Mən bir əsir idim, azad olmaq istədim

(İxtisarla)

AZADLIQ VƏ FİKİR AYRILIĞI

- Ustad! Sizdə fikir ayrılığı yoxdur?
- Nə qədər desən var! Azadlıq olan yerdə fikir müxtəlifliyi çox təbiidir.
- Bəs bu, ölkənin idarə olunmasını çətinləşdirmir?
- Heç də yox. İdarə etmək sənəti elə fikir müxtəlifliyi olan yerlərdə özünü göstərir.





Əsl hünər - sərbəst insanları idarə etməkdir. Gözləri, əli, qolu, ağzı, beyni bağlı insanları hər bir adam idarə edə bilər.
- Ustad, söylədikləriniz məni lap heyrətləndirir.
- Bilirəm, buna alışmamısan! Axı istibdad hakimiyyəti altında böyümüş insanlardansan. Susdurmaq, donuq saxlamaq, vətəndaşların ağızlarını, gözlərini, qulaqlarını, beyinlərini bağlamaq istibdadın idarəçilik sistemidir. İstibdad üsulu öz qurtuluş və varlığını bu sistemdə tapar. Ancaq sonadək uğur qazanan istibdada rast gəldinizmi?
- Yox, bu üsul hər gün yıxılmaqdadır. Tarix və millətlər azadlıq yoluna qədəm qoyublar.
- Onun səbəbi budur ki, azadlıq sevgisi insanın ayrılmaz keyfiyyətidir. Həbsxanaya salınmış bir qatil, bir oğru dustaq həyatından qurtulmağı necə istərsə, zülm altında olan bir mühit də, nə qədər biliksiz, nə qədər pozulmuş olsa da, yenə qurtuluş axtarar. İstibdad məhz bu arzunu öldürmək üçün işgəncəyə əl atır, ancaq yenə istəyi doğrulmur. Axı insan mahiyyətcə düşünən bir varlıqdır. Onun görən gözləri var, eşidən qulaqları var, fikir yürüdən başı var, duyan qəlbi var. İstibdad hansı yola əl atır - atsın, yenə bu özəllikləri insandan ala bilməz. Görən, eşidən, duyan insan öz qərarını verər. Bu hökmün sözlə ifadəsinə, açıqca deyilməsinə istibdad əngəl törədə bilər. Ancaq o zaman dilin yerinə göz və qaş, əl və ayaq, sözün yerinə mənalı işarələr və eyhamlar, açıq fikir yerinə pıçhapıç, dedi-qodu yer tutub yayılar. Bütün bunlara yeri-yurdu bilinməyən, yarı-yalan şayiələr, söyləntilər, uydurmalar qarışar. Nəhayət, dəniz dalğaları kimi qarşısıalınmaz və bu başdan o başa axan çirkab dolu, murdar bir axın təmiz havanı korlayar və öz üfunətində həm cəmiyyəti, həm də hakimiyyəti boğar! Gerçəyə baxanda, düşüncə və duyğularını açıq səsləndirməyən bir cəmiyyət hər dəqiqə öz içində boğulmaqdadır və həmin cəmiyyət günlərin birində, əlbəttə ki, partlayacaq.
İdarəçiliyin amacı heç də cəmiyyəti partlatmaq deyil! Əksinə, cəmiyyəti ruhlandıran, yaşamaq sevinci və həvəsi aşılayan bir mühit hazırlamaqdır. Filan adam idarəedənlərin işlərini tənqid edirsə, qoy etsin! Daha yaxşı! Bu tənqid köklü tənqiddirsə, idarəedənlər ondan faydalanıb səhvlərini düzəldərlər. Yox, əsassız tənqiddirsə, olsun, sadəcə işlərinə yaramaz! Ancaq doğru olsun, yanlış olsun, - vətəndaşa öz ürək sözünü söyləmək imkanı mütləq verilməlidir. Bu, istər vətəndaşlar, istərsə idarəçilərin özləri üçün bir təhlükəsizlik qalxanıdır.
- Ancaq ustad, burada incə bir nöqtə var. Bəlkə indi söylədiyiniz özəlliyə vətəndaşlar hələ yiyələnməyib, onda necə? Yaxşı bilirsiniz ki, belə hallarda ara qarışır, dövlət və ölkə üçün fəlakət ola biləcək qarışıqlıqlar baş verir.
- Doğrudan da, incə nöqtəyə toxundunuz. Ancaq bir sualım var: suya girmədən üzməyi öyrənmək olarmı? Heç söz yox, üzməyi bilməyənlərin bəziləri boğulur. Amma sonda hamı üzməyi öyrənir!
- Ancaq suya ilk dəfə girən hər bir adam eyni təhlükə ilə üzləşmir?
- Bəli, üzləşir. Bax, məsələ də bundadır ki, idarəçilərin hünəri özünü göstərir. Adamları boğdurmamaq üçün çox üsullar var: kəndir sallayırsan, nərdivan qurursan, üzgü vasitələri verirsən və s.
- Ustad, xahiş edirəm, daha açıq anladın.
- Lap yaxşı!..

