2 sonuçtan 1 ile 2 arası

Zöhrə Əsgərova - Sənsizlik qocalır mənimlə

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    6

    Zöhrə Əsgərova - Sənsizlik qocalır mənimlə

    Həyatımıza ümid verən şirin görüşlər siz döğulan andan ayrılığa məhkumsunuz. Həyat başımızı gündəlik işlərə elə qarışdırır ki, getdiyimiz yolun sonuna inanmırıq. Çünki sonluğumuz yolun əvvəlində əfsanəyə, nağıla bənzəyir. Sonda yolumuzu gözləyən ayrılıq isə həyatımız boyu qazandıqlarımızdan, xoşbəxt xatirələrdən qisas alanda nə yaman olurmuş onun ağrısı? Yaddaşımızda yuva salan, doğma ünvanda ovunmayan xatirələrin soyuq, lal-sükut evində kim xoşbəxt ola bilər? Ən çətin anlarımızda dünyanın da işığı gözlərimizdə sönür. Əslində ümidsizlikdən, çarəsizlikdən gözlərimiz işıqdan gizlənməyə çalışır. Çünki bu amansız, güclü sınaq qarşısında həqiqətin işığına dözmək çox ağırdır.
    Bu gün ayrılığın qara “toyu”ndan neçə il keçir? Bir il, beş Il, on il keçsə də fərq etməz. Nə qədər ürəyim vurur, ayrı yaşanan günlərimizdə, xəyallarımda keçmişin qaranlıq otağını xatirələrin işığı ilə yandıracağam.
    Uzun illər boyu sənə doğma, əziz olan mənzərənin bir an içində necə dəyişilib yadlaşdığına inanmaq çox çətindir. Elə bil teatr səhnəsində olduğu kumu mizanları bir an içində gözəgörünməz əl dəyişir. Əslində heç nə öz yerini, ünvanını dəyişməyib. Həmin tanıdığım məkandır. Dəyişən mənim taleyim, həyatımdır. Vaxtsız ayrılıq öz qəmli nəğməsini oxuyanda onu dinləməkdən ağır nə ola bilər? Çünki bu nəğmə sənin taleyinin ən kədərli ayrılıq nəğməsidir. Onu sən yaşayıb, sən duya bilərsən. Belə anlarda ayrılıq nəğməsinə qovuşan dünyanın içindən xoşbəxt bir dünya qopub səndən həmişəlik ayrılır. Özü ilə bərabər sənin də ən qiymətli ümid dolu arzularını aparır.
    Qəlbimin səsinə qulaq asanda elə bil vaxt da dayanır. Keçmiş günlərə gözəgörünməz qapılar açılır. Sevdiyim adamlar məni həvəslə öz cavanlıq illərinə aparır. Orda olduğundan da çox mehriban və doğmalıqla məni əhatə edirlər. Allah, bu necə xoşbəxt günlər imiş. Lakin “indi”, “bu an” şərq fəlsəfəsinin insan həyatında necə vacib olduğunu əvvəlcədən dərk etsəydik, acını şirinlə, şirini acıyla bir-birinə qatmasaydıq hər nemətin dadını vaxtında olduğu kimi hiss edə bilərdik. Eh, qədrini bilmədiyimiz doğma anlar siz uzaqdan elə müqəddəs, məsum görünürsünüz. Bağışlayın məni əlçatmaz, ünyetməz illərin doğmaları, qədrinizi gec bldim. Kövrək xatirələrdə yaşayan tanış ünvanlar, doğma simalar həyatımızın şirin nağılı deyil, bəs nədir? Ömrü gödək xoşbəxtliyə alışsaq da, amma kədər bizə dözmək öyrədir. O kədər ki, səni səndən alıb yad uzaqlara aparır. Sənli günlərin nə tez axşamı düşdü? Dilim necə desin: “Dünənki işıqlı xoşbəxt günlərim, axşamın xeyir.”
