Hələ qədimdən dünyada nə qədər insan özünün və özgələrin meydanında at oynadıb qılınc çalıb. Atların qopardığı toz göylərə ucalıb. Deyərdilər ki, Hun imperatoru Atillanın atının keçdiyi torpaqda ot bitməzdi. Rəvayətlərə görə, at Adəm peyğəmbərdən öncə yaranmışdı. Allah ona at və Burağı göstərib özü üçün birini seçməyi təklif edir.Atamız Adəm isə atı seçir. Allah deyir: “ Sən özünə və uşaqlarına əzəmət seçdin.” At öz gözəlliyi, zərifliyi, sürəti və sədaqəti ilə özünü insanlara sevdirə bilmişdir.
Görəsən, dünyada atlara qoyulan heykəllərin sayını bilən varmı? Yeganə varlıqdır ki, onların adı yiyəsi ilə bir yerdə yaşayıb, tarixə qovuşub. Fikir vermisnizsə, atın üstündə oturan sərkərdələrin heykəlləri daha əzəmətli görünür. Mən müasir qəhrəmanların şöhrətinə kölgə salmaq üçün atı tərifləmirəm.Qədim sərkərdələr, hökmdarlar öz zamanının atı üstündə təsvir edilib, heykəllərə çevrilib. Deyəsən, II Nikolay sonuncu çardır ki, at belində heykəli olub. Ondan sonra at köhnəlik qalığı kimi kapitalizmin mirasına çevrilib.Vətəndaş müharibəsində atlardan son dəfə istifadə edilib. Məsələn, Budyonnunun altı atı döyüşdə məhv olub. Sonralar ölkədə əzəmətli heykəllər atsız ucaldıldı, şəxsiyyətə pərəstiş illərində də hakimiyyəti atla bölüşmədilər.
Kim deyə bilər ki, Stalini at üstündə görüb. Onun əli hər şeyə çatsa da, təkcə ata çata bilməmişdi. Əslində onun bir əli yarışikəst, üstəlik də insan kimi çevik deyildi. Stalin “troyan atına” daha çox üstünlük verirdi. Soruşa bilərsiniz ki, troyan atı hara, o hara? Deyilənə görə, Stalin vaxtaşırı Beriyadan soruşur ki, Lavrentiy, Troyan atından nə xəbər? “Troyan atı” kodu altında gizli qulaq asmaq üçün istifadə olunan kiçik bir aparat nəzərdə tutulurdu. Bu gözəgörünməz “atdan” nə qədər informasiyalar əldə edilib?!
Amma tarix üçün gizli qalsa da, Stalin at belində özünü görmək istəmişdi. Oğlunun dediyinə görə, o, Möskvada hərbi paradı ağ atın üstündə şəxsən özü qəbul etmək arzusundaydı, lakin o, atın qarşısında aciz qalır. Ata minməyə çalışarkən yıxılıb əzilmişdi. Bu hadisə uzun illər hamıdan gizlin saxlanıldı. Hakimiyyətdə ondan güclü, vəzifədə ondan yüksəkdə duran adam yox idi, amma o, ata qalib gələ bilmədi. Stalin ata minə bilməyəcəyini başa düşüb bir gün Budyonnını yanına cağırıb deyir ki, parad üçün qələbə və şöhrət rəmzi olan yaxşı cins ağ atlar tapsın. Budyonnı Stalinin tapşırığını tez bir zamanda yerinə yetirir, yaxşı cins atlar tapa bilir. Marşal Jukov və Rokosovski bir ay ərzində atda məşq edirlər. (Jukovun atının adı “Kumir”, Rokosovskinin atının adı isə “Polyus” idi.) Qələbə paradından əvvəl xüsusi bərbər atların zahiri gözəlliyi üçün əlindən gələni əsirgəmir, onları daha cazibədar edir. Yəqin ki, cavan nəsl televizor ekranından Sovetlər ölkəsinin Qızıl Meyadanında ağ atların şahanə yerişini, görkəmini xatırlayır. 1948-ci ildən sonra Stalin paradda ağ atdan istifadə edilməsinə qadağa qoyur. Çünki ağ at ona Jukovu xatırladırdı. Artıq marşal yüksək vəzifələrdən çıxarılmışdı. Gördüyünüz kimi, at da şəxsiyyətə pərəstişin qurbanına çevrilıb keçmiş yiyəsi Jukov kimi unudulur. Onu unutmaq istəməyənlər isə 1995-ci ildə Jukovun at üstündə məğrur heykəlini Moskvanın Manej meydanında ucaldırlar.
