Vaqif Bayatılı Odər “Bu dünyada sevgini gücləndirmək lazımdır”


Savalan TALIBLI
Azərbaycan radiosunun əməkdaşı

Şair Vaqif Bayatılı Odərin şerləriylə tanışlığım elə də çoxdan deyil. Şerləri ilə ilk tanışlıqdan onun ən azı çox maraqlı adam olması təsəvvürünə yiyələndim. Onun şerlərindən gördüklərim, hiss elədiklərim bəlkə də daha çox yuxuda görülənlərə bənzədiyi üçün marağım daha da dərinləşdi. Amma o var ki, bu şerlərdən gördüklərimin, götürdüklərimin nədən ibarət olmasını tam dəqiqləşdirə bilməsəm də, gördüklərim, mənə daha doğma göründü. Bəlkə də elə götürdüklərim də. Bu doğmalıq bütövlükdə dünyanın özüdü, dünyanın doğma görünən tərəfləridi. Ən azından bu doğmalıq dünyanın üstünə düşən işıqdı. Özü də sevgidən düşən işıqdı. Bu işığın iziynən gedib şairlə görüşəsi oldum. Amma söhbətimiz deyəsən bir az ordan, burdan oldu. Hardan başlasaq da işıq, sevgi əksilmədi




-Vaqif bəy, ədəbiyyata necə gəldiniz?
-Gəlmişəmmi?! Çox sağ ol ki, bunu mənə xəbər verdin, məni ədəbiyyatda sayırsan. Ədəbiyyat adamı ədəbiyyata, elə bu dünyaya gələndə gəlir. Fikirləşəndə ki, mənim şəxsən özümün poeziyam ruhi şerlərdir, ruhdan gəlir, bizdən çox-çox əvvəllərdən mövcuddur. Belə çıxır ki, biz ədəbiyyata anadan olmamışdan qabaq gəlmişik. Yəqin ki, gedib əbədiyyətə qovuşanda da ədəbiyyatdan gedəcəyik. Daha gözəl bir yerə. Bəlkə də göydə uçan quş olacayıq. Göylərdən həzz alacayıq gözəl bir şeirdən həzz alan tək. Ola bilər ki, bulud olacayıq, yağmura ehtiyacı olan yerlərə yağmaq üçün. Bunlar Allaha aiddir. Biz bilmərik.
-Bəs ədəbiyyata nələr gətirdiniz?
Mən nələri gətirdim desəm bəlkə böyük səslənər. Çox istedadlı jurnalistimiz Zamin Hacı deyir ki: Hamının şeirinə bənzətmələr yazıldı, tək Vaqifin şeirindən başqa. Həm də Vaqif şeirimizə saysız yeni formalar gətirdi. Əkrəm Əylisli də kitabımın təqdimat mərasimində söylədi ki, Vaqif Bayatlını təkrar eləmək olmur, amma başqa şairlərin hamısını təkrar eləmək mümkündür. Heç mən özüm də özümü təkrar eləyə bilmirəm. Hər şerimdə yeni bir forma, yeni bir ruhi uçuş, ruhi sıçrayış olur. Bu şerlər əslində göy üzünün şerləridir. Çox adamlar mənim haqqımda deyirlər ki, şerlərində Vaqifin ayağı yer üzündən üzülüdü. Göyün yanında yer nədir, ay zalım oğlu?! Əslində yer üzü, göy üzündə kiçicik bir nöqtədir həm də. Yer üzünü göy üzüylə qabaq-qənşər qoymaq gülməli bir işdir. Yer üzü göy üzünün bir hissəsidir. Əslində mən özüm də yer üzündəyəm və yer üzündən bərk yapışanlardan fərqli heç yapışmadan da onlardan daha çox bu yer üzundəyəm və yerüzünü onlardan daha çox hiss edirəm. Göy üzünü duymayan yerüzünü anlaya, duya bilməz, həm də insan yer üzündən yapışmamalıdır. Ən azı ona görə ki, Allah adamı yer üzündən qoparanda Allaha əziyyət olmasın.
Dünyada mənasız şerlər yazanlara, şöhrətdən yapışan adamlara həmişə sevgiylə yanaşmağa çalışmışam. Onların sevgisiz ürəyində sevgi yaratmağa çalışıram. Çünki sevgi adamları çox mənasızlıqlardan xilas eləyir. Dünyanı mənalandırır, sevdirir. Allah bizi yaradıb ki, onun gözəlliyini dərk eləyək, onun sevgisini duyaq, daha da dərinləşdirək. Biz sevgini dərinləşdirdikcə Allah sevinir.
