Bənzərsiz rus yazıçısı Yuri Kazakov (1927-1992) yaradıcılıq üslubuna görə rus klassik ədəbiyatının ənənələrinə meylli olub, əsərlərində incə psixoloji çalarlar, ruhi yaşantıların rəngarəngliyi, təbiətə sonsuz sevgi aydın nzərə çarpır. Yazıçının «Yarımetansiyada» (1959), «Sən yuxuda acı-acı ağlayırdın» (1977), «İki gecə...» (1986) nəsr topluları, «Şimal gündəliyi» (1961-1973) oçerkləri böyük maraqla qarşılanmışdı. Xüsusilə, «Şəhərə», «Mavi və yaşıl», «İki nəfər dekabrda», «Çörək ətri», «Çirkin», «Gecə», «Palıd meşələrində payız», «Sakit səhər» hekayələrirus nəsr antologiyasında layiqli yer tutur.
İndi ən yaxşı hekayələr üçün təsis olunmuş Yuri Kazakov adına mükafat da mövcuddu.





"İki nəfər dekabrda"

O, qadını vağzalda çox gözlədi. Şaxtalı, günəşli günüydü və hər şey onun xoşuna gəlirdi: xizəkçilərin çoxluğu, Moskvada hələ yığışdırmağa macal tapmadıqları təzə qarın xırıltısı. O, öz-özünün də xoşuna gəlirdi: möhkəm botinkaları, az qala dizinəcən yun corablar, qalın tüklü yun köynək və dimdikli Avstira papağı geymişdi; amma hər şeydən çox xizəkləri, qayışa çəkilib çox gözəl yapışdırılmış xizəkləri xoşuna gəlirdi.
Qadın həmişəki kimi gecikirdi: o, nə vaxtsa acıqlanardı, ancaq daha alışmışdı, ona görə ki, əgəo yaddaşı aldatmırsa, bu, qadının yeganə zəifliyiydi. İndi xizəkləri divara söykəyib, ayaqları donmasın deyə yüngülcə atılıb-dşür, qadının gələcəyi səmtə baxırdı və rahatıydı. Yox, o, sevinmirdi, sadəcə, sakitiydi, işdə hər şeyin yaxşı getdiyini və onu sevdiklərini, evdə də hər şeyin yaxşı olduğunu və qışın necə keçdiyini – dekabrdı, ancaq günəşi, qarının parıltısıyla həqiqi martdı – fikirləşmək ona ləzzət verirvə rahatlıq gətirir; başlıcasısa, qadınla özünü yaxşı hiss eləyir. Ağır dava-dalaş, qısqanclıq, şübhə, inamsızlıq, qəfil telefon zəngləri və telefonda susma – belə vaxtda ancaq nəfəsini eşidirsən və bundan ürəyin ağrıyır – vaxtları qurtardı. Allaha şükür, bütün bunlar keçib getdi, indi başqa – rahat, etibarlı, zərif duyğulardı!
Axır ki, qadın gəlib çıxanda, onun üzünü və qədd-qamətini yaxından görəndə sadəcə öz-özünə dedi:
- Hə-hə! Bax, bu da sən...
O, xizəklərini götürdü və onlar yavaş-yavaş getdilər, çünki qadın nəfəsini dərməliydi: elə tələsmişdi ki, nəfəsi təngimişdi. Qadın qırmızı papaq qoymuşdu, saçları çəngə-çəngə alnına tökülmüşdü, baxışlarını ona dikəndə qara gözləri daim qıyılırvə titrəyirdilər, burnunun üstündəsə, artıq ilk xırdaca çillər vardı.
O, qatara bilet almaq üçün xırda pul çıxararaq bir az geridə qaldı, qadına, onun ayaqlarına baxdı və qəfildən fikirləşdi ki, o, necə də gözəldi, necə də yaxşı geyinib; yəqin, ona görə gecikir ki, həmişə gözəl olmaq istəyir, onun bu birçəkləri sanki təsadüfidi, bəlkə də heç təsadüfi deyil və necə də riqqət doğuran, qayğılıdı!
- günə bax! Gözəl qışdı, hə? – o, bilet götürəndə qadın dilləndi. – Bir şey unutmamısan ki?
