Ayrılmalarının üstündən yeddi il keçmişdi.
İlahi, Nikolayevsk vağzalında necə də qələbəlikdi! Belə yaxın dayanma, indi qatar tərpənəcək. Bax belə, əlvida, mənim gözəlim...Nazik paltoda, boğazına ağ-qara şərf salmış hündür, sısqa qadın yanaşı gedirdi, cərəyan astaca geri itələdi.
Sonra o istəmədən, nizamsız şəkildə vuruşdu. Sonra gözəl gecələrin birində, cırcıramaların sevinc dolu cırıltı səsləri altında ağların tərəfinə keçdi. Artıq bir il sonra, qürbətə gedəndən azca əvvəl – Yaltada, əyri-üyrü, daş-kəsəkli Çaynoy küçəsində Moskvada vəkillik edən əmisiylə rastlaşdı. Bəs necə, bəs necə, dəlillər – iki məktub var. Qadın Almaniyaya getməyə hazırlaşır, artıq icazəni də alıb. Sənə isə afərin! Axır ki, Rusiya ona məzuniyyət verdi, başqalarının fikrincə, bu mnəzuniyyət ömürlük idi. Rusiya onu çox saxladı, o, yavaş-yavaş şimaldan aşağı - cənuba doğru sürüşdü. Yenə də Rusiya Tveriylə, Xarkovuyla, Belqoroduyla – görməli, məzəli kəndləriylə onu saxlamağa çalışdı… köməyi olmadı. Ehtiyat üçün bir şirnikləndirici – sonuncu hədiyyə - Tövrid qalırdı, amma bu da yardım etmədi. O çıxıb getdi. Və paroxodda gənc, zarafatcıl bir ingilis idmançısıyla tanış oldu – bu şəxs Afrikaya yollanırdı. Nikolay Stepanıç Afrikada da, İtaliyada da, hətta nə üçünsə Kanar adalarında da olmuşdu, sonra təkrar Afrikaya qayidıb bir müddət orada əcnəbi legionda xidmət etmişdi.
Əvvəllər o qadını tez-tez xatırlayırdı, sonra nadir hallarda, sonra yenə tez-tez. Onun ikinci əri milliyyətcə alman idi, müharibədə ölmüşdü. Berlində iki evi vardı. Nikolay Stepanıç düşünürdü ki, qadın Berlində korluq çəkməz. Amma vaxt necə də tez keçir! Heyrət etməyə bilmirsən... Doğrudanmı, yeddi il ötüb?
Bu illər ərzində o bərkiyib, kobudlaşıb, şəhadət barmağını itirib, iki dil – italyanca və ingiliscə öyrənib. Sifəti başqa kişilər kimi gündən azca qaraldığından, gözləri saflaşıb, işıqlı olub. O, qəlyan çəkir. Ayaqları qısa olan insanların böyük əksəriyyəti kimi, möhkəm qaməti son dərəcədə ağırlaşıb. Amma onda dəyişməyən bir şey var: gülüşü - yenə də gözünü qıyaraq gülür. Nəhayət, hər şeyi atıb sakitcə Berlinə keçmək qərarına gələndə, o, uzun müddət rişxənd etdi, başını yellədi. Bir dəfə, İtaliyadaydı, deyəsən, qayıqda Berlində çıxan rus qəzetini gördü. Ora yazıb “Axtarıram” bölməsində elan vermələrini xahiş etdi... Bundan sonra o, gəzintilərin davam etdi və heç nə öyrənə bilmədi. “Qocaman jurnalist Qruşevskiy Kairdən Berlinə gedib, siz oradan xəbər alın. Bəlkə, tapdınız”... “Deyin ki, mən sağ-salamatam”...
Amma burada da o heç bir xəbər ala bilmədi. Halbuki, vaxtdır... Qəfil göürməlidir. Orada axtarıb tapmaq daha asan olar. Viza almaq üçün əlləşmək lazımdı, pul da çox deyil. Amma necə olsa, gedib çatacağıq...
