Mən onu ilk dəfə toylarından bir il, bir ildən bir az keçmiş gördüm. Dəfn mərasimi sona çatdı, hamı dağılışdı və biz evdə tək qaldıq. Mən bilmirdim ki, ona nə deyim, o isə səhərdən bir kəlmə də olsun, ağzını açmamışdı. O, bir ildən bir az artıq idi ki, Finliyə ərə getmişdi və onun hələ iyirmi yaşı tamam olmamışdı. Bütün vücudunda bir qadın məlahəti olsa da, o, hələ uşaq idi. O, bütün axşamı pəncərənin qarşısındakı kresloda oturub, gecənin düşməsinə tamaşa edirdi. Gecə düşürdü, amma mən işığı yandırmadım və o, da eləcə diməz-söyləməz oturmuşdu. Alaqaranlıq içində onun, elə bil ki, qara taxtadan yonulmuş hərəkətsiz profili görünürdü. O zaman mən başa düşdüm ki, hətta kədərin də gözəlliyi ola bilər.
Onun kədəri həqiqətən gözəl idi.
Finli mənim yeganə qardaşım və dünyada mənə yaxın olan yeganə adam idi.
O, Finlinin dul qadını idi.




Onun adı Tomazina idi, amma mən onu hələ heç vaxt adı ilə çağırmamışdım. Mən hələ ona alışmamışdım və bu qeyri-adi adda nəsə elə bir şey var idi ki, elə bil, yad adamların müdaxiləsinin qarşısını alırdı. Onu adı ilə çağırmağımın məqamı çatanda, mən artıq bilirdim ki, bu ad yanlız onun adıdır.
Mən bu evdə yad idim və biz hələ bir-birimizə bircə söz də deməmişdik. Finli mənim qardaşım, onun əri idi və Finlidən sonra mən bilmirdim ki, indi biz bir-birimiz üçün kimik. Ancaq mən burasını başa düşürdüm ki, bir halda ki, biz bu evdə yaşamalıyıq, hərəmiz öz yerimizi bilməliyik.
Zülmət gecə gəlirdi və gecənin bu qaranlığı bomboş, elə bil ki, nəhəng otağa yayılırdı. Və otağın alaqaranlığı gecənin zülmətinə qərq olduqca, onun profilinin cizgiləri də yavaş-yavaş o qaranlığa yayılırdı. Divarlar uzaqlaşırdı, otaq, elə bil, intəhasız bir məkana çevrilirdi və o zərif profil boş evə dolan zülmət içində beləcə əriyib gedirdi.
O ki, orada, pəncərənin qarşısında oturmuşdu, hələ öz tənhalığını axıra kimi dərk etmirdi. Onun başı, çiyinləri qaranlığın içində itirdi, amma o heç özünü də hiss etmirdi - Finli lap təzəcə vəfat etmişdi.
O, kreslodan qalxanda, mən də ayağa durdum və otaq boyu ona tərəf getdim. Mən ona yaxınlaşdım və demək olar ki, yanaşı dayandıq, amma bizim aramızdakı məsafə bu otaqdakı intəhasız məkanın ölçüləri qədər idi. Mən istəyirdim ki, onu qucaqlayım və sevimli bir varlıq kimi ona təsginlik verim, amma o Finlinin dul qadını idi və mən bu divarsız, bomboş, sahilsiz bir zülmət içində batan nəhəng otaqda buna cürət etmədim. Çaxmaq daşından qopan qığılcım dözülməz bir işıq kimi kor edərdi, kiçicik şölə isə bizi yandırıb kül edərdi.
Mən bu evə girənə qədər heç zaman Tomazina adlı bir qız barədə düşünməmişdim, indi isə o Finlinin dul qadını idi.
Otaqda düzülmüş güllər də gecənin içində itmişdi, təkcə qızılgüllərin ləçəkləri səssizcə xalçanın üstünə düşürdü.
