Zöhrə Əsgərova

Varlığımız ağlımızın güzgüsüdür


Deyirəm, dünyada ən güclü dualardan biridir: “Allah, ağlımızı əlimizdən almasın”. Əgər ağıl əldən gedibsə hər şeyi itirmisən. Əslində yazı qarmaqarışıq dünyada öz məhvərindən çıxmayan, ağlını azmayan, öz milli mənəviyyatına hörmət və qayğıyla yanaşan insanlar üçün nəzərdə tutulub. (Bu adamların xəritədə dəqiq coğrafiyası yoxdur. Yaxşı adam elə hər yerdə yaxşıdır.) Ey dünyanın yaraşığı, nicatı olan müdrik adamlar, sizin elminiz, helminiz olmasaydı biz kimə ürəyimizi açardıq?! Qədim filosof Baltasar Qrasian gözəl deyib: “Fikirlərini sükut məbədində gizlət, ancaq ağıllı adamlar üçün üzə çıxart.” Qədim zamanlardan bəri insanlar orakullara, bütlərə, qəbilə başçılarına, müxtəlif din nümayəndələrinə və indi də psixoloqlara öz ürəyini açıb mənəvi yardım almaq ümidindədirlər. (Belə ünsiyyətə sərsəmlər könüllü gedə bilməzlər.) Cəmiyyətdə tarazlığı qorumağa çalışanların çox vaxt səsi, harayı zamanın ritmində, dəli sürətində, burulğanında eşidilmir. Bildiyiniz kimi, gözəl görünən şeytani həvəslər baş alıb getməkdədir.
“Nəhcül bəlağə” kitabında Həzrət Əlinin(ə) xütbələri, kəlamları, vəsiyyətləri hər bir insan üçün ibrətnamədir. “Əməlsiz axirəti diləyənlərdən, boş ümidlər bəsləyib tövbə etməyi istəyənlərdən olma. Bəzi şəxslər vardır ki, dünyada zahid kimi danışar, dünyaya rəğbət edənlərin işlərini görər...Dildə başçılıq edər, əməldə hamıdan geri qalar.” Allah ağlımızı əlimizdən almasın.
Hər əsrin öz dahiləri və sərsəmləri var. Zaman keçdikcə dahilər tarixə, xalqın milli sərvətinə dönür, dəlilər də qeyri-adi düşüncə tərzi ilə öz həqiqətinin başına fədakar pərvanə kimi dolanır, qanadlarının yanmasından qorxmur. Hərəsinin öz tanıdığı, gördüyü, ona doğma olan həqiqəti var. Və düşüncəsinə, təsəvvürlərinə uyğun yaşadığı həyatı onun qapalı aləmidir. Bu aləmə kənar adamların cığırlar açması mümkün deyil. (Onlar öz aləmində həm yaradan, həm də yaradılandır.) Sərsəmlərdən fərqli olaraq, dahilər yerdəki zaman çərçivəsindən kənarda, adilikdən çox uzaqda hələ formalaşmayan yeni yüksək irqlərin nümayəndəsi kimi milyonlarla insanların içində seçilirlər. Məsələn, dahilər tərəfindən deyilən fikirlər elmi dillə desək, suqqestiv enerji sahəsinə malikdir. Bu substansiyanın güclü təsiri altında dahilərin kəşf və yeni fkirləri əbədi olaraq canlıdırlar. Nə isə...Bir məşhur fikir yadıma düşdü: “Adəm adam olsa da adam dönüb Adəm olmayacaq.” (Yəni Adəm öz günahlarını yumaq üçün deyilənə görə, iki yüz il ağlayıb, Allahdan bağışlanmağını istəyib. Biz isə günahlarımıza, səhvlərimizə elə gözəl don geyindiririk ki, hələ bir onunla fəxr edə bilirik. Belələrinin peşmançılıqdan heç iki dəqiqə də gözlərindən yaş çıxmaz.) Neçə minillikdir ki, insan yer üzündə yaşayır, yaradır. Əslində əsrlər öz donunu insanların əynində dəyişir.Yeganə dəyişməyən təbiət qanunlarıdır. Nə yaxşı ki, şirdən tülkü doğulmur, dəvə quşu mövcud olsa da, əsl dəvə qanadsızdır.Yoxsa necə deyərlər, dəvənin qanadı olsaydı uçurtmadığı dam qalmazdı. Amma ulu babalarımız dəvənin taleyinə, səhralar yorğunu olan bu dözümlü, sədaqətli heyvana acıyaraq deyib ki, dəvənin yediyi qanqal olsa da yükü xurmadır. Söz sözü gətirdikcə, az qala fikirlərimin əsas hədəfindən uzaqlaşıram. Bir məsələni də qeyd etməyə bilmərəm ki, hər əsr öz texnoloji innovasiyası ilə seçilsə də, Allahın yaratdığı dəvə və s. heyvanların min illərdir nə adı, nə də onun mahiyyəti dəyişilməyib. İnsanın yaratdığı hər bir şey öz ömründən qısadır. (Mən qədim piramidaları və digər tarixi abidələri nəzərdə tutmuram.)
Qayıdaq yaşadığımız XXI əsrin qayğılarına. Əsrin görünən, görünməyən “dəlixanalarının” dəqiq sayını bilməsək də, amma onların qızğın fəaliyyəti bizi narahat etməyə bilmir. Bunların bir çoxunda ağ xalatlı həkimlərə ehtiyac yoxdur. Oralara giriş, çıxış azaddır, təki pulun olsun. Əxlaqsızlıq yuvalarına ayaq açmaq üçün ora açar tapmaq lazım deyil. Bu “dəlixanalarda” hər şey pula satılır, alınır. Onlardan fərqli olaraq, keçən əsrin ortalarında “xippi” adlanan anarxistlər meydana gəlmişdi. Xaricdə gəncləri cəmiyyətdən, sağlam həyatdan uzaqlaşdırmaq üçün onların necə deyərlər, “sürü” ilə çirkli geyimdə harda gəldi yaşamaqdan çəkinməyən eybəcər həyat tərzləri efirdə təbliğ olunurdu. Narkomanlar öz balaca “cəmiyyətinin” tam sahibi idilər. Acı həqiqət olsa da kapitalizmin allahı pul, kapital olduğu üçün onlar insanları mədəni, heyrətamiz hiylələrlə, vasitələrlə idarə etməkdə mahir ovsunçudurlar. Elə “şou” deyilən yoluxucu azar da geniş coğrafi əraziləri zəbt etməkdədir. (İnsanlar şirindilli, gözəl sifətli yalanları niyə daha çox sevir? ) Xarici ölkələrdə gecədən səhərə kimi işləyən kazinolarda quraşdırılan müasir texnologiyalar, gözqamaşdıran işıqlar insanları real həyatdan o qədər ayırır ki, o sehirli aləmə düşən gecəni gündüz ilə qarışdırır. İndi qərb ölkələrində gənclərin əksəriyyəti reyv mənəniyyətinə də daha çox can atırlar. Bu submədəniyyətin qurbanları əcaib-qəraib əlvan geyimlərdə reyv klublarda əylənir, gecə ərzində dəlisayağı rəqslərə davam gətirmək, daha çox enerjiyə malik olmaq üçün rəngli həblər qəbul edirlər. Belə sərsəm həyatın gərgin ritmini yaşayanlarda bir neçə ildən sonra dəli olmaq təhlükəsi qaçılmazdır. (Bu cavanları dünyada heç nə maraqlandırmır. Onlar, ancaq “kef” edirlər. Mənim həmişə “kef” sözündən xoşum gəlməyib. Adətən sərxoş adama da kefli deyilir.)
