Qapının dalında kiminsə qurdalandığı hiss olundu. "Budur… nəhayət ki!" -qeyri-ixtiyari ağlımdan bir fikir keçdi. Dəmir çıqqıltısı eşidildi. Sarı açar həmişə olduğu kimi qapının arxasındakı adamı dərindən köks ötürməyə məcbur elədi və ikinci cəhddə qapı açıldı. Yüngül meh, ardınca isə ikihəftəlik yay tətilinin tanış ətri tədricən bir otaqlı, subay mənzilini doldurdu. "Planet" azcada olsa canlandı. Adam səndələyərək irəli bir addım atdı. Hələ sağ ayağı kandardan içəri adlamamış, çiyinlərinin üstündə dayanmayan başını azacıq qaldırıb, bir gözü yumulu dəhliz boyu nəzərlərini hərlədi…, hıçqırdı. "Hə, niyə dayandın? - ürəyimdən fit çalmaq keçdi, - keç də.




May çoxdan çıxıb, - dilxorçuluqdan az qaldım qışqıram, - turist olub mənimçün! Buyur, bir güzgüdə özünə bax. Bax, ləzzət al, gör bir nəyə oxşayırsan. Bax, bax, mən gözləyərəm, onsuz da mən buna öyrəşə bilmirəm."
Adam tozlu ayaqqabıları ilə otağa keçib işığı yandırdı və hələ də yumulu o biri gözünü açdı. " Onun bu iki həftəlik məzuniyyəti boyunca, ətrafında adət elədiyin mənasız vurnuxmalar olmadan, şkafın başında dayanıb, telefonun zəhlətökən avtocavablandırıcısını dinləyə-dinləyə köhnə mebelin üstünü basmış toz- torpağı seyr etmək…, bir tərəfdən də bu milçəklər, - açığını deyim subay adamın kimsəsiz mənzilində kaktus olmaq asan iş deyil. …Hə dostum, sən getdin, ancaq mənə su verməyi yaddan çıxartdın. Yəqin qulaqların tez-tez cingildəyirdi hə? Fikirləşirdin ki, kimdi bu belə, mənim anamı söyür… Məniydim qardaş… Sənin bütün əzizlərini bir-bir yadıma salırdım. "Cavan oğlan tələsmədən otağı nəzərdən keçirərək, əşyalarını yığdığı paketi bir küncə atdı və qurumuş dodaqlarını dili ilə isladıb dəri üzlüklü divana sərildi. Bir neçə dəqiqədən sonra onun dərin yuxusunun səsli müşayiətinin ilk, aşağı tezlikli notları eşidildi. Səhər çoxdan açılmışdı, ancaq onun deyəsən heç oyanmaq fikri yox idi. Qarşıdakı günün mənasızlığını gözləyə-gözləyə "planet" onun kirli paltarının iyi ilə dolurdu. "Bu ikiayaqlılar necə məxluqdurlar…? Qarışqa kimi daim ora-bura vunuxurlar, nəsə axtarırlar, daşıyırlar, evlərini cürbəcür əşyalarnan doldururlar. Gəlirlər evə, gözlərini bərəldib balaca ikiayaqlılarla dolu mavi yeşiyin qabağında donub qalırlar. "Mənimki"ndən də ki, olmaz. Beləsini gündüzlər çıraqla axtarmaq lazımdır. Bunun bir yaxşı rəfiqəsi vardı. Şkafın başının tozunu, heç kim silmirdi, amma o silirdi, az qala günaşırı məni sulayırdı, özü də isti su ilə. Of…necə sevinirdim…fikirləşirdim ki, vəssalam, hər şey düzəldi. Ancaq bu " Erkək qarışqa" neynədi, başqasını gətirdi. Onda fikirləşirdim ki, vəssalam axırım çatıb. Zalım qızı üç gün dalbadal siqaret tüstülətdi, denən bir dönüb mən tərəfə baxdımı? - yox. Nə bilim ey. Mənim bu sahibim sabit bir fikri olan adam deyil… Qısası…mən qərara gəlmişəm. Bu elə tək yaşasa