Əhvalat bir səhər Ankarpasyon otağa girdiyi vaxtdan başlamışdı. Həmişəki kimi süpürgəsi də, əskisi də əlində idi. Qız Mexikoya gəlib gözəl bəzədilmiş otaqları olan bu binada özünə iş tapmışdı. O, həmişə sakit idi. Üzünün sərt cizgiləri onu qədim bütlərə oxşadırdı. Hindliləri xatırladan sifəti heç bir hissi büruzə vermirdi. Bugünisə...
- Nə olub, hə, balaca? – deyə Süzan soruşdu. – Yoxsa aglamısan?
Ankarpasyon qırmızı sifətini yana çevirdi. Göz yaşları yanağını daha da qızartmışdı. Dişlərini bir-birinə sıxırdı. Heç nə demək istəmırdi.





Süzansa əl çəkmirdi. Axırda qız özünü saxlaya biməyib hönkürdü. O, daha qədim bütləri-xatırlatmırdı, bütün dünyanın uşaqlarına oxşayan yazıq bir qız olmuşdu.
Süzan onu qucaqladı. Sığalladı. Şirin-şirin sorğu-sual etdi. Axırda balaca tövşüyə-tövşüyə boynuna aldı ki, uşağı olacaq...
-Nə yaxşı! - deyə Süzan qışqırdı. - Sənin bəxtin gətirib! Mən həmişə uşaq arzulamışam.
Axı, Ankarpasyon ərə getməyib! Uşağın atası qarşıdakı binada işləyən bir bənna idi. Ev tikilib qurtaranda o, vəd etdiyi kimi qızla evlənməkdənsə çıxıb getmişdi. Yoxa çıxmışdı...
-Deməli, o əclaf imiş. Yaxanı ondan yaxşı qurtarmısan! Əclaf adama ərə getmək hər şeydən pisdir!
Ankarpasyon daha ağlamırdı. Təəccüblənmişdi. Lakin hələ sakitləşməmişdi. Sonra isə daha da bərkdən hönkürməyə başladı.
-Düzdür... amma... uşaq var axı... Əgər atam bilsə, məni öldürəcək...
Meksikada İspaniyada olduğu kimi ənənələr çox sərtdir, xüsusən kəndlərdə.
Qız hıçqıra-hıçqıra danışırdı:
-Ərsiz qızın uşağının... xaç anası... xaç atası... olmağa kim razı olacaq?
Süzan həmin dəqiqə cavab tapdı:
-Xaç anası? Mən xaç anası olaram! Özü də lap sevinclə!
O nə danışırdı! Ankarpasyonun hönkürtüsü qəfildən kəsildi. aşını qaldırdı. Yaşla dolu gözlərini Süzana zillədi:
-Sizmi? - deyə qız təngnəfəs soruşdu.
-Əlbəttə! - deyə Süzan gülə-gülə cavab verdi. – Niyə də yox!
Ankarpasyon gözlərini sildi.
Şişmiş dodaqlarında xoş bir təbəssüm göründü. O heyran-heyran Süzanı süzdü. Onların kəndində istər ərli, istərsə də ərsiz heç bir arvadın uşağının yadelli xaç anası olmamışdı! Hələ bu xarici adam heç amerikalı da deyil! Amerikalılara güclü və varlı olduqlarına görə hörmət edirlər. Amma onları sevən yoxdur! Yox, yox! Onları sevmirlər... Fransızlara gəldikdə isə, onları bütün xaricilərdən çox sevirlər! Onun uşağının xaç anası Fransalı olacaq! Bu böyük şərəfdir! Qızın xəcaləti elə bil yoxa çıxmışdı...
Balaca yenə dərdli-dərdli soruşdu:
- Bəs... xaç atası?
-Lənətə gələsən, deməli xaç atası da lazım imiş. Süzan fikirləşdi.
- Nədən cənab Dreyfüs olmasın?
-Senyor Dreyfüs? Sizcə, o razı olar? Mən heç vaxt cürət etmərəm...