Məşhur psixiatr həkimin dediklərini təkrar etmək məcburiyyətindəyəm: “Tam sağlam adamlar yoxdur, yalnız müayinə olunmayanlar var”.Yazıq cəmiyyət! Öz daxili hissləri ilə gerçəklik arasında fərq itdikcə, təsəvvürlərinə düzgün izah, təhlil verə bilməyən insan artıq sərsəmdir. Ağlın açarı olan dil onun sahibinə düzgün diaqnoz qoyulmasında ən gözəl vasitə olduğu üçün Sokrat müdrikcəsinə deyib: “ Danış ki, mən səni görə bilim.”
Nəhayət, gələk mətləb üstünə. Dünyada sərsəmlərinə qahmar çıxmayan zaman dahi insanlarını daşlaşmış yaddaşında yaşatmaqdadır. Əgər kimsə italiyalı psixiatr həkim, antropoloji nəzəriyyənin banisi hesab edilən Çezare Lombrozonun “Dahilik və sərsəmlik” kitabını təsadüfən oxuyubsa, aliməbənzər dəlilərin, ağlı çaşan dahilərin fəaliyyətindəki qəribə faktların şahidi olub. Müalicə olunan insanlrarın psixoloji durumuna görə sağlam cəmiyyətdən təcrid olunmaları, qapalı həyat keçirmələri adamda dərin təəssüf hissi doğurur. Onun kitabını oxuyanda məlum olur ki, dahilik insan xoşbəxtliyinə, azadlığına sui-qəsddirsə, sərsəmlik isə özünə qarşı qapanmaq, reallıqdan məhrum olmaqdır. Bunun bir çox səbəblərini Lombrozo təcrübəli psixiatr həkim kimi açıqlamağa çalışıb. İrqin və irsiyyətin insanlara təsiri elmi cəhətdən araşdırılıb. Məhz hansı coğrafi ərazilərdə daha çox dahilərin yetişməsi üçün münbit şəraitin olduğunu faktlar əsasında qeyd edib. (Bizim bu yazıda məqsədimiz mövzunu coğrafiya ilə bağlamaq deyil.) Lakin rus alimi Nikolay Qonçarenko Çezare Lombrozonun fikirlərinə sona qədər bəraət qazandırmadığı üçün “Dahi incəsənətdə və elmdə” əsərində qeyd edir: “Dahi düşüncənin hərəkət labirintini heç kim kəşf edə bilməyib. Biz onun yalnız zahiri, hazır nəticələrinin şahidi oluruq.” Məşhur psixiatr B. Qilyarovski də lombrozionçuluğu təqdir etməmişdir. O, qeyd edir ki, sərsəm və istedadlı adam arasında prinsipal fərq azdır. Bunu yaradıcı adamın təxəyyülü, düşüncə tərzi ilə izah edir. Maraqlıdır ki, “Dahilik və sərsəmlik” kitabı Avropada 1864-cü ildə çapdan çıxsa da, Rusiyada məhz XX əsrin 60-cı illərində Lombrozonun patoqrafik materiallarına müraciət edilib. Yəqin bir əsr ərzində kitab mübahisələrə səbəb olub.
Təəssüf ki, müəllif dünyada qəbul olunmuş müqəddəs meyarlarla hesablaşmadığı üçün dəliləri arasında daha ağıllı görünməyə üstünlük verib həkimlik səlahiyyətini aşaraq, həqiqətə uyğun olmayan fikirlərini də bildirməkən çəkinməyib. Unudub ki, peyğəmbərləri dahilər cərgəsinə aid etmək olmaz. Onlar yalnız Allah tərəfindən seçilmiş peyğəmbərlərdir. Və onlara psixiatr həkimin diaqnoz qoyması gülüncdür.
Lombrozo öz dəlilərinə yiyə çıxmaq əvəzinə təəssüf ki, Məhəmməd (s.s.) peyğəmbərin adını Lüter, Şopenhaur, Savonarola ilə bir yerdə hallandıraraq, onların dünya xalqlarını zehni inkişafdan geri qoyduğunu sübut etmək istəyir. Daha sonra Qurani-Kərimdən guya başı çıxan “şərqşünas” alim kimi surələrin bir-birini inkar etdiyini qeyd edir. (Yaxşı ki, keçən əsrin əvvəllərində 1909-cu ildə dünyansını dəyişib. Daha bəzi sərsəm ideyalarını inkişaf etdirə bilmir). Həm də onu qınamaq da olmur. Həyatının çox hissəsini dəlilər, canilər arasında keçirən psixiatr həkim, kriminalist kimi hamıdan şübhələnməyə, ona diaqnoz qoymağa adət edib.