Heç nədən yapışmadım, İlahi, bu dünyada
əziyyət olmasın sənə
məni bu dünyadan geri alanda da,
sil məni bütün yaddaşlardan da,
sonra əziyyət olmasın sənə
yaddaşlardan qaldıranda da
Xüsusiylə şairlər ancaq və ancaq dünyanın sevgisini artırmalıdırlar. Mənim özümün də birinci məqsədim odur ki, çalışıram hamını hamıya sevdirim. Bu dünyada sevgini gücləndirmək lazımdır. Sevmək sevginin yarısıdır, tam sevgi deyil. Hətta Leylinin Məcnuna sevgisi də tam sevgi deyil. O sevgini Füzuli elə yazıb ki, bizə dünyanı və sevgini sevdirsin. Leyli Məcnunu oxuyan hər bir gəncin ürəyində sevgi hissi yaranır. Həm də bizim qədim dastanlarımızı oxuyanda oradan tək sevgini əxz eləmirik, həm də dilin gözəlliyini, dilin min illərdən gələn axarlığını, ağırlığını görürük. Buradan da öz dilinə olan sevgi yaranır, həm də sən dilini başqa millətlərə sevdirməyə çalışırsan. Mənim şerimin də əsas canı sevdirməkdir. Çox təəssüf ki, bəzi adamlar sevməklə sevdirməyi qarışdırırlar. Sevmək sevdirməyin kiçicik bir hissəsidir. Bütün bunların başında isə Vətəni və İlahini daha çox sevdirmək gəlir. Mənim sevgi, sevdirmək, göyüzüylə bağlı şeirlərimə mız qoyanlara xatırlatmalıyam ki, onların yox, məhz mənim şeir kitabımı şəhid şair Nizami Aydın çantasında gəzdirirdi, o kitab çantasında da həlak oldu. Allah onun və bütün şəhidlərimizin ruhunu şad eləsin.
-Ədəbiyyat sizdən nə aldı, nə apardı?
Ədəbiyyat da bir vətəndir. Ona can qurban. Ədəbiyyat məndən nə apara bilər. Əksinə mənə o, Vətən kimi çox şey verdi. Fiziki sağlamlığımın bir hissəsini aparsa da milyonları qazandırdı. Mən sevgi milyoneri, sevdirmək milyarderiyəm.
Ömrüm uzunu çox yıxılmışam, ürəyimin ağrısından, ürəyimi tutmuşam, hətta cərrahiyyə əməliyyatında olmuşam, ağrılarımın həddi-hüdudu olmayıb. Bu ağrılara əvvəllər fəlakət kimi baxırdım, həyəcanlanırdım. İndi bütün ağrılara da, ürək ağrısına da sevgiylə baxıram. Çünki həyəcanlananda daha möhkəm ağrıyırsan. Mən hərdən həkimləri görəndə deyirəm ki, xəstələrinizə öyrədin ki, ağrılarına sevgiylə yanaşsınlar. Çünki bütün ağrılar, xəstəliklər artıq sənin bədəninin bir hissəsidir, sənin öz doğmandı, sənin sevgindi. Sən öz yaxın adamlarını necə sevirsənsə ağrılarını da elə sev. Ancaq sevgiylə xəstəlikləri müalicə eləmək, dost etmək olar.
Elə bil sevinirəm xəstələnəndə bir dəfə
sevinirəm sevgiylə doluram,
nəsə bir igidlik etmiş kimi,
uşaqlığıma, anamın qucağına
qayıtmış kimi oluram.
-Məncə dünyada ən ciddi məsələlərdən biri də ədəbiyyatdı. Amma bu gün Azərbaycanda qeyri-ciddi adamlar ədəbiyyatla məşğul olur. Sizcə bu niyə belədir?
