Zöhrə Əsgərova
Bir gecənin qonağı

Dünyadakılar yuxuda yol gedən karvan əhlinə bənzəyirlər.
Həzrət Əli (ə)
Saatın əqrəbləri on dörd radələrini göstərəndə hüzürə yığılanlar otaqda hökm sürən vəziyyətdən narahat oldular. Narahatlıq ondan ibarət idi ki, öz son mənzilinə yola salınan Behbud kişini oxşayıb ağlayan demək olar ki, yox idi. O, bu gün sonuncu yeni “mənzilinə” köçürdü. O “mənzil”lə heç kim təbrik olunmur. Bu məqamda Allah yada düşür. Vaxtı ikən hökumət onu yaşadığı mənzillə şad edəndə burda neçə gün qonaqlıqlar verilmişdi. Yasdakıların bəziləri də o vaxt Behbud kişini evinə təbrikə gəlib onun xına rəngində bişirdiyi kabablara qonaq olmuşdular. Hər dəfə onunla rastlaşanda “kababın dadı ağzımızda qalıb” deyirdilər. Behbud ürəyi kövrək, həlim bir adam kimi məqaləsinin qonararına kabab qonaqlığına dəvət edəcəyinə söz verirdi. Beləliklə, elmi məqalələrin dadı Behbudun, tüstülənən kababların ləzzəti isə qohum və tanışların olurdu. Behbud sağlığında yeyilən kabablar üçün yanmırdı, bir nəfər maraqlanmazdı ki, ay Behbud, zəhmət çəkib nədən yazmısan, bizi də başa sal.
Vaxtı ikən müdrik atalar sözü vardı: alim öldü aləm öldü. İndi də bu məkanda alim ölüb, aləm də öz kefindədir. Hərdən-bir əl yaylığı ilə səssiz-səmirsiz gözünü silənləri nəzərə almasaq. Behbud kişinin torpağa tapşırılmağına isə iki saatdan az vaxt qalırdı. Qadınlar bir-biri ilə çoxdan görüşmədiyi üçün bu vaxt ərzində danışmağa o qədər söhbət yığılımışdı ki, mərhumun üçünə qədər bir yerdə oturub danışsalar da söhbət qurtaran deyildi.
Hamı Behbud kişinin əbədi susmasından sui-istifadə edib sərbəstləşmişdi. Bilirdilər ki, artıq bu dünyanın qayğıları, siyasi ab-havası onu narahat etmir. Amma sağlığında o qədər vətənpərvər bir insan olmuşdu ki, hansı məclisə düşsəydi dilindən torpaq, vətən kəlmələri düşməzdi. Onu sağlığında yaxından tanımayanlar bilmirdilər ki, Behbud vətənpərvərlik xəstəliyindən ölmüşdü. Bazar günü axaşmüstü evdə oğluyla televizorda xarici xəbərlərə son dəfə baxarkən dünyanın qaynar nöqtələrində ən çox ölən və yaralananların müsəlman olması ona ağır təsir bağışlayır. Bir tərəfdən də öz doğma torpağının bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi onun sağlamlığına zərbə vurmuşdu.Ürəyi namərd dövranın ədalətsizliyinə tab gətirə bilməmişdi. Alim məyus anlarında tez-tez bu sözləri deyərdi:“ Cahillər çoxalanda ariflər qərib olar.” Bu qəribçiliyi Behbud öləndən sonra da onun ruhu yaşadı.
Yas məclisinə kədər və hüzn gətirmək üçün yaşlı qadınlardan biri qohumuyla söhbətini bitirəndən sonra ağbirçək kimi hamını məzəmmət etməyə imkan tapdi:
- Rəhmətlik sağlığında bisəydi ki, onun ölüsü sizə etibar olunacaq, ölməyə nifrət edərdi. Heç kim ölməyini gözünün qabağına gətirmir. Nə vaxta qədər kişiyə hörmətsizlik edəcəyik? Aramızda bir neçə ağız deyib oxşayan tapılmayacaq?
-Bəs sən niyə ağlamırsan? Sağlığında ən yaxın adamı idin...O qədər sənə yaxşılıqlar edib ki...-deyə Behbud kişinin uzaq qohumu Yetər narazılıqla dilləndi. Onun arıq, uzun sifətində qələm qaşları sanki ilan kimi qıvrılıb öz şikarının üstünə atılmağa hazır idi.
Yaşlı qadın Yetərin cavanlıqdan acıdil olduğunu bildiyi üçün öz təmkinini pozmadı:
- O, nəinki mənə çox adama yaxşılıq edib. Mən nankor adam deyiləm. Görmürsən xəstə-xəstə qızdırmalı gəlib oturmuşam burda.
- Hər halda mərhumla müqayisədə sənin vəziyyətin o qədər də ümidsiz deyil.
-Söz güləşdirməkdənsə məsciddən bir qadın mollası tapsınlar gəlib ağu desin. Heç olmasa gözümüzdən yaş tökülsün. Bəlkə belə bir gündə bəzilərinin günahları, borcları yadına düşə. Biz həmişə yaslarda tamaşaçı olmayacağıq, bizi də belə bir gün gözləyir.
- Ağlamalı kinolara baxanda gözlərimizin yaşı qurumur.Qabağımızda bu boyda kişi dünyadan köçür biz heç öz axirətimiz haqda düşünmək belə istəmirik.
- Gəlin rəhmətliyi sağlığında necə tanımışıqsa onun haqqında bir neçə kəlmə söz deyək. Onun verdiyi qonaqlıqları xatırlayaq. Çox səxavətli bir insan olub.Vallah onun ruhu bu otaqda bizimlədir.
Məclisdə əyləşənlər deyilənlərə qulaq assalar da ağlamaq fikrindən çox uzaq idilər. Bəziləri göz ağrısından, kimi yüksək qan təzyiqindən, kimi şəkərindən şikayət edib bütün günahları xəstəliklərin üzərinə atdılar.Təkcə vətənpərvərlik xəstəliyi haqqında danışan tapılmadı. Bunu o xəstəliyə sağlığında düçar olan Behbud kimi adamlar başa düşə bilərdi.
Mərhumun gözəgörünməz ruhu hələ qırx gün dirilərin arasında olacaqdı. Nə vaxtsa onu son mənzilə ötürməyə gələnlərin yuxularına gələcəkdi. Görən, onlarla nədən danışacaqdı? Yəqin bu dəfə elmi söhbətlər aparmağa vaxt tapılacaqdı. Çünki daha qonaqlıq vermək iqtidarında deyil.
