Biz dükanın hesab masasının qarşısındaca qədəh-qədəhə vurduq və duydum ki, ətrafdakı qara dərili müştərilər bizə qibtə ilə baxırlar. Müştərilərin hamısı yerli qaralar idi və bizim kimi ağlara yaxınlaşmağa cürət etmirdilər. Çoxu ağlarla öz aralarında məsafə saxlamağı öyrənmişdi. Bu bir adətə dönmüşdü. Üzlülər, daha çox əhilləşmişlərin bəziləri dükanın köməkçilərinə çevrilmişdilər. Dükanın özündə də bu köməkçi qaraları tanıyır və onların başqa qaraları necə həvəslə söyüb-danlamasına adət etmişdilər. İçki içdiyim bu "korokoro" həmkarım meşələrdən toplanılıb torba və səbətlərdə gətirilən xam kauçuk alırdı. Biz onun maraqlı söhbətlərinə qulaq asdığımız vaxt çöl əhli olan bir ailə sıxıla-sıxıla dükanın qapısında durdu. İrəlidə üz-gözü qırışlı, əli dəhrəli, paltar əvəzinə belinə bir əlcə sarı çit bağlamış ata durmuşdu.




Bu vəhşi çöl adamı içəri girməyə cəsarət eləmirdi. Dükanın yerli köməkçilərindən biri onu içəri çağırdı: “Gəl görək, çöl adamı! Gəl içəri! Burda vəhşiyeyən yox!" Bu çağırış onları hərəkətə gətirdi və səs-küylü dükana girdilər. Ən çox səsi gələn isə “korokoro” adlanan qaşınma xəstəliyinə tutulmuş həmkarım idi. Gorunür, bu qara qonaq ömründə nə dükan, nə də ağ dərili adam gormüşdü. Arvadlarından birini özü ilə gətirmişdi. Gözlərini yerə dikmiş bu arvadın başında içi xam kauçukla dolu iri bir səbət vardı.
Dükanın yerli köməkçiləri hikkə ilə yaxınlaşıb səbəti arvadın başından götürdülər və içindəkini tərəzi ilə çəkməyə başladılar. Vəhşi kişi nə tərəzidən, nə də görülən işdən baş açmırdı Arvadı isə başını qaldırıb adamlara baxmağa cəsarət eləmirdi. Qara ailənin başqa üzvləri çöldə dayanıb çaşqın-çaşqm baxır və gözləyirdilər. Onları da içəri çağırdılar ki, hər şeyi görə bilsinlər. Kiçikli-böyüklü hamısı içəri keçdi.
Birinci dəfə idi ki, onların hamısı birgə meşədən çıxıb şəhərə, ağ adamların hüzuruna gəlmişdilər. Bu qədər kauçuku toplaya bilmək üçün yəqin ki, hamısı birgə uzun müddət çalışmışdılar. Elə buna görə də işin nəticəsi hamısını maraqlandırırdı. Ağacın gövdəsinə sancılmış xırda novçalarla damla-damla kau-çuk toplamaq çox uzun işdir. Bəzən bir novçadan gələn damlalar kiçik bir fincanı heç iki aya da doldurmur.
Tərəzi işi qurtarandan sonra, bizim qaşınan dostumuz çaşqın ailə başçısını özü ilə hesab masasının arxasına apardı. Orada vərəqə nə isə yazıb kişiyə göstərdi, sonra isə ovcuna bir neçə metal pul basıb dedi: "Çıx get, hesabını aldın!.."
Sahibin ağ dərili dostları gülməkdən boğulur, xosunlaşırdılar ki, yaxşı bazarlıq etdi. Əynində cinsinin üstünü örtən kiçik sarı parçadan başqa heç bir geyimi olmayan qara kişi hesab masasının qarşısında çaşıb qalmışdı. Əhilləşmiş, ələ öyrənmiş yerli köməkçilərdən biri onu fikirdən ayıldıb ələ salmağa başladı: "Sən, pul tanımır? Deməli, vəhşi? Fransızca danışmaq bilmir? Deməli, sən hələ meymun? Dilin yox? Kus-kus tanıyır? Mabiliya qəbiləsi? Sən heyvan! Sən buşmən! Sən....!"
Amma vəhşi kişi pulu ovucunda sıxıb lal-dinməz durmuşdu. Cəsarəti çatsa qaçıb gedərdi, amma getməyə də cəsarət eləmirdi. Həmişə qaşınan sahib də dayana bilməyib dilləndi: "Yaxşı, sən bu pulla nə almaq istəyirsən? Mən çoxdandı bu sifətdə heyvan görməmişəm. Yəqin çox uzaqdan gəlib. De görüm, nə istəyirsən? Əlindəki pulu bura ver görüm!" . O ərk ilə çöl adamının ovucundakı pulları götürüb əvəzində ona hesab masasının arxasından götürdüyü tünd yaşıl rəngli dəsmal uzatdı. Qara ailənin başçısı bu dəsmalı götürüb çölə çıxmağa ürək eləmirdi. Qaşınan sahib yeni bir hiylə işlətdi, belə ayaqüstü ticarətin bicliklərini yaxşı öyrəndiyini göstərdi. O yaşıl dəsmalı qara uşaqların ən kiçiyinin gözləri qarşısında yelləyərək dedi: "Hə, gözəl deyil, balaca? De görüm, balaca bala, ay iylənmiş, ay qara qan tuluğu, ömründə belə şey görmüsən?" Sonra o uşağı geyindirirmiş kimi dəsmalı ərklə onun boynuna bağladı.
Vəhşi ailə indi də balacanın boynuna bağlanmış yaşıl pambıq parçaya baxırdı... Daha məsələ həll olunmuş, bu dəsmal ailəyə verilmişdi. Razılaşmaq və onu götürüb getməkdən başqa bir yol qalmamışdı. Bütün ailə üzvləri yavaş-yavaş geri çəkilməyə başladılar və qapıdan çıxdılar. Axırda çıxan ata çevrilib nə isə demək istəyirdi ki, dükanın ayağı geyimli, ən sırtıq köməkçlərindən biri onun arxasına bir təpik ilişdirdi. Ailə üzvləri kiçik bir qəbilə kimi Fedherb adına (müstəmləkəçi fransız generalı) xiyabanın o üzünə keçib, maqnoliya ağacı kölgəsində toplaşıb bizim içki məclisimizə tamaşa edirdi. Elə bil başlarına gələni anlamaq istəyirdilər. İçkinin pulunu "qaşınan adam" verirdi. O bizim şərəfimizə patefonu da işə salmışdı.