Mən müharibədən yalnız 1950-ci ilin yazında qayıtdım və gördüm ki, şəhərdə tanıdığım adam qalmayıb. Xoşbəxtlikdən mənə valideynlərimdən bir az pul qalmışdı. Şəhərdə bir otaq kirələdim, bütün günü çarpayıda uzanıb siqaret çəkdim, gözlədim, ancaq nə gözlədiyimi özüm də bilmədim. İşləməyə həvəsim yox idi. Sahibəyə pul verirdim, o da mənə lazım olan şeyləri alır, xörəyimi də bişirirdi. Hər dəfə qəhvəni və ya yeməyi otağıma gətirəndə o qədər qalırdı ki, axırda bezirdim. Oğlu Kalinovka adlanan bir yerdə ölmüşdü və o, içəri girən kimi məcməyini stolun üstünə qoyub evin alaqaranlıq küncündə olan çarpayıma tərəf gəlirdi. Mənsə həmin çarpayıda uzanıb bütün günü özüm üçün mürgü döyürdüm, siqareti divara sıxıb söndürürdüm. Ona görə də divar bütün çarpayı boyu qapqara ləkələrlə dolu idi. Sahibənin rəngi solğun, özü də arıq idi və gözümü açıb onun bu sifətini görəndə qorxurdum. Əvvəlcə elə bilirdim ağlını itirib, çünki iri gözləri par-par yanırdı və həmişə də məndən oğlunu soruşurdu:
–Dəqiq bilirsiniz ki, onu tanımırdınız? O yerin adı Kalinovkadır.Orda olmamısınız?





Doğrudan da Kalinovka adlı yer eşitməmişdim və hər dəfə də üzümü divara tərəf çevirib deyirdim:
–Yox, həqiqətn tanımıram..Yadıma gəlmir..
Sahibə ağlını itirməmişdi, abırlı bir qadın idi və hər dəfə oğlunu məndən soruşanda ona yazığım gəlirdi. Özü də tez-tez soruşurdu-gündə üç dəfə, dörd dəfə… Mətbəxə yolum düşəndə istər-istəməz oğlunun ordakı divanın üstündən asılmış rəngli şəklinə baxmalı olurdum. Gülərüz, sarışın bir oğlan idi və həmin şəkli də tankçı paltarında çəkdirmişdi.
–Qarnizonda çəkiblər, –deyirdi sahibə, –döyüşə getməmişdən əvvəl..
Şəkil kəmərdən yuxarı çəkilmişdi, başında dəbilqə vardı, arxa planda kol-kos basmış bir qəsr xarabalıqların izləri görünürdü.
–Tramvayda konduktor işləyirdi, –qadın deyirdi, –çox işgüzar idi.
Və hər dəfə də tikiş maşınının üstündən—yamaq vurmaq üçün oraya yığdığı əski parçaları ilə sap tükcələrinin arasından içi oğlunun şəkilləri ilə dolu karton qutunu götürərdi. Mən də məcbur olub həmin şəkillərin çoxuna baxmalı olurdum: məktəbdə çəkilmiş kollektiv şəkillər. Hamısında da ortada domuşmuş bir oğlanın dizlərinin arasında şifer lövhə tutub. Həmin lövhələrdə də VI, VII, VIII, rəqəmləri yazılmışdı. Kommunion şəkilləri ayrıca yığılıb qırmızı lentlə bağlanmışdı fraka oxşayan qara pencək geyinmiş, əlində böyük bir çanta tutmuş oğlan uşağı qızılı rəngli çəlləyi təsvir edən bir şüarın qarşısında dayanmışdı. Sonra da çilingər şəyirdi kimi dəzgahın yanında çəkdirdiyi şəkillər gəlirdi. Sifəti his-pas içindəydi, əlində də dişli çəkic..
–Bu onun sənəti deyildi, –deyirdi anası, –çox ağır idi. Bunu deyəndən sonra əsgərliyə getməmişdən əvvəl çəkdirdiyi axırıncı şəkli göstərirdi. Əynində konduktor geyimi vardı, 9 nömrəli tramvayın sonuncu dayanacağında, dövrə vurub qayıtdığı yerdə çəkdirmişdi və mən müharibədən əvvəl tez-tez siqaret aldığım limonad köşkünü tanıdım. Ordakı çinar ağacları hələ də dururdu.Tağlı alaqapısında qızılı rəngli şir heykəli olan villanı da tanıdım. Həmin villa indi yox idi. Və həmin anda yadıma cəbhədə tez-tez xatırladığım qız düşürdü. Qəşəng qız idi, solğun bənizi, nazik uzun gözləri vardı, həmişə də 9 nömrəli tramvaya axırıncı dayanacaqda minirdi.