    İnsanlar təkcə ayrılıqların, xəyanətin qurbanı deyil, özünə, malına, həyata güvənənlər də sevgisində yanılır, hər şey fanidir, aldadıcıdır. Anbaan hər şey əlimizdən çıxmaqdadır. Zamanın ətəyindən heç kim tuta bilməz. Onu saxlamağa heç kim qadir deyil. Elə isə fani dünyada təkəbbürü, zalımlığı unudaq. Allahın bir mələyi vardır ki, hər gün fəryad edib deyir: “Doğulun ölmək üçün.Toplayın dağılmaq üçün. Qurun yıxılmaq üçün.” Allahı sevməkdən uca, müqəddəs heç nə yoxdur. Amma öz yaxınlarını, doğmalarını sevməyi də bizə uca Yaradan əmanət edib. Qəlbi Allah eşqi ilə yanan, əsrlərin qaranlığında ulduz kimi parlayan, müdriklik, aşiqlik ocağının sahibi Füzuli bəlağət bağçasının bəzəyi olan “Hədiqətüs süəda” əsərində deyir: “Adəmin dünyanın hər dürlü nemətindən duyduğu ləzzət o qədər çox idi ki, o yasaq olunmuş ağacın budağına tamah salmaya da bilərdi.” Allah bizi gözəl yalandan, cavan görünən dünya həvəsindən qorusun.
    Hamının alnında Fələyin qələmiylə taleyi yazılıb. Hər şeyin, hər kəsin əvvəli sonuna, sonu da əvvəlinə bənzəmir. Küləklər əsib yorulur, yağışlar yağıb quruyur, şimşək çaxıb soyuyur, yanan alov sönür. Taleyimizin küləyi, yağışı, şimşəyi, alovu heç vaxt unudulmur. Ayrılıq isə cavanlaşıb ümidlə yenidən vüsal bağçasından təzə gül dərir. Görüşlər ayrılığın buz nəfəsindən xəbərsiz xoşbəxt kor kimi onun görüşünə tələsir. Bağışla məni xoşbəxt xatirələrim, səni ayrılığın soyuq sinəsinə bir dəstə gül kimi səpmişəm. Səni itirən mənim günahım olmadı.
    Saralmış toy şamlarını son dəfə qarşıma qoyub yandırıram. Gəlinlik güzgüsündən səni görürəm. Şam nəfəsimdən titrədikcə elə bil təsəlli verməyə çalışır, mənimlə öz zərif alov dilində yana-yana danışır. Onun da ürəyi yaman doludur. Bu anlarda şamdan savayı məni kim başa düşə bilər? Gözsüz şamlar necə də mənim dərdimə göz yaşı tökür. Yazıq şam öz zəif işığına güvənsə də son göz yaşı onu söndürəcək. Bizim sönən ümidlərimiz kimi. Bu gün toy şamı son damlasına qədər, xatirələrim kül olana qədər yanacaq. Bağışla məni toy şamları, mənim həsrət odumda yanıb əridin. Sən də mənim kimi daha ümidlərə heç vaxt aldanmayacaqsan.
    Neçə ildir ki, sənsizləşən gündən adım özümə özgələşib adsızam. Adsız şeir kimi yaşayıram. Taleyim şeir kimi yazılsa da adını itirmişəm, mənasını unutmuşam. Hər doğulan günlərimdə sənsizliyin soyuq əlini sıxır, onun buz kimi gözlərinə baxıram. O gözlərdə həyat yoxdur. İllər ötür, beləcə sənsizlik də qocalır mənimlə. Həyat, niyə hamı səndən doymadan gedir? Tənhalığım, bağışla məni, sənin yolunu heç kim heç vaxt gözləmir. Biz səni yox, sən bizi seçirsən.
    Nə vaxtsa doğma bildiyim, sevdiyim şəhərdə könülsüz gəzirəm. Sənsiz şəhəri tanımıram. Elə bil binaların da qəlbi daşa dönüb, küçələr ünvansız harasa uzanıb gedir. Keçmişin yolları yolsuzdur, ora cığır yoxdur. Mənim əziz şəhərim, küçələrindən tənha keçmək istəmirəm. Həyatın şirinliyində nə qədər acılar var imiş... Bu acı etirafı yazmağa əlim gəlmir. Hiss edirəm ki, yorğun fikirlərim get-gedə sönür, qısalır, “ayrılıq” haqqında kiçik xatirə yazıram. Yaşanan bir ömür heç sığarmı qırılmış, qısa sətirlərə? Bağışla sənsizlikdən ölən günlərim, solmuş arzuları necə sevmək olar? Onun ömrü xoşbəxtlikdən uzundur.
