-
salam
Vacib vә lazımlı bir mәsәlә var ki, ona da heç diqqәt elәmirik vә qulaq asmırıq, deyirik: "Eh, necә olacaq olsun!".
Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza әr tapılmır vә bir neçә il gözlәyirlәr,--axırda da hәr kәs rast gәlir,--gedirlәr, amma çoxu da qalır evdә vә özünә layiq oğlan tapa bilmir ki, getsin (Dövlәtli qoca kişilәrin kefidir ha!).
Bunun sәbәbi nәdir? Niyә qızlarımız çoxalıb vә evlәnәn cavanlarımız azalıb?
Bunun sәbәbi budur ki, oğlanlarımız gedib Avropa dәrsi oxuyurlar vә Avropa tәrbiyәsi alırlar. Bunların da bir parası dәrsi qurtarıb, vәtәnә qayıdıb gәlәndә öz yanlarınca rus, yәhudi, ya qeyri bir millәtlәrin qızlarından birini seçib gәtirirlәr vә kәbin kәsdirib, özlәrinә övrәt elәyirlәr.
Cavanlarımızın da bir parası qayıdıb gәlir vәtәnә ki, burada öz sәliqәsinә müvafiq bir müsәlman qızı tapıb alsın. Amma gәzir, dolanır, xәbәrlәşir vә axırda görür ki, dәrs oxumuş vә tәrbiyә tapmış müsәlman qızı yoxdur. Bir neçә il dә gözlәyir, gözlәyir vә lap axırda ya bu da gәlir bir rus qızı, ya yәhudi qızı tapır, ya da "cәhәnnәmә, gora!"--deyib, gedir bir müsәlman qızı alır.
Bәli, qızı alıb gәtirir evә vә öz-özünә deyir ki, "bәlkә bir tövr ötüşәk.".
Bir gun sәhәr tezdәn övrәt yerindәn durur, istәyir geyinsin getsin anasıgilә, kişi soruşur ki, "niyә gedirsәn?", övrәt cavab verir ki, "bu gecә yuxu görmüşәm, gedirәm anama deyim, getsin Molla Haqverdiyә kitaba baxdırsın". Kişi deyir ki, "nahaq yerә zәhmәt çәkib getmә, ondan ötrü ki, yuxudan heç bir şey bilmәk olmaz".
Övrәtin bu sözlәr xoşuna gәlmir, әrindәn küsür vә iki gün әrilә danışmır.
Bir neçә gün dә keçir. Bir gün kişi diqqәt elәyib görür ki, övrәti gündüzlәr ayağına corab geymir, qardaşının da vә qeyri yad kişilәrin dә yanında ayaqları çılpaq dolanır; amma, söz yox, uzunu vә başını çarqatnan bәrk-bәrk gizlәyir. Әri deyir ki, "ayıbdır, ayaqlarına corab gey", övrәt cavab verir ki, "sәn allah әtimizi tökmә, evdә adam corab geymәz, adam yasa gedәndә, ya hamama gedәndә corab geyәr".
Bu da kişinin acığına gәlir vә burada da kişi iki gün övrәtindәn küsüb danışmır.
Bir neçә gün dә keçir. Övrәt görür ki, hәmişә axşamlar әri qabağına kitab qoyub oxuyur, ya bir gağız götürüb yazır.
Övrәt bikar oturub başlayır әsnәmәyә. Bir az keçir, övrәtin yuxusu gәlir vә kişi dә kitabından vә kağızından әl çәkmir. Bir az da gözәtlәyәndәn sonra, övrәt hirsli girir әrinin otağına vә başlayır bu cür mәzәmmәt elәmәyә: "A kişi, sәn olasan allah, bu kitabları vә kağızları tulla cәhәnnәmә, az bu cinlәrnәn vә şәyatinlәrnәn mırt-mırt danış, canına yazığın gәlsin! Bu nәdir yuxunu özünә haram elәyirsәn ki, nә bilim nә var? Bir canına yazığın gәlsin, bir usan, ay bu kitab-mitabı icad elәyәnin evi yıxılsın!".
Bu bir lazımlı vә yenә lazımlı mәsәlәdir. Әgәr bu mәsәlәni elә bu halәtdә qoysaq, oxumuş cavanlarımızın heç biri müsәlman qızı almaz. Bu dәrdә bir çarә tapmaq lazımdır; elә bu saat tapmaq lazımdır, sabaha da qoymaq olmaz! Bizә qalsa, biz buna iki çarә bilirik:
1. Bunun bir çarәsi budur ki, oğlanlarımızı dәxi bundan sonra Avropa tәrbiyәsinә qoymayaq; mәsәlәn, Nehramın, Ordubadın cavan oğlanları hәmişә Tәbrizdә "elm" tәhsil elәyirlәr vә vәtәnlәrinә qayıdıb gәlәndәn sonra evlәnirlәr vә ömrlәrinin axırına kimi dә xoşbәxt yaşayırlar. Ya gәrәk belә ola.
2. Ya da ki, oğlanlarımızı Avropa dәrsinә göndәrәndә qızlarımızı da qoyaq dәrsә ki, heç olmasa Avropa elmindәn vә tәrbiyәsindәn barı yarımçıq da olsa, bir az oxusunlar vә öyrәnsinlәr. Biz belә qanırıq vә belә dә deyirik. Hәr kәs nә cür qanır, elә dә qansın
-
Bilmək olar, bunlar kimin s
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.