2 sonuçtan 1 ile 2 arası

Zöhrə Əsgərova - Varlığımız ağlımızın güzgüsüdür

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    6

    Zöhrə Əsgərova - Varlığımız ağlımızın güzgüsüdür

    Deyirəm, dünyada ən güclü dualardan biridir: “Allah, ağlımızı əlimizdən almasın”. Əgər ağıl əldən gedibsə hər şeyi itirmisən. Əslində yazı qarmaqarışıq dünyada öz məhvərindən çıxmayan, ağlını azmayan, öz milli mənəviyyatına hörmət və qayğıyla yanaşan insanlar üçün nəzərdə tutulub. (Bu adamların xəritədə dəqiq coğrafiyası yoxdur. Yaxşı adam elə hər yerdə yaxşıdır.) Ey dünyanın yaraşığı, nicatı olan müdrik adamlar, sizin elminiz, helminiz olmasaydı biz kimə ürəyimizi açardıq?! Qədim filosof Baltasar Qrasian gözəl deyib: “Fikirlərini sükut məbədində gizlət, ancaq ağıllı adamlar üçün üzə çıxart.” Qədim zamanlardan bəri insanlar orakullara, bütlərə, qəbilə başçılarına, müxtəlif din nümayəndələrinə və indi də psixoloqlara öz ürəyini açıb mənəvi yardım almaq ümidindədirlər. (Belə ünsiyyətə sərsəmlər könüllü gedə bilməzlər.) Cəmiyyətdə tarazlığı qorumağa çalışanların çox vaxt səsi, harayı zamanın ritmində, dəli sürətində, burulğanında eşidilmir. Bildiyiniz kimi, gözəl görünən şeytani həvəslər baş alıb getməkdədir.
    “Nəhcül bəlağə” kitabında Həzrət Əlinin(ə) xütbələri, kəlamları, vəsiyyətləri hər bir insan üçün ibrətnamədir. “Əməlsiz axirəti diləyənlərdən, boş ümidlər bəsləyib tövbə etməyi istəyənlərdən olma. Bəzi şəxslər vardır ki, dünyada zahid kimi danışar, dünyaya rəğbət edənlərin işlərini görər...Dildə başçılıq edər, əməldə hamıdan geri qalar.” Allah ağlımızı əlimizdən almasın.
    Hər əsrin öz dahiləri və sərsəmləri var. Zaman keçdikcə dahilər tarixə, xalqın milli sərvətinə dönür, dəlilər də qeyri-adi düşüncə tərzi ilə öz həqiqətinin başına fədakar pərvanə kimi dolanır, qanadlarının yanmasından qorxmur. Hərəsinin öz tanıdığı, gördüyü, ona doğma olan həqiqəti var. Və düşüncəsinə, təsəvvürlərinə uyğun yaşadığı həyatı onun qapalı aləmidir. Bu aləmə kənar adamların cığırlar açması mümkün deyil. (Onlar öz aləmində həm yaradan, həm də yaradılandır.) Sərsəmlərdən fərqli olaraq, dahilər yerdəki zaman çərçivəsindən kənarda, adilikdən çox uzaqda hələ formalaşmayan yeni yüksək irqlərin nümayəndəsi kimi milyonlarla insanların içində seçilirlər. Məsələn, dahilər tərəfindən deyilən fikirlər elmi dillə desək, suqqestiv enerji sahəsinə malikdir. Bu substansiyanın güclü təsiri altında dahilərin kəşf və yeni fkirləri əbədi olaraq canlıdırlar. Nə isə...Bir məşhur fikir yadıma düşdü: “Adəm adam olsa da adam dönüb Adəm olmayacaq.” (Yəni Adəm öz günahlarını yumaq üçün deyilənə görə, iki yüz il ağlayıb, Allahdan bağışlanmağını istəyib. Biz isə günahlarımıza, səhvlərimizə elə gözəl don geyindiririk ki, hələ bir onunla fəxr edə bilirik. Belələrinin peşmançılıqdan heç iki dəqiqə də gözlərindən yaş çıxmaz.) Neçə minillikdir ki, insan yer üzündə yaşayır, yaradır. Əslində əsrlər öz donunu insanların əynində dəyişir.Yeganə dəyişməyən təbiət qanunlarıdır. Nə yaxşı ki, şirdən tülkü doğulmur, dəvə quşu mövcud olsa da, əsl dəvə qanadsızdır.Yoxsa necə deyərlər, dəvənin qanadı olsaydı uçurtmadığı dam qalmazdı. Amma ulu babalarımız dəvənin taleyinə, səhralar yorğunu olan bu dözümlü, sədaqətli heyvana acıyaraq deyib ki, dəvənin yediyi qanqal olsa da yükü xurmadır. Söz sözü gətirdikcə, az qala fikirlərimin əsas hədəfindən uzaqlaşıram. Bir məsələni də qeyd etməyə bilmərəm ki, hər əsr öz texnoloji innovasiyası ilə seçilsə də, Allahın yaratdığı dəvə və s. heyvanların min illərdir nə adı, nə də onun mahiyyəti dəyişilməyib. İnsanın yaratdığı hər bir şey öz ömründən qısadır. (Mən qədim piramidaları və digər tarixi abidələri nəzərdə tutmuram.)
    Qayıdaq yaşadığımız XXI əsrin qayğılarına. Əsrin görünən, görünməyən “dəlixanalarının” dəqiq sayını bilməsək də, amma onların qızğın fəaliyyəti bizi narahat etməyə bilmir. Bunların bir çoxunda ağ xalatlı həkimlərə ehtiyac yoxdur. Oralara giriş, çıxış azaddır, təki pulun olsun. Əxlaqsızlıq yuvalarına ayaq açmaq üçün ora açar tapmaq lazım deyil. Bu “dəlixanalarda” hər şey pula satılır, alınır. Onlardan fərqli olaraq, keçən əsrin ortalarında “xippi” adlanan anarxistlər meydana gəlmişdi. Xaricdə gəncləri cəmiyyətdən, sağlam həyatdan uzaqlaşdırmaq üçün onların necə deyərlər, “sürü” ilə çirkli geyimdə harda gəldi yaşamaqdan çəkinməyən eybəcər həyat tərzləri efirdə təbliğ olunurdu. Narkomanlar öz balaca “cəmiyyətinin” tam sahibi idilər. Acı həqiqət olsa da kapitalizmin allahı pul, kapital olduğu üçün onlar insanları mədəni, heyrətamiz hiylələrlə, vasitələrlə idarə etməkdə mahir ovsunçudurlar. Elə “şou” deyilən yoluxucu azar da geniş coğrafi əraziləri zəbt etməkdədir. (İnsanlar şirindilli, gözəl sifətli yalanları niyə daha çox sevir? ) Xarici ölkələrdə gecədən səhərə kimi işləyən kazinolarda quraşdırılan müasir texnologiyalar, gözqamaşdıran işıqlar insanları real həyatdan o qədər ayırır ki, o sehirli aləmə düşən gecəni gündüz ilə qarışdırır. İndi qərb ölkələrində gənclərin əksəriyyəti reyv mənəniyyətinə də daha çox can atırlar. Bu submədəniyyətin qurbanları əcaib-qəraib əlvan geyimlərdə reyv klublarda əylənir, gecə ərzində dəlisayağı rəqslərə davam gətirmək, daha çox enerjiyə malik olmaq üçün rəngli həblər qəbul edirlər. Belə sərsəm həyatın gərgin ritmini yaşayanlarda bir neçə ildən sonra dəli olmaq təhlükəsi qaçılmazdır. (Bu cavanları dünyada heç nə maraqlandırmır. Onlar, ancaq “kef” edirlər. Mənim həmişə “kef” sözündən xoşum gəlməyib. Adətən sərxoş adama da kefli deyilir.)
    Məşhur psixiatr həkimin dediklərini təkrar etmək məcburiyyətindəyəm: “Tam sağlam adamlar yoxdur, yalnız müayinə olunmayanlar var”.Yazıq cəmiyyət! Öz daxili hissləri ilə gerçəklik arasında fərq itdikcə, təsəvvürlərinə düzgün izah, təhlil verə bilməyən insan artıq sərsəmdir. Ağlın açarı olan dil onun sahibinə düzgün diaqnoz qoyulmasında ən gözəl vasitə olduğu üçün Sokrat müdrikcəsinə deyib: “ Danış ki, mən səni görə bilim.”
    Nəhayət, gələk mətləb üstünə. Dünyada sərsəmlərinə qahmar çıxmayan zaman dahi insanlarını daşlaşmış yaddaşında yaşatmaqdadır. Əgər kimsə italiyalı psixiatr həkim, antropoloji nəzəriyyənin banisi hesab edilən Çezare Lombrozonun “Dahilik və sərsəmlik” kitabını təsadüfən oxuyubsa, aliməbənzər dəlilərin, ağlı çaşan dahilərin fəaliyyətindəki qəribə faktların şahidi olub. Müalicə olunan insanlrarın psixoloji durumuna görə sağlam cəmiyyətdən təcrid olunmaları, qapalı həyat keçirmələri adamda dərin təəssüf hissi doğurur. Onun kitabını oxuyanda məlum olur ki, dahilik insan xoşbəxtliyinə, azadlığına sui-qəsddirsə, sərsəmlik isə özünə qarşı qapanmaq, reallıqdan məhrum olmaqdır. Bunun bir çox səbəblərini Lombrozo təcrübəli psixiatr həkim kimi açıqlamağa çalışıb. İrqin və irsiyyətin insanlara təsiri elmi cəhətdən araşdırılıb. Məhz hansı coğrafi ərazilərdə daha çox dahilərin yetişməsi üçün münbit şəraitin olduğunu faktlar əsasında qeyd edib. (Bizim bu yazıda məqsədimiz mövzunu coğrafiya ilə bağlamaq deyil.) Lakin rus alimi Nikolay Qonçarenko Çezare Lombrozonun fikirlərinə sona qədər bəraət qazandırmadığı üçün “Dahi incəsənətdə və elmdə” əsərində qeyd edir: “Dahi düşüncənin hərəkət labirintini heç kim kəşf edə bilməyib. Biz onun yalnız zahiri, hazır nəticələrinin şahidi oluruq.” Məşhur psixiatr B. Qilyarovski də lombrozionçuluğu təqdir etməmişdir. O, qeyd edir ki, sərsəm və istedadlı adam arasında prinsipal fərq azdır. Bunu yaradıcı adamın təxəyyülü, düşüncə tərzi ilə izah edir. Maraqlıdır ki, “Dahilik və sərsəmlik” kitabı Avropada 1864-cü ildə çapdan çıxsa da, Rusiyada məhz XX əsrin 60-cı illərində Lombrozonun patoqrafik materiallarına müraciət edilib. Yəqin bir əsr ərzində kitab mübahisələrə səbəb olub.
    Təəssüf ki, müəllif dünyada qəbul olunmuş müqəddəs meyarlarla hesablaşmadığı üçün dəliləri arasında daha ağıllı görünməyə üstünlük verib həkimlik səlahiyyətini aşaraq, həqiqətə uyğun olmayan fikirlərini də bildirməkən çəkinməyib. Unudub ki, peyğəmbərləri dahilər cərgəsinə aid etmək olmaz. Onlar yalnız Allah tərəfindən seçilmiş peyğəmbərlərdir. Və onlara psixiatr həkimin diaqnoz qoyması gülüncdür.
    Lombrozo öz dəlilərinə yiyə çıxmaq əvəzinə təəssüf ki, Məhəmməd (s.s.) peyğəmbərin adını Lüter, Şopenhaur, Savonarola ilə bir yerdə hallandıraraq, onların dünya xalqlarını zehni inkişafdan geri qoyduğunu sübut etmək istəyir. Daha sonra Qurani-Kərimdən guya başı çıxan “şərqşünas” alim kimi surələrin bir-birini inkar etdiyini qeyd edir. (Yaxşı ki, keçən əsrin əvvəllərində 1909-cu ildə dünyansını dəyişib. Daha bəzi sərsəm ideyalarını inkişaf etdirə bilmir). Həm də onu qınamaq da olmur. Həyatının çox hissəsini dəlilər, canilər arasında keçirən psixiatr həkim, kriminalist kimi hamıdan şübhələnməyə, ona diaqnoz qoymağa adət edib.
    Hörmətli mərhum Lombrozo, sənə bu dünyadan o dünyaya mesaj göndərib demək istəyirəm ki, adam bilmədiyi şey haqında böyük-böyük danışmaz. Məhəmməd (s.s.)peyğəmbərimizin ən böyük möcüzələrindən biri səmavi kitab olan Quran özü elə dərin elmdir, əxlaqdır, mədəniyyətdir, hikmət, sülh kitabıdır. Əgər Quranın surələrinin düzgün tərcüməsini vaxtında oxusaydı yanlış fikirlərdən uzaq olardı. Neyləsin ki, avropalı dəlilərlə ciddi məşğul olduğu üçün mütaliəyə çox vaxt ayıra bilməyib. Quranın bir çox elmi sahələrə işıq salan surələrini Avropa alimləri neçə əsr sonra təsdiq etmişlər.(Əziz oxucu, bağışlayın, adam ədalətsizliklə üzləşəndə əsəbiləşir, qabağında kimin olduğunun fərqinə varmır. Bizə tolerantlıq dərsləri keçənlər özləri çox vaxt buna riayət etmirlər.) Bəşəriyyətin xoşbəxt gələcəyi naminə islam dininin müqəddəsliyi, izahları Qurani-Kərimdə verilib. Onu başa düşməyənlər isə “Ali -İmran” surəsinin 7-ci ayəsini diqqətlə oxusun: “Ya, Məhəmməd! Sənə Quranı nazil edən Odur. Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kim bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir”, deyərlər. Bunları, ancaq ağıllı adamlar dərk edərlər.” Son ayə lap ürəyimcədir.
    Sevindirici hal odur ki, Lombrozo kitabında lipemanyaklıqlarını sübut etdiyi Şopenhaur, Amper, Şuman, Svift, Nyuton, Russo və s. adların arasında türk adlarına rast gəlinmir. Dəliləri çox olan xalqların statistik göstəriciləri, təhlili ilə tanış olmaq istəyən “Dahilik və sərsəmlik” kitabını tapıb oxusun. (Əgər mən özüm kitabdan çıxarışlar etsəm başqa xalqların nümayəndələri Lombrozonu bir qırağa qoyub məni qınaq hədəfinə çevirəcəklər. Elə zənn edəcəklər ki, dəlilər arasında ayrı-seçkilik salıram. Allah bizi beynəlxalq səviyyəli dəlilərdən qorusun.) Sizlərin diqqətinə onu da çatdırım ki, müəllif Blez Paskaldan da sitat gətirməyi unutmayıb: “Xristianlıq şəxsiyyəti məhv edir.” Sözün düzü, Blez Paskalın şəxsən nəyi nəzərdə tutduğunu axıracan bilməsəm də, bir müqəddəs həqiqət danılmazdır ki, Qurani-Kərim yeganə səmavi kitabdır ki, təhrifə məruz qalmayıb. Düşünülmüş tərzdə kiminsə mövqeyinə, siyasətinə xidmət etmir. Allah kəlamları Qurani-Kərimdə öz dəyər və qüdrəti ilə seçilir. İnsan iradə azadlığına, seçimə malikdir. Xristianlıqda isə, bildiyiniz kimi, Aristotelin, Əflatunun fəlsəfi düşüncələri, təsiri güclüdür. Fəlsəfə və dinin sintezi eramızın II və IV əsrlərində Avropada bir çox şəxsiyyətlər tərəfindən araşdırılıb, nəhayət, Kappadokiya kilsəsinin nümayəndəsi Nazianalı Qriqorinin başçılığı ilə xristianlıqda müqəddəs üçlük doqması təsdiq olunub. (İudanın, Mariya Maqdalinanın da İncilləri ortaya çıxıb. Bu günə qədər bu dediklərimiz haqda dünya alimləri, din nümayəndələri arasında təzadlı fikirlər, mübahisələr davam etməkdədir. Xüsusilə, İdris (Yenox) peyğəmbərin yazıları xristianların müqəddəs bildiyi kanon kitablarına salınmasa da, din xadimləri onun kitabından səmərəli istifadə etməkdədir. Tarixdə o apokrif yazı kimi təqdim olunur. (Quranda İdris peyğəmbərin adı iki dəfə qeyd edilib.)Xristianlığın yaranma tarixində qədim mifologiyaların təsirini Yelena Blavatskaya “Bibliyanın ezoterik xarakteri” əsərində faktlarla geniş təhlil etmişdir. Bu mövzunun üzərində dayansaq böyük vaxt tələb edər.)