    Çəmənliyin yaşıl arzularına, otlara qarışıb yad gözlərdən uzaqlaşmaq istəyirəm. Orda məni keçmiş, doğma küçələr gözləmir. Məni özüm kimi heç kim duya bilməz. İnsan xöşbəxt olanda ona elə gəlir ki, hamı xoşbəxtdir. Kədərli anlarında isə sanki dünya boşalır və sən onunla tək, üz-üzə qalırsan. İnsan həniri duyan lalələr otların içindən həyəcanla boylanır.Qırmızı köynəkli laləni dərib sinəmə sıxıram. Mənim də ürəyimə lalə kimi qara xal düşüb. Lalə çəməndən ayrılığa dözməyib məyuslaşıb solur. Bəlkə də lalə öz aşiqindən ayrılığa tab gətirə bilmir. Mənim kədərim səni çəməndən ayrı saldı. Bağışla məni lalə. Lalə gülü olsaydım yəqin ki, sənin zərifliyini, kövrəkliyini duyardım. Dərilən lalə daha heç vaxt çəmənlərin yaraşığı olmayacaq. Qəmin qara rənginə boyandı lalə. Sinəmdəki solmuş lalə ilə qoşa yol gedirik. Çəməndən uzaqlaşdıqca, yaşıl arzular dünyası arxada qaldıqca lalənin taleyinə acıyıram.
    Heyif ki, ümidlərin vətəni yoxdur, ora nə qatar gedir, nə də təyyarə uçur. “Sənsizlik”, “yoxluq” ünvanına sərnişin daşımır. Küləklər köhlən at kimi sənə çatan qədər qaldırmaq istəyir mənim ruhumu göylərə. Pak göylərin qapısını döyürəm qəlbimdəki fəryadla bəlkə eşidəsən məni. Əllərim yorulur, qollarım heysiz düşür yanıma. Bu səssizlik içində gözəgörünməz mələklər qanad çalıb sanki göyərçinlər kimi həyəcandan pərən-pərən düşürlər. Ayrılığımızın həsrət odu bəlkə mələklərin qanadlarını yandırıb? Mələklər günah, göz yaşı bilmir. Sevinmək, sevmək, xoş, acı günündə ağlamaq, gülmək insanın nəsibidir. Niyə insan kimi taleyimizə düşən qismətlə barışmırıq? Eh müqəddəs mələklər, yerdə insanı yaşadan da, öldürən də məhəbbətdir. Göylərə qaldıran, yerə çırpan da məhəbbətdir. Onu duyan da, duymayan da həyatdan nisgilli gedir. Qəlbimdən qopan bu nida sinəmi yandırır. Bağışlayın, gözəl mələklər, siz insanın taleyini, ömrünün mənasını çətin ki, başa düşə biləsiniz. Biz fani dünyanın adamları, siz isə əbədiyyət evinin bəzəyisiniz. Biz yerdə mələk olsaydıq, pak mələklərsiz qalardıq. Mələk kimi adam olmaz, adam kimi mələk olmaz.
    Deyirlər, yuxuda su aydınlıqdır. Göylərdən yerə enib teşnə qəlbimi Xəzərin sularında sərinlətmək ümidindəyəm. Dayanmışam qumlu sahildə dəniz də tənhadlr, mən də tənhayam. Balıq gözlü dənizin suları sanki balıqların pulları kimi par-par yanır. Nə qədər yumşaq, dərinsən. Səni tanımaq çətindir. Dənizin sularında nağıllar gerçək olur. Qəlbimin gözüylə gördüyümə inanmıram. Tənhalıqdan darıxan su pərisi də dalğaların üstündə yaşıl saçlarını çiyinlərinə töküb əlçatmaz göylərə intizarla, qəmli baxır. Bu baxışların sehirindən nitqim quruyur. Qüruba əyilən günəş sanki son dəfə sulara baş vurub, yanar qəlbini sərinlədib su pərisini işığıyla sığallayıb oxşayır. Məhəbbət odu sularda sönmür. Xöşbəxt ləpələr sevincdən rəqs edir, qağayılar ağ qanadlarıyla su pərisini alqışlayıb əl çalır. Su pərisi hər gün günəşlə beləcə səhər- axşam görüşüb ayrılır. Günəş batsa da o hələ də gözlərini göylərdən çəkə bilmir. Ayrılığa məhkum görüşlərin göz yaşı sonda dəniz olur. Su pərisi günəşin həsrətiylə sulara, tənhalığa son dəfə çəkilir. Heyhat , göz yaşlarının dənizində boğulur.