AZADLIQLA ƏXLAQ ARASINDAKI FƏRQ

Ustad soruşdu:
- Öncə bir şey soruşum: Azadlıqla əxlaq arasında sıx bağlılıq olduğunu qəbul edirsənmi?
- Qəbul edirəm!
- O halda məsələni çözmək asandır. Azad və sərbəst idarə üsulunun başına keçənlər, təbii ki, bu üsulu həvəslə mənimsəyirlər. Elə həmin idarə üsuluna hamıdan çox xidmət etdiklərinə görə də başçılığa yüksələ bilirlər. Deməli, yeni idarəçiliyi yayıb möhkəmlətmək vəzifəsi hər kəsdən çox onların boynuna düşür.
Ancaq aydındır ki, bu vəzifənin lazımınca gerçəkləşdirilməsindən ötrü həmin vəzifəni tutanlar xalqın gözündəki nüfuz və dəyərlərini qoruyub artırmalıdırlar. Bu, birinci şərtdir. Elə ona görə də həmin şəxslər, hər şeydən öncə, bu qiymət və nüfuzu zəiflədəcək, özlərini azacıq da olsa nüfuzdan salacaq hər cür davranış və əməldən çəkinməyə borcludurlar.
Azadlığa doğru addımlayan bir millətin önündə belə rəhbərlər varsa, o millət artıq ən möhkəm dayağını tapmış sayıla bilər. Rəhbərlərə sayqı və inam bir ölkənin güvənliyini qoruyan başlıca sipərdir. Belə cəmiyyət hər cür qarışıqlığa asanlıqla sinə gələ bilər.
Düzdür, həmin rəhbərlərə də dil uzadan alçaqtəbiətli insanlar tapılır. Ancaq onların qorxusu yoxdur. Rəhbərlərinə inanan sağlam cəmiyyət belə halları asanlıqla çözür.
Azadlıq tarixini araşdıranlara məlumdur ki, azadlıq üçün ən böyük təhlükə onu aradan qaldırmaq istəyənlərin rəhbər vəzifələri ələ keçirməsi və haqlı tənqidlərə meydan verməmələri olub. Çünki mənəvi vasitələrlə dəyər və nüfuzlarını saxlaya bilməyən rəhbərlər maddi vasitələrə, zorakı idarəçiliyə əl ataraq, haqlı tənqidləri susdurmaq üçün istər-istəməz hədə-qorxu yolunu tutarlar.
Başqa sözlə, bu adamlar özü-özlərini, dayandıqları əsasları, vaxtilə istibdada qarşı faydalandıqları silahları danmağa başlayarlar. Bax, o zaman azadlıq hər cür məna və anlayışını itirərək, xalqın gözündə müqəddəs görünməz. Azadlıq üçün ən acı və faciəli vəziyyət, bax budur!
Unutmaq olmaz ki, azadlığın ilk qurucuları bir növ missionerdirlər və yalnız sözdə deyil, işdə də xalqa azadlıq işığı verməyə borcludurlar. İlk qurucuların vəzifələri hər yerdə və hər zaman ağır olub, çətinliklərlə üzləşib. Axı azadlıq da bütün inanclar kimi fədakarlıq umar, qurban istəyər. Azadlığı sevənlər buna qatlaşmağa məcburdurlar.
Fədakarlıq varsa, demək, vətəndaşların ictimai və siyasi tərbiyələri başlanıb. Öncə söylədiyim kimi, hər yerdə və hər zaman xalq kütlələri özünü kiməsə bənzətməyi xoşlayar və xüsusən də sayıb-seçdikləri rəhbərlərə oxşamağa çalışarlar. Üstəlik, həmin rəhbərlərin qurduğu ailə və məktəb tərbiyəsinin də təsirini nəzərə alsaq, millətin ictimai tərbiyəsini təmin edilmiş saymaq mümkündür.
