqın yoluna qaytardı. Ona görə də indi mənə yaxşılıq eləyən adamların ömrünə dua oxuyuram...

Dostlar, çox vaxt düşmən əməli mənə sizin xeyirxahlığınızdan daha çox fayda verir!

Əjdaha

Bir gün ilantutan dağlara ova çıxdı. Yenicə axtarmağa başlamışdı ki, bərk qar yağdı. Kor-peşman qayıdanda yamacda bir əjdaha ölüsü gördü. İlantutan çox sevincək oldu, indi o, quşbeyin adamları əvvəlkindən də artıq heyrətləndirəcəkdi. Əjdahanı qarın içiylə sürüyə-sürüyə Bağdada yendirdi. Heyvanın cəmdəyi lap saray sütununa oxşayırdı...

Ancaq əjdaha sağıydı, eləcə soyuqdan donmuş, bərkiyib keyimişdi. İlantutan Bağdada çatan kimi hər yana səs yayıldı, camaat möcüzəyə baxmaq üçün meydana axışdı. Hamı ilantutanın igidliyinə heyran qaldı. İlantutanın bazarı yaxşı gətirmişdi, şəhərdə ağıllı-dəli hamını başına yığmışdı. Günəş isə yavaş-yavaş qalxırdı. Buludlar dağılırdı, əjdahanın donu açılırdı. Sonra əjdaha yavaş-yavaş tərpənməyə başladı. Meydanda bir məhşər qopdu ki, gəl görəsən... Camaat hay-küylə, vay-şivənlə meydandan qaçmağa üz qoydu. Qaça bilməyən ayaq altında qaldı. İlantutan qəfil canavara ürcah gələn quzu kimi quruyub qalmışdı...

Əjdaha əvvəlcə ilantutanı uddu. Sonra da qabağına çıxanları bir-bir boğazından keçirdi...

Buz bağlamış ehtirasını isitməyə can atma. Nə qədər ki ehtirasın əjdaha kimi oyanmayıb, ömrün peşmançılıq yükü altında ağrımayacaq.

Ördəklərin cənnəti

Bir gün şahin ördəklərə dedi:

- Ay yazıqlar, sizin ki qanadlarınız var!.. Nə görmüsüz bu bulanıq gölməçədə? Nədən uçub getmirsiz? Ucsuz-bucaqsız çölləri, sonsuz göyləri özünüzə niyə çox görürsüz?!.

- Sən gəl bizi başdan çıxarma, - ördəklər dedilər, - bu su bizim qalamız, bu gölməçə cənnətimizdi. Sənin göylərindən bizə vətən olmaz, hər qanadlı quş sənin kimi uça bilməz. Tale səni göylərə bağışlayıb, bizi sulara.

“Mən”, “Sən”, bir də ikimiz

Biri işıqlaşanda dostunun qapısını döydü.

- Kimsən, ay gələn? - qapının o üzündən dostu soruşdu.

- Mənəm, - bayırdakı dedi.

- Yeri, sənnən danışmağa macalım yoxdu!

Ev yiyəsi dostunun üzünə qapı açıb onu salamlamaq istəmirdi:

- Mən kamilliyə çatmayanlarla dostluq eləmək istəmirəm. Uzun-uzun yolları tutub uzaq mənzillərə çatarsan, böyük işlər görüb yetişəndən sonra gəlib qapımı döyərsən. Haydı, üz tut uzaq ellərə, ayrılıq odunda öz “mən”ini yandır!

Kədərlə, həyəcanla qapıdan qayıtdı. Yol boyu sıxıntı məngənəsində, ayrılıq odunda öz bədənini əritdi. Və beş ildən sonra yenidən qayıdıb dostunun qapısını döydü. Sevgisində qovrula-qovrula, günahlarında boğula-boğula əlini uzadıb ürkək-ürkək qapı halqasını çəkdi. Ev yiyəsinin səsi gəldi:

- Kimsən, ay gələn?

- Sənin dostundu, özündən ayrılıb sən olan dostun!

Ev yiyəsi qonağı xoş üzlə qarşıladı.

