Fren həbsxanasında bir-birindən qorxmayanlar tez dostlaşır. Mosartı mənimlə iki ay əvvəl keşikçi Ernest tanış eləmişdi. Həmin vaxtdan Mosartla dostlaşmışdım. Bəli, keşikçi ilə yox, onunla dostlaşmışdım. Mosart yekəpər heyvana oxşayırdı, qolları güclü, ağlı isə küt idi. Gövdəsi sərt, ürəyi kövrəkdi. Başı donuz başı kimi iri, fikirləri isə körpə uşaq fikirləri idi.
O, saman döşəyin üstündə uzanıb gözlərini mənə zilləyirdi. Dərin xəyala dalır, hərdən sayıqlayırdı.





Mən onun deyəcəyi sözləri gözləyirdim. Nə deyəcəyini bilmirdim. Həmişə eyni şeyi deyir, sonra da köksünü ötürürdü. Hiss edirdim ki. Mosart keçmiş bir əhvalatı gözləri qarşısından keçirir, sonra fikirli-fikirli həmin cümləni deyir.
O yenə köksünü ötürdü. Mən qulaqlarımı şəklədim.
- Hər halda yaxşı işləmişdik!
Mosart bir də köksünü ötürdükdən sonra fikirli-fikirli qalxıb saman döşəyin üstündə oturdu. Bunların hamısı mənə tanış idi. İndi yaxınlıq vaxtı çatmışdı. Mosartın mənə, sözlərimə ehtiyacı vardı.
Gözlərimi Mosartın üzünə dikib, səsimə laqeyd bir ifadə verib neçə gündən bəri məni narahat edən sualı verdim:
- Mosart? Axı, sənə niyə Mosart deyirlər?
Araya sükut çökdü. Qurtarmaq bilməyən həbsxana sükutu. Soyuq, qaranlıq, murdar və uzun bir sükut.
Görəsən, Mosart sualımdan hirslənmir ki? Yaman nigaran idim.
Axırı ki, üzümə baxdı. Amma hələ susurduq. Bu həbsxana sükutu idi. Ən ağır cəzaya oxşayan sükut idi... məzar sükutu.
- Mənə niyə Mosart deyirlər?
O, mehriban baxışlı inək başına oxşayan başını yuxarı qaldırmışdı, iri, eybəcər dodaqlarına təbəssüm qonmuşdu. Sonra o əhvalatı söyləməyə başladı...
Mademuazel Plianın qanuna dönmüş adətləri vardı. Bu adətlərin bəziləri onun həyatına məcburən daxil olmuşdu, bəzilərini özü götürmüşdü. Bəziləri isə rahatlığa olan ehtiyacdan yaranmışdı.
Mademuazel Plianın 73 yaşı vardı... Boyu balaca öz-gözü qırış, ürəyi hikkəli, özü tənha idi. O, səhərlər özünü yüngülcə səliqəyə salır, azacıq bazarlıq edir, bir az ev işləri görür, bir az da mətbəxdə işləyirdi. Mademuazel Plian zəif, xırdaca, arıq bir adam olduğu üçün gördüyü işlər də elə bil öz boyuna, öz imkanlarına uyğun idi: hər səhər yavaş-yavaş gəzinə-gəzinə gəlib Ormo küçəsindəki balaca ərzaq mağazasına çıxırdı. Burada özünün balaca səbətinə azacıq ərzaq alıb yığırdı: bir az yağ, bir az kofe, bir tikə donuz əti.
Bundan sonra o özünün balaca mənzilinə qayıdırdı. Pilləkəndə xırdaca Lakoz xanıma bir-iki qısa söz deyər, yaxud gömrük nəzarətçisinin dul qarısı madam Şmellə azacıq söhbət edərdi. Saat birdə mademuazel Plian nahar edirdi - xırdaca masanın balaca bir küncündə yüngül bir nahar. Axırda azacıq kofe içirdi. Sonra isə hər şey dəyişirdi.
Onun xırdaca, darısqal, sıxılmış həyatı birdən-birə böyük bir həyata, sevinc selinə, ehtirasla dolu, şirin, əsl insan ömrünə çevrilirdi. Hər gün günortadan sonra, saat iki olan kimi madmuazel Plian öz pianinosunun (royalının) qarşısında əyləşir, düz axşam saat altıya kimi çılardı. Dayanmadan çalırdı, deyə bilərəm ki, heç nəfəsini dərməyə də dayanmırdı. Nə çalırdı? Bütün repertuarını çalırdı. Yəni "Qarımış qızın duası"nı çalırdı. Bəli, tək qaldığı əlli bir ildən bəri madmuazel Plian hər gün günortadan sonra dörd saat ərzində Badagervskanın əsərini çalırdı. Başqa heç nə çalmazdı.