-Əvvəla onu deyim ki, ədəbiyyat mənim özüm üçün hələ tam aydın məsələ deyil. Amma ədəbiyyatda bölgü aparılıb, çoxları öz sərhədlərini cızıb. Mənsə, yenə deyirəm ədəbiyyat böyük sevgilərin bir hissəsidir. Adicə, hər bir kəsin ürəyindəki dualar yazılan səfeh şerlərdən qat-qat yüksəkdir, daha çox ədəbiyyatdır həm də. İnsan dualarıyla ilahinin yanında daha qiymətlidir. Birinci ədəbiyyatla məşğul olanları, qeyri ciddi insanları adam eləmək lazımdı, insana çevirmək lazımdı. Onları adamlığa qaytarmaq lazımdır. Bu fikirləri yazmışam. Bu dünya yerüzü insanların ibadət üçün yığışdığı yerdir. Bu dünya ibadət yeridisə kimsənin bu ibadəti pozma haqqı olmamalıdır. Ədəbiyyat özü ibadət eləməkdi. Sevgi də ibadətlərin ən ucasıdır. Həm də yer üzünə bütün kainatdan azmış ruhlar bura can atır. Çünki bütün kainatın ruh mərkəzi yer üzüdü. Ən gözəl ruhlar nadanları, heyvərələri ədəbiyyatdan xəbəri olmayan ədəbiyyatçıları görəndə küsüb gedirlər. Ən müqəddəs dini katablar da yer üzünə beləcə gəlib. Belə düşünürəm ki, Allah çox şey üçün yer üzünü seçib. İlahi sevgilər, ilahi düşüncələr, ilahi uçuşlar da yerdən başlayır. Əgər yer üzünə ən müqəddəs kitablar, müqəddəs insanlar endirilibsə demək bura kainatın ibadət, qalxış nöqtəsidir. Mən poeziya və incəsənətin bütün növlərinə ibadət yeri kimi baxıram. Kim belə baxmırsa, yəqin ibadətin də nə olduğunu bilmir. Azərbaycan ibadət yeri kimi dünyada bəlkə də birinci yerdə durur, ona görə də bu torpağa poeziya məbədləri göndərilib. Təbii ki, bizim şerimiz, poeziyamız çox güclüdür, güclü ölkələri, orduları yenmək qabiliyyətindədi.
-Şair əslində kimdi, və şairi olduğu kimi qəbul edirikmi?
-Hərə bir cürə deyə bilər. Amma ən dəqiqini Allah bilir ki, şair kimdir. Allahın yaratdığı insanların ən böyük funksiyaları ilahiyə doğru uçuşlarıdı. Hətta insanların sevə-sevə çəkdiyi ağrıların da bir hissəsi ancaq şeirə çevrilir. Kim ağrını sevib əzizləyə bilirsə, arğıya sevgi kimi baxırsa ancaq o şer yaza bilər. Şair başı yeyənlərdən şair olamaz.
Şair başı – şair xaşı,
Şair ürəyi yeyənlər
Çətin səni bəyənələr,
Ey Vaqif Bayatlı Odər,
bu dünyada sən deyənlər
ya xam xəyal, ya yuxudu
-Dünyanın sonuna nöqtə qoymaq olarmı?
Mən səni bu sonsuz dünyanın sonunacan sevəcəm, demişəm. Mənim şerlərimə tək konteksdə baxmaq olmaz. Mənim şerlərim bütöv bir candı, bütöv bir ruhi sistemdi. Bəlkə də bu ruhi sistemi dünyada yaradan yeganə ruh adamı mən özüməm. Ən azı ruhi sistemli tək şairəm. Amma dünyada məndən qat-qat güclü ruh adamları var. Ən böyük ruh adamları zatən türklərdi. Deyərdim ki, biz də içində olmaqla bütün türk tarixinə, türk poeziyasına baxanda, Avropa şeri çox zəif görünür. Siz deyən suala cavabı belə düşünürəm mən o şerin davamını başqa şerlərdə yazmışam. Hətta mən də o şerdə nöqtə qoymamışam. Doğrudan da tanrı dünyanın sonuna nöqtə qoymur. Özü də qəsdən.
-Belə bir atalar sözü var. Yalan ayaq tutar amma yeriməz. Siz isə şerlərinizin birində yazırsınız ki, yaşasın yalanlar. Hansı yalanları yaşadırsınız?
-Yalandı, boş-boş danışmaqdı, hərdən görürük iki adam görüşür iki saat boş-boşuna sən necəsən, mən necəyəm soruşur. Bütün bunlar ağıllı adamları, dünyayla çox yüklənmiş insanı boşaltmaq üçündü. İnsan həmişə gərgin olmamalıdır. O, mənada hərdən bir-birimizə məhəbbətlə yalanlar danışırıq. Hərdən də deyirik ki, o ulduzlar sənə baxır və yaxud o ulduzu gedim sənə gətirim, ya da dənizi qurudum, ya atım özümü 10-cu mərtəbədən aşağı. Bunlar hamısı həm yalanlardır, həm də gerçəklər “Yaşasın yalanlar” əslində gerçəkliyin bir başqa üzüdür. Siz düşündüyünüz kimi yalanlar deyil. Mən dediyim yalanlar məhəbbət yalanlarıdı. Mənim yalanlarım yaşasa daha yaxşıdı, nəinki həqiqi yalanlar yaşasın. Mən yalnız öz yalanlarımı çox sevirəm. Çünki mənim yalanlarım əsl yalanlara qarışmır
-Allahla bizim aramızda yollar bağlıdımı? Əgər bağlıdırsa bu yolları kimlər bağlayıb.