- Bir dam altında iki “mən”ə yer yoxdu. İndi artıq bizim varlığımız ayrılmazdı, indi “sənin”lə “mənim” arasında fərq qalmayıb. Allah şahiddi ki, biz bu gündən tikanla gül kimi bənzərsiz olmayacağıq.

Axmağın ölümdən qaçması

Bir axmaq bir səhər Süleyman peyğəmbərin qapısını kəsdirdi.

- Nə istəyirsən, ay Allahın bədbəxti? - peyğəmbər soruşdu.

- Bu gecə Əzrayıl başımın üstünü kəsdirmişdi, - axmaq dedi, - düz gözümün içinə baxırdı!

- De görüm, məndən nə umursan?

- Ey böyük padşah, əmr et küləyə məni götürüb Hindistana aparsın ki, Əzrayılın gözündən yayına bilim!

Süleyman padşahın əmriylə külək axmağı qanadına alıb bir göz qırpımında Hindistana apardı.

Tezliklə Süleyman padşah bir yerdə Əzrayıla rast gəlib soruşdu:

- Ey Allahın buyruqçusu, o bədbəxti evindən-ailəsindən ayırıb qərib çöllərə salmaq üçünmü gözünün içinə baxmışdın?

Ölüm mələyi dedi:

- Allah mənə o axmağın ruhunu Hindistan çöllərindən götürüb cəhənnəmə atmağı buyurmuşdu. Mən də günahkarın burda olduğunu görüb mat qalmışdım. Ancaq o, bir göz qırpımında oralara uçdu, mən də Allahın əmrini yerinə yetirdim. Həm də əmri yerinə yetirmək üçün düz-dünyanı dolandım.

Kaş biz də hara qaçdığımızı, kimdən qaçdığımızı bir düşünəydik. Özümüzdən qaçmağa gücümüz yetməz. Tanrıdan qaçmaq ehtimalı isə bundan da azdı.

Güclü olmaq qorxusu

Bir quldur ölkəyə göz verib işıq vermirdi. Günün günorta çağı dəmir libas geyinib camaatın gözü qabağında at oynadırdı. Günlərin birində bir oxatan qəfil bununla rastlaşdı. Nişançı qorxusundan cəld oxu yaya qoyub hazıryaraq durdu. Atlı quldur yalvarmağa başladı:

- Amanın bir günüdü, nişançı, vurma məni! Gövdəmin iriliyinə baxma. Gücsüzəm, gücsüzlüyümə bağışla! Bir quş məndən ürəklidi, inan!

- Neynək, - atıcı dedi, - Allahına şükür elə ki, səni qorxudan atmadım. Əgər belə zəifsənsə, nahaq pəhləvan donuna girmisən. Belə cildə girməklə sən hər kəsdən irəli özün üçün qorxu yaratmısan.

Yanğın

Xəlifə Ömərin vaxtında bir şəhərdə böyük yanğın oldu. Alovun dilləri daş-divarı əridə-əridə şəhəri bürümüşdü, quşlar da yuvasından didərgin düşmüşdü. Sular da odun qorxusundan içinə çəkilmişdi. Alov yorulmaq nədi bilmirdi. Allahın mədənindən od alırdı elə bil. Ağsaqqallar yığışıb Ömərin yanına getdilər, tədbir dilədilər. Xəlifə dedi:

- Yanğın çox güclüdü, çünki sizin xəsisliyinizdən od alıb. Qapılarınızı açın, yoxsullara çörək verin, bəlkə Tanrı səsinizi eşidə.

Şəhərlilər dedilər:

- Bizim qapımız həmişə onların üzünə açıq olub.

- Çörək vermisiz, buna sözüm yox, - dedi xəlifə, - ancaq qürurunuzu, lovğalığınızı yenə bilməmisiz. Siz yoxsullara çörəyi onları yedirtmək üçün yox, öz qürurunuzu doyurmaq üçün vermisiz!

Əmirin atı

Birisi əmirdən at istədi:

- Ya əmir, evim çox uzaqdadı, nolar, bir at ver, minim gedim.

- Ata qızırqalanmıram,- əmir dedi, - odey, o çal atı min, get.

- Hansını verirsən ver, ancaq bu at olmasın, ya əmir, - at istəyən yalvardı. - Bu at heç yorğa yerimir. Həm də gedəndə dalın-dalın yeriyir!..