    Hər açılan səhər yeni qayğı, yeni arzu işığıdır. Heyif ki, həyatda yaxşıyla pisin yerini tez-tez səhv salırıq. Bizi də kiminləsə səhv salırlar. Bağışla məni xoşbəxt günlərim, səni itirəndə səhvimi anladım. Bildim xoşbəxtlik nə imiş. Bəzən keçmişindən ayrılmayan adamları qınayırlar ki, keçmişlə yaşamaq olmaz. Hansı daş ürəkli adam bu fikri atıb ortaya? Bir müdrik deyib ki, biz həyatı keçmiş tarixlə tanıyıb dərk edirik. Elə isə adam öz müəllimini necə unuda bilər?
    İnsan nə mələkdir, nə də su pərisi. Amma dünyanın ən sevimli əşrəfidir. Allah hər şeyi bizim ixtiyarımıza verib. İnsaf və mərhəmət öz vicdanımıza qalıb. Ancaq yaşa dolduqca qismət adlı bir hikmətə inandım. Hər yaradılan öz qisməti qədər var və yox olacaq. Allah okeanları, dənizləri son damlasına qədər, meşələri son ağacına, yer üzünün torpağını, dağlarını son qarışına qədər öz elmi, qüdrəti ilə yetərincə yaradıb. Bundan nə vaxt ibrət alacağıq? Quranı-Kərimdə “Çəkidə və ölçüdə aldadanlar” surəsinin beş ayəsində buyurulub: ”Vay halına çəkidə, ölçüdə aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar. Xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər. Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürlər?! Özü də dəhşətli bir gündə.” Bəs görəsən biz niyə məhəbbət, mərhəmət payımızı insanlara qıyırıq, haqqı ağladanda nahaqqı sevindiririk. İstisinə qızınıb söndürdüyümüz tonqalın külündə alov axtarırıq. Səhvlər, günahlar çəkidə, ölçüdə çoxalanda ahlar sinələri yandırıb göydə buludları da ağladar.
    Niyə gecikirik şirin sözün, isti sözün ünvanına? Yolumuzu həsrətlə gözləyən doğma ümid ocağını intizarda qoyuruq? Hansı fikirlərin qaranlıq döngələrində, yad ünvanlarda azırıq? Dünənki səhvlərin, günahların fırtınası yad sahillərə atıb bizi.
    Nə qədər canımızda nəfəs var kaş küsən qəlblərə məlhəm olmağa tələsəydik. Təkcə ayrılığa, ölməyə gecikə bilsəydik...

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    6

    Re: Esselər

    Zöhrə Əsgərova
    “Gülüş həyatın müsiqisidir”

    Bu yaxınlarda milliyyətcə özbək olan Əzizə Taksanovanın “Qəmli kloun” haqqında kiçik nağılını oxuyub bərk təsirləndim. Nağıl uşaqlar üçün çox səmimi bir dildə yazılmışdı. Onu oxuyanda elə bil yenidən uşaqlığıma qayıtdım. Həyat gözlərimdə nağıllaşdı, yeniləşdi, qəlbim təmizləndi. Məqsədim yeniyetmə Əzizə Taksanovanı təbliğ etmək deyil, başa düşdüm ki, biz böyüklər tez-tez uşaq hekayələri, nağıllar oxumalıyıq.
    Nağılda sirkdə çalışan Dinamik adlı kloun tamaşaçılarına şən əhvalatlar əvəzinə qəmli əhvalatlar danışıb onları kövrəldirmiş. Sirkin direktoru tamaşaçılarını itirməyə qorxaraq, Dinamiki işdən qovub deyir ki, gedin dramatik teatrda çalışın, tragik rollar oynayın. Lakin heç kim bilmirdi ki, Dinamikin qəmli olmasına səbəb tənhalığıdır. Onun həyatda əsl dosta böyük ehtiyacı var.
    Hind kino filmlərini xatırladan yağışlı bir axşam küçələri tənha gəzərkən o, yiyəsiz bir itə rast gəlir. Onlar nağıllarda olduğu kimi bir-biri ilə yaxından tanış olurlar. Hər ikisi dost tapmaq ümidi ilə bir-birinə ürəyini açır. Sən demə, it aktyor məharətinə malikdir. Sirkdə oynayacaqları şən səhnəciklər haqqında danışa-danışa küçədəki soyuq yağışı, tənhalığı unudurlar.Yanlarından keçənlər onlara maraqla baxırlar ki, bu soyuq axşamda iki dost bir yerdə necə də xoşbəxt görünürlər. Qəmli kloun o gündən sonra minlərlə tamaşaçısını güldürməyə başlayır. İnsanlara gülüş bəxş etməkdən yaxşı nə ola bilər? Bernard Şounun uşaq ədəbiyyatına verdiyi maraqlı bir tərif yadıma düşdü: “Ən yaxşı uşaq kitabları böyüklər üçün yazılmışdır.” Əgər biz boş vaxtlarımzda televizor ekranlarında kriminal, dedektiv janrında çəkilən seriallara baxıb həyəcanlanmaq əvəzinə nə vaxtsa oxumağa gecikdiyimiz uşaq kitablarını yenidən açıb oxusaq, axşam yatanda da karvalol qəbul etmərik.