Bildiyiniz kimi, ta qədimdən hökmdarların ən sevdiyi hədiyyə cins atlar olmuşlar. Bu elə gözəl bir məxluqdur ki, ona göstərilən məhəbbət də bir neçə at gücünə bərabərdir.Elə bilərsiniz ki, belə güclü sevgiyə, ancaq kentavr malikdir. At əsasən ceyran kimi uzun nazik ayaqlara sahib olmaqla bərabər ağlı ilə də seçilir, ağıllı Hans adlı at kimi. Ona deyilən rəqəmləri tapıb götürür, üstəgəlləri, vurma və bölməni yaxşı bilirdi. Əgər partaya sığa bilsəydi uşağın yerinə məktəbə hesab dərsinə gedə bilərdi. Nədənsə ispan rəssamı Xuan Mironu xatırladım. Onun sürrealist təfəkkürü ilə 1964-cü ildə çəkdiyi “Sərxoş at” şəkili təəssüf ki, atsevərləri məyus edib. Belə bir rəsm neolit dövründəki adamların qayalar üzərindəki cızmaqarasına oxşayır. Bəlkə də sərxoş vaxtında atı yuxuda belə görüb. Xuan Miro sanki dünyanı daxilindəki əyri güzgülər vasitəsi ilə tanıyır.
Nəzərinizə çatdırım ki, Quranın “Əl-Adiyyət” və “Əl-Bəqərə” surələrində atlar haqqında ayələr var. “Əl- Adiyyət” surəsinin 1-2 ayələrində deyilir: “ And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara”. Bu ayələrdən atın insan həyatında böyük əhəmiyyət kəsb etməsi üzə çıxır. Yoxsa, Xuan Mironun təsvir etdiyi ata nə minmək olar, nə də başına and içmək.
Quranın “Sad” surəsində isə Süleyman peyğəmbərin atlara olan sevgisindən bəhs edilir: “ (Bir gün) axşam üstü ona cins (bir ayağını dırnağı üstünə qoyub üç ayağı üstündə duran) çapar atlar göstərildiyi zaman. O, dedi “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim). (Süleyman dedi: “ Onları (atları) mənə qaytarın. (Atlar qaytarılıb gətirildikdən sonra )onların qıçlarını, boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdığı üçün onları qurban kəsib fəqir-füqəraya payladı.) (31-33)
Başqa versiyada isə Allah günəşı əvvəlki yerinə qaytarır ki, peyğəmbər vaxtında ibadət edə bilsin. Əslində Süleyman peyğəmbər müharibələr üçün atlar tərbiyə edib hazırlamağa böyük önəm verirdi.
Bir haşiyəyə çıxım. Deyilənlərə görə, cənnət əhli bir yerə toplaşandan sonra mələklər Allahın əmriylə nur saçan atların belində gələcəklər. Qızıl və bahalı daş-qaşla, zərif parçalarla bəşənmiş küləkdən sürətli gözəl behişt atları cənnət əhlinin qarşısında dayanacaqlar. Atlar bir göz qırpımında onları Allahın hüzuruna aparacaqdır. Cənnət əhlinin yerdəki nümayəndələri elə bilməsinlər ki, orada da hərə öz ünvanına çatmaq üçün köhnə, çirkli avtobuslara minəcək, düşəndə də gediş haqqını ödəyəcək. Pulsuz cənnət atları yolunuzu gözləyir, ey yerdəki cənnət əhli.
Yadıma “Qaçaq Nəbi” mahnısı düşdü. Mahnıda boz atın tərifi həqiqətdir ya əfsanə? Yəqin ki, bu mahnını dinləməyən yoxdur:
Boz at səni sər tövlədə bağlaram,
Qızıldan, gümüşdən səni nallaram.