Əmir dedi:

- Nolar ki, sən də atın arxasını öz evinə sarı çevirərsən. Tamah və ehtiras səltənətində onsuz da hər kəs dalın-dalın yeriyir.

Yeyən kimdi, yeyilən kim...

Quş bir soxulcan tapıb dimdiyinə vurdu. Pişiksə kirimişcə quşu pusurdu. Və quş bu fani dünyada yedi də, yeyildi də...

Sən demə, dünyada yeyənlə yeyilənin elə bir fərqi yoxmuş.

Göz yaşı

Şagird müəllimin ağladığını görəndə özü də oturub ağlamağa başladı. Səs-səsə verib ağlaşırdılar, ancaq şagird bilmirdi ki, müəllimi ağladan nədi...

Müəllim ürəyini boşaldıb kiridi. Şagird də susdu. Onda müəllim ona belə dedi:

- Nə qədər ürəkdən ağlasan da, səmimi deyilsən. Çünki səni ağladan səbəb yoxdu, səninki ancaq yamsılamaqdı. Sənin göz yaşların mənim göz yaşlarıma qarışa bilməz, çünki onları sən özün qondarmısan. Ürəyində doğulmayan göz yaşlarıyla öz günahlarını suvarma!..

Məcnun

Leylinin dərdindən Məcnunun bədəni görünməz oldu. Üzüqoylu səhraya döşəli qalmışdı, damarlarında qanı qaynayırdı. Bir həkim rəhmə gəlib Məcnunun quru qaraltısına əlac eləmək fikrinə düşdü. Buyurdu ki, gərək xəstədən qan alınsın. Dəllək gəldi. Məcnunun qolunu bərk-bərk sıxıb damarını çərtmək istədi. Məcnun dəlləyin əlini itələyib:

- Çıx get, - dedi, - sənin həkimliyin mənə gərək deyil!

Dəllək dedi:

- Səhrada aslanları başına yığan sən deyildinmi?! İndi bir qaşıq qanındanmı qorxursan?..

- Yox, məni qorxudan bu deyil, - Məcnun dedi, - mənim daş səbrim çox ağrıya güc gəlib. Ancaq sevgim qanımın hər damlasına hopandan Leyli ilə mənim aramdan pərdə götürülüb. Odu ki, qorxuram ülgücünlə sevgimi yaralayasan.

Alın yazısı haqqında hekayə

Birisi hasardan aşıb özgənin bağına təpildi, acgözlüklə döşəndi meyvələrin canına. Bağ yiyəsi bunu görüb:

- Oğru lələ, - dedi, - gözümün qabağında arsız-arsız bağımı talan eləyirsən, ancaq utanıb-qızarmaq, ya rüsxət istəmək heç ağlına da gəlmir. Məndən qorxmursansa, heç olmaya Allahdan qorx!

- Mənim nə günahım var, - oğru dedi. - Mən Allahın quluyam. Bu meyvələri bizə Allah verib. Mənim bura gəlməyim də ancaq Allahın işidi.

Bağ yiyəsi dedi:

- Nə deyirəm, ola bilsin, sən haqlısan. Əgər dünyada hər işi Allahın adına yazmaq olarsa, onda mən Allahın qəzəbinin icraçısı kimi səni - Allahın günahkar bəndəsini Allahın ağacına sarıyacam!

Bağ yiyəsi dediyi kimi də elədi, sonra da bir ağac götürüb döşəndi oğrunun canına. Oğru qışqırmağa başladı:

- Aman, neyləyirsən, əl saxla! Heç nəyin üstündə Allahın yaratdığına əl qaldırıb özünü günaha batırma!

Bağ yiyəsi də belə dedi:

- Bu dərsi mən səndən aldım, oğru lələ. Burda sənin məntiqindən qıraq nə var ki - Allah bəndəsi Allahın ağacıyla Allah bəndəsini döyür. Mənim qəzəbim də, əllərim də, sənin cəmdəyin də, bu ağac da - hamısı Allahındı!

Sufilərin sevgisi

Divardan asılan boş torbanı görcək sufi göz yaşı tökməyə, yaxasını yırtıb-dağıtmağa başladı.

