Səhər tezdən Aleksey Petroviçin anası ucadan elə əsnəyir ki: ura, irəli, pəncərəyə yeni səhər açılır; kaktuslar parıldayır, pərdələr titrəyir, gecə şahlığının qapıları örtüldü; əjdahalar, göbələklər, qorxulu cırtdanlar yenidən torpağın altında gizləndilər,




dünya-aləm şadlıq edir, carçılar car çəkir: yeni gün! yeni gün! tu-ru-ru-ru-u-u-u! Mamoçka dazlaşan başını sürətlə qaşıyır, göyümtül rəngli ayaqlarını hündür yataq çarpayısının üstündən aşırır. Qoy asılıb qalsınlar. Nə deyəsidilər, Mamoçkanın 80 il ərzində yığdığı yüz otuz beş kiloqramı bütün gün boyu daşımağı kimin vecinədir?
Aleksey Petroviç gözlərini açdı: yuxu tədricən onu tərk edir; hər şey unudulur, sonuncu quzğun da qaranlıqda uçub gedir; gecə qonaqları özlərinin xəyali ikibaşlı rekvizitlərini yığıb pyesi başqa vaxt oynamaq üçün yarımçıq saxlayırlar.
İçəri daxil olan hava cərəyanı Aleksey Petroviçindaz başını üfürdü, uzanmış saqqalı əlinə batırdı. Durmaq zamanı deyilmi?
Mamoçka hər şeyi yoluna qoyar. O, uca səsli, hündür, böyük, enli, Aleksey Petroviç isə balacadır. Mamoçka hakimi mütləqdir, hər işi bacarır, bilmədiyi şeyə qurd düşər. O, nə desə, elə də olmalıdır. Aleksey onun sonbeşiyidir: kiçik, gic, təbiətin səhvi, kəpək, sabun köpüyü, zibil, meyvə qabığı, heç nəyə yaramayan alaq otudur. Görünür, Səpinçi həyat toxumlarını torpağa səpəndə, o, təsadüfən sağlam qardaşlarının arasına soxulmuşdur.
İndi qalxmaq olar, ya tezdir? Ciyildəməyə hacət yox, Mamoçka səhər mərasimlərini yerinə yetirir: burun dəsmalına fınxırır, kapron corablarını sütun ayaqlarına geyinir, dairəvi, ağ rezinlərlə onları şişman dizlərindən yuxarı bağlayır. Nəhəng döşlərini on beş düyməsi olan parça ilə dikəldir, görünür busqalterini arxadan bağlamaq ona çətin idi. Onun başını ağ şilyon parik bəzəyir. Yəqin indi gecə stəkana qoyulmuş süni dişlərini silib parıldadacaq, ön tərəfini novları olan bəyaz döşlüklə örtəcək, belindəki lentləri, arxasını - xidməti pilləkəni, ehtiyat çıxışlarını gizlədəcək, sonra bu nəhəng tikilini möhkəm mavi kürk örtəcək. Saray ucaldılıb, hazırdır! Sən nə etsən yaxşıdır, Mamoçka!Artıq mənzildə hamı oyanmışdı, hərəkətə gəlmişdi. Bütün Kişilər və qadınlar birdən danışmağa başladılar. Qapını çırpır, suyu axıdır, divarın arxasında səs-küy salırdılar. Tərsanədən suya buraxılmış gəzinti gəmisinin poruslarına külək dolur, mavi suları yardıqca nalubada olan bəzənmiş səyahətçilər gülüşür, bir-birilə laqqırtı vururdular. Görən, irəlidə hansı torpaqlardır? Mamoçka sükan arxasında, Mamoçka kapitan körpüsündə - dor ağacının zirvəsindən bərq vuran dalğalara baxır.
- Aleksey, dur! Üzünü qırx, dişlərini təmizlə, qulaqlarını yu! Təmiz dəsmalı götür! Pastanın qapağını aç! Suyu buraxmağı yaddan çıxarma ha! Orada heç nəyə toxunma, eşidirsən?
