Güzgüdə düymə,
Tozunu silmə,
Xonçada tirmə,
Gələr qızım üçün.

Mahmanat bağı,
Yaşıl yarpağı,
Qızıl bel bağı
Gələr qızım üçün.

Nubar yanağı,
Gəzər oynağı,
Bir cüt qolbağı
Gələr qızım üçün.

Hər yana gözük,
İlqarda düzük,
Brilyant üzük
Gələr qızımçün.

Durar namazdan,
Əlində quran.
Bir dənə yorğan
Gələr qızımçün.

Altında xalça,
Çalır kamança,
On dənə xonça
Gələr qızımçün.

Ağ maya əllər,
Belində kəmər,
Qızıl düymələr
Gələr qızımçün.

Dağlarda ceyran,
Bu qıza qurban,
On xara tuman
Gələr qızımçün.

Əlində var dəf,
Üstündə sədəf,
Bir zərli örpək
Gələr qızımçün.

Göydə gedən qaz,
Dimdiyi almaz,
Bir dənə naz-naz
Gələr qızımçün.

Heyvası, narı,
Əlimin barı,
On sap mirvarı
Gələr qızımçün.

Güzgüdə düymə,
Tozunu silmə,
İki cüt çəkmə
Gələr qızımçün.