Vaqonun qapısı, həmişəki kimi, açılmırdı. Qatarın o biri ucunda başına furajka qoymuş rəis durmuşdu və sıxılmış havanı borulara vurmaq üçün düyməni basırdı. Köməkçi qapıları aralamaq üçün əbəs yerə cəhd edirdi. O, istidən yanırdı, üzündən boz rəngli tər damcıları tökülürdü.




Pencəyinin altından nazik parçadan olan köynəyinin kirli yaxalığı görünürdü.
Qatar artıq tərpənməkdəydi, birdən rəis düyməni buraxdı. Qatarın altından hava püskürdü, qapılar açıldı və köməkçi özünü yıxılmaqdan güclə saxladı. O, vaqondan çıxarkən çantası boruya ilişib cırıldı.
Qatar tərpəndi, hava təzyiqi köməkçini zibilxanaya tərəf sıxdı. Burda iki ərəb siyasi mübahisələrini bıçağın köməyi ilə həll edirdi.
Köməkçi başını silkələdi və solğun otların yerə yapışdığı kimi kəlləsinə yapışmış saçlarını qarışdırdı. Yarıya qədər düymələdiyi köynəyindən körpücük sümüyü və əyri-üyrü qabırğaları görünürdü. Çapılmış atın sinəsi kimi, onun da sinəsindən buxar çıxır və tər axırdı. O, ağır addımlarla qarmızı və yaşıl rəngli səkkizguşəli plitələrlə döşənmiş platformaya çıxdı. Nahardan sonra güclü yağış yağırdı, vağzalın xidmətiçiləri isə baş nizamnaməyə əsasən platformanı təmizləməklə məşğul idi.
Köməkçi ciblərini eşələdi və büzməli qalın karton bileti çıxardı: onu çıxışda göstərmək lazım idi. Onun dizləri ağrıyır və rütubət çəkmiş oynaqları şaqqıldayırdı: bütün günü gölməçədə işləmişdi.
Demək lazımdır ki, onun çantasında yaxşı bir qənimət vardı.
O, dəmir barmaqlığa yaxınlaşıb, biletini daş üzlü nəzarətçiyə uzatdı. Nəzarətçi bileti alıb baxdı və istehza ilə gülümsədi.
- Başqası yoxdur? – o soruşdu.
- Yox, köməkçi dedi.
- Bu saxtadır.
- Onu mənə patron verib, - köməkçi mehribanca gülümsəyərək əllərini aça-aça sakitcə dedi.
- Hə, onda saxta olması gün kimi aydındır. Bu gün səhər sizin patronunuz beləsindən on ədəd alıb.
- Necə? – köməkçi anlamadı.
- Saxtasını.
- Bu, onun nəyinə lazımdır? – Köməkçinin təbəssümü yoxa çıxdı.
- Sizə vermək üçün, - nəzarətçi cavab verdi. – Birinci buna görə sizi mənim kimi söyəcəklər, ikincisi sizi cərimələyəcəklər.
- Cərimə? Nə üçün? – köməkçi təəccübləndi. – Axı mənim, çox az pulum var.
- Zəhmət çəkib, saxta biletlə vaqona minməyin, ayıbdır!
- Axı bunu siz özünüz düzəltmisiniz!..
- Bizə lazım olur. Axı elələri var ki, utanmadan və vicdan əzabı çəkmədən saxta biletlərlə gəzirlər. Elə bilirsiniz, bütün günü saxta bilet düzəltmək asandır?
- Platformanı təmizləmək bundan yaxşıdır, köməkçi dedi.
- Bəsdirin! Otuz frank ödəməlisiniz.
- Otuz? – köməkçi təəccübləndi. – Amma biletsiz gediş haqqı on iki frankdır, axı.
- Saxğa biletin cəriməsi çoxdur. Ödəyin, yoxsa iti qısqırdacam.
- O eşitməz, - köməkçi dedi.
- Nə olsun, sizin qulağınız batacaq ki…
Köməkçi nəzarətçinin ətli, qaşqabaqlı sifətinə baxdı, o da öz növbəsində acı baxışlarla köməkçinin cavabını verdi.
- Mənim pulum azdır… - köməkçi dili topuq vura-vura dedi.
- Mənim də azdır, nəzarətçi dedi. – Cəriməni ödəyin.
- Mən günə cəmisi əlli frank qazanıram, bəs nə ilə yaşayacam?..
Nəzarətçi furajkasının günlüyünü aşağı salıb, sifətini örtdü.
- Pulu verin, - o dedi və banknotları sayırmış kimi barmaqlarını tərpətdi.
Köməkçi köhnə cüzdanından iki ədəd çapıqlı on franklıq kağız və bir ədəd yaralı beşfranklıq çıxartdı.
- Bəlkə, on iki frank verim? – o, ürkəkcəsinə təklif etdi.
Nəzarətçi barmağının üçünü qaldırdı, bu isə otuz bildirirdi.
Köməkçi dərindən ah çəkdi. Ayaqlarının altında patronunun sifətini görürdü. O, düz patronunun gözünə tüpürdü. Onun ürəyi bərk döyünürdü, patronun sifəti qarala-qarala yoxa çıxırdı. Köməkçi pulu nəzarətçinin uzanılı ovcuna qoyub çıxdı. O şaqqıltı eşitdi – nəzarətçi furajkasınınnın günlüyünü yerinə qaytarmışdı. Köməkçi dağa aparan cığırla yavaş-yavaş addımladı. Çanta onun arıq budlarına sürtülürdü, bambukdan düzəlmiş əl torunun dəstəyi isə addımların ritmi ilə həmahəng yellənirdi.

