Dünya şöhrətli mədəniyyət xadimi, RF-də fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlunun 65 yaşı tamam olur. Milli mədəniyyətimizin parlaq bir dövrü bu yaradıcı insanın adı ilə bağlıdır. Gözəl mahnıları, musiqi əsərləri ilə insanların bütöv bir nəslinin qəlbində özünə möhtəşəm abidə ucaltmışdır Polad Bülbüloğlu.

Gənclik illəri ötən əsrin 70-80-ci illərinə təsadüf etmiş bizim nəsil Polad Bülbüloğlunun parlaq yaradıcılıq illərini yaxşı xatırlayır. Bu qeyri-adi istedad sahibi böyük bir ölkənin - Sovetlər Birliyinin estrada səmasında ən parlaq ulduzlardan idi. Qəlb oxşayan mahnıları ilə çoxmilyonlu və çoxmillətli auditoriyanın qəlbini fəth etmişdi. Müslüm Maqomayev kimi onun da adı ölkə gəncləri arasında gözəllik, sevinc və məhəbbət rəmzinə çevrilmişdi. Paytaxt Moskvadakı çoxsaylı konsertlərdə Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşşenko, Eduard Xill, Alla Puqaçova, Lüdmila Zıkina, Sofiya Rotaru, Bella Rudenko və digər ulduzlarla birlikdə çıxış edirdi. O vaxtdan bir çox ölkələrdə Azərbaycan musiqi mədəniyyətini layiqincə təqdim etmişdi. Xaricdə dünya şöhrətli musiqiçi kimi qarşılanır, konsertləri yüksək səviyyədə keçirdi.

Bir gənclik xatirəsi

Polad Bülbüloğlu ilə mən ilk dəfə uzaq 1969-cu ildə tanış olmuşam. Hər dəfə o günü xatırlayarkən qəlbimdə xoş xatirələr oyanır. O vaxtlar mən orta məktəbin 9-cu sinfində oxuyurdum. Bir dəfə musiqi dərsində Arif müəllim bildirdi ki, SSRİ xalq artisti, professor Murtuza Məmmədovun - Bülbülün oğlu Polad gözəl mahnılar bəstələyir və yaxşı müğənnidir.

Biz yaxşı bilirdik ki, Bülbül milli vokal musiqimizin əsasını qoyanlardan olmuşdur. Milli musiqimizin beşiyi Şuşa şəhərində doğulan Bülbül konservatoriya təhsilini başa vurduqdan sonra parlaq istedadı nəzərə alınaraq Azərbaycan hökuməti tərəfindən musiqi təhsilini davam etdirməsi üçün İtaliyanın Milan şəhərinə göndərilmişdi. Milanda o çağın məşhur musiqiçisi maestro Rafael Qratsiyanın tələbəsi olmuş, musiqi sənətinin sirlərini ondan öyrənmişdir. Təhsilini başa vurub vətənə qayıdan müğənni yeni, mütərəqqi ideyalar irəli sürərək milli musiqimizin inkişafına çalışmışdı.