Ustadı get-gedə daha diqqətlə dinləyirdim. Onun söylədiyi sözlər xəyalımda ümidverici, sevincli üfüqlər açırdı. İndiyəcən yan-yörəsi tikanlı kollarla qapalı görünən azadlıq yolu, artıq işıqlanmağa başlamışdı. Ancaq özüm istəməsəm də, ustadın sözlərini yarımçıq kəsməyə məcbur oldum:
- Ustad, sözlərinizi acgöz-acgöz dinləyirəm. Amma bu gün bizi parlamentə çağırıblar, axı. İndi getmək vaxtıdır. İcazənizlə, söhbətimizi elə burada saxlayaq!
Pirlər sağollaşıb çıxdılar. Mən də tanışlarımla birgə parlamentə getdim.
Parlament düz şəhərin ortasında, geniş bir meydanda yerləşirdi. Meydan boyunca uca binalar sıralanmışdı. Soruşub bu binalarla maraqlandım. Biri antik abidələr muzeyi, digəri panteon, üçüncüsü ümumi kitabxana, dördüncüsü isə incəsənət muzeyi imiş. Panteonun üzərində qızıl hərflərlə bu sözlər yazılmışdı: "Sərbəst ölkənin böyük övladlarına minnətdarlıq abidəsi". Mənə izah edəndən sonra anladım ki, sərbəst ölkənin yetirdiyi bütün böyük adamlar burada uyuyurlar. Sən demə, əhali hər gün dəstə-dəstə buraya gəlir və orada əbədi yatan böyük adamların ömür yolundan, ölkə qarşısındakı xidmətlərindən balaca uşaqlara söz açırmış.
Geniş yol bizi mərmər sütunlu binaya aparırdı. Yolun hər iki tərəfinə qadın və kişi heykəlləri düzülmüşdü. Başçımızın verdiyi izahata görə, bunlar Parlamentdəki xidmətləri ilə özlərini tanıtmış parlament üzvlərinin heykəlləri imiş.
İkinci mərtəbədə geniş bir lojaya girdim. Qonaq evindəki tanışlarımın hamısını orada gördüm. Aşağıda, böyük bir salonda amfiteatr şəklində sıralanmış, təxminən 400 kresloda məclisin üzvləri oturmuşdular. Onlar parlament sədrinin gəlməsini gözləyirdilər. Rəyasət heyətinin arxa tərəfində bir əlində dəfnə yarpağı tutub o biri əlini irəliyə doğru uzadan, mərmərdən yonulmuş bir qız heykəli vardı. Bu heykəl sərbəst ölkənin simvolu idi. Yuxarıdakı lojalar ağzınacan dolmuşdu. Başçımız anlatdı ki, hər gün belədir və bu ölkədə parlament bir növ xalq universitetinə çevrilib. Müxtəlif məsələlərlə bağlı mübahisələri dinləmək üçün hamı bura can atır.
Həmin gün Büdcə qanunu müzakirəyə çıxarılacaqdı. Sərvət üzərinə mütərəqqi bir verginin qoyulması haqqında hökumətdən gələn təklif qızğın mübahisələr doğuracaqdı.
Parlament rəisi gələn kimi, iclasın başladığını bildirdi.