- Yalnız sənsən məkrdən, xəyanətdən uzaq olan, - dedi sufi, - dilənçilərin şahlığı, dərdlərin dərmanı yalnız səndədi!

O biri sufilər də öz xilaskarlarını görmək üçün axışıb gəldilər. Gah güldülər, gah hönkürdülər, boş torbaya dünyanın görünməmiş təriflərini dedilər.

Qıraqdan baxan birisi heç nə anlamayıb soruşdu:

- Boş torbanı nədən belə öyürsüz?

Dedilər:

- Naşı adam, xəyallarının ardınca gedə bilmirsənsə, bizdən uzaqlaş! Sən yalnız ələ gələn şeyləri görürsən. Sevən adam sevgisini gözləriylə yox, xəyallarıyla görür.

Qaranlıqda filin minbir sifəti

Fili bir qaranlıq otağa salmışdılar. Bu vilayətdə fil görünmədiyindən hamı filə baxmaq üçün axışıb gəlirdi. Ancaq otaqda göz-gözü görmədiyindən hamı filə əl gəzdirməklə onun necəliyini bilmək istəyirdi. Kimsə filin xortumuna əl çəkib dedi:

- Lap su borusuna oxşayır.

Bir qadınsa əlini filin qulağına çəkdi:

- Nəsə palaz kimi bir şeydi, - dedi.

Filin ayağına ilişən birisi də qayıtdı ki, nə isə sütuna oxşayan bir heyvandı.

Bir başqası filin sağrısına əl gəzdirib:

- Bu fil deyilən nədisə, lap şah taxtına bənzəyir! - dedi.

Bir cavan dedi:

- Əlif kimi dümdüzdü.

Bir qoca da:

- Lap “Dəl” kimi əyridi.

Bircə şam işığı bəsiydi ki, onlar filin nə olduğunu, necə olduğunu görsünlər.

Dörd sözün bir anlamı, yaxud ürəklərin dili

Türk, fars, ərəb və yunan küçə ilə gedirdilər. Yoldan keçən bir xeyirxah onlara bir dirhəm bağışladı. Fars dedi:

- Gəlin bu pula anqur alaq.

- Anqur nəyimizə gərəkdi, - ərəb dedi, - gəlin eynab alaq.

- Heç hay-küy salmayın, - türk işə qarışdı, - anqur da, eynab da özünüzə qalsın, biz bu pula üzüm alacağıq!

Yunan da özünü saxlaya bilmədi:

- Eh, ondansa gəlin stafil alaq.

Bir qalmaqal başladı ki, gəl görəsən. Bilgisiz adamlar bir-birilərini şil-küt elədilər, xəbərləri də olmadı ki, hamısının istədiyi eyni bir şey - üzümdü; bilmədilər ki, o bir dirhəm onların hamısını istəyinə çatdırar. Bir-birini başa düşməyənlərin dilini bilən, ürəklərin istəyini oxuyan bir kimsə çıxsaydı qarşılarına, o yazıq, o bilgisiz, bir-birinin qanına boyanan adamlar bilgi çırağının bircə közərtisiylə düşmənçiliyi bir yana atıb əmin-amanlıq və barışıq sarayının qapısına üz tutardılar.

Dirilərin qəbri haqqında hekayə

Bir cavan ağı deyə-deyə atasını son mənzilə yola salırdı:

- Niyə bu gözəl ev-eşiyini atıb döşəməsiz-xalçasız bir evə gedirsən, ata? Bu işıqlı dünyanı qoyub əbədi qaranlığa, əbədi sıxlığa, boğanağa nədən ötrü gedirsən? Orda dörd yanın daş-torpaq olacaq, plov nədi, heç bir dilim çörək, bir əlcə yuxa da tapmayacaqsan. Orda qaranlığı dağıdan çırağın da olmayacaq, işıq alıb işıq göndərən pəncərən də olmayacaq. O qapısız-pəncərəsiz, damsız-divarsız evdə qonşuların da eşitməyəcəklər səni. Orda bir içim su da tapmayacaqsan. Orda gözəlliyin köhnə paltar kimi əynindən çıxacaq...