    Orta əsrlərdə İncildəki bəzi fikirlərlə razılaşmayan rahiblər də az olmayıb. Onlardan Martin Lüter və Kelvin X Leviyə qarşı çıxaraq, təmtəraqlı ayinlərin keçirilməsinin, rahiblərin dünyadan təcrid olunmasının əleyhinə mübarizə aparır, onların da hamı kimi evlənmək hüquqlarını tələb edir. Bir sözlə, Allahın insana verdiyi bütün nemətlərdən istifadəyə, maddi, mənəvi yüksəlişə çağırıb. İnsanları xoşbəxtliyə, azadlığa aparan yollar hansı məntiqlə onu zehni inkişafdan qoya bilər? Bu geniş mövzunu gələcəkdə bir başqa yazıda təhlil etmək daha düzgün olar. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, ümumiyyətlə, ağıllı görünən sərsəm adamlar islam dininə qarşı olduqca qeyri-obyektiv münasibət bəsləyirlər. Bəlkə də qısqanclıq hissləri onları sərt, düşünülməmiş addımlar atmağa məcbur edir. Atalar sözüdür, görünən dağa bələdçi lazım deyil. Son illər dünyada dini dözümsüzlük tənqid edilir, tolerantlığın təbliği və ona riayət edilməsi isə yalnız islam ölkələrinə daha çox şamil edilir. Amma xristian ölkələrinin bəzilərində islama qarşı yönələn hər bir çirkin əməllərin sahibləri demokratiyanın övladı kimi əzizlənirlər. Və bu ərkəsöyün demonkratlar sonra da çirkin əməllərinə görə yüksək mükafatlara layiq görülürlər. Siz deyin, gözlərimizə hansı eynəkləri taxaq ki, bu ədalətsizlikləri görə bilməyək? Siz özünüz kimin dəli, kimin ağıllı olduğunu müəyyən edin. Allah adamın ağlını əlindən almasın.
    Gülməli görünsə də adama deməzlər ki, yayın bu cırhacırında Çezare Lombrozo hardan sənin yadına düşüb? Düzü bilmirəm. Amma onun əsərində dahilərin aciz tərəflərini, həyatın acı səhnələrini oxuyanda məşhur adamların psixopatoloji halına təəssüf edirsən. Əslində dəlilik dərəcəsinə çatan bəzi dahilərin xəstəliklərini geniş oxucu kütləsinə çatdırmaqla biz nəyə nail oluruq? Nə olur-olsun onlar sərsəmlikləri, psixopatik xarakteri ilə tarixə düşməyiblər. Bəs niyə bu istedadlı adamların taleyi birdən-birə belə faciəvi tərzdə dəyişilib?! Şekspir belə psixoloji vəziyyəti özünəməxsus surətdə xarakterizə edir: “Sərsəmliyin özündə müəyyən sistem mövcuddur.”
    Məsələn, məşhur yazıçı Mopassanın xəstəlik tarixində yazılmışdı ki, cənab Mopassan heyvana çevrilib. Psixiatriya klinikasında qırx üç yaşında keçinir. Oxucu qəlbini riqqətə gətirən əsərləri hələ də Mopassanı sevdirir, yaşadır. Deyilənə görə, psixi xəstəlik irsi ola bilər, dahilik isə yox. (Yazıçının anası, qardaşları da sərsəmlikdən əziyyət çəkiblər.)
    Simfonik əsərlər bəstələyən Şumana elə gəlib ki, musiqi notlarını Bethoven və Mendelson öz qəbirlərindən ona diqtə edirlər, evindəki stol və stullar onunla danışır. Ömrünün sonunda sərsəm olsa da biz onun vaxtı ikən yaratdığı əsərlərini böyük maraqla dinləyirik. Conatan Svift dəlilik dərəcəsinə çatanda adamları zadəganlara ətliyə verməyə çağırırdı. Amma sağlam dövrdə yazıdığı əsərləri indi də maraqla oxunur. Van Qoq da sərxoşluqdan ayılmırdı. Dəlilik vəziyyətində ikən hirsini boğmaq üçün qulağının birini kəsmişdi. Qırx yaşına çatmamış intihar etmişdi. Lakin yadigar qoyub getdiyi rəsm əsərləri təkqulaq görünmür. Motsarta həmişə elə gəlib ki, hamı onu zəhərləmək istəyir. Onun klassik simfonik əsərləri dünya mədəniyətinin incilərindən biridir. Jan Jak Russo gah protestantlığı, gah da katolikliyi qəbul etmişdir. Sərsəm yazıları artıq onun xəstəliyini büruzə verirdi. O, Allaha məktublar yazırdı. Yazılarına cavab almayandan sonra bəyan edir ki, Allah yoxdur.
    “Fövqəltəbii insan” obrazını yaradan, öz-özünə “Fridrix Nitsşe niyə belə ağıllıdır?” deyən filosof ömrünün son günlərini Veymar psixiatriya xəstəxanasında bitirib. (Atası da ömrünün sonunda sərsəm həyat keçirmişdir.)Onun xəstəlik tarixində həkim qeyd edir ki, Nitsşe gah özünü IV Fridrix Vilhelm adlandırır, gah deyir ki, arvadım Kozima Vaqner məni bura gətirib (bəstəkar Vaqnerin arvadını nəzərdə tutur), keçi kimi atdanıb düşür.
    Yaponiyanın klassik yazıçısı Akutaqava Ryunoske uzun illər əsəbi, sərsəm həyat keçirir. Həmişə yaradıcılıq gücünün tükənməsindən qorxur. Nəticədə yuxu dərmanı içərək intihar edir. (Deyilənə görə vaxtı ikən anası da sərsəmlikdən əziyyət çəkib.) Yazılarının birində qeyd edir: “Allahlara məxsus olan bütün cəhətlərin içində biri məndə daha çox təəssüf doğurur, allahlar intihar edə bilmirlər.” Ernst Hemenquey də həmçinin psixoloji sarsıntılara dözməyib özünü güllələyib. Ömrünün sağlam günlərində yaratdığı əsərlər isə bu gün də sevilir, oxunur. İblisin şəkillərinə öz yaradıcılığında yer ayıran rəssam M.Vrubelin aqibəti daha faciəli olub. Sərsəmliklə yanaşı onun gözləri də tutulmuşdu. Rus absurd ədəbiyyatının görkəmli nümayəndəsi Daniil Harms ömrünün sonunu dəlixanada keçirmiş, aclıqdan ölmüşdü. Lev Tolstoy ömrünün sonunda yazdığı əsərlərdən imtina edir. Deyilənə görə hətta Eynşteynin də ölənə yaxın ağlı çaşır. Onun oğlu da şizofreniya xəstəliyindən əziyyət çəkmişdir və s. Bu, ürək ağrıdan hadisələrin çoxunda isə irsiyyət faktoru özünü büruzə verir. Fransız yazıçısı Stendal belə hadisələrin şahidi kimi yazılarının birində qeyd edib ki, dahi adamların tərcümeyi halının müəyyən hissəsini onların həkimləri yazmalıdırlar. Allah adamın ağlını əlindən almasın.
    Bir faktı da qeyd edək ki, Lombrozo öz kitabında vaxtı ikən işlədiyi Pezar klinikasında xəstə təxəyyüllü adamlar arasında keçirdiyi rəsm əsərlərinin müsabiqəsini təsvir edir. Məsələn, xəstələrindən biri general obrazını oturan vəziyyətdə çəksə də altındakı stulu çəkməyi unudur. Yaxud toyuqla at, albalı ilə qovun eyni ölçüdə çəkilir. Heç bir savadı olmayan xəstəsi isə Darvinin ideyalarını yazmağa müvəffəq olub. Əlinə heç vaxt rəssam fırçası almayan xəstələr qeyri-adi rəsmləri ilə həkimlərini heyrətə gətirirdilər. Bu, adi insan üçün möcüzəyə bənzəsə də, bunun da öz elmi təhlili var. Sərsəm adamlar öz qapalı dünyalarında özlərini çox vaxt kral, sərkərdə, dahi hesab edirlər. Ətraf mühitin onları başa düşməməsinə də təəccüblə yanaşmırlar. Əksinə düşüncələrindən kənarda baş verən hadisələr, həyat obrazlı desək, əslində onlar üçün süni gül qədər ətirsiz, maraqsızdır. Həyatda baş verən hadisələr, lövhələr onların şüurunda yarımçıqdır. Sən demə, düşüncə tərzi pozulanda danışıqda da cümlələr arasında zəncir qırılırmış.
    Alman psixiatrı Ernst Kreçmer dahilərin səmərəli, faydalı fəaliyyətini önə çəkərək qeyd edir ki, psixopotologiyaya məruz qalan bir çox dahi adamlar nə vaxtsa bəşəriyyətin mənəvi tərəqqisinə fermentativ təsir göstəriblər. Doğrudan da onlar dünya səviyyəsində elmdə, mədəniyyətdə təkrarsız şəxsiyyətlərdir və belə dahilər yalnız böyük ehtirama layiqdirlər.
    Oxucu elə zənn etməsin ki, mən psixiatriya üzrə mütəxəssis kimi özümü qələmə verirəm. Əsla yox, mənim hələ ağlım çaşmayıb. Təsadüfən hörmətli Lombrozonun peyğəmbərimiz haqqında yersiz qeydini oxumasaydım, bu yazı da ərsəyə gəlməzdi. (Yazıçı təxəyyülüm, mütaliəm bir- birinə qarışıb. Bu sahədə delitantlığımı yazıçılığıma bağışlayın. Esseni peşəkar mütəxəssis oxuyanda yəqin bu etirafımı nəzərə alacaq.) Fikirlərimi icazənizlə davam edim. Məsələn, elə dəlilər var ki, onlar qədim yazılarda olduğu kimi, ancaq simvolik şəkillərdən, yəni piktoqrammadan istifadə edirlər. Onlar ətrafdakılara öz gücünü nəzərə çarpdırmaq üçün dörd ünsürü təsvir edən çoxlu əcaib-qəraib sifətlər çəkirlər. Guya yer üzündəki qüvvələrlə döyüşə hazır olduqlarını bildirirlər. (Gördüyünüz kimi, bu sərsəm sayılan xəstələr də müalicə olunan klinikalarda rahat oturmayıblar. Bəşəriyyətin taleyinə laqeyd deyillər. Amerika və Avastraliyada yaşayan aboriqenlər hələ də fikirlərini izah etmək üçün simvolik şəkillərdən, piktoqrammadan istifadə edirlər.)
    Lombrozo müalicə etdiyi xəstələrin “yaradıcılığını”, “elmi” axtarışlarını belə təsvir edir:“...keşiş, deputat tifə qarşı müalicə üsulu tərtib edir, iki həkim həndəsə və astranomiya “kəşf” edir, cərrah, veterinar və mamaça aeronavtikadan, kapitan aqranomçuluqdan, serjant terapiya sahəsindən yazır, aşpaz isə siyasətlə məşğul olur.” (Sizə elə gəlmir ki, oxuduqlarımız müasir dövrümüzdə baş verən proseslərdə bəzən ara-bir təkrarlanır. Dəlixanada xəstələr arasında kadr problemləri mövcud olmadığı üçün onların “kəşfləri, yazıları cəmiyyət üçün qorxulu deyil, vay o günə ki, bu, real həyatda öz təsdiqini tapa.) Allah adamın ağlını əlindən almasın.
    Bu məqamda görkəmli rus yazıçısı A.Çexovun “6 saylı palata” hekayəsi yadıma düşdü. O, yaşadığı xəstə cəmiyyətə həkim diaqnozu qoyaraq, onu həssas yazıçı təxəyyülü ilə qələmə ala bilmişdir. Xəstə cəmiyyətin təzyiq və çətinliklərinə dözməyən həssas qəlbli qurbanları nəinki mənəvi hətta fiziki cəhətdən məhv olurlar. Həkim Andrey Raqin vaxtı ikən işlədiyi dəlixanaya salınır və əzablı günlərinin sonunu orda keçirir. O, deyir: ”Mənim xəstəliyim ondadır ki, bu şəhərdə ağıllı adama rast gəlmədim, biri var o da dəlidir.” Həyatın alt qatlarını görmək, vicdan, ədalət meyarlarının alçalmasında aciz qalmaq, tənhalığa qapılmaq və heç kim tərəfindən dərk olunmamağın sonu faciə ilə bitir, bu isə insanı necə deyərlər, “6 saylı palata”ya gətirib çıxarır. Ordan yad görünən həyatın qapıları üzünə həmişəlik bağlanır. Məşhur yazıçı Paolo Koelyonun cəmiyyətdən təcrid olunmuş adam haqqındakı fikirləri çox maraqlıdır: “Dəlilik- öz təsəvvürlərini başqasına çatdırmaqdan məhrum olmaqdır. Elə bil sən özgə şəhərdə ətrafında baş verənləri görüb başa düşsən də, lakin onları izah edib yardım istəyə bilmirsən. Çünki onların danışıq dili sənə məlum deyil.”
    Bir az haşıyəyə çıxım. Dahi Leonardo da Vinçinin dünyada məşhur olan “Vitruvian insan” şəklində insanın ideal səviyyəli proprosional ölçüləri verilib. Əlbəttə, riyazi hesablamalar yaxşı şeydir, əgər həyatda insan nəinki fiziki, həm də mənəvi, əqli cəhətdən ideal olsaydı cənnət göydən yerə enərdi. Dahinin adını çəkdiyimiz üçün ondan bir sitat gətirək: “Təbiətdə hər şey düşünülmüş şəkildə yaradılıb, həyatın müdrik və ədalətli cəhəti də ondadır ki, hər kəs öz işi ilə məşğul olmalıdır.”
    Artıq Çezare Lombrozonun fəaliyyəti, dəlilərə, dahilərə peşəkar həkim münasibətindən bir çoxunuzun az da olsa oxucu kimi xəbəriniz var. Şəxsən onun kitabında intellektual mattoidlər haqqında bölmə maraqla oxunur. Sərsəm ilə mattoid-qrafoman yazıçılar arasında fərqə və yaxınlığa aydınlıq gətirib. Mən bu bölməni geniş səviyyədə təhlil etməyəcəyəm. Çünki vaxtınızı çox almaq istəmirəm. (Amma yazıçılıqla məşğul olan bir adam kimi bu, məni daha çox düşündürür. Müəllifin təsvir etdiyi belə üzdəniraq yaradıcı adamlar az deyil.) Çezare Lombrozo intellektual mattoidlər haqqında yazır: “...danışarkən fasilə edə bilmirlər, məntiqsiz danışıqlarında fikrin əvvəli sonuna uyğun gəlmir.” Müəllif bildirir ki, onlar anlaşılmaz süjet xəttinə malik yazılarını nadir əsər kimi oxucu kütləsinə çatdırmağı özlərinə borc bilirlər. Onların yazılarında yaradıcılıq ilhamı, istedad hiss olumadığı üçün fikir və söz kasıblığından əziyyət çəkirlər. Ona görə də daha çox sual və nida işarələrindən istifadə edirlər. İntellektual mattoidlərdə əqli pozğunluq, affekt vəziyyət hiss olunmur. Onlar nevroz hallarını daha çox yaşayırlar. Elələri var ki, səhərlər günəş işığından gizlənir, ancaq gecələr havadan asılı olmayaraq, əlində çətir gəzintiyə çıxırlar. İnsanlara nifrətlə, qəzəblə yanaşırlar. Xüsusilə böhtançı, şər adam kimi hamı tərəfindən incidildiyini bəhanə gətirərək, “vətəndaş” hüquqlarının müdafiəsi üçün məhkəmələrdə fəal iştirak etməyi sevir və inadcıllığı ilə çox vaxt arzusuna yetə bilir. Allah adamın ağlını əlindən almasın.