PARLAMENTDƏ NƏLƏR GÖRDÜM?

Bəstəboy, şişman bir adam kürsüyə çıxdı. Dəstə başçımız qulağıma əyilərək: "Maliyyə naziridir, məşhur maliyyəçidir" - dedi.
Nazir əlində tutduğu bir topa kağızı önünə qoyaraq, öz layihəsini açıqlamağa başladı. Sonra müxtəlif nəzəriyyə və sistemlərdən bəhs edərək, sərvət üzərinə mütərəqqi vergi qoyulması ehtiyacını anlatdı.
İstər məclis üzvləri, istərsə lojalarda əyləşənlər çox diqqətlə, səssizcə dinləyirdilər. İzahat bitər-bitməz iki nəfər söz istədi. Onların kimliyini soruşdum. Başçımızın söylədiklərindən anladım ki, məclisdə mərkəzçi, sağçı və solçu olmaqla üç partiya varmış. Həm də millət vəkili olan maliyyə naziri mərkəzçi partiyaya mənsubmuş. Ölkədəki ənənəyə görə, hər bir partiyanın ayrı-ayrı elmlərdə ixtisaslaşmış çoxlu mütəxəssisi olduğundan, hər bir məsələ müzakirəyə çıxarılanda, partiyanın adından yalnız həmin mütəxəssislər söz söylərmiş. Digər partiya üzvləri öz davranış və rəyləri ilə çıxışçını müdafiə edərlərmiş.
Sağçı partiyanın sözlüsü nazirin bəyanatını şiddətli tənqidə tutaraq, layihənin rədd olunmasını tələb etdi. Solçu partiyanın çıxışçısı isə nazirin açıqlamasını bəyənməklə bərabər, layihəni yetərli saymadı. O, nazirin qəbul etdiyi vergi rəqəmlərini və vergi nisbətini lazım olduğundan az hesab edərək, layihənin bu baxımdan düzəlişi üçün yenidən komissiyaya qaytarılması təklifini irəli sürdü.
Nazir bir daha kürsüyə çıxaraq, tənqidlərə bircə-bircə cavab verdi və layihənin olduğu kimi səsə qoyulması üzərində dayandı.
Bu dəfə partiyaların digər mütəxəssisləri də söz alıb kürsüyə çıxdılar. Diqqətimi çəkən o oldu ki, müzakirələr zamanı xırdaca bir qızğınlığa da yol verilmədi. Çıxışçılar mövzudan yayınmır, söylənən fikirləri, vergi sistemlərini var qüvvə ilə müdafiə və ya tənqid etsələr də, bir-birlərinə qarşı çox sayqılı davranış göstərirdilər. Heyrət məni götürmüşdü. Yanımdakı tanışıma dedim:
- Necə qəribədir! Heç hirslənib özlərindən çıxmırlar. Azacıq da olsa, bir-birinin şəxsiyyətinə toxunmurlar.
- Elədir, mən də mat qalıram.
Sən demə, başçımız bizi eşidirmiş. Gülümsəyərək bildirdi ki, "niyə hirslənməlidirlər axı? Atalarının malını bölüşdürmürlər ki. Hamısının bir məqsədi var - ölkəyə xidmət! Və hər kəs digərinin gözəl niyyətinə, səmimiyyətinə arxayın olduğundan, qızışıb özündən çıxmağa səbəb yoxdur."
Bu cavabı dinlərkən yenə öz ölkəmi xatırladım. Və yenə öz ölkəmin əvəzinə qızarıb xəcalət çəkdim.
Müzakirə davam edirdi. Başçımız bizə doğru əyilib dedi:
- Büdcənin müzakirəsi hələ iyirmi gün sürəcək. Hələ iyirmi gün parlament üzvləri gecə-gündüz çalışacaq! Yenə dinləyəcəksiniz?
Artıq axşam düşürdü. Başçımızın getmək istədiyini anlayıb biz də ayağa qalxdıq.