Və gəlib çatdı da... Bəstəboy və enlikürək, iri düymələri olan sarı paltoda, dama-dama parçadan tikilmiş kartuzda, dişlərinin arasındakı qəlyanla o, vağzalın qarşısındakı meydana çıxdı, qımışaraq, zülməti udan brilliant reklamına tamaşa etdi. Ucuz mehmanxananın üfunətli otağında gecəni pis keşirdi, yalnız onu fikirləşdi ki, axtarışlara haradan başlasın. Ünvan stolu, rus qəzetinin redaksiyası… Yeddi il.. Yəqin, o indi çox qocalıb. Bu qədər gözləmək yaramazlıq idi, o daha əvvəl də gələ bilərdi... Amma bu illər, dünya üzrə bu cür gözəl gəzintilər, azadlığın həyəcanı, uşaqlıqdan bəri haqqında arzuladığı azadlıq... Xalis Mayn Rid... Budur, yenə yeni şəhər, şübhəli pərqular, tramvay qığıltısı. Əliylə kibriti axtarıb tapdı, qatlanmış barmağının adətkar hərəkətiylə yumşaq tütünü qəlyana doldurdu.
Səyahət zamanı günlərin adını unudursan: onları şəhərlər əvəz edir. Səhər Nikolay Stepanıç polisə getmək fikriylə küçəyə çıxanda bütün dükanları bağlı gördü. Sən demə, bazar günüymüş. Ünvan stolu, redaksiya cəhənnəm oldular (Allah heç kəsə bazar günü yad şəhərə düşməyi qismət eləməsin). Payızdı: külək, bağçadakı astra çiçəkləri, bəmbəyaz səma, sarı tramvaylar, soyuq taksilərin boru səsi.
Həyəcandan, onunla eyni şəhərdə olduğu fikrindən bir az titrədi. Sürücülərin meyxanasında ona yarım alman manatına bir stəkan portveyn verdilər. Şərab acqarnına yaxşı təsir etdi. Küçələrdə hər tərəfdə rus nitqi qulağa dəyirdi: “Səndən neçə dəfə xahiş etmişəm ki...”. Və bir neşə yerli sakinlə rastlaşandan sonra yenə də rus kəlmələri eşidilirdi: “Mənə onları almağı təklif edir, amma düzü, mən bilmirəm ki...”. Arabir o, həyəcandan gülür və qəlyanını həmişə olduğundan daha sürətlə
çəkirdi.
“Elə görünürdü ki, keçib gedib, amma indi Qrişa da xəstə yatır… ”. Yenə ruslar! Düşündü ki, onlara yaxınlaşsın, astaca soruşub öyrənsin: “Bəlkə, siz beləsini tanıyırsınız?”. Bu itirilmiş rus əyalətində, yəqin ki, hamı bir-birini tanıyar.
Nikolay Stepanıç evlərdən birinin yanından keçərkən, tasadüfən hamar, boz frontonda, qapının ağzında kiçik, ağ lovhədə “Diş həkimi İ.S.Vayner. Petroqraddandır” sözlərini görəndə artıq axşam düşürdü və nəhəng universal mağazanın şüşə yarusları alaqaranlıqda narıngi rənginə boyanmışdı. Gözlənilməz xatirə onu beləcə yandırdı.
”Bu mərhəmətli cənab çürüyüb, onu çıxarmaq lazım gələcək“. Pəncərədə - işgəncə stolu ilə düz üzbəüzdə şüşə şəkillər, İsveçrənin mənzərələriydi. Pəncərə Moykaya açılırdı. “İndi ağzınızı yaxalayın”. Və doktor Vaqner, ağ xalatdakı, şəffaf eynəkli şişman, sakit qoca, alətləri bir-bir seçirdi. O da, xalası uşaqları da həkimin yanına gedirdilər və aralarında hansısa inciklik olanda belə deyirdilər: Vayneri (daha doğrusu onun dişlərinə baxmasını) necə, istəyirsən?
Nikolay Stepanıç qapının ağzında dayandı. Zəngi vurmaq istəyirdi ki, birdən bu gün bazar günü olduğunu xatırladı, düşündü, amma yenə də zəngi vurdu. Qıfıldan nəsə cırıltı səsi gəldi və qapı açıldı. O, birinci mərtəbəyə qalxdı. Qapıya qulluqcu çıxdı.
- Yox, cənab həkim bu gün qəbul etmir.
- Mənim dişlərim ağrımır – Nikolay Stepanıç özünün eybəcər alman ləhcəsində etiraz etdi. – Həkim Vayner - köhnə tanışımdı. Mənim soyadım Qalatovdur, o yəqin, xatırlar…
- Mən xəbər verərəm – qulluqçu dedi.