II

Köməkçi dəmir qapını itələdi. Qapı ətürpədici cırıltı ilə açıldı. Artırmada qırmızı lampa yandı və astanadakı zəngin sakit səsi eşidildi. Köməkçi cəld içəri girib qapını örtdü. Birdən onu cərəyan vurdu: elektrik nəzarətçisinin yeri dəyişdirilmişdi. O, xiyabanla addımladı. Yolun ortasında nəyəsə ilişdi, yerdən buz kimi soyuq su sıçrayıb dizinə qədər istlatdı.
O qaçdı. Həmişəki kimi, o, axşamlar bərk hirslənirdi. Yumruqlarını sıxıb pilləkənlərlə qalxdı. Əl torunun dəstəyi ayaqlarının arasına keçdi. O, tarazlığını saxlamaq üçün əllərini yellədi, yıxılmamaq üçün mismardan yapışdı, bu zaman çantası yenə cırıldı. Özünü pis hiss etdi, ağzını geniş açıb havanı acgözlüklə uddu. Bir dəqimqə sonra sakitləşdi və başını sinəsinə salladı. Şalvarı islandığından üşüyürdü. O, əlini qapını dəstəyinə atdı və dərhal da geri çəkdi. Yanıq ət qoxusu gəldi, qızmış mərmər dəstəkdə dəri parçası qalmışdı; dəri yavaş-yavaş büzüşür və qaralırdı. Qapı açıldı və köməkçi içəri girdi.
Onun arıq ayaqları bir-birinə dolaşırdı. Özünü soyuq və üfunətli kaşı döşəmənin üstünə yıxdı. Ürəyi qabırğalarının arasında xırıldayır və bütün bədəni titrəyirdi.

