Barbara Şup (Barbara Shoup) yazıçı, jurnalist və ədəbiyyat müəllimidir. “Gecə baxışı”, “Burda olmanı istərdim”, “Vermeyerin qızı”, “Vəfalı qadın” və başqa romanların müəllifidir. Marqaret Lav Denmanla birgə “Roman barədə fikirlər” adlı kitab da yazmışdır. B.Şup hal-hazırda ABŞ-da çap olunan “Other Voices” ədəbi jurnalında çalışır.

Həmin yay günlərindən bir il əvvəl, kolleci bitirib, xəritə fabrikində ikinci növbədə işə düzəlmişdim. Hər gün saat ikidə avtobusa minib, fabrikə gedərdim. Yolum uzun idi. Hava həmişə isti, mənsə yorğun olardım. Ona görə avtobusda ürəyim bulanır, gözlərimi yolboyu qapalı saxlardım. Dayanacaqda düşən kimi kiçik parkın qarşısındakı, hər zaman hərəkətli maşın yolunu sürüyərək keçib, özümü fabrikə çatdırardım. İçəri daxil olarkən adamın canına qısamüddətli xoş bir sərinlik yayılardı. Tezliklə, saat üçdə saatımı qurar və ahəngdar səs-küyə qatılaraq xəritələrin çıxıb-yığıldığı nəhəng polad maşınların önündəki dar yolda durub işləyərdim. Pastelli boya ilə çəkilmiş bu gözəl xəritələrdə görmək istədiyin bütün yerlərin əksi vardı.





Mənim işim xəritləri yığıb yerbəyer etmək idi. Üzərində durmaq üçün çəkilmiş xüsusi xətdə dayanıb, anam yaşında olacaq yorğun, arada mürgüləyən dilxor qadınlarla birlikdə qlobus və atlasları hamar taxta çarxlardan çıxardar, hərəkətli lentlərin üzərindəki qutulara yerləşdirərdik. Belim və çiyinlərim ağrıyardı. Mənə elə gəlirdi ki, beton döşəmə ayaqlarımın üstündən keçir. Tez-tez qol saatıma baxar, gecə düşdükcə qaranlıqlaşan hündür pəncərələrə tamaşa edərdim. O zamanlar özümə “sənin əsl həyatın hələ irəlidədir” deyərdim, amma bunun doğruluğuna inanmağım gəlmirdi.
İllər sonra, “əsl həyatım”ın yarısında yuxarı siniflərdə oxuyan və yazmağa həvəsli şagirdlərimlə birlikdə İndianapolisdəki bir xəritə fabrikində dayanmışdım. Orada yenə eynən həmənki çaxnaşma, həmənki nəbz, polad maşınların həmənki şaqqıltısı, yapışqanın, kağızın, çap maşınlarının həmənki qoxusu vardı.
Qəflətən, məni, həsrətlə xatırlaya biləcəyim o uzaq yay günlərinin narahatçılığı bürüdü. Amma üzümü çevirib, bu yeni dünyanı yavaş-yavaş canına çəkməyə başlayan şagirdlərimə baxdıqda az öncəki narahatçılıq həyəcanlı bir məmnunluqla əvəz olundu. İşçilərin yumuru qəliblərə - yarımçıq qlobuslara axıtdıqları rəngarəng pastel boyalar onları heyrətə salırdı. Qəliblərdən biri soyumuşdu və bizə onun içinə toxunmağa icazə verdilər. Bu qəlibin içində kiçik yuvalar vardı ki, onlar qlobuslarda dağların yerləşdikləri hissələrin çıxıntılı olmasına gətirib çıxardırdılar.
“Eyy, bunlardan yaxşı velosiped şlemləri olar!” - tələbələrimdən kimsə deyir və hamı gülür.
Yüzlərlə hazırlanmış dünyalar müxtəlif rənglərə boyanıb, başımızın üstündəki tırtıllardan sallanırdılar – onlar, sanki, fəzada idilər. Tam qurudulduqdan sonra “bol poker”lər Allah kimi onları əllərindəki uzun çubuqlarla aşağı çəkəcəkdilər. Smitten bizə bütün bunlar haqda danışır və mənim gənc yazıçılarımın bu peşə adından xoşları gəlir: “bol poker”.
