H Ə Y A T I

ANAR (Anar Rzayev Rəsul oğlu) 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olmuşdur.

Əsli - nəsli. Ailəsi.

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.

Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində dünyaya gəlmiş, 19 81-ci il aprelin 1-də Bakıda vəfat etmişdir. Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmasından sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.

1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli- el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan «Difai» partiyasının yaradıcılarındandır.

Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.

1918-ci ildə Gəncədə ilk müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk Səhiyyə Naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.

Anar və Zemfira xanımın 2 övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilmişdir. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri seçilmişdir. Bu komissiyanın Mədəniyyət haqqında, Tarix və memarlıq abidələrinin qorunması haqqında, Kinematoqrafiya haqqında və başqa mühüm qanunları Milli Məclis qəbul etmiş və Prezident imzalamışdır.

Anar Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür.

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif etmişdir.