III

- Çox deyil, - patron dedi.
O, çantanın içindəkilərə baxırdı.
Köməkçi stolun qarşısında dayanıb gözləyirdi.
- Həm də yaxşı vəziyyətdə deyil, - patron dedi. – Baxın, bunun bütün dişləri sınıb.
- Axı, tor köhnədir, - köməkçi dedi. Əgər sizə, yaxşı vəziyyətdə olan gənc markalar (marka- xırda balıq) lazımdırsa, ona mənə təzə tor almağa pul verin.
- Bəs toru kim korlayıb, siz yoxsa mən? – patron soruşdu.
Köməkçi cavab vermədi. Onun yanmış əli göynəyirdi.
- Cavab verin, siz yoxsa mən?
- Mən… amma sizin üçün, - köməkçi dedi.
- Sizi kim məcbur edir ki? Siz özünüz günə əlli frank istəyirsiniz. Amma onları qazanmaq lazımdır.
- Mən otuz frank biletə xərcləmişəm… - köməkçi dedi.
- Hansı biletə? Mən ki, sizin gediş-gəliş pulunuzu özüm ödəyirəm.
- Bu gün mənə saxta bilet vermisiniz.
- Onda, gələn dəfə diqqətli olarsınız.
- Axı mən, saxta bileti əsil biletdən fərqləndirə bilmirəm.
- Bu, çox asandır, - patron dedi. – Saxta biletlər büzülmüş vəziyyətdə, əsil biletlər şax olur.
- Yaxşı, - köməkçi dedi. – Otuz frankımı geri qaytarın.
- Yox, - patron dilləndi. – Bu markalar heç nəyin karı deyil.
- Yalandır. Mən onları çox ehtiyatla tutmuşam. İki saata altmış ədəd tutmuşam, ola bilər, ikisi-üçü korlansın, artıq yox.
- Amma mənə beləsi lazım deyil, - patron dedi. – Mənə ikisentlik Qviana lazımdır. Zənzibar nəyimə gərəkdir? Dünən də bundan gətirmişdiniz.
- Nə düşürsə, onu da tuturam, - köməkçi dedi. – Tor köhnədir. Qviananın sezonu deyil, Zənizabarı isə nəyəsə dəyişmək mümkündür.
- Bu il hamı Zənzibar tutur, qiyməti ucuzlaşıb.
Köməkçi dözmədi:
- Bəs mənim islanmış ayaqlarım, dəmir qapının cərəyanı, qapının dəstəyi – bunlar heç nəyə dəymir? – Onun saralmış arıq sifəti əyildi, elə bil, indicə ağlayacaqdı.
- Canınız bərkiyər, - patron dedi. – Bəs mən nə ilə məşğul olmalıyam? Darıxıram, axı.
- Markaları özünüz tutun, - köməkçi özünü güclə saxlayaraq cavab erdi.
- Bəs onda, sizə nəyə görə pul verirəm? Siz oğrusunuz! Siz mənim pullarımı oğurlayırsınız.
Köməkçi qolu ilə yorğun-yorğun alnının tərini sildi. Beyni zəng kimi uğuldayırdı. Stol yüngülcə tərpəndi və köməkçi yapışmaq üçün bir şey axtardı, amma döşəməyə yıxıldı.
- Mənim xalçamın üstündən durun, - patron əmr etdi.
- Mən yemək istəyirəm… - köməkçi dedi.
- Gələn dəfə tez qayıdın. Lənət şeytana, qalxın ayağa, xalçanı korlamayın!
Patronun səsi hirsindən titrəyirdi, uzun barmaqları ilə əsəbi halda stolu döyəcləyirdi.
Köməkçi iradəsini zorla toplayıb dizi üstə durdu. Onun qarnı ağrıyırdı. Yanmış əlindən qan axırdı; bir təhər əlini kirli burun dəsmalı sarıdı.
Patron cəld üç marka götürüb köməkçinin sifətinə çırpdı. Balıqlar köməkçinin boynuna yapışdılar.
- Onları aparıb gölə atın, - patron metallik səslə dedi.
Köməkçi ağladı. Onun saçları alnına tökülmüşdü, sol yanağına vəhşi xırda balıq yapışmışdı. Ağır-ağır ayağa qalxdı.
- Bu axırıncı dəfə olsun! – patron dedi. – Mənə zay markalar lazım deyil. Tora haqqında isə, heç eşitmək belə istəmirəm.
- Yaxşı, müsyö.
- Al, bu sənin əlli frankın. – Patron cibindən pulları çıxarıb, onlara tüpürdü, əzdi və döşəməyə atdı.
Köməkçi zorla əyildi. Onun dizləri titrəyirdi.
- Sizin köynəyiniz çirklidir, - patron dedi. – Bu gün küçədə gecələyəcəksiniz.
Köməkçi pulları götürüb çıxdı. Külək daha güclü əsirdi, çıxış qapısının şüşələri titrəyirdi. O, qapını örtəndə, son dəfə patrona baxdı. Patron, əlində sarı rəngli böyük lupa zənzibar markaları barədə alboma baxırdı.