- Qəm eləmə, balaca. Mən onunla danışaram.
Jan Dreyfüs də həmin binanın bəzədilmiş otaqlarından birində olurdu. O kommunist deyildi. Süzan Mexikoda yeganə Fransalı kommunist qadın idi. Xoşbəxtlikdən yüzlərlə ispan, italyan və meksikalı yoldaşlar vardı. Dreyfüs ona görə kommunist olmurdu ki, onun zənnincə, partiya kifayət qədər inqilabçı deyildi. O, bir qədər anarxist idi. Sözün qısası, Süzanın Mexikoda seçə bildiyi yeganə «simpatiyası» idi. Yaxşı qonşu idi. Dünyada onun kimi şən oğlan tapa bilməzdin.
Jan Dreyfüs xaç atası olmağı tərəddüdsüz qəbul etdi. Zavallı qıza başqa nə yaxşılıq etmək olardı? Hələ də belə geridə qalmış xalqları görmək hər halda ağırdır. O, balaca qıza izah etmək istəyirdi ki, evlənmək axmaq burjua adətidir. Əsl məhəbbət isə... Süzan bu fikri onun başından çox çətinliklə çıxardı. Bu qızı qorxutmaq lazım deyildi. O onsuz da pis gündə idi...
Ertəsi gün Ankarpasyon ərklə Süzana yaxınlaşıb uşağının adının nə olacağını soruşdu.
- Onun adımı? – deyə Süzan təəccüblə soruşdu.
- İndi ki xaç anası sizsiniz, gərək adı da siz seçəsiniz.
-Əlbəttə! Bəs bu nə üçün mənim ağlıma gəlməyib? Səncə, Moris necədir? Məncə, bu çox gözəl addır. Sənin fikrin nədir?
- Moris... Mən Moris adda bir adam da olsun tanımıram... Moris... Əlbəttə... Yaxşıdır... Çox gözəldir.
- Böyük bir fransız inqilabçısının, böyük bir vətənpərvərin adıdır. Əgər qız olsa, adını Janet qoyarıq.
Oğlan olacaq, - deyə Ankarpasyon qəti bildirdi. Süzan özünün xaç uşağı üçün təmiz ağ və paltar hazırlamağa başladı. Dreyfüs kimi, bütün başqa qaçqınlar kimi o da varlı deyildi. Dərs deyərək birtəhər dolanır, Avropaya qayıtmaq, yenidən döyüşə girişməyi arzulayırdı. Neçə aydan bəri o Londondakı «Azad Fransa» qrupuna qoşulmaq istəyirdi. Lakin Şarl de Qol, Çörçil və Ruzvelt hökumətləri hələ də onu və miniərcə qaçqını, İtatiya, Yuqoslaviya kommunistlərini, onun kimi könüllüləri viza gözləməyə məcbur edirdi.
Yox, Süzan varlı deyildi. Lakin hər halda yoxsul hindlidən də kasıb deyildi. O özünün xaç uşağı üçün ayırdığı azacıq pulu qıza güc-bəla ilə verdi. Qıza elə gəlirdi ki, pulu çoxdur. Dreyfüs də öz növbəsində pul verdikdə məbləğ ikiqat artdı. Ankarpasyon birinci dəfə idi ki, belə bir dövlət sahibi olurdu.
Doğrudan da uşaq oğlan oldu. O, qırmızı əsgiyə oxşayırdı. Lakin balaca deyildi. Necə deyərlər, əsl uşaq idi. Süzanla Dreyfüs balaca hindli qızı gülümsəyən gördükdə sevinirdilər. Onlar qıza yaşamaq həvəsi, qürur və ümid vermişdilər. Elə zənn edirdilər ki, vəzifələrini yerinə yetiriblər. Lakin bir səhər Ankarpasyon utana-utana soruşdu:
- Cümə günü məşğul deyilsiniz ki? Məşğulsunuzsa, günü dəyişmək olar...
- Cümə günü! Cümə günü nəyinə lazımdır!
- Uşağı xaç suyuna salmaq üçün...
