Təşəbbüslər, təkliflər, qəliblər, içimdəki kiçik, lakin əbədi mübarizələr
Araz kinoteatrının (qəribədi, ora bir dəfə də kinoya getməmişəm, amma iskəndər kababı yeməyə və ya çay içməyə min dəfə yanındakı çayxanada goruşməyi təklif etmişdim. Səsindən təəccübünü sezmiş, amma əhəmiyyət verməmişdim. Ilk dəfə deyildi ki, çayxanada oturmaq təklifimə belə reaksiya görürdüm. Hətta bu vaxta qədər gördüyüm rekasiyaların yanında bunu heç reaksiya adlandırmaq belə düz olmazdı. Narahat olmasın deyə, görüşə Anarla gələciyimi də əlavə etmişdim. Bu da artıq ənənəviləşmiş, klassikləşmiş deyə biləcəyim bir taktikam idi. Uzun illlərin acı dərslərindən sonra nəhayət öyrənmişdim ki, oğlanlarla təklikdə görüşmək təklifi onları, belə demək mümkünsə, narahat edir. Bəlkə də narahat etmir, sadəcə təəccübləndirir. Yox, yox, elə narahat edir. Vərdiş olmadıqları vəziyyət qarşısında beyinlərində hazır adekvat cavab qəlibi olmadığına görə də çox qəribə reaksiyalar verə bilərlər. Xüsusilə evli bir qadından belə bir təklifin Rəşadı narahatlıqlar içində boğmasına ürəyim razı olmazdı. Axı mən onu sevirdim. Bunu ona heç vaxt deməyəcəkdim əlbəttə. Bu vaxta qədər tanıdıqlarımdan fərqli olsa da, yenə də Azərbaycanlı oğlana “səni sevirəm” demək onu öhdəsindən gələ bilməyəcəyi böyük, təlatümlu dənizə atmaq olardı. Ona “səni insan kimi sevirəm” deyib izah etməyi də mən sevgimə yaraşdırmazdım, cunki sevginin kişiyə qadına, uşaga, böyüyə, heyvana, şerə, romana, mahnıya, şəraba istiqamətlənməsinin mənim üçün əhəmiyyəti yox idi. Nəyə ünvanlanmasından asılı olmayaraq, sevgi boyuk bir şey idi, “səni insan kimi sevirəm” deyib dəqiqləşdirsəm, sevgim kiçilər, azalar, dəyişərdi sanki....

Bütün bunları ona danışsam, yəqin ki, məni başa düşərdi, cünki o dərin insan idi, amma yenə də streotipləri nəzərə almaq, onu 2 heftəllik məzuniyyətində mənə də 1 saat ayırdığına görə peşman etməmək lazım idi. Bütün bunları, iş yerimin pəncərərsindən baxa-baxa üzümdə kiçik bir təbəssüm, əlimdəki həddindən artıq böyük pivə fincanından qəhvəmi udumlayaraq fikirləşirdim. Xoş hisslər keçirirdim, onu uzun müddətdən sonra görəcəyim, həm də o qədər işinin ararsında mənlə görüşmək istəməsinin verdiyi qururla qarışıq sevinc ənənvilik, qəliblər və mənim hoqqalarım, daha doğrusu zəhləmgetmiş hoqqabazlığım barədə narahat fikirlərimin ürəyimə saldığı sızıltını xoş, küt bir agrıya cevirmişdi. Üzümdə təbəssüm olduğunu isə o arada yanımdan keçən iş yoldaşımın həddindən artıq səmimi hesab etdiyim zarafatı sayəsində öyrəndim:
- Leyla, elə gülümsəyirsiz ki, ərinizi yox, başqa bir kişini fikirləşdiyinizə and içə bilərərəm...
“Bu fransızların intim mövzulardakı zarafatlarına heç dözə bilmirəm dəəəə!!!” deyə hiddətlə keçirdim ağlımdan. Sifətimi turşudub, qaşlarımı aciqla yuxarı dartmaqla yetinmədim
-Qarşınızdakının bir fransız qadın olmadığını unutmayın, -dedim, dediyimin təsirini artırmaq üçün bir də əsəsbi, narazı təbəssüm artırdım sifətimə.
O da başını yellədib:
-Hə, təəssüf ki, belədi, təəssüf ki, siz fransız deyilsiniz...
Bir az pauzadan sonra əlavə etdi:
-özünüzü azad edin, Leyla, - sonra dabanları üstündə fırlanıb siqaret çəkmək üçün bayıra çıxdı.
“Bu adamı çox sevməsəydim, arxasınca tüpürərdim” deyə fikirləşdim. Onun bu yersiz (indi, “əcaba yersizmiydi” deye düşünmür də deyiləm əslində) qeydinin mənim xoş əhvalımı dəyişməyəcəyini qərarlaşdırıb yenidən düşüncələrimə qayıtmaq istədim.

