Eyləyir. 20.07.05

Gözlərim-gözümdən uzaq düşəndən,
Ürək sənsizlikdən fəğan eyləyir.
Sevgilim xəyalın həmdəmdi mənə,
Həsrət ürəyimi talan eyləyir.

Hicrandan əyilir səbrimin beli,
Ağarır başımda məhəbbət teli,
Xəbərdar edirəm mən bütün eli,
Ayrılıq insanı yaman eyləyir.

Dözmür sənsizliyə bu ürək ey yar,
Uşaq tək ağlayar macal versə ar,
Bu böyük kainat sənsiz ona dar,
Həsrətin dünyamı zindan eyləyir.

Sən məndən uzaqsan, mən səndən uzaq,
Ümüd xəyallara qalıbdır ancaq,
Sənsiz sevən qəlbə şənlənmək yasaq,
Yoxluğun cahanı yalan eyləyir.

Deyirlər nə qədər çox çəksən həsrət,
O qədər də artar qəlbdə məhəbbət,
Sevgilim sevgimiz çoxalır əlbət,
Eşqin baş beynimi duman eyləyir.


Mən. 16.08.05

Yenədə tək tənha oturmuşam yar,
Özüm – özüm ilə danışıram mən.
Yenə sakit sakit səni düşünüb,
Həsrətdən kədərə qarışıram mən.

Ətrafımda boz təpələr, boz dağlar,
Sənə gedən yolun qarşısın bağlar,
Ayrılıq qəlbimi çarpazın dağlar,
Qovuşmaq naminə çalışıram mən.

Bəzən üsyan edib mən bu hicrana,
İstəyiram gələm sənin yanına,
Amma ixtiyarım çatmayır ona,
Odur ki, hicranla barışıram mən.

Bu ayrılıq məni üzəcək bir il,
Bir il min il demək mənim üçün bil,
Yadıma düşəndə bu müddət qəfil,
Ölümlə göz gözə baxışıram mən.

Həsrət at belində vüsal piyada,
Bu qov qaç olubdur daim dünyada,
Mirkazımam sevib düşmüşəm oda,
Həsrət qəfəsində sıxışıram mən.


Ah nece gözəldi... 27.08.05

Ah neçə gözəldi sübdən oyanıb,
Sizin küçənizin başına gəlmək.
Tində həyacanla durub, boylanıb,
Sonrada gizlənib arxanca getmək.

Arxanca gələndə hər səhər-səhər,
Səni çox sevirəm demək istərdim.
Amma ki, özümü tutub bir təhər,
Bunu camahatdan ayıb bilərdim.

Hər gün sənin ilə birgə yol gedən,
Rəfiqənə yaman əsəbləşərdim.
Səni ona belə qısqanaraq mən,
Yerlərlə, göylərlə hey əlləşərdim.

Hər gün bir ayrı cür gözəl görünüb,
Bir ayrı tilsimə salardın məni,
Sadə libaslara zövqlə bürünüb,
Baxışınla ələ alardın məni.

Ah necə gözəldi, bizi düşünüb,
Vüsal ümüdüylə xəyala dalmaq.
Səninlə danışıq, səninlə gülüb,
Kədərdən uzaqda şadiman olmaq.

Ah necə gözəldi, gözəldi ey yar,
O günlər bizlərə qaldı xatirə.
Üzübdür qəlbimi zalım intizar,
Bu qürbət keçmişi saldı xatirə.

Sevgilim aşiqin qürbətdə əsgər,
Sənsiz keçən hər an dəhşətdən betər,
Ey aşiq səbr elə bu günlər ötər,
Əlin yar əlinə yenidən yetər.


Bir gün
02.10.2005

Səni tənha qoydum gülüm bağışla,
Gözləsən yanına gələrəm bir gün.
Üzdə sevinsəmdə, qəlbən dərdliyəm,
Səninlə danışıb, gülərəm bir gün.

Həsrətin qəlbimə salır məlalı,
Çəkir uzaqlara yaxın vüsalı,
Məni bu qürbətdə tutan qandalı,
Qırıb, hissələrə bölərəm bir gün.

Səni düşünürəm hər gün, hər gecə,
Qəlbimdəki hisslər güllərdən incə,
Görən mənsiz orda necəsən, necə?,
Gəlib əhvalımı bilərəm bir gün.

Nə yaman ağırmış ayrılıq daşı,
Niyə məhəbbətlə hicran yanaşı,
Axsa gözlərindən intizar yaşı,
İslaq yanağindan silərəm bir gün.

Gülüm Mirkazimə olmasan qismət,
Mənimçün əbədi solar məhəbbət,
Əl açıb, Allaha, edib ibadət,
Xoşbəxt olmağını dilərəm hər gün.