Hörmətli mərhum Lombrozo, sənə bu dünyadan o dünyaya mesaj göndərib demək istəyirəm ki, adam bilmədiyi şey haqında böyük-böyük danışmaz. Məhəmməd (s.s.)peyğəmbərimizin ən böyük möcüzələrindən biri səmavi kitab olan Quran özü elə dərin elmdir, əxlaqdır, mədəniyyətdir, hikmət, sülh kitabıdır. Əgər Quranın surələrinin düzgün tərcüməsini vaxtında oxusaydı yanlış fikirlərdən uzaq olardı. Neyləsin ki, avropalı dəlilərlə ciddi məşğul olduğu üçün mütaliəyə çox vaxt ayıra bilməyib. Quranın bir çox elmi sahələrə işıq salan surələrini Avropa alimləri neçə əsr sonra təsdiq etmişlər.(Əziz oxucu, bağışlayın, adam ədalətsizliklə üzləşəndə əsəbiləşir, qabağında kimin olduğunun fərqinə varmır. Bizə tolerantlıq dərsləri keçənlər özləri çox vaxt buna riayət etmirlər.) Bəşəriyyətin xoşbəxt gələcəyi naminə islam dininin müqəddəsliyi, izahları Qurani-Kərimdə verilib. Onu başa düşməyənlər isə “Ali -İmran” surəsinin 7-ci ayəsini diqqətlə oxusun: “Ya, Məhəmməd! Sənə Quranı nazil edən Odur. Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kim bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir”, deyərlər. Bunları, ancaq ağıllı adamlar dərk edərlər.” Son ayə lap ürəyimcədir.
Sevindirici hal odur ki, Lombrozo kitabında lipemanyaklıqlarını sübut etdiyi Şopenhaur, Amper, Şuman, Svift, Nyuton, Russo və s. adların arasında türk adlarına rast gəlinmir. Dəliləri çox olan xalqların statistik göstəriciləri, təhlili ilə tanış olmaq istəyən “Dahilik və sərsəmlik” kitabını tapıb oxusun. (Əgər mən özüm kitabdan çıxarışlar etsəm başqa xalqların nümayəndələri Lombrozonu bir qırağa qoyub məni qınaq hədəfinə çevirəcəklər. Elə zənn edəcəklər ki, dəlilər arasında ayrı-seçkilik salıram. Allah bizi beynəlxalq səviyyəli dəlilərdən qorusun.) Sizlərin diqqətinə onu da çatdırım ki, müəllif Blez Paskaldan da sitat gətirməyi unutmayıb: “Xristianlıq şəxsiyyəti məhv edir.” Sözün düzü, Blez Paskalın şəxsən nəyi nəzərdə tutduğunu axıracan bilməsəm də, bir müqəddəs həqiqət danılmazdır ki, Qurani-Kərim yeganə səmavi kitabdır ki, təhrifə məruz qalmayıb. Düşünülmüş tərzdə kiminsə mövqeyinə, siyasətinə xidmət etmir. Allah kəlamları Qurani-Kərimdə öz dəyər və qüdrəti ilə seçilir. İnsan iradə azadlığına, seçimə malikdir. Xristianlıqda isə, bildiyiniz kimi, Aristotelin, Əflatunun fəlsəfi düşüncələri, təsiri güclüdür. Fəlsəfə və dinin sintezi eramızın II və IV əsrlərində Avropada bir çox şəxsiyyətlər tərəfindən araşdırılıb, nəhayət, Kappadokiya kilsəsinin nümayəndəsi Nazianalı Qriqorinin başçılığı ilə xristianlıqda müqəddəs üçlük doqması təsdiq olunub. (İudanın, Mariya Maqdalinanın da İncilləri ortaya çıxıb. Bu günə qədər bu dediklərimiz haqda dünya alimləri, din nümayəndələri arasında təzadlı fikirlər, mübahisələr davam etməkdədir. Xüsusilə, İdris (Yenox) peyğəmbərin yazıları xristianların müqəddəs bildiyi kanon kitablarına salınmasa da, din xadimləri onun kitabından səmərəli istifadə etməkdədir. Tarixdə o apokrif yazı kimi təqdim olunur. (Quranda İdris peyğəmbərin adı iki dəfə qeyd edilib.)Xristianlığın yaranma tarixində qədim mifologiyaların təsirini Yelena Blavatskaya “Bibliyanın ezoterik xarakteri” əsərində faktlarla geniş təhlil etmişdir. Bu mövzunun üzərində dayansaq böyük vaxt tələb edər.)
Orta əsrlərdə İncildəki bəzi fikirlərlə razılaşmayan rahiblər də az olmayıb. Onlardan Martin Lüter və Kelvin X Leviyə qarşı çıxaraq, təmtəraqlı ayinlərin keçirilməsinin, rahiblərin dünyadan təcrid olunmasının əleyhinə mübarizə aparır, onların da hamı kimi evlənmək hüquqlarını tələb edir. Bir sözlə, Allahın insana verdiyi bütün nemətlərdən istifadəyə, maddi, mənəvi yüksəlişə çağırıb. İnsanları xoşbəxtliyə, azadlığa aparan yollar hansı məntiqlə onu zehni inkişafdan qoya bilər? Bu geniş mövzunu gələcəkdə bir başqa yazıda təhlil etmək daha düzgün olar. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, ümumiyyətlə, ağıllı görünən sərsəm adamlar islam dininə qarşı olduqca qeyri-obyektiv münasibət bəsləyirlər. Bəlkə də qısqanclıq hissləri onları sərt, düşünülməmiş addımlar atmağa məcbur edir. Atalar sözüdür, görünən dağa bələdçi lazım deyil. Son illər dünyada dini dözümsüzlük tənqid edilir, tolerantlığın təbliği və ona riayət edilməsi isə yalnız islam ölkələrinə daha çox şamil edilir. Amma xristian ölkələrinin bəzilərində islama qarşı yönələn hər bir çirkin əməllərin sahibləri demokratiyanın övladı kimi əzizlənirlər. Və bu ərkəsöyün demonkratlar sonra da çirkin əməllərinə görə yüksək mükafatlara layiq görülürlər. Siz deyin, gözlərimizə hansı eynəkləri taxaq ki, bu ədalətsizlikləri görə bilməyək? Siz özünüz kimin dəli, kimin ağıllı olduğunu müəyyən edin. Allah adamın ağlını əlindən almasın.
Gülməli görünsə də adama deməzlər ki, yayın bu cırhacırında Çezare Lombrozo hardan sənin yadına düşüb? Düzü bilmirəm. Amma onun əsərində dahilərin aciz tərəflərini, həyatın acı səhnələrini oxuyanda məşhur adamların psixopatoloji halına təəssüf edirsən. Əslində dəlilik dərəcəsinə çatan bəzi dahilərin xəstəliklərini geniş oxucu kütləsinə çatdırmaqla biz nəyə nail oluruq? Nə olur-olsun onlar sərsəmlikləri, psixopatik xarakteri ilə tarixə düşməyiblər. Bəs niyə bu istedadlı adamların taleyi birdən-birə belə faciəvi tərzdə dəyişilib?! Şekspir belə psixoloji vəziyyəti özünəməxsus surətdə xarakterizə edir: “Sərsəmliyin özündə müəyyən sistem mövcuddur.”