Yaxşı, yaxşı, Mamoçka! Sən necə də hər şeyi düz deyirsən. Hər şey anlaşılır, qarşıda isə yeni üfüqlər açılır, təcrübəli losmanla üzmək necə də etibarlıdır! Qədim, rəngli xəritələr geniş surətdə açılıb, marşurut qırmızı punktirlərlə qeyd olunub, bütün təhlükələr parlaq, başa düşülən şəkildə göstərilib: bax, burada zəhmli şir, bu sahildə kəpgədan,bu tərəfdə isə balina kiçik fontan buraxır. O yandasa çox təhlükəli, iri gözlü, quyruqlu, sürüşkən, ziyankar və cəzbedici Dəniz İlahəsi durur.
Bir azdan Aleksey Petroviç yuyunub özünü qaydaya salacaq, Mamoçka gedib oranın çirklənib-çirklənmədiyini yoxlayacaq. Yoxsa qonşular yenə də söyəcəklər.
Mamoçka bu gün görəsən, yeməyə nə hazırlayıb?
Vanna otağına mətbəxdən keçmək lazım idi. Donquldana-donquldana tay qulp parçalarda yabanı otların kökündən zəhər bişirən qoca arvadlar Aleksey Petroviçi acıqlı baxışlarla yola salırlar. Mamoçka! Onlara de ki, məni incitiəsinlər!
Azacıq döşəməyə çilədi. Vay…
Dəhliz gərəksiz kütlə ilə doludur: Kişilər və Qadınlar hay-küy salır, ora-bura qaçır, açarlarını, pul kisələrini yoxlayırlar.
Şüşəli künc qapısı taybatay açılıb: kandarda həyasız Dəniz İlahəsi dayanıb bic-bic gülərək Aleksey Petroviçə göz vurur, Tütün tüstüsü üfürür. Hər şey köndələndir; ayaqlarını uzadaraq tor atıb: bura düşmək istəmirsən ki, hə?
Amma dəxli yoxdur, Mamoçka xilas edəcək! Budur, qırmızı təkərlərini taqqıldada-taqqıldada sürətlə gəlib uğuldayır: çəkil yoldan!
- Həyasız bədsifət! Çıx get deyirəm! Azdı sənə-ə… indi də xəstə adama ilişirsən!..
- Ha-ha-ha! - Dəniz İlahəsi qorxmadığını nümayiş etdirir.
Tez otağa qaçıram. Xilas oldum. Fuu… Qadınlar sox qorxuludurlar. Axı onlar nəyə lazımdır, aydın deyil. Lakin sox narahatdırlar. Yaxınlıqlarından keçəndə elə ətir saçırlar ki… bir də Ayaqları… Küçə onlarla doludur. Bu evdə, o evdə, o biri evdə - hər qapı arxasında gizləniblər, nə iləsə məşğuldurlar; əüilirlər, eşələnirlər, əllərini ağızlarına tutub irişirlər; nəzər salsalar da Aleksey Petroviçə heç nə demirlər. Budur, o, stula oturur, fəqət Qadınlar yadından çıxmır.
Bir dəfə Mamoçka onu şəhər kənarına - çimərliyə aparmışdı. Orada çoxlu qadın vardı. Ancaq onların arasından qəribə… dalğaya bənzər bir pəri məsum küçük kimi xoşuna gəlmişdi. O, lap yaxına gedərək ona baxmağa başladı.
- Hə, nədir, …görməmisən? - pəri qışqırdı. - Rədd ol burdan, debil!
Mamoçka qaynar qazanla içəri girdi. Qazana boylandı. Qırmızı sosiskaları görüb sevindi. Mamoçka isə elə hey əlləşir, nəyisə itələyir, silir. Bıçaq əlindən sürüşüb hardasa böyürə, meşin örtüyə dəyir.
- Əlinlə, sosiskanı əlinlə götür!
Ah, Mamoçka, sən dan ulduzusan! Qızılsan, qızıl! Çox müdriksən, bütün düyünləri açırsan, hər işi yoluna qoyursan! Bu dünyanın bütün labirintlərini qüvvətli əllərinlə dağıdır, göyə sovurursan - bu da hamar, döyəclənib, bərkidilmiş meydança! Cürətli ol, daha bir addım at!