Onlarla birlikdə olduğum anlar mənə hədsiz xoşbəxtlik bəxş edir. Adi dünyanın onlar tərəfdən belə “yeni” qəbul edilərkən keçirdikləri həyəcan və hələ yazıçı kimi gizlətməyi bacarmadıqları doğru cavabları görmək necə də maraqlıdır! Şagirdlərin yanında, kiçik dünyaların əhatəsində dayanıb fikirləşirəm: Yəqin, kilsənin də bəzi insalara bəxş etdiyi hisslər məhz budur.

Mən kilsədə böyüməmişəm, ümumiyyətlə, demək olar ki, heç vaxt dini tərbiyə də almamışam. Uşaqlığımın ən sınaqlı dövrlərindən biri ibtidai sinifdə oxuyarkən birhəftəlik xristian lagerində keçirdiyim günlər idi. Mən orada olduqca əndişəli idim və çalışırdım ki, mənimlə bir lagerdə olan, məktəbimizdə həmişə pərəstiş etdiyim bir qızla müvəqqəti dostluq etməyim, amma gözlədiyim kimi lagerə ayaq basan gündən o, məndən əl çəkmədi. Bu qəribə məkanda tək-tənha yemək yeməyə gedir, əylənir, robot kimi İncili öyrənirdim. Diqqət mərkəzində olmağı sevməzdim və ona görə də, çox görünməməyə çalışardım. Amma həmişə məni narahat edəcək nəsə tapılırdı və təzəlikcə özümə verdiyim bəzi suallar yaxamı rahat buraxmırdı: Adəm və Həvva mağara adamlarıydı? Əgər cavanlığında arvadın və ya ərin ölsə, başqasıyla yenidən ailə qursan, cənnətdə hansıyla birlikdə olacaqsan?
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində qızlarıma özümün sahib olmadığım dini tərbiyə vermək üçün Luteran kilsəsinə gedib-gələrdik. Lakin bu vaxt məni daha dərin və daha çox suallar təngə gətirmişdi. Mən, bir qadın, necə hiss edə bilərəm ki, buraya aid olduğum halda, oxuduqlarımız və dediklərimiz Odur? Nəyə görə bizlər kilsədən altı məhəllə kənarda, bizlərin yardımına ehtiyacı olan ailələrə kömək etməkdənsə, missionerlərin xarici ölkələrdə fəaliyyət göstərmələri üçün kilsəyə bir ətək pul veririk? Nəyə görə bizim dini icmamızda qara dərili adam yoxdur? Nəyə görə yaxşı xristianlar Vyetnamdakı müharibənin durdurulması üçün heç nə etmirlər?
Beləliklə, hiss eləyirdim ki, dini icmalarda deyilənləri sözbəsöz araşdırmağa meylli adamam. Çünki kilsənin dedikləri ilə təcrübədə elədikləri arasında uyğunluq tapa bilmirdim. Hələ indiyədək də bir çox xristianın təsvir etdiyi kimi İsa ilə aralarında necə sıx bağlılığın olmasını və ya xilas üçün verilən andda insanların nə təsəlli tapmalarını anlaya bilmirəm. Biz insanların günahkar, qəlbən pisniyyətli olması, İsanınsa nə vaxtsa gəlib, bizləri xilas edəcək fikrini eşitdikdə həmişə qıcıqlanıram. Məncə, biologiyanın qəribəliyi kimi insanların təsadüfən yaşamaq imkanına sahib olması fikri Allah atanın bizi sevgiylə yaradıb, sonra aramızda bu qədər müxtəlif yaratılışlar yaratması fikrindən daha inandırıcıdır. Odur ki, mən kilsəni tərk etdim və öz mənəvi yoluma başlayıb, fikrimdə tutduğum insani keyfiyyətlərə sahib olmaq ümidilə şəxsi dini görüşlərimi formalaşdırdım: İndi ancaq bura haqqında fikirləş. Həmişə müşahidə et, soruş və öyrən. Həyatda qarşılaşdığın gözlənilməz hadisələri yadda saxla və heç vaxt özünü aldatma.
