Son on ildə ac qalmaq məharətini nümayiş etdirən artistlərə maraq çox azalıb. Əvvəllər belə tamaşaları təşkil etmək çox sərfəli olsa da, indi bu, qətiyyən mümkün deyil. Onda başqa dövr idi. O vaxtlar aclıq edən artist haqqında bütün şəhər danışırdı, tamaşaçıların sayı günbəgün çoxalırdı, hər kəs aclıq edəni heç olmasa, gündə bir dəfə görmək istəyirdi; az sonra kiçik qəfəsin qarşısında bütün günü oturan abunə sahibləri meydana gəldi; hətta gecələr də tamaşa davam edirdi – effekti artırmaq üçün istifadə olunan məşəllərin işığında. Yaxşı havada qəfəsi küçəyə çıxarırdılar və bu vaxt aclıq edən artistin tamaşaçıları uşaqlar olurdular.




Böyüklər onu sadəcə əyləncə xatirinə, ya da dəbə uyaraq görməyə gəlirdisə, uşaqlar ona ağızlarını açaraq, təəccüblə gözlərini zilləyirdilər; hər ehtimala qarşı bir-birinin əllərindən tutaraq qara trikoda, qabırğaları çıxmış, rəngi ağarmış, hətta stul belə istəməyərək, küləş tökülmüş döşəmədə oturan artistə baxırdılar. O, mehribanlıqla başını tərpədib güclə gülümsəyərək suallara cavab verir və hərdən də qəfəsdən arıq əlini çölə çıxarırdı ki, ona toxunsunlar; lakin sonra yenə fikrə gedir və heç nəyə əhəmiyyət vermirdi, hətta onun üçün mühüm olan saatın – onun qəfəsindəki yeganə əşyanın zənginə də, yalnız azca açılmış gözlərilə qarşısına baxır və arabir dodaqlarını islatmaqdan ötrü əlini balaca fincandakı suya batırırdı.
Orda gəlib-gedən tamaşaçılardan başqa, camaat tərəfindən seçilən daimi nəzarətçilər də vardı – qəribəydi ki, onlar adətən qəssablardan seçilir və həmişə də üç nəfər olurdular, - vəzifələri gecə-gündüz ac qalanı müşahidə etmək idi, guya o, gizlində qida qəbul edə bilərdi. Amma bu, kütləni sakitləşdirməkdən ötrü sadəcə formallıq idi, çünki tamaşaçılar çox yaxşı bilirdilər ki, aclıq etmək bacarığını göstərən artist heç bir vəziyyətdə, hətta məcburiyyət qarşısında, bir tikə də olsa yeməzdi; bunu ona peşə şərəfi qadağan edirdi. Doğrudur, nəzarətçilərin heç də hamısı bunu anlamırdılar; bəzən elə olurdu ki, gecə növbətçiləri ona çox da göz qoymurdular, qəsdən uzaqda oturub kart oynamağa başlayırdılar ki, aclıq edən bir şey yesin, nəzarətçilərin fikrincə o, gizlətdiyi yerdən bir şey çıxarıb yeyə bilər. Aclıq edən artist üçün belə nəzarətçilər qədər əzab verən heç nə yox idi; onlar onu ruhdan salırdı, aclıq onun üçün dəhşətli və çətin bir məsələyə çevrilirdi; bəzən öz zəifliyi ilə mübarizə apara-apara, nəzarətçilərin şübhələrinin əsassız olduğunu sübut etmək üçün onların yanında gücü çatana qədər oxuyurdu. Amma bu az kömək edirdi; nəzarətçilər onun bu fərasətinə, hətta oxuya-oxuya da yeyə bilməsinə təəccüblənirdilər. Qəfəsə yaxın oturan, zalın ümumi işıqlandırılmasıyla kifayətlənməyib əllərindəki fonarla qəfəsə baxan nəzarətçilər onun daha çox xoşuna gəlirdi. Parlaq işıq ona zərrə qədər də mane olmurdu, axı