Bir dəqiqə sonra ev gödəkçəsində olan bradenburqlu, kürən, görünüşündən olduqca xoş təsir bağışlayan yaşlı adam dəhlizə çıxdı və özünü sevinclə təqdim edəndən sonra dedi:
- Amma mən sizi xatırlaya bilmirəm axı. Görünür, burada hansısa səhv olub.
Nikolay Stepanıç ona baxaraq, üzr istədi:
- Elədir. Mən də sizi xatırlamıram. Mən inqilabadək Moykada yaşayan həkim Vayneri tapmağı düşünürdüm. Yanılmışam, bağışlayın.
- Hə, o mənim adaşımdı – dantist dedi. Mən Zaqorodnıda yaşayırdım.
- Bizi o müalicə edirdi - Nikolay Stepanıç izah etdi. – Və mən də düşündüm ki... Məsələ burasındadır ki, mən bir qadını – xanım Nellisi axtarıram.
Vayner dodağını dişlədi, gərginlik içərisində kənara baxdı, sonra yenidən ona müraciət etdi:
- İcazə verin... Əgər mən yanılmıramsa... Məncə... Məncə, hansısa xanım Nellis bu yaxınlarda mənim qəbulumda olub... Biz indi bunu dəqiqləşdirərik. Mənim kabinetimədək zəhmət çəkin...
Kabinetdə Nikolay Stepanıç heç nəyə göz gəzdirmədi. O, gözünü jurnalı üzərinə əyilmiş Vaynerin nöqsansız daz başından çəkmirdi.
- Biz indi bunu müəyyən edərik – Vayner barmağını səhifələrdə gəzdirərək dedi - Biz indi bunu müəyyən edərik... Biz indi bunu... Budur, baxın – Nellis. Qızıl plomb və daha nəsə - görə bilmirəm, bura mürəkkəb ləkəsi düşüb.
- Bəs adı, atasının adı necədir? – Nikolay Stepanıç soruşdu. Stola yaxınlaşarkən o, az qala qoliyla külqabını aşıracaqdı.
- Bu da qeyd olunub. Olqa Kirillovna.
- Bəli, elədir - Nikolay Stepanıç rahat nəfəs aldı.
- Ünvan – Plannerştrasse 59, bay Bab – Vayner ağzını marçıldatdı və tez ünvanı ayrıca kağıza yazdı – Buradan ikinci küçədi. Buyurun. Qulluq göstərdiyim üçün şadam. Bu sizin qohumunuzdu?
- Anamdı - Nikolay Stepanıç dedi.
Dantistin evindən çıxarkən, bir neçə sürətli addım atdı. Belə tez tapması onu kart fokusları qədər heyrətləndirdi. Berlinə gedərkən o, bir dəqiqə belə düşünməyə bilmirdi ki, bəlkə, anası çoxdan ölüb və ya başqa şəhərə, başqa ölkəyə köçüb – bununla belə, fokus baş tutdu... Vayner həmin Vayner deyildi, amma yenə də tale vəziyyətdən çıxatdı. Gözəl şəhər, gözəl yağış (Narın payız yağışı sanki pıçıltıyla çisələyirdi və küçələr qaranlıqlaşmışdı)! Onu necə qarşılayacaq? Mehriban? Yoxsa kədərli? Ya tam sakit? Uşaqlıqda onu əzizləməmişdi. “Mən royalda ifa edəndə sən qaça bilməzsən”. Sonra böyüyəndə, ona tez-tez elə gəlirdi ki, anasına o qədər də lazım deyil. İndi onun sifətini təxəyyülündə canlandırmağa çalışırdı, amma bacarmırdı və ağlının bildiyini - onun arıq, hündür, sanki astaca bərkidilmiş bədənini, gicgahlarına dən düşmüş tünd saçlarını, iri, solgun ağzını, sonuncu dəfə əynində olan geyilməkdən sürtülmüş makentoşunu və həmin yoxsulluq illərində saralmış üzündə peyda olan yorğun, əzablı, qocalmış ifadəni heç cür canlı, görünən obraza cəmləşdirə bilmirdi. Əlli beşinci nömrə. Hələ səkkiz ev qalır.
Birdən hiss elədi ki, dözülməz dərəcədə, ədəbsizlik həddinədək - məsələn, hətta dəhşətli tər içində, böyrünü qayaya söykəyib, qasırğanı tuşlaıyıb, əsrarəngiz ərəb atındakı ağ müqəvvanı hədəfə aldığı andan daha çox həyəcanlanır.