Orta yaşlı müəllimə də öz tərəfindən məclisi idarə etməyə çalışdı. Müəllim səriştəsi ilə məclisin diqqətini özünə cəlb etmək istədi.
- Bir kitabda oxumuşam ki, Makedoniyalı İskəndər savaşlara hazırlaşanda özü ilə uzaq yollara şair, həkim, tarixçi, aşbaz və s. sənətkarlarla bərabər dəfn mərasimləri üçün ağu deyənlər də aparırdı. Çünki qəribçilikdə ölənlərin yanında əzizləri olmadığı üçün onları oxşayıb ağlayan lazım idi. Məsələn, eramızdan əvvəl yuğlar dəfn mərasimini balaca teatra döndərirdilər. Bu gün biz teatrda tamaşa qoyana rejissor deyirik, keçmşdə isə onlara “oyunbaba” deyilirdi.
Tarix dərsinə qulaq asmağa hövsələsi çatmayan Yetər qol saatına baxıb hövsələdən çıxdı:
- Biz də elə sən deyəni deyirik də...Bu məclisin oyunbabası olmalıdır ya yox?!
Mərhum Behbudla vaxtı ikən divar qonşusu olan Valya qocalıb əldən düşdüyü üçün qulaqları pis eşidirdi. Kar da olsa azərbaycanca yaxşı danışırdı. Üzündəki dərin qırışların içində dodağındakı qırmızı boya da elə bil öz təravətini itirmişdi. Məclisdə söhbətin nədən getdiyini axıracan dərk etmədiyi üçün Yetərdən soruşdu:
- Oyunbaba kimdir, onun adı Behbud idi.
-Düzdür, rəhmətliyin adı Behbuddur, amma onun ölməyini şərəfləndirmək üçün oyunbaba, yəni adamları ağladan lazımdır. Başa düşdün? Qadın mollası lazımdır. - Yetər sön sözləri elə ucadan dedi ki, hamı çevrilib ona baxdı.
- Molla onu tanıyır?
-Yox.
-Onu tanıyanlar ağlamır, molla niyə ağlamalıdır?
-Molla adam güldürmək üçün deyil...Sizin keşişlər də adam öləndə yasda iştirak etmir?
- Hə, iştirak edir. Bir məsələ var ki, bizim yaslar daha canlı keçir.
- Məclisdə araq butulkaları, zakuskalar bol olanda canlı keçər də. O qədər içirsiniz ki, ölənlə diri arasında fərq azalır. Siz də araq içmək xəstəsi. Yaxşı atalar sözü var: “Qamış ola gomuş ola görməmiş ola.”
- Qamış nədir?
- Atalar sözüdür, tərcümə olunmur.
- Yox, sən kamış demək istəyirsən?
Yetər kar qonşusunun yerli-yersiz şərhlərindən bezib deyindi:
- Əcəb işə düşdüşm. Qəmiş kimi yapışıb yaxamdan. Allah bilir Behbudun da sağlığında nə qədər zəhləsini töküb.
Tarix müəllimi yenə söhbətə müdaxilə etdi:
- Yas məclisində belə ucadan danışmazlar. Mərhumun qabağında susmaq heç nə danışmamaq özü ehtiram əlamətidir.
- Qonşun kar olanda qışqırmayasan nə edəsən?
- Mən kar deyiləm,-deyə Valya Yetərin ucadan dediyi sözü eşidərək, karlığını boynuna almadı.
-Mən də kor deyiləm. Bayaqdan burda gedən söhbətləri öz başa düşdüyün kimi yozursan. Qocalmaq nə vaxtdan ayıb sayılır? Adamın başına iş gələr də. Görmürsən, o boyda kişi ölüb. Heç cürə buna inana bilmirəm. Bəlkə ona görə gözlərimdə yaş da quruyub? Bir həftədən sonra ölsəydi, mənə tapdığı iş də əlimdən çıxmazdı. Adamın gərək bəxti ola.
- Yox, adamın gərək vicdanı, qəlbi ola, -deyə Behbudun böyük baldızı Yetərin yersiz sözlərinə cavab verməyə bilmədi.- Əgər səni işə düzəldib ölsəydi gözündən yaş çıxardı.
Mərhum Behbud işıqlı dünyadakı son saatlarını onu üzük qaşı kimi gövrəyə alan qadınların arasında necə keçirirdi demək çətindir. Yəqin ki, onun ruhu bədənini tərk edəndən sonra qohumlarını, tanışlarını daha yaxşı tanımışdı.
Otağa üç sıra stullar qoyulmuşdu. Üçüncü sırada əyləşən bəzi qadınlar arxa sıralarda şirin-şirin söhbət edirdilər. Çünki onlar məclisdə bir o qədər də nəzəri cəlb etmirdilər. Divardakı saatın əqrəbləri artıq on beş radələrini göstərirdi. Behbudun baldızları köks ötürüb bacılarının əvəzinə bir ağız ağlaşdılar.
-Bacımız Behbuddan əvvəl ölməsəydi hüzür də belə soyuq keçməzdi.
-Yazığın bir oğlu var, o da çadırda kişilərin arasındadır. Nə edə bilər?
- Ölüm necə də adiləşıb. Çünki həyat da öz əvvəlki dəyərini itirib.
-Yadımdadır, əlindəki axırıncı pulunu qonşuluqdakı yataqxanada yaşayan qaçqın ailəsi üçün əsirgəmirdi.
Tarix müəllimi məclisə üzünü tutub ümidlə qadınlardan soruşdu:
-Aramızda bayatı, mərsiyə deyən var?
Yetər yenə əsəbiləşərək, öz hikkəsini gizlədə bilmədi:
- Adını müəllim qoyub bizdən bayatılar, folklor istəyir.Görmürsən burda oturanların çoxu rusdillidir, onlar uşaqlıqda çastuşkalara daha çox qulaq asıblar. O da rusların bayatılarıdır...
- Rəhmətlik özü rus dilli olsa da, ona ehtiyac olmayanda, ancaq öz ana dilində danışırdı. Əvvəla mən ədəbiyyat müəllimi deyiləm.. Qohum özünü belə aparanda özgədən nə ummaq olar? Rəhmətlik buna layiq deyil...Heç rus dilində də deyib ağlayan tapılmadı.