Aleksey Petroviçin içində həqiqi dünyası var. Orada nə istəsən etmək olar. Bayırdakı dünya isə çox nataraz, çox pisdir. Ümumiyyətlə isə hansının yaxşı, hansının pis olduğunu yadda saxlamaq çətindir. Onlar elə bil şərtləşib hansısa razılığa gəlib, dəhşətli dərəcədə mürəkkəb Qaydalar yazıblar. Yaddaşları çox möhkəmdir. Amma ona başqalarının Qaydaları ilə yaşamaq həddən ziyadə çətindir.
Mamoçka kofe süzdü. Kofenin Ətri var. İçsən sənə də keçəcək. Kim deyir ki, dodaqlarını boru kimi uzadıb, gözlərini çəpləşdirib özünü qoxulamaq olmaz? Qoy Mamoçka üzünü yana çevirsin!..
- Aleksey, özünü yaxşı apar!
Nahardan sonra mizin üstünü təmizlədilər. Qarşısına yapışqan, karton, qayçı qoyub Aleksey Petroviçi salfetka ilə sarıdılar. O, qutu hazırlamalıdır. Yüz ədəd düzəltsə aptekə göndərib pul qazanacaqlar. Aleksey Petroviç bu qutuları çox sevir. Onları aptekə aparanda təəssüflənir. O istəyir ki, onların bir neçəsini gizlədib özündə saxlasın. Lakin Mamoçka sayıqdır, gözündən heç nə yayınmır.
Sonra yad adamlar həmin qutuları aptekdən alıb aparır, içindəki ağ diyircəkləri yeyir, qutuları isə cırıb tullayırlar! Düz zibil qabına atırlar. Hələ bu nədir ki, o, bir neçə dəfə mənzillərindəki zibil yeşiyində içinə siqaret kötükləri doldurulmuş, əzilmiş, yandırılmış qutu görmüşdü! Belə vaxtlarda Aleksey Petroviçi qəzəb bürüyür, gözləri parıldayır, ağzından su damcılayır, gözünün qabağında odlu dairələr oynayır, özünü-sözünü unudur. O, həmin an adamı boğa bilər, tikə-tikə parçalaya bilər. Bunu kim edib? Buna kim cürət edib? Haydı, irəli çıxsın! Qollarını çırmalayır: hanı o?! Mamoçka qaçıb gəlir, onu sakitləşdirir, bıçağı qəzəblənmiş Aleksey Petroviçin əlindən alır, çəkici əsəbi halda kilidlənmiş barmaqları arasından dartıb çıxarır. Kişilər və Qadınlar qorxduqlarından otaqlarına çəkilib kirimişcə otururlar.
Günəş başqa pəncərəyə keçdi. Aleksey Petroviç işini yekunlaşdırdı. Bu müddət ərzində Mamoçka yuxuya gedərək xoruldayır, köpmüş ovurdlarından qəribə səslər çıxarır, fit çalırdı: pşşşş. Aleksey Petroviç iki qutu götürüb ehtiyatla, barmaqları ucunda çarpayısına yaxınlaşdı, səliqə ilə qutuları yastığının altına qoydu. Gecə iyləyəcək: yapışqanın necə də qəşəng ətri var! Yumuşaq, turş, «F» hərfi kimi kar.
Mamoçka oyanıb, gəzinti vaxtıdır. «Aşağı ancaq pillə-pillə düş, nəbadə liftə minəsən» - Alksey Petroviçi liftə salmaq olmaz: o çırpınacaq, dovşan kimi səs çıxaracaq. Niyə başa düşmürsünüz, ayaqlarından çəkib, çəkib aşağı aparırlar!
Mamoçka irəlidə üzür, tanışlarıyla salamlaşır. Bu gün qutular aparılmalıdır: heç də xoş hadisə deyil. Aleksey Petroviç bilərəkdən ayaqlarını bir-birinə dolaşdırır: aptekə getmək istəmir.