    Allahın yaratdığı canlılar arasında ən zərif, ən zəif varlıq insandır. İnsan yeganə varlıqdır ki, Allah ona təbəssüm, gülüş bəxş edib. Belə anlarda insanın gözləri də sevinclə gülür, göz yaşları ilə dolur. Elə bil sevincin buzları əriyir gözlərimizdə.
    Amerikalı nevroloq Uilyam Fraya görə insan gülərkən bu zaman beynin mürgüləyən hissəsi aktivləşir. İnsan güləndə onun bədən əzələləri gərginlikdən azad olur. Gülüş həmçinin nəfəsalma gimnastikasıdır. Müdrik Hippokrat öz dövründə bir çox xəstəliklərə qarşı gülüşterapiyadan ən gözəl bir vasitə kimi istifadə edib. Məsələn, Demokrit öz yaradıcılığıına o qədər dərindən aludə olurdu ki, hər şeyi unudur öz gizli düşüncələrini çox vaxt gülüşlə bitirirdi. Ona görə o, “güləyən” ləğəbini qazanmışdı. Hippokrat onunla yaxından tanış olub, onu müşahidə etdikdən sonra bildirmişdi ki, Demokritin qəribəliyi onun dahiliyi ilə əlaqədardır. Demokrit dövrünün cahil, avam adamları üzərində sarsıntılarını da gülüşə çevirməyi bacarırdı. Tomas Hobbs Əflatunun, Aristotelin fikirlərini inkişaf etdirərək qeyd edir ki, gülüş, ətrafındakılar üzərində üstünlüyü nəzərə çapdırmaq üçündür. Əflatun ümumiyyətlə, gülüşü ciddi qəbul etməyib və “Respublika” traktatında bu məsələyə toxunub. Demokritin əksinə olaraq, Heraklit isə ağlağan filosof kimi tarixdə məşhurdur. Ətrafındakılar onu başa düşmədiyi üçün mənəvi əzab çəkir, göz yaşı axıdırdı. Məlumat üçün bildirim ki, məşhur rəssam Piter Paul Rubens bu mövzuya öz yaradıcılığında yer vermiş, gülüş və göz yaşının hikmətini “Demokrit və Heraklit” əsərində ustalıqla təsvir etmişdir.(Əsər İspaniyanın heykəltaraşlıq muzeyində saxlanılır.)
    Tarixin dərinliklərində müdrik Demokritin gülüşü, Heraklitin ağlaması eşidilir. Nikbinliyi və bədbinliyi ilə seçilən Demokrit və Heraklit tərəfdarları bir məsələni unudurlar, Pifaqora görə dünyanı idarə edən ziddiyyətli meyarlar: tək-cüt, qadın-kişi, ağ-qara, xeyir-şər və s. harmoniyanın yaranmasına səbəb olub. Kaş ki, bu günün müdrik adamları da Demokrit kimi gülüb, Heraklit kimi ağlamağı bacarıydı...