55-ci nömrəyə çatmamış dayandı, qəlyanını və tənbəki dolu rezin torbasını çıxardı, tələsmədən, diqqətlə, bir yonqarı belə yerə salmadan doldurdu, kibriti yaxınlaşdırdı, od təpəsinin necə qabardığına baxdı, dili göynədən şirintəhər tüstünü ağzına yığdı və tələsmədən, iri addımlarla evə yaxınlaşdı. Nərdivan elə qaranlıq idi ki, iki dəfə ayağı büdrədi. Qatı zülmət içərisində birinci meydançaya yaxınlaşıb, kibriti çəkərək, qapının ağzındakı qızılı löhvəciyə işıq saldı. Soyad başqaydı. Əcaib “Bab” adını o bir az hündürdə tapdı.
Qığılcım onun barmaqlarini yandırıb, söndü. Tərs kimi, ürəyi necə də döyünür... Qaranlıqda əli ilə düyməni tapıb, zəngi vurdu. Sonra qəlyanı dişlərinin arasından çıxarıb, əzablı təbəssümün ağzını necə parçaladığını hiss edə-edə gözləməyə başladı.
Budur, ard-arda iki dəfə içəridən nəsə səs eşidildi və qapı külək kimi yırğalandı. Dəhliz də, pilləkən qədərkimi qaranlıq idi, bu qaranlıqdan məlahətli və şən səs uçub gəldi: “Bizdə bütün evin işıqları sönüb, adam qorxur”. O, ani olaraq “qorxur” sözündəki bu uzun, uzadılmış “u” səsini tanıdı və məhz bu səsin köməyilə qapıda dayanan, zülmətin gizlədiyi qadını ən küçük cizgilərinədək bərpa etdi.
- Doğrudan da, göz-gözü görmür – gülümsünərək, ev yiyəsinə tərəf addımladı. O sanki qəfil zərbə almış kimi ah çəkdi. Qaranlıqda qadının əllərini, çiyinlərini axtardı, onu harasa (deyəsən, çətirlər üçün nəzərdə tutulan dirəyə tərəf) itələdi.
- Yox-yox, yox, bu ola bilməz, bu ola bilməz – qadın tez-tez təkrarlayıb, harasa geri çəkildi.
- Bir dayan, ana, bir dayan görək – yenə büdrədi (bu dəfə yarıaçıq qapıya dəydi, qapı cırıltıyla bağlandı).
- Adam dəli olar... Kolenka, Kol...
O, anasının yanaqlarından, saçlarından, hardan gəldi öpürdü, qaranlıqda heç nə görməsə də, hansısa daxili nəzərlə onu tamamən – başdan-ayağa tanıyırdı. Yalnız bir şey – kəskin, gözəl ətir yeniydi (və bu yeni olan şey də qəfildən uşaqlığının ən dərin çağlarını yadına saldı – zaman anası royalda çalırdı), sanki aradan onu yaşa dolduran, anasını qocaldan bu qədər il keçməyib, sanki həmin yoxsulluq illərində qəfildən belə solgunlaşmayıb. Elə bil bunların heç biri olmamışdı və o, uzaq sürgündən birbaşa uşaqlığına düşmüşdü.
- Bu sənsən. Sənsən bu. Hə, bu sənsən... – qadın yumşaq dodaqlarını ona yapışdıraraq, kəkələdi – bu yaxşıdı... bu belə olmalıdı...
- Doğrudanmı, heç yerdə işıq yoxdu? – Nikolay Stepanıç güldü.
Qadın hansısa qapını açdı və həyəcanlı səslə dedi:
- Hə, gedək. Orada şam yanır.
- Bir görün baxım – şamların narıncı titrək işığına daxil olarkən o, acgözlüklə anasına baxdı. Saçlarının rəngi lap açıq idi, saman rənginə boyanmışdı.
- Nədi, tanıya bilirsən? – anası agır nəfəs alaraq, dedi və tələsərək əlavə etdi – Yaxşı belə baxma. Danış, danış! Necə də qaralmısan... Ay Allah, bir danış görüm də...
Sarışın, qısa kəsilmiş saçlar... Sifəti də hansısa əzablı səylə boyanıb. Amma gözyaşının süzüldüyü cızıq çəhrayı təbəqəni xarab etmişdi, boyadan sıxlaşmış kirpiklər titrəyirdi, burnunun uclarındakı kirşan bənövşəyi rəng almışdı... O, göy rəngdə hündür yaxalıqlı, parıldayan don geyinmişdi. Və ondakı hər şey yad, narahat və qorxunc idi.