Onun ifası haqqında rəylər müxtəlif idi. Yuxarıda yaşayan bir qadın, madam Kler deyirdi ki, çox pis çalır, madam Karl isə güman edirdi ki, çox əla çalır. Bu fikirlərin hər biri, şübhə yox ki, şişirdilmişdi. Lakin həmişəki kimi, əsl doğru fikri kütlə söyləyirdi. Yəni, qonşuların gur səsli xoru bildirdi ki, bu çalğı hər şeydən əvvəl baş ağrısıdır.
Bunu, ələlxüsus, şənbə günləri axşam - kişilər evdə olanda (onların əyləncəsi yox idi) hiss etmək olurdu. Bir də görürdün ki, onlar mənzillərindən çıxır, əl-qollarını oynadıb acıqlı-acıqlı qışqırışır, deyinirlər. Onlara baxanda adam fikirləşirdi ki, fransızlar musiqini çox sevmirlər.
Lakin süpürgə ağacları ilə otaqların tavanlarını bir az döyəclədikdən, bir az çığır-bağır saldıqdan, ah-nalə etdikdən sonra hamı sakitləşirdi. Çünki əlli bir ildən bəri hamı bilirdi ki, nə olur-olsun, mademuazel Plian saat ikidən altıya qədər "Qarımış qızın duasını çalacaq. Hələ üstəlik hamı qarımış qızın həyatına, tənhalığına və kimsəsizliyinə də bələd idi. Elə buna görə də qonşuların hirsi tez soyuyur, ona yazıqları gəlir, onu başa düşürdülər. Hər gün günortadan sonra o, əslində piano çalmırdı: öz ərinə nəvaziş göstərən qadınlar kimi pianosuna nəvaziş edirdi, onu sevirdi... şirin bir zövq alırdı. Onun çaldığı "Qarımış qızın duası" deyildi, mademuazel Plian öz duasını oxuyurdu. Axı özü qarımış qız idi.
O, öləndə hamı heyfsiləndi. Qonşular pul topladılar, nar gülündən lira şəkilli bir əklil hördürdülər. Bəli, fransızlar çox musiqipərəst olmasalar da, simvolik əlamətləri xoşlayırlar.
Sonra narahatlıq, nigaranlıq başladı. Hamıya məlum idi ki, mademuazel Plianı öldürmüşdülər.
Xəlvəti Luici Kaksiopodan şübhələnirdilər. O hər şənbə saat beş radələrində dözə bilməyib pilləkənə çıxır, Məryəm ananı köməyə çağırır, söyləyirdi ki, başı bu səsə dözə bilməyib partlayacaq. Əlləri ilə havada qarpız forması düzəldir və italyan ləhcəsilə mızıldayırdı: "Qarpız kimi partlayacaq", "Başım qarpız kimi partlayacaq!"
Lakin bu yersiz şübhə uzun çəkmədi. Tezliklə məlum oldu ki, mademuazel Plian sadə həyat sürən, az xərcləyən, az ehtiyaclı bir adam olduğuna görə qənaət edib xeyli pul toplayıbmış. Deməli, onu qarət məqsədilə öldürüblər.
Həmin vaxtdan müstəntiq Muflet "qarımış qızların canisi" haqda fikirləşməyə başlamışdı. Həmin şəxsi müstəntiq yaxşı tanımırdı, bir onu bilirdi ki, adı Joze Mülosdur. Bir ildən bərı müstəntiq onun əsl simasını açmaq istəyirdi. Jozeni tutdular, istintaq etdilər, sorğu-suala tutdular. Heç nə! Heç nə çıxmadı: mayın 17-i saat 18-də Mülos "Kleron" kafesində kart oynayırmış. İyirmi nəfər şahidi var idi, cinayət saat altıdan əvvəl baş verə bilməzdi, çünki qonşular bir səslə təsdiq edirdilər ki, mademauzel Plian həmişəki kimi saat ikidən saat altıya kimi ara vermədən pianoda çalıb.
Muflet fikirləşdi ki, adamların şahidliyi həmişə dəqiq olmur, həm də ki, "Kleron" kafesi ilə mademuazel Plianın evi arasında üçcə avtobus dayanacağı yol vardı. Əgər cəld olsa, Mülos vaxt tapardı...
Lakin "Kleron" kafesinin sahibi sözünün üstündə möhkəm durmuşdu:
- Mülos kafeyə saat beşdən əvvəl gəlmişdi. Kafenin daimi müştəriləri də eyni sözü deyirdilər. Onda Muflet məhkəmə həkimi ilə tutuşmalı oldu. Meyiti təşrih etdilər. Gözlənilməz nəticələr alındı. Mademuazel Plianı mədəsində həzm başlamamışdan öldürmüşdülər.