    Hindistanda uzun müddətdir ki, gülüş gimnastikası, klublar əhalinin mədəni həyatına daxil olub. Yaponiyada gülüş vasitəsiylə şəkər diabeti və vərəm xəstəlikləri müalicə edilir. Həkimlərin dediyinə görə, şən adamların 40 faizdən çoxu ürək-damar xəstəliyinə daha az tutulurlar. Avropada, Amerikada da gülüşterapiya öz geniş inkişafını tapıb. Bu müalicə üsuluna elmdə “qelologiya” deyilir. “Qelologiya” keçən əsrin 70-ci illərində Amerikada həkim Norman Kazins tərəfindən yaranıb. O, tarixə “ölümü güldürməyi bacaran insan” kimi daxil olmuşdur. “Xəstəliyin anatomiyası pasientin nöqteyi-nəzərincə” kitabı uzun illərdir ki, həvəslə oxunur. Vaxtı ikən ağır xəstə yatan həkim Norman Kazins gülüşterapiya vasitəsilə orqanizmin bütün resurslarını səfərbər etmək, xəstəliklə mübarizə aparmaq yolunu kitabda verə bilmişdir. (Amma inana bilmirəm ki, yumor hissindən məhrum olan adamın gülüş vasitəsiylə müalicəsi mümkün olsun. )
    Keçən əsrin 70-ci illərində alimlər tərəfindən Los-Ancelesdə universitet nəzdində “Gülüş problemləri” üzrə kafedra yaradılmışdır. 600-dən çox mütəxəssislər bu sahədə çalışırlar. (Çox gülmək göz, ağ ciyər, yüksək qan təzyiqi, vərəm, sətəlcəm olanlara məsləhət deyil.) Mark Tven gülüşün əhəmiyyətini belə dəyərləndirir: “Bəşəriyyətin yalnız bir effektiv silahı var, o da yalnız gülüşdür.” Lakin bu həqiqətdir ki, insanın yaşadığı cəmiyyət necədirsə, onun yumoru, gülüşü də o səviyyədədir. Görkəmli həkim ser Vilyam Osler isə gülüşü “həyatın musiqisi” adlandırırdı.
    Dünya əhalisini yumor hissinə görə iki yerə bölmək olar. Yumor hissinə malik, yaxud bundan məhrum olan adamlar. Deyilənə görə, Hegel, Zolya yumor hissindən məhrum olublar. Onlarla bir yerdə olanlar nə çəkiblər bir Allah bilir. Rəng baxımından da onun iki növü var- ağ və qara yumor. Təəssüf ki, Pikasso demişkən, insanlar arasında da orijinaldan çox onların surətləri daha çoxdur.
    Bu yaxınlarda Firirika ləğəbli sirkdə çalışan, yumoristik şou proqram aparan kloun Fransisko Silva 1 milyon 300 min səs toplayaraq, Braziliya parlamentinin aşağı palatasında yer almışdı. Lakin o, savadsız olduğu üçün parlament üzvü ola bilməmişdi. Hobbs yazır ki, bəşəriyyət həmişə hakimiyyət uğrunda mübarizədədir, qoy sizi təəccübləndirməsin ki, o qələbəni məhz gülməyi bacaranlara verir. Salvador Dalinin həyat devizlərindən biri yadıma düşdü: “Əgər müdrik olmaq istəyən bu qədər təlxək mövcuddursa, niyə müdrik də dönüb təlxək olmasın.” Dalinin ideallaşdırdığı Z.Freyd isə əslində sürrealistləri təlxək hesab edirdi. Sürrealist rəssam Dalinın təlxəkliyini üzə çıxaran bir hadisəni xatırlamağa dəyər. Bir dəfə bəstəkar Aram Xaçaturyanı evinə dəvət edən Salvador Dali onu ən azı iki saat gözlətdirir. Bu müddət ərzində qonaq acdığını hiss edir. Əlacsız qalıb zalın ortasında qoyulmuş stola yaxınlaşıb yeməklərə, meyvələrə əl uzadıb yeməyə, şampan içməyə başlayır. Bu vaxt zalda Xaçaturyanın məşhur “Qılınclarla rəqs” əsərinin musiqisi səslənir, qapı açılır. Salavdor Dali əlində qılınc oynada-oynada atı əvəz edən döşəmə silən taxta üzərində çaparaq, zalı dolanıb başqa qapıdan çıxıb gedir. Qonaq qorxudan bir küncə qısılıb qalır. Xidmətçi sahibinin ardınca zalın qapılarını bağlayıb qonaqlığın başa çatdığını bildirir.