– Allahla bizim aramızdakı yollar. Bu yolların bağlanmamağı hər bir insanın özündən asılıdır. Şübhəsiz Allah bunları bağlaya bilər. Mən gələcəkdə bu barədə yazmaq istəyirəm. Bunlar çox mürəkkəb, hələ araşdırılmamış ruhi məsələlərdi. Ruhi sistemin elementləridi. Mənə də çox maraqlıdı Allahla insanın arasındakı yollar həmişə açıqdı, bu yollar heç vaxt bağlanmır. Sufilər belə fikirləşir. Ancaq dəqiq mahiyyətini anlamaq çətindi. Düşünürəm ki, insan daim Allahladısa, yəni sevgini gücləndirirsə, Allah onun yollarını heç vaxt bağlamaz. Deyərdim ki, bu sualı da Allah özü verdirir və bəlkə də bunu ona görə eləyir ki, sən bu sualı verəsən mən də bu cavabı verəm ki, bu yazı mətbuatda çap olunandan sonra insanların ürəyindəki sevgi bir az da güclənsin, biz daha çox bu haqda düşünək.
Allah hər an, hər bir insanla danışır. Bunu duymaq lazımdır. Elə bir an yoxdur ki, Allah bizimlə danışmasın. Allah mənim düşüncəmdə çox böyük bir ruhi sistemdi. O, hər şeydə var, hər yerdə var. Hər anda duyula bilər. Hər anda, hər canlıyla bir yerdədir, ancaq heç vaxt ona gedib çata bilmək mümkün deyil. Bəlkə də hardasa ancaq Allahın ətəyinə gedib çatmaq olar. Bəlkə də ruhlar gedib Allaha çatır. Bizim gözəl-göyçək şəhidlərimiz Allahın yanındadılar, Allahın ovcundan su içirlər.
-Sizin də belə bir misranız var;
Elə buralarda ölür dualar,
Çatsa da Allaha, Allah da baxmır
Diz çökdüyü yerdə ölür dualar
Bəs bu fikirlərə yenidən qayıtsanız daha nə demək olar?
Bu şer 70-ci illərin şeiridi. Mən hiss eləyirəm ki, duaların özünə də kömək lazımdır ki, gedib ilahiyə çatsın. İlahi o vaxt duaları qəbul eləyir ki, sənin dualarının arxasında sevgin, sevdirməyin, təmiz ürəyin dayansın. Bəlkə kimsə dua edir ki, bir yetimin malını əlinə keçirsin və ya kimsə dua edir ki, kiminsə xoşbəxtlik payını əlindən alsın. Təbii ki, Allah bunları qəbul etmir, etməz də. Allah saf duaları, gözəl niyyətli duaları qəbul edir. Ancaq uşaq duaları Allaha çatır, çünki uşaqlar həm burda, həm də Allahın yanında saf olurlar.
-Dünyanın kaprizlərinə səbr çatarmı və yaxud ikinci kərə doğulsaydınız “səbrli ömür” yaşaya bilərdinizmi?
-Bu çox mübahisəlidir. Buddizmdə, induizimdə ruh bədəndən bədənə keçir. Düzdür onlar Buddanı insan kimi təsəvvür edirlər, Allah kimi təsəvvür etmirlər. Təsəvürlər müxtəlif dinlərdə, müxtəlif şəkildədir.