Mən Vermeyerin “Fayansın görünüşü” əsərindəki fikilərilə razılaşıram. Eləcə də, “lakin bu da həqiqətdir: hekayətlər bizi xilas edə bilər” sözlərilə başlayan Tim O’Braynın “Ölünün ömürləri” əsərindəki fikirləri ilə. Və ya Kurt Vonneqatın xarakteri Elliot Rozvaterin adından yeni doğulmuş körpələrlə dolu uşaq evinə dediyi sözlər: “Allah lənət eləsin, sən xeyirxah olmalısan”. Mən gənc yazıçılarıma da inanıram. Onlar mənim bildiyimi sandığım dünyanı qapısını döyərək açmağa çalışır və qarşılıqlı ünsiyyət üzərində qurulan ədəbiyyat dərslərində mənim müəllimə kimi dərindən mənimsədiyim üsullarından çox fərqli üslubda fəaliyyət göstərirlər.
Son bir neçə ildə dindar tələbələrim məni olduqca heyrətləndirmişlər. Onlardakı bu inam və etiqadın necə yarandığını, müvəqqəti və ya daimi olduğunu bilmək həmişə mənim maraq dairəmdə olub. Məncə, onlardan bəziləri müasir xristian kilsələrinin yeniyetmələrə tətbiq etdiyi siyasətin nəticəsində mömin olmuşlar. Çünki Appalaçdan Cənubi Amerikaya kimi fəaliyyət göstərən, gənclərə dağlarda xizək sürmək, təbiətin qoynunda düşərgələr salıb istirahət etmək və s. kimi müxtəlif xidmətləri təklif edən gənc fəaliyyət dərnəklərinin də dinə yaranan maraqda müstəsna xidmətləri var. Xristian musiqi festivalları xristianlardakı inamı daha da böyüdür.
Ötən il “Səhər nəşri” Vaşiqtona birhəftəlik dini təlimə gələn minlərlə yeniyetmənin bəzilərindən müsahibə almışdı. Ekranda, arxada qışqıraraq əylənən insanlar görünür, musiqinin ağır bəminin səsi eşidilirdi. Bir gəncsə ciddi-ciddi bu yeniyetmələri bir araya gətirən ilhamdan danışırdı. Arada bir oğlan ekranda peyda olub, mikrafona çığırdı: Bizlər İsa üçün moş1 oynayırıq.
Mən onları fikrimdə canlandırdım: flaneldən köynək geymiş, başları keçəl, sırğalı oğlanlar və cırıq cinslərdə, musiqinin sədaları altında özlərini itirmiş qızlar. Fikirləşirəm, görən, İsa moş oynayaraq ağrıdan qıc olan, bir-birlərini vurub döyən bu bir qrup yeniyetmə haqqında nə fikirləşir?

Bunları yazarkən sözlərimdə etinasızlığın, saymamazlığın olduğunu hiss edirəm. Dayanıram və həqiqətdə xristianlıq barədə şəxsi mülahizələrimin nədən ibarət olduğunu düşünürəm. Bu yazımı tələbələrim də oxuyacaq. Mənimsə hər sözüm onların üzərində müəyyən təsirə malikdir. Özüm hər zaman onların həm həyatımda, həm də işimdə məni səmimi qəbul etmələrinə çalışmışam. Üstəlik, öz daxili aləmlərini mənə aşkar etmiş bu tələbələrim önündə vicdani məsuliyyət daşıyıram. Odur ki, onları heç vaxt qəsdən incidə bilmərəm. Mən məhz onların arasında adımın sevgiylə çəkilməsini eşidib, hədsiz dərəcədə xoşbəxt oluram.