- Ana, yəqin, sənin bu gün görüşlərin var – Nikolay Stepanıç nə deyəcəyini bilməyərək qeyd etdi və cəld hərəkətlə paltosunu çıxardı.
Qadın ondan aralanıb stola tərəf getdi, ora parıldayırdı və nəyləsə doluydu. Sonra yenə ona yaxınlaşdı, güzgüyə boylandı – sanki nə edəcəyini bilmirdi.
- Neçə il keçib... Aman allah! Mən gözlərimə inanmıram. Hə-hə, mənim qonaqlarım gəlməlidir. Mən bunu təxirə salaram. Zəng edərəm. Nəsə bir şey fikirləşərəm. Təxirə salmaq lazımdı... Aman allah!

Qadın ona qısıldı, köynəyinin qolunu dartışdırdı.
- Sakit ol, ana. Sənə nə olub? Belə olmaz axı. Gəl bir az oturaq. De görüm, işlərin necədi? Necə yaşayırsan?.. - Nəyə görəsə, suallarının cavablarından qorxduğundan o, sözləri bir-birinə yaxşıca calayaraq, qəlyanı tüstülədə-tüstülədə, sanki təəccübünü də tüstüyə vermək üçün, özü barədə sözə başladı. Məlum oldu ki, anası elanı da görüb, qoca jurnalistlə də görüşüb və bir neçə dəfə oğluna İtaliyaya, Kairə də yazib... İndi, onun boyadan eybəcərləşmiş sifətini, sünü boyanmış sarışın saçlarını yaxşıca gözdən keçirdikdən sonra elə bildi ki, bu həminki səs deyil. Və bir dəqiqə də dayanmadan öz macəralarından danışanda yarımşıq işıqlanmış, titrək otaga - sobanın üstdəki plüş pişiyə, altından çarpayının ayaq tərəfi görünən örtüyə, fleytada ifa edən Fridrixə, qığılcımın əksinin civə kimi oynadığı rəflərdəki kiçik güldanlara nəzər salırdı... Otağı müşahidə edərkən o, əvvəlcə gözunün ani sataşdığı şeylərə də - iki nəfər üçün açılmış süfrəyə, likörün yoğun süsəsinə, iki uzun qədəhə, iri, rəngbərəng həlqələrlə bəzədilmiş çəhrayı piroqa və hələ yandırılmamış mum şamlara diqqət yetirdi.
“… Mən, əlbəttə ki, o dəqiqə yerimdən dik atıldım və səncə, bu nə olsa, yaxşıdı? Tap görüm!” – qadın sanki yuxudan ayıldı, qorxu içində ona baxdı (divana azacıq söykənən anası yanında oturmuşdu, əlləriylə gicgahlarını sıxmışdı və onun ayaqları naməlum parıltıyla işıldayırdı). “Məgər sən məni dinləmirsən, ana?”.
- Yox, sən nə danışırsan? Mən eşidirəm, qulağım səndədir... Və indi o bir şeyi də sezdi: anasında qəribə dalğınlıq vardı, sanki onun sözlərini deyil, nəyəsə yad, baş verəcək, qaçılmaz bir şeyi eşidirdi... O, hekayətinə davam etdi və yenə dayanaraq soruşdu:
- Bu piroq kimin şərəfinədir belə? Çox dadlı görünür.
Anası dalğın şəkildə gülümsündü:
- Hə, elə-belə... sənə dedim axı, qonaqlarım olmalıdır...
- Dəhşətli dərəcədə Peterburqu xatırladım- Nikolay Stepanıç dedi... Yadında, bir dəfə sən şamın birini unutmuşdun. Mənim on yaşım olurdu, amma doqquz şam vardı. Ad günümü qeyd edə bilmədik. Necə aglayırdım. Bəs burada neçə şam var?
- Nə fərqi? – anası çığırıb, yerindən qalxdı, sanki stolun qarşısını kəsəcəkdi – Yaxşısı budur, de görüm, saat neçədi? Mən görüşləri təxirə salmalıyam, zəng etməliyəm, nəsə bir şey fikirləşməliyəm.
- Səkkizə 15 dəqiqə qalır – Nikolay Stepanıç dedi.