o, ümumiyyətlə yata bilmirdi, azca mürgüləməyi isə istədiyi vaxt və istədiyi vəziyyətdə, hətta camaatla dolu səs-küylü zalda da bacarırdı. O, bütün gecəni belə nəzarətçilərlə keçirməyə razı idi; onlarla zarafat etməyə, başına gələn hadisələri danışmağa, sonra da onların söhbətini dinləməyə hazır idi – və bütün bunları nəzarətçilərin yuxulamamasından ötrü, qəfəsdə yeyiləsi heç nə saxlamadığını, heç kimin onun kimi aclıq edə bilməyəcəyini onlara göstərmək üçün edərdi. O, daha çox səhər açılanda, onun hesabına nahar veriləndə və nəzarətçilər yuxusuz gecədən sonra iştahla yeməyin üstünə düşəndə sevinirdi. Onu da demək lazımdır ki, burada nahar etməyi mühafizəçilərin ləyaqətinə yaraşmayan hal kimi qiymətləndirən adamlar da vardı, lakin bu ifrata varmaqdan başqa bir şey deyildi. – Siz, özünüzü yoxlamaq üçün bütün gecəni naharsız növbə çəkməyi istərdinizmi? – deyə onlardan soruşanda, heç bir söz demədən dərhal əkilirdilər.
Lakin bu, elə bir inamsızlıq idi ki, onu ac qalmaq prosesindən qətiyyən ayırmaq olmazdı. Axı, heç kim bütün gecəni və gündüzü aclıq edənin yanında nəzarətçi kimi dayana bilməzdi və deməli, heç kim öz müşahidəsinə əsasən deyə bilməzdi ki, o, həqiqətən də fasiləsiz və nümunəvi olaraq aclıq edir, ya yox. Bunu ancaq, ac qalmaq məharətini nümayiş etdirən artistin özü bilərdi, necə ki, təkcə o, özü öz aclığından razı qalan tək tamaşaçı ola bilərdi. Lakin, o da razı deyildi və buna tamam başqa səbəb var idi. Ola bilərdi ki, onun bu dərəcədə arıqlaması (bəzi adamlar onun görünüşünə dözə bilmədiklərindən tamaşaya baxmağa gəlmirdilər) heç də ac qalmağından deyildi, bəlkə də, özü özündən razı qalmadığı üçün arıqlayırdı. Axı, aclıq prosesinin əslində nə qədər asan olduğu heç kimə məlum deyildi və bunu təkcə o özü bilirdi. Bu, dünyada ən asan iş idi. Özü də artist bunu adamlardan da gizlətmirdi, amma ona inanmırdılar. Bəziləri fikirləşirdi ki, o, təvazökarlıq edir, çoxları isə belə hesab edirdi ki, o ya özünü reklam edir, ya da heç bir çətinlik çəkmədən aclıq etməyi bacaran adi fırıldaqçıdır. Yəqin o, bu işi asanlaşdırmağı bacarırdı və bunu az qala açıqca etiraf etməyə də cəsarəti çatırdı.
O, bütün bunlarla barışmağa məcbur olmuşdu, həm də illər keçdikcə öyrəşmişdi bunlara. Lakin narazı olması onu içəridən didirdi və aclıq etmə müddəti nə qədər olursa olsun, bunu da təsdiq etmək lazımdır ki, o, bircə dəfə də qəfəsi könüllü tərk etməmişdi. İmpresario aclıq müddətini ən çoxu qırx gün təyin etmişdi və ona bundan çox aclıq etməyə icazə vermirdi. Onun buna əsası vardı: təcrübə göstərirdi ki, reklamların hesabına təxminən qırx gün ərzində artan maraq, hətta böyük şəhərlərdə belə get-gedə sönür və bundan sonra tamaşaçıların sayı kəskin surətdə aşağı düşürdü. Bu baxımdan şəhərlə kənd arasında fərq olsa da, hər halda aclıq müddəti qırx günü aşmırdı.