- Aleksey, dilini gizlət!
Günəşin şəfəqləri hündür binaların arxasında itmişdi: şüşələr qızıl tək alışıb yanırlar. Həmin evlərdə xüsusi adamlar yaşayırlar: onlar bizə oxşamırlar; ağ göyərçin kimi uçur, eyvandan-eyvana pərvazlanırlar. Hamar lələkvari sinə, insani sifət - əgər belə bir quş sizin məhəccərdə oturub başını əyərək quruldadığı vaxt onun gözlərinə baxsanız, insan dilini unudub quş dilində danışacaq, tüklü ayaqlarınızla hətta nazik şüvün üstündə atılıb düşəcəksiniz.
Uzaq üfüqdə yer boşqabının arxasındakı nəhəng təkərlər hərəkətə gəldi. Müdhiş ötürücü qayışlar bir-birinə dolandı, dişli çarxlar Günəşi yuxarı, Ayı isə aşağı çəkirdi. Gündüz yorulmuşdu, ağ qanadları sallanmışdı. O, böyük, enli paltarda qərbə sarı uçur, pencəyinin boş qolu ilə əl edir, ulduzları səmaya düzür, soyuyan torpağın üstündəkilərə xeyir-dua verirdi: görüşənədək, görüşənədək. Sabah yenə qayıdacağam.
Küncdə dondurma satırlar. Ürəyindən yaman dondurma keçir. Kişilər və Qadınlar - xüsusən Qadınlar kvadrat şəkilli kiçik pəncərəyə pul atır və buzlu, xırçıltılı qədəhcikləri alırdılar.
Gülüşürlər: dairəvi, yapışqanlı kağızları yerə atır, divara yapışdırır, ağızlarını açıb dilləriylə iynəli buzu yalayırlar.
- Mamoçka, dondurma!
- Sənə olmaz. Boğazın soyuqlayıb.
Olmaz, yox, belə olmaz! Çox, lap çox istəyirəm! Dəhşət! Necə də istəyirəm! Eh, kaş mənim də o Kişilər və Qadınlar kimi gümüşü, parıldayan, yaxud da çörək iyi verən sarımtıl kağızım olaydı… Oy, oy, oy! Ürəyim necə də istəyir. Hamıya olar, amma mənə…
- Aleksey, başını az fırlat!Mamoçka ona qulaq asacağımı yaxşı bilir. Bu dünya cəngəlliklərində yeganə düz cığırı o bilir. İşdi-şayət, Mamoçka üzünü yana çevirsəydi…
Puşkin meydanı.
- Mamoçka, Puşkin yazıçıdır?
- Yazıçıdır.
- Mən də yazıçı olacağam.
- Mütləq olacaqsan. İstəsən, ola bilərsən.
Niyə də yox? İstəsə ola bilər. Kağız, karandaş götürəcək və yazıçı olacaq. Hər şey aydındır! O, yazıçı olacaq. Bu, yaxşıdır.
Axşamlar Mamoçka geniş kürsüyə oturur, eynəyini burnunun üstünə qoyur və qalın səslə oxuyur:

Tufan göyləri zülmətə bürüyüb,
Qar burulğanını hərlədir.
Gah heyvan təki ulayır,
Gah da körpə kimi ağlayır.

Bu, dəhşətli dərəcədə Aleksey Petroviçin xoşuna gəlir. Sarı dişlərini göstərərək ürəkdən gülür, ayaqlarını yerə döyüb sevinir. Gah heyvan kimi ulayır, gah da uşaq tək ağlayır!
Beləliklə, sözlər axıradək gəlib ona çatır və geri qayıdır; yenidən çatır, qayıdır. Tufan göyü gülmətlə örtür. Burulğan zərif-zərif fırlanır! Gah heyvana bənzəyib ulayar, gah da ağlayar… körpə kimi!
Çox yaxşıdır! Bax, o, belə ulayır: u-u-u-u-u!
- Yavaş! Yavaş, Aleksey, sakit ol!
