göndərən mahsum_ tarix Bazar ertəsi İyu 25, 2007 12:43 am
Diş (dens) - onurğalı heyvanlarda və insanlarda ağız boşluğunda yerləşən çeynəmə orqanı. Qida maddələrini tutmaq, parçalamaq və çeynəmək üçündür. İnsanda sözlərin tələffüzündə dişlərin böyük əhəmiyyəti vardır. Dişlər tac, boyun və kök hissəsindən ibarətdir. Dişlərin əsas kütləsini dentin (sərt maddə) təşkil edir, bunun da üzəri tac nahiyədə mina ilə, boyun və kök nahiyədə isə sementlə örtülmüşdür. Dişlərin daxilində boşluq (kök kanalı) var, bunun içərisi diş pulpası (özəyi) adlanan yumşaq maddə ilə doludur. Pulpa birləşdirici toxumdan ibarət olub, sinir damarlarla zəngindir.
Ən sadə konus şəkilli dişlər balıqlarda (bəzi balıqlarda heç olmur), amfibiyalarda və sürünənlərdə olur. Onların dişləri yalnız tutmaq və saxlamaq vəzifəsi gördüyünə görə hamısı eyni formadadır (izodont sistem). Məməlilərdə isə ayrı-ayrı dişlər müxtəlif vəzifələr (o cümlədən çeynəmə vəzifəsi) gördüyündən formaları da müxtəlifdir (heterodont sistem).
İnsanlarda dişlər forma və funksiyasına görə kəsici, köpək, kiçik azı və böyük azı dişlərə bölünür. 1, 2, 3 köklü olur. Böyük azı dişləri üst çənədə 3, alt çənədə isə 2 köklüdür. İnsanda iki dəfə dişçıxarma olur. Dişlərin ümumi sayı 32-dir. Hər çənənin bir tərəfində 2 kəsici, 1 köpək, 2 kiçik azı və 3 böyük azı dişləri olur. Axırıncı böyük azı dişləri 17 yaşdan sonra çıxdığı üçün ağıl dişi adlanır.