Məsələn, məşhur yazıçı Mopassanın xəstəlik tarixində yazılmışdı ki, cənab Mopassan heyvana çevrilib. Psixiatriya klinikasında qırx üç yaşında keçinir. Oxucu qəlbini riqqətə gətirən əsərləri hələ də Mopassanı sevdirir, yaşadır. Deyilənə görə, psixi xəstəlik irsi ola bilər, dahilik isə yox. (Yazıçının anası, qardaşları da sərsəmlikdən əziyyət çəkiblər.)
Simfonik əsərlər bəstələyən Şumana elə gəlib ki, musiqi notlarını Bethoven və Mendelson öz qəbirlərindən ona diqtə edirlər, evindəki stol və stullar onunla danışır. Ömrünün sonunda sərsəm olsa da biz onun vaxtı ikən yaratdığı əsərlərini böyük maraqla dinləyirik. Conatan Svift dəlilik dərəcəsinə çatanda adamları zadəganlara ətliyə verməyə çağırırdı. Amma sağlam dövrdə yazıdığı əsərləri indi də maraqla oxunur. Van Qoq da sərxoşluqdan ayılmırdı. Dəlilik vəziyyətində ikən hirsini boğmaq üçün qulağının birini kəsmişdi. Qırx yaşına çatmamış intihar etmişdi. Lakin yadigar qoyub getdiyi rəsm əsərləri təkqulaq görünmür. Motsarta həmişə elə gəlib ki, hamı onu zəhərləmək istəyir. Onun klassik simfonik əsərləri dünya mədəniyətinin incilərindən biridir. Jan Jak Russo gah protestantlığı, gah da katolikliyi qəbul etmişdir. Sərsəm yazıları artıq onun xəstəliyini büruzə verirdi. O, Allaha məktublar yazırdı. Yazılarına cavab almayandan sonra bəyan edir ki, Allah yoxdur.
“Fövqəltəbii insan” obrazını yaradan, öz-özünə “Fridrix Nitsşe niyə belə ağıllıdır?” deyən filosof ömrünün son günlərini Veymar psixiatriya xəstəxanasında bitirib. (Atası da ömrünün sonunda sərsəm həyat keçirmişdir.)Onun xəstəlik tarixində həkim qeyd edir ki, Nitsşe gah özünü IV Fridrix Vilhelm adlandırır, gah deyir ki, arvadım Kozima Vaqner məni bura gətirib (bəstəkar Vaqnerin arvadını nəzərdə tutur), keçi kimi atdanıb düşür.
Yaponiyanın klassik yazıçısı Akutaqava Ryunoske uzun illər əsəbi, sərsəm həyat keçirir. Həmişə yaradıcılıq gücünün tükənməsindən qorxur. Nəticədə yuxu dərmanı içərək intihar edir. (Deyilənə görə vaxtı ikən anası da sərsəmlikdən əziyyət çəkib.) Yazılarının birində qeyd edir: “Allahlara məxsus olan bütün cəhətlərin içində biri məndə daha çox təəssüf doğurur, allahlar intihar edə bilmirlər.” Ernst Hemenquey də həmçinin psixoloji sarsıntılara dözməyib özünü güllələyib. Ömrünün sağlam günlərində yaratdığı əsərlər isə bu gün də sevilir, oxunur. İblisin şəkillərinə öz yaradıcılığında yer ayıran rəssam M.Vrubelin aqibəti daha faciəli olub. Sərsəmliklə yanaşı onun gözləri də tutulmuşdu. Rus absurd ədəbiyyatının görkəmli nümayəndəsi Daniil Harms ömrünün sonunu dəlixanada keçirmiş, aclıqdan ölmüşdü. Lev Tolstoy ömrünün sonunda yazdığı əsərlərdən imtina edir. Deyilənə görə hətta Eynşteynin də ölənə yaxın ağlı çaşır. Onun oğlu da şizofreniya xəstəliyindən əziyyət çəkmişdir və s. Bu, ürək ağrıdan hadisələrin çoxunda isə irsiyyət faktoru özünü büruzə verir. Fransız yazıçısı Stendal belə hadisələrin şahidi kimi yazılarının birində qeyd edib ki, dahi adamların tərcümeyi halının müəyyən hissəsini onların həkimləri yazmalıdırlar. Allah adamın ağlını əlindən almasın.
Bir faktı da qeyd edək ki, Lombrozo öz kitabında vaxtı ikən işlədiyi Pezar klinikasında xəstə təxəyyüllü adamlar arasında keçirdiyi rəsm əsərlərinin müsabiqəsini təsvir edir. Məsələn, xəstələrindən biri general obrazını oturan vəziyyətdə çəksə də altındakı stulu çəkməyi unudur. Yaxud toyuqla at, albalı ilə qovun eyni ölçüdə çəkilir. Heç bir savadı olmayan xəstəsi isə Darvinin ideyalarını yazmağa müvəffəq olub. Əlinə heç vaxt rəssam fırçası almayan xəstələr qeyri-adi rəsmləri ilə həkimlərini heyrətə gətirirdilər. Bu, adi insan üçün möcüzəyə bənzəsə də, bunun da öz elmi təhlili var. Sərsəm adamlar öz qapalı dünyalarında özlərini çox vaxt kral, sərkərdə, dahi hesab edirlər. Ətraf mühitin onları başa düşməməsinə də təəccüblə yanaşmırlar. Əksinə düşüncələrindən kənarda baş verən hadisələr, həyat obrazlı desək, əslində onlar üçün süni gül qədər ətirsiz, maraqsızdır. Həyatda baş verən hadisələr, lövhələr onların şüurunda yarımçıqdır. Sən demə, düşüncə tərzi pozulanda danışıqda da cümlələr arasında zəncir qırılırmış.
Alman psixiatrı Ernst Kreçmer dahilərin səmərəli, faydalı fəaliyyətini önə çəkərək qeyd edir ki, psixopotologiyaya məruz qalan bir çox dahi adamlar nə vaxtsa bəşəriyyətin mənəvi tərəqqisinə fermentativ təsir göstəriblər. Doğrudan da onlar dünya səviyyəsində elmdə, mədəniyyətdə təkrarsız şəxsiyyətlərdir və belə dahilər yalnız böyük ehtirama layiqdirlər.