Və deməli, qırxıncı gün gül-çiçəyə tutulmuş qəfəsin qapıları açılırdı, tamaşaçılar coşqunluqla amfiteatrı doldururdular, hərbi orkestr çalırdı, artisti müayinə etmək üçün iki həkim qəfəsə girirdi, zala meqafonla nəticələri elan edirdilər və sonra məhz onları seçdiklərindən xoşbəxt olan iki gənc xanım artistə yaxınlaşıb qəfəsdən çıxmağa və pilləkənlərlə aşağı düşməyə ona kömək edirdilər. Aşağıda onu xüsusi olaraq bu məqsədlə hazırlanmış kiçik stolun üstündəki müalicəvi süfrə gözləyirdi. Bu an artist həmişə müqavimət göstərirdi. Sümükləri çıxmış əllərini ona tərəf əyilmiş xanımların yumşaq ovuclarına könüllü olaraq qoysa da, ayağa durmaq istəmirdi. Niyə məhz indi, qırx gündən sonra hər şey sona çatdı? O daha çox tab gətirə bilərdi, sonsuza qədər çox; niyə o, aclığın ləzzətini təzəcə duymağa başlayanda hər şey qurtardı? Niyə ləyaqətlə aclıq etməyə ona imkan vermədilər və onu bütün dövrlərin ən böyük aclıq edən artisti olmağa qoymadılar? Axı, ona elə gəlirdi ki, onun ac qalmaq məharəti sərhədlər tanımır, hətta o, əlçatmaz səviyyəyə çata bilər. Onun qarşısında heyrətlə durmuş bu insan kütləsi niyə bir az da dözə bilmədi? Əgər o, aclığı davam etdirmək iqtidarında idisə, bu kütlə niyə gözləmək istəmədi? Həm də o yorulmuş, küləşin üstündə rahatca oturmuşdu, indi isə ayağa durmalı və yeməyə sarı getməli idi. Amma qidanı görəndə onun qusmağı gəlir və yalnız yanındakı xanımların xatirinə özünü bundan bir təhər saxlayırdı. O, baxışlarını bu, mehriban görkəmli, əslində isə qəddar olan xanımlara tərəf qaldırır və cansız boynunun üstündəki qurğuşun kimi ağır başını yavaş-yavaş yelləyirdi. Lakin sonra, həmişə baş verən yenə də başlanırdı. İmpresario heç bir söz deməyərək, - müsiqi danışmağa imkan vermirdi, - yaxınlaşır, əllərini artistin üzərində elə qaldırırdı ki, sanki bütün göy qübbəsini küləşin üstündə oturmuş uşağına, buna layiq olan əzabkeşə baxmağa dəvət edirdi; son dərəcə bayağı ehtiyatla artistin belini qucaqlayaraq tamaşaçıları başa salmaq istəyirdi ki, o necə kövrək və zəif varlıqla iş görür. Və onu ətrafdakıların uzanmış əllərindən yayındıraraq ağappaq ağarmış xanımlara təhvil verirdi. İndi artist hər şeyə dözməliydi; onun başı sinəsinə sallanmışdı; bədəni çökəkliyə oxşayırdı; ayaqları, özünümühafizə instinktinin təsiri ilə, bir-birinə sıxılmışdı, buna baxmayaraq döşəmədə elə yeriyirdi ki, elə bil, bu əsil döşəmə deyildi, əsil döşəməni onlar hələ axtarırdılar… və artistin çox yüngül çəkisi təngnəfəs olub kömək istəyən xanımlardan birinin üstünə düşmüşdü – xanım şərəfli işi belə təsəvvür etmirdi. O, boynunu yana çevirirdi ki, heç olmasa sifəti artistə toxunmasın (buna müvəffəq olmurdu), o biri, daha bəxtli xanımsa ona kömək etməyərək, artistin əlini, bu kiçik sümük yığnağını aparmaqla kifayətlənirdi. Sonra köməksiz qalmış xanım, zalın heyrətli qəhqəhələri altında özünü ağlamaqdan saxlaya bilmirdi, nəticədə hazır dayanmış xidmətçiylə dərhal əvəzlənirdi. Sonra iş yeməyə gəlib çatırdı, impresario qidanı yarıyuxulu vəziyyətdə olan artistin boğazına güclə tökürdü. İmpresario bunu şən-şən danışaraq edirdi ki, tamaşaçıların diqqətini artistin həqiqi vəziyyətindən yayındıra bilsin. Bundan sonra camaatın şərəfinə sağlıq deyilirdi və impresarionun dediyinə görə, guya, bu sağlığı artist onun qulağına pıçıldayıb; orkestr daha güclü səslə tuş çalırdı, adamlar yavaş-yavaş dağılışırdılar. Bu tamaşadan narazı qalmağa heç kəsin haqqı yox idi, heç kəsin, təkcə artistin özündən başqa.
