Naxçıvanski Cəmşid Cəfərqulu oğlu (10.8.1895, Naxçıvan şəhəri - 26.8.1938) - hərbi xadim, briqada komandiri. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdu. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur. C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.

Azərbaycan Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcrayyə Komitələrinin üzvü idi. Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir. Adına, Bakıda və Naxçıvanda küçə var. Naxçıvanda ev-muzeyi yaradılmışdır.