Dünya, barışmışam səninlə...

Dünya gözümdən düşəndə sanki dağdan düzə düşürəm. Göylərin bətnində doğan ilahi sözlər üçün qəlbim əsir, gözlərim yenə də doğma zirvələr gəzir. Bu qərib halımla özümü tanımıram. Özüm-özümdən küsürəm. Məni kim barışdırar özümlə? Hamı həsəd aparır səbrimə, dözümümə.
Perik düşüb məndən ilham pərisi. Hanı qəlbimdə doğulan, dodağımda dinən sevinc nəğməsi? Yağışmı sel oldu, küləkmi sevincimin külünü göylərə sovurdu? Təbiət dəyişsə də, mənim ömür qışım bir daha bahar olmaz.
Üzü dönüb dünyanın .Daha səsimi eşitmir kar dünya, alti gor dünya.
Sonumun əvvəlində “Vağzalı”sı çalınıb gəncliyimin.Vaxt vardı xoşbəxtliyimin görüşünə uşaq kimi atılardım, sanki dünyanı köksümə sıxardım. Zamanın əbədiyyət sükutundan xəbərsiz saat əqrəbiylə yarışa qoşulub tanımadığım gələcəyə tələsərdim. Dünyanı niyə ümid qapısı bilirdim? O qapının açarı yox. Həsrət dumanına bürünmüşəm.Gördüyümü eşitmirəm, eşitdiyimi görmürəm. Unudulan xoşbəxtliyin kölgəsində tənha gəzirəm.
Üzü dönüb dünyanın. Daha səsimi eşitmir kar dünya,altı gör dünya.
Dünya insanları həvəslə qarşılayıb qəmgin yola salır. Başı yaman qarışıqdır. Hamı kimi mən də şirindil dünyaya inanıb gəncliyimi verdim ona əmanət. Qocaların gözündə cavan, cavanların gözündə qoca dünya, yolları çiyninə xurcun edib nə yığıb, nə paylayırsan? Çox arzularım zamanın kor ələyindən yarımçıq ələnib. Halvasını çalmışam vaxtsız ölən istəklərimin. Yaddır öz-özümə qismətim.
Üzü dönüb dünyanın. Daha səsimi eşitmir kar dünya, altı gor dünya.
Torpaq da od tutur namərd, zalım fitnəsindən. Həqiqətin günəşinə namərd kordur. Namərdlərin torunda zülməti yara-yara alışıb-yanan səsim söz atında elə bil şahə qalxır. Səbrim doğrandıqca sözüm ilan kimi qıvrılıb düşmənin qılıncını yerə salır. Dünya kimlərə qalıb?
Sözlərimə bələnib yol tək uzanıb gedir dünya. Dilimdə dünya sözdür. Gözümdə dünya gözdür.Mən gözlərimi yumsam da dünya dirigözlüdür. Verdiyi nə vardısa hər şeyim onda qalıb.
Üzü dönüb dünyanın. Daha səsimi eşitmir kar dünya altı gor dünya.
Məclislərdə söz incilərim-boyunbağım, qolbağım. Hikmətli sözlər başımda tacım. Daha mənə özgə parılti nə lazım? Fikirlərimin sahilində ləpələnir sözlərim. Bu sahildə balıqlar da nağıllaşıb dilə gəlir.Torpaqla yağış, külək dillərində danışırıq. Belə fürsət düşməz ələ.
Hamı özü kimi səni tanıdı dünya. Göylərə qonşu dünya, sən olduğun kimisən. Bağışla mənim gileyimi yaşanan illərimə. Səni görməyə dəyər, səni sevməyə dəyər...
Xoşbəxt nəvələrimin gülüşlərinə hay verən, uşaqlaşan dünya, daha barışmışam səninlə.