    Müəllif “Dahilik və sərsəmlik” əsərində Hekartla bağlı bir qəribə hadisəni də oxucuların mühakiməsinə verir. Hekart həmişə deyərmiş ki, boş işlərlə məşğul olmaq sərsəmlikdir. Məsələn, Valansendə dəlixanadakı xəstələrin tərcümeyi halını toplamışdı. (Niyəsini bəlkə heç özü də bilməyib...) O, 7 nəğmədən ibarət “Anaqrammeana” poemasını çap etdirir. Əslində o, hərflərin yerinin dəyişdirilməsindən, söz yığanağından savayı bir şey deyildi. Parisin Milli Kitabxanasında saxlanılan həmin kitabın səhifəsinin kənarında müəllif öz gözlənilməz etiraflarını yazmışdı: “Anaqramma insan ağlının ən böyük yanlışlıqlarından biridir, səfeh olmaq lazımdır ki, onunla məzələnəsən. Onu tərtib etmək isə səfehlikdən də betər bir işdir.”( İndi gəl, belə admların fikri ilə quyuya düş. Rəhmətlik rus yazıçısı Qorin ölməz fikir deyib ki, ağıllı görünən üz hələ böyük ağla mənsub olduğunu bildirmir. Yeri gəlmişkən Morris sindromundan əziyyət çəkən dahi Puşkin də şerlərinin bəzilərində tavtoqramma, lipoqramma, akrostixdən məharətlə istifadə etmişdi.)
    Lombrozo müalicə etdiyi xəstələrin “yaradıcılığını” əyani şəkildə belə xarakterizə edir.“Çiankettini, Pari, Valtuk ağlasığmaz sözlər icad edirdilər–alitrologiya, antropomoqnotologiya, ledepidermokriniya, qlossostomomopatika.” Şopenhaur hələ ağlını itirmədiyi dövrdə qeyd etmişdir: “ Dahiləri və dəliləri bir şey birləşdirir, hər ikisi real dünyada yaşamır. Hər bir mütəfəkkirin öz daxili dünyası var. O, orada həm şahdır, həm Tanrı.”
    Qəribəsi odur ki, başqalarına ağıl qoyan psixiatr həkim Lombrozonun tələbələri də onun adını daha çox “psixlər” cərgəsində çəkirdilər.( Niyəsini isə tələbələri daha yaxşı bilirdilər.)
    Hər şey özəlləşib, xüsusiləşib.Təkcə dəlixanalardan savayı. Gördüyünüz kimi, orda məskunlaşan dəlilər də müxtəlif səbəblərdən ora düşüblər. Dəli var anadangəlmə, dəli də var ki, həyatdangəlmə. Dəli var ağlayır, dəli də var gülür. Dəlilərdə gülən daha çoxdur, nəinki ağlayan. Deyilənə görə gülən dəliyə çarə yoxdur. (Əgər həyatda xoşbəxtlikdən, sevincdən məhrum ediləcəksə, onun xəstəxanada gülməyi, real həyatda ağlamağından daha yaxşıdır.) Amma elə atalar sözü var ki, elə bil hamını könüllü dəli olmağa çağırır: “Ağıllı olub dəli dərdi çəkməkdənsə, dəli ol sənin dərdini çəksinlər.” Sizə elə gəlmir ki, hansısa gizli sektanın devizinə oxşayır. Çünki sektalara da ağıllı girsə ordan dəli çıxar. (Aman Allah, savadsız, təcrübəsiz insanları öz yolundan, dinindən ayırmaq üçün dünyada nə qədər institutlar fəaliyyət göstərir. Ona görə onların zəhməti çox vaxt da hədər getmir.) İnsanlığa qənim kəsilən bədxahların iradəsinə tabe olmaq könüllü ağılsızlıq, sərsəmlik, səylik, dəlilik, səfehlik, giclik, axmaqlıq, sarsaqlıq, çaşmaq deyil bəs nədir? Allah adamın ağlını əlindən almasın.
    Həyatda hərə məqsəd və fəaliyyət istiqamətini təsdiq etmək üçün öz xanəsini axtarıb tapır. Xanələr isə öz məzmun və məqsədinə görə müxtəlifdir. Məsələn, tanıdığımız xanalardan-kitabxana, rəsədxana, cəbhəxana, səfarətxana, karxana, zorxana, dəftərxana, xəstəxana, bərbərxana, sallaqxana, heyvanxana, təcridxana, yetimxana, dəlixana, zibilxana, çayxana, kababxana və s.yada düşür. Sadaladıqlarımızın içində isə reytinq üzrə birinci yerlər çayxana və kababxanaya mənsubdur. Daha sonra bərbərxananın da qapıları daha çox açılıb örtülür. Növbəti xanalar tələbata görə sizin nəzərinizdə neçənci yerləri tutur, özünüz müəyyən edin. Elə xana var ki, üzünə həsrətik. Çox heyif ki, Qarabağdakı Topxana meşəsindən bizə çör-çöp də qalmayıb. Doğma ünvanın əlçatmaz xəyala çevrilməsində görəsən günahlarımız nə qədərdir? Topxana meşəsinin yarpaqlarının sayı qədərmi?! İnsan bəzən olub-keçən günahları, səhvlərii xatırlayanda az qalır dəli olsun. (Yəqin insan ömrünün də okeanlar, dənizlər kimi ay təqviminə əsasən qabarma və çəkilmə dövrləri var. Biz artıq keçmişdəki səhvlərimizdən nəticə çıxararaq, qabarma dövrünə qədəm qoymuşuq. Məqsədimizə çox yaxınıq.)
    Heç yadımdan çıxmaz, on il əvvəl psixatriya xəstəxanasının baş həkimi Həsənağa müəllimdən müsahibə götürdüm. (Sonra o yazı “Ekspress” qəzetində çıxmışdı.) O ərəfədə də dəlixana haqqında Azərbaycanfilmin istehsalı olan “Həyat gözəldir” filmi çəkilmişdi. Nizami kinoteatrında ona ilk baxış keçiriləndə mən də tamaşaçı kimi iştirak edirdim. Baş həkimlə orda görüşəndə o, yanındakı adama məni göstərib dedi: “Bizim xəstəxanadan yazan xanımla tanış olun. Yadındadır, onun haqqında sənə demişdim. Bu sahəni dini baxımdan yaxşı təhlil etmişdi.” Sözün düzü, o ziyalı ilə xəstəxanadakı söhbətim, apardığım qeydlər mənim üçün unudulmaz bir xatirəyə çevrilmişdi.Yadımdadır, statistik məlumatlara əsaslanıb bir faktı qeyd etmişdi ki, müsəlmanlar arasında psixi pozuntu halları daha azlıq təşkil edir. Maraqlısı o idi ki, başqa həkimlər kimi Ziqmund Freyd haqqında bir kəlmə də danışmadı. (Adətən bu “alim”in xəstə xülyaları ilə birlikdə üstəlik şəkili də xəstəxana divarlarından asılır.) Biz nümunə üçün əvvəldə bir neçə dahinin həyatının son illərində sərsəmliyini qeyd etsək də, alim, yaradıcı insan kimi onların məhsuldar əməyindən bəşəriyyət yaxşı mənada bəhrələnib. Bir də var ki, əlinə qələm alan gündən mənəvi pozğunluqları cəmiyyətə sırımaqla, sərsəm fikirlərə haqq qazandırmaqla məşğul olasan. (Əslində Ziqmundun saqqallı, bığlı şəkilləri onun müdrik olduğundan xəbər vermir. Başındakı şlyapa, gözündəki eynək onun intelligentliyinə dəlalət etmir.)İnsanları heyvani instinktlərdən asılı, bioloji varlığa çevirmək iddiasında buluşan “alim” dinə, mədəniyyətə, sağlam cəmiyyətə “freydizmi” aşılayıb. O, insanları inandırmaq istəyib ki, dinə qədər insan daha azad olub, öz tələbatlarını həyata keçirmək üçün maneələr, qadağalar nədir bilməyib. Bir sözlə, fiziki bədənə xidmət onun sayıqlamalarının məğzini təşkil edib. Onun fikirlərindən bəhrələnənlər xüsusilə, Avropada ailə kimi dəyərlərdən, övlad məhəbbətindən məhrum olmaqdadırlar. Bircinsli nikahlar baş alıb getməkdədir. (Lut peyğəmbər dövründəki belə əxlaqsızlıqların ucbatından Allah tərəfindən onların başlarına öz adları həkk olunan odlu daşlar yağdırıldı. Yəqin Freyd də şlyapasından heç vaxt ona görə ayrılmayıb ki, günahları üzündən başına hardansa cəza daşı düşə biləcəyindən ehtiyat edib). Bəlkə alim nə vaxtsa keçmiş həyatlarının birində qədim Pompeydə yaşayıb. Lupanariyanın inkişafında rolu olub. (“lupa” yunanca yüngül əxlaqlı qadın deməkdir.) oxunuz Karl Bryullovun “Pompeyin son gecəsi” əsərini görüb. Əxlaqsızlıq yuvası kimi Allahın qəzəbinə gələn Pompey əhalisi şəhərlə bir yerdə məhv olub. Dantenin “İlahi komediya” əsərində müəllim Brunetto Latininin sağlığında bircinsli məhəbbətinə görə cəhənnəm atəşində yanma səhnəsi təsvir edilmişdir. Xəstə cəmiyyət isə gec-tez süquta məhkumdur.
    Bir neçə il əvvəl qədim əxlaqsızlıq yuvası olan ikimərtəbəli Lupanariyanın keçmiş görkəmi, divarlarına həkk olunan erotik freskalar bərpa edilməklə ora turistlər cəlb olunur. (Bu, necə deyərlər, dəlinin yadına daş salmağa bənzəyir. Yəni siz də səy göstərin, belə yerlərin açılmasında fəal olun. Bütün ayıb sayılan işlər, astarı üzünə çevrilən əxlaq əsrin innovasiyası, cəsarətli addımı kimi qiymətləndirirlir.) Kim bilir, antik azadlığı təbliğ edən qədim Yunan şairəsi Safo Lessboskayanın şərəfinə Avropanın mərkəzində heykəl ucaldılıbmı? Amma Parijdə məşhur aktyor Jan Mare yaxın dostu, sevgilisi məşhur yazıçı, rəssam, rejissor Jan Koktoya öz əliyə yapdığı heykəl qoyulub.

    Xəbəriniz olsun ki, qədim dövrlərdə Yunanıstanın dövlət xadimi olan Solon dünyada ilk getera evinin əsasını qoyanlardan biridir. Təəssüf ki, əxlaqsızlığın nümayişində misilsiz xidmətləri olan, həmişə sərxoş, kefkom Dionisin ruhunu şad edənlərin coğrafiyası əsrlər boyu genişlənməkdədir. (Yəqin ki, şərab Allahı Dionisin yarıvəhşi, çılpaq qadınlar arasında təsvir olunan möhtəşəm şəkillərinə dünya müzeylərində rast gəlmisiniz.) Allah adamın ağlını əlindən almasın.
    Düz deyiblər, həyat sualdırsa, yaşamaq onun cavabı. Dünyada dəliyə, ağıllıya da müxtəlif münasibətlər mövcuddur.Yer üzündə elə qəbilələr var ki, bizim dəli adlandırdığımız insanlara daha böyük ehtiramla yanaşır, onları cəmiyyətdən ayırmırlar. Psixopata, hipomanikal depressiyaya düşənə və s. xəstələrə bəzən ruhi xəstə deyilir. Yaxud “Sağlam bədəndə sağlam ruh olar” devizi ilə adamları çaşdırırlar.Ruhlar xəstələnsəydi indi ruhların toplaşdığı bərzəx qatında və ya yaxınlığında “dəlixana”lar mövcud olardı. Sağlam düşüncəli adam bunu necə təsəvvür edir? Orta əsrlərin məşhur filosofu Foma Akvinskiy ruhun bədəndən asılı olmadığını, onun pak forma kimi nə öz-özünü, nə də başqası tərəfindən məhv edilə biləcəyinin mümkünsüz olduğunu bildirir. Avreliy Avqustin də ruhla bağlı qeyd edir ki, Allahı insanın bədəni deyil, ruhu dərk edir. Ruhun bədən üzərində üstünlüyü ondan tələb edir ki, insan həzzverici hissləri özündə boğaraq, ruha qayğını artırsın. Bir sözlə, Allahın insana bəxş etdiyi ruh həmişə pakdır. İnsanın şüurunda, sağlamlığında pozuntular ola bilər, amma heç bir vəchlə onu ruhla əlaqələndirməyə ehtiyac yoxdur. ( Bildiyiniz kimi, təkcə Quranda ruh haqqında məlumat verilməyib.) Sufi təlimində isə ruhun Allaha can atmasının dərin fəlsəfi kökü insanları düşündürən məsələlərdən biridir.
    Bir az haşiyəyə çıxım. Yığıb saxladığım bir çox qəzet və jurnalları çoxdandır nəzərdən keçirmirdim. Əlimə 1991-ci ilin qəzeti düşdü. “Beynəlmiləl şəhərin vəzifə bölgüsü” yazısında Bakıda ermənilərin düşmən fəaliyyətləri faktlarla açıqlanmışdı. Hələ keçən əsrin ortalarında işlədikləri, rəhbəri olduqları nə qədər fabrikləri, ayaqqabı, toxuculuq sexinə çevirdikləri məscidləri yandırdıqları məlum idi. Külli-miqdarda yeyintiləri, cinayətləri ört-basdır edilıb. (Nəyin naminə düşmənə düşmən deməkdən çəkinmişik?) Hayıf ki, Lombrozo, ancaq dahi insanların bəzi sərsəm xülyasını dünya ictimaiyyətinin diqqətinə cəlb edib. Daha bilməyib ki, o dəlilər cəmiyyət üçün o qədər də qorxulu deyil, amma hiyləgər “dəlinin” əlindən nə desən gələr. Məsələn, hiyləgər “dəli” deyə bilər ki, dünən yuxuda ona Xəzər dənizi içindəki balıqları ilə birlikdə akvarium yerinə bağışlanıb. Mənim yuxularımın həyata keçməsi üçün siz də özünüzü yuxululuğa vurun. Atalar demişkən, dəliyə yel ver əlinə bel ver. Allah adamın ağlını əlindən almasın.
    Əcəb işdir dəli çaya bir daş atıb, yüz ağıllı fikirləşib onu çaydan çıxara bilmir.