Məclisdəkilər bir anlıq ağlaşmanı, oxşamanı rus dilində təsəvvür edib, qımışdılar. Qadınların arasında başıaşağı qəmgin oturan yaraşıqlı bir xanım nəhayət, kəskin söz deməyin vaxtı çatdığını hiss etdi. Bir azdan kişi mollası otağa girəcəkdi. Rəhmətlik Behbudla Akademiyada uzun illər bir yerdə işləmişdilər. Qadın iclaslarda olduğu kimi ayağa durub hüznlə dedi:
-Behbud müəllimin vəfatı çox ağır bir itkidir. Lakin mən bugünkü məclisə baxıb belə qənaətə gəlirəm ki, indiki zamanda nə diriyə, nə ölüyə hörmət qalmayıb. Bayaqdan hamı öz aralarında danışmaq üçün o qədər mövzu tapa bilib ki, amma Behbud müəllim haqqında söz qəhətə çıxıb. Əvvəllər toy da, yas da tərbiyə ocağı olub...İndi isə çoxumuz bu mədəniyyətdən uzaqlaşmışıq. Bu gün də yas məclisində sizlərin dediyi kimi “oyunbaba” axtarırıq ki, bizi kövrəldib ağlada bilsin. Gözünüzə əziyyət verməyin. Əgər gözlər həqiqəti görə bilmir, qəlbi daşdırsa süni ağlamağa dəyməz. Biz də bu dünyada qonağıq .Allah tərəfindən ölənlərə öz yas məclisində son dəfə vida sözü demək səlahiyyəti verilsəydi görən onlar dirilərə nə deyərdilər? Bəlkə də onların son etirafları insanların indiki şüurunu kökündən dəyişdirərdi. Dirilər qəflət yuxusundan ayılardı. Eh, hələ bilmək olmaz kim diridir, kim ölü. Onun qədrini bilənlər üçün Behbud müəllimin yeri həmişə görünəcək. Nə qədər alim yetişdirib. Onun xeyirxah əməlləri, ziyası da ziyalılığından irəli gəlirdi. Alimin dəyəri Allah yanında həmişə ucadır. Bir alim dünyası bizi tərk edib köçdü. “Fatihə” surəsinin son ayələri hər gün dilimizdə düadır: “Bizi doğru yola yönəlt, nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların yoluna deyil.” Sən doğru yolun yolçusu kimi Allahın xoşbəxt bəndəsi olmusan. Allah sənə qəni-qəni rəhmət eləsin, Behbud müəllim.
Otağa dərin bir sükut çökdü. Daha heç kim söz güləşdirməyə cəsarətlənmədi. Otağa daxil olan cavan kişi Behbudun böyüdülmüş şəklini divardan çıxardanda hamı başı üstündə sərin meh hiss elədi. Büllur çilçırağın sırsıraları hərəkətə gəldi. Otaqdakı sakitliyin içində gərginlik, uğultu vardı. Qulaqlarda eşidilən uğultu bəlkə də Behbudun son vida sözləri idi: “Həyat sizə nə verdi? Diriyə, ölüyə qiymət qoymayan Allahı necə dərk edər? Mənim susan ürəyim ayrılıq ərəfəsində sonuncu dəfə ağrıdı. Elə bildim bütün bunları yuxuda görüb eşidirəm. Öz doğma evim mənə yad göründü. Diri ölülər içində yaman darıxdım. Allah sizə rəhmət eləsin.”
Behbud oğlu və qardaşlarının çiyinlərinə götürülüb həyətə düşürüldü. Hava tutqunlaşırdı. Axşamüstü yağış gözlənilirdi. Payız küləyi isə get-gedə güclənirdi. Qadınlar isti, rahat mənzildən sonra həyətdə üşüyürdülər. Tezliklə isti çay içmək üçün Behbudun keçmiş mənzilinə qalxmağa tələsirdilər. Evində dünənki son gecənin qonağı olan Behbud isə bilmirdi ki, onun üzünə heç vaxt səhər açılmayacaq. Öz evində bilmirdi ki, son çayını içir. Payız da onun son gördüyü fəsil idi. Bu gündən daha nə yağış, nə qar onun həyatına heç vaxt yağmayacaqdı. Tanıdığı adamlar, qohumlar, hər şey sanki qara pərdə arxasında qalmışdı. İrəlidə alimliyi, xeyirxah əməlləri onun o dünyada ən böyük qazancı idi.
Yaşlı molla tabutun qabağında Quranın “Ər-Rəhman” surəsini ucadan oxuya-oxuya üzü qəbiristanlığa gedirdi: “Ey, ağır yük altında olanlar (yaxud yerə ağırlıq edən cinlər və insanlar) sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hasabını mütləq çəkəcəyik). Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!”
Behbudun tabutunu aparanlar gözdən itənəcən Rəbbin nemətlərini yalan sayanlar, dünya aşiqləri hələ də yarımçıq söhbətlərini davam etməkdə idilər...





Zöhrə Əsgərova

Özəl poçtdan məktub var

Sahilyanı küçə ağ toza bürünmüşdü. Bina elə bil köhnə paltarının tozunu çırpırdı, bəlkə də onunla bir yerdə şəhərin küçə və səkilərinə tarixin unudulmuş xatirələrinin ovuntuları səpələnirdi. Fəhlələr bunların fərqinə varmadan binanın qaralmış daşlarını yonub-ağartmaqla məşğul idilər.Tofiq qədim binanın daşlarının dəzgahla yonulmasına ürək ağrısıyla baxırdı. Bina müdrik qocalar kimi səbrlə başına gələnlərə dözürdü. Nəfəsinə, səsinə, yerişinə alışıb öyrənən, sahibini itirən bina yaxşı, pis günlərinin keçmişində, bu günün isə yuxularında zamansız yaşayırdı. Vaxtı ikən Venesiyadan gətirilmiş yeddi qat güzgülər keçmişdən bu günə fikirli-fikirli baxır onların arasında görəsən daha çox kimi axtarırdı?