Birdən o, qaranlıq içində üzünü mənə tərəf çevirərək, pıçıldadı:
- Siz onun dovşanlarının gecə yeməyini verdiz?
- Hə, - dedim.- Doyunca yedilər. Daha səhərə kimi onlara bir şey lazım deyil.
Onun çəngə-çəngə burulmuş saçları çiyninə tökülmüşdü. Saçları limon rəngində idi və bu saçlarla otağın qaranlığı, onun donunun matəmi arasında qəribə bir həmahənglik var idi. Onun görkəmi daha da kədərli görünürdü, çünki başının ətrafını qapqara qatı kölgələr bürümüşdü. Mən görünməz divarların zülmətinə baxdıqca onun limon rəngli gur saçlarının azacıq örtdüyü və Finlinin sinəsinə sığınmış profilini görürdüm, Finlinin onu öpdüyünü və zərif simasını sığalladığını görürdüm. Onların vaxtsız sona çatmış sevgilərinin gücü və işartısı hər tərəfi bürümüş bu qaranlığı qarşısında addım-addım geri çəkilirdi. Və bu bomboş otağın qaranlığında mən ölüm əlacsızlığını bir daha qavradım və onun kədərinin dərinləyini hiss etdim. Xoşbəxtlikləri cəmi bir il davam etmiş sevgililər üçün ölüm əlacsızlığına inanmaq çətindir. Onun üçün isə bu, daha da çətin idi. Mən istəyirdim ki, nə fikirləşirəm, hiss edirəmsə, hamısını ona deyim, amma yox, mən lazım olan sözləri tapa bilməzdim. Onun sevgisi ölüm haqqında fikri heç yaxına da buraxmırdı və o məni başa düşmək istəməzdi.
Bu gecə belə başlayırdı.
Mən onu görmürdüm, amma hiss etdim ki, pəncərənin qarşısındakı kreslodan uzaqlaşır. Mən tanımadığım mebellərə toxuna-toxuna onun saçlarının limon ətri sayəsində düzgün istiqamətdə getdim.
Sonra o, dayandı və mən başa düşdüm ki, yataq otağındayam. Mən qapının ağzında dayanmışdım və onun hərəkətlərini saçlarından gələn limon ətrinə görə müəyyən edirdim. O, küncdən küncə gəzişirdi və mən qapının ağzında dayanaraq, gözləyirdim ki, indicə danışacaq, mənimlə sabaha qədər sağollaşacaq. O istəyirdi ki, mən qalım, ya da mənim köməyimə heç bir ehtiyacı yox idi? - bir söz demədi.
Sükut içində onun tənha addımlarının səsi gəlirdi və kimsəsiz yataqdan isə lal və soyuq meh əsirdi. Mən hiss edirdim ki, o yatağa necə yaxınlaşır, barmaqları ilə yatağa necə toxunur və xalçanın üstü ilə yenə necə geri qayıdır.
O, pəncərənin qabağında dayandı, gecənin qapqara boşluğuna baxdı və mən gözləyirdim indicə deyəcək ki, qapını örtüm, gedim və onu tək buraxım.
O, otaqda dayanmışdı, mən qapının ağzında, dovşanlar isə düz pəncərənin aşağısında idi, amma bizim ətrafımızdakı boşluq evi ulduzsuz və aysız bir sükuta bürümüşdü. Mən əllərimi uzadanda, onlar sirli bir zülmət içinə girirdi, gözlərimi qaldırıb baxanda, onlar, yəni mənim gözlərim cidd-cəhdlə qaranlıq göy üzünün hansı bir tərəfindəsə işıq axtarırdı.
O, bilirdi ki, mən qapının ağzında dayanmışam və onun sözlərini gözləyirəm ki, gedim, amma tənhalıq onu gücdən salırdı.
O, bilirdi ki, divarları görünməyən bu otaqda tək qalmaq onun üçün məşəqqətdir.