    Hamı xeyirxahlığı, mərhəməti, yaxşılığı tərifləyir, amma bu müqəddəs yükü öz üzərinə götürməyə hazır deyil. Eqoizm alturuzmi, mənəviyyatsızlıq əxlaqi dəyərləri, müharibə sülhü yüz bəhanəylə meydandan sıxışdırıb yox etməyə çalışır. Necə deyərlər, toxun acdan nə xəbəri. Dəlilər bu ədalətsizlikləri görə bilsəydi Vallah bizlərə yazığı gəlib deyərdi: “Ey, məndən ağıllılar, siz də özünüzü dəli kimi aparanda mənimlə sizin aranızda nə fərq olacaq? Mən dəliyəm nə etsəm qınamazlar, bəs sizin insafınıza nə gəlib? İstedadlı, yaxşı, xeyirxah adamları xoşbəxt gələcəyimiz naminə məhz bu gün o sağ ikən milli sərvət kimi onları qoruyun, pislərə qurban verməyin. Həqiqəti deməkdən qorxmayın. Oturduğunuz stulun ayaqlarını niyə kəsirsiniz? Axırda yıxılan özünüz olacaqsınız.” Allah adamın ağlını əlindən almasın.
    Sonda etiraf edim ki, bizim də bir tarixi dəlimiz var, adına Dəli Domrul deyərlər.(Fikir vermisinizsə “Dəli” sözü böyük hərflə yazılır.) İgid hətta Əzrayıldan da qorxmayıb. Tanrı Dəli Domrulun ömrünə ömür calayıb ki, faydalı adam, qəhrəman kimi xalqına daha çox xidmət etsin. Belə Dəli Domrulların sayı artdıqca mərdlik namərdliyə, həqiqət saxtakarlığa, bir sözlə, xeyir qüvvələr şərə asanlıqla qalib gələcək. Dədəmiz Qorqud demişkən, Allah bizi ağılsızların şərrindən qorusun. Belə yerdə dəli də xöşbəxt olar, dahilər də çoxalar.
    Bəşəriyyətə öz məhəbbətini, səxavətini təmənnasız paylayanlara tərcüməçi lazım deyil. Xeyirxahlıq üçün uzanan əlin məqsədi lüğətsiz də aydındır. Təkcə pislik, şər həmişə özünə bəraət qazandırmağa çalışır, neçə dildə özünə tərcüməçi, silahdaş, vəkil axtarır. Görən son vaxtlar dünyada niyə daha çox sərsəm küləklər, fırtınalar meydan oxuyur? Şərə meyilli çılğın insanların ağlını əlindən alır. (Allahdan ayrı düşənlər öz bəndə, vətəndaş borcunu cəmiyyət, ailə qarşısında unudanda yerlə göy arasında harmoniya pozulanda, ağa qara deyəndə sabahkı acı aqibətimiz əməllərimizə sərt cavabdır.) Fikirlər finiş xəttinə çatdıqca qəmli, yorğun təəssüratlarla üz-üzə qalmaq istəmirsən. Əslində insanı xoşbəxt etmək üçün o qədər də çox şey lazım deyil. Axı, ilk baxışdan dünyanı ağıllı insanlar idarə edir. Dünyanın qaynar nöqtələrində haqq, ədalət iftira və zalımlığın köləsinə çevrilirsə, şüurlara siyasi evfemizm üsullarıyla təsir edilərək, başqasının ərazisinə hücum “müdafiə reaksiyası” termini ilə əvəz olunub çirkin əməllərə bəraət qazandırılırsa, onda dahi sərsəmlərə hörmətimiz daha da artmalıdır. Çünki onlar öz əsərlərində məhəbbəti, gözəlliyi, xeyirxahlığı, mərdliyi, cəngavərliyi və buna bənzər bir çox əxlaqi keyfiyyətləri, hissləri bəşəriyyətə bəxş edə bilmişlər...Onlar insanlara vətənpərvərliyi, sevməyi, yaşamağı öyrətmişlər, ölməyi yox. Əgər elm və mədəniyyət bəşəriyyətin gələcəyi naminə dominant qüvvə kimi dünyada siyasi qüvvələri tənzimləyə, sağlam mövqeyə yönəldə bilsəydi, bu müsbət təcrübə milyonlarla insanlara yeni xoşbəxt həyat bəxş edərdi...(Amma təəssüf ki, bu strategiya bir çox siyasətçilərin, təcavüzkarların məqsəd və qanlı planları ilə üst-üstə düşmür.)
    Başında küləklər əsən adamların bəd əməllərinin günahsız qurbanlarının sayı bitib tükənmir, qəbristanlıqlar böyüyüb şəhərciyə dönür. Xüsusilə, aclıqdan, səfalətdən ölən, müharibə şəhidləri olan minlərlə məsum uşaqlara sərsəm dünyamız vaxtsız ölümdən savayı nə verir? !
    Nazim Hikmət demişkən:
    Cocuqlara kıymayın efendilər,
    Bulutlar adam öldürmesin.
    [youtube][/youtube]

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    6

    Re: Zöhrə Əsgərova - Varlığımız ağlımızın güzgüsüdür

    Zöhrə Əsgərova

    Hənifənin etirafı

    Hənifə gecəni pis yatdığı üçün özünü əzgin hiss edirdi. Ona elə gəlirdi ki, yarımçıq yuxusu səbrlə gözləyir ki, Hənifə nə vaxt mürgü döyəcək və o da Hənifəyə təzə nağıl danışacaq. Gecə yuxusu şirin olur. Amma son aylar bu yuxuların da şirinliyi gedib acısı qalmışdı. Keçən həftə həkim ona müalicə, iynə təyin edəndə az qaldı desin ki, sənin dərmanların teatrda satılmır. Hənifənin apteki, müalicəsi, ancaq səhnə idi.
    O, evdə qərar tapmayıb eyvana çıxdı. Mənzil onu elə bil öz məngənəsində sıxırdı. Eyvanın qapısını çöldən bağlayanda istər-istəməz arxada qalan otağın içərisinə boylandı. Mənzili kənardan izləyəndə adamda qəribə hisslər oyanır. Elə bil öz iç dünyanı təzədən tanıyırsan. Bu mənzildə verilən qonaqlıqların sayı-hesabı yox idi. Deyilən sağlıqların, təriflərin qısa ömrü süfrənin kənarından üzağa getməzdi. Keçmiş parıltısını itirən mebelinə çöldən təəssüflə baxırdı. Onun da dəbdə olan vaxtları vardı. Nədənsə rəhmətlik əri ilə divan və kresloları aldığı günün sevincini xatırladı. Qızı Kifayət şıltaq, balaca keçi kimi kreslolarda, divanda var gücü ilə atılıb-düşürdü. Otaqdakı divar kağızları kimi saralmış xatirələr Kifayətin səsindən sanki diksinib yoxa çıxdı. Yenə vaxtın dar yaxasından yapışlb bütün problemləri onun üzərinə yıxmaqla məşğul idi. Kifayətin çılğın xasiyyəti ona öz cavanlığını xatırladırdı.
    Hənifə dərindən “ah” çəkib xoşbəxt xəyallarından ayrılaraq, eyvanın sürahisindən bərk-bərk tutub dayandı. Dənizə açılan eyvan qəlbinə, ruhuna açılan ümmana bənzəyirdi. Payız səhərinin küləyi Hənifənin səliqəsiz saçlarını oxşadıqca o, üzünü göylərə sarı tutub gözlərini yummuşdu. Allahla gözlərinin qapaqları arxasında gizli etiraflarıyla üzbəüz idi. Göylərin neçənci qatında idi? Aramsız şütüyən maşınların səsi onu düşüncələrindən ayıra bilmirdi. Bəlkə də eyvan qarışıq gözəgörünməz bir dünyada yorğun səyyah kimi tək qalmaq, onu üzən fikirlərdən xilas olmaq istəyirdi. Ancaq neçə vaxtdır bir ümidlə təsəlli tapırdı. İnanırdı ki, o dünyada onun yolunu anası, atası, vaxtsız ölən sevimli qardaşı, vəfalı həyat yoldaşı və keçmiş tərəf müqabili gözləyir. Bu görüş tezmi, gecmi həyata keçəcəkdi Allahdan savayı bunu heç kim bilmirdi. İki dünyanı qəlbində birləşdirən, özünə yad görünən Hənifə gizli kamera ilə lentə çəkilsəydi onun sükutu dalğalandıran həyəcanı, etirafları ən daş qəlbli adamı da məhvərindən qopara bilərdi. Şekspirin səhnəyə oxşatdığı həyatda Hənifə xəstə rolunu oynamaq istəmirdi. Hənifə gözlərini açıb yumşaq qəhvəyi xələtinin cibində gəzdirdiyi narın dişli darağını, əl güzgüsünü çıxartdı. Qısa saçlarını həvəssiz daramağa başladı. Əvvəlki gur, uzun saçlarından əsər-əlamət qalmamışdı. Həmişə qara saçlarını burub arxada yığardı.
    Hənifənin əlindən kiçik yaylıq heç vaxt əskik deyildi. Onunla tez-tez göz yaşını silirdi. Bu gün heç cürə eyvandan ayrılmaq istəmirdi. Son dəfə müxbir dostu ondan müsahibə götürmək istəyəndə acı-acı gülümsünmüşdü. Divardan asılan gənclik illərinin şəkilini heysiz əli ilə göstərib demişdi: “Ondan müsahibə götürün. O, bu gün məndən xoşbəxtdir. Onun həyatı, arzuları şəhərə sığmırdı...Vaxtı ikən qoca rollarını elə həvəslə oynayardım ki, hələ bununla fəxr edərdim. İndi isə qocalığımı səhnədə yox həyatda oynayıram, ona möhtacam. O mənə müəllim kimi yenidən necə yaşamaq öyrədir. Axı, qocalıqla dostluq etmək çox çətin vəzifədir. Sən onu heç güzgüdə də görmək istəmirsən.” Söhbət əsnasında müxbir iki il əvvəl rəhmətə gedən nənəsini xatırlayıb demişdi: “Hənifə xanım, mənim nənəm doxsan yaşına qədər yaşadı. Hər dəfə də fəxrlə deyərdi ki, uzun ömür yaşayıb qocalmaq hər adama nəsib deyil. Onun bir cəhəti pisdir ki, sənin tay-tuşların, yaxınların dünyasını dəyişdikcə özünü tənha hiss edirsən. Səni başa düşənlərin, doğma səsini eşitmək istədiyin əzizlərinin sayı azalır. Onda yaşamağın mənası itir, öz evində, çöldə kənar tamaşaçı kimi həyatı uzaqdan seyr edirsən. ”
    Hənifə öz ömrünün mənasını səhnədə oynadığı illərlə ölçürdü. Gerçək həyat səhnəsindən, dayandığı eyvandan o, öz keçmiş tamaşaçılarını seyr edirdi. “Görəsən, bu gün teatrda hansı tamaşa gedəcək? Bir anlıq quş olub teatrın qarşısında olaydım. Adamların teatra necə tələsdiyini gözümlə görəydim. Mən öz xoşbəxtliyimin əsl qədrini bilməyə macal tapmadım. Məşqlərə, tamaşalara, çəkilişlərə tələsdim. Vaxtla yarışda idim elə bil. Bəs indi niyə vaxt da mənim kimi qocalıb axsayır. Sən demə, həyatımız yaşadığımız həqiqətin güzgüsündən savayı bizə yeni heç nəyi göstərmir... ”
    Hənifə qocalığın acı balına alışa bilmirdi. “Acı bal” haqqında ürəklənib hətta poema yazmaq eşqinə düşsə də sonra dörd sətirlik şeir yazmaqla qəlbini göynədən hisslərdən xilas etməyə çalışmışdı:
    Qocalığın acı balı
    Cavanlıqda şirin olur.
    Gül arzular dəriləndə
    Bahar da qocalır,solur.
    Hənifə qəmli şeir müəllifi kimi onu tanıyanların yaddaşında qalmaq istəmirdi. Qızının həyəcanlı səsi onu öz aləmindən ayırdı:
    -Ay ana, görümrsən hava necə sərindir. İstəyirsən sənə soyuq dəysin...
    Hənifə təmkinini pozmadan astadan dedi:
    -Mənim üçün istinin də, soyuğun da daha heç bir əhəmiyyəti yoxdur.
    - Aydındır ki, evdə oturanda küçədəki havadan asılı olmursan.
    - Bilsəydin ki, sənin bəzi sözlərin mənim şəkərimi necə qaldırır.
    - Axı, mən sənə nə dedim ki…Yaxşı, bağışla məni. İşə tələsirəm… Səhər yeməyin soyuyur.
    - Əvvəllər hamı mənimlə hesablaşardı. Son söz mənim idi. Sərbəstliyim itib... Sən işə tələsdiyin üçün mən də səhər yeməyinə tələsməliyəm. Çünki indi mən hamının vaxtından, istəyindən asılı olmuşam, -deyə Hənifə əlindəki kiçik yaylıqla gözlərinin yaşını sildi.- Neçə vaxtdır az qala yalvarıram ki, məni Şüvəlandakı pirə aparasan. Hələ də mənim üçün vaxt tapa bilmirsən. Sənin kimi mən də hər yerə, hər şeyə tələsmişəm. Tələsik, qaçaqaçda çox vaxt öz xoşbəxtilyimə də ürəyimcə sevinə bilməmişəm. Hər şeyi sabahların boynuna yıxmışam. Bu da mənim gəzləmədiyim rəngsiz, sevincsiz sabahlarımdan biri...Belə çııxır ki, qocalığa tələsmişəm...özümə də yad səhərlərə. Bilirəm ki, sən məni başa düşə bilməzsən.
    - Vallah bugünki söhbətimiz də elə bil hansısa tamaşadandır, biz də aktrisa kimi evimizin səhnəsində oynayırıq. Ana, öz həyatından az şikayət elə. Çox maraqlı və mənalı həyat yaşamısan. Daha sənə nə lazımdır? -deyə qızı anasının könlünü almağa çalışdı.
    - Onu yaxşı qeyd elədin ki, mənalı həyat yaşamışam… Mənim haqqımda , ancaq keçmiş zamanda danışmaq olar. Sən haqlısan mən artıq heç kimə lazım deyiləm.
    - Qocalıqdan fərqli olaraq, gənclik elə bir dövrdür ki, nə vaxtsa onun haqqında, ancaq keçmiş zamanda danışırsan. Qocalıq isə indiki zaman feilidir.
    - Yaman təsəlli verdin, çox sağ ol. Qocalıq haqqında ən bəlağətli aforizm üzrə müsabiqə keçirilsəydi birincilik qazanardın.
    Kifayət etiraf etməsə də Hənifənin sözlərində həqiqət vardı.
    Hənifə stolun arxasına keçib otursa da səhər yeməyinə gözünün ucuyla da baxmadı. Qızının evdə necə can-fəşanlıq etdiyini müşahidə edirdi. Oğlunu heç cür yuxudan oyada bilmirdi. Həmid anasıyla nənəsinin söhbətindən xəbərsiz dərin yuxuda idi. Kifayət oğlunu birtəhər yuxudan oyatsa da o, yerindən durmağa tələsmirdi. Kifayət tələsik ayaqüstə çay içərək, qapıya yaxınlaşdı:
    - Həyatımız həmişə qaç-qaçhaqaçda keçir. Bu gərginlikdən lap bezir adam. Hələlik.
    Kifayət son sözünü qapı arxasından deyib, gözdən itdi. Hənifə qızına cavab
    vermədən qabağına qoyulan südlü sıyığa elə məzəmmətlə baxdı ki, sanki bütün narazılıqlarının səbəbkarı o idi. Əslində o, çayı, xörəyi də çox isti sevirdi. İsti sıyıq nimçədə buğlana-buğlana rəqs eləsə də Hənifəni fikirlərindən ayıra bilmədi. İşdən çıxmazdan əvvəl zəmanə adamlarının üzüdönüklüyü, laqeydlikləri, uzun illər bir səhnədə oynadığı bəzi adamların sərt sözləri gözlərinin önündən kino lenti kimi keçdi. Doğmaların yadlığından, soyuqluğundan əziyyət çəkənləri Hənifə yaxından duymağa başlamışdı.