UNİVERSİTETDƏ

Ertəsi gün bizi universitetə və kimya institutuna aparacaqdılar.
Universitet şəhər içində şəhərə bənzəyirdi. Dünyanın hər yanından gələn 16 min tələbəsi və alimlik şöhrəti hər tərəfə yayılmış 150 professoru vardı. Kitabxanasında 400 min cilddən çox kitab toplanmışdı. Saray kimi işıqlı salona girdiyimiz zaman gördüyümüz mənzərə bizi mat qoydu. Yüzlərcə tələbənin başı oxumağa qarışmışdı. Təkcə istəmək bəs idi ki, istənilən kitabı üç dəqiqənin içində tapıb verirdilər. Kitabları bəzən ikinci, üçüncü mərtəbədən gətirirdilər. Kitabın adı yazılmış kağız parçası maşın vasitəsi ilə yuxarıya göndərilir və bir dəqiqə sonra həmin kitab öz-özünə sürüşüb xüsusi oyuqdan çıxırdı.
Cərrahiyyə otağında, fizika və kimya laboratoriyalarında müəllim və tələbələr cərrahlıq öyrənir, araşdırma və sınaqlar aparmaqla məşğul olurdular. Burada bir yerdə insan meyidinə baxıb, bədən üzvlərini öyrənir, bir başqa yerdə kəllə sümükləri üzərində sınaq keçirir, üçüncü bir yerdə meymunların qanı üzərində təcrübə aparırdılar. Bir sözlə, bu əzəmətli binanın hər tərəfində gənc nəsil ağsaçlı müəllimlərin rəhbərliyi ilə çalışmaqda, həyata hazırlanmaqda idi.