O, bilirdi ki, bu bomboş zülmətdə deyiləcək heç bir söz tənhalığı qova bilməz və o bilirdi ki, bu qaranlıq evin intəhasız boşluğundan təkbaşına qopub ayrıla bilməyəcək.
Finli onun haqqında mənə yazanda təəssüfünü bildirirdi ki, mənim o cür bir istəklim yoxdur. Onlar bir yerdə bir il yaşadılar və bu ev - onların evi idi, bu yataq - onların yatağı idi. Hər gecə onlar bir yerdə bu otağa - indi mənimlə ondan başqa heç kimin olmadığı otağa girirdilər. Və bax, bu vaxt mən qarşıdakı gecənin bütün tənhalığını hiss etdim, çünki Finli ölmüşdü və heç zaman belə bir sevgi görməmiş mən isə bunu heç zaman da görməyəcəkdim.
O, yenə yaxınlaşıb, yatağa toxundu. Kimsəsiz yataq qaranlıq içində səssiz-səmirsiz ağarırdı. Və o, bilirdi ki, indi tək qalacaq.
O, yeniyetmə qızlar kimi yavaşdan ağladı.
Ayağından atdığı ayaqqabılar xalçanın üstünə düşdü, amma bomboş otaqda onların səsi elə çıxdı, elə bil, kobud kişi ayaqqabıları zərblə döşəməyə dəydi.
O, mizin üstündəki darağı götürdü və daraq onun barmaqları arasından yerə sürüşdü, amma elə bil, vecsiz kişi əlləri qaranlıqda nəsə axtararaq, güzgünü, saatı yerə salır.
Onun dizi kürsüyə dəydi, amma elə bil, hansısa bir kişi qaranlıq içində addımlayaraq, mebelə ilişir və xırıltılı səsiylə yavaşdan söyüş söyür.
O, donunu əynindən çıxardı və çarpayının başlığına sərdi, amma elə bil, bir kişi ağır şalvarını və gödəkçəsini bütün otaq boyu kürsünün üstünə atır.
O, pəncərəni səssizcə açdı, amma elə bil, bir kişi hövsələdən çıxaraq pəncərəni güclə dartıb açdı.
O, çarpayının kənarında oturdu, sonra uzandı, amma elə bil, kişi çarpayıya atılıb, adyalı başına çəkdi.
O, yavaşca çönüb, yanındakı boş yastığı qucaqldı, amma elə bil, bu qaranlıq otağın boşluğunda bir kişi yataqda vurnuxaraq, yastığı döyəcləyir.
O, hönkürüb, titrədi və çarpayının yaylarının səsi güclə eşidildi, amma elə bil, bir kişi kobud bir hiddətlə o çarpayı yaylarını cırıldadır.
Bilmirəm, çıxıb getməyim barədə onun xahişini gözləyə-gözləyə qapının ağzında nə qədər dayandım. Bu intəhasız zülmət içində, bu bomboş otaqda vaxt əvvəlcə sürətlə, sonra tamam yavaş-yavaş keçirdi. Bəlkə mən bir saat orada dayandım, bəlkə də - beş saat.
Mən ağzımı açıb onunla danışdım.
Elə bil ki, mənim sözlərimi təkrar edən o əks-səda heç vaxt dayanmayacaqdı.
Mən əsə-əsə:
- Gecən xeyrə qalsın, Tomazina,- dedim.
O, qorxudan və ağrıdan diksinib qışqırdı. Elə bil, ürəyinə sancılmış bıçaq da onu beləcə diksindirib, qışqırda bilməzdi.
Sonra o, yataqda yavaşca çönüb, üzü mənə tərəf uzandı.
- Aman Allah, aman Allah, aman Allah!..
Onun həyəcanla qucaqladığı yastıq qaranlıq içində sürüşüb, çarpayıdan düşdü, elə bil, cəngəllikdə baltalanmış ağacın gövdəsi yerə sərildi.
Axşam tamam sona yetdi və o bomboş otağa gecə çökdü.