Ulduzlar səmaya səpələnib. Onlar Aleksey Petroviçə yaxşı tanışdır: qaranlıq boşluqda öz-özünə asılmış xırda, parıltılı muncuqlar kimidilər. Aleksey Petroviç çarpayısında yuxulamağa çalışanda ayaqları özü-özünə elə hey aşağı sallanır, başı isə getdikcə yuxarı - qaranlıq qübbəyə qalxır, uzanılı halda tufanda ağac təpəsi kimi yırğalanır, ulduzlar isə qum dənələri tək kəlləsinə sürtünürlər. İçindəki ikinci Aleksey Petroviç isə getdikcə büzüşür, büzüşür, sıxılaraq xaş-xaş dənəsinin içində yoxa çıxaraq iynənin ucu boyda mikroba dönür. Əgər onu saxlamasan, heç nəyə çevrilib gedər-gəlməzə gedər. Ancaq dışarıdakı nəhəng Aleksey Petroviç hündür şam ağacı kimi yırğalanır, daz başını gecənin qübbəsinə sürtür, qoymur ki, daxildəki kiçik Aleksey Petroviç nöqtəyə dönsün. Aleksey Petroviçlərin hər ikisi eyni adamdır. Buna şübhə ola bilməz!
Mamoçka soyunur, özünün gündüzkü korpusunu sökür, qırmızı xalatını geyinərək daha sadə, doğma və yaxın olur. Aleksey Petroviç belə vaxtlarda Mamoçkanın qucağına sığınmaq istəyir! Nə böyük axmaqlıq! Mamoçka mətbəxə keçir. Nədənsə, orada yubanır. Aleksey Petroviç gedib qutuları yoxlayır - hər şey qaydasındadır. Yapışqanı qoxulayır, risk edib dəhlizə çıxır. Gecə Dəniz İlahəsinin qonaqlarının qəh-qəhəsi eşidilən küncdəki otağın açıq qapısından ağ çarpayı görünür. Mamoçka haradadır? Bəlkə… ordadır? Aleksey Petroviç ehtiyatla dəlikdən baxır. Heç kəs yoxdur. Bəlkə… Mamoçka şkafın arxasında gizlənib? İçəri keçsinmi? Otaq boşdur. Dəniz İlahəsinin masası üstündə açılmış konserv qutuları, çörək, dişlənmiş xiyar və bir də sarı kağızlar, gümüşü diyircəklər vardı. Pul! Dəli şeytan deyir ki, pulu əkişdirib, qaranlıq pilləkanla aşağı enərək əyri-üyrü küçələrlə qaçıb o kvadrat pəncərəni tap, o şirin, soyuq stəkanciyəzlərdən al!
Aleksey Petroviç cəld pulu götürür, pul cingildəyir. O, evdə hər şeyi çevirib alt-üst edərək qaçır, hay-küylə qapını çırpır. Tövşüyür, büdrəyir. Bu da küçə. Zülmət. Hara getsin? Ora? Yoxsa bu tərəfə? Bəs ovcunun içindəki nədir? Pul! Özgənin pulu! Pullar qatlanmış tüklü barmaqları arasından işıq saçır. Əlini cibinə salır. İşıq yenə də kəsilmir. Özgənin pulu! O, özgənin pulunu götürüb. Ətrafından keçənlər dönüb pıçıldayır: o, pul oğurlayıb! Adamlar pəncərədən boylanır, bir-birlərini itələyirlər: baxın, baxın! Hanı o? Bax oradadır! Onda pul var! Aha, sən götürmüsən?
Aleksey Petroviç qaranlıqda qaçır. Dınq-dınq-dınq… cibindəki dəmir pullar səs salır. Bütün şəhər küçəyə axışır. Pəncərələr taybatay açılır, hər birindən əllər uzanır. Gözlər parıldayır, uzun, qırmızı dillər ağızlardan sallanır: «O, pul oğurlayıb!» İtləri buraxın!
Yanğınsöndürən maşınlar nərildəyir, şlanqlar fışqırır: Hanı o?
Buradadır! Ardınca!