İNSTİTUTDA

Universitetdən sonra kimya institutuna getdik. Bu institut sözün tam mənasında bir möcüzə aləminə bənzəyirdi. Ağ önlüklü, iri gözlüklü, ağsaçlı müəllimlər yan-yörələrindəki minlərcə şüşənin, çeşid-çeşid alətlərin, yanan və fışıldayan külçələrin içində qədim sehrbazları xatırladırdılar. Tələbələr xırdaca qabların içində nə isə əzir, müəllimə göstərirdilər. Müəllim həmin qablara şüşələrdən nə isə tökən kimi bir qaynaşma, bir parıltı başlayır və alov səngiyəndən sonra səpilən tozun yerində büllur kimi bir maddə yaranırdı.
Başqa bir tərəfdə bir başqa müəllim elektrik sınaqları keçirirdi. Bir başqa yerdə isə hamının diqqəti cürbəcür qaz istehsalına yönəlmişdi.
Başçımız mənə doğru əyilib dedi:
- Tanıdığımız alınma qazlar burada hazırlanır. Bax, o balonları görürsən? Hamısı qazla doludur. Həmin qazı da bu balaca, çəlimsiz adam kəşf edib. Həyatının 30 ilini qazların tədqiqinə verib.
Mən heyrətlə bu arıq adama baxdım və o cür balaca başdakı beyinin böyüklüyünə mat qaldım.
Sanki arı pətəyinə düşmüşdüm. Bu sahədə çalışan adamı, həm də vurğunluqla çalışan adamı heç görməmişdim. Yəqin bu üzdən də yorğunluq duyub, yanımdakı tanışıma dedim:
- Əzizim, mən yoruldum, daha dözə bilmirəm. Gördüklərimdən sarsılmışam. Gəl açıq havaya çıxıb, bir az özümüzə gələk.
Sən demə, tanışım da elə mənim halıma düşübmüş. Oradan çıxaraq, institut bağındakı skamyalardan birinə tirtab düşdük. Tanışım barmağı ilə ətrafda qaynaşan insanları göstərib: "səy və bilik gör nələr yaradır. Bax bütün bunlar azadlığın bəhrəsidir!" - dedi.
- Amma bir iş var, əzizim. Adam bilmir ki, azadlıq bu meyvələri yetirib, yoxsa meyvələr azadlığı doğurub... Bu məsələ çözülməlidir.
- Bütün hallarda azadlıq əsasdır. Onsuz səy və biliklərimiz boşa gedər, yayılmaz. Buna ən yaxşı sübut azad olanlarla olmayanlar arasındakı fərqdir. Yəni tənqid və sərbəst düşüncədir. Bax, o düşüncə hər cür biliyə yol açar, boş əqidələri beyindən atar, yanlış yollardan qoruyar, səhvləri düzəldər, fəaliyyəti doğru yola yönəldər. Dünəndən bəri gör neçə ayrıca və bir-birini tamamlayan nəzəriyyələr dinlədik. Səy və bilikləri doğru yola yönəldən mübahisələrin şahidi olduq. Deməli, aydındır ki, bu ölkədə belə sərbəstlik olmasaydı, heç vaxt indiki qədər irəliləməzdi.
- Ancaq bunu da danmaq olmaz ki, biliklər yayıldıqca, səylər çoxaldıqca, azadlıq da güclənib canlanır.
- Əlbəttə! Təsirlər qarşılıqlıdır. Biliksiz və səysiz azadlıq tam sayılmaz. Belə azadlıq şikəst azadlıqdır. Axı o halda azadlığın özünü yerbəyer etməsi çətinləşdiyi kimi, dolanışıq və güzəran üçün də başqalarına ehtiyac yaranır. Başqalarının fikri, elmi, sənayesi səni öz təsiri və nüfuzu altına salır. Bu da o demək deyil ki, tam azadsan. Xoşbəxt o yerlərdir ki, həm azaddır, həm də özü düşünüb, özü yaradır. Yaratmaq qabiliyyəti olmayan ölkələr adətən, belə yerlərin təbəəsinə çevrilir. İstər-istəməz, onlara ödənc verməyə, vergi ödəməyə məcbur qalır.
Yaratmaq bacarığı uzun müddət sürən sərbəst çalışmanın nəticəsidir. Bax, buna görə də bütün dərdlərin dərmanı azadlıq, azadlıq, yenə də azadlıqdır!
Artıq gecə düşürdü. Qonaq evinə qayıtmağın vaxtı çatmışdı. Bəxtimizdən qısa zaman içində adamı şəhərin hər hansı bir yerinə yetirən metro stansiyası Universitet bağı ilə üzbəüz idi. Oraya getdik.
Elektriklə çalışan enli pillələrlə - eskolatorla aşağı endik. Bir də gördük ki, geniş, təmiz, həm də işıqlı bir dayanacağa çatmışıq. Bircə dəqiqədən sonra qatar gəldi. Önümüzdəki vaqona minib, düz yeddi dəqiqədən sonra qonaq evinin yerləşdiyi küçəyə çatınca düşdük.
Orasını da deyim ki, qatarda nə bilet vardı, nə də nəzarət. Yalnız başçımız metroya girərkən bir qutuya üç ayrı-ayrı jeton atdı. "Burada bilet və nəzarət olmur ki?" - deyə soruşanda:
-Yox, yolhaqqı qutuya atılır! - deyə cavab verdi.
- Bundan sui-istifadə etmirlər?
- Belə hal olmayıb. Önəmlisi - insanlara inanmaqdır. İnam artdıqca, doğruçuluq da artır.
Sonra rəhbər bunu da sözlərinə əlavə etdi:
- Bu qatarlar hər gün 500 min işçi daşıyır.