O, yalnız başını yırğaladı. İndi ona elə gəlirdi ki, hətta lazım olduğundan çox şey götürüb, çünki arxa çantası ağırıydı. Elektrik qatarının vaqonu arxa çantalardan və xizəklərdən dar və səs-küylüdü: hamı qışqırır, bir-birini çağırır, hay-harayla yerini tutur, xizəklərini taqqıldadırdı. Pəncərələr soyuq və şəffafıydı, amma peçlərdən quru isti yayılırdı və qatar tərpənəndə pəncərələrin arasındakı günəşli qara baxmaq və aşağıda təkərlərin iti, yumşaq taqqıltısına qulaq asmaq ləzzət verirdi.
İyirmi dəqiqədən sonra, o, siqaret çəkmək üçün vaqonun meydançasına çıxdı. Eşik qapılarının bir tərəfinin şüşələri yoxuydu, meydançada soyuq külək cövlan eləyirdi, divarlar və tavan sırsıra bağlamışdı, şaxta dəmir qoxusu verirdi, təkərlərsə, burda artıq taqqıldamır, gürültü qoparır və relslər uğuldayırlar.
O, siqaret çəkir, baxışlarını bir skamyadan o birinə adladaraq şüşəli qapıdan vaqonun içinə baxır, gedənlərin hamısına müəyyən mərhəmət hissi duyurdu, ona görə ki, onun nəzərində bu iki gündə onlardan heç birinə ona olduğu qədər yaxşı olmayacaq.
O, qızlara, onların həyəcanlı üzlərinə də baxır, onlar haqqında fikirləşir, həmişəki kimi, böyründən onunla yox, kiminləsə keçən yeniyetmə gözəli görəndə olduğu sayaq zəif və acı həyəcan hissi keçirirdi. Sonra qadına baxdı və sevindi. Gördü ki, burda – gənc və gözəl qızların arasında – hər halda, hamıdan yaraşıqlıdı. Qadın pəncərəyə baxırdı, sifəti donuq, gözləri qara , kirpiklərisə, uzunuydu.
O da şüşəsiz qapıdan şaxtaya, havaya baxırdı, parlaq işıqdan və küləkdən gözlərini qıyırdı. Qarla örtülmüş, cırıldayan taxta platformalar yanından ötüb keçirdilər. Hərdənbir platformalarda başdan-ayağa göy rənglə rənglənmiş, damında dəmir borusu, borusundasa göy tüstüsü olan faner bufetlər gözə dəyirdilər. O, fikirləşdi ki, belə bir bufetdə oturmaq, yaxından keçən elektrik qatarlarının fitinə qulaq asmaq, peçin böyründə qızınmaq və parçdan pivə içmək çox gözəl olardı. Və ümumiyyətlə, hər şey necə də gözəldi: gözəl qış, gözəl sevinc; indi onun sevdiyi bir kimsə var, həmin sevdiyi kəs vaqonda oturur, ona baxmaq və baxışlarını tutmaq olar! Eh, bunun nə qədər gözəl olduğunu o ki, bilir: bu qadın onun olmayanda evdə nə qədər tənha axşamlar keçirib, yaxud tanışıyla məqsədsiz-filansız küçələrdə veyillənib, filosofluq eləyib, nisbilik nəzəriyyəsi və ayrı gözəl-ağıllı şeylər haqqında mülahizələr yürüdüb, evə qayıdandasa, qüssəylə üzləşib. O. Hətta şeirlər də qoşurdu və şeirlər tanışının xoşuna gəlirdi, ona görə ki, onun da heç kəsi yoxuydu. İndisə tanışı evlənib...
Fikirləşdi ki, insan nə qəribə yaranıb. Budu, o, hüquqşünasdı, artıq otuz yaşı var, elə bir əhəmiyyətli işsə görməyib, heç nə kəşf eləməyib, yeniyetmə çağlarında arzuladığı kimi nə şair olub, nə də çempion. İndi qüssələnməkdən ötrü nə qədər istəsər bəhanəsi var; ona görə ki, həyatı alınmayıb, osa, vecinə almır, adi iş yiyəsidi, heç bir şöhrəti yoxdu, bunlar heç də onu qüssələndirmir, dəhşətə gətirmir. Əksinə, indi o, razı və sakitdi, normal yaşayır; əgər arzuladıqlarına çata bilsəydi, necə olardı...