Beləcə sadalaya-sadalaya oğul dizinə döyüb ağlayırdı. Atasıyla birgə başsağlığı verməyə gələn Cuxa oğlanın ağısını eşidib bərk həyəcanlandı, qorxa-qorxa atasına pıçıldadı:

- Allaha and olsun, bu ölünü bizim evə aparacaqlar!

- Kəs səsini, axmaq! - atası acıqlandı.

- Bu oğlan axı bayaqdan bizim evin əlamətlərini sadalayır, ata! Döşəməsiz-xalçasız... plov nədi, bir dilim çörəksiz, bir əlcə yuxasız. Görərsən, indi bu ölünü bizim evə aparacaqlar... O evə ki, hansı günahlarımıza görə isə bu dünyanı bizim qəbrimizə döndərib!

Əvvəlcə kimi öldürməli?

Quldurlar bir kəndin altını üstünə çevirdilər, ancaq əllərinə keçən vur-tut ikicə qoca oldu. Qocalardan birini dirəyə sarıyıb əzabla öldürmək istədilər. Günahsız qoca dilə gəlib yalvarmağa başladı:

- Ey məmləkətin dayaqları, mənim kimi ac-yalavac bir qocanı öldürməkdən sizə nə fayda?

- Sənnən bizim düşmənçiliyimiz yoxdu, - dedilər. - Səni öldürməklə o biri qocanın gözünü qorxutmaq istəyirik ki, qızılların yerini açıb desin bizə.

Qoca dedi:

- İnanın, o məndən də yoxsul, kimsəsiz bir qocadı, hardandı onun qızılı?

- Yalan deyir, - o biri qoca dilləndi, - onun var-dövləti çoxdu, hamısını gizlədir!

Əl-qolu sarılmış qoca dedi:

- Mən elə bilirdim ikimiz də yoxsuluq... Bir halda ki, siz mənim yox, qonşumun sözünə inanırsınız, onda birinci onu öldürün ki, mən də qorxudan xəzinənin yerini açıb deyim.

Korun itə öyüdü

Bir kor çəliyini əlində oynada-oynada üstünə hürən itdən qorunmaq istəyirdi. Axırı yorulub əldən düşdü, təslim olub iti öyməyə başladı:

- Ey ov meydanının qaplanı, quşların müftisi, amandı, məni parçalama. Sənin qardaşın çöllərdə quş qovur, sənsə burda mənim kimi kor dilənçilərə hərəmşiyirsən. Sən burda mən bədbəxtin izinə düşmüsən, meşələrdə isə vəhşilər qorxusuz-hürküsüz ağalıq eləyir.

Təlxəyin şortuya evlənməsi

Sultan əyilib təlxəyin qulağına pıçıldadı:

- Əzizim, niyə gedib çöldə qalmışın birinə calanırdın? Tələsməsəydin, mən sənə bir ismətli qız alardım.

Təlxək dedi:

- Sənin gözünün qabağında doqquz dəfə qız almışam, hamısı da sonradan yolundan azıb məni dərdə salıb. Şortuyla evləndim ki, ona ailənin, halallığın nə olduğunu dadızdırım, ola bilsin, o öz pozğunluğundan cana doyub və bəlkə də ismətin qədrini sənin “ismətli” dediklərindən daha yaxşı bilər... Ağlımın apardığı yolda mən yalnız bədbəxtliyə ürcah gəldim, indi də ağılsızlığın izinə düşüb gedirəm.

Qaranlıqda şiri sığallayan

Bir gecə şir tövlənin bacasından girib bir kişinin cöngəsini yedi. Sonra da cöngənin yatdığı yerə yıxılıb toxluqdan xumarlanmağa başladı. Gecəyarısı kişi cöngəni yoluxmağa getdi. Qaranlıqda şiri cöngə hesab eləyib tumarladı. Şir öz-özünə düşündü: “Allaha şükür elə ki, qaranlıqdı, yoxsa qorxudan bağrın yarılardı”.

Müdrik adam, mahiyyətinə bələd olmadığını sığallamağa çox da tələsmə, qaranlıq dağılanda hər şey bəlli olacaq.