Sözün düzü, atın nalının möhkəm olması üçün qızıl və gümüşdən istifadəsi yadıma düşmür. Yəqin cənnət atları nəzərdə tutulub. Orda yollar daş-kəsəkli deyil, axı. Digər tərəfdən də atın qızıl, gümüşlə bəzənməsi mənə Roma diktatoru Kaliqulanın İnsitat adlı atını xatırlatdı.At əsl insan həyatı yaşayırdı. Onun yaşadığı yerə tövlə demək mümkün deyildi, çünkü ora bərli-bəzəkli mərmərdən idi. İmperator Penelopa adlı atla İnsitatı evləndirmiş, həm “ata”, həm də “qayınata” olmuşdu. Atların saray əyanları kimi ayrıca xidmətçiləri vardı. İnsitatı qəyyumluğa götürən ona “atalıq” edən Kaliqula atını hətta siyasət meydanına gətirmişdi. Kaliqula onu Romanın vətəndaşı etdikdən sonra senat kimi ən yüksək dövlət orqanına senatr seçmişdi.İnsana məxsus olan “şərəfli vəzifə” İnsitata qismət olmuşdu. Deyilənə görə, Kaliqula bu qeyri-adi hərəkəti ilə senatı qıcıqlandırmaq istəmişdi. Senatda nə plebey, nə də patrisiya tərəfdarı olmayan, adam kimi danışa bilməyən at, ancaq darıxanda kişniyə bilərdi. Bu səs isə nə “hə”, nə də “yox” deməkdir. Yaxşı ki, İnsitat adam dili bilmirdi, yoxsa ilk təklifi o olardı ki, “atlar” partiyası yaransın, senat cıdır meydanına çevrilsin. Atalar sözüdür, at yolu ayaqları ilə görür...Qəddar imperatorun ömrü uzun olsaydı axırda senatda kentavrlar da peyda ola bilərdi. Çünki heç olmasa, onların başı adam başıdır. Yadınızdadırsa, qədim əsatirə görə, qəhrəman Heraklın, Axillesin müəllimi kentavr olmuşdur. Kentavr dedim, hindular yadıma düşdü.Deyilənə görə, hindular ilk dəfə at belində insan görəndə bərk vahimələniblər. Atın yiyəsi yəhərdən yerə yıxılanda isə elə zənn ediblər ki, at iki yerə bölünüb. Qorxudan yerli aborigenlər qaçıb meşədə gizləniblər. İndi təsəvvür edin ki, senatda da atı görənlər nə çəkib!
Qismətə bax, bizdə də elə atlar olub ki, müharibədə insandan çox onun bəxti gətirib. Məsələn, 1993-cü ildə Ağdam at zavodu erməni təcavüzkarları tərəfindən işğal ediləndə, nə yaxşı ki,atçılar vaxtında atları döyüş bölgəsindən çıxarmışdılar. Məkrli düşmən at zavodunu ələ keçirə bilməmişdi. Yoxsa onları da mənimsəyib deyərdilər ki, “Davud Sasunlu”nun Cəlali adlı atı “qədim erməni torpağı olan Ağdam” atlarının əcdadır.
Yeri gəlmişkən qeyd edək ki, Qarabağın xan zavodlarında əsasən üç cins atlar saxlanılıb-Maymun, Qarnıyırtıq, Əliyetməz. 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində iştirak edərək Maymun gümüş, Toxmaq bürünc, Usmiyevlərin (xan qızı Natəvanın)Əyilməz adlı atı isə attestata layiq görülüb. Qarabağın xan zavodları nəinki Rusiya atçılığına hətta Avropa dövlətlərinin atçılığına da az təsir göstərməyib.
Yazının əvvəlində at üstündə sərkərdələrin möhtəşəm görkəmindən danışdıq. Belə qəhrəmanlardan biri, Xarkovda Lenin prospektində at üstündə dünyanın qırmancı adlanan, əzəmətli heykəli ucalan Atilladır. Əlində nizə, sol çiynində şahin quşu, qalxanının üstündə su sonasının əksi var. Onun məhz Xarkovdakı heykəlinin ucalması təsadüfi deyildir.Atillanın bacısı Xarka su sonalarının himayədarı idi. O, su sonalarından birini xəbər üçün qardaşının yanına uzaq ölkəyə göndərir ki, Atilla artıq döyüşlərdən əl çəkib evinə, ocağına qayıtsın. Yolda şahin quşu su sonasını öldürür, Atillaya bacısının ismarıcı gəlib çatmır. Xarka vəfat edəndən sonra bu şəhərin əsası qoyulur.(Əski türklərin məskunlaşdığı torpaqlar.)XII əsr şairi Reyhan Bulqarinin və Baxşi İmanın əsərlərində Atillanın ailəsi haqqında məlumatlara rast gəlmək olar. Reyhan Bulqari “Qıpçaq çöllərinin çiçəkləri” əsərində Atilla haqqında yazır ki, o, at ilində dünyaya gəlmişdi, gərək ilan ilində deyil, at ilində dünyadan köçəydi. Onun qara atı öləndə basdırıldığı yer kurqana çevrilmişdi.Düzdür, Atilla Makedoniyalı İskəndər kimi ata olan böyük sevgisi ilə seçilən sərkərdələrdən deyildi.