IV

Köməkçi markalı gölməçənin suyundan yaşıl rəngə düşmüş uzun gödəkçəsinə bürünüb aşağı düşdü. Külək gödəkçənin altından keçib onu qabardırdı, sanki köməkçinin belində donqar yaranmışdı, qozbelə oxşayırdı. O, daxili mimikardiyadan əziyyət çəkirdi və hər gün bu xəstəliklə mübarizə aparırdı. Zədələnmiş orqanlarını normal vəziyyətdə saxlamaq istəyirdi.
Gecə düşmüşdü. Köməkçi sağa burulub, ev boyunca yeridi. O, qara rəngli şlanqa görə istiqamət götürmüşdü: patron ondan zirzəmidəki siçovulları boğmaq üçün istifadə edirdi. Köməkçi evdən azca aralı olan daxmaya yaxınlaşdı, dünən o, burda yatmışdı. Küləş döşənəcək rütubətli idi və tarakan iyi verirdi. Köhnə ədyal parçası daxmanın ağzına atılmışdı. Köməkçi ədyalı qaldırıb içəri girmək istədi, amma birdən partlayış səsi eşidildi, hər tərəf parlaq işığa büründü və barıt iyi gəldi. Daxmada böyük fişəng partlamışdı.
Köməkçi diksindi, onun ürəyi bərk döyünürdü. O, nəfəsini dərib ürəkdöyünməsini zəiflətmək istədi, amma gözləri az qala yerindən çıxacaqdı, ağzını açıb havanı acgözlüklə udmağa başladı. Ağciyərləri barıt iyi ilə doldu və köməkçi yüngülcə sakitləşdi.
O, sakitliyin çökməsini gözlədi və diqqətli qulaq asdı. Sonra fit çalıb heç yana baxmadan daxmaya girdi və özünü küləşin üstünə atdı. O yenə fit çalıb qulaq asdı. Kimsə daxmaya yüngül addımlarla yaxınlaşırdı; tutqun işıqda o, yumşaq və incə bir heyvancığaz gördü. Onun hərdənbir ölü balıqlarla yemlədiyi əl heyvancığazı idi. Heyvancığaz daxmaya girib ona yaxınlaşdı. Köməkçi birdən əlini yanağına atdı. Markalar onun qanını sorurdu; o, zorla onları sifətindən qoparıb – az qala abrıdan bağıracaqdı, - daxmadan çölə atdı. Yaş torpaqda onlar səhərə qədər yaşayacaqlar. Heyvancığaz onun üzünü yaladı, o isə sakitləşmək üçün heyvancığazla danışmağa başladı. O astadan danışırdı: patron onun təklikdə nə danışdığını bilmək istəyirdi, ona görə də, hər yerə mikrofon qoyulmuşdu.
- O, məni təngə gətirib, - köməkçi pıçıldadı.
Heyvancığaz onu daha mehribanca yalamağa başladı.
- Nəsə etmək lazımdır. Mənimlə belə davranmasına daha icazə verməyəcəm, onun qadağalarına məhəl qoymayıb, təmiz köynək geyəcəm, saxta da olsa taxta bilet tələb edəcəm. Mən toru düzəldəcəm və qoymayacam ki, onu deşsinlər. Daxmada yatmaqdan imtina etməkdən lazımdır, özümə otaq və maaşıma əlavə tələb edəcəm, mən günə əlli franka yaşaya bilmərəm. Mənə özümə gəlmək, güclü və gözəl olmaq lazımdır, sonra birdən üsyan edib kərpici onun başına vuracam. Nə vaxtsa mən bunu edəcəyəm.
O biri böyürü üstə çevrilib dərindən fikirləşməyə başladı, tez-tez nəfəs alıb-verdiyindən daxma bürkü oldu. Düzdür, döşəmədəki deşiklər bir az hava buraxırdı, amma bundan tarakanların iyi daha da tündləşdi, hətta ilbizlər də iy verməyə başladı.
- Bu daxmaya nifrət edirəm! – Bura soyuqdur. Yaxşı ki, sən mənimləsən. Zirzəmidə su səsi eşidilir – siçovullar boğulur. Lənət şeytana, axı qulağımın dibində siçovullar çığırışanda yata bilmirəm. Allahın ver günü belə olur. Görəsən nə üçün o, siçovulları öldürmək istəyir, özü də mütləq suda? Siçovulları qanda boğmaq lazımdır.
Heyvancığaz daha onu yalamırdı. Torpağın boz rəngli fonuna onun kölgəsi düşmüşdü: uzun sifət, iti uclu qulaqlar və parıltılı sarı gözlər. Heyvancığaz ora-bura qaçdıqdan sonra uzanıb burnunu onun ayaqlarına söykədi.
- Üşüyürəm, - köməkçi dedi.
O, sakitcə ağladı. Göz yaşları küləşin üstünə tökülüb buxarlanırdı.
- Məni sabah tezdən oyat, - o, xahiş etdi. – Mən bu üç markanı geri aparacam. Qoy, mənə saxta bilet verməsin.
Uzuqda nəsə guruldadı, sonra tükürpədici çığırtı və ayaq səsləri eşidildi.
- Bax, o yenə də, siçovullarla döyüşür!… O, özü siçovul olsaydı, şlanqı məmnuniyyətlə tutardım. Bəlkə o, sabah mənə əlli frank verəcək… Acından ölürəm, siçovulu lap diri-diri yeyərdim!
O, qarnını tutub oturdu və ağlamağa başladı. Hönkürtüsünün səsi, mühərrikin dayanması kimi, yavaş-yavaş kəsildi. Ayaqlarını çölə çıxarıb, başını qoxumuş küləşin üstünə atıb yatdı. Qarnı möhkəm quruldayırdı, sanki orda qarğalar yuva salmışdı.

