Dünyanın ən böyük sosial şəbəkəsində hər birimizin fərqli davranışı var. Görəsən, "Facebook" bizi dəyişir, yoxsa biz onu?..
Yazıya uzun-uzadı, müdrikanə və ya yaradıcılıq axtarışlarına işarə vuran müqəddimə yazmaq fikrindən uzağam. Çünki hər şey çox sadə və konkretdir.

"Facebook" yaxşıdır, ya pis? Bu suala cavab vermək üçün birlikdə fikirləşək...

152 dostun "yatdığı" qol

Norveç sakini "Facebook" sosial şəbəkəsindəki 152 dostunun şəkillərini qoluna tatuaj etdirib. Dünyanın ən iri sosial şəbəkəsində "SusyJ87" niki, yəni uydurma adı ilə tanınan qızın qolundakı döymənin "kompozisiya"sını onun dostlarının profayllarındakı fotoşəkillər təşkil edib.

Qızın özünün dediyinə görə, qoluna şəkillərdən ibarət döyməni vurdurmazdan əvvəl o, hər şəkil sahibindən icazə alıb.

"Təbii ki, "Facebook"da dostlarım lap çoxdur. Amma qoluma yalnız ən yaxın onlayn-dostlarımın şəkillərini vurdurdum", - "SusyJ87" deyib.

Hollandiyalı qızın qoluna döymənin vurulması 30 saat davam edib. Tatuaj ustası Ksavyer Melker bildirib ki, işi ilə fəxr edir və bu döyməni çağdaş dünyanın yaxşı illüstrasiyası hesab edir: "Həmin döymə çox azsaylı şedevrlərimdən biridir".

"SusyJ87" qoluna vurduğu "sosial tatuaj"ın döyülmə prosesini videokamera ilə çəkdirərək "YouTube"da yerləşdirib. Video çox sərt tənqidlərə məruz qalıb. Bəziləri tatuajı saxta hesab edib, bəziləri də qızın əməlini reklam hoqqası sayıblar.

Tatuaj ustası Melker isə müştərisini müdafiə edərək deyib ki, bəs xeyr, hər şey gerçəkdir, həqiqidir və şəkk eləmək də yersizdir.

Xəstəlikdir...

"Facebook"un insan orqanizminə təsiri barədə yazmaq fikrində deyiləm. Daha doğrusu, bu sosial şəbəkənin saçların tökülməsi, buruna ziyil çıxması və ya qulaqlardakı tüklərin uzanmasına səbəb olmasından bəhs etməyəcəyəm. "Facebook"da saatlar keçirənlərin dişlərinin çürüməsi, qarınlarının şişməsi, sümüklərinin ovxalanması və ya piylənmələri barədə də konkret elmi məlumatlar yoxdur.

Mən də bilirəm ki, "Facebook" var, orada yüz minlərlə azərbaycanlı akkaunt açıb. Yazışır, deyişir, paylaşır, paylanır, didişir, dalaşır və... barışırlar.

Bu dəm ola bilərdi ki, bir-iki uydurma əhvalat yazaydım, mifik adamların "sərgüzəşt"lərindən bəhs edəydim, sonra da yazının inandırıcı, müəllifin də lap ağıllı görünməsi üçün olmayan psixoloqlar, ekspertlər və ilaxırın fikirlərini sadalayaydım.

Yazının lap kövrək və emosional alınması üçün "Sosial şəbəkədəki ehtiraslar" tipli fantaziyanı da klaviaturadakı hərfləri sözə çevirməklə ərsəyə gətirmək olardı.

Olardı, amma olmayacaq.

Əvəzində real adamların, təşkilatların gerçək fikirlərinə və hesabatlarına nəzər salaq.

Şotlandiyanın Edinburq şəhərindəki Neper Universitetinin alimləri ərinməyiblər və "Facebook"dakı dostların sayının insan orqanizminə təsirini araşdırıblar.

Çünki dünyanın ən böyük sosial şəbəkəsində onlayn, yəni virtual dostların sayı bu şəbəkədəki adamın internetdə keçirdiyi vaxtı müyyənləşdirir.

Yəni "Facebook"da vur-tut 5-10 dostu olan adamla, belə dostların sayını 5 minə yaxınlaşdırmış birisinin internetdə olduğu vaxt arasında təbii ki, böyük fərq olasıdır.

Şotland alimlərin araşdırması nəticəsində məlum olub ki, "Facebook"da dostların sayı stresslə düz mütənasibdir.

Nə qədər çox dost varsa, stress bir o qədər güclü olur.

