Hisdən qaralmış və üzü üzlər görmüş köhnə sobanın içinə atılmış odunlar çırtıltıyla yanırdı. Sobanın yarıaçıq çuğun qapısının arxasından hərdənbir bayıra boylanan alov dilimləri isə geoloqların sifətlərinə yaqut parıltılar səpələyirdi. Solovyov son qullabı vurub siqaret kötüyünü narıncı dəliyə atdı və alov ömrü bitmiş kötüyü gəmirməyə başladı. Onun yanında, şam ağacından düzəlmiş alçaq kətildə oturan Alekseyev əlindəki enli ovçu bıçağıyla oynayır, onu odun parçasına batırır, sonra əlini uzadıb bıçağı birtəhər taxtadan qoparır və eyni prosesi dayanmadan təkrar edirdi.




Solovyov ah çəkib yerindən qalxdı və az qaldı ki, başı bu balaca qışlaq komasının alçaq tavanına toxunsun.
- Yox uşaqlar, - dilləndi - belə olmaz. Gərək elə günü bu gün bir qərara gələk.
Avdeyenko dillənməsə də razılıqla başını yellətdi, Alekseyev tərəddüdlə çiyinlərini çəkdi və növbəti dəfə bıçağı kötüyə sapladı.
Qırov bağlamış pəncərənin qabağında oturan İvan Timofeyeviç isə sarı sümükdən düzəldilən tütün qəlyanını aramla tüsütülətməyindəydi.
- Saşa, niyə dillənmirsən? - Solovyov Alekseyevə çönüb dilləndi. - Mən fikrimi demişəm, - Alekseyev sakit və tələsmədən cavab verdi.
Onun narıncı işartılarla parıldayan saqqallı üzündə həyəcandan əsər-əlamət görünmürdü.
- Axı sənin fikrin ən azı vəhşilikdi, - Solovyov başını buladı. - Həmkarlarımızı qar uçqunu təhlükəsində qoyub, özümüzsə aradan çıxaq?
Enli ovçu bıçağı yenə də quru kötüyə sancıldı.
- Bəs, səncə neyləyək? Bir illik ağır zəhmətimizi yelə verək getsin?
- Axı insan həyatı bizim tapdığımız nadir nümunələrdən daha qiymətlidir, - Solovyov narahatlıqla əllərini yellətdi.
- Əlbəttə, - Avdeyenko da razılaşdı və Alekseyevə baxdı.
O isə əsəbiliklə bıçağın tiyəsini dizinə çırpdı:
- Elə bil ki, uşaqsız! Əşi, onlar artıq çoxdan gedib Ust-Severnı qəsəbəsinə çatıblar. Canımçün, sizin Sidorovla Korşevski bu saat oturub isti samovardan çay hortdadırlar. Hər cür uçqun təhlükəsindən də uzaqdılar.
- Bəs rabitə? Axı onlar Ust-Severniyə çatsaydılar, bizimlə əlaqə saxlayıb, xəbər verərdilər, - Solovyov onun sözünü kəsdi. - Necə çay içə bilərlər ki, qəsəbədə onların izi-tozu da yoxdu.
- İndi yoxdularsa da bir-iki günə yəqin ki, ora çatarlar, - Alekseyev əminliklə cavab verdi.
- Bəlkə onlar heç Ust-Severnıya getməyiblər? - deyən Avdeyenko ehtiyatla sobanın üstünə əyilib, içində qaynar çayın buxarlandığı parçı götürdü.
- Gediblər, - Alekseyev bayaqkı əminliklə təkrar etdi və pambıq şalvarının ciblərini eşələyərək, siqaret axtarmağa başladı. - Qar uçqunu təhlükəsindən xəbərdardılar, bu bir, vertolyotu da yəqin ki görüblər, bu iki. Həm də hər ikisi çox təcrübəli geoloqlardır, bu üç - udqunub davam elədi. -Yoxsa elə bilirsiniz bu çovğunda onlar nəsə tapa bilərlər? Axı bayırda heç göz-gözü görmür. Ən çoxu bir-iki gün orda veyillənib, yəqin Ust-Severnıya yol alıblar.