Oxucu elə zənn etməsin ki, mən psixiatriya üzrə mütəxəssis kimi özümü qələmə verirəm. Əsla yox, mənim hələ ağlım çaşmayıb. Təsadüfən hörmətli Lombrozonun peyğəmbərimiz haqqında yersiz qeydini oxumasaydım, bu yazı da ərsəyə gəlməzdi. (Yazıçı təxəyyülüm, mütaliəm bir- birinə qarışıb. Bu sahədə delitantlığımı yazıçılığıma bağışlayın. Esseni peşəkar mütəxəssis oxuyanda yəqin bu etirafımı nəzərə alacaq.) Fikirlərimi icazənizlə davam edim. Məsələn, elə dəlilər var ki, onlar qədim yazılarda olduğu kimi, ancaq simvolik şəkillərdən, yəni piktoqrammadan istifadə edirlər. Onlar ətrafdakılara öz gücünü nəzərə çarpdırmaq üçün dörd ünsürü təsvir edən çoxlu əcaib-qəraib sifətlər çəkirlər. Guya yer üzündəki qüvvələrlə döyüşə hazır olduqlarını bildirirlər. (Gördüyünüz kimi, bu sərsəm sayılan xəstələr də müalicə olunan klinikalarda rahat oturmayıblar. Bəşəriyyətin taleyinə laqeyd deyillər. Amerika və Avastraliyada yaşayan aboriqenlər hələ də fikirlərini izah etmək üçün simvolik şəkillərdən, piktoqrammadan istifadə edirlər.)
Lombrozo müalicə etdiyi xəstələrin “yaradıcılığını”, “elmi” axtarışlarını belə təsvir edir:“...keşiş, deputat tifə qarşı müalicə üsulu tərtib edir, iki həkim həndəsə və astranomiya “kəşf” edir, cərrah, veterinar və mamaça aeronavtikadan, kapitan aqranomçuluqdan, serjant terapiya sahəsindən yazır, aşpaz isə siyasətlə məşğul olur.” (Sizə elə gəlmir ki, oxuduqlarımız müasir dövrümüzdə baş verən proseslərdə bəzən ara-bir təkrarlanır. Dəlixanada xəstələr arasında kadr problemləri mövcud olmadığı üçün onların “kəşfləri, yazıları cəmiyyət üçün qorxulu deyil, vay o günə ki, bu, real həyatda öz təsdiqini tapa.) Allah adamın ağlını əlindən almasın.
Bu məqamda görkəmli rus yazıçısı A.Çexovun “6 saylı palata” hekayəsi yadıma düşdü. O, yaşadığı xəstə cəmiyyətə həkim diaqnozu qoyaraq, onu həssas yazıçı təxəyyülü ilə qələmə ala bilmişdir. Xəstə cəmiyyətin təzyiq və çətinliklərinə dözməyən həssas qəlbli qurbanları nəinki mənəvi hətta fiziki cəhətdən məhv olurlar. Həkim Andrey Raqin vaxtı ikən işlədiyi dəlixanaya salınır və əzablı günlərinin sonunu orda keçirir. O, deyir: ”Mənim xəstəliyim ondadır ki, bu şəhərdə ağıllı adama rast gəlmədim, biri var o da dəlidir.” Həyatın alt qatlarını görmək, vicdan, ədalət meyarlarının alçalmasında aciz qalmaq, tənhalığa qapılmaq və heç kim tərəfindən dərk olunmamağın sonu faciə ilə bitir, bu isə insanı necə deyərlər, “6 saylı palata”ya gətirib çıxarır. Ordan yad görünən həyatın qapıları üzünə həmişəlik bağlanır. Məşhur yazıçı Paolo Koelyonun cəmiyyətdən təcrid olunmuş adam haqqındakı fikirləri çox maraqlıdır: “Dəlilik- öz təsəvvürlərini başqasına çatdırmaqdan məhrum olmaqdır. Elə bil sən özgə şəhərdə ətrafında baş verənləri görüb başa düşsən də, lakin onları izah edib yardım istəyə bilmirsən. Çünki onların danışıq dili sənə məlum deyil.”
Bir az haşıyəyə çıxım. Dahi Leonardo da Vinçinin dünyada məşhur olan “Vitruvian insan” şəklində insanın ideal səviyyəli proprosional ölçüləri verilib. Əlbəttə, riyazi hesablamalar yaxşı şeydir, əgər həyatda insan nəinki fiziki, həm də mənəvi, əqli cəhətdən ideal olsaydı cənnət göydən yerə enərdi. Dahinin adını çəkdiyimiz üçün ondan bir sitat gətirək: “Təbiətdə hər şey düşünülmüş şəkildə yaradılıb, həyatın müdrik və ədalətli cəhəti də ondadır ki, hər kəs öz işi ilə məşğul olmalıdır.”
Artıq Çezare Lombrozonun fəaliyyəti, dəlilərə, dahilərə peşəkar həkim münasibətindən bir çoxunuzun az da olsa oxucu kimi xəbəriniz var. Şəxsən onun kitabında intellektual mattoidlər haqqında bölmə maraqla oxunur. Sərsəm ilə mattoid-qrafoman yazıçılar arasında fərqə və yaxınlığa aydınlıq gətirib. Mən bu bölməni geniş səviyyədə təhlil etməyəcəyəm. Çünki vaxtınızı çox almaq istəmirəm. (Amma yazıçılıqla məşğul olan bir adam kimi bu, məni daha çox düşündürür. Müəllifin təsvir etdiyi belə üzdəniraq yaradıcı adamlar az deyil.) Çezare Lombrozo intellektual mattoidlər haqqında yazır: “...danışarkən fasilə edə bilmirlər, məntiqsiz danışıqlarında fikrin əvvəli sonuna uyğun gəlmir.” Müəllif bildirir ki, onlar anlaşılmaz süjet xəttinə malik yazılarını nadir əsər kimi oxucu kütləsinə çatdırmağı özlərinə borc bilirlər. Onların yazılarında yaradıcılıq ilhamı, istedad hiss olumadığı üçün fikir və söz kasıblığından əziyyət çəkirlər. Ona görə də daha çox sual və nida işarələrindən istifadə edirlər. İntellektual mattoidlərdə əqli pozğunluq, affekt vəziyyət hiss olunmur. Onlar nevroz hallarını daha çox yaşayırlar. Elələri var ki, səhərlər günəş işığından gizlənir, ancaq gecələr havadan asılı olmayaraq, əlində çətir gəzintiyə çıxırlar. İnsanlara nifrətlə, qəzəblə yanaşırlar. Xüsusilə böhtançı, şər adam kimi hamı tərəfindən incidildiyini bəhanə gətirərək, “vətəndaş” hüquqlarının müdafiəsi üçün məhkəmələrdə fəal iştirak etməyi sevir və inadcıllığı ilə çox vaxt arzusuna yetə bilir. Allah adamın ağlını əlindən almasın.
