2010-cu ilin iyun ayının əvəllərində, gecə yarısı Xətai prospektində taksi ilə gedirdim. "Şərq bazarı"nın qarşısında, prospektin ortası ilə o tərəf-bu tərəfə keçən meyvə-tərəvəz dolu arabaların arasından bir təhər maşınını sivişdirib keçən sürücüm, digər kolleqaları kimi oxşar mövzuda söhbətə başladı.
- Ay qardaş, burada nə zaman bir qayda-qanun yaradılacaq axı? Buna bax, buna bax... özünü az qala maşının altına atacaqdı... əclaf! O gün gördüm birini maşın vurub xosumvay eləyib, bir istədim saxlayım... sonra lənət şeytana deyib, çıxıb getdim...
Üz-gözümü turşudub, sürücüdən niyə belə etdiyini soruşdum. Adam heç tövrünü də pozmadan, bir damcı belə təəccüblənmədən, söhbətinə davam etdi:
- Başa düşürəm e, qardaş, adamdı, yəqin buralarda ailəsinə çörək pulu qazanmaq üçün işləyirmiş, xəstəxanaya-zada da apara bilərdim... Amma bir bilsən niyə onu aparmadım, məni qınamazsan... Həmin hadisədən 10-15 gün əvvəl, elə bax buradaca, bax o svetofordan 4-5 metr qabaqda, düz gözümün qabağında bir "BMW" yaşlı arvadı vurub, qaçdı. Tez maşını saxladım, onun oğlu idi, nəyi idi, bilmirəm, yanındakı oğlana dedim ki, gətir arvadı qoy maşına, aparaq xəstəxanaya, yazıqdı. Oğlan arvadı qucağına alıb, maşına tərəf gətirəndə nə desə yaxşıdı?
- Nə?
- Dedi ki, buna bax e, qoca arvadı vurub, hələ bir deyir aparaq xəstəxanaya... Qardaş, nə başını ağrıdım, gördüm ki, bu adam "BMW" əvəzinə məni ilişdirmək istəyir, hirs vurdu təpəmə, dedim ə, köpəkoğlu, mən sənə yaxşılılq etmək istəyirəm, sən də mənə şər atıb, türməyə göndərmək istəyirsən? Tüpürdüm, çıxıb getdim... Bax, o gədənin şər atması mənə dərs oldu, o gün yerdə qalan adamı da aparmadım... İndi, özün deginən, bu xalqa yaxşılıq etməyə dəyər, ya yox?

***

Bilmirəm, sürücüyə şər atmaq istəyən o idi ya yox, amma mənim yadıma qonşu məhəllədəki Namizəd düşdü. Onun rayondan şəhərə, bazarda satmağa meyvə-tərəvəz gətirən xalasını da elə təxminən 10-15 gün əvvəl buralarda maşın vurub, aşırtmışdı. Xalasına kömək etməklə pul qazananan Namizəd də o an hadisə yerindəymiş. Detallarını bilmirdim, amma sağ qalmasından, xəstəxanaya çatdırılmasından xəbərim vardı. Xülasə, sizə bu Namizəddən danışım.
Namizədin ailəsi işğal olunmuş rayonlardan qaçqın kimi gəlib. İlk dəfə onunla tanışlığımız da yadımdadı; axır çərşənbə günündə məhəllədə tonqal qalamışdıq, yaxınlaşdı, salamlaşdı, utancaq oğlan idi, nə danışır-danışsın gülümsəyirdi (bu xasiyyəti indiyədək dəyişməyib). Dərslərini də pis oxumurdu-filan...
Məktəbi bitirib, hamı kimi universitetə, sonra da əsgərliyə getdi. Qayıdandan sonra da o qədər dəyişməmişdi, sadəcə bir qədər depressiv görünürdü hərdən.
Namizədin atası qəssab idi, işi də pis getmirdi, bir neçə ilə qəsəbənin ən varlı adamlarından olmuşdu. Bu kişinin var-dövləti artdıqca dövlət işçiləri ilə problemləri də çoxalmışdı, nə vaxt danışdırırdın söhbətinin əvvəli də, axırı da belə idi "biri gəlir, o birisi gedir, məni lap müflisləşdirəcəklər." Uzun sözün qısası, elə həmin ərəfələrdə bizim bu Namizədin cibindən narkotik vasitə aşkar olundu. Elə aşkar olunan gündən başlayaraq, təxminən 2 həftə ərzində atasının bütün malı-mülkü əldən çıxdı. Kişi qəssabxananı bağladı, ailəsinin gündəlik xərclərini ödəmək üçün taksi sürməyə başladı. Tez-tez işlətdiyi "biri gəlir, o birisi gedir" frazası da leksikonundan yığışdı, artıq onu heç kim narahat etmirdi; o, varlı deyildi.
Baxmayaraq ki, bütün qəsəbə onu günahsız hesab edirdi və onun üzərinə şər atılması hamımıza gün kimi aydın idi, Namizədin xarakteri kökündən dəyişməyə başladı; onun ətrafdakılara aqressiyası gün-gündən artırdı...

***

İndi bütün bunları sürücüyə danışmaq, Namizədin ona şər atmasının kökündə hansı səbəblərin durmasını anlatmaq istədim, amma eyni enerjini sərf etməklə bloqa yazmağın, daha çox adama oxutmağın xeyirli ola biləcəyini qərara aldım...
Hadisələrə çox safcasına qiymət verməyi üstün tutan sürücüm isə davam edirdi:
- Qardaş, bunlara Stalin lazımdı e, hamısını güllələsin. İnan inandığımıza, mən bu xalqın hamısının qanını içərəm, uf da demərəm...