- Deməli, axşam çağı, nahardan sonra?
- Ola bilməz, - deyə həkim etiraz etdi, - heç olmasa, yeddi saat əvvəl.
- Səhər yeməyindən sonra!
- Belə çıxır.
Qarımış qızın qoşuluğunda yaşayan arvadlar arasında madam Karl daha ciddi adam təsiri bağışlayırdı, bu qarıya inanmaq olardı. Muflet ona bir də qonaq gəldi. Nəzakətlə madmuazel Plianın uğursuz taleyinə heyfsiləndiyini bildirdikdən sonra ciddi səslə soruşdu:
- Yaxşı fikirləşin, madam... deməli sizin rəfiqənizin meyiti mayın 18-də saat 15.30 dəqiqədə tapılıb.
- Elədir ki, var. Saat ikidə onun çalğısını eşitməyəndə hamımız narahat olduq... fikirləşdik ki, onu heç səhər də görən olmayıb. Onda ev nəzarətçisinin yanına getdik, sonra... onu tapdıq...
Madam Karl hıçqırıb ağladı. Muflet yenə sual verdi:
- Əvvəlki gün onun saat 2-dən 6-ya kimi çaldığına əminsinizmi?
- Əlbəttə... hələ deyə bilərəm ki... mən hey bu haqda fikirləşirəm... amma... məni səfeh hesab edəcəksiniz... amma o, ölümün gəldiyini duymuşdu...
- Siz niyə belə fikirləşirsiniz?
- Çünki... Ah! Əgər o ölməmiş olsaydı, bəlkə də mən bunu duymazdım. İndi fikirləşirəm... Mən sonra hiss etdim ki.. o.. yəqin ki, tezliklə öləcəyini duyubmuş... O həmişəkinden yaxşı çalırdı... O, incəsənət adamı idi, başa düşürsünüzmü, cənab müstəntiq, mən inanıram ki, o duyubmuş...
Lakin Muflet daha ona qulaq asmırdı. O, qaça-qaça pilləkənləri düşürdü.
- Beləliklə mən özümü ələ verdim, - deyə Mosart köksünü ötürdü. - Muflet polis romanlarındakı axtarışçılar kimi sayıq idi. Axşam o məni evimizdə gözləyirdi.
- Bəs sonra?
- Sonra mən hər şeyi boynuma aldım... İki il idi ki, pianoda çalmağı öyrənirdim. Bunu məndən Joze xahiş etmişdi: Təmiz işdir, demişdi... Sənlik bir iş yoxdur. Sənin işin təkcə saat ikidən altıya qədər "Qarımış qızın duası"nı çalmaqdır", Mənim tərəddüd etdiyimi görüb, demişdi: “Adi pianoda yox, royalda çalacaqsan". Onda mən razılaşmışdım...
Qarı bazarlıq etməyə gedəndə biz onun evinə, girdik. Gizləndik. Qarı nahar edib salona keçdi, onda tarakk! Bu işi Joze gördü... Yaman cəld imiş... Mən isə gördüm saat ikidir... keçdim pianinonun arxasına... düz axşama kimi çaldım...
Mosart bir də köksünü ötürdü, sonra isə mızıldandı:
- Hər halda yaxşı işləmişdik! Mənə Mosart adını Muflet verdi.
- Sən həmin saat hər şeyi boynuna aldın?
- Bəs necə? O məni çantam qoltuğumda piano dərsindən qayıtdığım vaxt evdə yaxaladı.
O mənə tərəf çevrildi:
- Nə edə bilərdim? Mən musiqinin dadını öyrənmişdim.
Aramıza sükut çökdü, ikimiz də fikirləşirdik.
İki il çalışasan, səbrlə gecə-gündüz öyrənəsən (sol əlin altındakı düymədə qammadan enməni öyrənməkdə dostum çox əziyyət çəkibmiş), axırı da belə...
Amma həbsxanada da onun təsəllisi vardı:
- Bilirsənmi, mən niyə hər şeyi boynuma aldım. Çünki qonşu Karl xala belə hesab edirmiş ki, qarı çox mahir çalğıçı imiş... Hə! Amma sonra hiss edib ki, mən ondan yaxşı çalırammış.
Bu sözdən sonra Mosartın fərəhdən üzü guldu... Sonra xəyallar aləminə cumub saman döşəyin üstündə şirin-şirin mürgülədi. O, yavaş-yavaş yuxuya gedirdi, amma görürdüm ki, barmaqları sol yanbızı üzərində asta-asta pianino dillərini oynadırmış kimi tərpənir.
O, beləcə arxayınlıqla, üzündə xoş təbəssüm xoşbəxt bir
körpə kimi yuxuladı. Axı, məlumdur ki, Mosart da uşaq kimi yatırmış.