Onun yalnız bir daimi narahatlığı vardı – yay haqqında fikirlər. Hələ noyabrdan gələcək yay məzuniyyətində hara və necə gedəcəyini fikirləşir, çək-çevir eləyirdi. Bu məzuniyyət həmişə ona sosuz, eyni zamanda qısa gəlirdi, səhv eləməmək, uduzmamaq üçün əvvəlcədən hər şeyi nəzərə almaq və ən maraqlı yerləri seçmək lazım olurdu. Bütün qışı, yazı həyəcanlanırdı, öyrənirdi ki, hara yaxşıdı, oranın təbiəti, camaatı necədi, planlar, bəlkə də səfərin və məzuniyyətin özündən də ləzzətliydi.
O, indi də yay haqqında, hansısa kiçik çay qırağına gedəcəyi barədə fikirləşirdi. Özləriylə çadır götürəcəklər, həmin çayın qırağına gedəcəklər, baydarka sürəcəklər və qadın lap hind piroquna dönəcək... Onda əlvida Moskva və asfalt, hər cür prosedurlar da, hüquq məsləhətləri də!
Və o dəqiqə ilk dəfə Moskvadan birlikdə necə getdiklərini xatırladı. Onda Estoniyaya, müəyyən işləriylə bağlı olduğu kiçik şəhərə getmişdilər. Avtobusda necə getdilər, gecə tamam zülmətdə olan, yalnız bir restoranın canlandığı, işıq saçdığı Valdaya necə çatdılar; o, bir stəkan köhnə tünd arağı içib necə kefləndi, vatobusda kefi necə köküydü, ona görə ki, qadınla bir yerdə gedirdilər və gecə yarısı bəzən qadın ona söykənərək mürgüləyirdi. Hava işıqlaşanda gəlib çatdıqları da yadındaydı, avqustun ortalar olsa da Moskvada da yağışların ağzı açılmışdı, şəhər təmiz və işıqlıydı, ağca binalar, dik, qırmızı kirəmitli damlar, saysız-hesabsız xəlvət və sakit bağlar, daşlarının arasında qıvrım otlar bitmiş küçələr günəş şüalarına bələnmişdi.
Onlar təmiz və işıqlı otaqda yerləşdilər; hər yerdə – pəncərələrin qabağında, çarpayıların altında, şkafda belə dəymək üçün antonov almaları sərilmişdi və əməlli-başlı qoxu verirdilər. Üstəlik, zəngin bazar da varıydı, bir yerdə gedir, özlərinə qaxac, donuz piyi, parça bal, yağ, pomidor və xiyar (ağlagəlməz ucuzluğuydu) alırdılar. Hələ o çörəkxananın qoxusu, göyərçinlərin fasiləsiz qurultusu və qanadlarının pırıltısı...! Başlıcası qadındı – elə gözlənilməziydi, elə bil tamam yad kimsəydi, eyni zamanda da sevimli və məhrəmiydi. Təsvirəgəlməz xoşbəxtliyiyidi, yəqin ki, hələ beləsi ələ düşməyəcək, təki müharibə olmasın!
Axır vaxtlar müharibə haqqında tez-tez fikirləşirdi, ona nifrət eləyirdi. Amma indi bərq vuran qara, meşələrə, çöllərə nəzər salaraq, relslərin güyültüsünə və cingiltisinə qulaq asaraq inamla beyindən keçirdi ki, heç bir müharibə olmayacaq, eləcə də, ümumiyyətlə, ölüm də olmayacaq. Ona görə ki, o, fikirləşdi, həyatda dəqiqələr var, insan dəhşətli şeylər barədə düşünə bilmir və şərin mövcudluğuna inanmır.
Onlar uzaq stansiyada qatardan az qala axırıncı düşdülər. Platformayla gedəndə qar ayaqları altında ucadan xırıldayırdı.
- Necə gözəl qışdı! – qadın gözlərini qıyaraq yenə dedi. – Çoxdandı belə qış olmayıb!
Onun bağ evinəcən iyirmi kilomeirəcən getməli, hələ gündüzkən sürüşməli və axşam ayrı dəmiryoluyla evə qayıtmalıdılar.
Kiçik meyvə bağı olan, taxtadan tikilmiş balaca yay evi, evdəsə – iki çarpayısı, stolu, kobud oturacaqları və çuqun alman peçi varıydı.
