2 sonuçtan 1 ile 2 arası

Nəsrəddin Tusi

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Nəsrəddin Tusi



    Nəsirəddin Tusi Məhəmməd ibn Məhəmməd ibn Həsən (17.2.1201, Tus - 25.6. 1274, Bağdad) - ensiklopediyaçı alim, filosof, ictimai-siyasi xadim. Tusi onun nisbəsi, Nəsirəddin (dinin tərəfdarı) ləqəbidir. Məhəmməd adının əvəzedicisi Əbu Abdulla, yaxud Əbu Cəfər künyələri ilə də tanınmışdır. Ona Xacə (Cənab), habelə həmin mənada Mövla demişlər. İlk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusiyə 30.6.1222-ci ildə Müinəddin Salim Misri tərəfindən hədis söyləmək icazənaməsi verilmişdir.

    Nəsirəddin Tusi ismaililərin başçılarından olan Kuhistan hakimi Nasirəddin Möhtəşəmin dəvəti ilə İsfahana getmiş, rəğbətlə qarşılanmışdır. Lakin aralarında baş verən müəyyən narazılıq nəticəsində Nəsirəddin Tusiyə inam azalmış və o, Ələmut qalasında, bir növ, həbsdə yaşamışdır. Hülaku xan 1256-cı ildə ismaililərin hakimiyyətinə son qoyarkən Nəsirəddin Tusini azad edib, özünə məsləhətçi götürmüşdür. Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış, insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmiş, onları ölümdən qurtara bilmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdır

    Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdır. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 min cilddən çox kitabı olan zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Maraqlıdır ki, onun dəfn olunduğu sərdabə Nəsirəddin Tusi anadan olan vaxt - hicri tarixi ilə 75 il, 7 ay, 7 gün əvvəl, xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanılmışdı.

    Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Əvhədi Marağayi (1274-1338) "Dəhnamə" məsnəvisini (1306) Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənə ithaf etmişdir. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın (1587-1629) oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı 17-ci əsrdə Ordubadda tikilmiş böyük cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur.

    Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin "İmamətə dair traktat" ("Risab fı-1-imamə") və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir. Nəsirəddin Tusi "Cəbr və qədr" traktatında insanın iradə azadlığını məqbul saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər. Nəsirəddin Tusinin fəlsəfəyə dair traktatlarında İbn Sinanın "İşarələr və qeydlər" kitabının şərhinə həsr olunmuş "Problemlərinhəlli" ("Həll əl-müşkilat"), "Kəlamın təcridi" ("Təcrid əl-kəlam"), "İqtibasın əsası" ("Əsas əl-iqtibas") ilahiyyat məsələlərinə də müəyyən yer verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda "Problemlərin həlli" traktatının 13 və 17-ci əsrlərə aid əlyazması nüsxələri vardır. Nəsirəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, Şərq peripatetizmini inkişaf etdirmişdir. Nəsirəddin Tusi varlığı ilk səbəb və nəticə timsalında qisimlərə bölüb, onlar arasında zaman fərqinin olmadığını göstərmiş, mümkün varlığı, o cümlədən maddi aləmi əzəli və əbədi saymışdır. Filosofun varlıq təlimində materiya və formanın vəhdəti, hərəkətin kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə növləri, zaman və başqa fəlsəfi kateqoriyalar riyazi və təbii-elmi fikirlərdən misallarla hərtərəfli və dərindən işıqlandırılmışdır. Nəsirəddin Tusi "Problemlərin həlli" traktatında sxolast Fəxrəddin Razinin (1148-1210) İbn Sinaya qarşı qərəzli müddəalarını təkzib etmiş, peripatetik filosofa haqq qazandırmışdır. Nəsirəddin Tusinin idrak nəzəriyyəsində idrak prosesinin hissi və əqli mərhələləri elmi şəkildə şərh edilmiş, hisslər vasitəsilə şeylərin zahiri cəhətlərinin, əqllə isə onların mahiyyətinin dərk olunduğu göstərilmişdir. Filosofun məntiq təlimində təfəkkür formaları və onların növləri xüsusi araşdırılır.

  2. #2
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772
    Nəsirəddin Tusinin etik və ictimai-siyasi görüşləri əsas etibarilə 1235-ci ildə Nəsirəddin Möhtəşəmin şərəfinə yazılmış "Əxlaqi-Nasiri" əsərində əksini tapmışdır. Ümumi fəlsəfı məsələlərə də müəyyən yer verilmiş bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Diqqəti insan və cəmiyyət münasibətlərinə yönəldən Nəsirəddin Tusinin idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların "ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi" zəruri sayılır. Nəsirəddin Tusi fiqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. Nəsirəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şerlərin də müəllifidir. Nəsirəddin Tusinin dünyagörüşü, geniş mündəricəli fəlsəfəsi, mütərəqqi etik və ictimai-siyasi, habelə ilahiyyata dair fikirləri təkcə tarixilik baxımından deyil, bugünün özündə də böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir.

