Özü də bilmirdi, indi ona tamaşa edə-edə qımışan adamların gözündən necə yayınsın. Tramvay dayanacağında durub mağmın-mağmın şalvarına baxırdı. Yeganə fərli şalvarıydı... O da belə getdi. İndi neçə illər üstündə əsə-əsə geydiyi şalvarının sağ ayağında tünd-göy rəngdə üç ləkə vardı: ikisi lap balaca, birisə albalı boyda... "Bu ki, az qala alma boydadı, nə albalı.."-deyə içini çəkə-çəkə düşünürdü. Şalvar südlə qatışdırılmış qəhvə, quruduqca sanki daha da böyüyən ləkəsə elə əməlli-başlı mürəkkəb rəngindəydi.
-Deyəsən şalvarınıza ləkə düşüb.-Senyor Qomez onun köhnə tramvay yoldaşıydı. Səhər-axşam eyni marşrutla gedib-gəlirdilər- Gərək elə çirklənən kimi yuyaydınız. Mürəkkəb qədər heç nə parçaya belə ləzzətlə hopmur. Bax əynimdəki bu şalvar ki var, düz iki dəfə sizinkindən betər hala düşüb. Axırda məcbur olub mürəkkəb rənginə boyatdırmışam.





O, senyor Qomezə qulaq asmırdı. Şalvarı da yadından çıxmışdı. İndi ancaq makinaçı senyorita Freyşesin gözlərini düşünürdü...
-Bu da tramvay- deyə senyor Qomez hərəkətə gəldi.
Tramvay həmişəki kimi ağzınacan doluydu, adamlar az qala sürücünün belinə minəcəkdilər. Senyor Qomez adəti üzrə necə olursa-olsun yer tapıb oturmalıydı. Adamları iri qarnıyla sıxışdırır, kimisini arxadan dartır, kimisini isə itələyib küncə salırdı: gəl ki, sifətindəki uşaq təbəssümü kimsənin ona acıqlanmasına imkan verməzdi. Tramvay qoca kişilər kimi xoruldayıb yerindən tərpəndi. Ətrafdakı evlər, pəncərələr, eyvanlar bir anlıq silkələnib dayandı... Bir azdan Beynəlxalq qaraj, sonrasa Kooperativ göründü. Bu da tennis klubu...Hər şey hər günkütək bir-birini müvafiq sürətlə, yeknəsəkliklə əvəzlədi. Sərnişinlərdən bəziləri düşdü. O boş yer görüb əyləşdi.
-Bilet almışam-deyə senyor Qomez üzünü ona çevirib təbəssümlə dedi və əlini ehmalca onun çiyninə vurdu.
Beş il idi ki, hər ay ikisinə bir lottereya bileti alırdılar. Tərslikdən də, bəxtləri gətirmirdi ki, gətirmirdi. Və hər ayın başlanğıcında senyor Qomez özünə təsəlli olsun deyə "eybi yox gün gələr qapazlarıq pulları" deyib dururdu. Yoldaşının yerində qurdalanaraq nəsə axtardığını görən kimi senyor Qomez onun qolundan yapışdı:
-Olmadı ki...Bu dəfə keçdi, gələn dəfə siz alarsınız. Daha mən pulunu verib almışam.-dedi-Hə, yaxşı yadıma düşdü, oğlunuzdan nə xəbər?
-Oğlumdan? Həə, çox sağ olun, indi babatdı.
Evə girən kimi özünü mətbəxə saldı. Pəncərədən içəri düşən günəş şüaları mebelin üstündəki qalın toz təbəqəsini yaxşıca görməyə imkan verirdi. Hər şey öz təravətini itirmişdi, bütün mebellər əldən gedirdi, yeni nəsə yoxuydu. Arvadı mətbəxdə iş görürdü. Ona elə gəldi ki, bu qadın son zamanlar yamanca kökəlib, xüsusən də arxa hissədən. Çünki onun arxasından paltaryuyan maşını görmək olmurdu. Amma beli bədəninə görə incəydi hələ. O, astaca arvadına yaxınlaşıb alnından öpdü. Masanın arxasına keçib qəzet oxumağa başladı.
-Şalvarına noolub?- arvad dəli kimi gözünü ona zilləyib dayandı
-Senyor Qomez dedi ki, mürəkkəb rənginə boyasaq hələ bir-iki il də geyinə bilərəm.
-Bircə bu qalmışdı...Uşağın müalicəsinə ətək-ətək pul xərclədiyimiz bir vaxtda belə də səliqəsizlik olar...
-Necədi uşaq? Yaxşılaşır?
-Düzəlir elə bil. Nə bilim, həkim Martiyə inansaq guya sabah ayağa qalxa bilər. Nəsə gözümə birtəhər dəyirsən. Özü də sözlü adama oxşayırsan. İşdə nəsə olub?
-Hə, bugün bir az əsəbiləşmişdim. Mürəkkəb də heç bilmədim necə oldu dağıldı şalvarıma. Qıza makinada yığsan deyə mühazirələrimdən vermişdim. İtirib yeddi vərəqini. Ağlım başımdan çıxdı, nalayiq sözlər işlətdim deyəsən...
-Aydındı. Bələdəm mən sizin o qızlarınıza. Kişi gördülərmi, çıxır ağılları başlarından. Amma yaxşı eləmisən, qoy görsün ki, sən ciddi kişisən. O həmin andaca başa düşüb ki, sənin fikrin başqa qadınların yanında deyil, öz ailəni düşünürsən, həyat yoldaşını sevirsən.
Qadın qazanı masanın üstünə qoyub boşqaba arxayın-arxayın sup çəkdi.
-Adı nədi?
-Kimin?
-Makinaçını deyirəm.
-Eulaliya Freyşesdi, nədi, dəqiq yadımda deyil
-Cavandı?
-Deyəsən
-Necə yəni deyəsən, bəyəm baxanda görmürsən cavandı ya qoca?
-Mən onlara baxmıram
-Sevgilisi var?
-Nə bilim axı...
Qadın xeyli susduqdan sonra pəncərəyə tərəf yaxınlaşıb soruşdu
-Mənə sonuncu dəfə nə vaxt gül aldığın yadındadı
-Hə, Lefto anadan olanda almışdım deyəsən
-Elədi, on bir il keçib üstündən.
-Gül alım deyirsən, sənə?
-Yox, yox, nə danışırsan, indi bizim bədxərclik eləmək vaxtımız deyil. Uşağa onsuz da çox pul gedir.
O, supunu içib ayağa qalxdı. Sakitcə qapıya tərəf addımladı.- Uşağı axşam görərəm-deyib evdən çıxdı. Senyor Qomezlə rastlaşmasın deyə tramvaya minmədi. Piyada gəzə-gəzə getmək qərarına gəlmişdi. “İlahi necə gözəlmiş Barselona” düşünərək sanki hər tərəfi ilk dəfə görürmüş kimi ətrafa baxa-baxa addımlayırdı. Universitetin yanında gül dükanına girdi, ən bahalı çiçəkləri seçib aldı. Sonra da səhər aldığı qəzetə büküb kafedraya yollandı. Pilləkənləri qalxa-qalxa makinaçı Elvira Freyşesə nə deyəcəyini düşünürdü. Düşünürdü ki, aldığı çiçəkləri güldana salıb onun masasına qoyacaq və işdən sonra nə etmək fikrində olduğunu soruşacaq, qızsa onu rədd etməyəcək. Və onlar səhərədək bir yerdə olacaqlar. O, elə də etdi.
...Və Senyor Qomez bir daha onu tramvayda görmədi.