yaxşıdır. Bax uzanıb… Hələ ləhləyə-ləhləyə çox o üz-bu üzə çevriləcək… Ax, bilsən bu saat yatdığın yerdə saralmış iynələrimlə necə sənin üstünə düşmək istərdim. Ağrıdan ulayardın, məndən imdad diləyərdin. " Kaktus çat-çat olmuş torpaqdan qopmağa cəhd edərək bir az yuxarı dartıldı və keyləşmiş, yarımcan köklərini azacıq tərpətdi. Onun yaşı yeddiyə çatmışdı. Əcdadları Asiyanın hansısa səhrasından idi. Nə orjinallığına, nə rənginə, nə də quruluşuna görə başqalarından fərqlənmirdi. Belə də…ortabab bir kaktus idi, - öz-özünə bitməyə adət eləmiş bir kaktus. Telefon zəng çaldı… "Hə… yanını yerdən qaldır, götür görək dəstəyi!" Adam gözlərini silib, divana dirsəkləndi. Avtocavablandırıcı dilləndi: - Alo, salam! Bu mənəm. Sən hələ gəlməmisən? Darıxıram! Gələn kimi zəng elə. Öpürəm. "Hə…bu o güləyən qızdı…siqaret tüstülədən… Eybi yox birtəhər dözərsən…Bircə sən çatmırdın burda. "Adam gözlərini qıyıb çətinliklə ayağa durdu və asta-asta, səndələyərək mətbəxə keçdi. Qabqacaq səsinə kaktus mil durdu, diqqətlə qulaq kəsilib vurnuxa-vurnuxa gözləməyə başladı. Bu səs neçə dəfə onun yuxusuna girmişdi. Neçə dəfə gecəyarısı yuxudan oyanıb, onun kölgəsini görmək ümidi ilə qapıya tərəf boylanmışdı. Nəhayət ki…budur onun həsrətində olduğu səs- krandan axan şəffaf, soyuq suyun şırıltısı. "Nə oldu?… Gətir də… Mən bilirəm sən yaxşı oğlansan, mərhəmətlisən… O uzun ömründən mənə də ikicə dəqiqə vaxt ayır… Bilirəm, sən suyu mənim üçün doldurursan qaba, duz eləyirsən, səni gözləməkdən elə yorulmuşam ki… "Adam şəffaf, soyuq su dolu plasmas butulka əlində köhnə şəpşəplərini sürüyə-sürüyə onun yanından keçdi. Asta-asta, ağır-ağır divanın bir qırağında oturdu və acgözlüklə, sanki acıq verirmiş kimi butulkanı başına çəkdi. Sonra bir azca fasilə verib, rahatlıqla dərindən nəfəs aldı və susuzluğunu yatırmanın dadını çıxara-çıxara butulkanı boşaltmağa başladı. " Yox, bu ola bilməz! Ey, İnsan! Sən insansan ya nəsən?Bax, özümü saxlaya bilmədim və birinci dəfə əlacsızlıqdan ona qışqırdım - " Qondurasın, biri Qonduras!" . Düzdü bunun mənasını başa düşmürəm, ancaq "Erkək qarışqa" nəsə ona xoş gəlməyən bir şey olanda bu ifadəni tez-tez işlədir. Ancaq öz aramızdır pis səslənmir ha…"İnsan təbii ki, heç nə eşitmədi. Ancaq bir an sonra elə bil boğazında nəsə qaldı. Gözlənilmədən çəçidi və kəsik-kəsik, dərindən öskürməyə başladı. Beş dəqiqə beləcə keçdi. - Lənət şeytana, bu nəydi belə? - adam öskürə-öskürə, ətrafa boylanaraq mızıldandı. Bu mənzərəni görən kimi kaktusun əhval-rühiyyəsi dəyişdi. Dibçəkdəki gilli torpağa dirsəklənib, şkafın təpəsindən təbəssümlə ona baxdı. " Hə…necədi su? Çox soyuq deyil?" Könlündən onun yanında əyləşib, dostcasına kürəyinə döymək keçdi. İnsan əlini tüklü üzünə çəkdi və key-key kaktusa tərəf baxmağa başladı. Beynində nəyisə götür-qoy edərək, özünü o