Hər dəfə sahibənin oğlunun 9 nömrəli tramvayın dayanacağında çəkdirdiyi şəklə uzun-uzadı baxır və çox şeyləri xatırlayırdım: qızı, o vaxt işlədiyim sabun fabrikini..Tramvay dönərkən relslərin xırçiltısını eşidirdim, yayda köşkün yanında dayanmağım, qıpqırmızı limonad gözlərim önünə gəlirdi. Siqareti reklam edən yaşıl rəngli şüar və yenə də qız..
—Bəlkə onu tanıyırdınız?-deyə sahibə bir də soruşurdu.
Mən başımı bulayıb şəkli yerinə qoyurdum. Pardaxlı şəkil idi və səkkiz ik bundan əvvəl çəkildiyinə baxmayaraq təptəzə görünürdü.
–Yox, yox.–deyirdim,–Kalinovkanı da tanımıram. Doğru sözümdür..
Onda mən tez-tez mətbəxə getməli olurdum, ya da o tez-tez mənim otağıma gəlrdi. Beləliklə də bütün günü unutmaq istədiyim müharibə haqqında düşünməli olurdm. Və siqaretin külünü çarpayının altına tökür, kötüyü də divara sıxıb söndürürdüm.
Hərdən axşamlar çarpayıma uzananda ya qonşu otaqda yaşayan qızın addım səslərini, ya da mətbəxin böyründəki otaqda qalan yuqoslaviyalının deyinə-deyinə işığın düyməsini axtardığını eşidirdim.
Yalnız bu evdə üç həftə qalandan və Karlın şəklinə əlli dəfə baxandan sonra qəflətən gördüm ki, qarşısında gülə-gülə, əlində də konduktor çantası şəkil çəkdirdiyi o tramvay vaqonu boş deyil. İlk dəfə diqqətlə həmin şəklə baxdım və gördüm ki, vaqonda oturub gülümsəyən bir qız da ora düşüb. Bu, cəbhədə tez-tez xatırladığım həmin qız idi. Sahibə mənə yaxınlaşıb diqqətlə üzümə baxdı və dedi:
–Deyəsən onu tanıdınız, hə?—Sonra arxaya keçib çiyinlərim üzərindən şəklə baxdı və həmin
anda önlüyündən gələn təzə noxud iyi məni vurdu.
–Yox, –yavaşdan dilləndim, –ancaq qızı tanıdım.
–Qızı? Hə, onun nişanlısı idi. Ancaq bəlkə də yaxşı oldu, onu bir də görmədi.
–Niyə?—deyə soruşdum.
Cavab vermədi, qayıdıb pəncərənin yanındakı stuluna oturdu, noxudları qabığından çıxarmağa davam etdi. Sonra da mənə baxmadan soruşdu:
–O qızı tanıyırdınız?
Şəkli əlimdə bərk-bərk tutaraq sahibəyə baxdım, ona sabun fabrikindən, 9 nömrəli tramvayın sonuncu dayanacağından, həmişə orda tramvaya minən qəşəng qızdan danışdım.
–Vəssalam? Elə bu?
–Elədir,–dedim.
O noxudları süzgəcə töküb, suyun kranını burdu və mən arxadan onun ensiz kürəklərinə baxdım.
–Qızı görsəniz başa düşəcəksinsiz ki, niyə oğlumun onu bir daha görməməsi daha yaxşı olub.
–Onu görsəm?
O, əlini önlüyü ilə quruladı, mənə yaxınlaşıb ehtiyatla şəkli əlimdən aldı. Sifəti daha da balacalaşdı, baxışları məndən ötərək harayasa zilləndi və əlini yavaşca mənim sol qolumun üstünə qoydu:
–Sizinlə qonşu olan otaqda qalır. Annanı deyirəm..Ona “Solğun bənizli Anna” deyirik, onun sifəti dümağdır. Doğrudan onu indiyəcən görməmisiniz?
–Yox,–dedim,–onu hələ görməmişəm…Ancaq bir-iki dəfə səsini eşitmişəm.
Ona nə olub ki?
–Əslində deməməliyəm, amma bilsəniz yaxşıdır..Sifəti tanınmaz olub, çapıq-çapıqdır. Bir az aralı bomba düşüb, yeli onu vitrinə çırpıb. Görəndə tanımayacaqsınız.
Həmin axşam dəhlizdə ayaq səsləri eşidənə qədər gözləməli oldum və birinci dəfə yanıldım. Uzundraz yuqoslaviyalı idi və özümü tələsik dəhlizə atdığımı görüb təəccüblə üzümə baxdı. Pərt olub “Axşamın xeyir” deyərək otağıma qayıtdım.
