Əliyev Həsən Əlirza oğlu (15.12.1907. Sisyan rayonunun Comərdli kəndi-02.02.1993, Bakı, Fəxri Xiyabanda dəfn edilmişdir) - torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində alim, ictimai-siyasi xadim. Kənd təsərrüfatı elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1952). Azərbaycan Respublikası əməkdar elm xadimi (1974). Azərbaycan Dövlət mükafatı laureatı (1978). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısıdır. Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə- direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Pedaqoji Universiteti) baş müəllim (1945-1949), Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin katibi (1952), Azərbaycan Milli Elmlər Akademiyası akademik-katibi (1952-57), Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya müdiri (1957-1967), Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitunun direktoru (1968-1993) vəzifələrində işləmişdir. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. O, Şərqi Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, kütlələrin ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi. Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü olmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti (1975-1990), "Azərbaycan təbiəti" məcmuəsinin baş redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958), Polşa (1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966), Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya (1981) və s. ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə məruzələr etmişdir. Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olmuşdur. Lenin ordenı, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N. İ. Vavilov adına Qızıl medalı ilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Əliyevin adınadır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olmuşdur.