Qalalar, ay qalalar,
Laçın orda balalar,
Laçın balasın verməz,
Bəlkə gücə salalar.
Qapımızda var çinar,
Yarpağı dinar-dinar,
Mənim balam körpədi,
Saxlasın pərvərdigar.

Qoxusu güldən gəlir,
Güldən, bülbüldən gəlir,
Balamın gül beşikdə,
Yuxusu birdən gəlir.

Əzizim, asma məni,
Hay-küyə basma məni,
Qoyma tifil ağlaya,
Ağzına bas məməni.

Qızıl üzüyün yanı,
Laylay, gözün qurbanı,
Yuxuya get, yoruldum,
Beşiyimin soltanı.

Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən,
O günə qurban olum,
Tıpbır-tıpbır gəzəsən.

Bala dadı, bal dadı,
Bala adam aldadı.
Şirini şirin olu,
Acısı da bal dadı.

Bala demə qan olar,
Yel əsər fəğan olar.
Bala gəzən yerlərə,
Analar qurban olar.

Obalar obanız olsun,
Bir belə balanız olsun.
Hamıda beş-beş olsun,
Qoy bizdə on beş olsun.

Obalar, köçün yurdumuzdan,
Balam da düşsün ardınızdan.
Öküzünüzə heş desin,
Toyuğunuza kiş desin.