Reymon Pake kəndi çox sevir. Hər yay Parisdən çıxıb Yuxarı Averndəki bir kəndə gedir. Kənd, mərkəzi yoldan da, bizim əsrdən də aralı düşüb. Burada yarım düjün yöndəmsiz, alçaq ev var. Evlərin kiçik pəncərələrindən süzülən zəif işıq adamı sehrləyir. Hər evin isti nəfəsli bir pəyəsi də var. Kəndin bir bulağı var ki, lap çoxdan axır. Kəndin üstünü nəhəng şabalıd ağaclarının dən düşmüş saçları, sarmaşıq qotazları, budaqlarda gözəl naxışlara oxşayan mamırlar, bir də səma-aydın, mavi, əzəmətli bir səma örtüb. Qoyun sürüsünə oxşayan təpələr kəndi araya alıb onu yaşıl dolanbaclı bir vadiyə döndərib. Ara-sıra otlaqlar, tarlalar və göllərin ətrafında təpəciklər üzərində küknar, şam və toz ağacı meşələri görünür. Hələ süpürgə güllərini görəsən! Onlar əvvəl qırmızı olur, yavaş-yavaş saralır, payızda isə ağarırlar.





Reymon Pake bir qarı ilə qocanın qonağı olur. Qocaların üzləri, əlləri elə bil şümşad ağacından yonulub. Səmimi və mehriban adamlardı. Reymon onları “nənə” və “baba” deyə çağırır. Reymonun orta əsr qalası kimi qalın divarlı otağında sərinlik və sakitlik hökm sürür. Otaq yarımqaranlıqdır. Burada illərdən bəri işlənib üzülmüş mebel-çarpayı, paltar şkafı, masa var. Mücrünün üstünə qoyulmuş mis şamdanlar otağa titrək, zəif işıq səpələyir. Reymon Pake burada gördüklərinin hamısına kənd deyir.
Gündüzün günəşi də kənd deməkdir, gecənin ulduzları da. Nə yağış, nə də külək haqda fikirləşməyə dəyməz. Günəş kəndi qızdırdığı, qızılı dalğalarla aləmi döyəclədıyı vaxtı Reymon çox sevirdi. Gecənin qarasına boyanmış, üzərində yuxulu səmanın mirvariləri bərq vuran kənd gecəsi də onu məftun edirdi. Belə gecələri necə sevməyəsən axı; otlaqların, meşələrin, qayaların, çayların, göllərin üzərində mülayim bir sükut hökm sürür.
Reymon Pake sükutu sevir. Amma hər cür sükutu yox. Elə bir sükutu ki, onun nə yerdə, nə də göydə hüdudu olsun. Əbədilik və sonsuzluqla yoğrulmuş bir sükut. Kəndin qızmar çağlarına və gecə qaranlığına məhəbbəti də sükuta, sakitliyə olan məhəbbətindən yaranıb. «Sal daşı kamil bir əsər olduğu kimi sükut da güclüdür, düşüncə və şüurla doludur» deyən filosofun sözləri burada sübuta yetir. Sakitlik Reymon üçün içərisində böyük işlər görülən bir aləmdir.
Bu sakitlik sevimli nəğmələri yada salır, məşhur müğənnilərin qəmgin misralarını zümzüməyə çevirir.
Hər gün günorta çağı Reymon iri həsir şlyapasını başına qoyub evdən çıxırdı. Şlyapa onu meksikalıya oxşadırdı. Reymon ot basmış cığırlarla bir-iki saat fikirli-fikirli dolanır, yetişmiş, iri dənli sünbüllərə, zoğlu şeytan qanqallarına hələ tamam qurumamış vələmirə tamaşa edirdi. Günün ən qızmar çağı sakitlik olur, bu sakitlikdə təbiət lap qədimlərdəki kimi hökmranlıq edir.
Gecə düşəndən sonra da Reymon Pake həmən cığırlarla gəzinirdi. Gecələr şlyapanın əvəzinə başına beret qoyur, ayağına isə həmişəki yumşaq ayaqqabılarını geyirdi. O, əlləri cibində gəzinir, yerlə göyün bir-birindən seçilmədiyi mehriban bir qaranlıqda uzaq kəndlərin sarışın işıqları ilə göydəki gümüşü ulduzların bir-birinə qarışdığından ləzzət alırdı. Yerin sükutu göyün sükutuna bənzəyir. Hər ikisi insanı valeh edir.