İçindəki xiffətdən nəhəng güzgülər də sanki saralıb solmuşdu. Onun imkanı olsaydı kino lenti kimi olub-keçənləri muzeyə gələnlərə göstərərdi. Bu, sərhədsiz dünyaya Tofiq qonaq getməyə hazır idi. Uşaq kimi ulu nənəsi Sona xanımın nəvazişini, sığalını burda duymaq istəyirdi. Qızı Sara xanımın toyunun şahidi olan bu bina sonralar onun göz dağına çevrilmişdi.Tofiq zallara uzanan pillələrin divarlarındakı güzgülərin qarşısında hər dəfə ayaq saxlayıb sanki onlarla dərdləşirdi. Bir vaxtlar tikdirdiyi bu binanın qapısını ağa, kapitalist kimi açıb içəri girən Hacı bir gün adından savayı hər şeyini itirib müflis Hacı kimi qapı arxasında çöldə qaldı. Elə bil keçmiş kasıb bənna Zeynalabdin təzədən onun taleyinə qayıtmaqla demək istəyirdi: “Ay Hacı, gördünmü pul, var-dövlət gəldi-gedərdi. Dövlətlinin dostu az, düşməni çox olar, gec-tez şeytan toruna düşər. Bir vaxtlar neft qara qızıl kimi başına səpildi. İndi onun bir damlası da sənin deyil. Dünya vəfalı olsaydı əlinin də duzu olardı...Bənna Zeynalabdin heç nə itirməyib. Hər şeyini itirən Hacı Zeynalabdindir...” Tarixin amansız səhnələrinin canlı şahidi olan bir məkanda fəhlələr bu günün qayğıları içində günorta naharına hazırlaşırdılar. Bir yandan günün istisi, bir yandan da daşların tozu fəhlələrin tərli üzündə ağ şırımlar açmışdı. Tofiq qəzet kağızından başına papaq qoyan qarayanız bəstəboy cavan ustanın bu istinin altında işləməyinə ürəyi ağrısa da, binanın daşlarının yonulmasından narazı idi. O,tərəddüdlə fəhləyə yaxınlaşıb astadan dedi:
-Ürəyin necə dözür ki, bu qədim daşları yonub nazildirsən?
Tofiqin gözlənilməz sualına usta təəcüblənsə də, amma həmişəki kimi öz hazırcavablığından qalmadı. Özünəməxsus tərzdə aktyor məharətilə ucadan dedi:
-Əmi, qorxmayın, tarix bununla nazilməz. Düzdür,həqiqət nazilər, amma üzülməz. Özünüz görürsünüz ki, qədim binadır onun da restavrasiyaya, təmirə ehtiyacı var. Yadınızdadır Bakıda zəlzələ olmuşdu...
- O dəhşətli günü kim unudar? Torpaq bizi yaman silkələdi.
- Bax, o zəlzələ günü muzeyin Avropa zalı da bərk silkələnmişdi. Biz, Avropa Birliyinin üzvü kimi o zalı bərbad vəziyyətdə saxlaya bilərikmi?
Tofiq ustanın yarızarafatla dediyi sözlərdən xoşlanmadı:
- Ay bala, bunun siyasətə nə dəxli var. Muzey milli mədəni sərvətdir, necə deyərlər, tariximizin pasportudur. Muzeyin bu günü, gələcəyi də millətin keçmişinə bağlıdır. Bu ocaqda gedən bərpa işləri bütün zallarda halallıqla, məhəbbətlə aparılmalıdır. Qızıl qiymətli tarixə edilən əlavələr yamaqdan savayı heç nə deyil.- Tofiq yanıqlı-yanıqlı köks ötürdü.
Cavan oğlan fikirlərin axarını dəyişib Tofiqi sual yağışına tutdu:
- Bağışlayın, adınızı da bilmirəm... fikir vermişəm ki, bayaqdan burda dayanıb tozları udmaqla məşğulsunuz. Xeyirdir?
Tofiq tozdan qurumuş boğazını arıtdayıb dedi:
-Xeyirdən keçib. Dərisini soyduğun bina heç bilirsən kimin olub?
-Allah ona rəhmət eləsin. Onu kim tanımır... Hacı Zeynalabdinin. Deyilənə görə binanı cavan arvadı Sona xanım üçün tikdirib. Özü də çox xeyirxah adam olub.
Tofiq ulu babasının ünvanına söylənən xoş sözlərdən həyəcanlandı. Dünya durduqca adı yaxşılıqla çəkilən bir kişinin nətıcəsi kimi qəlbi dağa döndü. Babasının varisi kimi dedi:
- Deyirlər, öz işçilərinə, fəhlələrə qarşı çox mülayim, qayğıkeş insan olub. İşsiz qalan adamlar üçün bez fabriki açmışdı. Fabrik əvvəlcə ziyanla işləsə də onu fəhlələrin üzünə bağlamyıb. Belə sahibkarlarla işləməyə nə var ki... Maraqlıdır sağ vaxtında sən onun işçisi olsaydın Hacıdan nə xahiş edərdin?
-Mən?- deyə cavan oğlan karıxdı. Əvvəlcə elə zənn etdi ki, bu sualı ona Hacı özü verir. Arzularına bir anlıq qovuşsa da təəssüflə Tofiqə baxdı,- mən nə istəyə bilərdim?
- Deyirəm ki, yəni əlinə fürsət düşsəydi ondan nə istəyərdin?
-Ay əmi, hardadır məndə o bəxt. O sağ olanda mən dünyada yox idim. Yaşasaydım da onunla bir yerdə vedrələrdə palçıq daşıyacaqdım, ən yaxşısı bənnalıq edəcəkdim. Hər bənna dönüb Hacı Zeynalabdin olmaz. Amma Allah məni kasıb onu dövlətli yaratdığı üçün əlimə fürsət düşsəydi bugünkü dərdimi onunla bölüşərdim.
-Məsələn, nə deyərdin?
-Deyərdim ki, başına dönüm, ay Hacı, kasıbların da, varlıların da Allahı birdir, amma oxuduqları dualar müxtəlifdir. Ac adam Allahdan nə istəyər? Varlının pulu çox olsun ki, kasıba da əl uzatsın. Varlı da çox pul istəyər ki, imarətlərinin sayı artsın ucuz fəhlə əməyindən istifadə etsin. Belə çıxır ki, hamı dövlətlinin varını daha da artırmaq üçün əlləşib-vuruşur.
Tofiq onun sözlərindən təsirləndi. Əslinə baxanda bu fikirdə həqiqət vardı. “Amma Hacı kimilər olmasaydı fəhlələr üçün yeni iş yerləri açılmazdı”,-deyə Tofiq daxilində onunla axıracan razılaşa bilmədi.
-Sənin sözlərinə, ancaq Hacı yerli-yerində cavab verə bilərdi. Mən də sənin kimi adi, sıravi bir insanam. Hər halda Allah yaxşı bilir ki, bizi imtahana niyə çəkir. Qismətin qabağına keçmək olmaz... Heç bircə dəfə muzeyin içində olmusan?
- Niyə olmamışam...Fəhlə baba haralarda olmur. O qədər obyektlərdə işləmişəm ki.
-Mən harda işləməyindən danışmıram. Muzeyin içindəkilərlə maraqlanmısan?
-Boş vaxtım olsaydı çox şey öyrənərdim. Gözəl şəhərimizin özü elə mənim üçün muzeydir. Bəs, sizin necə müzeyin içindəkilərindən xəbəriniz var?