Makedoniyalı İskəndərin Busefal adlı atı dünyada öz sahibi kimi çox cəsarətli olub. Dönə-dönə İskəndəri ölümdən xilas etmiş, Hindistana yürüş zamanı ölümcül yaralanmışdı. Busefal 25 il Makedoniyalı İskəndərə sədaqətlə xidmət etmişdir.Onun əzəmətli heykəli öldüyü şəhərdə ucalmışdır. Yel sürətli atlar sahibi ilə dünyada neçə-neçə ölkələrin sərhəddini aşmış, ayaqlarının nalı ilə yeni tarixə “möhür” vurmuşdur.
At yeganə canlılardan biridir ki, öz sahibinin həyatı, qayğıları ilə yaşayır. Bu sevgi həmişə qarşılıqlı olur. Türkmənbaşı Safarmurat Niyazovun ata sevgisi bitib tükənməz idi. O, əziz qonaqlarına cins atlar bağışlamağı sevirdi. Dövlət gerbində “Yanardağ” adlı atın şəkili həkk olunub. Bununla bərabər ölkədə hər il böyük təntənə ilə “Axaltəkə atı” günü qeyd edilir. Axaltəkə atına “Manas” dastanında rast gəlmək olar. At Türkmənistanın Axal vilayətində yaşayan təkə qəbiləsindəndir.
Hələ qədim zamanlarda skiflərdə belə adət vardı: döyüşçülər atı ilə bir yerdə basdırılırdı. Əgər atı öldürməsəydilər tükündən kəsib qəbrə qoyurdular. Əfsanəyə görə, at yiyəsinə həyatda olduğu kimi, qəbrdə də qulluq edəcək, onu ruhlar aləminə aparacaqdı.
Monqolustannın da dövlət gerbində at şəkli var. Maraqlıdır ki, adət-ənənəyə görə, təzə doğulan üç günlük oğlan uşağına at hədiyyə olunur. Monqolustanda ən çox atı olan adam varlı hesab edilir.Qayıdaq on üçüncü əsrə. O dövrdə Çingiz xan Monqolustanın kiçik qəbilələrini bir yerə toplayıb güclü ordu yarada bilmişdi. Avropa və Asiyanı işğal edən Çingiz xanın döyüşlərdə dalğalanan bayrağı at quyruğu idi. Yəqin bu, ordunun at gücünə malik olmasının rəmzidir. Monqol atları uzaq səfərlər üçün çox dözümlü və çevik idilər. Bir haşiyəyə çıxım, Çingiz xanın nəvəsi Batı xan öz qüdrətini nümayiş etdirmək üçün at hündürlüyündə iki qızıl at fiquru düzəltdirib, Qızıl Ordanın paytaxtındakı darvazanın qarşısında yerləşdirir. Sonralar atın başına macəralar gəlir, oğurlanır.
Ulan-Batordan bir az aralıda çölün düzündə Çingiz xanın at belində möhtəşəm heykəli ucalır.Heykəl beş il müddətində hazırlanmışdır. Kompleksdə restoran, mağazalar xidmət göstərir, ziyarətçilərin Çingiz xanın zəbt etdiyi torpaqların xəritəsi ilə tanış olmaq imkanı var. Kompleks 13 mərtəbəli bina hündürlüyündədir. Dünyanın bir çox ölkələrindən turistlər bu nəhəng abidəni görməyə gəlirlər. Deyəsən, monqollar fərqli istedadları ilə seçiləmyi bacarırlar.
I Pyotrun da atın üstündəki heykəlləri Sank Peterburqda ən görkəmli mədəniyyət abidələridir. Şəhərin mistik həyatında heykəlin özünəməxsus yeri var. Deyilənə görə, işıqlı aylı gecələrdə saat üç radələrində heykələ diqqətlə baxsan sanki onun canlandığını müşahidə edcəksən.Kim bilir, bəlkə, at bir yerdə dayanmaqdan yorulub, ləngər vurur, bəlkə də sərxoş adamın uydurmasıdır.Lizetta adlı atın müqəvvası Sankt Peterburqun Zoologiya muzeyində saxlanılır.