O, kiçik və müntəzəm fasilələrlə, uzun illər saxta və xəyali şöhrətlə yaşadı, lakin buna baxmayaraq, həmişə ruh düşkünlüyü içində oldu. Onun ruhi vəziyyəti ilə heç kim ciddi maraqlanmadığından daha da düşkünləşdi. Bəs onu nə ilə ovundurmaq olardı? O, insanlardan daha nə gözləyə bilərdi ki? «Bütün bu qəm-kədərin səbəbi əslində aclığın özüdür», deyib ona təsəlli verən (xüsusən də aclığın inkişaf etmiş mərhələsində) xeyirxah adamlara isə, artist elə cavab verirdi, elə qışqırırdı ki, sanki vəhşi heyvan qəfəsini laxladıb dağıtmaq istəyirdi. Düzdür, impresario belə vaxtlarda çıxış yolu tapırdı. O, artistin adından tamaşaya toplaşmış camaatdan üzr istəyib deyirdi ki, bu hərəkətin səbəbi artistin uzun müddət ac qalmasından yaranan əsəbilikdir, bunu tox adamlar anlaya bilməz. O, artistin «bundan da uzun müddət ac qala bilər» deməsini də bu əsəbiliklə bağlayaraq, onun yüksək təşəbbüsünü, arzusunu, fədakarlığını təriflədi. Sonra o, artistin bu fikrini, onun ac qalmasının qırxıncı günü yarıölü vəziyyətdə çarpayıda uzanılı halda təsviri olan və dərhal satılan fotoşəkillərinin nümayişi ilə təkzib etdi. Bu, artistə yaxşı məlum olsa da, həqiqətin növbəti dəfə təhrif olunması onun üçün ölümcül və axırıncı zərbə idi. Aclıq müddətinin vaxtından əvvəl qurtarmasının nəticəsini burda səbəb kimi göstərirdilər. Bu anlaşılmazlıqla, bu anlaşılmazlıq dünyası ilə mübarizə aparmaq mümkün deyildi. O, əvvəllər, əgər qəfəsdən tutub impresarioya böyük ümidlə, həvəslə qulaq asırdısa, indi, bu fotoşəkillər meydana çıxdıqdan sonra ümidləri tükənmiş halda ah çəkərək küləşin üstünə yıxılırdı və sakitləşmiş camaat yenidən yaxına gəlib məmnuniyyətlə ona baxırdı.