Amma kələfin ucu getmişdi. İş masamın arxasına keçib görüşə qədər başımı qatmaq üçün günlərdir qalaqlanan dosyelər arasından maraqlıdı deyə ayırdığım bir-ikisini götürüb qabağıma qoydum. Oğlumu baxcadan götürüb anamın evinə aparması üçün bacıma zəng eləməli olduğumu xatırlayıb əlimi telefona atdım.
-Sən necə anasan? Dedi içimdəki qəlib.... hansısa keçmiş qrup yoldaşını görmək üçün uşağınla kecirə biləcəyin 2-3 saatı qurban verirsən. Onsuz da uşağını axşamdan axşama görürsən! Deyə davam edirdi qəlib...
Onu susdurmaq niyə belə çətindi axı?! Ona nifrət edirəm deyə düşündüm və dəstəyi yerinə qoydum. Bir neçə saniyə sonra yenidən qaldrıb zəng elədim.
Uhhh! bacıma belə anlarda elə minnətdar olurdum ki! Səsindəki qınaq dolu narazılığa rəğmən, əlavə sual vermədən, qeyd etmədən razılaşması içimdəki susmaq bilməyən o “ləçəri”n səsini azaltmayacaqdı, amma heç olmasa “ətrafın təzyiqi”ni hiss etməyəcəkdim....

Çayxana
Çayxanadakı yerimizi Anar seçdi. Bu haqqı ona tanımaq onun arvadıyla çayxanada oturmasının qarşısında ona edə bilcəyim ən kiçik təşəkkür idi, bilirdim. Rəşadın, ümumiyyətlə heç kimin Anar barəsində pis düşünməsini istəmirdim. Bunu istəməyimin prinsiplərimə zidd olmasını da, yəni nəyin pis, nəyin yaxşi olmasının mübahisələndirilməli olan bir şey olduğunu da bilirdim, amma bu prinsiplər mənim idi axı, Anarın onlara görə əziyyət çəkməsi düz olmazdı. Anar da adəti üzrə ən kənar, ən ağaclıq yeri seçmişdi. Bürküyə baxmayaraq, hamının “gözünə girməmək üçün” burda oturmalı idik. Yenə də çayxananın tək qadın müştərisi olmaq şərəfi mənə nəsib olmuşdu.
Tolerans olmam üçün daha bir səbəb vardı. Qorxduğum baş verməmişdi. Nə əcəbsə, oğlan tanışlarıma ümümi bir düşmənçilik bəsləyən Anarın üzündə belə görüşlərdəki ənənəvi gərginlikdən əsər-əlamət yox idi. Yəqin Rəşadın pozitivliyi “Daşdəmiri” bir az yumşaltmışdı.

Rəşad
Hündürboy oğlan idi. Mənə görə həddindən artıq hündürboy. Onunla üzbəüz söhbət edəndə həmişə gülmək tuturdu məni. Özümüzü kənardan görür kimi oludum, Hadıyla Bıdı kimi görünürdük. Qrupun ən hündür oğlanı ilə, ən qısa qızı...
Onu ilk görüşdəcə sevmişdim. Sifətində, boy-buxununa uyğun olmayan uşaqsayağı utancaq təbəssümündə bir yaxınlıq, doğmalıq vardı. O ruh qohumluğu deyilən şey, yəqin ki, bu idi. Atasızlığın, kasıblığın, arxasızlığın verdiyi əzikliyin bizim ümumi qohumumuz olduğunu lap sonralar bilmişdim.
O həm də yaraşıqlı oğlan idi. ok, məncə. Mən bu məsəslərdə ekspert sayılmazdım o vaxtlar, ona görə də əmin deyiləm. Yaşıd həmcinslərimdən fərqli olaraq “oğlan” deyə bir mövzum yox idi Universitet illərimdə. Çayxanadkı məşhur görüşümüzdə də, ustundən xeyli vaxt keçsə də, bu nünasa fikir verməmişdim baxmayaraq ki, indi bu mövzuya (kifayət qədər) həssas idim . Amma əminlklə deyə bilərəm ki, çox xoşagələn (simpatik) idi. Mənim xoşuma gəlirdi ən azından. Hə, bir də saçının qabagında bir ağarmış hissə var idi. İndi çallaşmış saçlar qəribə gəlmir mənə əlbəttə, amma 18 yaş üçün, razılaşın ki, bu qeyri-adi bir şey idi...