Şəkillərdə, heykəllərdə at üstündə təsvir edilən sərkərdələrin hamısı göründüyü kimi, həyatda da müsbət qəhrəman ola bilsəydilər...Belə tarixi şəxsiyyətlərdən biri Napoleondur. Başqa qəhrəmanlar kimi onun atlara xüsusi rəğbəti olmayıb. Lakin ərəb cins atı Marenqo adlı atına münasibəti pis olmayıb. At cəbhədə 8 dəfə yaralanmış, fransızların Moskvadakı məğlubiyyətini yaşamışdır. Tarixi atın skeleti Londonun Ordu Milli Muzeyində saxlanılır.
Rəssam Jak Lui Davidin çəkdiyi “Napoleon Sen-Bernard aşırımında” məşhur şəklini tanımayan yoxdur. Bir çox zəngin insanlar nədənsə rəssama sifariş verərkən öz obrazlarını Napoleonun atında oturan qəhrəmana bənzətmək istəyirlər. Görünür, çox adamın ürəyindən Napoleon olmaq keçir.Daha demirlər ki, şəkil çəkilməzdən əvvəl onu qaldırıb ata oturdublar. Sən demə, Napoleon tez-tez atdan yıxılırmış. Napoleonun şəxsi mehtəri Antuan Jardenin dediyinə görə, imperator atlara qarşı amansız idi. Onun döyüş atları çətin sınaqlardan keçməliydi. Atın başına, qulaqlarına qamçı vurulur, silahdan atəş açılır, gözləri qarşısında bayraq yellənirdi, bir sözlə, ata psixoloji təsir göstərilirdi. 1805-1815-ci illər ərzində döyüş cəbhələrində fransız ordusu beş yüz min at itirmişdi, onların arasında yaralanıb, şikəst olanları da vardı. Ömrünün son illərini “Müqəddəs Yelena” adasında sürgündə olarkən Napoleon kökəlmiş və xəstələnmiş, Kinq Corc adlı ata başqalarının köməkliyi ilə, çox çətinliklə minərdi.Tarixdə yaşayan məşhur şəkildə isə şahə qalxan at üstündə cəsarətli Napoleon, guya atı cilovlaya bilir.
Sənaye inkişaf edəndən sonra şəhərlərdə atın özü yox, heykəlləri qalıb. Lakin onun at gücü müasir maşınların sürətində davam edir. 1872-ci ildə şotlandiyalı ixtiraçı-mühəndis Ceyms Vatt “at gücü” anlayışından ilk dəfə istifadə edir. Kömür mədənlərində yük daşıyan atları bir müddət müşahidə edəndən sonra bir atın 45 kiloqramlıq kömürü 1 saniyədə 1,11m. uzağa daşımaq imkanı olduğunu müşahidə etmişdi. İndi həmin at gücü ilə maşınlar öz gücünü nümayiş etdirir. Kimi avtoşluqla, kimi bahalı maşın markası ilə “sahib olduğu at gücünü” göstərir.
Düzünə qalsa, atda oturanla maşında oturan dünyaya eyni gözlə baxa bilərmi? “Dəmir dostlarımızın” qurbanlarının sayı durmadan artır. Şəhərdə bir neçə at gücündə işləyən maşınlara etibar yoxdur. Maşın insanı öz arzularının mənzilinə tez çatdıra bilsə də, o dünyaya daha tez çatdırır. Sürücü bir göz qırpımında həyatını itirir. Atın hissi, duyğusu güclüdür öz yiyəsini uçuruma yuvarlanmağa qoymaz. Təhlükəyə bir neçə saniyə qalmış olsa belə, dəmir nallarından od çıxar, yiyəsini vaxtında ölümdən qurtarar. Sözümün canı odur ki, ata etibar var, maşına isə yox. At üçün yol qaydaları yoxdur, amma maşın üçün var. Yol hərəkəti üçün bu qədər qayda-qanun mövcuddur, cərimələr təyin edilir, biz isə nədənsə maşının yerini atla səhv salırıq. Maşında at gücü var, amma özü, hissi yoxdur. Bunu bilməyə nə var ki...İlbəil küçələrdə artan maşınlar insanların sayını azaltmaqdadır.Bu məqamda ağıllı, etibarlı atları necə yada salmayım. Atı hərəkətverici poeziya adlandırırlar.