O zaman “nə vaxtsa mənim də şagirdlərimdən kimsə İsa üçün moş oynaya bilər” fikri ilə bu adamın əhvalını korlayan xatırlamaların üstündən xətt çəkməliyəm? Bəs, tələbələrimin hər dəfəsində iştirak edib, söhbətlərində onlara çox yardımçı olduğunu dedikləri, ildə iki dəfə keçirilən xristian gənclərinin toplantıları haqda fikirlərim necə olsun? Ümumdünya sülh və sevgi həftəsonları, din civarında keçirilən toplantılar – axı, bunların hamısı 60-cı illərdə yaşayanların nəvələri üçün xüsusi məqsədlə planlaşdırılmış fəaliyyətləridir. Həmişə bu həftəsonu toplantılarına gələn iştirakçılara onların tanıdığı və tanımadığı müxtəlif insanların burada İsanın həyatını bayram etmələrindən aldıqları məmnunluq məktubları göstərilir. Bu iştirakçılara sevildikləri fikrini aşılayırlar. Bütün həftəsonu cürbəcür fəaliyyətlər nəticəsində həm özlərinə, həm də xaça daha yaxın olmalarına çalışırlar.
Düşünürəm ki, bu, onların çoxları üçün əhəmiyyətlidir. Çünki bu uşaqların əksəriyyəti ayrılmış və problemli ailələrdən gəlirlər; bəzilərinin valideynlərinin sevgisi onların təhsildəki və idmandakı uğurlarından asılıdır, bəzilərinin ata-anası içkiyə, narkotikaya qurşanıb. Onlara lazım olan odur ki, həyatda elə bir şey tapsınlar ki, ona tamamilə etibar edib bel bağlasınlar. Bu anda E.M.Forsterin bir sözünü xatırlayıram: “Sadəcə əlaqə”.
Lakin mən asanlıqla içimdəki bu inadkar, tərs səsi susdura bilmirəm. Axı, bu biçimsiz, qeyri-sabit sevgi və ya rəhmət yaradan həftəsonlarının nəyi yaxşıdır? Məgər onlar insanlara hər bazarertəsi məktəbə gələn, aralarında tənha, problemli sinif yoldaşı olduğunu öyrənən kimi onu ən çox sevdikləri “Abbey” kafesinə dəvət edən və orada saatlarla qəhvə içərək, jurnal oxuyaraq həyatdan danışan tələbələrimdən daha çoxmu xeyir verəcəklər? Və ya bu həftəsonları bir həftə əvvəl dostlarından birinin evinə yığışıb, özlərini itirdikləri ana qədər içki içən insanların hərəkətlərini necə tarazılayır?
Əlbəttə, bunlar inamla yox, fəaliyyətlə bağlı suallardır və heç də mənim tanıdığım bütün xristian gənclərinə şamil edilmir. Məhz bu tanıdığım gənclərdən ən yaxşıları insanların bacaracağı ən üst dərəcədə, şüurlu şəkildə tamamilə xristian qaydaları ilə yaşayırlar; bəziləri elə həyat təcrübələrindən keçmişlər ki, onların qəlbində dərin, mürəkkəb dini inam formalaşmışdır. Onlar din barədə səmimi danışır, mənim verdiyim sualları məntiqlə müzakirə edirlər. Bir bazar axşamı onların “Açıq masa” toplantısında iştirak etdim və onlardan bəziləri mənə “İsanın davamçıları” adlı dini icma yaratmaq istədiklərini dedi. Dini icmalarda olmaq mənim üçün dəhşətli olsa da, bu icmada iştirak etmək fikri mənə ədalətli və doğru qərar kimi göründü.

Çox da böyük olmayan kilsəyə çatanda, ətrafda üzlərindən sevinc yağan izdihamın hərəkətdə olduğunu gördüm. Onlar bu gün əhalini qidalandırmaq üçün lazım olan qab-qacaq komplektini almağı unudan və cəld ərzaq mağazasına özlərini yetirən iki uşağı gözləyirdilər. Tələbələrimdən biri başqa iki qadınla durmuş mehriban görünüşlü bir xanımı mənə təqdim etdi. Bu qadınlar “İsanın davamçıları” protestant kilsəsinin keşişlərinə yardım etmək məqsədilə gəlmişdilər. Yenicə tanış olduğum qadının səmimi danışığı məni bir az rahatladır və mən ona çətinliklə yeniyetmələrin ruhani yaşamlarından yazdığımı, bura da müşahidə üçün gəldiyimi deyirəm. Sonra o, mənə burada baş verənlərin möhtəşəm şey olduğundan danışır və kilsənin belə dəyişib, bu qədər çox gənci ətrafında birləşdirməyini görmək onun üçün sürpriz olduğunu, böyük məmnunluq bəxş etdiyini deyir.