V

Otaqda uzanmış patron tanış səs eşitdi və evə istiot satan qadının yaxınlaşdığını anladı. Ayağa qalxdı və bu vəziyyətdə hərəkət edə biləcəyini anladıqdan sonra qapıya tərəf qaçıb onu qəsdən kobudcasına itələdi. Qapıda dayanıb, yaxınlaşan qıza baxdı.
Onun əynində istiotsatanların geydiyi adi forma vardı: yançaqlarını güclə örtən qısa büzməli yubka, göy və qırmızı zolaqlı qısa corablar, ağ və qırmızı zolaqları olan bez papaq: bu, Müq.Mavrikiya adasında bütün istiotsatan qızların geyindiyi ümumi forma idi.
Patron qızı çağırdı və o, xiyabanla evə tərəf yaxınlaşmağa başladı. O, artırmadan aşağı düşüb qıza tərəf getdi.
- Sabahınız xeyir, - patron dedi, - mənə istiot lazımdır.
- Nə qədər? – satıcı qız saxta təbəssümlə soruşdu: o, patrona nifrət edirdi.
Patron onun qara saçlarına və tutqun dərisinə baxdı: və birdən elə hiss keçirdi ki, elə bil, onun genital orqanlarına soyuq su tökmüşdülər. (Bu çox güclü hissdir).
- Artırmaya qalxın, orda razılaşarıq, - o dedi.
- Siz isə, aşağıda dayanıb, mənim budlarıma baxacaqsınız, hə?
- Hə.
Patronun ağzı sulandı və qızı qucaqlamağa çalışdı.
- Əvvəlcə istiotun pulunu Verin.
- Nə qədər?
- Bir dənəsinə yüz frank, amma əvvəlcə yoxlaya bilərsiniz.
- Onda artırmaya qalxacaqsınız?.. – patron pıçıldadı. – Məndə Zənzibar balığı var.
- Qardaşım dünən üç dənə Zənzibar gətirib, - o, gülərək dedi. – İstiotumun dadına bir, baxın.
Satıcı qız ona istiot toxumunu verdi və patron onun zəhərli qərənfil toxumu olduğundan şübhələnməyərək toxumu uddu.
Satıcı qız artıq gedirdi.
- Axı siz, söz verdiniz ki, yuxarı qalxacaqsınız – patron onun dalınca çığırdı.
- Bircə bu qalmışdı!
Qız öz sözlərinə bütün qəzəbini yükləmişdi.
Patron artıq zəhərin süstləşdirici təsirini hiss etmişdi və evin ətrafını dolanmağa başlamışdı. Satıcı qız dəmir qapıya söykənərək ona baxırdı.
Hər dövrədən sonra patron daha sürətlə qaçırdı. Üçüncü dövrədə qız ona işarə etdi, dördüncüdə isə o, qıza baxdı. Bu vaxt qız yubkanı əynindən çıxarıb dalını ona göstərdi. Patronun sifəti əvvəlcə göyərdi, sonra qaraldı, sonra istiləşdi. O, gözlərini qızın ona tərəf yellətdiyi dalından çəkməyərək qaçırdı və birdən, zirzəmidəki siçovulları boğmaq üçün çəkilmiş su şlanqına ilişərək yıxıldı. Yıxılanda sifəti böyük bir daşa dəydi, zərbədən burnu və çənəsi sındı. Patron ağrıdan qıvrılırdı, onun ayaqları torpaqda şırım açmışdı.
Satıcı qız dəmir qapını örtdü və gülə-gülə başını yelləyib yoluna davam etdi.