Belə səhnələrin şahidləri bir neçə ildən sonra bunları xatırlayanda, özləri özlərini anlamırdılar. Çünki, bu dövr ərzində artistin karyerasında ani olaraq böyük dəyişiklik olmuşdu; bəlkə də, burda daha dərin səbəblər var idi, amma onları kim aydınlaşdıracaqdı ki… Hər halda, gözəl günlərin birində bizim şıltaq və inadcıl artistin tamaşasına olan maraq itdi, camaat indi başqa əyləncələrə üstünlük verirdi. İmpresario onunla Avropanın yarısını bir dəfə də gəzdi, amma əbəs yerə, - hər yerdə gizlicə sövdələşibmişlər kimi az qala ac qalmaq tamaşasına antipatiya yaranmışdı. Əlbəttə, bütün bunlar gözlənilmədən baş verə bilməzdi və indi, geriyə nəzər saldıqda, bu qara günün gələcəyini xəbər verən bəzi nüansları xatırlamaq olardı. Lakin o vaxt, qazanılan uğurlardan sərxoş olaraq buna fikir verməmiş, lazımi ölçülər götürməmişdilər; indi isə artıq gec idi. Ac qalmaq tamaşasının zamanının nə vaxtsa mütləq gələcəyi fikri isə, heç kimdə şübhə doğurmasa da, bu zəif təsəlli idi. Özünün qeyri-adi bacarığını nümayiş etdirən artist indi nə etməliydi ki? Minlərlə insanı heyrətə salan artist, axı, yarmarkalardakı balaqanlarda çıxış edə bilməzdi, başqa sənətə yiyələnməyə gəldikdə, o, çox yaşlı idi və ən əsası da aclıq məharətinə fanatikcəsinə bağlanmışdı. Nə isə, axır ki, artist, karyerasında ən sadiq yoldaşı olan impresario ilə vidalaşdı və böyük bir sirklə kontrakt imzaladı. O, mütəəssir olmamaq üçün hətta müqavilənin şərtlərini də oxumadı.
Çoxlu miqdarda insanların, heyvanların və müxtəlif əşyaların daim bir-birini əvəz etdiyi böyük sirkə hər zaman istənilən artist lazım ola bilər, hətta ac qalmaq məharətini nümayiş etdirən artist də, amma bir şərtlə ki, o, lazımsız sorğu-suallarla zəhlə tökməsin; və bundan başqa, axı, artistin təkcə özünü yox, həm də onun keçmiş, məşhur adını işə götürmüşdülər. Bu sənətin bütün incəliklərini nəzərə alsaq, özünün əvvəlki formasıyla daha seçilməyən artistin sirkdəki yeni və sakit vəzifəsində başını birtəhər girləmək istədiyini demək olmazdı; əksinə, onda daxili canatma qətiyyən azalmamışdı və o hamını inandırmaq istəyirdi ki, (bu da həqiqətə oxşayırdı) indi də əvvəlki kimi yaxşı ac qala bilər, hətta deyirdi ki, əgər ona sərbəstlik versələr (bu isə ona vəd edilmişdi), bu dəqiqə dünyanı mat qoyar. Artistin zəmanənin ab-havasını nəzərə almadan dediyi bu fikrə, bilicilər sadəcə təbəssümlə cavab verirdilər.
Prinsipcə, artistin özü də real vəziyyəti başa düşürdü və onun qəfəsinin əsas nömrə kimi manejin ortasında deyil, küncdə, işıqlandırılmış və camaata açıq bir yerdə, heyvanların qəfəsinə yaxın qoyulmasını da sakit qarşıladı. Tamaşaçılar hər şeyi anlasın deyə, qəfəsin yanında onun haqqında məlumat yazılmışdı. Tamaşaçılar sirk nömrələrinin arasındakı fasilələrdə heyvanlara baxmaqdan ötrü qəfəslərə yaxınlaşarkən istər-istəməz aclıq edən artistin də yanından keçirdilər və orda bir az dayanırdılar; əgər arxadan gələn dəstə bu dar keçiddə dayanmanın səbəbini bilsəydi və hay-küy salmasaydı, bəlkə də artistə daha çox tamaşa edərdilər. Bu səbəbdən artistin səbirsizliklə gözlədiyi və həyatının mənası olan tamaşaçılar yaxınlaşanda onu titrəmə tuturdu. Əvvəllər onun nömrələr arasındakı fasilələri gözləməyə səbri çatmırdı; uzaqdan ona tərəf gələn kütləyə yalvarışla baxırdı, lakin, təəssüf, tezliklə əmin oldu ki, - hətta bilərəkdən və israrla xam xəyala dalmaq da sarsılmaz təcrübə qarşısında tab gətirmir, - bu insanların gəlişinin əsas səbəbi onun yox, yalnız heyvanların qəfəslərinə baxmaq marağıdır. Və onun üçün ən xoş olan bu, uzaqdan baxmaq idi, çünki, kütlə ona yaxınlaşanda mübahisə edən dəstələrin qışqırığı, söyüşləri aləmi başına götürürdü; - heyvan qəfəslərinə baxmaq istəyən arxadan gələn dəstəylə, artistə öz arzu və həvəsləriylə yox, inadkarlıqdan və arxadan gələnləri qıcıqlandırmaq məqsədiylə baxan dəstə arasında mübahisə gedirdi.