Nə qədər çalışsam da onun çapıq-çapıq olmuş sifətini təsəvvürümə gətirə bilmədim. Gözlərim önünə gələndə də çapıqlı sifəti gözəl görünürdü. Sabun fabriki, valideynlərim və əvvəllər tez-tez görüşdüyüm qız yadıma düşdü. Adı Elzabet idi, deyirdi ki, onu Muti çağırım, öpəndə də həmişə gülürdü və mən axmaq vəziyyətində qalırdım. Cəbhədən ona açıqcalar yazırdım, o da mənə özü bişirdiyi şirniyyatdan göndərirdi. Bu şirniyyat da həmişə gəlib çıxana kimi qırıq-qırıq olurdu. Hərdən siqaret, qəzet də göndərirdi. Qəzetin arasında məktub da olurdu: “Siz qalib gələcəksiniz və mən fəxr edirəm ki, sən də qaliblər arasında olacaqsan”.
Mən isə qaliblər arasında olacağımla fəxr etmirdim. Məzuniyyət alıb evə qayıdanda ona heç nə yazmadım, bizim binada yaşayan bir siqaretsatanın qızı ilə tanış olub onunla gəzdim Firmadan aldığım sabunları siqaretsatanın qızına bağışladım, gah kinoya, gah da rəqsə getdik. Bir gün də valideynləri evdə
olmayanda, onlara getdik, otağın qaranlıq olduğundan istifadə edərək onu qucaqlayıb divanın üstünə yıxdım. Ona tərəf əyiləndə, əlini uzadıb işığı yandırdı, irişməyə başladı. Gur işıqda gördüm ki, Hitlerin rəngli şəkli divardan asılıb. Şəklin ətrafında jurnallardan kəsilmiş çoxlu şəkil, açıqcalar vurulmuşdu. Çəhrayı rəngli divar ürək formasına salınmış qəddar sifətlərlə dolu idi..
Qız divanın üstündə uzanaraq qaldı, mən isə siqaret yandırıb çölə çıxdım. Sonralar həmin qızların ikisi də mənə açıqcalar göndərdilər, yazdılar ki, mən özümü yaxşı aparmadım. Heç birinə cavab vermədim..
Annanı çox gözlədim, qaranlıqda çox siqaret çəkdim, çox şeylər barədə fikirləşdim. Qapıya açar salınanda, qorxudan tərpənə bilmədim. Hiss etdim ki, öz otağının qapısını açdı, alçaqdan zümzümə eləyə-eləyə o tərəf bu tərəfə getdi. Durub dəhlizə çıxdım, gözləməyə başladım. Qəflətən onun otağına sakitlik çökdü, nə addım səsləri, nə də zümzümə eşidildi. Qapını döyməyə də qorxdum. Uzundraz yuqoslaviyalı öz otağında alçaqdan deyindiyini, mətbəxdəki krandan axan suyun şırıltısını eşitdim. Annanın otağında isə sakitlik idi, mənim otağımın aralı qalmış qapısından divara sıxıb söndürdüyüm siqaretlərin qara ləkələri görünürdü.
Deyəsən, uzundraz yuqoslaviyalı yatağına girdi, çünki addım səsləri kəsildi, yalnız donqultusu eşidilməyə başladı. Mətbəxdəki kranın suyu da kəsilmişdi, yalnız qəhvədanın qapağının səsi gəldi. Annaın otağından səs gəlmirdi Ancaq bilirdim ki, sonralar mənə danışacaq: mən qapının qabağında dayananda nə fikirləşirmiş..Və doğrudan da söylədi..
Gözlərimi zilləyib diqqətlə çərçivənin böyründəki şəklə baxdım: gümüşü rəngə çalan bir göl təsvir olunurdu.. Gölün ortasında qəhvəyi saçlarından su daman bir su pərisi sahildəki yamyaşıl kolların arasında gizlənmiş kəndli oğlana nazlana-nazlana göz vururdu.. Su pərisinin sol döşünün yarısını görə bilirdim..Boğazı dümağ və bir az da uzun idi…
Nə qədər belə dayandığımı bilmədim və bir də gördüm ki, əlim dəstədədir Ancaq onu burub qapını açmamışdan qabaq hiss elədim ki, Anna artıq mənimdir.. Sifəti göyümtül rəngə çalan çapıqlarla dolu idi və otağından qızardılmış köbələk
iyi gəlirdi. Qapıya tərəf gəldiyini görüb onu tam açdım, əlimi onun çiyninə qoyub gülümsəməyə çalışdım...