Hər bir şagird özünün geyiminə və məktəbli ləvazimatına görə ən azı 200 manat xərcləməlidir Yeni tədris ilinin başlanmasına bir neçə gün qaldı. Deməli, müəllimlərin, valideynlərin və şagirdlərin dərs ilinə hazırlaşması üçün cəmi bir neçə gün vaxtları var. Vaxt daraldıqca bazar və dükanlarda məktəbli ləvazimatları, və məktəbli formalarının qiyməti də böyüyür. Bəri başdan qeyd edək ki, məktəbli ləvazimatlarının qiymətində ötən illə müqayisədə o qədlər də artım yoxdur. Bununla belə, alıcılarla əksəriyyəti məktəbli ləvazimatlarının baha olduğu qənaətindədir. Biz bu məsələlərə heç bir şərh vermədən bazarlarda satışa çıxarılan məktəbli ləvazimatlarının qiymətlərini elan edirik. Nəticəni özünüz çıxarın. Beləliklə: 40 vərəqli dəftər - 30-40 qəpik 60 vərəqli dəftər - 45 qəpik 100 vərəqli dəftər - 60 qəpik Gündəlik - 60 qəpik Karandaş (sadə)- 40 qəpik Karandaş dəsti - 1 manat Rəngli karandaş dəsti - 1 manatdan 5 manatadək Xətkeş - 80 qəpik Fiqurlu xətkeş -3 manatdan 5 manatadək Rəsm albomu - 2 manatdan 5 manatadək. Plastilini (bir qutu) - 2 manat Qələm (sadə) - 20 qəpikdən 1 manatadək Pozan - 20 qəpikdən 2 manatadək Karandaş yonan - 80 qəpikdən 2 manatadək Flomaster (bir qutu) - 2 manatdan 10 manatadək Məktəbli çantası - 20 manat. Geyimlərin qiymətinə gəlincə, iki il əvvəl Təhsil Nazirliyinin qərarı ilə vahid məktəbli formasının hər bir şagird üçün məcburi olduğu elan edilib. Yəni məktəb rəhbərliyi vahid forma üçün ağ köynək və qara yubka, yaxud şalvar seçibsə, hamı bu formanı almalıdır. Doğrudur, hələ ki, valideynlərin hamısı öz uşaqlarının məktəbə hansı geyim formasında gedəcəklərini müəyyənləşdirə bilməyib. Amma bazarlardakı müşahidələr göstərir ki, ağ-qara məktəbli forması bu il də dəbdə olacaq. Hazırda bazarlarda belə geyimlərin qiyməti parçanın keyfiyyətindən asılı olaraq dəyişir. Belə ki, indi bazarlarda; ən ucuz məktəbli köynəyi (oğlan üçün) - 10 manat Ən bahalı köynək (oğlan üçün) - 25 manat Qara şalvar - 15 manatdan 30 manatadək Kostyumlar (oğlan üçün) – 25 manatdan 50 manatadək Ən ucuz köynək (qız üçün) – 15 manat Ən bahalı köynək (qız üçün) - 50 manat Ayaqqabı (qız üçün) - 40 manat Ayaqqabı (oğlan üçün) – 30 manat. Yubka - 20 manatdan 40 manatadək dəyişir. Göründüyü kimi, bir şagirdin məktəb tədarükü valideynlərə təxminən 200 manata başa gəlir. Məktəbli bazarlığına aid olan məhsullar arasında ən çox xərc geyimlərin payına düşür. Belə ki, minimum xərclərlə bir dəst məktəbli formasının orta qiyməti 100 manatdan yuxarı çıxır. Nəzərə alsaq ki, bir dərs ilində hər bir şagirdə ən azı iki-üç dəst geyim tələb olunur, onda xərclər də analoji olaraq, 2-3 dəfə baha olacaq.