Hanı, Koroğlu kimi qəhrəmanlarımız at belində? Düzdür,o zamanda da hamının Qıratı olmayıb, amma ata minən hər kəs təbiətlə daha yaxın ünsiyyətdə olub. Atalar sözüdür, igid odur atdan düşüb atlana, çətinliyə qatlana. Qədim “Çovqan” yarışmasında cavanlar əsl igidlik, cəldlik göstərirdilər. Keçmişdə kişilər maşın pəncərəsindən başını çölə çıxarıb təbiəti seyr eləməyiblər.
Atlar öz taleyini sahibi ilə bölüşməyə hər an hazırdır. Eh, sadəlövh atlar, kaş ki, bizi daha yaxından tanıya biləydiniz...Bir tərəfdən də sevinirəm, nə yaxşı ki, Allahın yaratdığı canlı varlıq kimi Yaradanın qanunları ilə yaşayırsınız. Alimlərin fikrinə görə, at insan kimi yuxu görmək qabiliyyətinə malikdir. Görəsən, o yuxularda insanların atlarla ünsiyyəətini necə dəyərləndirir?Deyilənə görə, atlar hər gün sübh vaxtı Allaha dua edir: “Ya Allah, Adəm övladlarına itaət etməyimi əmr etmisən, məni onların gözündə sevimli et.” Bir də deyirlər ki, cins atın olduğu həyətə şeytan girməz. At çox qürurlu bir varlıqdır. (Nədənsə ona heyvan demək istəmirəm.) O başqa atın qabağındakı yemin artığını heç vaxt yeməz, amma şəffaf suyu bulandırıb içər. Görəsən, suyun aynasında niyə görünmək istəmir. Bəlkə suda əksi onu qorxudur. O insana o qədər alışıb ki, özünü də insan kimi görmək istəyir...25-30 il yaşayan at çox nadir hallarda uzun ömürlü olur. Məsələn, 1760-cı ildə doğulan Old Bill adlı at bir insan ömrü qədər, 62 il yaşamış, hal-hazırda Mançester muzeyində onun kəllə sümüyü saxlanılır.
Qəribədir, atlar bizi sevib tanısa da deyəsən, biz onları axıra qədər tanımırıq. Məhəmməd peyğəmbərin(s.s.) hədislərində deyilir: “Atın alnında qiyamət gününə qədər xeyirxahlıq həkk olunub,” “Hər kim müqəddəs müharibədə ata hörmətlə yanaşmırsa o, riyakar insandır.” “Şərhul kifayət” kitabında qeyd edilir: “Atı rəqib tərəfə satmaq olmaz. O öz sahibini tanıyır, özgənin ona minməsinə icazə verməz.”
Bilirsiniz, elə atlar var ki, o da yiyəsi kimi cənnətə düşəcək. Onlardan biri imam Hüseynin sadiq dostu-Zülcahan adlı boz atıdır. Döyüş meydanında sahibi ilə tək qalan, onun şəhidliyinə ilk ağlayan odur.İmamla ayrılıq Zülcahanın belini əyən ən ağır tənhalıq yükü idi. O son dəfə əziz sahibinin bədənini həsrətlə qoxulayıb qohumlarının yanına acı xəbərlə tək qayıtdı. Zülcahanın o gündən sanki ayaqları yerdən üzüldü, üfüqlərə doğru gedib bir daha gözə görünmədi. İnsanın insana verdiyi zülm, atın da qəlbini qırıb sarsıtmışdı...
Yaxşı və pis insan var, lakin pisliyin daşını atıb yaxşılığı, nəcibliyi atlardan öyrənmək ayıb deyil. Məhəbbətin öz gizli dili var- nəvaziş, qayğı və fədakarlıq bu dildə danışır. Atlar öz yiyəsini yorulmaz məhəbbətlə sevir. Deyirlər, ata qırmanc almaq yox, ot vermək lazımdır, o, hər hansı bir təhlükə anında səni xilas edə bilər.O öz kasıb tövləsində yatanda da ayaq üstə yatır, həmişə insanın köməyinə hazır olan təmənnasız dost kimi...Atları çox yorub incitməyin. Yorğun atları güllələməyin, cənablar!