Biliklərin ən dərini xeyirxahlıq, yaxud ən böyük xeyirxahlığın anası bilik

Öz qulunun kimliyini dərk edəndən bəri sahibi Loğmandan bir an belə gen durmurdu. Loğman olmayan yerdə kişinin boğazından su da keçmirdi. Yeməyin yaxşısını quluna verib, özü artığını yeyirdi. Loğmanın yemədiyinə o da dilini vurmazdı. Hərdən ortaya gələn yeməkləri eləcə buğlana-buğlana itlərin qabağına tökərdilər. Loğmansız yeyilən ən dadlı yeməkdən də o heç ləzzət almazdı.

Bir gün tacirə yemiş göndərmişdilər. Qul o dəm süfrə başına çağrıldı. Tacir yemişi dilimləyib Loğmana verirdi, Loğman da o dilimləri dünyanın ən dadlı, ən şirin yemişi kimi ləzzətlə yeyirdi. Loğman yedikcə ağası yemişi dilimləyirdi. Axırı kişi dedi:

- Yəqin sən doymusan. Loğman, izn ver mən də bu günahkar ağzımı bir dada gətirim. Sənin yeyişindən görünür ki, yemiş bal kimi şirindi.

Tacir yemişə dilini vurar-vurmaz dünya başına daraldı. Yediyi-içdiyi burnundan gəldi, dodağı uçuqladı, dili suluqladı. Handan-hana özünə gəlib dedi:

- Ay mənim qul ikən dostum, arxam-dirəyim, bir belə zəhəri sən necə həzm elədin, gözümün işığı?! Niyə bu dilimlərin zəhərdən acı olduğunu dilinə gətirmədin?

Loğman dedi:

- Mən ən dadlı tikələri sənin əlindən almışam, ağa. Sənin evində ətə-cana gəlmişəm, sən mənə ağa ikən dost olmusan. Buna görə də səndən gələn acılığı özümə dərd eləmədim. Yemişi verən əlin xeyirxahlığı dilimlərin acılığını unutdurdu mənə. Misi qızıla çevirən, ən dözülməz dərdlərə toy-bayram yaraşığı verən xeyirxahlıq olan yerdə bir yemişin acılığı nəmənədi? Dünyada yalnız xeyirxahlıqla sirkəni şəraba çevirmək olar, tikanların ucunu korşaltmaq olar. Ölümə gedəni mərhəmətlə yola salsalar, cəllad kötüyü ona padşah taxtı kimi görünər. Xeyirxahlıqla buyrulan qul da özünü ağa yerində tutar. Şər bütün zəhmətləri puça çıxarar, xeyirxahlıqsa yalnız BİLİK olan yerdən başlanar.

Hökmdarlara buyruq verəni qul saxlamaq olarmı?

Bir gün bir hökmdar öz müəllimindən soruşdu:

- Ya şeyx, bəlkə sənin yeməyə, geyməyə bir ehtiyacın var?

Müəllim dedi:

- Şah sağ olsun, sənin bu sözlərində ağıl nişanəsi duyulmur. Məgər sən bilmirsən ki, mənim bir cüt qulum yer üzünün bütün hökmdarlarına ağalıq eləyir?..

Şah soruşdu:

- O hansı qullardı ki, onlara qul olmaq mənim də baxtıma yazılıb?

- Bu qullardan biri arzudu, o biri də qəzəb, - müəllim dedi. - Əsl hökmdar öz hakimiyyətindən həzz almayandı. Günəş buludların arxasından çıxanda işığından, istisindən hamıya - şaha da, nökərə də pay düşür.

Yolun ortasında tikanlı kol əkən

Bir kişi yola tikan kolu əkmişdi, gələn-gedənin əl-ayağına batırdı. Kişiyə nə qədər deyirdilərsə, kolu yolun ortasından kəsib atmırdı. Kol da kök atıb böyüməkdəydi. Tikan ayaqyalın dərvişlərin ayağına batırdı, camaatın paltarına ilişib cırırdı. Padşah bunu eşidib tikan əkən adamı hüzuruna çağırdı və dedi:

- Bu dəqiqə get, o tikan kolunu yolun içindən götür!

- Nə deyirəm, - kişi cavab verdi, - bu həftə o kolu köklü-köməcli çıxardıb ataram.