    Nəsirəddin Tusinin riyaziyyat, astronomiya və fizika sahələrində misilsiz xidmətləri vardır. "Zic Elxani" əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta 17-ci əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdir. Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyasının qiyməti (51"4) tapılmışdır (müasir qiyməti 51"2). "Zic Elxani" əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də verilir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və 13-cü əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir. X. Kolumbun müəllimi P. Toskanelli bu cədvəldən istifadə etmişdir. Cədvəl Londonda (1652) və Oksfordda (1711) ərəb və latın dillərində çap edilmişdir. 1266-cı ildə Marağa rəsədxanasına gəlmiş azərbaycanlı mühəndis Kəriməddin Səlmasi alman alimi Martin Böhaymdan (1459-1507) 2 əsr əvvəl coğrafı qlobusu hazırlamışdır. Nəsirəddin Tusinin "Təhriri-öqlidis" ("Evklidin şərhi") əsəri həndəsənin inkişafına təkan vermiş, Romada ərəb (1594) və latın (17 əsr) dillərində nəşr olunmuş, fransız riyaziyyatçısı A. Lejandrın, ingilis riyaziyyatçısı C. Vallisin və italyan alimi C. Sakkerinin işlərinə böyük təsir göstərmişdir. Nəsirəddin Tusi bu əsərdə və "Həndəsənin əsasları"nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmışdır. Arximedin "Kürə və silindr" və "Dairənin kvadratlanması" əsərlərindəki nisbətlər nəzəriyyəsini Nəsirəddin Tusi inkişaf etdirmişdir. Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasirtəsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdı. Onun müstəvi və sferik triqonometriyadan bəhs edən "Şəklül-qita" ("Tam dördtərəfli haqqında traktat") əsərində Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturları verilmiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin edilmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif verilmişdir. Bu əsər vasitəsilə müstəvi və sferik triqonometriya sərbəst riyazi fənn şəklinə düşmüşdür; o, 1891-ci ildə İstanbulda ərəb və fransız dillərində nəşr olunmuşdur. "Cəleul hesab" ("Taxta və qum vasitəsilə hesablama") əsərində müsbət ədəddən istənilən dərəcədən kökalma qaydası, binomial hədlərin on iki dərəcəli həddədək əmsalları verilir. Qədim yunan alimi K.Ptolemeyin məşhur "Almagest" əsərinin işlənmiş variantı olan "Təhrir əl-Məcəsti" əsəri Ptolemeyin geosentrik sistemi daxilində planetlərin hərəkət nəzəriyyəsinə və onun təshihinə aiddir. Nəsirəddin Tusi hesaba aid əsərində tam ədəddən ixtiyari dərəcədən kökalma əməlini, kökünün nümunəsi kimi izah etmiş (riyaziyyat tarixində ilk dəfə), ədəd üçbucağını əmələ gətirən binomial əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir.

    Nəsirəddin Tusi fizikaya sözün ən geniş mənasında bütün təbiətşünaslıq məsələlərini aid etmişdir. Burada bəsit və mürəkkəb cisimlər, yerdə və göydə əmələ gələn hadisələrin, məsələn, göy gurultusu, ildırım, şimşək, yağış, qar, zəlzələ və buna oxşar hadisələrin səbəbləri, mürəkkəb maddələr, onların tərkiblərinin xüsusiyyətləri (mineralogiya), bitkilər, onların növləri, nəfs və qüvvələri (botanika), ixtiyari və iradi hərəkət edən cisimlər, onların hərəkət xüsusiyyətləri, nəfs və qüvvələri (zoologiya), insanın düşüncəli nəfsinin xüsusiyyətləri (psixologiya) öyrənilir. Nəsirəddin Tusi təbabət, əkinçilik elmi və s. fizikanın əlavə bölmələri hesab etmişdir. Nəsirəddin Tusinin və Marağa rəsədxanası alimlərinin kəşf və ixtiraları bəşər elmi fikrini zənginləşdirmişdir. Mənbələrdə Nəsirəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə "on birinci əql" ("əl-əql əl-hadi əşər" - Şərq peripatetizmi on əql növünün mövcudluğunu qəbul edirdi) və "bəşər ustadı" ("ustad əl-bəşər") deyilmişdir.

    1981-ci ildə anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti yaradılmışdır. Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə Nəsirəddin Tusinin adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında" 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaratmışdır.

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.