Kilsəyə gələn iyirmi nəfərdən çoxu yeniyetmə qızlar idi. Onlar əyinlərinə rahat cins və qaraçı paltarları geymişdilər. Bir qızınsa üstündə qara, üzərinə “Qot”2 yazılmış geyim vardı. Ətrafda həftəsonunun dini toplantılarından ruhlanıb gülən və qucaqlaşan insanları görmək olardı. Az sonra soyuqdan sifətləri qızarmış, bugünkü ibadətə xidmət edəcək, bayaqdan gəlişləri gözlənilən iki uşaq əllərində çörək tikəsi və üzüm şirəsi şüşəsi ilə görünürlər. Onlar əlindəkiləri taxta qoyurlar. Artıq yemək vaxtı idi.
Mən kilsədəki qara kürsüdə əyləşmiş, əlimdə notbuk, təəssüratlarımı yazıram: Rahat kilsə, qırmızı xalça, kökə üçün alüminium qazandakı çörək. Lentlər, qara beret, təpəsi yumuru şlyapa. “Pirl Cem” köynəyi. Ağ uzun boğaz. Bəyaz miləoxşar boyun.
Kilsədə ucadan bildiriş verilir: Park Manor Xristian Kilsəsi və Çikaqodakı Afrika-Amerika dini icması “İsanın davamçıları” kilsəsi haqda eşitmiş və onlar üçün dua etmişlər. Növbəti bazar günü Rəhmət Həftəsi – dünyada bədbəxtliyə düçar olmuş insanlara yardım həftəsi başlayır. Nikaraquada, məsələn, əhalinin 65 %-i işsizdir və belə bir istək var ki, orada fəaliyyət göstərəcək “İsanın davamçıları” ruhanilərinə ferma heyvanları göndərilsin. Kilsənin öz imkanları olmadığından onlar özləri heyvanları kəsib paylayacaqlar. İki həftə sonra orada möminlər üçün nahar olacaq, uduşlu lotoreya oynanılacaq və keçiriləcək toplantıda kilsənin öhdəlikləri, məsuliyyətləri, məqsədləri barədə rəsmi sənəd imzalanacaq. Sonra “Açıq masa”nın mahiyyətini əks etdirəcək kitabçalar çap olunacaqdır.
Sövdələşmə bitdi, artıq sülhün müştərək paylanlaması vaxtıdır. Bu elə bir adətdir ki, hər zaman məni valideynlərinin qayğılı baxışları altında olan gözəl qız kimi hiss etməyə vadar edir. Lakin, təəssüf ki, buradakı gənc insanların keçirdiyi hisslər tam başqadır.
Dua başlayır, adamların çoxu ayağa qalxır və otaqda bir-birlərini bağırlarına basmaqla sevgi və dəstək sözlərini deyib dolaşırlar.
İncildən “Birinci Korintiləri 8:1 – 13” oxundu. Sonra onun məğzinin açılışı barədə iki rəhbər mətn oxudu və ayədə verilən sualları müzakirəyə çıxardılar: “Xristianın öhdəlikləri nədir? Müxtəlif təriqətlərə məxsus adətlərdən hansı şəkildə imtina etmək olar? Bəs, nə zaman onları qəbul etmək olar? Başqa dinlərə etiqad edənləri necə xristinlığa çəkmək olar? Allaha böyük inamınıza görə təkəbbürlənərsizsə, digərlərinə qarşı qəddar olar, sayğısızlıq edərsiz”.