    Otaqda sakitlik idi. Bu dərin boşluqda o, sanki ürəyinin döyüntülərini daha yaxından eşidirdi. Qəlbi ilə üz-üzə qalmaq, onu incidən etirafların hücumlarına sinə gərmək ona çətin idi. Hənifə köhnə, sevimli rolunu xatırlayıb onun video yazısına baxmaq istədi. Nəvəsinin universitetə gecikməyini tamam unutmuşdu. Nədənsə ona elə gəldi ki, o, on il əvvələ qayıdıb. O gün tamaşanın çəkilişinə Həmidin orta məktəb müəllimləri də həvəslə gəlmişdi. Bu video yazıda təsadüfən müəllimlər tamaşaçılar arasında göstərilirdi. Hənifənin məşhur monoloqu vaxtı ikən dillər əzbəri olmuşdu. Əlindəki yaylıq islandıqca hiss edirdi ki, indi bu sözlər onun özünü ittiham edir. Ürəyinin döyüntüləri ona deyirdi: “ Ümidsiz səhərlər hər kəsin həyatında doğula bilər. Etiraflar gecikəndə heç nəyin yerini təzədən dəyişmək mümkün olmur.” Otaqda Hənifənin video lent yazısı eşidilirdi...«Görəsən insanları bir-birindən nə ayırır? Yadlıq ilə doğmalıq arasında məsafə nə qədərdir? Neçə addım, neçə il, neçə ay? Kim bilir? Yadların doğmalığı, yoxsa doğmaların yadlığıdır tale yollarımızı dəyişən? Yadlıqla doğmalığın sərhəddində kim udur, kim uduzur? Sərhədin o tayında keçmiş xoşbəxtliyin əllərində toy hənası, sərhədin bu tayında həsrət yanğısı, səhvlərin, günahların məhkəməsi. Bahar qışa qalib gəlsə də, ümidsiz ayrılıqlara qalib gələ bilmir. Qış kimi sərt, soyuq yadlıq isti günəşli doğmalığa necə qovuşa bilər? Sözün düzü, neçə ildir ki, özümə yadlaşan ömrümün soyuq əlini sıxıb ona alışa bilmirəm. Əlbəttə, barışmağa çalışıram. Deyilənə görə, hər yaşanan gün kiçik həyata bənəzyir. Bu kiçik həyat isə bizə hər gün çox şey öyrədir. Keçmişdən heç kim heç nə gözləmir. Gələcəkdən də heç nə gözləmirəm, amma keçmişdə yolumu gözləyənlər çoxdur.Əzizlərimlə yarımçıq görüşlər, gülüşlər, köhnəlmiş təzə fikirlər, qısa təbriklər, vaxtsızlıqdan şikayət etdiyim günlər indi qəlbimi incidir. Kaş o vaxtlar gözlərimə doyunca baxmaq öyrədəydim. Qəribə odur ki, həyatda qazandığımız sevinc payından aylarla kədərə borc veririk, qurbanlarsız keçinmirik. Biz həyatımız boyu müdrik kədərlə yol gedirik. O bizə yaşamaq öyrədir. Nə yaxşı ki, müdrik kədər heç vaxt öz yolunu azmır. Etiraflardan sözlər də ağlayanda gözlərimiz daha ümid axtarmır və dodaqlarımıza acı bir təbəssüm qonur. Həyatı dərk edən səssiz, üsyansız təbəssümün soyuq işığına sığınırıq. Bu sirli təbəssümdə beləcə açılır doğmalığın yad səhərləri...”
    Nəvəsi Həmid gözlərini rəngi saralmış tavana zilləyərək, nənəsinə qulaq asıb köks ötürdü. Əslində nənəsinin kədərli obrazı onun qəlbini kövrəltmişdi. Həmid yatağından qalxıb nənəsinin kədərinə şərik çıxmaq istədi:
    -Nənə, səhər-səhər xeyir ola bizi ağlatmaq fikrinə düşmüsən. Yad səhərlərin doğulması bilirsən nə deməkdir? Ya zəlzələ, ya dəniz daşa, ya da adamlar açılan səhəri tanımaya.
    - Mənim taleyimin zəlzələsini, ancaq mən duya bilərəm. Çünki o heç kimin tükünü belə tərpətmir. Xoşbəxtliyin ondadır ki, sən hələ cavansan. Amma həyatımızı dəyişən səhvlərin çoxu elə cavanlıq illərində baş verir. Bu yaşda sizin üçün zəlzələ də qorxulu deyil.
    -Sən istəyirsən ki, hamının içində zəlzələ oyansın, vulkan püskürsün? Əjdahalar, ancaq nağıllarda olur, ay nənə.
    Hənifənin elə bil yarasına duz töküldü:
    - Uşaqlıqda sənə çox nağıl kitabı almışam. Onları oxumasaydın indi mənə belə ağıllı cavablar verməzdin. Onu da bil ki, dahilərə, qəhrəmanlara da əjdaha kimi adam deyirlər.
    -Əjdahanın da bir dövrü olub yaşayıb, amma onlarla da döyüşən qəhrəmanlar az olmayıb. Hamısını qoyaq bir kənara, nənə, kitablar alsan da onları mənə bir dəfə də özün oxumamısan.
    - Səhnədə mən elə yorulurdum ki, əlavə kitab oxumağa taqətim qalmırdı. Yəqin bunun üçün məni bağışlayarsan. Həmid, sənin gələcəyin qabaqdadır. Qoca nənəni başa düşmək sənin üçün çətindir.
    Həmid anasının mətbəxdə qoyduğu səhər yeməyini yeyə-yeyə otaqdan-otağa danışdı:
    - Nənə, elə danışırasn ki, guya həmişə qoca olmusan. Cavanlığında da anama nənəm baxıb. Sözümdən incimə nəvəcanlı nənə nədir anam yaxşı bilir. Monoloqdakı bir fikirlə razıyam ki, əgər vaxtında acını şirinlə şirini acıyla bir-birinə qarışdırmasaydıq hər şeyin qədr-qiymətini vaxtında dərindən duya bilərdik. Gör heç mən səndən inciyirəm ki, niyə nəvənlə maraqlanmırsan. Heç demirsən ki, ay Həmid, nə vaxt evlənirsən?
    Hənifə “evlənmək” sözünü eşidəndə qulaqlarına inanmadı. Bir anın içində nəvəsi onun gözündə böyüyüb yekə bir kişi oldu. Nənə kimi nəvəsinin toyunu görməkdən gözəl nə ola bilərdi? Nədənsə Həmidə şirin sözlər demək əvəzinə əksinə onu məzəmmət etdi:
    -Sən əvvəlcə ali məktəbi qurtar, əlin pula çatsın sonra evlənməkdən dəm vur. Həmid, mənim bir ayağım burda, o biri ayağım gordadır. Çalış özünə arxalan, -deyə Hənifə istər-istəməz soyumuş südlü sıyığı yeməyə başladı.
    -Nənə, zarafat edirəm, mənim evlənmək vaxtımdır? İstədim ki, bir az nəvənə diqqət göstərəsən.
    -Mən boynuma alıram ki, lazımi qədər sənə vaxt ayıra bilməmişəm. Mənim sənətim belədir ki, özünü işə gərək qurban verəsən. Mən həmişə işdən evə yox, evdən işə tələsmişəm. Bir var mənim yolumu bir, iki nəfər gözləsin, bir də var ki, minlərlə tamaşaçı. Hər halda sənət adamı kimi deyə bilərəm ki, onun əziyyətini yaşasam da xoşbəxt anlarım çox olub.
    -Nənə, qəhrəmanların bizdən çox sənə əziz idi. Onlar daha sənin səsini unudub, sən də onları unut. Yeganə qızının yeganə nəvəsiyəm. Axı, tamaşaçıdan bununla həyatında sənə ən doğma adamam.
    -Həmid, bu gün ürəyin doludur. Hətta ittihamların adamı tərkisilah edir.
    - Əgər sənin monoloquna qulaq asmasaydım bu söhbət də alınmazdı. Yuxudan durub heç bir fikir mübadiləsi aparmadan gedəcəkdim universitetə, vəssalam.
    - Amma sənin sözlərin məni düşündürür. Yaxşı analitik təhlilllərin var.
    -Sağ ol, nənə, bu tərifi səndən eşitmək çox nadir hadisədir. Bir jurnalist kimi nə vaxtsa sənin haqqında kitab yazanda incimə bəzi giley-güzarlarımı da etiraf edəcəyəm. Həmişə arzulamışam ki, səninlə ürəyim istəyən qədər oturum söhbət edim, sən də məni yaxından tanıyasan. Mənə uşaq kimi baxmayasan. Hərdən-bir səninlə tədbirlərdə olanda məni camaatın içində az qala unudurdun...Onda çığırmaq istəyirdim ki, nənə, məni bura niyə gətirmisən? Mən sənin rəngli kölgən deyiləm. Mənə də diqqət elə.
    Hənifə nəvəsinin etiraflarından həm kövrəldi, həm də təəccübləndi. Balaca Həmidin qəlbindəki gizli harayları necə olub ki, eşitməyib. Nəvəsinin bu etirafına açıqlama verməyə söz tapmadığı üçün təəssüflə dedi:
    -Ancaq onu deyə bilərəm ki, jurnalistika fakültəsində oxumağa layiq tələbəsən... Elə bil yaxından tanımadığım Hənifənin həyatından bəhs edən kino –lentinə baxdım. Nəvəmin etirafları əsasında ağlamalı film çəkmək olardı.
    Həmid nənəsinin fikrə getdiyini görüb bir az yumşaldı.
    -Onda niyə çap olunan yazılarımı heç vaxt oxumursan? Bəlkə məsləhətinə, qayğına ehtiyacım var- deyə nənəsinin boynunu qucaqladı.- Əlbəttə, fanatlarından bir fərqimiz var ki, biz səni səhnədə yox həyatda, ailəmizdə olduğun kimi görüb tanıyırıq.
    Nənə ilə nəvə arasında söhbət qızışdıqca, daxili təzadlar duman kimi əridikcə, yad səhərin üfüqlərində günəşin hərarəti hiss olunurdu. Hənifə Həmidin səmimi etiraflarından kövrəlsə də büruzə vermirdi. O, dərin peşmançılıq hissləri ilə köks ötürdü:
    -Düz sözə nə deyəsən? Söz verirəm ki, yazılarını oxuyacağam. Sən mənimlə evdə, ailədə də fəxr edəcəksən, -deyə Hənifə nəvəsinin mühakimələri qarşısında hətta öz aktrisa məharətindən istifadə edə bilmədi. Pirə getmək arzusunu da Həmidə deməyə nədənsə dili gəlmədi. Axı, nəvəsi indicə onun tarixi səhvlərini dilə gətirmişdi.
    Həmid jurnalda çap olunan məqaləsini nənəsinin qarşısına qoyub dedi:
    -Mədəniyyətimizə gənc nəslin yeni baxışı sənə də maraqlı olar.
    -Əlbəttə, amma dünyada elə qocalar var ki, yüz cavana dəyərlər. O gün televizorda göstərirlər ki, xarici ölkədə doxsan dörd yaşında qadın ali məktəbi bitirib. Xoşbəxtlik odur ki, o yaşda həyat öz mənasını onun üçün itirməyib. Qibtə ilə baxdım ona. Üz-gözündən xoşbəxtlik yağrıdı. Uşaqları, nəvələri, nəticələri də onunla bir yerdə sevinirdilər. Hiss olunurdu ki, bəxtəvərin qızı xəstəlik nədir bilmir. Üz-gözündən gümrahlıq yağırdı. Məndən azı on beş yaş böyükdür.
    - Nənə, incimə məndən, amma peyğəmbərimizin bir fikri var: “ Bütün xəstəliklər günahlarımıza görədir”. Səbəbsiz nəticə yoxdur.
    - Görəsən, şəkər və ürək xəstəliyi hansı günahların nəticəsidir?
    - Çılğınlığın, əsəbin...
    - Vallah, sən bu gün gözlərimi açdın. Mənim necə də ağıllı nəvəm varmış, - deyə Hənifə mənalı-mənalı başını tərpətdi. -Səninlə söhbət etmək maraqlıdır.
    - Nənə, bu gün tarixi bir gündür. Etiraf günü. Nənənin nəvəsini kəşf etmə günü. Mən dərsə gecikirəm, həvəsin olsa sonra söhbətimizi davam etdirərik.
    Həmid nənəsi ilə danışa-danışa universitetə tələsdi, anası kimi “hələlik” deyib qapının arxasında sanki qeyb oldu. Hənifə bu dəfə divardakı cavanlıq şəkilinə həsrətlə yox, məzəmmətlə baxdı: “Sən bilmirdin ki, dövran belə getməz. Qızını anasından, nəvəni nənəsindən məhrum etmisən...Səhnənin tozu ciyərlərinə elə hopub ki, bu sağalmaz xəstəlikdən qurtara bilmirsən. Əslində sənin xəstəliyinin adı eqoizmdir, yəni “mənçisən”, vəssalam. Cavanlıqda qazandığın şöhrət üçün qocalıq indi səndən intiqam alır. Sən də acığını tökürsən evdəkilərin üstünə. O cür ağıllı, istedadlı nəvənlə fəxr etməlisən.” Hənifə əilndəki əl yaylığı ilə növbəti dəfə göz yaşlarını sildi. Kifayət Hənifənin əl yaylığının islanmasından həmişə ehtiyat edirdi. Yaylıqlı əl üzü yuxarı qalxan kimi evdə ab-hava da dəyişilirdi. Hərdən zarafatla Həmid də nənəsinin əl yaylığından qopxduğunu etiraf edirdi. Ona evin “qara buludu” deyirdi. Bu gün də için-için hansı itgiyə görə ağladığı divarlar üçün sirr idi. Hənifənin dərdini, ancaq əl yaylığı daha yaxşı bilirdi...
    Hənifə xatırladı ki, keçən il bu ayda Şüvəlanda Mirmövsüm ağanın anım günü idi. Qəzetdə də bu haqda məqalə yazılmışdı. Hənifə qəzeti tapıb məqaləyə nəzər saldı. Mirmövsüm ağa ilə bağlı maraqlı hadisələr də məqalədə qeyd olunmuşdu. O gün tədbirdə rus dilli ziyalılar da olduğu üçün bütün çıxışlar onların beynində tərcümə olunurdu. Belə ziyalılardan biri dostundan “pirin” rus dilində başqa məna verməsinə sadəlövhcəsinə təəccüblənərək, Puşkinin “Pir vo vremya çumı” əsərini də misal gətirmişdi. Bu söhbət Hənifənin yadında qalmışdı.