O, xizəkləri geyinib bir neçə dəfə atılıb düşdü, təzə, yumşaq qara xizəklərlə döyəcləyərək havaya sovurdu, sonra qadının xizəklərinin bərk bablanıb-bağlanmamasını yoxladı və onlar yavaş-yavaş hərəkətə gəldilər. Əvvəlcə evə tez çatmaq, otağı yaxşıca qızdırmaq və dincəlmək üçün sürətlə getmək istəyirdilər, amma bu çöllərdə və meşələrdə sürətlə getmək mümknü deyildi.
- Ora bax, ağacqovaqların necə gözəl budaqları var! – qadın deyirdi və dayanmırdı. – Pişik gözlərinin rəngidi.
O da dayanır, baxırdı – doğurdan da, ağacqovaqlar yuxarıdan sarı-yaşılıydılar, tamam pişik gözlərinin rəngindəydilər.
Meşə tüsüyəbənzər kölgədən şüalarla deşik-deşik olmuşdu. Qar bələk kimi budaqların arasından asılmışdı və yükdən azad olmuş küknarlar pəncələrini yelləyirdilər.
Onlar döşdən-döşə keçir, arabir yuxarıdan ağ damlı kəndləri görürdülər. Bütün komalarda peç qalamışdılar və kəndlər tüstüyə bürünmüşdü. Tüstülər dirək göyə qalxır, amma sonra aşağı yatır, dağılır, uzanır, ətraf təpələri şəffaf göy rəngə bürüyürdülər və hətta kəndlərdən bir-iki kilometr məsafədə tüstünün iyi duyulurdu və bu iydən onlar tezliklə evə çatmaq, peçi qalamaq istəyirdilər.
Bəzən gübrələnmiş, parıldayanacan süpürülmüş yol qıraqlarını keçirdilər və dekabr olsa da, bu yollarda, ot tayalarında, cığırların göy-şəffaf kölgələrində baharı andıran nəsə vardı və yaz qoxusu duyulurdu. Bir dəfə belə yolla kənd tərəfə qara at çapıb keçdi, atın tükləri bərq vururdu, əzələləri rəngdən-rəngə çalırdı, nalları altından buz və qar sıçrayırdı, sınıq xırçıltısı və fınxırtısı eşidilirdi. Onlar yenə dayandılar və atın arxasınca baxdılar.
Arabir əsəbi və pırtlaşıq dolaşa hədsiz qayğı içində «uçub» gedirdi, onun arxasınca başqası tələsirdi, uzaqlardasa, dolaşaları gözdən buraxmadan öz xeyrini güdən sığırçın batıbğ çıxırdı: nədənsə duyuq düşüblər? Buna da baxmaq lazım gəlirdi. Bəzən qarın altından çıxmış qandalların üstündə qar quşları yellənir, zümzümə eləyir, işgüzarcasına eşələnirdilər – onlar şaxtanın və qarın ortasında tropmk quşlar kimi qeyri-adiydilər, möhkəm, qalın dimdiklərindən quru toxumlar qarın üzərinə sıçrayır, zolaqlara düşürdülər.
Hərdənbir rastlarına düz, eyni zamanda əyri-üyrü xətldə çaladan-çalaya, koldan-kola uzanan tülkü izi çıxırdı. Sonra iz əyilirdi və qar parıltısında yox olurdu. Xizəkçilər yollarına davam eləyirdilər, artıq ağcaqovaq və ağcaqayın meşələrində dovşan, yaxud sincab izləri çıxırdı.
Soyuq, boş çöllərdə və meşələrdə uzanan gecə həyatının bu sirli izləri qəlbini həyəcanla doldururdu, ovqabağı gecə samovarı haqqında, astaca axan ulduzlar haqqında, gecələr yanında dovşanlar zyatışan, uzaqlardan arabir tükünü qabardıb iyləyə-iyləyə tülkülər gələn tutqun ov tayaları haqqında düşünürdü. Təsəvvüründə atəş gurultusu, alov parıltısı və təpələrdə asanlıqla sınan əks-səda, təşvişə düşən itlərin kəndlərdə hürüşü, uzanıb qalmış dovşanların soyumuş, şüşəyə dönmüş gözləri, bu gözlərdə ulduzların əksi, qırov basmış qalın bığları və dovşan cəsədinin ilıq ağırlığı canlanırdı.
Aşağıda vadilərdə, yarğanlarda qar qalın və quruydu, keçmək çətiniydi; amma təpələrin yamacalarında nazik təzə qarın altında xarlanmış qar qalmışdı, enmək və qalxmaq asanıydı. Üfüqdəki uzaq təpələrdə meşələr çəhrayı işıq saçırdılar, səma gömgöyüydü, çöllərsə, hüdudsuz görünürdülər.