Ancaq dediyinə əməl eləmədi. Günlər ötməkdə, kol böyüməkdəydi. Axırı kişi yenə padşahın hüzuruna gedəsi oldu. Padşah onun bu işindən hirslənmişdi:

- Bədbəxt adam, başa düş ki, gec-tez sən o kolu çıxarıb atacaqsan! Ancaq məsələ uzandıqca köklər bir az da dərinə işləyir. Vaxt ötdükcə adamlar zəifləyir, ağaclarsa güclənir. Bax, sən də o tikanı əkəndən bəri xeyli qocalıb geriləmisən, o kol isə torpaqdan bir az da bərk yapışıb. Başa düş, nə qədər özünü ləngitsən, o kökləri torpaqdan qoparmaq bir o qədər çətin olacaq. Tələs, neçə ki canında təpər var!..

Çay qırağındakı divarı sökən

Çayın qırağında hündür bir divar vardı. Susuzluqdan yanan birisi o divarın başında oturub şırhaşır axan suya həsrətlə baxırdı. Ancaq neyləsin ki, suya əli yetmirdi...

Bir müddət sonra əli dinc durmadı, divarın başından bir kərpic götürüb suya atdı. Çaydan cavab gəldi. Suyun şappıltısı ona ən əziz dostunun şirin ləhcəsini andırdı. Bu səsi yenə eşitmək üçün təkrar-təkrar suya kərpic atmağa başladı. Ona elə gəldi ki, çay ondan bu işin mənasını soruşur. “Mənim bu hərəkətimin, - kişi yorğun-yorğun düşünürdü, - iki faydası var. Biri budu ki, çayın xoş səsi mənim qulağımı oxşayır. Bu səs ölüləri oyadan İsrafil suru kimi mənim ruhuma can verir. Bu səs mənə quraqlıq vaxtı uzaqda çaxan ildırımın səsini andırır. Bu səs yoxsullara verilən sədəqəni xatırladır mənə. Bu səs azadlığa çıxası dustağın çöl tərəfdən qulağına gələn açar cingiltisinə bənzəyir... Suya kərpic atmağımın ikinci faydası da budu ki, divar getdikcə alçalır, mən də həsrətində olduğuma yaxınlaşıram”.

O divar sənin bədənindi, bədənini ram elə ki, qovuşmaq yanğısını ruhunla duyasan. Nə qədər lovğa və boynuuzun olsan, ucalıq qarşısında əyilməyin bir o qədər çətin olacaq. Biz yalnız dizimizi qatlayıb ibadət eləyəndə lay divarları uçurduruq, özümüzlə o müqəddəs duruluq arasında nə varsa, hamısını dağıdırıq. Ehtiraslarımızın divarı nə qədər alçaq olsa, dumduru axına bir elə yaxın olarıq.

Alim, sükançı, gəmi, bir də dəniz

Dilçi alim gəmiyə minən kimi sükançıdan soruşdu:

- Heç ömründə bir yol qrammatika öyrənmisənmi?

- Yox, - dedi sükançı, - nə kitab oxumuşam, nə də sən bilən elmlərə baş vurmuşam.

- Heyif, çox heyif, - alim dedi, - hesab elə ki, yarı ömrünü itirmisən.

Sonra uzaq sahillərə yön tutdular. Yarı yolda fırtına qopdu, gəmi burulğana düşdü. Dənizçi dedi:

- Müdrik adam, üzməyi bacarırsanmı?

- Yox, ömrüm boyu bu işlə məşğul olmamışam!

- Eləysə, müdrik adam, hesab elə ki, bütün ömrünü itirmisən!

Məqamı gələndə ölümü qarşılaya bilmək - elmlərin ən vacibidi. Dənizin dibi yalnız canlıları çəkir, dalğaların üstündə atılıb-düşənlərsə meyitlərdi.

Tikan batmış eşşəyin hekayəsi

Eşşəyin quyruğunun altına tikanlı kol ilişmişdi. Yazıq canının əlində qalmışdı, bilmirdi kimi köməyə çağırsın. Gah soncuqlayırdı, gah da ağnayırdı, ağnadıqca tikanlar bir az da dərinə işləyirdi. Eşşəyin anqırtısı aləmi başına almışdı, axırı kimsə dözə bilməyib biçarəyə bir təpik vurdu, tikan kolu da təpiyində gəldi. Çətinə düşəndə bizi tikandan qoruyan təpiklərə eşq olsun.