- Ah, lap gecdi ki! – o yenə çığırdı. Fərq etməz. Artıq fərq etməz…
Hər ikisi susdular. Qadın yenə oturdu. Nikolay Stepanıç özünü onu qucaqlamağa, oxşamağa, “Ana qulaq as, bir mənə danış axı. Sənə nə olub?” soruşmağa məcbur etdi. O yenə parıldayan stola baxdı, piroqun ətrafındakı şamları saydı. Iyirmi beş ədəd idilər. Iyirmi beş! Onun yaşı iyirmi səkkiz idi axı!..
- Mənim otağıma belə ciddi nəzər salma! – anası dedi. Sanki xəfiyyəsən! Qorxunc otaqdı, buradan köçmək istəyirəm – tez sözünə davam etdi və qəfildən yüngülcə ah çəkdi - - Dayan... Bu nədi belə? Taqqıldadan sənsən?
- Hə - Nikolay Stepanıç cavab verdi – qəlyanımı doldururam. Bir mənə de görüm, sənin pulun var? Ehtiyacın yoxdu ki?

Qadın qolundakı hansısa lenti düzəltməyə başladı və onun üzünə baxmadan danışdı:
- Hə... Sən bilirsən axı, Henrixdən sonra bəzi şeylər qalmışdı... Amma səni xəbərdar etməliyəm, pulum dolanışığıma güclə yetir. Sən Allah, taqqıldatma. Mən səni xəbərdar etməliyəm ki, mən... deməliyəm ki, səni... Özün də başa düşürsən, Kolya, səni saxlamaq mənə çətin olacaq…
- Eh, anacan, sən sözü hara çevirdin? - Nikolay Stepanıç çığırdı (və bu an sanki buludlar arasından çıxan Günəş kimi, elekrik işığı tavandan adamın üzünə vurdu). Bax budur, indi şamları söndürmək olar, yoxsa elə bil zirzəmidə oturmuşuq. Bilirsən, mənim ehtiyatda bir az pulum var, bir də ki, mən, ümumiyyətlə, azad quşam... Otur da, niyə otaqda o yan-bu yana qaçırsan?

Hündür, arıq, tünd-göyərmiş anası onun qarşısında dayandı və indi aydın işıqda o gördü ki, anası necə qocalıb, süzülüb getmiş boya təbəqəsinin arasından alnında və yanaqlarında qırışlar necə ciddi-cəhdlə görünürlər. Və bu dəhşətli sarı saçlar!..
- Sən elə qəfil gəldin ki... - anası dedi və dodaqlarını dişləyərək, rəfdəki balaca saatın üzünə baxdı... Onlar tələsirlər. Yox, dayandılar. Bu gün mənim görüşlərim var – amma sən gəlmisən... Adam az qalır dəli ola...
- Boş şeylərdi, ana. Gələcəklər, görəcəklər ki, oğlun gəlib və tezliklə buxarlanacaqlar. Biz isə səninlə bu gün axşam hansısa müzik-xolla gedərik, hardasa şam eləyərik… Bax, mən Afrika teatrını xatırlayıram, fövqəladə bir şey idi, əsl nömrə buna deyərəm! Təsəvvür elə, 50 nəfər zənci və belə böyük, təxminən...

Əsas qapıdan gur zəng səsi gəldi. Kreslonun qoltugunda oturan Olqa Kirillovna səksəndi və qamətini dikəltdi.
- Dayan, mən açaram - Nikolay Stepanıç ayağa qalxdı.
Anası onun qolundan tutdu. Qadının sifəti səyriyirdi. Zəng səsi dayandı – gözləyirdi.
- Yəqin, bu sənin qonaqlarındı - Nikolay Stepanıç dedi – qapını açmaq lazımdı.
Anası ətrafa qulaq verərək, başını buladı.
- Necə yəni? - Nikolay Stepanıç sözə başladı.
Anası onun qolundan dartdı, pıçıltıyla söylədi:
- Eləmə! Mən istəmirəm... Eləmə...
Zəng səsi bir də - bu dəfə daha inadkarcasına və əsəbi tərzdə qulaqları deşdi. Və səs uzun müddət kəsilmədi.
- Burax məni – Nikolay Stepanıç dilləndi. Bu, gülüncdü. Əgər, zəngi çalırlarsa, açmaq lazımdı. Sən nədən qorxursan?
- Eləmə... eşidirsən, eləmə... – anası titrəyərək onun əllərindən tutub təkrar edirdi. Yalvarıram sənə... Kolya, Kolya, Kolya!.. Lazım deyil!