Kənddəki bu sakitliklə Parisdə iş otağındakı sakitlik arasında böyük fərq var. Kabinetdəki sakitlik sünidir, cansızdır. Kənddəki sakitlik isə canlıdır, təbiətin özündən yaranıb. Bu sakitlik günorta çağı milçəklərin və arıların vızıltısından, quru vələmir sünbüllərinin xışıltısından, gecələr isə cırcıramaların iliyə işləyən nəğməsindən və ulduzların sehrli simfoniyasından yaranır. Bəli, bunlarsız Reymonun sevdiyi sakitlik mövcud olmazdı. Sakitlik boşluğa dönərdi.
Keçən yay xoş ətirli, mülayim, gözəl gecələrin birində Reymon Pake xəyal dolu cığırların birində gəzindiyi vaxt qəfildən dayandı; elə bil üstünə qüssə çiskinlədi. Bu qüssənin hardan gəldiyini, yaxud nədən doğduğunu ayırd edə bilmirdi.
O, iri qol-budaqlı bir qoz ağacının dibində donub qalmışdı bütün bədəni həyəcan içində idi. Bu həyəcan nə qədər çəkdi? Bir saniyə? İki? Üç? Bəlkə on saniyə? Reymon özü bunu deyə bilməzdi. Həmin an çox ağır, çox uzun görünmüşdü. Qəfildən o qüssənin səbəbini duydu, tez həyəcanlandığı kimi tez də sakitləşdi. Nəhayət, nəfəs aldı. Gecənin sükutunu yaradan səslərə - minlərlə gözəgörünməz canlıların səslərinə güc-bəla ilə eşidilən təzə bir hənirti qoşulmuşdu.
Reymon Pake diqqətlə qulaq asdı. Eşidilən səs inilti idi, ahəstə bir inilti, zəmidəki yetişmiş sünbüllərin xışıltısından azacıq zil idi. Səs yaxınlıqdakı kolun dibindən gəlirdi. Reymon Pake yaxınlaşıb aşağı əyildi, ürəyi həyəcanla döyünməyə başladı. Ayağı tələnin iti dişləri arasında qalmış balaca qırmızımtıl bir tülkü qalın otların arasıda uzanıb qalmışdı. Tülkü, daha əsiri olduğu polad tələdən yaxa qurtarmağa çalışmırdı. Yorulub, ümidini üzüb, böyrü üstə uzanıb ölümünü gözləyirdi. Zingildəməsi isə ağrının gücündən idi. Reymon aşağı əyiləndə heyvancığaz ölüm gətirəcək zərbəni qarşılamaq üçün titrədi və dişlərini azacıq göstərdi.
Reymon Pake onun əzilmiş pəncəsini tələnin polad çənələri arasından çıxarmaq üçün var gücünü sərf etməli oldu.
Bir neçə gün sonra, eyni vaxtda Reymon Pake həmən yerdə dayandı. Əsaslı bir məqsədi yox idi. Özü elə-belə dayandı, azad etdiyi, həyata qaytardığı heyvancığazı yadına saldı.
Ona elə gəldi ki, yaxınlıqda, hündür otların arasından kiçik bir heyvanın tövşüyə-tövşüyə nəfəs aldığını duyur. Heç təəccüblənmədi də. Bu tülküdür! Reymon tülkünün yaxınlıqda olduğuna əmin idi. Heç yoxlamağına dəyməzdi. Tülkü bir az aralıda çömbəlib ona tamaşa edirdi.
Reymon Pake addımlamağa başlayanda otlar arasından yüngül bir xışıltıdan hiss etdi ki, tülkü qaçıb uzaqlaşdı.
Yay boyu tülkü dəfələrlə görüşə gəldi. Reymon Pake ona yaxınlaşmaq fikrinə düşmürdü. Axı nəyə gərək? O, bir anlıq heyvancığazın nəfəs çəkməsinə qulaq asır, balaca tülkü isə yarpaqların arasından ona tamaşa edirdi. Bu mehribanlıq mərasimi başa vurulan kimi hərəsi öz aləminə qayıdırdı.
İndi istirahət günləri başa çatıb. Reymon Pake süni sakitliyə qərq olmuş kabinetində olub-keçənləri yadına salır. Otaqdakı yalançı sakitlik də, həyatın karikaturası olan avtomatlar da onu cana gətirir. O, sakitliyə, əsl sakitliyə qovuşmaq üçün yayın gəlməsini gözləyir. Xəyal dolu cığırın kənarında isə, yəqin ki, ilıq nəfəsli, qırmızımtıl tülkü onu gözləyəcək.