28 yaşlı Aydan bizimkiləri bəyənməyərək həmişə əcnəbi oğlanla ailə qurmaq istəyirdi. Elə buna görə də, o, uzun müddət azərbaycanlı oğlanlardan heç kimə “hə” deməyib. Bir gün Aydan Bakıda nikah agentliklərinin mövcud olduğunu və burada özünə xarici “həyat yoldaşı” tapa biləcəyini eşidir. Aydan valideyinlərindən gizli rəfiqəsi ilə həmin agentlikdən birinə gedir. Burda ona müxtəlif fiziki quruluşda olan oğlanların şəkillərini göstərirlər. Aydan onların arasından bir ərəb gənci bəyənərək seçir. Bundan sonra Aydan özü haqda məlumatları agentliyin anketinə qeyd edərək şəklini də ora bərkidir. Üstündə də 20 manat pul. Onun sözlərinə görə, 3 gündən sonra agentlikdən zəng edərək qızın bəyəndiyi oğlanın da Aydandan xoşu gəliyini bildirdilər.

Bir sözlə, Səidlə Aydan tanış olur. Onlar ilk görüşlərinə görə tanışlıq agentliyinə 75 AZN də ödəyirlər. Bundan sonar toy olur və Səid Aydanı Misirə aparır. İlk vaxtlar hər şey lap Aydanın xəyallarında olduğunu kimi gedirdi. Sonradan isə… Boğaza qədər borc içində olan Səid borcunu ödəmək “həyat yoldaşı”nın Bakıdakı birotaqlı evini satdı. Sonra isə “ağ atlı şahzadə” yoxa çıxır. Aydan bu cəhənnəmdən sağ-salamat qurtulduğu üçün şükr edir. Aydan indi qızlara Səid kimi fırıldaqçılara inanmamağı məsləhət görür: "İnsanı tanımadan, bilmədən, təkcə şəxsiyyət vəsiqəsinə baxıb subaydır deyə heç kimlə ailə qurmasınlar. Mən çox peşmanam. Qızlarımıza məsləhətim budur ki, ailə quracaqları insanı yaxşı tanısınlar, cəlbedici reklamlara və gözəl simalara inanıb, həyatlarını məhv etməsinlər".
Əslində istənilən nikah agentliyinə üz tutmuş gənc qız Aydanın taleyini yaşaya bilər. Məsələ bundadır ki, tanışlıq agentlikləri görüşdürdükləri gənclərin sonrakı taleyi ilə maraqlanmayaraq məsuliyyəti boyunlarından atırlar. Belə nikah agentlikləri hər yerdə reklam olunur. Onların reklamlarını ən azından hər gün metro ilə gedib-gələrkən görürük. “Nigah agentliyi sizi ciddi tanışlığa dəvət edir”, “Siz ailə qurmaq qərarına gəlmisiniz? “Tanışlıqdan toya qədər” “Orxideya” nigah agentliyi”. Kimi təsiredici sözlər yazılmış elanlar bəlkə də əksəriyyətimizin rastına çıxıb. Lakin bu cür agentliklər vasitəsilə ailə quranların sonunun necə olacağını heç kəs düşünmür. Xüsusilə xarici vətəndaşlarla ailə quran qızların taleləri həyəcan doğurur. Bu qızların insan alverinin qurbanı olmayacaqlarına kim zəmanət verir? Məqaləni yazarkən məlum oldu ki, heç kim!

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti Ehsan Zahidovla əlaqə saxladıq. DİN sözçüsünə bu cür agentliklərin fəaliyyətinə nəzarət olması və vətəndaşların ölkəni tərk edəndən sonra onlara nəzarət edilib-edilməməsi məsələsi ilə maraqlandıq. DİN rəsmisi bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməyimizi məsləhət gördü. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidov isə əvvəlcə məsələ ilə maraqlanıb növbəti gün suallarımıza cavab verəcəyini bildirdi. Ertəsi gün isə görünür, deməyə söz tapmadığı üçün telefon zənglərimizə cavab verməməyi üstün tutdu.

Sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlı bu cür agentliklər vasiəsilə tanış olaraq evlənən cütlüklərin gələcəyinə bədbinliklə baxır: “Belə evliliklər son dövrlərdə meydana gələn proseslərdir. Faktlar onu göstərir ki, istər belə nikah agentlikləri, istərsə də digər qeyri-ənənəvi üsullarla qurulan nikahlar uğursuz olur. Çünki bir-birilərini tanıyan ailələr, cütlüklər belə problemlərlə üzləşirlərsə, bir-birini tanımayan və agentliklər vasitəsilə evlənənlər çox ciddi problemlərlə üzləşəcəklər”.
Hüquqşünas Ramil Qaçayev bildirdi ki, bütün dövlətlərdə tanışlıq agentlikləri ilə bağlı praktika mövcuddur.
Hüquqşünasın sözlərinə görə, belə agentliklər əvvəlcə müştəri ilə müqavilə bağlamalıdırlar: “Müştəri bu müqavilədə göstərilən konkret təkliflərlə razılaşıb sənədi imzalayarsa, onda burada bir problem olmamalıdır. Amma, insan alveri kimi ciddi məsələlər baş verərsə, əlbəttə ki, onlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Hüquqşünasın sözlərinə görə, əslində müraciət edən şəxslər haqda məlumat toplamaq tanışlıq agentliklərinin marağında olmalıdır: “Məsələn, buraya tibbi arayışın tələb olunması daxil ola bilər. Amma həqiqətən agentliyə müraciət edən şəxslər onlar tərəfindən hər hansı bir ziyana məruz qaldıqda həmin agentliklərdən maddi və mənəvi ziyana görə təzmiant tələb edə bilərlər. Yenə də qeyd edirəm ki, müraciət edən şəxslər barədə kifayət qədər məlumat toplamaq agentliklərin marağında olmalıdır. Əks halda onlar bilməlidirlər ki, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Hüquqşünas kimi subyektiv fikrim belədir ki, təkcə, şəxsiyyət vəsiqəsi ilə kifayətlənmək heç bir halda düzgün deyil”.
Vergilər Nazirliyinin Analitik-İnformasiya şöbəsinin məlumatına görə, Nazirliyin fəaliyyət istiqamətlərində tanışlıq xidməti deyilən bir şey yoxdur: “Məsələn, sahibkar qeydiyyatdan keçir və xidmət növünü seçib, qanunvercilik qadağan edilməyən istənilən fəaliyyətlə məşğul ola bilər. O cümlədən tanışlıq agentlikləri də qanunla qadağan edilməyən bir xidmətdir, amma xüsusi olaraq tanışlıq xidməti deyilən bir şey yoxdur. Məsələn, Aynurə Məmmədova adlı şəxs Vergilər Nazirliyindən qeydiyyatdan keçir və qanun qadağan edilməyən hər hansı bir xidmət növü ilə məşğul olmaq istəyir. Bizi onun əldə etdiyi gəlir və ödədiyi vergilər maraqlıdır”.
Sonda belə agentliklər vasitəsilə ailə qurmaq istəyən qızlarımıza məsləhətimiz odur ki, insan alverinin qurbanı olmaq istəmirlərsə nikah agentliklərinin fəaliyyəti haqqında maksimum məlumat toplayaraq agentliklə müqavilə bağlamağa can atsınlar. anspress.com


Biz de Azeri.net ailəsi olaraq gənclərimizi bu cür agentliklər mövzusunda diqqətli olmaya çağırırıq.