Tofiq vaxti ikən burda baş verən hadisələrdən də xəbərdar olduğunu, Hacıya yaxın qohumluğu çatdığını deməyi yersiz bildi.
-Mənim bu binanın çölündən də, içindən də geniş məlumatım var.
-Yəqin ki, tarixçisiniz...
-Təxminən...Mənim də ailəmin tarixlə əlaqəsi var. Hərdən keçmiş şəhərin qədim əzəmətli binalarının şəkillərinə baxanda elə bil adamlarını da yaxından tanıyıram... Vallah şəhərdə beş mərtəbədən hündür ev tikmək düzgün deyil. Ağaclardan da hündür ev olar? Allah da o ağacları bu binalar kimi göyə ucaltsaydı, kasıb adam meyvə üzünə həsrət qalardı. Göylərə pəncərəli nərdivanlar qalxdıqca çölümüz də, içimiz də dəyişir. Kaş ki, torpaqdan üzü göylərə, təkcə dualarımızla əllərimiz uzanaydı...
-Əmi, görürəm ki, hal əhlisiniz. Sizinlə ayrıca oturub söhbətimizi həvəslə davam etdirərdim... bəlkə də nə vaxtsa qismət olar. Amma halva-halva deməklə də ağız şirin olmur. Kaş Hacı sağ olaydı mən də deyəydim ki, ay ağa, anamın, həkimlərin yanında qoyma üzüqara qalım. Bir ətək pul lazımdır ki, anamın dərmanalrını alım. Pul at kimi məndən qabaqda çapır, piyada fəhlə baba ona necə çatsın? Bu zəhrimar yoxsulluğun çətin imtahanı alnımıza möhürlənib.
- Sən fəhləlik etsən də yoxsul ziyalı kimi danışırsan.
-Düz buyurursuz. Ali diplomla fəhləlik edirəm.Yoxsul ziyalının dərdi daha böyükdür. Çox alim, savadlı adamlar tanıyıram ki, yoxsulluğun ağır yükünə tab gətirməyib dünyasını dəyişib. Əmi, daşların dərdi böyük tarixin dərdidir...Daşın üzü elə daş kimi bərk olar. İnsanın ömrü isə gödəkdir. Bax, mənim taleyim isə papiros kimi qoyub dodağına yandıra-yandıra tüstülədir məni. Vaxtı ikən kasıblığın acı meyvəsini yeyən şairlərdən biri deyib ki:

Sən bilməzsən, soyuq qış gecələrində
Çörək əvəzinə nağıl yeyib yatmağı...

Tofiqin ata-anasıyla sürgündə keçirdiyi günlər xəyalında dolandı. Şeirdə olduğu kimi sürgündə gələcəyə ümidi qırılmasın deyə uzun illər ac qarına nağıl yeyib yatmaq öyrənmişdi. O, binanın soyuq daşlarını həsrətlə sığallayıb oxşayaraq pıçıltıyla dedi: “Anamın babasının yadigarı”.
Fəhlə elə bil yuxudan ayıldı.
-Heç özüm də bilmirəm niyə bu qədər danışdım...Qəirbədir siz adamın qəlbinə necə yaxın yol tapa bilirsiniz. Görürəm ki, siz Hacı Zeynalabdinin pərəstişkarısınız. Bu gün siz onun ruhunu şad etdiniz... Elə bil mənim də gözümdən pərdəni götürdünüz. Bu daşlar onun yadigarı kimi qayğı və məhəbbətə layiqdir. Sağ olun, əmi. Mən gedim, naharın vaxtı ötür. Ac qarına işləmək, düşünmək çətindir fəhlə üçün,-deyə o, qayğılar burulğanında yeyin addımlarla ondan uzaqlaşdı.
Tofiq fəhlənin adını soruşmasa da, ancaq hiss edirdi ki, onun çəlimsiz bədənini, çuxura düşmüş fərəhsiz gözlərini, tarixin qara daşlarının ağ tozuna batmış saçlarını, heç vaxt unuda bilməyəcək. Bir az əvvəl tanımadığı yad cavan fəhlə ulu babasının binasının fonunda indi ona doğma görünürdü.
Hər il sentyabrın biri Hacının ölüm günündə köhnə xatirələr elə bil təzədən dirilirdi. Tofiqə anasının babasını, nənəsini görmək qismət olmasa da, onunla doğma ünsiyyətə, müdrik sözlərinə mənəvi ehtiyacı vardı.
Evə çatanda telefonun zəng çaldığını eşidib hövlnak dəstəyi qaldırdı. Arvadı Gürcüstandan zəng vururdu. Bir həftəlik qardaşına baş çəkməyə getmişdi. Telefonda arvadı ilə danışıb hal-əhval tutandan sonra köşkdən aldığı qəzetdə ulu babasına həsr olunmuş məqaləni nəzərdən keçirdi. Hacı ilə bağlı yeni nə yazıla bilərdi? İnsan haqqında yazmaq üçün onu şəxsən tanımaq, görmək, səsini eşitmək lazımdır. Tofiq heç olmasa doğmalarından onun haqqında eşitmişdi. Çap olunmayan o qədər hadisələr yaddaşlarda özü ilə bu dünyanı tərk etmişdi.
Tofiq ömürdən vəfasızlığı hər an gözləyirdi. Son illər sağlamlığı qar kimi əriməkdə idi. Bir həftə əvvəl həkim onu son diaqnozla sevindirməmişdi. Bu haqda arvadına da heç nə deməmişdi. Nədənsə son aylar ulu babasını tez-tez yuxuda görürdü. Tofiq yuxularını da heç kimə danışmırdı. Ona elə gəlirdi ki, Hacı Zeynalabdinlə bağlı fikirlərini, yuxularını heç kimlə bölüşə bilməz. Çünki bu gizli vizual ünsiyyət, ancaq ikisinə aid idi. Kim bilir, bəlkə o dünyada da qohumlarını, işçilərini, xalqını düşünürdü. Elə bilir ki, yenə də qırmızılara, bolşeviklərə möhtacıq. Tofiqin ürəyi dolu idi. Təqaüdə çıxandan sonra evdə qərar tuta bilmirdi. Gah ulu babasının qədim evinə-muzeyə baş çəkirdi, ya da Mərdəkandakı qəbrini ziyarət edirdi.
