Zirzəmidən onun üzünə kəsif, turşumuş hava vurdu; yavaş-yavaş, sarımtıl zülmətdə əlhavasına yolu topa-topa aşağı enirdi; hardansa yuxarıdan su damcılayırdı – ola bilsin, dam örtüyü sıradan çıxmışdı, yaxud su xəttinin borusu qopmuşdu; su toz və zibillə qarışırdı, bundan da pillələr akvariumun dibi kimi sürüşkən olurdu. O, irəli ıgetdi. Arxasındakı qapıdan zəif işıq düşürdü, sağ tərəfdə yarımqaranlıqda lövhəcik gördü: «Rentgen kabineti. Xahiş olunur, içəri girməyin!» O, işığa yaxın gəldi, işıq sarımtıl yumşağıydı, titrəyişindən başa düşdü ki, deyəsən içəridə şam yanır. İrəli gedə-gedə o, qaranlıq otaqlara nəzər salırdı, bu otaqlarda səliqəsiz halda bir-birinin üstünə yığılmış stulları, dəri taxtları və yastılanmış şkafları ayırd eləmək olardı.





İşıq gələn otağın qapısı taybatay açığıydı. Hündür minbər şamının yanında mavi paltar geyinmiş rahibə dururdu, o, əlləriylə iri şirələnmiş camda salat qarışdırırdı; yaşıl doğrantılar camın dibində sakitcə ləpələnən ağımtıl sousa batmışdı. Rahibənin iri çəhrayı ovcu dairəvi hərəkətlərlə salatı qarışdırır, xırda yarpaqlar arabir camdan kənara düşürdü; rahibə sakitcə onları yığışdırıb geri, camın içinə atırdı. Şamdanın yanında böyük dəmir bidon dururdu, bidonun isti ət suyu, soğan və göyərti qoxusu gəlirdi.
O, ucadan dilləndi:
- Axşamınız xeyir.
Rahibə geri çevrildi, onun enli, çəhrayı sifətində qorxu ifadə olundu, güclə eşidiləcək səslə soruşdu:
- Ey İlahi, sizə nə lazımdı?
Onun barmaqlarından süd qarışığı damcılayırdı, ağappaq, demək olar, uşaq əllərinə oxşayan əllrinlə xırda salat yarpaqları yapışmışdı.
- İlahi, məni necə qorxutdunuz, sizə nəsə lazımdı?
- Mən yemək istəyirəm – o, sakitcə etiraf elədi.
Daha rahibəyə baxmırdı, nəzərləri sağ tərəfdə duran şkafa dikilmişdi, şkafın qapısını elə bil, külək qopartmışdı, faker qırığı dabanlarının üstündə yellənirdi. Döşəməsə qopmuş lak qırıntılarıyla örtülmüşdü. Şkafda çörək, çoxlu çörək yığılmışdı, bir djündən (on iki ədəddən – tərc.) artıq əzilmiş kömbə. Ağzı bir anın içində seliklə doldu, o, çətinliklə, boğula-boğula seliyi uddu, fikirləşdi: «Mən çörək istəyirəm, nə olur-olsun, çörək istəyirəm...»
O, rahibəyə baxdı, qadının uşaq gözləri mərhəmət və qorxu ifadə eləyirdilər.
- Siz yemək istəirsiniz? – rahibə soruşdu, -hə? – sualedici nəzərlə əvəlcə cama, sonra ət suyuyla dolu bidona, çörək yığılmış rəfə baxdı.
- Çörək istəyirəm – o, dilləndi – mümkünsə, mənə çörək verin.
Qadın rəfə yaxınlaşdı, kömbənin birini götürdü, masanın üstünə qoydu, yeşikdə bıçaq axtarmağa başladı.
- Sağ olun – o, astadan dilləndi – axtarmağın başını buraxın, çörəyi əllə də kəsmək olar...
Rahibə salat dolu camı qamarladı. İçində ət suyu olan bidonu götürdü, çıxıb getdi.
O, çörəyin qırağından qırdı; buxağı titrəyirdi, dodaqlarının necə darıxdığını, cəhənglərinin necə kipləşdiyini hiss eləyirdi. Nəhayət, dişlərini əyri-üyrü qırağın yumşaq yerinə batırıb çeynəməyə başladı. O, çörək yeyirdi. Çörək boyatıydı. Yəqin bir həftə əvəl bişirilmiş, kişlənmiş, hansısa fabrikin markası olan qırmızımtıl kağız lentlə bağlanmış çörəyiydi. O, get-gedə dişlərini çörəyin yumşaq yerinə daha dərin batırırdı, yanmış, elə bil, dəri qazmağına çatanacan beləcə dişlədi, sonra kömbəni iki əliylə tutub yeni parça qopartdı; sağ əliylə loxmanı ağzına aparırdı, sol əliylə kömbəni özünə sıxmışdı; çeynəməyə davam eləə-eləyə hansısa yeşiyin qırağında oturdu; hər növbəti loxmanı kömbənin yumşaq yerindən çörəyin üzünə dəyməsini, onun qurutəhər dişləri öz işini görürdü.