    Hənifə köhnə telefon kitabçasını tapıb kimə zəng vuracağını götür-qoy etdi. Pirə kimlə gedəcəyini qərarlaşdıra bilmədi. Bu gün necə olursa-olsun özünə, evdəkilərə sübut etmək istəyirdi ki, o, heç kimdən asılı deyil.Yadına nə vaxtsa oynadığı sevimli rollar düşdü. Görəsən, o qəhrəmanlar mənim düşdüyüm vəziyyətdən necə çıxardı? Çox fikirləşəndən sonra öz-özünə təskinlik verdi: “Oynadığım obrazlara mən can, nəfəs vermişəm. Onlar mənim səsimlə danışıb. Canlı, diri Hənifə kimdən məsləhət almalıdı? Bu yaşımda peşmanam ki, özümü başqalarının garşısında sığortalamaq üçün həmişə vaxt azlığından şikayət etmişəm. İndi də vaxtdan başqa cür şikayət edirəm. Əvvəllər mən sevincdən ağlaya bilərdim indi isə əksinə qəmli fikirlərdən yaxa qurtarmaq üçün qəh-qəhə çəkmək, zamana da meydan oxumaq istəyirəm. Bir də gecikmiş etirafları dilə gətirməyin özü cəsarət tələb edir. “Hənifə şifonerin qabağında nə qədər oturduğunu hiss etmədi. Hənifənin sevimli paltarları zamanın yaxasından asılmış heysiş qocalara bənzəyirdi. Çoxdandır onlar günəş işığından, bahalı ətirlərdən məhrum idilər. Ziyafətlərdə, yubileylərdə, toylarda, ad günlərində bu geyimlərdə çox olmuşdu. Onun bir çox paltarını dünya şöhrəti qazanmayan yerli dərzi Rüxsarə tikərdi. Ayağa durub titrək əllərini paltarlara toxundurdu. Rəhmətlik əriylə ziyafətlərə, qonaqlıqlara getdiyi günlər elə bil dünən olmuşdu. Halbuki o vaxtdan beş il keçmişdi. Nəzərləri ağ kostyumun yaxalığına sancaq kimi dikilib qaldı. Dövlət tərəfindən aldığı orden və medallar kostyumun yaxalığını bəzəyirdi.
    Əlvan rəngli şifon paltarında isə iki il əvvəl xəstəxanada baş həkimin yanında olduğu günü xatırladı. Xəstəlik diaqnozunu ilk dəfə orda eşidəndə onun sifəti ağ xələt kimi ağarmışdı. O gün həkimin kabinetindən çıxanda sanki keçmiş xatirələrini, ən xoşbəxt illərini itirmişdi... Xəyallardan ayrılıb ən sevimli qara pencəyini həvəssiz əyninə geyindi. Bədəninə çox böyük idi. Son vaxtlar yaman arıqlamışdı. Əvvəlki pencəkdə Hənifə özünə yad görünürdü. Şifonerin iç güzgüsü tozlanmışdı. Şifoner daha tez-tez açılmadığı üçün zamanın tozunu udurdu. Hənifə güzgünü silib onunla üzbəüz qalaraq, acı etirafını bildirdi: “Ana, nənə rolunu, ancaq səhnədə yarada bildin. Onda sənə elə gəlirdi ki, bununla da ailədə öz vəzifəni yerinə yetirmisən. Daha vaxt sənin xeyrinə işləmir. Təəssüf ki, adamın özünə inamı itəndə yaşamaq çətin olur.” Əgər bu gün Hənifənin öz-özünü necə tənqid etdiyini evdəkilər eşitsəydilər qulaqlarına inanmazdılar. Hənifə yuxulu adamlar kimi nə vaxt paltosunu geyinib çölə çıxdığını hiss eləmədi. Blokla üzbəüz yolda dayanan taksi sürücüsündən Şüvəlana neçə manata aparacağını soruşsa da əslində onun nə dediyini axıra qədər başa düşmədi. Fikri dalğın idi. Sanki qızdırmalı adamlar kimi bədəni uçunurdu. Şüvəlanın təmiz havası üçün yaman darıxmışdı. Qızı Kifayət anasının uzaq yola tək çıxdığını bilsə evdə qalmaqal düşəcəkdi: “Bu yaşda istəyirsən ki, başına bir hadisə gəlsin. Sonra biz də düşək küçələrə səni axtarmağa. Qocalıq da zamanın diaqnozudur. Onunla hesablaşmaq lazımdır. Daha ona müharibə elan etmək yox.” Hənifə bütün bunları dərk etsə də özüylə bacarmırdı. Həmişə gərgin iş rejiminə alışdığı üçün indi heç yerdə özünə yer tapa bilmirdi.
    Hənifə tanınmamaq üçün başına kasınka bağlamış, gözlərinə qara eynək taxmışdı. Sürücü bilmirdi ki, ən sevdiyi aktrisalardan birini maşınında Şüvəlana aparır. ....... ..........
    Hənifə pirə çatanda bərk həyəcanlandı. Neçə vaxtdır içində gəzdirdiyi giley-güzardan, sıxıntıdan qurtarmaq, daxili rahatlıq tapmaq üçün Mirmövsüm ağanın ziyarətinə gəlmişdi. Ziyarətə gələnlərin çoxu Hənifəni tanıdığı üçün ona böyük maraqla baxır, bəziləri salamlaşırdılar. O, adamlarla salamlaşmağa macal tapmırdı. Məqbərənin içinə daxil olanda göz yaşlarını gizlədə bilmədi. Bu gün Hənifə həmişə olduğundan da artıq keçmiş tamaşaçılarına yaxın idi. Hənifə Mirmövsüm ağanı ziyarət edib çölə çıxanda hiss etdi ki, ayaqları əsir, bədəni ağırlaşır. İki qadın onun qollarından tutub yaxınlıqdakı skamyada oturtdular. Başına toplananlar nə qədər ona şirin sözlər, təriflər desələr də Hənifənin yaylığı gözlərindən çəkilmədi. Qadınlar aramsız olaraq soruşurdular: “ Hənifə xanım, heç inana bilməzdik ki, sizin kimi şux, həyatsevər bir insan belə acı-acı ağlasın. Bir ciddi hadisə olub? “ Hənifə sual yağışı altında, ancaq onu deyə biliridi ki, heç nə olmayıb. Onun ziyarətə bu yaşında tək gəlməyi çoxuna qəribə görünürdü.
    Heç kim bilmirdi ki, Hənifə köhnə lent yazılarını görəndə onlara qanıqara, kefsiz baxırdı. Son dəfə xəstəxanada görünəndə hamı zənn etmişdi ki, yəqin Hənfə növbəti filmə çəkilmək üçün gəlmişdir. Ətrafında çəkiliş qrupunu görməyəndə inanmışdılar ki, Hənifə də başqa adamlar kimi xəstələnib. Bu gün də pirdə onun çəkilişlə bağlı bura gəldiyini güman edənlər az deyildi.
    Hənifə bu gün tanımadığı adamların, küçələrin içində sanki ərimək özünü, yaşını unutmaq istəyirdi. Bu isə mümkün deyildi. Nəhayət, onun göz yaşı quruyanda elə bil yuxudan oyandı, qəlbinin gözüylə başına toplanan adamlara bir-bir diqqətlə baxmağa çalışdı. Ona dikilən yad baxışlarda o özünə deyil, nə vaxtsa oynadığı qəhrəmanlara məhəbbət, maraq gördü. Hənifə qəhrəmanlarına qibtə etdi. Onlar hələ də öz cavanlıqlarını yaşayırdılar. Ziyarətə gələn qadınlardan biri Hənifənin əlini nəvazişlə əlində tutub dedi:
    -Hənifə xanım, heç ağlıma gətirə bilməzdim ki, sizi həyatda görəcəyəm. Nə yaxşı ki, bu müqəddəs ocaq bizi görüşdürdü. Sizin bir məşhur monoloqunuz var, hamının dillər əzbəridir. Onu sizdən savayı heç kim elə təsirli, inandırıcı tamaşaçıya çatdıra bilməz. Bax, həmin monoloq mənim həyatımı yaxşılığa doğru dəyişdi. Ailəmin dağılmamasına siz kömək etmisiniz. Kor gözlərimi siz açmısınız. Monoloqda məni özümə qaytaran sözləri necə unutmaq olar? Sizə təşəkkür edirəm.
    Hənifə heyrətlə cavan xanıma baxıb köks ötürdü. Bu yad adamın dediklərini eşitmək bəlkə də təsadüf yox tale idi, özünə kənardan baxmaq fürsəti...Görəsən hansı monoloq belə təsir gücünə malik olub? Məhkəmədə vəkilləri, hakimləri əvəz edən vaxtında deyilən müdrik sözlər nə qədər insanın əlindən tutub? Bu göstəricilər statistik məlumatlarda heç vaxt qeyd oluna bilməz. Bəlkə insanların psixoloji durumunu, daxili dəyişikliklərini, beyində gedən kimyəvi prosesləri tədqiq edən alimlər bunu təhlil edə bilərlər.
    -O monoloqdan nə isə yadınızda qalıb?- deyə Hənifə müəllim kimi sual verdi.
    -Əlbəttə.O da yadımdadır ki, hər cümlə sualla bitirdi: “Yadlıq ilə doğmalıq arasında məsafə nə qədərdir? Neçə addım, neçə il, neçə ay? Kim bilir? Yadların doğmalığı, yoxsa doğmaların yadlığıdır tale yollarımızı dəyişən? Yadlıqla doğmalığın sərhəddində kim udur, kim uduzur? Sərhədin o tayında keçmiş xoşbəxtliyin əllərində toy hənası, sərhədin bu tayında həsrət yanğısı, səhvlərin, günahların məhkəməsi.”
    - Hə, o monoloqu necə unutmaq olar? - deyə bir başqa cavan xanım da söhbətə qoşuldu.- Bəlkə də monoloq o qədər insana vaxtında düz yol göstərib ki, amma bizim bundan xəbərimiz yoxdur.
    - Mən bunu öz şəxsi təcübəmdə gördüm. Hənifə xanım, sonda da çox təsirli söz deyirsiniz: “Həyatda qazandığımız sevinc payından aylarla kədərə borc veririk, qurbanlarsız keçinmirik. Biz həyatımız boyu müdrik kədərlə birgə yol gedirik. O bizə yaşamaq öyrədir. Nə yaxşı ki, müdrik kədər heç vaxt öz yolunu azmır. “
    - Sağ olun xoş sözlər üçün. Belə anlar bizim kimi yaradıcı adamları özümüzə qaytarır. Hər halda bu fikirlər mənim yox, sevdiyiniz qəhrəmanındır. Öz qəhrəmanımın adından təşəkkür edirəm. Məşhur rəssam Pikasso deyib ki, incəsənət gündəlik həyatın tozlarını qəlbimizdən silib təmizləməyə qadirdir. Doğrudan da incəsənət siyasətdən də güclüdür. O xoşbəxt olmağın yollarını, imkanlarını başqalarının acı təcrübəsində bizə öyrədir. Ağıllı tamaşaçı teatrda özünü bilikli həkim, təcrübəli müəllim, ədalətli hakim qarşısında hiss edir. Bir neçə saatlıq səhnəylə, qəlbiylə üz-üzə qalır. Amma həytındakı çətinliklərə qalib olmaq üçün son sözü deməyi özü bacarmalıdır.
    Bu anda Hənifə hiss etdi ki, dediyi son fikirlərin əsas hədəfi elə özüdür. Bir anlıq həyəcanla susdu. Ziyarətgah sanki hamının qəlbindəki, gözlərindəki tozları silib təmizləyirdi.
    -Hənifə xanım, sizin ailəniz yəqin çox xoşbəxtdir. Hər gün sizi dinləyirlər, sizdən çox şey öyrənirlər. Bilirəm ki, siz həm də müəllim kimi istedadlı tələbələr yetirmisiniz.
    - İstedad insanda fitri olmalıdır. Müəllim isə onun cilalanmasında, parlamasında iştirak edir.
    Hənifə qadınlarla danışsa da fikri indi ailəsinin yanında idi. Təəssüf edirdi ki, qızı, nəvəsi burda deyil. Əslində “xoşbəxt ailə”ni qoruyub saxlamaq Hənifə üçün həyatda o qədər də asan deyil.
    Qadınların çoxu Hənifənin ötən cavanlığını, gözəlliyini xatırlayaraq, köks ötürüb ona tamaşa edirdil O, tanınmaz dərəcədə dəyişilmişdi. Pirə ziyarətə gələnlərin qəlbindəki gizli istəklər, arzular da bu gün elə bil daha da saflaşmışdı. Hənifənin üzünə açılan, ona yad görünən səhər gündüzə çevrildikcə payız günəşinin şüaları onu mehribanlıqla sığallayırdı. Hənifə evdəki pis ovqatını unutmağa başlayırdı. Bu gün Hənifə də öz qəhrəmanının acı etiraflarının müəllifinə çevrilmişdi. Hənifə səhər nəvəsi ilə söhbəti xatırlayb dərindən “ah” çəkdi. Öz-özünə söz verdi ki, bu gündən Həmidin məqalələrini oxuyacaq, yeri gəlsə ona mənəvi köməklik göstərəcək. Əsl Hənifə həyatda necədirsə, necə düşünürsə eləcə tamaşaçılarla öz şəxsi fikirlərini bölüşmək istədi. Əl yaylığı sanki ovcunun içində Hənifənin ürək ağrısından sarsılıb qıvrılırdı. O, yaylığı ovcunda özündən asılı olmayaraq, bərk-bərk sıxdı. Hisslərini cilovlamağa çalışdı. Hənifənin doğma səsinə alışan tamaşaçılar üçün onun nə haqda danışmağından çox, onun necə danışması, ünsiyyəti daha vacib idi. Hənifə ömrünün ən səmimi anlarını yaşadığı üçün bərk həyəcanlanmışdı:
    - Mən sizin qarşınızda həmişə səhnədə obrazların diliylə danışmışam. Bu gün isə sizinlə Hənifə özü danışır. Həyat mənə çox şey öyrətdi. Amma elə şeylər var ki, bu qoca yaşımda indi bəzi həqiqətləri dərindən dərk etmişəm. Sən demə səhnədə həyatı oynamaq asan imiş. Tamaşanın sonunda pərdə bağlanır, daha öz qəhrəmanlarının əvəzinə məsuliyyət daşımırsan. Həyatda isə öz vəzifəni layiqincə icra etmək ən müqəddəs, ən çətin işdir. Bu məkanda həyat fasiləsiz davam edir. Gərgin ritmə dözməlisən. Mən ömrümün ən gözəl illərini sizə bəxş etdim. Siz də məni həmişə qiymətləndirdiniz, üzünüzdəki bu təbəssümü görməkdən gözəl nə ola bilər? Əslində məni oynadığım qəhrəmanlara görə sevmisiniz. Demək hər bir qəlbdə mənim də öz yerim var. Bu istəyi qazanmaq üçün mən həyatımda ən vacib şeylərdən imtina etdim, doğma adamlara lazım olan qədər qayğı, diqqət yetirmədim. Ahıl yaşına çatan bir insanın gecikmiş etiraflarını, son monoloqunu eşidirsiniz. Bu gün biz pirdəyik, həmişə olduğundan da təmiz və səmimiyik. Burdakı ab-hava daş hasarların arxasındakı həyatla eyni deyil. Bu məkanda hamının ruhu dincəlir. Fikir vermisinizsə biz hamımız səhər yuxudan oyananda səhvsiz, günahsız oluruq. Kaş ömrümüzün axşamına qədər paklığımızı qoruya biləydik. Məsələn, Mirmövsüm ağa pak adam olmasaydı adamlar onu ziyarətə gələrdimi? Heç kimə demədiyimiz sirləri, arzuları bu ziyarət ocağında onun müqəddəs ruhuna deyib ovunuruq. Qəbri nurla dolsun. Bu gün səhər nəvəmlə söhbətdən sonra özümə yer tapa bilmirəm. Qürurum icazə vermədi ki, ondan üzr istəyəm. Nə qədər nənəyə tamaşaçı kimi uzaqdan baxmaq olar? Axı, o, tamaşaçı deyil, mənə ən doğma bir adamdır. Bu gün mənə yad görünən səhər bəzi hikmətləri ilə elə bil gözlərimi açdı. Doğmalarımı mənə qaytardı. Siz doğmalara isə sevimli qəhrəmanları etibar edib gedirəm. Onlar doğrudan da sevilməyə layiqdirlər. Amma əsas odur ki, evdə mənim əziyyətimi çəkənlərin də sevilməyə daha çox haqqı var. Həmidin nənəsini ona qaytarmalıyam. Yəqin türk atalar sözünü eşitmisiniz, dünyada qadınların ən yaxşısı nənədir.