Psixoloqlar isə deyirlər ki, orta statistik istifadəçinin "Facebook"dakı ünsiyyət zamanı məruz qaldığı psixi təzyiq, onun internetdən kənarda, yəni real həyatda qohumları, dost və tanışlarla təmaslarındakı hissləri ilə müqayisədə dəfələrlə artıqdır.

Universitetin aparıcı elmi işçisi, doktor Keti Çarlz tədqiqat zamanı üzə çıxmış bir sıra paradokslardan bəhs edib.

"Əvvəla, maraqlı cəhət odur ki, insanlar "Facebook"da olarkən ciddi və ağır stress riski yaşasalar da, onlar həmin sosial şəbəkədəki ünsiyyətdən əksər hallarda real, hiss olunan mənfəət əldə etmirlər. Tədqiqatlar zamanı sorğu da apardıq və respondentlərin tam əksəriyyəti bildirdi ki, "Facebook"un ən böyük üstünlüyü insanın daima əlaqədə, təmasda olmaq imkanıdır. Və çoxları da mühüm sosial informasiyanı əldən buraxmaq, həm də tanışlarla onlayn-dostları incik salmamaq üçün sosial şəbəkədən çıxa bilmirlər", - doktor Çarlz bildirib.

"Facebook" istifadəçiləri arasında laübali, qarışıq hisslər yaradan digər səbəblər arzuolunmaz kontaktların insanı bezdirməsi, maraqlı və cəlbedici statuslar yazmaq ehtiyacının duyulması ilə yanaşı, onlayn dostların arasında müxtəlif etiket və davranış stilinin tətbiq edilməsinin gərək olmasıdır.

Fransanın Lion Universiteti isə "Facebook"la bağlı keçirdiyi anonim sorğu zamanı müəyyənləşdirib ki, bu sosial şəbəkənin istifadəçiləri olan respondentlərin 12 faizi "Facebook"dan yararlanmanın onlarda narahatlıq hissi yaratdığını, 63 faizi dostluq təkliflərinə ləng cavab verdiklərini, 32 faizi dostluq təklifini rədd edəndən sonra çeşidli hisslər keçirdiklərini, 10 faizi isə ümumiyyətlə, yaxşı tanımadıqları adamlardan dostluq təklifi alanda hirsləndiklərini söyləyiblər.

İsrailin Beer-Şeeva, Təl-Əviv və Qüds universitetlərinin apardıqları tədqiqatların nəticələrinə görə isə, yaşları 19 olmamış qızlar hər gün saatlarla "Facebook"da vaxt keçirirsə, kompüter və ya mobil telefonlar vasitəsilə sürəkli yazışırlarsa, mütləq şəkildə risk qrupuna düşürlər.

"Facebook" ilk növbədə belə qızların həzm sisteminə mənfi təsir edir. Sosial şəbəkənin aktiv istifadəçisi olan qızlar arasında anoreksiya, bulimiya, bədənindən xoşlanmamaq, habelə obsessiv arıqlamaq istəyi tez-tez rast gəlinən problemlərdir.

"Facebook" və xəstəliklər arasında birbaşa əlaqənin mövcudluğu yaşları 12-19 arasında olan 258 qızın xəstəlik tarixçələrinin təhlili nəticəsində üzə çıxıb. Həzm orqanlarının pozuntuları ilə "Facebook" sosial şəbəkəsində keçirilmiş saatlar arasındakı əlaqəni daha da dəqiqləşdirmək üçün israilli alimlər tədqiqatlara cəlb olunmuş qızlara xüsusi anketləri doldurmağı təklif ediblər.

Nəticədə sosial şəbəkədə keçirilən vaxtla qızların orqanizmlərindəki xəstəliklər arasında birbaşa əlaqə təsdiqlənməklə yanaşı, məlum olub ki, internetdə görülən və ya oxunulanların fəal müzakirə edildiyi ailələrdə qızların həzm prosesinin pozuntulara məruz qalma riski xeyli aşağıdır.

Sosial şəbəkədə də qumarbazlıq olur

Kanadanın Kvebek və Ontario universitetləri, habelə Amerika Psixoloqlar Assosiasiyasının son araşdırmalarına görə, "Facebook" istifadəçilərinin tam əksəriyyətində qumarbaz psixologiyası var. Onlar kompüter, noutbuk və ya mobil telefonun brauzerində "www.facebook.com" yazarkən akkauntunda vəziyyətin nə yerdə olması, bir-iki dostla hal-əhval tutmağı, ən son xəbərləri və baş verənləri öyrənməsi, nəyə və ya kiməsə öz fikrini bildirməyi, bir də azacıq vaxt keçirməyi nəzərdə tuturlar. Fəqət, adam iradəlidirsə, bu proseslərlə kifayətlənir və az sonra sosial şəbəkədən çıxır, ya da akkauntunu açıq qoyub başlayır işləriylə məşğul olmağa.