Bir sentyabr günü şagird həvəsi ilə ulu babasının ruhuna üz tutub ürəyindən keçənləri onunla bölüşmək istəyi hər şeyə üstün gəldi. Tofiq sanki fikirlərin sehirli selinə düşmüşdü: “O dünyaya məktub yazmaq, əzizlərinlə məktublaşmaq mümkün olasydı, yazardım ki, ey anamın babası, el atası, salam olsun sənə! Səni tanıyanlar artıq dünyalarını dəyişsələr də, sorağını heç kimdən ala bilməsəm də haqqında yazılan ədəbiyyatı oxuyuram. Oxuduğum sətirlərin arasında sənin nəfəsini duymaq istəyirəm. El üçün ağlayan gözsüz qalar, deyiblər. Sənin gözlərin o kor zamanda millətin xoşbəxt gələcəyini görmək istəyirdi. Zamanmı, insanlarmı üzüdönükdür? Mənim kimi yaşlı adamın ulu babasına yazılan məktubu nə qədər qeyri-adi görünsə də, səninlə ünsiyyət qurmaq istəyi daha güclüdür. Bildiyimə görə Amerikada ölənlərin yaxın qohumları üçün qəribə xidmət təşkil edilib. “Göylərin poçtuyla” rəhmətliklərə qohumların məktubları göndərilir. Özəl poçtda mələklərmi, kosmonavtlarmı bu işi görür, deyə bilmərəm. Yazıçı qələmi gərəkdir ki, o yazılan məktublar canlanıb hekayələrə, povestlərə çevrilsin. Allah bilir, yazılan məktublarda nə qədər vaxtında deyilməmiş, gecikmiş etiraflar, həsrət və məhəbbət var. Dünyada insanların ən ümidsiz, ölüm adlı, acı dadlı ayrılığı dirilərin sağlığında yaşadığı ən böyük sağalmaz mənəvi yarasıdır. O yazılan məktubların arxasında minlərlə insan taleyi var. İnanıram ki, o məktublarda dünyanın ən səmimi, saf duyğuları toplanıb. Görəsən, məktub sahibləri ona cavab göndəriləcəyinə sadəlöhvcəsinə inanırlarmı? Bəlkə də bu şirin yalana inanmaq istəyi onları yaşadır. Mənim də ən böyük arzum səninlə görüşməkdir. Səsini bircə dəfə eşidib gözünə baxa bilsəydim özümü xoşbəxt hesab edərdim. Səni şəxsən görüb tanıyanlara bilsən necə qibtə edirəm. Əgər sən o dünyadan məktub yazsaydın, onu kimə ünvanlayardın? Ah, bağışla axı, sən yazıb oxuya bilmirsən. Məktubumu ordakı tanışlardan birinə oxutdur, mütləq. Mənə elə gəlir ki, gördüyümüz yuxular özü canlı məktublardır. Yazdığım məktubu isə yuxuda sənə göndərəcəyəm.Yəqin yaxın illərdə göylərdə görüşmək bizə qismət olacaq. Ürəyimə damıb ki, sən orada məni gözləyirsən. Səndən sonra başımıza gələnlər haqda danışacağam. O dövrdə Allahsız dövlətdən mərhəmət, ədalət ummaq olmazdı. Rəhmətlik Cəlaləddin Rumi çox gözəl deyib: “Ədalət hər şeyi layiq olduğu yerə qoymaqdır. Papağı başa, ayaqqabını ayağa.” Amma vaxt vardı elə bil fələyin üzü dönmüşdü, papaqlar ayaqdaydı. Bax, elimin qeyrətli atası, o dövrdə sənin ailə üzvlərin də pis, namərd adamların ayaqları altına atılsa da, qürurlarını sındırmadılar. Hər şeyə dözdülər...Haqq batili məhv edəndən sonra bəzilərimiz Allahı necə deyərlər, rəsmi surətdə tanıdı. Bu gün isə evinin içi, çölü təmirdədir. Əlbəttə, sən sağ olsaydın oranı öz bildiyin kimi dəyişərdin... Binanın daşları yonulub nazildikcə özümə yer tapmıram. Elə bilirəm ki, bina öz keçmişinə yadlaşır. Sən də nə vaxtsa bənna olmusan, daşların qiymətini yaxşı bilirsən...Binanı tikənlərə Allah rəhmət eləsin. Əslində mən ona saray deyərdim. Onu tikənlə zəbt edən görəsən, o dünyada da sinfi düşmənçiliyini davam edirmi? Sən elə şəxsiyyət idin ki, hansı əsrdə yaşamağından asılı olmayaraq həmişə xalqa yaxın olmusan. Necə deyərlər, sənin xəmirin belə yoğrulub. İnanmaq istəyirəm ki, məktubum sənə çatacaq.
Vəfat günü insanın fani ömründən xəbər verir. İnsanın yoxluğu həmişə varlıq dünyasında dərindən hiss olunur. Özü də sənin kimi bir insan ola. O dövrdə otuz milyonluq kapitalı, zavod, fabrikləri, daha nələri olan, xalqını savadlı görmək istəyən, bu yolda canını, pulunu əsirgəməyən insanı nankor və namərdlər unutmağa çalışsa da, tarixə qızıl hərflərlə yazılanların adı heç vaxt pozulmur. Çünki o fəxri ada möhürü xalq özü vurub. Allah sənə qəni-qəni rəhmət eləsin.”
Tofiq son cümləsinə nöqtə qoyandan sonra rahat nəfəs aldı. Heç cürə inana bilmirdi ki, bu sözləri o yazıb. O da ölülərlə dirilər arasında “körpüyə” çevrilən özəl poçta inanmaq istəyirdi...Bəzən arzular yuxularda gerçəkləşirdi, lap həyatda olduğu kimi.
İki okeanın arasında yerləşən o uzaq ölkədə belə xidmətin təşkili adi poçt xidmətindən çox seçilirdi. Çünki zərflərin üstündə dəqiq ünvan qeyd edilmirdi. Zərfdə yalnız keçmiş adamın adı, soy adı və kim tərəfindən göndərilməsi yazılırdı. Ümumiyyətlə, Tofiq hələ cavanlıqdan möcüzələrə real həyatımızın bir hissəsi kimi baxırdı.