Camaatın çoxu dağılışandan sonra, gecikən tamaşaçılar da gəlirdi, - əlbəttə, artistə uzun müddət baxmağa onlara heç kim mane olmurdu, – amma onlar artistə gözucu baxaraq, onun yanından sürətlə keçib heyvanlara tamaşa edirdilər. Lakin hərdən artist üçün xoşbəxtlik də üz verirdi; hansı bir atasa öz uşaqlarıyla birlikdə gəlir, barmağıyla aclıq edən artisti göstərir, uşaqlarına hər şeyi, keçmiş illərdəki tamaşaları ətraflı surətdə izah edirdi. Uşaqlarsa, həyat təcrübələrinin azlığından artistə anlaşılmazlıqla baxırdılar – axı onların nə vecinəyidi ki, aclıq nədir? – amma onların hər şeylə maraqlanan gözlərində yeni, qarşıdan gələn mərhəmətli dövrlərin parıltısı sezilirdi. Bəlkə də, onda artist öz-özünə deyirdi: əgər mənim qəfəsim heyvanların yerinə bu qədər yaxın olmasaydı, hər şey daha yaxşı olardı. Axı indi, heyvan qəfəslərindən gələn üfunətli iy, gecələr onların səs-küyü, çiy ət yeyərkən mırıltıları bir yana qalsın, insanlar öz seçimlərini daha asan edərdilər. Həm də bütün bunlar artistə bərk toxunurdu və pis təsir edirdi. Amma o, bu haqda sirkin direktoru ilə danışmağa qərar verə bilmirdi; içərisində hərdənbir onun da tamaşaçısının olduğu bu qədər insana görə o axı, heyvanlara borcluydu və bir də kim bilir, yadlarına düşsəydi, onu uzaq küncdə gizlədəcəkdilər, həm də ona heyvan qəfəslərinə aparan yolda maneə kimi baxacaqdılar.
Doğrudur, günbəgün balacalaşan kiçik bir maneə kimi; insanlar ac qalma məharətini nümayiş etdirən artistin bu qəribə arzusuna artıq öyrəşmişdilər. Və buna görə də ona qəti hökm çıxarmışdılar. O, daha yaxşı ac qalsaydı da, buna ciddi cəhd göstərsəydi də, onu artıq heç bir şey xilas edə bilməzdi, onun yanından dayanmadan, ona baxmadan keçirdilər. Hünərin çatır, kiməsə ac qalmaq məharətini başa salmağa çalış! Kim ki, aclığı hiss etmirsə, o, bunu heç anlamaz da. Qəfəsdən asılmış cəlbedici yazıları toz basmışdı və oxunmurdu; onları cırmışdılar və heç kim də bu yazıları təzələmək fikrində deyildi; aclıq müddətini hesablamaq üçün asılmış rəqəmli lövhə ilk günlər dəyişdirilsə də, indi ona əl vurulmurdu. Yəqin ki, bir həftədən sonra sirkin personalını bu asan işlər də bezdirmişdi; və indi, artistin nə vaxtsa arzuladığı kimi aclıq etməsinə, xəyalında tutduğu sərhəddə qədər çətinlik çəkmədən irəliləməsinə baxmayaraq, heç kim bu günlərin hesabını aparmırdı və heç kim, hətta aclıq edənin özü də neçə gün ac qaldığını bilmirdi. Bu kədər daş kimi onun ürəyindən asılmışdı. Bu vaxt ərzində, əgər hansı bir avarasa onun yanında dayanıb köhnə rəqəmlərə baxıb gülsəydi və şişirtmədən, fırıldaqçılıqdan dəm vursaydı, bu, sözün əsil mənasında iyrənc bir yalan olardı, - anadangəlmə qərəz və ədavətin, etinasızlığın doğurduğu rəzil bir yalan. Çünki, aclıq edən artist aldatmırdı, - o, düzgün işləyirdi, - bu yalançı dünya onu layiq olduğu mükafatlardan məhrum etmişdi.