- Ah, xaç suyu üçün! Aman Allah, yamanca yerdə gecələmişik!.. - Bu, Süzanın heç ağlına gəlməmişdi!
- Yaxşı mən... Mən cənab Dreyfüslə danışaram, - deyə Süzan qıza ürək verdi.
Jan Dreyfüs də mat qaldı.
-Elədir,-deyə Süzan danışırdı.-Lakin biz bu balaca ilə kilsəyə getməsək onun günü qara olacaq. Bütün meksikalılar kımi, o da dindar və adətpərəstdir. O qədər maymaq, savadsız və sadədir ki, dinsiz olmağın mümkünlüyünü ağlına belə gətirmir. Bizə gəldikdə isə, bunun bizə nə xeyri var, nə də zərəri. Gedib uşağın xaç suyuna çəkildiyini görərik... Siz razısınızmı?
-Olan olub, - deyə Dreyfüs gülümsəyərək ağzını marçıldatdı. - Şərabı ki, süzdülər gərək içəsən, geri qaytarmaq olmaz.
Doğrudan, deyəsən, bu dinsiz lap sevinirdi. Gedib kilsədə belə bir məzhəkə oynamaq onun ürəyindən idi.
Cümə günü dördü də yola düşdülər. Ankarpasyon geydiyi təzə gözəl donunda işıq saçırdı. Yuxulu Morisi qucağında tutmuşdu. Uşağın qıp-qırmızı sifəti ağ örtüyün arasında görünürdü. Dördü də kilsəyə daxil oldu.
Süzanla Dreyfüs kilsəni ağzına kimi dolu görüb mat qaldılar. Arvadlar bərbəzəkli geyinmişdilər. Onların yanlarındakı kişilər enli sambrerolarını qarınları üstündə iki əlli tutmuşdular. Yəqin ki, bu qədər dindarı razı salmaq üçün zəncirlə ibadət etmək lazımdır. Bəlkə bu gün burada dini bayramdır? Ankarpasyon pıçıldadı ki, şöbələrdən birinin boşalmasını gözləmək lazımdır. Orada uşağı zəncirli xaç suyuna çəkərlər.
Bir keşiş gəlib çıxdı. O, Ankarpasyona fikir vermədən hər iki fransıza yaxınlaşdı. Şübhə yox ki, xaricilərə hörmət etmək istəyirdi. Həm də ki, camaat dindarların ilk sırasında onları görsələr yaxşı idi. İşlər xarab idi! İndi nə edəydilər? Ömürlərində bir dəfə də olsun, ibadətdə olmamışlar. Dreyfüs, deyəsən, buranı xoşlayırdı. O yan-yörəsinə baxa-baxa ağzını marçıldadırdı. Süzan özünü saxlaya bilməyib güləcəyindən qorxurdu. Axı burada dəfələrlə qəzəblənmiş camaat xarici turistləri qovub kilsədən çıxarmışdı. Çünki onlar Meksika dindarlarının mərasimi zamanı gülümsəmişdilər.
- Özünüzü ciddi aparın! - deyə qorxmuş Süzan xəbərdarlıq etdi. - Balacanın xatirinə!
- Yaxşı, onsuz da olan olub.
Onlar dua oxuyurlarmış kimi ağızlarını tərpətməyə başladılar. Lakin başqa dindarlar kimi oxuya-oxuya çiyinlərinə də baxmalı idilər. Hələ düzgün yamsılamaq üçün onlarla birlikdə oturur, birlikdə də qalxırdılar. Hamısı birdən özlərini dizi üstə yerə buraxırdılar, özü də həsir olmadığına görə birbaş daş döşəmənin üstünə. Daşlar çox incidirdi. Sakitlik çökmüşdü. Dizləri üstə durmuş Jan Süzan tərəfə çevrildikdə aydın səslə pıçıldadı:
-Yazıq anam, məni bu gündə görsəydi özündən gedərdi!
Bu dəfə gülməkdən özlərini saxlaya bilmədilər.