Bu gecə saat üç radələrində Tofiqin Hacı ilə o qədim binada yuxulu görüşü baş tutacaqdı. Şəhər gecənin sükutuna dalmışdı. Sirlər yuvası olan gecə qaranlıqdan işığa doğru möcüzələr qapısını taybatay açmışdı...Tofiqin çoxdankı arzuları həyata keçmək üzrə idi. O, binanın qarşısına necə çatdığını xatırlamasa da qapıya əlini uzatmaq istəyəndə qapı gözlənilmədən aralandı və o, düşdüyü qaranlığın içində vahimələndi. İradəsini toplasa da onu bürüyən gizli həyəcandan nəfəsi tıncıxdı. Geriyə yol yox idi. Tofiq enli mərmər pillələrlə yuxarı qalxdı. Möhtəşəm Şərq zalına daxil olanda ilahi bir nəfəs yüzlərlə yerə düzülmüş şamları yandırdı. Şamlar sanki Tofiqin gəlişini gözləyirdi. Hacı zalın yuxarı başında əvvəlki yerində əyləşmişdi.. Hardansa lap uzaqdan tarın səsi eşidilirdi. Tarın həzin səsi içində bəlkə də Hacı əriyib yox olmuşdu. Keçmişdə başına gələn faciələrin acısı, ağrısı hələ də canından çıxmamışdı. Hacı o dünyadan gəldiyi üçün indi görüb duyduqlarını yuxulu adam kimi yaşayırdı. Tofiq isə əksinə ulu babasıyla görüşü həqiqət bilirdi. Nədənsə zal ağ dumana bürünmüş, yerdəki xalıların üzərindəki naxışlar itmişdi. Rəhmətlik anası həmişə deyərdi ki, yuxuda naxışı itmiş xalca görsəydim bədbəxt hadisə baş verərdi. Bəlkə də xalçalar bu görkəmi ilə xoşbəxt günlərin keçmişdə qaldığından, itgisindən xəbər verirdi. Nəbati naxışlarla bəzədilmiş möhtəşəm divarlar, tavan əvvəlki təravətini itirmiş, buza dönmüş nəhəng çilçıraq yerə endirilmişdi.Yataq otağındakı çarpayı isə torpağın içindəydi. Divarlarda Leninin şəkilləri bu solğun mənzərənin içində daha canlı görünürdü.
- Niyə uzaqda dayanıb durmusan? Yaxın gəl...Gec də olsa səni görməyimə şadam, Tofiq,-deyə Hacı onu yaxından tanıdığına işarə etdi. Sirayətedici baxışları Tofiqin həyəcanlarını daha da artırdı.
- Mən də şadam, baba,- deyə Tofiqin səsi titrədi, sanki uşaq kimi sevindi.
Ona elə gəldi ki, yaşı da, boyu da kiçilib ulu babasının qabağında uşaqlaşıb. Bu anların uzanmasını necə də Allahından arzu edirdi. Çoxdandır beləcə ürəkdən sevindiyini xatırlamırdı. İmkan olsaydı Tofiq bu gecə vaxtı bura jurnalisləri toplayardı, onlar da eksklüziv olaraq Hacıdan müsahibə götürərdilər, amma necə? Bugünkü görüş yuxu ilə həqiqət arasında ümidlərin gerçəkləşməyə doğru uzanan gözəgörünməz sərhəddində baş verirdi.Tofiq bu arzunun bu gecə həyata keçə bilməyəcəyini dərk edib qızıl kimi vaxtını itirmək istəmədi. Babasını eşitməkdən gözəl nə ola bilərdi. O ulu babasının qarşısında diz çöküb uşaq kimi kövrəldi:
- Bizi ayıran zaman nəhayət ki, özü də bizi sənin ocağında görüşdürdü.
- Elədir, əziz nəticəm. Eiə bil bir əsrdir yol gəlirəm, yaman yorğunam. Əvvəllər o qədər işin, qayğının qabağında yoruldum nədir bilməzdim. İndi isə qocaldığımı hiss edirəm. Ay bala, sən niyə vaxtsız qocalmısan?
- Baba, insan əslində qocalmaq üçün yaşayır.
- Düzdür, səninlə razıyam, amma qocalıqda zəhmətinin şirin bəhrəsini yemək də hər adama nəsib deyil.- Hacı bir anlıq susdu. Sonra onu narahat edən suala cavab almaq üçün nəticəsindən soruşdu.- Əvvəllər mənim evimin qapısı ağzında heç bir yazı asılmazdı. Savadım olsaydı oxuyardım ki, lövhədə nə yazılıb. Bəs mənim qiymətli çöl qapımın aqibəti necə oldu? Hə, doğrudan da mənim öldüyüm günlərdir.
- Qapıdakı lövhədə bu binanın tarix müzeyi olduğu bildirilir. Bir də, ay baba, sənin xeyirxahlığın, savabın yüz savadlıya dəyər. Özün yaxşı bilirsən ki, bəzi pis adamların savadlanmasının cəmiyyət üçün xeyirdən çox ziyanı var.
Tofiqin bu yaşda başqasına “baba” deməsi, ancaq yuxuda mümkün idi.
- Demək belə çıxır ki, mən səni evimizdə yox, muzeydə qarşılayıram. Mən də canlı deyil ölü tarixəm.-Hacı dərindən köks ötürdü.
- Baba, mən ki, canlı nəticənəm.
-Hə, buna da şükür,-deyə Hacı doğma nəzərlərlə nəticəsinə baxdı.- Sənin məktubun məni bura gətirtdi. O qədər adam mənim yaxşılığıma qarşı yamanlıq, nankorluq edib ki...Sən isə heç vaxt görməyə-görməyə mənə məhəbbət göstərirsən. Hətta binamızın daşlarının yonulub nazilməsı də ürəyini ağrıdır. Mənim halal işimə haram qatan heç vaxt xeyir görməz. Mən fəhlədən incimirəm o, tapşırıqları, əmrləri icra edir.
Tofiq babasını dinləsə də Leninin divardakı şəklindən gözünü çəkə bilmirdi.
- Baba, axı, sənin evində heç vaxt Leninin şəkli asılmayıb.
Hacı acı-acı gülümsünüb şəkilə qıyqacı baxıb dedi:
-Tofiq,özünə hörmət edən adam düşmənin şəklini dıvarından asar? Sosializmin el atası mənim qara kölgəmdir.Yəqin bura gəlməyimdən xəbər tutub, ona görə qulağı bizdədir.
- Allah ona lənət eləsin.
- Elə lənətlikdir ki, torpağa tapşırılmayıb.
- Tarixin də cənnət və cəhənnəmlik olan dahiləri var. Ölümdən sonra tarixdə yaxşı adla yaşamağın özü əbədi ünvandır. Baba, sən Allahın sevimli bəndələrindən birisən, ona görə çətin imtahanlarla üzbəüz qaldın.
Mənim xoşbəxt günlərimin çoxu xalqıma xidmətdə keçdi. Bacardığımı ondan əsirgəmədim. Onun qarşısında gözü kölgəli deyiləm.
- Sənin təmiz adın ən böyük dövlətindir. Səninlə fəxr edirəm.