Amma adamın iradəsi zəifdirsə və ya "Facebook"dan asılı tipə çevrilibsə, nə iş görməsindən asılı olmayaraq, mütləq sürəkli şəkildə sosial şəbəkəyə qayıdır, yazışır, mübahisə edir, "like"layır - bir sözlə, şəbəkəni tərk etmir.

Beləsi biçarə, yazıq insandır. O, "Facebook" qumarbazı, real həyatı virtual "gerçəklik" adlanan matrisə qurban verən adamdır.

"Facebook" qumarbazını uzaqdan tanımaq olar.

İşdə onun kompüterində sosial şəbəkə daim açıqdır. Bu, alınmayanda isə, mobil telefonunda sosial şəbəkənin brauzeri "online" vəziyyətdədir və beləsinin əlindən telefon faktiki olaraq, yerə düşmür.

Çünki "Facebook" eynən qumar kimi oyunçu-istifadəçini daim qeyri-müəyyən, asılı vəziyyətdə saxlayır. Uğursuz qumarbaz təki, "Facebook" istifadəçisi də getməyə, "məclis"i birdəfəlik tərk etməyə çətinlik çəkir.

Birdən nə isə baş verər - onun xəbəri olmaz...

Dünyanın ən iri media korporasiyaları, internet portalları, psixoloqlar birlikləri "Facebook" istifadəçilərinin portretlərini hazırlayıblar.

Onların fikrincə, sözügedən sosial şəbəkədə saatlarla vaxt keçirənlər arasında real mənfəət və gəlir əldə edənlər bu insanlardır:

1. Media mənsubları (xəbər axtarır, xəbər yayır və xəbərlərinə oxucu toplayırlar)
2. Siyasətçilər (bu insanların istifadəçi kütləsindən nə istədikləri və onlara da nə "verdikləri" məlumdur, izafi şərhə ehtiyac duyulmur)
3. Biznes strukturlarının nümayəndələri (imic və reklam, müştərilərin sayını artırmaq istəyi)
4. Müxtəlif təriqət mənsubları ("Müqəddəs Şəlpəqulaq Kərtənkələ Təriqəti"ndən tutmuş, "Bazar günləri günortadan sonra iki dəfə hoppanıb bir dəfə bulka dişləməyə and içmişlərin İşıqlı Yol və Nur Cəmiyyəti"nədək ən sarsaq, absurd və gerizəkalı toplular)
5. Müxtəlif qeyri-hökumət təşkilatları ("...uğrunda", "İşıqlı", "Gələcək", "Bütöv", "Müstəqil", "Sağlam" və s. bu kimi sözlərin adlarında yer aldıqları ən müxtəlif ictimai təşkilatların özünütəsdiq, reklam və guya "qızğın fəaliyyət" görüntüsü yaratmaq vasitəsi)
6. Nə isə alıb-satanlar (adi alver).

Əylənmək istəyən vaxt qatilləri

Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da "Facebook"dan elə-belə, "mırt" üçün istifadə edənlərin sayı "yuzer"lərin tam əksəriyyətini təşkil edir.

Sosial şəbəkədə "mırt" prosesinin nümayəndələrini dərhal tanımaq olur.

Belələrinin akkauntları, yəni "Facebook" səhifəsindəki "divar"dakı "status" adlanan açıqlamaların tam əksəriyyəti hansısa saytda nagahani rast gəlinmiş "usi-pusi oh, of, ah" tipli şeirlər, "Youtube"dən videolar, "Səhər açıldı, yuxudan ayıldım, qulağımı qaşıdım" tipli bəyanatlar, gün ərzində baş vermiş hadisəyə paradoksal münasibət və "kövrək qəlbin çırpıntıları" kimi təqdim olunan kəlmələrdir.

Bəhs etdiyim tipin "Facebook"da konkret məqsədi, istəyi və ya hədəfi yoxdur. O, sadəcə, "görüm, nə var, nə yox" düşüncəsi ilə hərəkət edir.