“Bu vegeterianla nahar etməyə bənzəyir”, - uşaqlardan biri deyir. Sən ət yeməyi sevə bilərsən, amma vegeterian olan bir insana hörmət əlaməti olaraq onun yanında ət yemirsən. Və ya ətrafında içki içməyənlər olanda sən də içmirsən.
Qadınlardan biri Hindu toy məclisində iştirak etməyindən danışır. Orada qonaqlar Hindu tanrısına ehtiram göstərməlidirlər. O başa düşürdü ki, duada iştirak etməsə, ailə quran cütlüyə hörmətsizlik edər. Ona görə, bildirir ki, həyatda hər cür vəziyyət ola bilər. Sənin etməli olduğun sakit dayanmaq və Allahın səni hansı yola yönəldəcəyini gözləməkdir.
Ən sonda iştirakçılar qərara gəldilər ki, qanunlar bu cür hörmətləri dəstəkləyir. Onlar işıqfor kimidirlər. Sən rənglərin dəyişməsindən asılı olaraq ya dayanır, ya da hərəkət edirsən. Əgər dünyada hər kəs Allahın gözəlliyindən xəbərdar olsaydı, həyat, insanları bir anlığa durdurub, onlara başqalarının da iştirakını yada salan və həmin digərlərilə qarşılıqlı ünsiyyət sayəsində yolu uğurla keçməyə yardımçı olan dördşaxəli yolayrıcındakı dayanacağa bənzərdi.
Rəhbərlər dua edirlər, sonra insanların başıaşağı durub gözlədiyi an araya sükut çökür. Səssizlikdə hamı alçaq səslə Allahdan onların sevdiklərini qorumasını diləyir, qüvvət və bağışlanmalarını arzulayır, Allahın verdiyi nemətlərə şükür edirdilər. Ardınca toplunun “Hər şeyin hökmü əlində olan Allah, bizlərin duaların eşit” şüarı eşidilir. Yenə səssizlik və kilsə himni oxunur.
Ayin qurtardıqdan sonra özümü narahat hiss etməyə başlayıram, yəqin ki, bayaq müzakirə olunan sualların birindən dolayı. İnanmadığın dinə aid məclislərdə nə zaman iştirak etməmək hörmətsizlikdir? Hindu toyundan danışan qadın kimi, mən də öz daxili səsimi eşidirəm - “Bütün bunlar cəfəngiyyatdır”. Fikirləşirəm, inanmıramsa, başqaları kilsəyə yığışıb, xörək yeyərkən, üzüm şirəsi içərkən, mən niyə burada başıaşağı dayanmalıyam ki?
Növbəti bazar günü müşahidə üçün yenə kilsəyə gəlirəm. Bu dəfə Con Lennonun “Təsəvvür” mahnısı oxudulur. İki rəhbər – ana və qızı iştirakçıları dairəyə çağırıb, ibadətə qoşulmalarını istəyirlər. Mənim daxilimdəki səs bir həftə öncə dediyi sözləri təkrarlayır. O, mənə hələ getməməyi, ibadət edənlərin yığışdığı dairədən kənara çıxıb, bir növ hər kəs üçün böyük önəm daşıyan bu ibadəti pozmağı söyləyir. Mən ayağa qalxıram, taxt olan yerə gedib, bir xırda çörək tikəsi kəsirəm və üzüm şirəsindən bir qurtum içirəm - sanki bu kiçik tikə və qurtum mənim özümə xəyanətimi ört-basdır edəcək. Sonra dairədəkilərə qoşulur, əllərimi onlarla bir yuxarıda tutaraq yırğalayıram. Mənə nədənsə elə gəlir ki, heç də hamı indi oxunan U-2-nin “Harlemdəki mələk”indən yüngülləşmədi.
İbadət bitəndə sakitləşdim. Maşınla evə qayıdarkən qərara gəldim ki, sevdiyim tələbələrimin inanclarına hörmətimin olduğuna görə, xristianlıqla bağlı keçirdiyim əsl hisslər və dini icmadakı mənəvi təcrübələrim barədə obyektiv yazı yaza bilməyəcəm. Özümdən din barədə nəsə sormaq isə ümumiyyətlə yanlış hərəkətdir və imanlı olmamağımdan qaynaqlanır. Mən heç cür bu kimi suallar verə-verə tələbələrimin nəyə və niyə etiqad etdiklərini dərk edə bilmərəm. Bu reallıq və tələbələrimin məni xilas etmək - imana qaytarmaq istəmələri məni nəyi tədris etdiyimi, nəyi öyrətdiyimi daha dərindən düşünməyə məcbur etdi.