Nə qədər uzun çəksə də, istənilən aclığın bir həddi var. Bir dəfə heyvanların yanındakı qəfəs sirkin nəzarətçilərindən birinin gözünə sataşdı və o, əlaltılarından soruşdu ki, içində çürümüş küləş olan bu əlverişli qəfəs niyə burda boş qalıb? Heç kim buna cavab verə bilmədi, birdən kimsə rəqəmlər yazılmış lövhəni gördü və aclıq edən artist yada düşdü. Uzun ağacla küləşi o yan-bu yana çevirməyə başladılar və artisti tapdılar.
- Sən hələ də aclıq edirsən? – nəzarətçi soruşdu. – Axı, sən bu aclığı nə vaxt qurtaracaqsan?
- Siz hamınız məni bağışlayın, - aclıq edən artist pıçıldadı; təkcə qulağını qəfəsə söykəmiş nəzarətçi onu başa düşdü.
- Əlbəttə, - nəzarətçi dedi və yanında duranlara artistin halını anlatmaq üçün barmağıyla alnını döyəclədi, - biz səni bağışlayırıq.
- Mən həmişə istəyirdim ki, siz mənim ac qalmağıma pərəstiş edəsiniz, - artist dedi.
- Biz onsuz da buna pərəstiş edirik, - nəzarətçi mehribanlıqla dilləndi.
- Amma sizin buna pərəstiş etməniz heç də lazım deyil, - artist dedi.
- Deməli, onda biz bunu etməyəcəyik, - nəzarətçi cavab verdi. – Axı, nə üçün biz pərəstiş etməməliyik?
- Ona görə ki, mən ac qalmağa məcburam, başqa cür yaşaya bilmirəm, - artist dedi.
- Bir ona baxın, - nəzarətçi dedi. – Niyə başqa cür yaşaya bilmirsən?
- Ona görə ki… - artist başını qaldırıb sanki öpüş üçün uzadılmış dodaqlarıyla hər bir sözü anlaşılsın deyə, düz nəzarətçinin qulağına deməyə başladı, - çünki, ürəyimə yatan, dadlı qida tapa bilmirəm. İnan mənə, əgər mən bu yeməyi tapsaydım, özümə diqqət cəlb etməzdim, sən və başqa insanlar kimi iştahla onu yeyərdim.
Bu artistin axırıncı sözləri idi, lakin onun tutqunlaşan ölgün və sönük gözlərində daha məğrurluq qalmasa da, aclığı davam etdirəcəyini bildirən qəti ifadə vardı.
- İndi isə, buranı qaydaya salın! – nəzarətçi əmr etdi və ac qalmaq məharətini nümayiş etdirən artisti küləşlə birlikdə dəfn etdilər.
Qəfəsi isə cavan bir leoparda verdilər. Nə vaxtsa həyat olmayan qəfəsdə bu vəhşi heyvanın qürurla ora-bura qaçması hətta ən diqqətsiz adamlar üçün də fərəhli idi. Leopardın heç bir qüsuru yox idi. Nəzarətçilər, onun zövqüncə olan qidanı tez tapıb gətirirdilər, hətta, elə görünürdü ki, o, azadlıq üçün də darıxmır; axırıncı əzələsinə qədər hər şeylə təmin olunmuş bu nəcib vücud azadlığı da özüylə daşıyır; azadlıq onun yırtıcı dişlərində oturub. Və onun cəhəngindən həyat eşqi elə hərarətlə vururdu ki, onun qarşısında durmaq tamaşaçılar üçün də çətin idi. Lakin, onlar özlərini ələ alıb, hər tərəfdən qəfəsi əhatəyə alır və heç cür ondan uzaqlaşmaq istəmirdilər.