    Qeyd etmək yerinə düşərdi ki, böyük yumor hissinə malik olan Şekspir və Servantes müdrik təlxək nümunələrini yarada bilib. Əsərlərində yaratdıqları gülünc təlxək obrazları ədalətli fikirləri, məntiqi ilə öz tərəf müqabilini tərkisilah etmək qabiliyyətinə malikdir. Xüsusilə Şekspirin bir çox əsərlərində təlxəklər əslində öz xalqının çoxəsrlik acı təcrübəsini çiyinlərində daşımaqla yanaşı mövcud hakimiyyətin ədalətsiz hökmlərinin bilavasitə yaxından şahidi olduğu həyat həqiqətlərini hamıdan yaxşı dərk edirdilər. Məsələn, dünyada məşhur təlxəklər Tribule, Şiko, Stançik, Balakirev, Akosta öz ağlı, hazırcavablığı ilə seçiliblər. Əslində təlxəklər kralın əksi, yəni güzgüsü hesab olunurdu. Təlxəklər istehza dolu, çoxmənalı atmacaları ilə kralların, padşahların əsəbi, gərgin vaxtlarında onlara xoş ovqat verməyi ustalıqla bacarıblar. (Yoxsa onların sarayda yaşamalarına ehtiyac olardımı?)Onlar məşhur rəssamların da diqqətini cəlb edərək, tablolarda yaşamaqdadır. Məsələn, D.Velaskes, F. Qoyya, Yan Mateyko, İ.Boş və s. rəssamlar təlxəklərin axmaq maska arxasındakı həyəcan və sarsıntılarını ustalıqla verə bilmişlər. Din xadimləri isə əslində təlxəkləri şər qüvvə hesab edirdilər. İngiltərədə saray təlxəklərinin xidməti 1649-cu ildə I Karl dövründə Oliver Kromvel tərəfindən ləğv edilmişdi. Vətəndaş müharibəsindən sonra isə fəaliyyət göstərən teatrları bağlatdırıb, təlxəkləri edam etdirmişdi.
    Haşiyəyə çıxım, bu yaxınlarda internetdə İngiltərə kraliçasının qarşısında “Axmaq Piterkin” ləğəbli təlxəyin çıxışına rast gəldim. 23 aprel 2005-ci ildə Müqəddəs Georgi günündə rəsmi qaydada “Axmaq Piterkin” işə qəbul edilib. Müsahibələrinin birində fəaliyyətinin məqsədini o, belə açıqlamışdır: “Təlxəklər siyasi hakimiyyət üçün o vaxt təhlükə ola bilər ki, ona təsir etmək gücündə olsun. Doğrudanmı təlxəklər həmişə kralların üzünə həqiqəti deyiblər? Əlbəttə, Kral Lirdəki təlxək obrazı təsiredicidir... Məncə, təlxəyin sənəti ondan ibarətdir ki, insanın daxili vəziyyətini aşkar etməklə yanaşı hər birimizə uşaqlığımıızı qaytara bilsin. Onda saflğımızı yenidən qazanar, bəşəriyyət özünün və kainatın qarşısındakı mənəvi borclarını dərk edər...” (Əslində bu fikirlərdə aloqizm mövcud deyil. Lakin klounlar, təlxəklər öz yaradıcılığında komik effekt yaradarkən aloqizmə daha çox üstünlük verirlər.) Şəxsiyyətin yeni sosial-psixoloji obrazını yaratmaq istəyən nə qədər treninq kurslar, qeyri-verbal psixoloji testlər keçirilir. Şəxsiyyətin güclü və zəif tərəfləri təhlil edilir. Məncə, insanın mənəvi yaralarını sağaldan ən qədim bir qüvvə, “elm” varsa o da yaxınlarının, dostlarının səmimi qayğı və məhəbbətidir.
    Bu fikrə aydınlıq gətirmək üçün qeyd edim ki, Amerikada kloun hərəkatının banisi –həkim kloun Petç Adams fəaliyyət göstərdiyi 11 il ərzində 50 ölkədə seminarlar, ağır xəstə uşaqlarla xəstəxanada görüşlər keçirmişdir. Bu yaxınlarda Qaitidə baş verən zəlzələdən sonra cəhənnəmi xatırladan əraziyə Petç Adamsın kloun qrupu getmişdi. Onların orda iştirakı faciədən sarsılmlş insanların üzündə təbəssüm yaratmış, sağ qalmış adamları hətta rəqs etməyə də həvəsləndirə bilmişdilər. Gülüş, qorxu və xəstəlik üzərində qələbədir. P.Adams yüzlərlə ümidsiz xəstə uşaqların bəlkə də son gördüyü alabəzək səmimi varlıq olur. ( Uşaqlar klouna başqa planetdən gələn qeyri-adi dost kimi yanaşır.)Başqasının ağrılarını, kədərini məhəbbətilə unutdurmağa qadir insan xəstənin gözlərində sevinc qığılcımını görməklə o anda özünü dünyanın ən xoşbəxt adamı bilir. P.Adams müsahibələrinin birində qeyd edir: “Məhəbbət də strateji qüvvədir. Onu insanlara doğru səmimiyyətlə yönəldin, xoşbəxt yaşayıb yaşatmaq üçün.” Deyirəm, kloun da çətin anlarında özünə baxıb gülməyi bacarsaydı...
