ABŞ Hərbi Dəniz Donanmasının Azərbaycanlı Zabiti :

'Azərbaycan torpaqlarının işğal altında olması bizi hər an narahat edir'


19 Sentyabr 2008 11:55 ]
Vaşinqton. Hüsniyyə Həsənova – APA. ABŞ Hərbi Dəniz Donanmasının zabiti Nəimi Əmirəliyevin APA-nın ABŞ bürosuna müsahibəsi

- Nehrəm kəndində dünyaya göz açmış gənc necə oldu ki, ABŞ Hərbi Dəniz Donanmasının zabiti səviyyəsinə qədər yüksəldi?

- 1977-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşam. Altı yaşımdan sonra Naxçıvan şəhərində yaşamış və elə orada orta məktəbi bitirmişəm. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil oldum və 1998-ci ildə bu elm ocağının tarix fakültəsini bitirdim. Elə həmin il magistr dərəcəsi almaq üçün ABŞ-a yollandım və orada iqtisadiyyat və siyasi əlaqələr ixtisasları üzrə iki elmi dərəcə aldım. Təhsilimi başa vurduqdan sonra qısa müddət Nyu-York ştatının Enerji Araşdırma və İnkişaf Departamentində çalışdım. 11 sentyabr hadisələrindən sonra yeni ABŞ vətəndaşı kimi qərara gəldim ki, bir çox başqa amerikalılar kimi, mən də terrorçuluğa qarşı mübarizəyə töhfəmi verim. Bu məqsədlə 2002-ci ilin əvvəlində hərbi xidmətə yollandım. Öncə matros kimi xidmətə başladım. 2005-ci ildə isə ali hərbi məktəbi bitirəndən sonra prezident Corc Buşun sərəncamı ilə zabit təyin olundum və hazırda baş leytenant rütbəsini daşıyıram.

- ABŞ-da müxtəlif vəzifələrdə olan azərbaycanlılar var. Onlardan bəziləri işlərinin çoxluğunu bəhanə gətirərək diaspora fəaliyyətinə qatılmaqdan çəkinirlər. Lakin siz hərbçi olmağınıza baxmayaraq, diasporanın işlərində böyük aktivlik nümayiş etdirirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Mən diaspora işinə adi iş kimi baxmıram. Necə ki, insanın ailəsi var, milli mənsubiyyəti var, ənənəsi var, diaspora da mənim üçün bunlar qədər doğma məsələdir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olması hər an bizi narahat edir. Eyni zamanda mənim valideynlərim Azərbaycanda belə demək mümkünsə, işğal altında yaşayırlar. Mən öz millətimə bağlılığımı göstərərək və ənənələrimizə sadiq qalaraq bu işlə məşğul olmağı özümə borc bilirəm.

- Sizin təşəbbüsünüzlə 5 konqresmen Azərbaycan üzrə işçi qrupa daxil olub. Bəzən belə bir sual yaranır ki, konqresmenlərlə isti münasibətlərin qurulması bizə nə verə bilər? Bu suala cavabınızı bilmək istərdik.

- Azərbaycan diasporası bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Bunun birincisi Azərbaycanın və xalqımızın tanıdılmasıdır. Eyni zamanda Amerikada vətənimizin haqq işinin bütün dairələrə çatdırılması vacibdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, ABŞ xarici siyasətini Ağ Ev, Dövlət Departamenti və Konqres müəyyən edir. İcraedici orqanlar əsasən dövlətin strateji maraqlarını təmin etdiyi halda, Konqres üzvləri seçildikləri dairənin icmalarının maraqlarını daha üstün tuturlar. Ona görə də hər bir konqresmen öz mövqeyini seçildiyi dairənin demoqrafik tərkibinə uyğun müəyyənləşdirir. Bəzən bir sıra konqresmenlərin Amerikanın strateji maraqları əleyhinə bəyanatlarının şahidi oluruq. Biz icraedici orqanla yanaşı, Konqresdə Azərbaycana qarşı qərarların qəbul edilməməsi, haqq işimizin orada müdafiə olunması, işğal altındakı torpaqlarımızın qaytarılması istiqamətində Azərbaycana köməklik göstərilməsi istiqamətində işləməliyik. Bildiyiniz kimi, bu gün dünyanın heç bir yerində Ermənistanın həyata keçirdiyi işğalın analoqu yoxdur. Bəzi iri dövlətlərdə isə bu işğala hətta haqq qazandırılır.

- Bildiyimizə görə, Konqres üzvləri ilə görüşlərə bir çox hallarda ailə üzvlərinizlə bir yerdə gedirsiniz. Bunun üstünlüyü nədir?

- Bir çoxları kimi, mən də ailəvi dostluğa çox diqqət yetirirəm. Amerikalıların böyük əksəriyyəti ailəcanlı insanlardır və nümunəvi ailə həyatı olan şəxslərə daha isti yanaşırlar. Lakin burada başqa mesaj da var. Mən Azərbaycan cəmiyyətinin nə qədər inkişaf etmiş və mədəni cəmiyyət olduğunu da nümayiş etdirmək istəyirəm. Çünki bədxahlarımız adətən bizi çox geridə qalmış, kişilərin ailədə tam dominantlıq etdiyi, qadınların hüquqsuz olduğu cəmiyyət kimi təqdim etməyə çalışırlar. Amerikalı konqresmenlər müsəlman ölkəsindən çıxan Qərb düşüncəli ailəni gördükdə ölkəmiz haqqında düzgün təəssürat əldə edirlər. Həyat yoldaşım Nailə xanım və üç aylıq oğlum Kamal mənə bu sahədə əvəzsiz dəstəkdir.

- Bəs ABŞ-dakı diplomatik missiyalarımızın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Diasporamızın digər üzvləri ilə olduğu kimi, Azərbaycanın diplomatik missiyaları ilə də yaxşı münasibətlərimiz var. Azərbaycanın sürətli inkişafı nəticəsində ölkəmizin ABŞ-la ikitərəfli əlaqələri daha da genişlənib. Bu baxımdan Azərbaycanın Los-Ancelesdə konsulluq açmasını xüsusi qeyd etmək istərdim. Bildiyimə görə, Azərbaycan konsulluğu Kaliforniyada ciddi tədbirlər həyata keçirməkdə və müsbət nəticələr əldə etməkdədir. Eyni zamanda Azərbaycanın Vaşinqtondakı səfirliyi orada ən aktiv və geniş fəaliyyət göstərən xarici missiyalardan biridir.

- Gələcəkdə ABŞ siyasi həyatına qatılmaq fikriniz varmı?

- Zaman göstərər...



apa.az