Zəng səsi yenə kəsildi, indi onu sanki qamış əsanın dəstəyi ilə möhkəm döyürdülər.
Nikolay Stepanıç qətiyyətlə dəhlizə tərəf getdi. Amma qapının astanasında anası dayanmadan “Eləmə... Eləmə... Allah xətrinə!” deyərək, çiyinlərindən tutdu, var gücü ilə onu geri çəkməyə cəhd göstərdi.
Zəng bir də - qısa və qəzəblə gurladı.
- Özün bilərsən - Nikolay Stepanıç qımışdı və əllərini ciblərinə qoyaraq, otaqda var-gəl etməyə başladı. “Dəhşətdi, yalnız dəhşət” – fikirləşdi və yenə qımışdı. Zəng səsi dayandı. Hər şey sakitləşdi. Görünür, zəngi vuran bezib, getdi. Nikolay Stepanıç stola yaxınlaşdı, parıldayan kremlə bəzədilmiş gözəl piroqa, iyirmi beş ədəd bayram şamına, iki nazik qədəhə tamaşa elədi. Onların yanında sanki içki şüşəsinin gölgəsində gizlənən kiçik, ağ karton qutu vardı. Qaldırıb qapağını açdı, içəridə yeni, amma yetərincə zövqsüz gümüş portsiqar vardı.
- Belə - Nikolay Stepanıç söylədi. O geri çevrildi və yalnız o zaman sezdi ki, taxtda yarıuzanmış və başını yastığa soxmuş anası hıçqırıb ağlayır. Əvvəlki illərdə də onu tez-tez ağlayan görürdü- amma o zaman başqa cür aglayırdı – stol arxasında otururdu, ağlayanda üzünü çevirmirdi, möhkəmdən burnunu silirdi və elə hey danışırdı – amma indi o elə coşqun ağlayırdı ki, elə sərbəst uzanmışdı ki... və onun kürəyinin döngəsində, məxməri başmaqda olan ayaqlarından birinin döşəməyə toxunmasında nəsə əzəmətli bir şey vardı... Düşünmək olardı ki, ağlayan gənc, ağbəniz qadındır... Və onun əl yaylığı, güman olunduğu kimi, yumaq halında xalçanın üstündəydi.
Nikolay Stepanıç qəhqəhə çəkərək, ona yaxınlaşdı, taxtın kənarında oturdu. Yenə qəhqəhə çəkdi. Anası üzünü gizlədərək, yastığa dedi:
- Ah, sən niyə daha əvvəl gəlmədin! Heç olmasa bir il əvvəl... Təkcə bir il...
- Özüm də bilmirəm - Nikolay Stepanıç dedi.
- İndi hər şey məhv olub... qadın içini çəkdi və onun açıq rəngli saçları tərpəndi - Hər şey məhv olub. Mat ayında mənim 50 yaşım tamam olur. Yaşa dolmuş oğlu qoca anasının yanına gəlib. Axı sən niyə… niyə məhz indi gəldin… məhz bu gün…
Nikolay Stepanıç paltosunu geydi (sadəcə, onu avropalılara xas olmayan tərzdə bir küncə atmışdı), cibindən kartuzunu çıxardı və yenidən anasının yanında oturdu.
- Səhər tezdən mən buradan uzaqlara tərpənəcəm – anasının parıldayan göy ipəkdəki çiyinlərini sığallayaraq dedi - indi şimala – ya Norveçə getmək, ya da dənizdə kit öldürmək istəyirəm. Mən sənə yazacam. Belə, bir ildən sonra yenə görüşərik, o zaman, bəlkə, daha çox qalaram. Amma sən məni qınama, gəzmək istəyirəm!
Qadın cəld onu qucaqladı, yaş yanağını onun boynuna söykədi. Sonra onun əllərini sıxdı və qəfildən təəccüblə çığırdı.
- Mərmi kəsib keçib - Nikolay Stepanıç güldü – salamat qal, mənim gözəlim.
Qadın əllərini barmağın hamar kötüyü üzərində gəzdirdi və onu astaca öpdü. Sonra oğlunu qucaqladı, onu qapıyadək ötürdü.
- Xahiş edirəm, tez-tez yaz... Nəyə gülürsən? Yəqin, mənim bütün kirşanım xarab oldu.
Və onun dalınca qapı örtülən kimi qadın göy paltarını xışıldadaraq, telefona sarı atıldı.