"Like" et ki, irəli düşsün

"Facebook"un bir məqamı odur ki, orada hansısa xəbərin daha çox adam tərəfindən oxunmasını təmin edən yeganə ünsür "like", yəni "bəyəndim" funksiyasıdır. Hansısa "status"un altında nə qədər çox "like" olarsa, həmin xəbər və ya açıqlamanı daha çox "dost" öz informasiya divarında görəcək.

Ona görə də bəzən absurd situasiya alınır.

"Liviyada şəhər bombalandı, 14 uşaq öldü" - "like"!
"Bu gün tanınmış sənətçi vəfat edib" - "like", "like"!
"Bu gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib" - dərhal "like", "like", "like"!..

Vəziyyət bəzən absurda çevrilir.
Məsələn, biri yazır "Bu səhər yaxın dostumun atası rəhmətə getdi". Və həmin "status" dönür yas çadırına. "Allah rəhmət etsin", "Allah qəni-qəni rəhmət etsin", "Allah gorunu nurla doldursun", "Bıy, gor ha, heç xəbərim olmayıb, mərhumun üçü nə vaxtdır?"
Təbii ki, "like", "like", "like".

Ya da başqa vəziyyət yaşanır: bir də görürsən kimsə "Youtube"dən "Don İqnasio Pantalone" adlı ifaçının "Marçella Paskualita" mahnısının videosunu qoyur. Və gözləyir. Di gəl, "dost"lardan "like" formasında hənir gəlmədiyindən özü "like" edir - yəni "Dillənin də!"

Xəyanətlər də olur. Hərdən...

"Facebook"da bir ailədə ərin ayrı, arvadın ayrı “nik”lərlə sosial şəbəkədə "yaşamaları", kişinin arvadlar, arvadın da kişilərlə fani dünyanın gərdişini və binar neytronların sinxromatris fəzasında kinetik hərəkətlərini müzakirə etmələri barədə çox deyilib.
Buna görə də "Facebook" vasitəsilə ərin arvada, arvadın da ərinə xəyanət etməsi mövzusuna toxunmuram.

Ki, ayıbdır və sözün açığı, çeynənmiş mövzudur.

Amma və lakin

"Facebook"un bu bəlalarını sadalayıb, Mark Sukerberqin yaratdığı sosial şəbəkənin kölgəsini qılıncladıqsa, onun sözsüz üstünlüklərindən bəhs etməmək yaramazlıq olardı.
"Facebook" istifadəçilər üçün ən son məlumatlar, informasiyalar, audio və vizual xəbərləşmə məkanı olmaqla yanaşı, elmin ən son nailiyyətlərindən tutmuş, ədəbiyyatdakı yeniliklərə qədər hər şeydən və hər yerdən xəbər tutmaq imkanıdır.

Haqqında bəhs etdiyim sosial şəbəkə sivil insan toplumunun formalaşması, cəmiyyətdəki fərdlərin sosiallaşması və bir-birlərindən məkan baxımdan çox uzaqda olan insanların virtual da olsa, çiyin-çiyinə, ya da üzbəüz olaraq müzakirələr aparmaq istəyi və vasitəsidir.

"Facebook" adekvat və ağıllı insanlar üçün intellektual potensialın artırılması, belə potensialın olduğu təqdirdə, başqaları ilə bölüşmə yeri olduğu kimi, məşhurlar barədə adi insanların məlumat almaları və məşhurların da insanların nə düşündüklərindən agah olması üçün az qala ideal müstəvidir.

Bacarıqlı pedaqoq "Facebook" vasitəsilə şagird və tələbələrinə Gi de Mopassandan tutmuş, Haruki Murakamiyədək ədiblərin əsərlərini oxudur; həkim və vəkil ehtiyacı olanlara məsləhətlər verir; sənətçilər və şou-biznes ulduzları yeni əsərlərini təqdim edərək ən obyektiv tənqidi özləyir.

Ən nəhayət, burada tənha qəlblər bir-birini tapır, saf sevgiyə inananlar axtardıqlarını görür, uşaqlar böyüyür, böyüklər isə ürəklərinin uzaq dərinliyində gizlətdikləri uşaqlıqlarını göstərməkdən çəkinmirlər.

"Facebook"da dostlar zarafatlaşır, iş yoldaşları ağır çalışma vaxtından azacıq fasilə edib ərkyana "status"lar yazır, haqsızlıqlar göstərilir, yaramazlar ifşa olunur.

Ona görə də "Facebook"un pis və ya yaxşı olduğunu birmənalı demək olmaz.
Eynən mobil telefon, televizor və ya bülöv daşının pis-yaxşılığı konkret deyil.
Axı, hər şey istifadəçidən asılıdır.

"Like"sız...