Meqalenin müellifi telebe yoldashlarimizdan Elnur Mecidli.
Hər gün bu ölkədə yeni bir filfilo ortaya çıxır…
Hansı birini sayasan…
Bələdiyyə seçkiləri filfilosu ilə yeni ilə girib Bənəniyar kəndindəki turp əkmələrlə sarsılıb, ordudakı son faciəylə kədərə qərq olmuşduq ki, xanım deputat Elmira Axundova yeni filfilo təklif irəli sürərək bizi sevincdən uçurtdu.
Milli Məclisdə fevralın 1-də keçirilən növbəti iclasda söz alan Elmira Axundova bundan əvvəl edilən təklifləri kölgədə buraxacaq təkliflə çıxış edib.
Təklifin orjinal cümləsi
«Görkəmli oftolmoloq Zərifə Əliyevanın doğum günü – 28 aprelin Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm».
Elmira xanım yuxarıdakı cümləni deyərkən öz daxilində müəyyən redaktələr etsədə mətnaltı mənanın nə olduğu açıq-aşkar ortadadı.
Elmira xanım ürəyindən bu cümləni aşağıdakı formada da keçirmiş ola bilər.
«Görkəmli oftolmoloq, ümummilli liderimizin xanımı, prezidentimizin anası Zərifə Əliyevanın doğum günü – 28 aprelin (növbəti parlament seçkilərində də öz kreslomu qorumaq üçün) Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm».
Elmira Axundova eyni zamanda 8 Mart Beynəlxalq Qadınlar Gününün öz əhəmiyyətini itirdiyini və ləğv edilməsi gərəkdiyini söyləyir.
Artıq neçə illərdir, 9 May (faşizm üzərində) Qələbə bayramının 10 May Ümummilli Ad Günü ilə qeyri-rəsmi olaraq əvəzləndiyi heç kimə sirr deyil…
Hətta 10 May o qədər canfəşanlıqla qeyd olunur ki, keçən il aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə də bunun qarşısını ala bilmədi, əksinə xalqın acığına digər illərə nisbətən daha təmtaraqlı qeyd edildi.
İndi də 8 Martın 28 Aprellə əvəzlənməsinin təklif edilməsi, ümummilli düşüncə tərzinin məhsuludur.
8 Mart və 28 Aprel
8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Kopenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.
Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub.
8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.
8 Mart dünyada qadın azadlığının simvoluna çevrilmiş bir gündür.
Bu günü ləğv etmək, sadəcə qadınlara hörmətsizlikdir.
28 Aprel isə 1920-ci ildə sovet-bolşevik ordusunun Bakını işğal edərək Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyduğu bir gün olaraq tarixə keçib.
28 Apreli, hansı səbəb olursa olsun bayram günü olaraq təklif etmək yüngül dillə desək sadəcə etikasızlıqdı və yaxud öz keçmişinə tüpürməkdi.
Xanım Axundovanın bu təklifi irəli sürəndə 28 Aprelin hansı gün olduğunu unutduğuna inanmaq istəyirəm.
Ümummilli Xəstəliyi
Heydər Əliyevin vəfatından sonra Azərbaycanda yayılan ən qorxunc xəstəlikdir.
Quş qripi, donuz qripi, nə bilim eşşək qripi bunun yanında vız gəlir..
Növləri də müxtəlifdir və davamlı ümumilli sözündən istifadə də şərt deyil.
Məsələn hər rayonun mərkəzi küçəsinin Heydər Əliyevin adına olması, Respublika sarayının anidən Heydər Əliyev sarayına çevrilməsi, Heydər Əliyev muzeyləri, parkları və s. – bunlar xəstəliyin kəskin göstəriciləridir.
Bu xəstəliyə yoluxanların ən çox istifadə etdiyi söz isə “ümumilli” sözüdü.
Ümummilli bayramların sayı da artmaqdadı..
Məsələn Ümummilli Ad Günü, Qurtuluş bayramı və s.
Sırada Ümummilli Ana(lar) Günü, Ümummilli Bala(lar) günü kimi bayramların təsdiq edilməsi var.
Mən də ümummilli bayramların çoxalmasına dəstək məqsədiylə Ümummilli Yaltaqlar Gününün də olmasını təklif edirəm.
Xahiş edirəm ki, bu yazını oxuyan deputatlarımızdan biri bunu məclisdə müzakirəyə çıxarsın, hətta təlif hüququnu belə ona bağışlayıram.
Yaltaq demişkən
Yaltaqlığın özü də ən ağır xəstəliklərdən biridi, hətta narkotik maddələrdən daha betərdi yaltaqlıq etdikcə daha çox etmək istəyirsən.
Yaltaqlıq eyni zamanda rəsmi qeydiyyatdan keçmədən, vergi ödəmədən çörək pulu qazandıran bir peşədir.
Və ən əsası bu peşəylə məşğul olanlar üçün kimin hakimiyyətdə olduğu əhəmiyyətli deyil…
Əsas odur ki qəlbiniz təmiz olsun..