Sözünü bitirib nazik ağac budağını sobanın içinə soxub-çıxartdı və onun alovunda öz siqaretini yandırdı.
- Elə danışırsan ki, elə bil hər şeyi qabaqcadan bilirsən, - Avdeyenko kinayəylə gülümsündü. - Axı onlar Ust-Severnıya plan üzrə yalnız gələn həftə getməliydilər.
- Nikolay, sən nə danışırsan? Məgər onlar uşaqdılar? Korşevskinin on illik təcrübəsi var. O, buraları beş barmağı kimi tanıyır. Deyirsən yəni o qədər axmaq oldular ki, vertolyotu, atışmanı görüb, qar uçqunu təhlükəsi olduğunu başa düşməyiblər? Hesabla ərzaqları da qurtarmış olmalıdı, deməli Ust-Severnıya gediblər. Sizə söz deyirəm, şübhəsiz ki, ora gediblər. Pyotrla sən isə əməlli-başlı küyçüsünüz. Lap uşaq kimi fikirləşirsiniz - hər şeyi, tapdığımız bütün nümunələri atıb, onları axtarmağa gedək. Yaxşı, tutalım mən razılaşdım, bəs harada axtaracağıq onları? Yamac boyu? Sarı qayalıqda? Yoxsa qərb sıldırımlarında dolaşaraq? Axı biz onların qışlağının dəqiq yerini də heç bilmirik. Nümunələrimizi ataq, sabah da uçqun gəlib hamısını qar altına alsın. Absurddur, tamamilə absurd...
- Bəlkə nümunələrə heç nə olmadı? - Avdeyenko soruşdu. - Buralara qar uçqunu çətin ki, gəlib çata...
- Birdən gəlib çatdı? Bəs onda necə olsun? - Alekseyev enli sifətini həmkarına tərəf çevirdi. - Tapdığımız nümunələr qar uçqunu altında qalsa, biz şöbə müdiri Rodnikovun üzünə necə baxacağıq?
Hamı gözlərini içində odun çırtıldayan sobaya dikib susdu. Pəncərənin qarşısında dayanıb bayıra baxan və bayaqdan dillənməyən İvan Timofeyeviç əvvəlki kimi qəlyanını tüstülətməyindəydi. Azca qaralmış sərt sifətində tünd ifadə vardı. Başına qoyduğu toxunma papağın altından gicgahlarının ağarmış tükləri görünürdü. Avdeyenko başını yellətdi.
- Hə, nümunələr əlbəttə ki... bir ildi yığırıq...
Dodaqlarını irəli verib buxarlanan çaydan qurtumlamağa başladı. Solovyovsa səbirsizliklə ciblərini eşələdi.
- Saşa, gəl Ust-Severnıyla bir də əlaqə saxlayaq. Alekseyev çiyinlərini çəkib ayağa qalxdı.
- Saxlayaq da.
Daxmanın küncündə, kobud mıxlanmış stolun üstündə qoyulmuş təzə rabitə qurğusunun alüminium paneli yüngülcə parıldayırdı. Alekseyev balaca kətili altına çəkib, oturdu və həmin qətiyyətli hərəkətlə qulaqlığı başına keçirtdi, tumblerin düyməsini basdı. Çaqqıltıyla bərabər panelin üstündə qırmızı işıq yandı. Alekseyev ötürücünü hərəkətə gətirdi. Bir müddət sonra əlini saxladı, qulaqlığın yerini rahatlayıb, morze əlifbasıyla gələn cavaba qulaq asmağa başladı.
- Hə, belə... - o, cavab kəlməsini yollayıb, qulaqlığı çıxartdı, qurğunu söndürdü və ayağa qalxdı. - Hələ gedib çatmayıblar. Yoxdular orda. Sabah çovğun yatan kimi vertolyotları yenə də onları axtarmağa göndərəcəklər. Məncə biz artıq tərpənə bilərik, sübhdən çıxarıq yola. Nümunələrimiz də yüngül deyil, daşların hamısı birlikdə yarım tondan artıq olar. Amma birtəhər apara bilərik. Uşaqları isə vertolyotlar tapar.