PİRLƏRLƏ TƏZƏ SÖHBƏT

...gün sonra pirlər yenə gəldilər. Onlardan soruşdum:
- Bu gün söz və yaşayış sadəliyi haqqında Qanunda göstərilənləri bir az açıqlaya bilərsiniz?
- Böyük həvəslə! Bu iki sadəliyə də azad insanlar ölkəsində ayrıca dəyər verilir. İnsanları azadlığın dayağı olan doğruçuluq və səmimiyyətə, qənaətcillik və gözütoxluğa həmin sadəliklər alışdırır.
- Başa düşmədim, ustad! Onda hər iki sadəlikdən ayrıca danışaq.
- Söz sadəliyi deyəndə anlatmaq istədiyin məqsədi aydın şəkildə və uzun-uzadı əlavələrsiz söyləmək nəzərdə tutulur. Tutalım, vəzifə sahibi olan birinə hər hansı bir işimizi söyləyərkən - "Sizə filan işi söyləmək üçün gəldim" - demək daha doğrudur. Ancaq bunun yerinə "yüksək hüzurunuza acizanə diləklərimi yetirməyə cəsarət etdim" - kimi sözlər işlətməyiniz yersizdir.
- Nə danışırsınız, ustad! Ədəbli və tərbiyəli bir adam böyük vəzifəli bir şəxsin qarşısında o cür davranmamalıdırmı?
- Bəli, alışdığınız tərbiyə elə tələb edir. Ancaq sərbəst insanlar ölkəsi kimi demokratik bir yerdə həmin üslub yaramaz və bəyənilməz.
- Bunun nəyi yaramır ki?
- Üz tutduğun adama xoş görünmək üçün yaltaqlıq etməzlər. Özün düşün, heç "yüksək hüzur" ola bilərmi? Hüzur hüzurdur, nə yüksəyi var, nə də alçağı! Sonra "dilək" nə deməkdir? Azad bir ölkədə kimsə kimsəyə diləyini yetirməz, vəzifələrindən və gördükləri işdən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludurlar. "Dilək" deyəndə, aşağıdan yuxarıya üz tutmaq, bir növ, harayını çatdırmaq nəzərdə tutulur; halbuki azad ölkədə aşağıdan, yuxarıdan söhbət gedə bilməz. Üstəlik, bütün bunlara "acizanə" sözünü də artırmaq başdan-başa saxtakarlıqdır. Axı aciz, ya da qadir dilək olmur, dilək elə diləkdir! "Cəsarət" kəlməsi də yersizdir. Çünki haqlı diləyini söyləmək hər bir vətəndaşın haqqıdır. Heç kəs bu haqqı dana bilməz. Bu haqqın tanınması da təbiidir və bunun üçün cəsarətə-filana gərək yoxdur. Açıq görünür ki, bütün cümlə başdan-başa süni və saxtadır. Belə cümləni işlədən hər bir adam özünü alçaldır, qarşısındakını yüksəldir, özünü aciz, qarşısındakını özündən artıq bilir. Bununla da əvvəlcə vətəndaşlar arasındakı bərabərlik prinsipini dağıdır, sonra isə həm özünün, həm də qarşısındakının xarakterini pozur. Və bütün bu alçaltmalara yalnız öz diləyini gerçəkləşdirmək üçün qatlanır. İstibdad zamanı belə davranış təbii sayılır. Çünki o rejimdə haqqa, həqiqətə baxılmaz. Xahişlərin çoxu haqsız olduğu kimi, onların qəbul olunub-olunmaması da vəzifə sahibinin kefinə bağlıdır. Həmin vəziyyətdə vəzifə sahiblərinə yaltaqlanmağı anlamaq mümkündür. Ancaq sərbəst insanlar ölkəsində buna dözmək olmaz!
- Ustad, getdikcə lap mat qalıram. Mən o deyim tərzinə çoxdan alışmışam. İndi dilimi necə dəyişdirəcəyəm?
- Çalışmaq, qeyrət göstərmək lazımdır. Başqa cür mümkün deyil!
- Ancaq ustad, belə xırdaçılığa qədər getmək vasvasılıq deyilmi?
- Yox, yox! Bu xırdaçılıq deyil. Bəlli bir ruhun, bir düşüncənin ifadəsidir. Diqqət yetir! İstibdad üsulu özünəxas danışıq tərzinə bəzək-düzək vermək üçün gör nə qədər çalışıb! Zülmkar rejimdə istər yazı, istərsə danışıq dili çox yüksək, çox bəzəkli, çox görkəmli və əzəmətlidir. Məqsəd də bir tərəfdən xalqı alçaltmaq, ona yazıqlıq, acizlik və qorxu aşılamaq, digər tərəfdənsə zülmkar rejimin özünü əzəmətli, vüqarlı, eyni zamanda qorxunc və dəhşətli göstərməkdir.