    Hənifəni dinləyən qadınlar, xüsusilə də nənələr onun səmimi etirafından bərk kövrəlmişdilər. Belə canlı söhbəti Hənifənin dilindən heç yerdə və heç vaxt eşitməyəcəkdilər. Qadınlar özlərindən asılı olmayaraq, Hənifəni son dəfə olaraq elə ürəkdən alqışladılar ki, bu görüşdən xəbərsiz ziyarətçilər elə zən etdilər ki, pirdə çəkiliş aparılır. Hənifə ilə bu gözlənilməz, maraqlı görüş bir neçə saatdan sonra şəhərdə dildən-dilə düşəcəkdi. Bu xəbər hələ üzü şəhərə doğru yol gedirdi. Həmişə əlində gəzdirdiyi əl yaylığı Hənifənin yaxşı əhval-ruhiyyəsindən sevinib onun əllərindən sanki balıq kimi sürüşüb pirdə yerə düşmüşdü. İlk dəfə idi ki, Hənifə yaylığın itgisini hiss etməmişdi. Ürəyində gəzdirdiyi ağır bir daş da elə bil yoxa çıxmışdı.
    Ziyarətgahda Hənifənin etirafları nənələrə o qədər təsir etmişdi ki, dünyadakı qadınların ən yaxşısı olduğuna sevinirdilər. Hənifənin dilindən bu atalar sözünü eşitmək isə onu daha yadda qalan edirdi. Hənifənin əsl nənə obrazı bu dəfə səhnədə yox, həyatda öz tamaşaçılarını son dəfə başına toplamışdı. Yaşlı qadınların öz nəvələrinə məhəbbəti birə-on artmışdı. Nəvələri üçün bərk darıxmışdılar. Hamı öz nəvələrinin yanına Hənifə kimi həvəslə tələsirdi.


    Zöhrə Əsgərova

    Hamıdan yaxşı bilirik

    Esse
    Fələyin hərəkətverici qüvvəsi olan “çərxi-fələk” deyilənə görə, bizə məlum olmayan vaxtdan bəri kainatda fırlanır. Bu fikir yəqin ki, qədim filosoflara məxsusdur. Onlar sözü elə-belə deməyiblər. Amma heç kim də deyə bilməz ki, onu gözləriylə görüb, çarxının səsini eşidib. Bəlkə yoqlardan kimsə trans vəziyyətində onu xəyal kimi görüb. Bunu da əyani olaraq, sübut etmək lazımdır.Təbiət qanunlarını qoruyan çərxi-fələyin hər bir sivilizasiyanın inkişafında onun istiqamətverici hərəkəti əsas meyardır. Bu sivilizasiyalar içində də cənnətməkan yerlərdən biri Hiperboreya olub. Yeri gəlmişkən bildirək ki, hiperboreyalar uzunömürlü, gözəl, hündür qamətli olub, təbiət qoynunda siyasətsiz, xəstəliksiz yaşayıblar. Bəs, bizim sivilizasiyada nələr əldə etmişik? Allah bizə nə əmanət veribsə, hər şeyin axırına çıxmışıq. İnsan kimi özümüzdən uzaqlaşdıqca, yaxşılardan çox pislərə oxşamağa çalışmışıq. Yoxsa səhv edirəm? Bunu hamıdan yaxşı bilirik.
    Gələcəyin kölgəsində yaşayırıq. Demonkratlar kimi nə göyə tabeyik, nə yerdəkilərlə yola gedirik. Nə ipə, nə də sapa yatırıq. Çərxi-fələk fırlana-fırlana göydən bizə baxır, biz onu görmürük. Ağıllı adam onu görməsə də hissləriylə duyur və bilir ki, bu dünyanı idarə edən var. O nəfəsini dərmədən fırlanır ki, bu günlə gələcək bir-birinə qovuşsun. Vay o günə ki, onun üzü dönə. Qiyamət günündə çarx dayanacaq, daha heç nəyə ümid qalmayacaq. İsrafil mələk dünya həyatı bitəndə öz surunu Allahın tərtib etdiyi notlar əsasında çalacaq. Bu hadisənin ciddiliyini başa düşməyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, bu səs nə muğamat, nə də vals olacaq. Vahiməli səsdən hamı xəzan yarpağı kimi quruyub yerində qalacaq. Yerdə haqla batili ayırmaq vaxtı çoxdan yetişib. Nəyi gözləyirik? Teleserialların, şou əhlinin əyləncəli, qalmaqallı proqramlarının qurtarmağını? Qurani-Kərimdə tez-tez bu ifadə işlədilir:”Siz də gözləyin biz də gözləyirik.”
    Keçən əsrin əvvəllərində Mirzə Ələkbər Sabir çərxi-fələyin məcazi mənada tərsinə dövran etdiyini dahiyanə şəkildə bəyan etmişdi. O şeiri hər bir kəs ömründə bir dəfə də olsa ya oxuyub, ya da eşidib. Alman nasistlərinin çərxi-fələk simvolunu tərsinə çevirib dünyaya hakim olmaq istəyini əvvəlcədən duymuşdu. Rəhmətliyin Nostradamusdan nəyi əskikdir. Yazıq diriliyində o qədər incidilib ki, dahiliyi öləndən sonra dirilib. İnanmırsınız? Şeirlərinə bu günün gözü ilə baxın, amma güzgüsüz yox.(Əlbəttə, güzgü hamı üçün nəzərdə tutulmur.)
    Yaşı məlum olmayan çərxi-fələk nə qədər fırlansa da bəzi cəhətlərimizdən əl çəkmirik. Bu əməllər hansılardır, özümüz hamıdan yaxşı bilirik.
    Necə deyərlər, astarımız, üzümüz haqda ayrı-ayrılıqda janrından asılı olmayaraq, cildliklər yazmaq olar. Milli koloritimiz olduqca zəngin və maraqlıdır. Görəsən, zəngin olduğumuz üçün maraqlıyıq, yoxsa maraqlı olduğumuz üçün zənginik? Bunu da hamıdan yaxşı bilirik.
    Astarla üz məsələsinə toxundum. Doğrudan da astarı üzünə çevrilən pencəyi, şalvarı, paltonu necə geyinmək olar? Yox, məni düzgün başa düşün, eyhamlarım təkcə kişilərə aid deyil, elə qadınları da nəzərdə tuturam. Çünki qadınlar gender bərabərliyini rəhbər tutaraq, şalvar və pencək geyməyi sevirlər. İş yerində hamı bərabər olsa da evdə qadın anadır, kişi də ata. Əgər ta qədimdən Allahın kişi cinsindən seçilmiş peyğəmbərləri arasında qadınların bir nümayəndəsi olmayıbsa, demək Allah belə məsləhət bilib. Şeytana aldanıb Adəmi yoldan çıxaran, xəcalətli edən ilk günah sahibi kim olub? Onun kimliyini hamıdan yaxşı bilirik.
    Son illər gender bərabərliyindən çox danışırlar. Qadın kimi kişilər, kişi kimi qadınlar gender bərabərliyinə çox ciddi yanaşsalar ailələrin sayı yer üzündə azalacaq. Milli keyfiyyətlərimiz, etik qaydalarımız kökündən dəyişiləcək. Məsələn, gender bərabərliyini öz həyat kredosu seçənlər tələb edirlər ki, avtobusda, metroda kişilər otursun qadınlar, yaşlılar ayaq üstə qalsın. Zərif məxluq bildiyimiz qadınlar belə getsə, şairlərin, rəssamların gözündə ilham, gözəllik pərisi statusunu itirəcək. (Ülvi məhəbbətə əlvida demək olar.) Bu isə o deməkdir ki, evlərdə körpə səsləri az eşidiləcək. Nə yaxşı ki, bizim cəmiyyətdə kişi və qadın arasında bərabərlik gender meyarlarına tam uyğun deyil. Axı, şərqlə qərbi bir-birinə necə qarışdırmaq olar? Nə vaxtsa günəş qərbdə doğulsaydı şərq öz ağ bayrağını qaldıra bilərdi. Sizdə elə fikir yaranmasın ki, mən qadın və kişi başlanğıci olan “in” və “yan” məfhumlarını inkar edirəm. Əsla! O fəlsəfənin genderə dəxli yoxdur. Unutmayaq ki, çərxi-fələk bir də ona görə belə inamla, həvəslə fırlanır ki, biz də öz müqəddəs arzularımızın, torpağımızın, ailəmizin başına məhəbbətlə fırlanaq, onu qoruyaq. Amma çox vaxt nələrin, kimlərin ətrafında fırlanırıq özümüz bunu hamıdan yaxşı bilirik.
    Bundan əvvəl astardan danışmaq istəsəm də, mövzu geniş alınmadı. Fikirləşdim ki, üz olan yerdə astara ehtiyac varmı? Sonra yadıma düşdü ki, insanın astarı onun zatıdır. Zatı da çox gizlətmək olmur, gec-tez üzə çıxır. İnsan geyimindən asılı olmayaraq, (əslində geyimi insanın ikinci dərisi adlandırırlar) daha çox mədəniyyəti, keyfiyyətləri ilə yadda qalır.
    Əlbəttə, mən bu fikirlərimlə necə deyərlər, Amerika kəşf etmirəm. (Adətən yeni fikirlə hamını təəccübləndirməyə hazırlaşanda nədənsə Amerikanın kəşfi yada düşür.) Yeri gəlmişkən, bu qitəni Kolumb kəşf etməsəydi, bugünkü dünya necə olardı? Bir anlıq onu təsəvvür edib sonra təhlil edin. Sizi başa düşürəm, yəqin bəziləri deyəcək ki, Hollivud ulduzlarının oynadığı filmlərdən məhrum olacaqdıq və sair hadisələr. Çalışaq bu mövzunun üstündə çox dayanmayaq, yoxsa Amerikanın ştatlarının sayı qədər sual-cavab davam edəcək. Kəşflə bağlı suala çoxumuzun nə cavab verəcəyini hamıdan yaxşı bilirik.
    Bilməmiş olmazsınız Hollivud ulduzlarının bəziləri Ayda torpaq sahələri alıblar. Görünür, Amerikada hava azlıq edir onlara, ulduz kimi sönməyə başlayıblar. Ayın içində ulduzun parıltısı yəqin ki, başqa olur. Onları, ancaq ayın işığı, torpağı xoşbəxt edə bilər. Biz adi insanlar bu şıltaqlığı başa düşə bilmərik. Göründüyü kimi, Amerikanı ayda da kəşf etmək istəyənlər az deyil. (Aydakı Amerika yalnız varlılara məxsus olacaq.) Qəribədir amerikalı kosmonavtlar vaxtı ikən ayda hansı hazırlıq işləri aparıblar ki, adamlar orda “məskunlaşmağa” tələsirlər. Ay da özəlləşərmiş? Bir ölkədə ki, göydələnlər manikürlu barmaq kimi göyün gözünü deşmək istəyəndə aya da müştəri tapılacaq. Ey çərxi-fələk, aya tamah salan adamlardan göyləri qoru. Babil qülləsinin aqibəti insanlara görk olmayıb.
    Əslində Allah ağlımıza gəlməyən qalaktikalar, planetlər, daha nələr yaradıb deyə bilmərik. (Azacıq bu haqda nəsə bilmək istəyən İdris ( Yenox) peyğəmbərin 30 səhifəlik yazısını tapıb oxusun.) Nəyə görə bilmirik, başqa planetlərdə tanışımız, qohumumuz yox, qonaq getməmişik, qız verib robot almamışıq. Hələ ki, milyoner turistlər öz hesabına kosmosa yeni cığırlar açıb. Göydə kosmonavtları darıxmağa qoymurlar. Bir də varlı turist adi turistlərlə bir okeanda nə qədər üzsün, eyni qumun üstündə dincəlsin. Yerdə də kasıblara yuxarıdan aşağı baxmağı öyrənənlər, bu dəfə də yer kürəsinə göydən baxmağa qərar veriblər. O yüksəklikdən kasıb kvartallar görünmür, amma varlı turistin sədası göydən gəlirsə, bu onun qələbəsidir. Yoxsa elə bilirsiniz ki, qələbə idman yarışlarında, müharibədə olur. ( Allah Pyer de Kubertenə rəhmət eləsin ki, idmanı elitar cəmiyyətdən ayırıb kütləviləşdirdi. İdmanla indi adi, sıravi adamlar daha çox məşğul olurlar.) Xeyir! Milyonlarla dolların hesabına göydə peyk kimi fırlanıb özünü milyardlarla insandan seçildiyini sübut etmək də bir qələbədir. Ancaq kosmosa uçan turistlər sevinsinlər ki, təsadüfən çərxi-fələyin çarxlarına ilişməyiblər. Dünyanın işini bilmək olmaz. Orda heç kim heç nədən sığortalanmayıb. Başımıza bahalı skafandr taxıb göyə uçmasaq da bunu hamıdan yaxşı bilirik.
    Yaxşı ki onlarda peyğəmbər səlahiyyəti yoxdur ki, göyün yeddinci qatından sonra nəhəng Sidrətül Mümtəha ağacının yanından keçib, cənnət çeşməsindən su içsinlər. Kosmik turistlərin imkanı olsaydı cənnət suyuna adi su qatıb baha qiymətə satardılar. (Yol xərcini çıxartmaq üçün yaxşı qazanc əldə etmək olardı.) İnsanın əli harama daha çox alışıb. Hələ ki, yerdə müqəddəs zəm-zəm suyunu balaca qablarda satmaq dəbə düşüb. Halal pulunla xərc cəkib, uzun yolların çətinliyinə dözüb o müqəddəs suyu Məkkədə içmədin nə ləzzəti. ( Bu su Aqvavita, Yesentuki deyil. Hətta Badamlı, Yesentuki təbii çeşmədən içiləndə ürəyin sakit olur ki, müalicəvi su içmisən.) Deyəsən, mətləbdən uzaq düşdüm. Boynumuza alaq ki, pulsuz-parasız göyə merac etməyə yalnız Allah özü icazə verə bilər.
    Qədimdə varlının göydə nə işi vardı. Ancaq nağıllardan uçan xalçalar məlum idi. Onun da ayrıca uçuş xətti olmadığı üçün harda gəldi, kimin damında desən düşə bilərdi. ( Bizdən çox-çox əvvəl texnika yüksək səviyyədə olub.) Hərdən mənə elə gəlir ki, qədim nağıllar həmişə başqa sivilizasiyaların mövcudluğundan xəbər verib. Məlikməmmədin quyunun dibində başqa sivilizasiyaya düşməsi, başına gələn bütün hadisələrdə sətiraltı mənalar çoxdur. Bu mövzu o qədər maraqlı və dərindir ki, onun quyu kimi dibi görünmür. Bir sözlə, nağıl danışanla nağıla qulaq asanın fərqi nədir, hamıdan yaxşı bilirik.
    Allahın yaratdığı ən gözəl əsərlərdən biri insandır. Bəli, səhv oxumursunuz. Biz öz yaradılışımızın qədrini dərindən dərk etmirik. Belə bir aforizm var: “Allah ölməz insan, insan isə ölən Allahdır.”Qəlbimiz ruhun məbədidir. Biz Alalhın bəxş etdiyi ruhu necə qoruyuruq? Günahımızı yumaq üçün hərdən-bir dinindən asılı olaraq, kimi məscid, kimi kilsə, kimisi də sinaqoq və yaxud sektalar axtarır. Bizə elə gəlir ki, ancaq Allah evində səsimiz göylərə daha tez çatır. Söhbət bu məqama çatanda hərə öz papağını (yəni qeyrət papağını nəzərdə tuturam) qabağına qoyub fikirləşsə, vicdanı dilə gəlsə, (əgər vicdanından xeyirxah işlər üçün istifadə edibsə) onda məlum olar ki, qiyamət günündə ya cənnətə, ya da cəhənnəmə düşəcək. Bu coğrafi məkan olmasa da onun həqiqət olduğuna inanmayanlar bilsinlər ki, cəhənnəm necə deyərlər, onun üçün ağlayıb yolunu gözləyir.