Müəllif “Dahilik və sərsəmlik” əsərində Hekartla bağlı bir qəribə hadisəni də oxucuların mühakiməsinə verir. Hekart həmişə deyərmiş ki, boş işlərlə məşğul olmaq sərsəmlikdir. Məsələn, Valansendə dəlixanadakı xəstələrin tərcümeyi halını toplamışdı. (Niyəsini bəlkə heç özü də bilməyib...) O, 7 nəğmədən ibarət “Anaqrammeana” poemasını çap etdirir. Əslində o, hərflərin yerinin dəyişdirilməsindən, söz yığanağından savayı bir şey deyildi. Parisin Milli Kitabxanasında saxlanılan həmin kitabın səhifəsinin kənarında müəllif öz gözlənilməz etiraflarını yazmışdı: “Anaqramma insan ağlının ən böyük yanlışlıqlarından biridir, səfeh olmaq lazımdır ki, onunla məzələnəsən. Onu tərtib etmək isə səfehlikdən də betər bir işdir.”( İndi gəl, belə admların fikri ilə quyuya düş. Rəhmətlik rus yazıçısı Qorin ölməz fikir deyib ki, ağıllı görünən üz hələ böyük ağla mənsub olduğunu bildirmir. Yeri gəlmişkən Morris sindromundan əziyyət çəkən dahi Puşkin də şerlərinin bəzilərində tavtoqramma, lipoqramma, akrostixdən məharətlə istifadə etmişdi.)
Lombrozo müalicə etdiyi xəstələrin “yaradıcılığını” əyani şəkildə belə xarakterizə edir.“Çiankettini, Pari, Valtuk ağlasığmaz sözlər icad edirdilər–alitrologiya, antropomoqnotologiya, ledepidermokriniya, qlossostomomopatika.” Şopenhaur hələ ağlını itirmədiyi dövrdə qeyd etmişdir: “ Dahiləri və dəliləri bir şey birləşdirir, hər ikisi real dünyada yaşamır. Hər bir mütəfəkkirin öz daxili dünyası var. O, orada həm şahdır, həm Tanrı.”
Qəribəsi odur ki, başqalarına ağıl qoyan psixiatr həkim Lombrozonun tələbələri də onun adını daha çox “psixlər” cərgəsində çəkirdilər.( Niyəsini isə tələbələri daha yaxşı bilirdilər.)
Hər şey özəlləşib, xüsusiləşib.Təkcə dəlixanalardan savayı. Gördüyünüz kimi, orda məskunlaşan dəlilər də müxtəlif səbəblərdən ora düşüblər. Dəli var anadangəlmə, dəli də var ki, həyatdangəlmə. Dəli var ağlayır, dəli də var gülür. Dəlilərdə gülən daha çoxdur, nəinki ağlayan. Deyilənə görə gülən dəliyə çarə yoxdur. (Əgər həyatda xoşbəxtlikdən, sevincdən məhrum ediləcəksə, onun xəstəxanada gülməyi, real həyatda ağlamağından daha yaxşıdır.) Amma elə atalar sözü var ki, elə bil hamını könüllü dəli olmağa çağırır: “Ağıllı olub dəli dərdi çəkməkdənsə, dəli ol sənin dərdini çəksinlər.” Sizə elə gəlmir ki, hansısa gizli sektanın devizinə oxşayır. Çünki sektalara da ağıllı girsə ordan dəli çıxar. (Aman Allah, savadsız, təcrübəsiz insanları öz yolundan, dinindən ayırmaq üçün dünyada nə qədər institutlar fəaliyyət göstərir. Ona görə onların zəhməti çox vaxt da hədər getmir.) İnsanlığa qənim kəsilən bədxahların iradəsinə tabe olmaq könüllü ağılsızlıq, sərsəmlik, səylik, dəlilik, səfehlik, giclik, axmaqlıq, sarsaqlıq, çaşmaq deyil bəs nədir? Allah adamın ağlını əlindən almasın.
Həyatda hərə məqsəd və fəaliyyət istiqamətini təsdiq etmək üçün öz xanəsini axtarıb tapır. Xanələr isə öz məzmun və məqsədinə görə müxtəlifdir. Məsələn, tanıdığımız xanalardan-kitabxana, rəsədxana, cəbhəxana, səfarətxana, karxana, zorxana, dəftərxana, xəstəxana, bərbərxana, sallaqxana, heyvanxana, təcridxana, yetimxana, dəlixana, zibilxana, çayxana, kababxana və s.yada düşür. Sadaladıqlarımızın içində isə reytinq üzrə birinci yerlər çayxana və kababxanaya mənsubdur. Daha sonra bərbərxananın da qapıları daha çox açılıb örtülür. Növbəti xanalar tələbata görə sizin nəzərinizdə neçənci yerləri tutur, özünüz müəyyən edin. Elə xana var ki, üzünə həsrətik. Çox heyif ki, Qarabağdakı Topxana meşəsindən bizə çör-çöp də qalmayıb. Doğma ünvanın əlçatmaz xəyala çevrilməsində görəsən günahlarımız nə qədərdir? Topxana meşəsinin yarpaqlarının sayı qədərmi?! İnsan bəzən olub-keçən günahları, səhvlərii xatırlayanda az qalır dəli olsun. (Yəqin insan ömrünün də okeanlar, dənizlər kimi ay təqviminə əsasən qabarma və çəkilmə dövrləri var. Biz artıq keçmişdəki səhvlərimizdən nəticə çıxararaq, qabarma dövrünə qədəm qoymuşuq. Məqsədimizə çox yaxınıq.)