Beləcə də, qalxıb enə-enə, yıxılmış ağacların üstündə dincələ-dincələ, bir-birinə gülümsəyə-gülümsəyə gedirdilər. Hərdənbir o, arxadan qadının boynunu qucaqlayıb özünə sıxır, soyuq küləkdən qurumuş dodaqlarından öpürdü. Danışmağına, demək olar ki, danışmırdılar, nadir hallarda bir-birilərinə «Ora bax!», yaxud «Bura bax!» deyirdilər.
Düzdü, qadın qüssəli, fikri dağınığıydı və elə hey geridə qalırdı; amma o, heç nə anlamırdı, fikirləşirdi ki, yorğunluqdan belədi. Qadını gözləyərək dayanırdı, qadın gəlib çatanda və ona anlaşılmaz tənəylə, qeyri-adi ifadəylə baxanda ehtiyatla soruşurdu – axı, yol yoldaşının belə suallardan xoşu gəlmədiyini bilirdi:
- Yorulmamısan? Bəlkə dincələk?
- Sən nə danışırsan! – qadın tələsik deyirdi. – Mən elə-belə.. fikoə getmişdim.
- Aydındı! – o, dillənib yoluna davam eləyirdi, amma daha yavaş gedirdi.
Günəş aşağı enirdi və yalnız təpələrin başındakı sahələr hələ bərq vururdular; meşələr, vadilər, yarğanlarsa, çoxdan göyərməyə və ölgünləşməyə başlamışdılar, hələlik meşələrin və çöllərin xoşagəlməz məkanıyla iki tənha fiqur hərəkət eləyirdi – o, irəlidə qadın arxada və qadının xizəkləri altında qarın xışıltısını və ağacların xırçıltısını eşitmək onun xoşuna gəlirdi.
Bir dəfə günəşin artıq batdığı meşənin arxasındakı çəhrayı parıltıda mühərriklərin yeknəsəq tırıltısı eşidilirdi və bir dəqiqədən sonra ənginlikdə təyyarə görünürdü. Təyyarə hələ də şəfəqə bürünmüşdü, günəşin parıltısı füdelajında alışıb yanırdı və aşağıdan, şaxtalı toran sükutdan ona baxmaq, içərisindəki sərnişinlərin necə oturduqlarını, mənzilbaşı haqqında nə fikirləşdiklərini, tezliklə Moskvada olacaqlarını və onları kimlər qarşılayacaqlarını təsəvvürə gətirmək adama ləzzət verirdi.

Axır ki, toran qovuşanda onlar mənzilbaşına çatdılar. Buz bağlanmış botinkalarını astanada çırpdılar, qapını açıb içəri dirdilər. Otaq tamam zülmət içindəydi və çöldəkindən soyuq görünürdü.
Qadın əlbəəl uzanıb gözlərini yumdu. Yolda qızışmış, tərləmişdi, indi bədəni buza dönmüş, titrəməyə başlamışdı, qımıldanmaq belə dəhşətliydi. Gözlərini açıb taxta tavan görünürdü, kerosin lampasının tərləmiş şüşəsində alışan alov görürdü, gözlərini qıyırdı – və həmin dəqiqə gün ərzində gözünə görünən bütün rənglər – sarı, yaşıl, ağ, mavi, al-qırmızı – üzməyə, bir-birinə çevrilməyə başlayırdılar.
O, artırmanın altından odun çıxarır, guppultuyla peçin yanına atır, kağızı xışıldadır, yandırır, nıqqıldayırdı, qadınsa, heə nə istəmirdi və bu dəfə onunla gəldiyinə peşiman olmuşdu.
Peç qızışdı, otaq istiləndi, soyunmaq olardı. O, soyundu, botinkalarını, corablarını çıxartdı, hamısını peçin yanından asdı – razı halda alt paltarında oturur, gözlərini qıyır, yalın ayaqlarının barmaqlarını oynadır, siqaret çəkirdi.
- Yorulmusan? – o, soruşdu. – Qalx, soyun!
Qımıldanmaq istəməsə də, qüssədən və peşimançılıqdan yatmaq fikrində olsa da, qadın hər halda, itaətlə soyundu və gödəkçəsini, corabını, yun köynəyini və qurutmaq üçün asdı, təkcə dizlərinə düşən dama-dama kişi köynəyində qaldı, çarpayıya əyləşib çiyinlərini salladı və lampaya baxmağa başladı.