yerə qoymadan mızıldandı:-Bax, quruma ha! "Bircə onu görməyəcəksən!" - kaktus özlüyündə onun cavabını verdi. "Bunu da sulamaq lazımdı." - adam öz-özünə fikirləşdi. Ardınca isə:- Yaxşı, qalsın sonraya. - deyib pultu götürdü və televizoru qoşdu. "Bilmirəm, o orda nə axtarır. Bütün düymələri bir-bir basa-basa beləcə on dəqiqə oturdu, sonra başladı paltarını dəyişməyə. Su butulkası gözlərimi lap qabar eləyirdi. Üzümü çevirib o tərəfə baxmamağa, o barədə düşünməməyə çalışsam da xeyri olmurdu. "Ekranda mənzərələr bir-birini əvəz edir, ancaq adam nədənsə divanda oturmuş vəziyyətdə qara telefona tərəf baxırdı. Yarıyuxulu vəziyyətdə gözünü qırpa-qırpa " zəng eləmək lazımdı" , - fikirləşdi, - "yox, əvvəlcə bir duş qəbul eləyim sonra…" . Burda fikirləri qırıldı, azacıq başı hərləndi. Belə vəziyyətdə hərəkət eləmək ən azı öz orqanizminə qarşı qeyri-humanistlik olardı. " Belə bir mənzərəni təsəvvürünüzə gətirin: o oturub özünə gəlməyini gözləyir. Bu vəziyyət bir saat, iki saat, hətta bütün gün davam edə bilər. Oturub key-key məchulluğa baxacaq. Mənsə bütün bu vaxtda ölürəm susuzluqdan, iki həftədi bir damla da olsun su içməmişəm. Ey Ulu Tanrı mənə rəhmin gəlsin! Ekranda danışan başın müşayiəti ilə yarım saat da keçdi. Sahibim əlini hələ yarıya qədər su ilə dolu olan butulkaya uzatdı. Butulkanı dodağına yaxınlaşdırdı və üz-gözünü turşutdu. Əl barmaqlarından hiss olunurdu ki, plasmas qab günün yandırıcı şüalarının altında çox qalıb. "Orqanizm isə ilıq yox, soyuq su tələb edirdi. Bundan ötrü böyük qüvvə sərf eləmək, - durub mətbəxə keçmək və qabı təzə, soyuq su ilə doldurmaq lazım idi. Buna da vaxt tələb olunurdu. Nəhayət, o ayağa durdu və bir neçə addım atıb dayandı. "Mən tikanlarımı belə tərpətmədən vüqarla üzümü yana çevirdim. "Adam əvvəl üstünə kaktus qoyulmuş köhnə, qəhvəyi rəngli şkafa baxdı, sonra əlindəki butulkaya baxdı, sonra yenə kaktusa baxdı. Uzun düşünmədən dərindən köks ötürdü və şkafa yaxınlaşdı. "Mən özümə gəlməyə macal tapmamış gilli torpağın çatları həsrətində olduğum su ilə dolmağa başladı. Bərkimiş boz gil qara rəngə çalmağa başladı. Köklərim acgözlüklə sərin suyu sormağa başladı. Mən gözlərimi yummuşdum. Köklərimin ucundan başıma doğru axan təsvir olunmaz həzz impulslarını və təbii enerjini bütünlüklə duymaq üçün bir anlığa hər şeyi unutmuşdum. Bax budur həyat! Bütün bunlar - "onun" verdiyi həyatın əbədi dərki, bir neçə saniyəlik həzzin naminə imiş sən demə. Bu ikiayaqlı varlığın əlinin sadə, yüngülcə bir hərəkətindən sonra mən artıq həmişəlik onun qulu olmağa hazıram. Ancaq o özü bunu bilirmi? Bilirmi ki, mən də yaşayıram, hiss edirəm, hətta bu " planet" də baş verənlərə mən də onunla bərabər həyəcanlanıram? Yəqin ki, bilir. Yoxsa bütün bunlar şkaf, telefon, rəfiqələr, mən - adi, öz-özünə bitən yaşıl kaktus nəyə gərəkdir ki."