- Sağ ol, Tofiq, mən də səndən raziyam. Allah heç vaxt adamların ağlını əlindən almasın, mizan-tərəzi pozulmasın. Yaxşı deyiblər ki, adamın əvvəli yaxşı olunca axırı yaxşı olsun.- Söhbətin bu yerində Hacı uşaq kimi kövrəldi. Həyatından çox sevdiyi doğmalarının faciələrini xatırladıqca onun ürəyini yenə göyüm-göyüm göynətdi. Bir ümidlə təskinlik tapırdı ki, nəyi vardı yenə xalqına məxsusdur və onun evi həmişəki kimi qonaqpərvərdir.
Onların doğma, mehriban ünsiyyətindən bəlkə də soyuq divarlar da sevinir, rahat nəfəs alırdı. Söhbətləri neçə gün, neçə gecə davam etsəydi belə yenə qurtaran deyildi. Uzaqdan eşidilən tar ilə “Azan” səsi Tofiqin yuxusunda bir-birinə qarışmışdı. Yuxu anbaan dumana çevrilib sübhün ala-toran üfüqlərində əriyirdi. Ayrılıq görüşün acı sonu kimi Hacını əsas mətləbə keçməyə tələsdirdi. Tofiq son dəfə Hacının əlinin hərarətini öz çiynində hiss etdi. Hacı özünəməxsus təmkinlə dedi:
-Bilirəm bu gün evimin qabağında bir fəhləylə tanış olmusan. Söhbətinizin axırında deyəsən, məndən - yəni Hacı Zeynalabdindən yardım istənilib. Əstəğfürullah, mən peyğəmbər deyiləm ki, möcüzə göstərim. Mənim nəticəm olsan da Lenin baban səni vərəsəlikdən məhrum edib, sənin də yanında üzüqarayam. Səndən bir xahişim var. Dərmana cata biləcək qədər evdən bir az pul götür, Allah əvəzini verər. Pulu mənim adımdan ver. De ki, bunu sənə bənna Zeynalabdin göndərdi. Darıxmasın, hər şey qismətin əlindədir. Fəhləlik etmək, öz zəhmətinlə dolanmaq da kişilikdəndir, əgər qədir-qiymətin ola. Allahdan onun anasına şəfa, özünə səbr diləyirəm. Görürsən də bu dünyanın işini bilmək olmaz. Vaxtı ikən aləmə pul paylayardım,ancaq indi qoca vaxtımda səndən istəyirəm.
-Darıxma,baba, əgər yaxşı adam olmasaydın bu gün sənin şəkillərin divarlardan asılmazdı. Milyonları qazanıb itirsən də hörmətin itmədi.
Tofiq Hacının sözlərini özü ilə gətirdiyi dəftərə yazmışdı necə deyərlər, özəl poçtun xidmətindən istifadə etmək fürsətini əldən vermək istəmirdi.O, kağızda Hacıya imza qoymağı xahiş etdi. O da kağızın sonunda on bir kiçik cızıq çəkdi. Savadsız bənna Zeynalabdinin kağızı Hacı tərəfindən təsdiqləndi.Tofiq ilk dəfə idi ki, babasının imzasını öz gözü ilə görürdü. Görəsən, onu on bir rəqəmlə bağlayan nə idi? On bir cızığın müəllifi nə vaxtsa millətinin yolunda neçə-neçə xeyirxah işlərin həyata keçməsinə imza qoymuşdu...
Tofiq yuxudan oyananda həyat işığı sel kimi gözlərindən içinə axdı. Əvvəlcə hansı məkanda olduğunu bir anlıq dərk etmədi. Ulu babası ilə görüşün təsirindən hələ də ayrıla bilmədiyi üçün yatağından durmağa tələsmirdi. Lakin Hacının xahişini xatırlayanda yerində qərar tuta bilməyib hövlnak ayağa durdu. Köhnə şifonerin yuxarı gözündə balaca qutuda dar gün üçün saxladığı puldan götürüb şalvarının cibinə qoydu. “Görəsən, Tellini inandıra biləcəyəmmi pulları hara, niyə xərcləmişəm?” Tofiq əslində bu haqda düşünməməyə çalışdı.
Tofıq bu gün Hacının sanki səlahiyyətli elçisi kimi anasının baba ocağına sarı üz tutdu. Tofiqə elə gəlirdi ki, ayağının altındakı torpaq, ağaclarda titrəşən yarpaqlar da onun kimi həyəcanlıdır. Yenə daş yonan dəzgahın səsindən qulaq batır, daşların tozu un kimi sanki ələkdən səpələnirdi. Tofiq fəhlələrin arasında dünən tanış olduğu ustanı tapıb onunla görüşdü.Fəhlə onun gəlişinin məqsədini bilməsə də dodağında təbəssümlə Tofiqi qarşıladı.Tofiq karıxdığı üçün salamlaşmağı unudub əlindəki zərfi hələ də adını bilmədiyi cavan oğlana uzadaraq dedi:
- Özəl poçtdan məktub və sənə çatacaq pul var.
- Siz poçtda işləyirsiniz?
- Bəli, ulu babamın poçtunda.
Cavan oğlan pulu götürmək əvəzinə təəccüblə soruşdu:
- Bu nə puldur?
- Bənna Zeynalabdin bu pulları sənə göndərdi. Halal pulun kimi xərclə. Allah anana şəfa versin,- deyə Tofiq fəhlənin əlini ovcunda hərarətlə sıxdı.
O, heç nə başa düşməyib beynində bənna Zeynalabdinin kimliyini araşdırdı. Axı, onun bu adda qohumu, tanışı yox idi. Hacı Zeynalabdin isə keçən əsrdə iyirmi dördüncü ildə rəhmətə getmişdi. Cavan usta məktubu açıb sonunda on bir cızıq görəndə Tofiqlə dünənki söhbətində Hacıdan yardım istəməyi yadına düşdü. Hansısa kitabda oxumuşdu ki, Hacı həmişə imza əvəzinə on bir cızıq çəkərdi. Bugünkü möcüzəyə mat-məəttəl qalmışdı.Tofiq “özəl poçt” işçisi kimi bu dəfə məktubların istiqamətini dəyişmişdi. “Göydən gələn sifarişlə” zərfdə pul gətirdiyi üçün özünü xoşbəxt sayırdı. Tofiq binaya intizarla baxıb sanki kimi isə axtarırdı.Birdən baxışları ikinci mərtəbəyə sataşdı.Ona elə gəldi ki, Hacı evindəki fəvvarəli qış bağının pəncərəsindən özünəməxsus qürurla ona baxır, razılıqla gülümsünür.