VI

Köməkçi vaqonun qapısını açmağa əbəs yerə cəhd edirdi. Qatar çox isti idi, küçəyə çıxan sərnişinlər soyuqlayıb xəstələnirdilər. Bu yolla maşinist dəsmal satan qardaşına kömək edirdi.
Köməkçi bütün günü gölməçədə əlləşdi. Əlinə bir şey keçməsə də ürəyi sevinc hissi ilə dolmuşdu: o, patronu öldürməyi qərara almışdı. Bu dəfə o, qapının cəftəsini aşağı-yuxarı tərpədi onu aça bildi. Anladı ki, furajkalı rəis onu dolamaq üçün qapını özü açıq qoyub. Köməkçi bu tələyə düşmədiyi üçün özündən razı halda platormaya hoppandı. Əlini cibinə salıb büzməli karton bileti çıxardı. Çıxışa tərəf addımladı. Burda dünənki nəzarətçi oturmuşdu.
- Mənim biletim saxtadır, - köməkçi dedi.
- Nə? Saxtadır? – nəzarətçi soruşdu. – Verin baxım.
Köməkçi bileti nəzarətçiyə uzatdı. O, diqqətlə biletə baxdı, hətta başını aşağı əydiyindən furajkası sürüşüb qulaqlarına keçmişdi.
- Yaxşı düzəldiblər, - nəzarətçi dedi.
- Axı kartondandır.
- Doğrudan? – nəzarətçi təəccübləndi. – Heç vaxt inanmazdım.
- Patron onu mənə əsil biletin əvəzində verib… - köməkçi dedi.
- Əsil bilet cəmisi on iki frankadır, bu isə bahadır.
- Nə qədər?
- Beləsi otuz frankdır, - deyə nəzarətçi əlini elə hərəkətlə cibinə soxdu ki, köməkçi onun pis niyyətdə olduğunu düşündü. Amma nəzarəçi yalnız cibindən qəhvəyi rənglə rənglənmiş üç saxta onfranklıq çıxardı.
- Budur, biletinizin rulu, - o dedi.
- Pullar, yəqin ki, saxtadır, - köməkçi soruşdu.
- Bəs necə fikirləşirsiniz? Mən sizin saxta biletinizə əsil pul verməliyəm?
- Yox, verməməlisiniz, - köməkçi dedi, - amma mən də öz biletimi sizə verməyəcəm.
O, özünü sıxıb arıq yumruğu ilə furajkalı nəzarətçinin sifətinə elə ilişdirdi ki, sifətinin yarısı dağıldı. Nəzarətçi yıxılıb sement platformaya dəydi.
Köməkçinin onun üstündən addımlayıb yoluna davam etdi. Başdan-ayağa sevinc içində, cığırla cəld yuxarı qalxdı. O, toru açdı, və onun dəstəyi ilə cığırın kənarına basdırılmış dəmir sütunlara toxuna-toxuna gedirdi. Bir neçə metr getdikdən sonra tor cırılıb yerə düşdü, onun yerində məftildən düzəlmiş halqa qaldı; o, patronu bu halqanın köməyi ilə bağmağı qərara aldı.
Köməkçi sürətlə dəmir qapıya yaxınlaşıb, onu heç nədən ehtiyatlanmadan itələdi. O fikirləşdi ki, əgər onu cərəyan vursa, bundan daha da qəzəblənəcək, amma cərəyan olmadı və o dayandı. Artırmada nəsə uzanmışdı və hərdənbir tərpənirdi.Xiyabanla ora tərəf qaçdı. Köməkçi üşümürdü, əksinə istidən yanırdı, çirkli bədəninin qoxusunu içəri çəkirdi.
O, dişlərini qıcıtdı, bambaqları ilə torun bambuk dəstəyini möhkəmcə sıxdı. «Yəqin, patron kimisə öldürüb» - o, düşündü.