    İnsan orqanizmini, psixikasını qoruyan, onun mühafizəsinə xidmət edən gülüşterapiyadan Qərbi Avropa ölkələrində “müalicə klounlarından”, İsraildə isə xüsusi ixtisaslaşdırılmış “tibbi klounlardan” səmərəli istifadə edilir. Sank-Peterburqun dövlət universitetində isə gülüşlə bağlı qelologiya elmi üzrə araşdırmalar aparılır. Bu sahənin tədqiqinə filoloqlar, tarixçilər, antropoloqlar, filosoflar, folklorşünaslar, filosoflar cəlb olunub. Məncə hər bir ölkədə gülüşün tədqiqi əhalinin həm psixoloji, həm də bir çox problemlərini aşkar edən ən gözəl vasitədir. “Biz kimik? Nəyə gülürük? Niyə gülürük?” adlı tədbirlərin, sorğuların keçirilməsi bir çox həqiqətləri üzə çıxarmış olardı. Belinskinin sözləri ilə desək, gülüş əslində həqiqət ilə yalanı bir-birindən ayıran ən güclü vasitədir. Ən böhranlı anlarda daha çox təklikdə ağlamağa üstünlük verib özünə qapanmaqdansa, üsyankar gülüşü ilə həqiqətin gözünə baxmağı bacaran insan daha nikbindir. Görkəmli alim Mixail Baxtinin fikrikncə, gülüş ciddiyyət kimi universaldır. O cəmiyyətin tarixini, dünyanın konsepsiyasını özündə daşıyır.
    Statistik məlumatlara əsasən inkişaf etmiş ölkələrin əhalisinin 20 faizi depressiyadan əziyyət çəkir. Onların arasında gülüşün əhəmiyyəti dərk edilsəydi dünyada baş verən intiharların sayı da azalardı. Məsələn, Avstriyada həkimlər depressiyaya qarşı yeni müalicə üsulundan istifadə edirlər. Dərman təyin edilməklə yanaşı xəstəyə məşhur insanların gülüş doğuran hadisələrindən, fikirlərindən ibarət kompakt disk verilir. Yəqin xəstələr kompakt diskə baxarkən Homersayağı qəhqəhənin effektivliyini öz təcrübələrində hiss ediblər.
    Yeri gəlmişkən qeyd edək ki, İngiltərədə iki ildən bir fevralın 5-də “Qırmızı burun” xeyriyyə aksiyası keçirilir. (Bir sual ortaya çıxa bilər. Bəs, niyə klounların burnu qırmızı, ağzının ətrafı isə ağ rəngdə olur? İnfra qırmızı kamera ilə gülən insanların üzündə gedən dəyişikliklər izlənilmiş və sübut edilmişdir ki, insan gülərkən onun burnu qızarır, ağzının ətrafı isə ağarır.) Burunlarına qırmızı taxan iştirakçılar kloun geyimində xəstə, kimsəsiz uşaqlara yardım məqsədi ilə pul toplayırlar. Hətta xeyriyyə aksiyalarının birində 1988-ci ildə 15 milyon funt sterlinq toplamaq mümkün olmuşdur. Deyirəm, əgər biz də 1 aprel günündəki gülüşləri sevinc gününə çevirib belə bir aksiya keçirə bilsəydik (qırmızı burun taxmasaq da olar).O gülüş günündə köməyə ehtiyacı olan xəstə, yalqız uşaqlara ümid bəxş etməkdən nəcib əməl varmı?
    Kim həyatı, insanları çox sevirsə onun dodaqlarında xoşbəxt təbəssüm yaşayacaq. Uşaq kitablarını, nağılları oxumağa həvəslənsək, onlar bizə yenidən necə yaşamağı, sevinməyi, sevindirməyi, sevib sevilməyi öyrədər. İlk dəfə dil açan körpə kimi xeyirxah, nəcib istəklərimiz də qəlbimizdə xoş məramla dil açar. Qədim nağıllarımızın sehirinə düşmək üçün lələk yandırmaq, meşələr keçmək, dağlar aşmaq lazım deyil. O bizim yolumuzu baş qəhrəmanı kimi gözləyir.
    Gəlin, küsgün, acı fikirlərimizi dəniz sahilindəki qumların üzərinə yazaq. Dənizin ləpələri onları ümidsiz arzular sahilindən yuyub aparsın. Ürəklərdə yaxşı əməllərimizlə saraylar ucaldaq. Dəniz sahilindəki saraylar isə qumlar üzərində yazılar kimi gec-tez sulara qovuşacaq.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.