O, ayaqlarını botinkaya soxdu, gödəkçəsini çiyninə atıb vedrəni götürdü: eyvana çıxanda vedrə qəfildən ahənglə cingildədi. Qaydıbı çaynki peçin üstünə qoydu, arxa çantasında eşələnməyə başladı, içindəkilərin hamısını çıxarıb stolun üstünə və pəncərənin qabağına düzdü.
Qadın sakitcə çayın qaynamasını gözlədi, özünə bir parç süxdü və sonra dinməzcə oturub yağlı çörək gəvələyir, isti parçla əllərini qızdırır, çayı qurtum-qurtum içir və elə hey lampaya baxırdı.
- Niyə dillənmirsən? – o, soruşdu.
- Bu gün gözəl günüydü! Hə?
- Elədi... Bu gün yaman yorulmuşam... – Qadın qalxıb ona baxmadan gərnəşdi. – Gəl yataq!
- Bu da işdi, - o, asanca razılaşdı.
- Dayan peçə odun qoyum, yoxsa ev soyuyar...
- Mən bu gün tək yatım, olar, burda, peçin yanında? İncimə, - qadın tələsik dedi və gözlərini yerə dikdi.
- Sən nə danışırsan? – o, təəccübləndi, o dəqiqə qadının bugünkü qüssəli, yad görkəmini xatırladı və xatırlayıb hiddətləndi, ürəyindən ağrı qopdu.
O, qəfildən anladı ki, qadını heç tanımır – orda, öz universitetində necə oxuyur, kimlərlə tanışlıq eləyir və onlarla nə haqda danışır; anladı ki, qadın ondan ötrü sirlidi, ilk görüşdəki kimi naməlumdu, yəqin ki, o, özü də qadın üçün kobud və kütdü, ona görə ki, qadına nə lazım olduğunu bilmir, elə eləyə bilmir ki, qadın onunla həmişəlik xoşbəxt olsun, ona daha heç nə və heç kəs gərək olmasın.
Və həmin an bütün bugünkü günə, misikin bağ evinə və peçə də, nədənsə, şaxtaya, günəşə və özünün rahatlığına görə də xəcalət çəkdi: niyə gəlmişdilər, bütün bunlar nəyə lazımdı? Bəs, bu mədh olunan lənətə gəlmiş xoşbəxtlik hardadı, axı?
- Nolar...- o, etinasızlıqla dedi və nəfəsini dərdi. – Harda istəyirsən, yat.
Qadın həmin dəqiqə ona baxmadan və soyunmadan uzandı, gödəkçəsiylə üstünü örtdü və peçin alovuna baxmağa başladı. O, o biri çarpayıya adladı, oturub siqaret çəkdi, sonra lampanı söndürdü və uzandı. Qadının ondan üzüldüyünü duyduğuna görə qəlbini kəsər bürüdü. Nəsə onlarınkı xoşbəxtliklə düz gəlmirdi, niyə, bunu bilmirdi və qəzəblənirdi.
Bir az sonra qadının ağladığını eşitdi. O, dikəlib stolun üzərindən qadına baxdı. Peçin alovundan otaq işıqlıydı, qadınsa, üzüst uzanıb şölələnən odunlara baxırdı və o, qadının bədbəxt, yaşdan islanmış üzünü, yazıq, eybəcər şəkildə əyilən titrək dodaqlarını və çənəsini, tez-tez zərif əlləriylə sildiyi nəmli gözlərini gördü.
Nədən bu gün qəflətən onu ağır və bədbəxt hisslər bürüdü? Qadın özü də bilmirdi. Yalnız onu duyurdu ki, ilk məhəbbət zamanı ötüb keçdi, indisə nəsə yeni duyğular başlayır və əvvəlki həyat onun üçün maraqsız olub. Onun valideynləri, əmiləri və dayıları qarşısında, onun dostları və öz rəfiqələri qarşısında heç kəs olmaq qadını bezdirib, həyat yoldaşı və ana olmaq istəyir, bunusa, o, görmür və bu halıyla tamam xoşbəxtdi. Həm də sevgililərinin hər şeyin elə anlaşılmaz və qeyri-müəyyən, amma naməlum, qızğın və yenilik duyğusuyla dolu ilk narahat çağlarına da hədsiz yazığı gəldi.