Qara kostyumu və kraxmallı yaxalığı tanıdıqdan sonra çaşqın halda dayandı. Patronun başı qapqara qaralmışdı, ayaqları isə hələ çırpınırdı.
Köməkçi ümidsizlik içindəydi. Patronu özü öldürə bilmədiyindən qəzəblənmişdi, bütün bədəni tir-tir sirdi. O çaşqın halda ətrafa baxdı. Bu gün o, patrona hər şeyi deyəcəkdi, lazım olan hər şeyi.
- Sən bunu niyə etmisən, donuz?
Onun zəif səsi əks-səda verirdi: «Donuz!»
- Donuz! Alçaq! Əclaf! İt təzəyi! Oğru! Yaramaz! Əclaf!
O ağlayırdı, çünki patron cavab vermirdi. O, torun bambuk dəstəyini patronun kürəyinə batırdı.
- Cavab ver, qoca köpək! Sən yenə də mənə saxta bilet vermisən!
O, ağırlığını dəstəyin üzərinə saldı, çubun patronun göyərmiş bədənini o tay-bu tay deşib keçdi. O, patronun cəsədinə sancılmış çubuğu fırladır, eşir, cəsədə daraşmış qurdları tutmaq istəyirdi.
- Bilet saxtadır, küləş iylənib, otuz frank cəriməni də mən ödəyirəm! Mən yemək istəyirəm, yemək! Mənim bu günkü əlli frankım hanı!
Patron daha tərpənmirdi, qurdlar da görünmürdü.
- Mən səni öldürmək istəyirdim, lənətə gəlmiş əclaf! Mən səni öldürməliydim, alçaq! Mənim pullarım hanı, hə?
O, torun dəstəyini cəsəddən çıxarıb, onunla bir neçə dəfə meyidin qaralmış kəlləsinə çırpdı. Kəllə yanmış piroq kimi parça-parça oldu. İndii patronun cəsədi başsız idi.
Köməkçi daha titrəmirdi.
- Özün ölməyi qərara almısan, yaxşı. Amma mən də kimisə öldürməliyəm.
O, yerdə oturub ağladı və kiçik heyvancığaz ona tərəf qaçdı. Heyvancığaz onu dili ilə yaladı, isti bədənini köməkçinin yanağına sürtdü, o isə gözlərini yumub, heyvancığazın boynundan tutaraq boğmağa başladı. Heyvacığazın yumşaq bədəni soyuduqda köməkçi onu boğduğunu anladı. Ayağa qalxıb büdrəyə-büdrəyə xiyabana çatdı, sonra küçəyə çıxdı. O hara gəldi gedirdi, patron isə daha tərpənmirdi.

VII

O, mavi markaların üzdüyü böyük gölməçənin kənarına gəldi. Axşam düşürdü, su bərq vururdu. Gölməçə dərin deyildi, yüzlərlə marka hər il kürüləyib çoxaldığından qiymətdən düşmüşdü.
O, gölməçədən iki çubuq çıxarıb onları bir-birindən bir metr aralıda yerə sancdı, sonra nazik poladı məftili çubuqlara bağladı. Məftili yerdən on santimetr hündürlükdə idi, sahilə paralel olaraq çəkmişdi. Köməkçi gölməçədən bir neçə addım uzaqlaşdı, sonra üzünü suya çevirib, gözlərini yumdu və heyvancığazının xoşladığı mahnını fitlə çalaraq məftilə tərəf getdi. Asta addımlarla o, məftilə yaxınlaşdı, ona ilişib üzü üstə suya yıxıldı. O, tərpənməzcə uzanmışdı və sakit sularda üzən mavi markalar onun boynuna yapışıb qanını sorurdu.