Yaxşı yazı özünükəşfin bir növüdür və bizlər hansısa mövzuda nəsə yazırıqsa, deməli, bu bizim özümüz üçün cavablamağa çalışdığımız suallardır.

Hər payız bir dəstə yeniyetmə yazıçı tələbələrimlə birlikdə günorta vaxtı Kroun Hill (Crown Hill) məzarlığına gedirik. Bura səyahət üçün gözəl məkandır, çünki ölümlə bağlıdır və ölümlə bağlı hər şeyin yaşamaqla birbaşa əlaqəsi var. Ölmüş insanların qəbir daşları arasında dolaşmaqla edilən söhbətlər çox faydalıdır. İnsana öz həyatını hələ də yaşadığını bilmək minnətdarlıq hissi verir.
Bu il növbəti dəfə məzarlığa gedəndə hava isti, səmasa buludsuz, mavi idi. Bircə budaqlardakı yarpaqlar sarı idilər. Mən Ceyms Vitkomb Riley adlı birisinin qəbri üzərinə qırmızı süfrəni sərdim, içində opera ariyaları olan kaseti özümlə gətirdiyim kiçik maqnitafona qoyub işə saldım və biz nahara başladıq. Tələbələrimlə bildiyimiz və bilmək istədiyimiz şeylər barədə söhbət edirdik.
Yeməyi qurtardıqda mən onları məzarlıqda dolaşmağa göndərib, gəzişmə vaxtı özlərilə gətirdikləri notbuklarda ağıllarına gələn fikirləri qeyd edib gətirmələrini bildirdim. Lakin təkcə, bir neçə il əvvəl uzun xəstəlikdən sonra vəfat etmiş və burada dəfn olmuş anası barədə gözəl hekayə yazan bir qız tələbəmi yanımda saxladım. Biz durub onun anasının məzarını ziyarət etməyə getdik və sonra otun üstündə oturub söhbətə başladıq. O, mənə öz anası, onun necə görünməsi, onu necə sevib, itirməkdən necə qorxması barədə danışırdı. Anasının ölümündən sonra qəlbində həmişə boşluq hiss edərmiş və hətta, indi də bəzən gecələri yuxusuz keçirdi.
- Anam ölməsəydi, həyatımın bu gündən fərqli, necə olacağını təsəvvür edə bilmirəm.
O, danışdıqca ətrafa baxıram və bu vaxt uzaqda, qəbir daşlarının arasında dayanmış iki maral görürəm. Çiyinlərinə toxunuram: “Bax”. Biz sakit dayanaraq baxırıq və marallar biz tərəfə yaxınlaşırlar. Onlar bizdən iyirmi addım aralıda, bir qəbrin üstündə dururlar. Çox gözəl və cazibədardırlar. Böyük buynuzları var. Onlar uzun müddət bizə baxdıqdan sonra quyruqlarını tərpədərək sıçrayıb uzaqlaşırlar.
Tələbəm mənə xəyalət görübmüş kimi baxır: “Bəlkə, bu axmaqlıqdır,” – o deyir. “Bəs, sizcə, bu nəsə bildirirmi? İşarə kimi, yəni?
“Bəli,” – deyirəm. “Əlbəttə”.
Və bu adi gündə, ağla gəlməyən yerdə fikrimə bir işıq gəlir. Mən yenə də fikirləşirəm: bildiyim, düşündüyüm, öyrətdiyim - bunların hamısı Kiməsə inandığımı, etiqad etdiyimi göstərir və bəzən bu Kimsə gözlənilməz hadisələrlə qarşılaşarkən öz geniş, mərhəmətli ruhunu mənə açaraq qarşımda beləcə peyda olur.