Quranın bəzi ayələri imkan verir ki, insan dərk eləsin ki, Allah insanları bir də dirildir, amma bütün insanları yox. Bu o deməkdir ki, ruh əbədi qalır və təzədən dünyaya insan gəlir. Bu mənim düşüncəmdir. Başqa müqəddəs kitablarda da belə fikirlər var. Həm də elimizin, anamın, türklüyün, Dədə Qorqudun, şamanizmin düşüncələrinə tapınsaq ruzumuzu dinləməyi bacarmalıyıq. Mənim on hasar o yana oynayan uşaqın, şerimdə mən göy üzünün on qatını göstərmişəm. Sonra mənə dedilər ki, axı göy üzü 7 qatdır, sən niyə on qatdı deyirsən. Belə deyib dəyişdirdilər. Sonra axırıncı kitabı çap edəndə yenə on yazdım. Allah sizə deyir ki, Vaqifin filan sözünə inanın, filanına inanmayın. Bunlar da hamısı Allahın işləridir.
Şamanizm bizim ən qədim inanc yerimizdir. Bir neçə il öncə Şamanlara dair kitabda oxumuşam ki, göy üzü 12 qatdan ibarətdir. Amma insan oğlunun gedib çata biləcəyi ancaq 10 qatdır. Ən qədim yaddaş ruhi yaddaşıdır, o da onuncu qata qədər çatır, mənə də şeir onuncu qat şəklində gəlib çatıb.
-Yeni kitabınız çıxıb. Gec də olsa təbrik edirəm. Əslində yaxşı kitab oxucuya həmişə təzədir. Bəs satışa niyə vermirsiniz kitabınızı? Oxucular kitabınızı tapmaqda çətinlik çəkir.
-Bu kitab təxminən min nüsxəyə yaxın çap olunub. Oxucuların əksəriyyətinin pulu yoxdur. Mən insanların maddi vəziyyətini bilirəm. Mənə ən çox ləzzət eləyən polis və ordunun əsgər və zabitlərinin mənim kitablarımı istəməsi oldu. Anladım ki, onların vətənpərvərliyini artırmaq yolunda mən nəsə eləyə bilirəm. Oxucularımın çoxu son qəpiyini mənim kitabıma verməyə hazır olan köməksiz təbəqədir. Qəzetlərdə elan verdim ki, kim kitab istəyirsə tərcümə mərkəzindən götürsün. Çox zaman çantamda kitab olur, istəyənə verirəm. Bir jurnalist yazmışdı ki, görün Vaqif Bayatılının nə qədər pulu var ki, kitablarını pulsuz verir. O, jurnalistə indidən təşəkkür edirəm ki, məni varlı bilib. Mən həqiqətən varlıyam. Məmməd Araz demişkən ümid sarıdan. Həm də ümid vermək, sevdirmək, sevmək sarıdan, həm də millətimə inam sarıdan. .
-Tabutdan qocanı qaldırıb, son həyat rəqsinə, ilk ölüm rəqsinə dəvət etməyə dəyərdimi?
-Bilirsiniz, bunların hamısının kökü bizim milli qaynaqlarımızdan gəlir. Həm Qurandan, həm də nağıllarımızdan, inanclarımızdan gəlir. Təbii ki, mən bu ifadəni şerdə işlətmişəm, amma qocanı yox, qocanın ruhunu rəqsə dəvət etmişəm. Ruh demək olar ki, daim rəqs edir.
-Dünyanın dərdini niyə çəkirsiniz?
-Ona görə çəkirəm ki, dünyanın dərdi azalsın. Əslində çəkdiyim dünyanın dərdi deyil, insanların dərdidir. Allah dünyanı dərdsiz yaradıb, dərdi insanlar yaradır. Elə insan var bilir ki, bir həftəyə öləcək, yenə pul yığır.
Amerikada bir milyorder 9-10 milyardını payladı. Məlum oldu ki, 6 aydan sonra öləcək. O peşiman olmadı. Onun yerinə bizimkilər peşiman olub.
-Şerlərinizdə ölüm, bir də Allah obrazı daha çoxdur. Bəs ölüm nədi
-Mən ölümdən yox, ölümsüzlükdən yazıram. Ölüm adında şey yoxdu. Ölüm mənasız söhbətdi insanların beyninə salınıb. Quran da deyir; ölüm yoxdur.
-Ölüm-ölüm oyunu böyüklərinmi oyunudu?
-Bu şeri milli qəhrəmanımız Çingiz Mustafayevə yazmışdım. Gəl ölüm-ölüm oynayaq. Bu bir ağrıdı. Ölüm həm də ilahinin yanında biz –cocuq insanların ən gözəl oyunlarından biridi. Hərdən biz özümüz ölüm-ölüm oynayırıq, daha doğrusu ölümlə oynayırıq. Bəlkə də hərdən ölüm Allahın yadından çıxır. Biz salırıq Allahın yadına ki, o ölümdən bizə də ver.