Pəncərənin qarşısında oturmuş İvan Timofeyeviç dərin bir ah çəkib, havaya bir tüstü burumu buraxdı. Hamı ona tərəf çöndü. Solovyov ehtiyatla soruşdu:
- İvan Timofeyeviç, bəs siz bu barədə nə düşünürsünüz? O isə hələlik heç nə cavab verməyib, qəlyanının ucunu somururdu.
Alekseyev qalın saqqalını qaşıdı.
- Çıxılmaz bir vəziyyətə düşmüşük. Mən bir şeyi təklif edirəm, onlarsa ayrı. Dilemma qarşısındayıq. Avdeyenko boş parçı stolun üstünə qoydu. - İlk dəfədi ki, aramızda belə fikir ayrılığı yaranır. İvan Timofeyeviç, siz bizdən də təcrübəli geoloqsunuz, 25 ildi ki, belə çətin səfərlərdəsiniz. Yəqin bizə bir çıxış yolu göstərə bilərsiniz.
- Yəqin buna görə də susursunuz, - Solovyov gülümsündü.
İvan Timofeyeviç də cavab olaraq dodaqlarını qaçırtdı:
- Buna görə, Petya, buna görə...
Yerindən qalxaraq əlindəki qəlyanı stolun kənarına çırpıb, təmizlədi və cibinə qoyub dərindən nəfəs aldı. - Həəə, deməli belə. Mənim yerlim Vasili İvanoviç Çapayev demişkən, sizin bayaqdan bəri danışdıqlarınızın hamısının üstünə tüpürüb tullayıram kənara. Gəlin, necə deyərlər, kofe qalığında fala baxmayaq, çox ciddi fikirləşək. Mövcud şəraiti hərtərəfli nəzərə alsaq, məncə bizim yalnız bir çıxış yolumuz qalır. Fonkanı qıcıdmaq.
Sakitlik çökdü. Alekseyev başını tərpətdi. Onun üzündə iftixar əlamətləri parıldadı:
- Buna bax, a... heç mənim ağlıma gəlməyib.
Solovyov isə özünü itirmiş halda boynunu qaşıyıb mızıldandı:
- Əslinə qalsa, elə mənim də ağlıma gəlmişdi.
Avdeyenko da razılıqla əlini dizinə çırpıb sevincək halda dilləndi:
- Hə, qartallarım. Bax buna deyərəm əsl professional.
Əlini onun çiyninə vuran İvan Timofeyeviç daxmanın ortasına çıxdı, sallağı oturub döşəmənin buzlu taxtalarını üç dəfə döyəclədi və aramla dedi:
- Mıst, mıst, mıst, fırtılığım qıcınsın.
Onun yanında dayanmış geoloqlar xorla təkrar etdilər:
- Mıst, mıst, mıst, fırtılığım qıcınsın.
Sonra gənc geoloqlar cəld İvan Timofeyevin ətrafında dövrə vuraraq əllərini irəli uzadıb birləşdirdilər. Onların açıq ovuclarından bir növ balaca tas kimi bir şey əmələ gəldi. İvan Timofeyeviç başıyla onlara işarə verdi. Geoloqlar ehmalla aşağı oturdular. Birləşmiş ovuclarının əmələ gətirdiyi tas da döşəməyə yaxınlaşdı. İvan Timofeyeviç onun üstünə əyilib iki barmağını öz boğazının yoluna soxdu, gəyirərək titrədi. Elə o dəqiqə əllərdən əmələ gəlmiş balaca tasın içinə qusdu. Ayağa qalxıb nəfəsini dərdi, dəsmal çıxarıb, ağzını silərək sözünü davam elədi:
- Mıst, mıst, mıst, yarımtoyuq qurbağa.
Pozasını dəyişməyərək əllərindəki açıq-qəhvəyi mayeni döşəməyə dağıtmamağa çalışan geoloqlar da, aramla təkrar etdilər:
- Mıst, mıst, mıst, yarımtoyuq qurbağa.
İvan Timofeyeviç gülümsünüb, rahatlıqla nəfəs aldı. Sobada artıq yanıb qurtaran odun kömürləri çırtıltıyla dağılıb külə dönürdü. Qırov bağlamış balaca pəncərənin o üzündə isə tayqa tufanı qəzəblə nərildəyirdi.