Etiraf
Umumi giriş suallarından sonra
-Rəşaq, saçların əməlli-başlı agarib, evlənmirsən bəs?
-Eeeeh, məni bilmirsən?
-Hə, səni bilirəm....
-Sevmək asan iş deyil
-Xüsusən bir dəfə oxun daşa dəyəndən sonra?
-Bilmirəm. Düzü, əmin deyiləm.... Indi üstündən bu qəqər vaxt keçəndən sonra fikirləşirəm ki, nəticənin nə olmasının heç önəmi yox idi. Onu sevmək gözəl idi. Mənə cox gözəl şeylər qatdı. Heç peşman deyiləm....
Bu, 25 illik həyatımda eşitdiyim ən gözəl etiraf idi. Sözün hərfi mənasında bədənim də, ruhum da yerdən qopdu elə bil.... Belə bir fikir mənə əlbəttə yad deyildi. Ən azı hansısa tük mahnısında belə bir ifadə eşitdiyimə adım kimi əmin idim (mən səni deyil, səni sevməyi sevdim” . Amma bu fikir Rəşadın, o hündür, qürurlu ve yaraşıqli oğlanının kişisayaq dodaqlarında, Azərbaycan dilində necə gözəl səsləndi, İlahi!
Bəlkə də məsələ nə fikirdə idi, nə də dilimizin gozəlliyində. Məsələ bir Azərbaycan kişisinin rədd edilmiş sevgisindən belə .... “qürursuzca”, sevgi dolu danışa bilməsi idi. Bu qədər böyüyə bilməsi, bunu bacarması idi...
(Rəşadın bu cəsarəti, BÖYÜKLÜYÜ ona olan sevgimi əbədiləşdirəcəkdi, bundan əmin idim.)

Anar
Bu qəribə etirafın yaratdığı böyük emosional selin içərisində Anarın təsirlənmiş üzünü görmək də elə etirafın özü qədər qəribə idi. Elə heyrətlənmiş, bu etirafdan elə yaralanmışdı ki! Özü üçün yaratdığı “Azərbaycan kişisinin özünümüdafiə sistemi” tamamilə çökmüş, nifrət etdiyim rahat, özünəarxayın kişi maskası yırtılmış, cox sevdiyim qalın dodaqlarında “hər şey nəzarət altındadı” mesajını verən istehzalı təbəssüşü yox olmuşdu. Mən Anarı heç vaxt belə görməmişdim, heç vaxt da görməyəcəkdim, bilirdim. Onu belə tamamilə saf halında görmək üçün mənim səmimi və saf sevgim yetməmişdi deyə düşünmüş, milyonuncu dəfə kədərlənmişdim o an. Buna nail olduğu üçün Rəşadı qısqanmış, amma həm də bu anı mənə, elə Anarın özünə da yaşatdığı üçün ona böyük minnətdarlıq hiss etmişdim.
(Sonralar bu etiraf barədə danışarkən Anar, məsələnin bir az da məndən qaynaqlandığını, səmimiyyətimin Rəşada belə bir etirafı etmək üçün şərait yaratdığını demişdi. Belə bir qeyd qürurumu oxşasa da, həqiqi olmadığıı bilirdim: illərdir ıilyon qat daha səmimi olduğum Anardan bircə dəfə də olsa belə bir açıqlıq görməmişdim.)

Günay
Etirafdan keçən 6 ildən cox vaxt ərzində bir dəfə də olsun bu etirafın səbəkarına bu barədə danışmağı düşünməmişəm. Bu il, 4 il aradan sonra onunla ilk fiziki görüşümüzdə, qrupumuzun ən gözəli, həm oğlanların, həm də mən də daxil olmaqla qızların “sevgili”si Günayın eviliyindəki problemlər, əri ilə ayrılması, anasının təzyiqləri və s. barədə söhbətinə qulaq asarkən belə bu etirafdan danışmaq yadıma düşmədi. Əminəm ki, əclaf süurlatım bu hadisəni bilərərkdən unutmuşdu. (Bu bəsit bir qadın paxıllığıydımı, deyə indi için-için özümdən soruşuram. Amma sanmıram). Günaya bir vaxtlar onun araxsınca sürünən Ramilin cox yekəxana, küstah bir daydaya, İlhamın isə maraqsız ailə atasına çevrildiyini deyəndə belə, Rəşaq barədə danışmaq ağlımın ucundan belə keçməmişdi... Bəlkə də, yaxşı ki, keçməmişdi. Yaxşı ki, Günay nece böyük bir sevgiyə səbəb olduğunu anlamayacaq, necə bir dürr itirdiyindən peşmanlamayacaqdı...Günay mənim də sevgimi itələmişdi əlinin arxasıyla bir gün, amma mən onu nə vaxtsa sevmişdim (və onu sevmək gözəl idi), acılarına bir peşmançılığın da əlavə olunmasını istəməzdim.