-Ay işığının altında, dinindən məzhəbindən dönənlərə və kiminsə dərdindən dəli olanlara münasibətiniz?
-Məni hər şeyə ay işığı aparır. Bunu 1978-ci ildə çıxan ilk şeirlər silsiləmdə yazmışam. Bu şer məndən bir xətt kimi keçir. Bu da xalqdan gəlir. Bu xalqın inanışından doğur, bayrağımızda da var. Bütün türk bayraqlarında ay var.
Bu da gözəldi ki, kiminsə dərdindən dəli olasan. Dərd aşiqləridi dəli olanlar. Əslində çox müqəddəs bir şeydi. Bunun bir neçə mənası ola bilər. Eşq dərdi, torpaq dərdi, Vətən dərdi. Mənim əziz dostum Elçibəyə, onun ideyalarına görə ona dəli kimi baxırdılar. Onun ideyaları xalqın sevgisiydi, xalqın xoşbəxtliyi idi. Amma heç kim inanmırdı ki, belə tezliklə Azərbaycan istiqlal qazanacaq. Mən də elə bunları nəzərdə tutmuşam.
-Niyə daha çox təklər tənhası tanrı üçün yazırsınız?
-Bütün insanlar tənhadı. Füzuli də dahi tənhadı. İki sevən adam bir yerdə olanda tənhadı. Biz bütöv şəkildə millət kimi tənhayıq. Biz rusun,
farsın, erməninin içinə düşmüşük, amma dilimizi, mətbəximizi saxlamışıq. İnanmağımızı və aldanmağımızı da saxlamışıq. İnsan aldanmağı da bacarmalıdır. Aldanan insan aldana -aldana öyrənəcək. Amma arzu edirəm ki, aldatmasın. Aldatmaq çox ayıb şeydi.
Təklik sözü, rus dilində odinokiy, ingiliscə alone, amma bizim dildə tək, tənha, yalqız, yalquzaq, kimi də işlənir. Rusca, ingiliscə bircə sözdü, bir mənası var, amma bizdə bir neçə. Bu dilin zənginliyidir. Bu həm də tənhalığın zənginliyidir. Sözlərimiz bizim tariximizin mənzərəsidir. Türk daim tənha olub. Dünyanın ən tənha və ən məğrur xalqı olduğumuza görə bizi əzməyə çalışıblar. Türk öz-özünü qorumağa, hamıdan qorunmaq üçün hamıdan güclü olmağa məcbur olub, həm də təkliyinin müxtəlif mənzərələrini əks etdirən yeni sözlər yaradıb.
-Gildən düzəltdiklərinizi daha çox sevirsiniz yoxsa güldən?
-Hər ikisini. Amma çalışıram ki, gildən düzəltdiklərimi daha çox sevim. Çalışıram ki, şerimdə gildən düzəltdiklərimdən gül qoxusu gəlsin.
-”Yupyumru eşq ilə”, yupyumru eşq, necə olur?
Eşqin bundan gözəl ifadəsi ola bilməz axı. Kainat, yer üzü yumru olduğu kimi, eşqi yumrudu. Mən hər şeyi yumru görürəm. İnsanları da, özü də yumurlana-yumurlana gedən görürəm. Mən bunu hər an görürəm və bu mənə ləzzət eləyir.
Sevir kimsə kimsəni
bir kimsənin üstünə,
gəl, mən də sevim səni
lap yepyeni,
yupyumru bir eşqilə
yenə sənin üstünə.
-Maraqlı söhbət üçün çox sağ olun.
-Siz də sağ olun.


PS
Heç bilmirəm şair Vaqif Bayatılı Odərlə söhbətim necə alındı. Əslində soruşmaq istədiklərimin heç birini də soruşa bilmədim. Soruşa bildiklərimin özü də soruşa bilmədiklərimin içindəkilərdi. Amma bir onu deyə bilərəm ki, bəlkə də Vaqif Bayatılı Odər heç bu dünyanın da adamı deyil. Bəs biz özümüz onun dünyasının adamlarıyıqmı? Bəlkə bu barədə fikirləşməyə dəyər.


Kim dostlarını necə tanıyırsa,
dünyanı da eləcə tanıyır,
Dünyanın qadasın alaq,
Ancaq nədəndi, qardaş,
hərdən də dost oluruq-
sonralar düşmən olaq.

Savalan TALIBLI
AZTV-AZERBAYCAN RADIOSUNUN EMEKDASI,JURNALIST