Süzan da, Dreyfüs də üzlərini əlləri ilə gizlətmişdilər. Xoşbəxtlikdən birinci cərgədə idilər, heç kəs onları görmədi. Az sonra hamı ayağa qalxdı və onların səsi eşidilməz oldu.
Nəhayət, bu ağır mərasim sona yetdi. Bir keşiş yaxınlaşıb uşağın xaç anası ilə xaç atasına işarə etdi. Onlar keşişin arxasınca getdilər. Keşiş onları bir otağa aparıb masanın arxasında əyləşdi. Qeyd kitabçasını çıxarıb sorğu-sual etməyə başladı. Adınız... doğulduğunuz vaxt və yer... dininiz..
Aman Allah Süzanın atası qatı dinsiz idi. O, qızının xaç suyuna çəkilməsinə yol verməmişdi. Bəs indi nə etsin?
-Katolik-deyə Süzan müsahibinə baxmağa cürət etmədən inandırıcı səslə dilləndi.
Dreyfüsün növbəsi çatdı.
- Adınız?
-Dreyfüs.
-Deyəsən, ad katolik adına oxşamır...
- Dininiz?
- Ka...to...lik... - deyə Jan üz-gözünü turşudaraq cavab verdi.
Keşiş şübhəli-şübhəli ona baxdı. Süzan tələm-tələsik:
-İcazə verin... kasıblar üçün sədəqə verim...
O, stolun üstünə pul qoydu.
Keşiş daha tərəddüd etmədi. İnamla onları şöbəyə tərəf apardı. Ankarpasyon qucağında uşaq, başqa bir keşişlə oradagözləyirdi. Keşiş xaç anasına müraciət etdi:
-Uşağı quçağınıza götürün.
«Görəsən bu nə hoqqadır?!». Süzan hər ehtimala qarşı:
- Kasıblar üçün sədəqə, - deyə oradakı keşişə yenə pul verdi. Sonra Morisi qucağına aldı.
- «Müqəddəs Ata» duasını söyləyin, - deyə keşiş qıza işarə etdi.
Özünü itirmiş Süzan Jana tərəf çevrildi. O səfeh öz şənliyini gizlətmək üçün üzünü yana çevirdi.
-Bilirsinizmi... Mən bacarmıram... Mən ispan dilində dua oxuya bilmirəm.
-Eybi yoxdur, - deyə keşiş alicənablıqla gülümsədi. - Fransız dilində oxuyun...
-Bizim göylərdəki atamız... - deyə Süzan oxumağa başladı. Sonra dodaqlarının arasında nə isə mızıldayaraq: patati,
patata, reparati, reparata... Amin!
- İndi isə «Sizə salam göndərirəm, Mariya» duasını oxuyun.
- Sizə salam göndərirəm, Mariya... və bağışlayın ki, gerisini bilmirəm, sonra nə demək lazım olduğunu bilmirəm. Balacanın xatirinə belə etmək lazımdır... Amin!
Mərasim, nəhayət ki, başa çatdı. Ankarpasyon indi qanunsuz sayılmayan körpəsini şadlıqla yenidən bükdü.
Xeyli sonra Süzan Janla olub-keçənləri götür-qoy etdiyi zaman dedi:
- Hər halda, biz pis iş görmüşük! İşə bax: meksikalı günahsız körpəyə dinsiz, bir kommunistin adını qoymuşuq! Hələ ən pisi budur ki, onun xaç anası və xaç atası da dinsizdirlər. Heç xaç suyuna da çəkilməyiblər... Bu dini yığıncaq bilmirəm nə üçünmüş? Sizin zənninizcə, belə bir şəraitdə bu xaç suyuna çəkmənin bir əhəmiyyəti oldumu?
- Əlbəttə, - deyə Jan qəti səslə inandırdı. - Bilirsinizmi, əgər doğrudan da o xeyirxah Allah mövcuddursa, bizim bu mərasimi başqalarından çox-çox üstün tutmalıdır. O özü yaxşı bilir ki, biz bunu səbəbsiz etməmişik!