Heç yadımdan çıxmaz, on il əvvəl psixatriya xəstəxanasının baş həkimi Həsənağa müəllimdən müsahibə götürdüm. (Sonra o yazı “Ekspress” qəzetində çıxmışdı.) O ərəfədə də dəlixana haqqında Azərbaycanfilmin istehsalı olan “Həyat gözəldir” filmi çəkilmişdi. Nizami kinoteatrında ona ilk baxış keçiriləndə mən də tamaşaçı kimi iştirak edirdim. Baş həkimlə orda görüşəndə o, yanındakı adama məni göstərib dedi: “Bizim xəstəxanadan yazan xanımla tanış olun. Yadındadır, onun haqqında sənə demişdim. Bu sahəni dini baxımdan yaxşı təhlil etmişdi.” Sözün düzü, o ziyalı ilə xəstəxanadakı söhbətim, apardığım qeydlər mənim üçün unudulmaz bir xatirəyə çevrilmişdi.Yadımdadır, statistik məlumatlara əsaslanıb bir faktı qeyd etmişdi ki, müsəlmanlar arasında psixi pozuntu halları daha azlıq təşkil edir. Maraqlısı o idi ki, başqa həkimlər kimi Ziqmund Freyd haqqında bir kəlmə də danışmadı. (Adətən bu “alim”in xəstə xülyaları ilə birlikdə üstəlik şəkili də xəstəxana divarlarından asılır.) Biz nümunə üçün əvvəldə bir neçə dahinin həyatının son illərində sərsəmliyini qeyd etsək də, alim, yaradıcı insan kimi onların məhsuldar əməyindən bəşəriyyət yaxşı mənada bəhrələnib. Bir də var ki, əlinə qələm alan gündən mənəvi pozğunluqları cəmiyyətə sırımaqla, sərsəm fikirlərə haqq qazandırmaqla məşğul olasan. (Əslində Ziqmundun saqqallı, bığlı şəkilləri onun müdrik olduğundan xəbər vermir. Başındakı şlyapa, gözündəki eynək onun intelligentliyinə dəlalət etmir.)İnsanları heyvani instinktlərdən asılı, bioloji varlığa çevirmək iddiasında buluşan “alim” dinə, mədəniyyətə, sağlam cəmiyyətə “freydizmi” aşılayıb. O, insanları inandırmaq istəyib ki, dinə qədər insan daha azad olub, öz tələbatlarını həyata keçirmək üçün maneələr, qadağalar nədir bilməyib. Bir sözlə, fiziki bədənə xidmət onun sayıqlamalarının məğzini təşkil edib. Onun fikirlərindən bəhrələnənlər xüsusilə, Avropada ailə kimi dəyərlərdən, övlad məhəbbətindən məhrum olmaqdadırlar. Bircinsli nikahlar baş alıb getməkdədir. (Lut peyğəmbər dövründəki belə əxlaqsızlıqların ucbatından Allah tərəfindən onların başlarına öz adları həkk olunan odlu daşlar yağdırıldı. Yəqin Freyd də şlyapasından heç vaxt ona görə ayrılmayıb ki, günahları üzündən başına hardansa cəza daşı düşə biləcəyindən ehtiyat edib). Bəlkə alim nə vaxtsa keçmiş həyatlarının birində qədim Pompeydə yaşayıb. Lupanariyanın inkişafında rolu olub. (“lupa” yunanca yüngül əxlaqlı qadın deməkdir.) oxunuz Karl Bryullovun “Pompeyin son gecəsi” əsərini görüb. Əxlaqsızlıq yuvası kimi Allahın qəzəbinə gələn Pompey əhalisi şəhərlə bir yerdə məhv olub. Dantenin “İlahi komediya” əsərində müəllim Brunetto Latininin sağlığında bircinsli məhəbbətinə görə cəhənnəm atəşində yanma səhnəsi təsvir edilmişdir. Xəstə cəmiyyət isə gec-tez süquta məhkumdur.
Bir neçə il əvvəl qədim əxlaqsızlıq yuvası olan ikimərtəbəli Lupanariyanın keçmiş görkəmi, divarlarına həkk olunan erotik freskalar bərpa edilməklə ora turistlər cəlb olunur. (Bu, necə deyərlər, dəlinin yadına daş salmağa bənzəyir. Yəni siz də səy göstərin, belə yerlərin açılmasında fəal olun. Bütün ayıb sayılan işlər, astarı üzünə çevrilən əxlaq əsrin innovasiyası, cəsarətli addımı kimi qiymətləndirirlir.) Kim bilir, antik azadlığı təbliğ edən qədim Yunan şairəsi Safo Lessboskayanın şərəfinə Avropanın mərkəzində heykəl ucaldılıbmı? Amma Parijdə məşhur aktyor Jan Mare yaxın dostu, sevgilisi məşhur yazıçı, rəssam, rejissor Jan Koktoya öz əliyə yapdığı heykəl qoyulub.

Xəbəriniz olsun ki, qədim dövrlərdə Yunanıstanın dövlət xadimi olan Solon dünyada ilk getera evinin əsasını qoyanlardan biridir. Təəssüf ki, əxlaqsızlığın nümayişində misilsiz xidmətləri olan, həmişə sərxoş, kefkom Dionisin ruhunu şad edənlərin coğrafiyası əsrlər boyu genişlənməkdədir. (Yəqin ki, şərab Allahı Dionisin yarıvəhşi, çılpaq qadınlar arasında təsvir olunan möhtəşəm şəkillərinə dünya müzeylərində rast gəlmisiniz.) Allah adamın ağlını əlindən almasın.
Düz deyiblər, həyat sualdırsa, yaşamaq onun cavabı. Dünyada dəliyə, ağıllıya da müxtəlif münasibətlər mövcuddur.Yer üzündə elə qəbilələr var ki, bizim dəli adlandırdığımız insanlara daha böyük ehtiramla yanaşır, onları cəmiyyətdən ayırmırlar. Psixopata, hipomanikal depressiyaya düşənə və s. xəstələrə bəzən ruhi xəstə deyilir. Yaxud “Sağlam bədəndə sağlam ruh olar” devizi ilə adamları çaşdırırlar.Ruhlar xəstələnsəydi indi ruhların toplaşdığı bərzəx qatında və ya yaxınlığında “dəlixana”lar mövcud olardı. Sağlam düşüncəli adam bunu necə təsəvvür edir? Orta əsrlərin məşhur filosofu Foma Akvinskiy ruhun bədəndən asılı olmadığını, onun pak forma kimi nə öz-özünü, nə də başqası tərəfindən məhv edilə biləcəyinin mümkünsüz olduğunu bildirir. Avreliy Avqustin də ruhla bağlı qeyd edir ki, Allahı insanın bədəni deyil, ruhu dərk edir. Ruhun bədən üzərində üstünlüyü ondan tələb edir ki, insan həzzverici hissləri özündə boğaraq, ruha qayğını artırsın. Bir sözlə, Allahın insana bəxş etdiyi ruh həmişə pakdır. İnsanın şüurunda, sağlamlığında pozuntular ola bilər, amma heç bir vəchlə onu ruhla əlaqələndirməyə ehtiyac yoxdur. ( Bildiyiniz kimi, təkcə Quranda ruh haqqında məlumat verilməyib.) Sufi təlimində isə ruhun Allaha can atmasının dərin fəlsəfi kökü insanları düşündürən məsələlərdən biridir.