Sonra qadın yuxulamağa başladı və yenidən hələ qızkən hər dəfə yuxuya getdiyi köhnə arzusu gözlərinin qabağına gəldi. Guya, o, güclü və cəsur oğlandı, qızı sevir, qız da onu sevir, amma nədənsə «Yox!» -deyir və oğlan uzaq şimala yollanıb balıqçı olur, qızsa əzab çəkir. O, orda, sahil qayalarında ov ovlayır, daşdan-daşa tulanır, musiqi bəstələyir, balıq tutmaq üçün dənizə çızır və daim onun haqqında düşünür. Bir dəfə qız anlayır ki, xoşbəxtliyi yalnız onunla bağlıdı, hər şeyi atır və oğlanın yanına gedir. Qız elə gözəldi ki, yol boyu hamı – təyyarəçilər, dənizçilər, sürücülər qüllüğünda dururdu, amma qız heç kəsi görmürdü, yalnız onun haqqında düşünürdü. Onunla görüş elə ağlagəlməz olmalıydı ki, hətta təsəvvür eləmək belə mümkün olmasın. Və hey yeni-yeni gecikmələr fikirləşib tapırdı ki, həmin dəqiqəni mümkün qədər uzaqlaşdırsın. Adəti üzrə qız beləcə, onunla görüşmədən yuxuya gedirdi.
Çoxdandı qadın yuxuyabənzər şeylər haqqında fikirləşmirdi, bu günsə, nədənsə, təzədən xəyallara cummaq istədi. Amma bu gün də, artıq rastına çıxan motobotla getdiyi vaxt, fikirləri dolaşıq düşdü və yuxuladı.
Qadın gecəyarı soyuq olduğundan ayıldı. O. Çöməlib sönmüş peçi alışdırdı. Sifəti kədərliydi və qadının ona yazığı gəldi.
Səhər onlar əvvəlcə susurdular, dinməzcə yemək yedilər, çay içdilər. Amma sonra şənləndilər, xizəkləri götürüb sürüşməyə getdilər. Daha sərt və təhlükəli yerlər seçib dikə qalxır, üzüaşağı sürüşürdülər.
Evdə onlar qızışır, əhəmiyyətsiz şeylər haqqında, öz işləri haqqında, bu il hər halda, qışın çox gözəl keçməsi haqqında danışırdılar. Hava qaralandasa, yığışdılar, evin qapısını bağladılar və xizəklərə stansiyaya getdilər.
Moskvaya axşam çatdılar, mürgüləyirdilər, amma ınəhəng evlər, işıqlı pəncərə cərgələri görünəndə o, fikirləşdi ki, indicə ayrılmadılar və qəfildən onu öz arvadı təsəvvür elədi.
Neyləmək olar? İlk gənclik hər şey – ev, arvad, ailə və buna bənzər şeylər – sadə və əhəmiyyətsiz görünəndə ötüb keçdi, həmin vaxt arxadadı, artıq otuz yaşın var və hissəlrin də budu, qadın sənin yanındadı, gözəldi və bu cür şeylər, sənsə , başqasıyla da belə eləmək üçün onu həmişəlik atıb gedə bilərsən, ona görə ki, sərbəstsən – bu hisslərində əslində heç bir təsəlli yoxdu.
Sabah hüquq məsləhətxanasında bütün günü kassasiya şikayətləri, ərizələr yazmalı, insan bədbəxtlikləri, o sıradan ailə facmələri haqqında fikirləşməli, sonrasa, evə – kimin yanına? Sonrasa, yay, uzun uzadı yay, hər cür səfərlər, baydarka, çadır – və yenə də – kiminlə? Və o daha yaxşı, daha insani olmaq, hər şeyi elə eləmək istədi ki, qadın üçün yaxşı olsun.
Onlar vağzal meydanına çıxanda fənərlər yanırdı, şəhər qaynayırdı, artıq yığışdırıb apara bilmişdilər. İkisi də hiss elədilər ki, elə bil onların səfəri olmamışdı, birgə iki günləri keçməmişdi, indicə vidalaşmalı, öz evinə getməliydi, görüşmək bəlkə də iki, yaxud üç gündən sonra lazım gələcəkdi. Nədənsə, ikisi də adiləşdilər, rahatlandılar, yündülləşdilər, həmişəki kimi ötəri təbəssümlə vidalaşdılar və o, qadını ötürmədi.

1962 il