Ustanın çəpgöz şəyirdi

Usta şəyirdinə dedi:

- O biri otaqdakı qapı arxasında olan qabı bura gətir.

Şəyirdin gözləri çəpiydi, ona görə də otağa girəndə iki qab gördü. Ustadan soruşdu ki, qabın hansını gətirim?

Usta dedi:

- Bizim bir qabımız var, onu sənin gözlərin iki görür!

Çəpgöz yenə dediyindən dönmədi ki, yox, burda iki qab var, de görüm, hansını gətirim? Usta işi belə görüb dedi:

- Eləysə, qablardan birini sındır!

Şəyird onun dediyi kimi elədi, qabın biri çiliklənən kimi o biri də gözdən itdi. Şər və ehtiras yüklü adamlar da bu çəpgözə bənzəyirlər; şərdən, ehtirasdan gözlər əyri görür, baxışlar dumanlanır və bütün həqiqətlər gözümüzə iki görünür. Tamah ucbatından günaha batmaqdansa korluqdan əzab çəkmək yaxşıdı.

Baqqal və tutuquşunun hekayəsi

Bir baqqal öz tutuquşusuyla yamanca öyünürdü. Tutuquşu dükanın girəcəyini kəsdirib gəlib-gedəni gözdən qoymurdu, öz nitqiylə hamını əyləndirirdi. Baqqal bir yerə gedəndə dükanı tutuquşuya tapşırırdı.

Bir gün yenə baqqal dükanı quşa tapşırıb aralandı. Tutuquşu adəti üzrə piştaxtanın üstündə, ayın-oyunun arasında yerini rahatlamışdı ki, kisələrin daldasından çıxan pişikdən ürküb yağ dolu qabı aşırdı. Baqqal dönüb dükanın yağ gölünə qərq olduğunu gördü, məsələdən halı olub acığından tutuquşunun kəkilini yoldu. Keçəlləşmiş quş dərdindən yeməyi, içməyi, bunlar bir yana, danışmağı da tərgitdi. Bunu görən baqqal vay-şivən salıb saçını-saqqalını yoldu:

- Evim yıxıldı, ay aman! Kaş sənin dilini batıran yerdə əlim quruyaydı!

Dərvişlərə ənam payladı ki, bir əməl işlədib quşun dilini açsınlar. Tutuquşu üç gün susdu. Baqqal quşun sağına-soluna keçib tumarlayırdı, xoş sözlər deyib qılığına girirdi ki, bəlkə köməkçisinin dili açıla. Ancaq tutuquşu dinmirdi ki, dinmirdi...

Üçüncü gün dükanın yanından bir keçəl kişi keçirdi. Birdən tutuquşunun dili açıldı:

- Ay keçəl kişi, de görüm, sənin kəkilini kim yolub, sən kimin yağ şüşəsini aşırmısan?

Dükanın yanındakılar tutuquşunun özünü dərvişə tay tutmasına o ki var gülüşdülər. Elə sözlər var ki, yazılışı birdi, ancaq mənaları yerlə göy qədər fərqlənir. Boğazacan günah içində olanlar bir də görürsən özlərini peyğəmbərə tay tuturlar: biz də o cür adamlarıq, nə bilim, biz də onlar kimi yeyirik, içirik, yatırıq... Ruhunun kor gözləriylə o, ucalıq və heçnəlik arasındakı uçurumu görmür. Eyni bir çiçəkdən ilan zəhər çəkir, arı bal yığır. Dərədə iki cins ceyran otlayırdı, yeygiləri bir-birindən seçilmirdi, ancaq birindən ətirli müşk aldılar, o biri isə peyindən savayı heç nə vermədi. Qamışlar da bir-birinə bənzəyir. Ancaq birinin içi şəkərlə doludu, o biri isə bomboşdu. Belə misallar çoxdu, ağıllı insanın ömrü uzandıqca gizli mənalar açılır.