Bir az haşiyəyə çıxım. Yığıb saxladığım bir çox qəzet və jurnalları çoxdandır nəzərdən keçirmirdim. Əlimə 1991-ci ilin qəzeti düşdü. “Beynəlmiləl şəhərin vəzifə bölgüsü” yazısında Bakıda ermənilərin düşmən fəaliyyətləri faktlarla açıqlanmışdı. Hələ keçən əsrin ortalarında işlədikləri, rəhbəri olduqları nə qədər fabrikləri, ayaqqabı, toxuculuq sexinə çevirdikləri məscidləri yandırdıqları məlum idi. Külli-miqdarda yeyintiləri, cinayətləri ört-basdır edilıb. (Nəyin naminə düşmənə düşmən deməkdən çəkinmişik?) Hayıf ki, Lombrozo, ancaq dahi insanların bəzi sərsəm xülyasını dünya ictimaiyyətinin diqqətinə cəlb edib. Daha bilməyib ki, o dəlilər cəmiyyət üçün o qədər də qorxulu deyil, amma hiyləgər “dəlinin” əlindən nə desən gələr. Məsələn, hiyləgər “dəli” deyə bilər ki, dünən yuxuda ona Xəzər dənizi içindəki balıqları ilə birlikdə akvarium yerinə bağışlanıb. Mənim yuxularımın həyata keçməsi üçün siz də özünüzü yuxululuğa vurun. Atalar demişkən, dəliyə yel ver əlinə bel ver. Allah adamın ağlını əlindən almasın.
Əcəb işdir dəli çaya bir daş atıb, yüz ağıllı fikirləşib onu çaydan çıxara bilmir.
Hamı xeyirxahlığı, mərhəməti, yaxşılığı tərifləyir, amma bu müqəddəs yükü öz üzərinə götürməyə hazır deyil. Eqoizm alturuzmi, mənəviyyatsızlıq əxlaqi dəyərləri, müharibə sülhü yüz bəhanəylə meydandan sıxışdırıb yox etməyə çalışır. Necə deyərlər, toxun acdan nə xəbəri. Dəlilər bu ədalətsizlikləri görə bilsəydi Vallah bizlərə yazığı gəlib deyərdi: “Ey, məndən ağıllılar, siz də özünüzü dəli kimi aparanda mənimlə sizin aranızda nə fərq olacaq? Mən dəliyəm nə etsəm qınamazlar, bəs sizin insafınıza nə gəlib? İstedadlı, yaxşı, xeyirxah adamları xoşbəxt gələcəyimiz naminə məhz bu gün o sağ ikən milli sərvət kimi onları qoruyun, pislərə qurban verməyin. Həqiqəti deməkdən qorxmayın. Oturduğunuz stulun ayaqlarını niyə kəsirsiniz? Axırda yıxılan özünüz olacaqsınız.” Allah adamın ağlını əlindən almasın.
Sonda etiraf edim ki, bizim də bir tarixi dəlimiz var, adına Dəli Domrul deyərlər.(Fikir vermisinizsə “Dəli” sözü böyük hərflə yazılır.) İgid hətta Əzrayıldan da qorxmayıb. Tanrı Dəli Domrulun ömrünə ömür calayıb ki, faydalı adam, qəhrəman kimi xalqına daha çox xidmət etsin. Belə Dəli Domrulların sayı artdıqca mərdlik namərdliyə, həqiqət saxtakarlığa, bir sözlə, xeyir qüvvələr şərə asanlıqla qalib gələcək. Dədəmiz Qorqud demişkən, Allah bizi ağılsızların şərrindən qorusun. Belə yerdə dəli də xöşbəxt olar, dahilər də çoxalar.
Bəşəriyyətə öz məhəbbətini, səxavətini təmənnasız paylayanlara tərcüməçi lazım deyil. Xeyirxahlıq üçün uzanan əlin məqsədi lüğətsiz də aydındır. Təkcə pislik, şər həmişə özünə bəraət qazandırmağa çalışır, neçə dildə özünə tərcüməçi, silahdaş, vəkil axtarır. Görən son vaxtlar dünyada niyə daha çox sərsəm küləklər, fırtınalar meydan oxuyur? Şərə meyilli çılğın insanların ağlını əlindən alır. (Allahdan ayrı düşənlər öz bəndə, vətəndaş borcunu cəmiyyət, ailə qarşısında unudanda yerlə göy arasında harmoniya pozulanda, ağa qara deyəndə sabahkı acı aqibətimiz əməllərimizə sərt cavabdır.) Fikirlər finiş xəttinə çatdıqca qəmli, yorğun təəssüratlarla üz-üzə qalmaq istəmirsən. Əslində insanı xoşbəxt etmək üçün o qədər də çox şey lazım deyil. Axı, ilk baxışdan dünyanı ağıllı insanlar idarə edir. Dünyanın qaynar nöqtələrində haqq, ədalət iftira və zalımlığın köləsinə çevrilirsə, şüurlara siyasi evfemizm üsullarıyla təsir edilərək, başqasının ərazisinə hücum “müdafiə reaksiyası” termini ilə əvəz olunub çirkin əməllərə bəraət qazandırılırsa, onda dahi sərsəmlərə hörmətimiz daha da artmalıdır. Çünki onlar öz əsərlərində məhəbbəti, gözəlliyi, xeyirxahlığı, mərdliyi, cəngavərliyi və buna bənzər bir çox əxlaqi keyfiyyətləri, hissləri bəşəriyyətə bəxş edə bilmişlər...Onlar insanlara vətənpərvərliyi, sevməyi, yaşamağı öyrətmişlər, ölməyi yox. Əgər elm və mədəniyyət bəşəriyyətin gələcəyi naminə dominant qüvvə kimi dünyada siyasi qüvvələri tənzimləyə, sağlam mövqeyə yönəldə bilsəydi, bu müsbət təcrübə milyonlarla insanlara yeni xoşbəxt həyat bəxş edərdi...(Amma təəssüf ki, bu strategiya bir çox siyasətçilərin, təcavüzkarların məqsəd və qanlı planları ilə üst-üstə düşmür.)
Başında küləklər əsən adamların bəd əməllərinin günahsız qurbanlarının sayı bitib tükənmir, qəbristanlıqlar böyüyüb şəhərciyə dönür. Xüsusilə, aclıqdan, səfalətdən ölən, müharibə şəhidləri olan minlərlə məsum uşaqlara sərsəm dünyamız vaxtsız ölümdən savayı nə verir? !
Nazim Hikmət demişkən:
Cocuqlara kıymayın efendilər,
Bulutlar adam öldürmesin.