    Təzadlar dünyasında yaşayırıq. Yer üzündə havanın hərarəti artsa da, dağların zirvəsində qarlar əriməyə başlasa da insanlar arasında isti münasibət ( yəni səmimiyyət) bir o qədər də hiss olunmur. Çərxi-fələk az qala fırlanmaqdan hərarətlənib tərləsə də insan qəlbinin buzu ərimək bilmir.
    İndiki zamanda həqiqət çox vaxt özünü axtarır. Hansı ünvanda tapılsa keçdiyi uzun kəşməkeşli yollardan sonra bir az dincini alır. Yazıq yollar yorğunudur. İstəyir ki ədalət qardaşı da heç kimin qabağında aciz qalmasın. Cəmiyyətdə təbəqələşmə elə sürətlə gedir ki, həqiqət də bu mürəkkəb prosesdə özünü görmək üçün həqiqət güzgüsü axtarır. Daha demir ki, onu da havayı heç yerdə satmırlar. Sabir demişkən, çərxin üzü dönsün. Bu çərxi-fələyin yerdəki kələklərdən xəbəri yoxdur? Demək olmur ki, ey həqiqət və ədalət çarxı sən kimlər üçün fırlanırsan? Sən fırlanmasan bütün planetlər bir-birnə dəyib parçalanar, toz-torpaqdan savayı göydə, yerdə heç nə qalmaz. Savadlı adam kimi bunu hamıdan yaxşı bilirik. Ədalətlə fırlanan çərxi-fələk insan kimi kələk nədir bilmir. Amma kələklərimizdən yaxşı xəbərdardır. Cənnətdə Adəmi, Havvanı aldadan qara mələklə bir yerdə pislik, xəyanət, riyakarlıq, zalımlıq torpağa düşüb toxum kimi göyərib. Bu toxumun bəhrəsinə tamah salan isə canını zəhərdən təmizləyə bilməz.
    Dünyada yayılan xəstəliklər, odu sönməyən müharibələr, ekoloji faciələr azmış kimi indi də hamını iqtisadi böhranla qorxudurlar. Bu böhrana dözməyən, intihar edən milyarderlərin bəzilərinə iradəsi zəif adam kimi yazığım gəlir. Axı, bu böhran əbədi deyil ki, o da siyasi bir ələkdir varlılları silkələyib onun gözlərindən keçirirlər. Əvvəla adama deməzlər ki, ay cənab milyarder, hamı kimi anadan lüt doğulmamısan? Bu nə hoqqadır çıxarırsan? Uşaqlarını puldan yetim qoymasan da atadan yetim qoyursan.Sənə (sizə) canım yanmasaydı danışmazdım. ( Bağışlayın sizə “sən” deyə müraciət edirəm.) Axı, milyardlar cəhənnəmə alınan bahalı “biletin” qiymətidir. (Əlbəttə, milyardlarla cənnətə də bahalı “bilet” almaq olar.) Bunu hamıdan yaxşı bilirik.
    Nə yapışmışam bu milyarderlərin yaxasından. Mənim də elə bil başıma söz qəhətdir. Yer üzündə yaşayan milyardlarla adamın sayına layiq milyarder nümayəndələri, rəhbərləri olmalıdır ya yox? İnsaf da dinin yarısıdır, gəlin, düz danışaq. İndiki dövlətlilərin bəziləri dəbdə olan mərhəmət, yardım aksiyaları keçirməyə həvəslidirlər. Bu günə də min şükür. Yetimin, kasıbın yanına varlıların gəlməsi, ona əl tutması bayram deyil, nədir?Ancaq şəriət qaydası ilə zəkat verməyə hamı ürəklənirmi? Yadımıza salaq Qazan xanı, o, 3 ildən bir var-dövlətini kasıblara halal edirdi. Hər dəfə də qan verən donor kimi qanı, həyatı təzələnirdi. Allah varlını yaradıb ki, kasıbı da dolandırsın. Çayın, şəlalənin suyu ona görə safdır ki, o daim axır, daşlara , qayalara çırpılıb təmizləndiyi üçün keyfiyyətli, canlı olur. Durğun gölün suyu axar çayla birdirmi? Əlbəttə, yox! Bunu hamıdan yaxşı bilirik.
    Ağı qaradan seçmək üçün zərrəbin axtarmaq lazım deyil. Məlumdur ki, qara ağın kölgəsidir. Həqiqət isə heç vaxt kölgədə dincəlmir. Nə isə,,, Son illər hamıya tolerantlıq dərsləri verilir. Yəni dini ayrı-seçkiliyə yol verilməməsi tövsiyə olunur. Deyirəm ki, bizim kimi hörmətcil, səxavətli insanlara bu dərs yeni nə verə bilər. Bu günə qədər hansı millətin nümayəndəsinə “gözün üstə qaşın var” demişik. Dünyada ən beynəlmiləl ölkələrdən biri olmuşuq.
    Yadınızdadırsa sovetlər dövründə vətənpərvərliyin bariz göstəricisi beynəlmiləlçilik idi. Qoca Qafqazda bineyi-qədimdən bunu bizdən yaxşı kim bacara bilərdi? İndi bir əsrə yaxın olan tarixi hadisələri ələk-vələk etmək istəmirəm. Kimin haqq, kimin haqsız olduğunu hamıdan yaxşı bilirik. Ancaq azərbaycanlı ailələrində xoşbəxt olan başqa millətlərin gəlinləri bunu təsdiq etsinlər (əgər sonradan adlarını dəyişməyiblərsə). Təcrübə göstərdi ki, ey insanlar, xeyirxahlıq üçün beynəlmiləlçi olmaq əsas şərt deyil. Özünü elə sev ki, bu sevgidən başqası da bəhrələnib onu sənə qaytarsın. Özgəni özündən çox sevsən onun da özünə məhəbbəti, inamı bir az da artar. Onu cavabsız sevmək isə sənə qalar. Vaxtı ikən babalarımız o qədər qonaqpərvər, hörmətcil olublar ki, (yəni tolerantlıq göstərmək kimi bir münasibətdir) qədim əlyazmalarımızı da əcnəbilərə bəxşiş ediblər. Yəqin bəylərimiz, ağıllılarımız düşünüb ki, qonaq uzun yolda darıxanda onu qəzet əvəzinə oxuyacaq. Daha bilmədilər ki, onların torpağımıza ayaq basmasında gizli məqsədlər var. Bəzi varlılar əcnəbilərə öz sədaqətini sübut etmək üçün qədim söz xəzinəmizin açarlarını onların əllərinə təslim etmişlər. Bilmədilər ki, vaxt gələcək sonrakı nəsillər öz doğma əlyazmasını yaxından görüb onunla tanış olmaq üçün uzaq ölkələrin muzeylərinə üz tutacaqlar. Bəxşiş verməkdə ustayıq. Zaman-zaman daha nələrdən imtina etmişik hamıdan yaxşı bilirik.
    Çox yaşadıqca ( yaşı 60-ı keçənə üzünömürlü demək olar, indi ömürlər qısalıb) görürsən ki, dünyanın əcaib-qəraib işləri var. Dünya xəritəsini qoyun qabağınıza. Hardan tüstü, barıt qoxusu gəlirsə, bilin ki, orda insan haqlarını qoruyanlar üçün təlim ocağıdır. Əvvəlcə adamların başını yarırlar sonra da ətəyinə qoz tökürlər. Onun da yarısı çürük. Daha demirlər ki, bizim də torpaqlarımızda yerli qoz ağacları var. Sizdəki qozun dadı sizə əzizdir, bizdəki də bizim üçün. Adicə olaraq, qozu hərə öz dilində tanıyır. Vallah başımızın salamatlığı xarıcı qoz qonaqlığından yaxşıdır.
    Əsas fikirdən yayındıq. Vay o günə ki, baş yarandan çox, zərbə alanı tolerant olmağa çağıralar. Müharıbə qızışdıranlar insan haqlarını pozmur? Günahsız qurbanların ( bütün dinlərin, millətlərin nümayəndələrinə aiddir) qeyrətini kim çəkəcək?! Varlıların yazılmayan qanunları?! Bunun cavabını hamıdan yaxşı bilirik.
    Ey əbədiyyət qanunları ilə yaşayan mələklər, çərxi-fələyin yanından keçəndə (bizim əlimiz oralara çatmır) bizlərin salamını ora yetirin. Düzdür, əslində siz bizim haqlarımızı qorumağa müvəkkil deyilsiniz, (çünki ona layiq deyilik) ancaq Allah insanı yer üzünün ən ali varlığı edib. Hər şeyi yerdə onun ixtiyarına, istifadəsinə verib. Yaxşılar yamanların torunda əziyyət çəkir. Ürək sözlərimizi ona çatdıra bilsəydiniz göydəki savablarınızdan biri də bu olardı. ( Deyəcəksiniz ki, onsuz da Allahın hər şeydən xəbəri var. ) Yer üzündə hamı meymunpərəst Darvin kimi düşünmür. Kim teozoologiya elmi ilə maraqlanıbsa təsdiq edər ki, orda Darvinin nəzəriyyəsi həvəslə inkişaf etdirilib. Deməyə sözüm o qədər çoxdur ki, birini qoyub o birinə keçirəm .Faciə ondan ibarətdir ki, sonralar Darvin ağıllananda tarixi səhvini başa düşüb, insanın əcdadının meymuna bənzər olduğunu inkar etsə də bu vəhşi nəzəriyyə ateistlərin, nasistlərin (bəşəriyyətə qənim kəsilən hər ikisinin adını təsadüfən hallandırmıram. Çünki tarixdən məlumdur ki, XX əsrin 30-cu illərini nəzərdə tuturam, eyni zaman kəsiyində bildiyiniz kimi, kimlər əllərinə cəllad əlcəkləri geyindilər. Uydurma bəyanatlarla ölüm maşınını işə salıblar.) əlində qorxulu bir silaha çevrildi, onlar Allahın yaratdığı Adəmi bəşəriyyətin ilk atası kimi boykot etdilər. Əks halda səmavi kitablara görə onların qara əməlləri pislənməliydi, buna isə bəraət qazandırmaq vacib idi. Lipenfelsi oxuyan tapılsa onun teozoologiya fəlsəfəsindəki sərsəm açıqlamalarının şahidi ola bilər. O, özünəbənzər alimlərdən biri olan List kimi millətləri irqlərə bölərək, kimlərin ari, kimlərin məhz meymudan əmələ gəldiyini sübut etməyə çalışıb. Belə çıxır ki, həmişə ağacda yaşayan meşə meymunu yerə atılanda iki ayağı üstə düşüb sonra dönüb adam olub. Heç hənanın yeridir? Lipenfels kimilər Hitlerin şübhələrlə qaynayan fikir dəyirmanına qara, çirkab su töküblər. Halbuki elm dünyanın işığını, insanların xoşbəxtliyini qorumaq üçün yaranıb. Allahın əzəl elmi buna xidmət edib, əziz alimlər! Elmin əziyyətli yollarına yalnız təmiz niyətli, dəmir qanadlı fədailər dözə bilərlər. Təəssüf ki, keçmiş atlantalr kimi onlar da cəmiyyəti patrisiyalara ( ali irq), pelebeylərə böldülər. Qəribədir ki, atlantların qədim taleyini nasistlər bir daha yaşamalı oldular. Atlantların qara əməlləri öz sivilizasiyasını məhv etdiyi kimi nasistlər də dövlət kimi parçalandı.
    Qara tarixə düşən başı xallı isə hakimiyyətə gələndə əlindəki sehirli çubuqla hər şeyin yerini, adını, ünvanını dəyişdi.( Sən demə, papaq altında belə “oğullar” yatırmış. Siyasi quruluşun ən mahir “memarı” o imiş.) Avropadan Asiyaya qədər Stalinin yaratdığı kommunust “imperiyasını” dağıtmağa müvəffəq oldu. Siyasət səhnəsində xallı başının tərini silib məşhur magik kəlməsini ( bəlkə də bu söz nə vaxtsa qurulan məxfi planların parolu idi) işlətdi: “Proses poşyol.” O, hakimiyyətdən “poşyol” edənə qədər biz də vaxt itirmədən təcrübəli beynəlmiləlçi kimi, özümüzə sadiq idik. “ Kür, Araz, Ararat, gözəldir bu həyat” mahnısını ağız ləzzəti ilə, zil səslə oxumağa başımız qarışmışdı. Həmin dövrdə fürsəti əldən verməyənlər siyasət meydanında atlarını səyirdirdi. Təbliğat atlarının yalançı kişnərtisindən, göyə qalxan toz-torpaqdan eşidilməz, görünməz olmuşduq. Bəziləri də həqiqətin düz gözünə baxıb, xalqa sözünü demək istəyəndə beynəlmiləlçi fəallar onları susdururdu. Bunları hamıdan yaxşı bilirik.
    Başımıza gələnlər bildiklərimiz min bir gecə nağılı kimi deyilməklə, yazılmaqla qurtaran deyil. Hərdən fikirləşirəm ki, zaman maşını əlimə keçsəydi ( qarajın yerini bilmirəm) ulu babalarımıza qonaq gedərdim. Dərdləşmək üçün deməyə, eşitməyə söz çoxdur. Onların qismətinə “Gülüstan”, “Türkmənçay” müqaviləsindən sonra doğulmaq nəsib olub. Valideynlərimiz də Oktyabr inqilabından sonra daha dəqiq desək, ilk dəfə Qafqazda Şərq dünyasında müstəqillik əldə edən və gödək ömürlü xoşbəxtliyi gözündə qalan ölkəmizdə dünyaya göz açıblar. Eşitdikləri ilk kəlmə “ana” olsa da, göz açanı Leninin başına and içib, şeirlər deyiblər. Zarafat deyil onun ölümünə inanmayan əqidə dostları 70 ildir onu movzoleydən çıxartmırlar. (Bəlkə ümid ediblər ki, təzədən dirilib zombiləşmiş Lenin yeni inqilaba rəhbərlik edə bilər.) Mətləbdən çox da kənar düşməyək, biz də Stalin dövrünü az-çox yaşamışıq. Necə yaşamşıq, bunu hamıdan yaxşı bilirik.
    İngilis Ulyam Bleyk (öz dövründə şair, rəssam kimi tanınıb sayılmadı. Dünyadan ac, nakam getdi) deyirdi: “Mənim yaradıcılığımı göydə daha yaxşı tanıyırlar nəinki yerdə.” İndi onun sözü olmasın, istəyərdim ki, ünsiyyətimiz çox olsun. Qələm də cərrah bıçağı kimi bir alətdir. Qələm müəllif, bıçaq cərrah əlində xeyirxah niyyətlərə xidmət edirsə, xəstə cəmiyyətin sağalmasına, saflaşmasına hələ ümid ölməyib.
    Nə yaxşı ki, hələ çərxi-fələk son ümidlə olsa da fırlanır. Bizi daha yaxşı və xoşbəxt görmək istəyir. Onun ümidlərini döğrultsaq, vallah elə yer üzündə də bizə cənnət bəxş edər. İnanmırsınız? Gəlin, vaxt itirmədən bir yerdə bunu sınayaq. Hər halda cənnəti görməyə dəyər.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.