Ağlını itirmiş Aleksey Petroviç güllə kimi gedir! Onlardan uzaqlaşmaq, əllərindən qurtulmaq, uzağa, uzağa getmək… Onlar buradadır. Hə, ayaqla, ayaqla, tapdalamaq lazımdır! Bax belə… Vəssalam, qurtardı - nəfəsləri kəsildi. Susdular, sakitləşdilər. Tərini sildi. Bax belə. Bəs indi hara? Gecəyarıdır. Mamoçka hanı? Zülmət. Darvazaların arxasında canavarlar cərgəylə dayanıb gözləyirlər. Arxaya çəkilərəm. Aldadaram. Yaxşı…
Bürküdür. Düymələri açım. Hamısını açıram… Yaxşıdır. Bəs indi? Ayaqlı Qadınlar keçdi. Çöndülər. Donquldandılar. Demək belə!! Hə-ə-ə? Məni? Mən canavaram! Mən geri gedə-gedə irəli yüyürürəm!!!
Aha, qorxdunuz? İndicə sizə çatıram. Ystünüzə atılıb biləcəyəm ki, niyə belə Ayaqlarınız var!
Atıldı. Qışqırıq. A-a-aay! Zərbə. Vurmayın! Zərbə. Kişilər tütün qoxuyur. Qarnınavə ağzına zərbə vururlar. Lazım deyil!.. Tüpür, burax onu, görmürsən… Getdik.
Aleksey Petroviç su borusunun üstünə yıxıldı: nə isə tüpürür, ağlayır.
Balaca, bapbalaca, tənha adam küçədə azıb. Sənki səhvən bu dünyaya gəldin! Get burdan, bura sənin yerin deyil!
Eybəcər hala salınmış üzünü ulduzlara tutaraq Aleksey Petroviç ücadan ağlayırdı. Mamoçka, Mamoçka, sən haradasan? Mamoçka, yol qaranlıqdır, səslər qeybə çəkilib, bütün cığırlar uzaq bir bataqlığa aparır. Ay Mamoçka, axı sənin səbirsizliklə gözlənən, əziyyətlə əldə edilən sevimli körpən ağlayır, can verir!
Mamoçka qaçır, nəfəsi təngiyir. Əllərini uzadır, çığırır, onu tutub bağrına basır, oxşayır, öpüşlərə qərq edir. Mamoçka ağlayır - tapdım,tapdım! Aleksey Petroviçin cilovundan yapışıb isti, yumuşaq yuvasına - ağ qanadların altına aparır.
Şişmiş üzü yuyulub. Dəsmalla sarınmış Aleksey Petroviç masa arxasında hıçqırır.
- Yarıbişmiş yumurta istəyirsən? Yarıbişmiş, yəni sulu?
Aleksey Petroviç boşını tərpədir: bəli, istəyirəm. Əqrəblərin ahəngdar səsi eşidilir. Sakitlikdir. Dadlı, isti süd «H» hərfi kimi yumuşaqdır. Huşunda nəsə aydınlaşmağa başlayır. Bəli! Axı o istəyirdi…
- Mamoçka, kağız-qələm ver! Tez elə! Mən yazıçı olacağam!
- Ay Allah! Dərdin alım! Sən hara… Yaxşı, ağlama, sakit ol, verirəm, gözlə. Burnunu təmizlə.
Ağ kağız, iti qələm. Tez elə, tez elə, nə qədər yadımdan çıxmayıb! O, hər şeyi bilir. O, dünyanı başa düşüb. Qaydaları başa düşüb. Hadisələrin gizli əlaqələrini anlayıb, milyonlarla ayrı-ayrı hissəciklərin bir-birinə bağlılıq qanunu tapıb! Aleksey Petroviçin beynini sanki şimşək işıqlandırır. O narahatdır. Deyinir. Vərəqi götürür. Dirsəyi ilə stəkanları kənara itələyir və özünün sevinc dolu yeniləşməsinə heyrət edərək, tələsə-tələsə, iri hərflərlə indicə anladığı həqiqəti yazmağa başlayır: Gecə. Gecə. Gecə. Gecə. Gecə. Gecə. Gecə. Gecə. Gecə. Gecə.